top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
Məlumat » Azərbaycan nağılları haqqında

Nağıllar, hekayətlər, qaravəllilər və lətifələr azərbaycanlıların zəngin və müxtəlif şəkilli el yaradıcılığı növlərindən bir qismidir. El yaradıcılığının bu fantastik təhkiyəvi növünün pərdəsi altında Azərbaycan əməkçi elinin tarixi keçmişi, ictimai əlaqələri, əməl və arzuları ilə etiqadları, inanışları canlanan kimidir.

Nağıllar onları yaratmış olan insan cəmiyyəti qədər qədimdir. Bunlar el yaradılıcılığının bir növü kimi uzun zamanlar bilgi və bədii həyəcanın mənbəyi olmuş, bir sıra həyatı bağları, təbiətlə, ayrı-ayrı şəxslər və kütlələrlə olan əlaqəni sürətləndirmiş, ibtidai insan isə bunların hamısını öz yaradıcılığı ilə bəzəmiş, şəxsləndirmiş, nəsildən-nəslə söyləyərək əbədiləşdirməyə çalışmışdır.

Nağıllara diqqət etdikdə bir sıra mifoloji (əsatiri) süjetlərə təsadüf ediləcəyi bəllidir. Bu süjetlərin ən qədim zamanlardan sinifli cəmiyyət təşəkkül etmədən çox-çox əvvəlki dövrlərdən xəbər verdiyinə şübhə yoxdur. Bu kimi nağıllar onu yaradan, öz mühitində bəsləyən və yaşadan hər hansı bir elmin totemik təsəvvürlərini və ya qədim insanın təbiətə qarşı fikir, duyğu və xəyallarını, bir sözlə, naturalist və sehrli (nağılı) görüşlərini ifadə edir. Bu kimi süjet, yaxud “motiv”lərin qədimliyini anlamaq üçün nağıllarımızda ən çox təsadüf olunan motivlərə diqqət edilməlidir. Bunlarda möcüzəli bir surətdə dünyaya gəlmiş uşaqlar nağılın qəhrəmanı olur, sonradan padşahın taxtına yiyələnirlər. Bu süjet yalnız bizim bu gün eşitdiyimiz Azərbaycan nağıllarında deyil, ta qədim Misir nağıllarında da vardır. Misir nağılları sirli bir surətdə doğulmuş uşaqların axırda firon taxtına sahib olacağını qabaqcadan xəbər verir.

Bütün dünya folklorunda olan bu süjet, adəti üzrə nağılın başlanğıcını təşkil edir. Yalnız köhnə dünyanın xalqları, Şimali Amerika telengitlərinin nağıllarında da belədir. Lakin qədim Misir nağıllarında “Anup və Bata qardaşlarının romanı”nda bu süjet sona yaxın verilir və burada da arvadın ağzına düşmüş əncir ağacı yarpağından arvad hamilə olur və doğduğu oğlan Misir adşahının (fironun) vəliəhdi olur. Sonra insanın ölməzliyi süjetini, bizim nağıllardan “Nar qızı” və başqalarında görüldüyü kimi, həmin yuxarıda adını çəkdiyimiz Misir nağılında da görmək olur.

Ayin, sehr mahnıları, tapmacalar, ovsunlar, əmək nəğmələri ibtidai tayfalarda mövcud olmaqla bərabər, qədim insanın dünyanı duyuşu və anlayışı əsasında meydana gəlmişdir. Məsələn, Amerika və Avstraliya tayfalarının inanışına görə bir düşmənin heykəlini düzəldib ona əzab verilərsə və onun ürəyi çıxarılıb əzilərsə, düşmən ölər. Və ya yaxın bir insanın başına bir müsibət gələcəyi onun buraxıb getdiyi şeydə də öz əlamətini göstərə bilər.

Bu zehniyyətin nağıllarda eynilə inikas etdiyini görmək mümkündür. Məsələn, qədim Misir nağılında deyilir ki, “Batanın böyük qardaşı Anup öz evinə gəldi, oturdu, əllərini yudu, ona bir qab pivə verdilər. Pivə köpük idi. Ona ikinci qabı çaxırla bərabər verdilər. O da bulandı1. Bu, qardaşı Batanın ölməsi əlaməti idi. Türk nağıllarında şah qızının ölümcül bir halda olması üzükdən məlum olur. Bu ibtidai dünyagörüşləri bugünkü nağıllarda əbəs yerə qalmamışdır. Bunun izlərini Azərbaycan xalqının etnoqrafiyasında tapmaq çətin deyildir. Məsələn, bəzi kəndlərdə qadınlar öz günülərinin uşağını qarğayıb onun heykəlini qəbiristanlıqda basdırdıqlarına az təsadüf etməyirik.

Salyan ətrafında zəlzələ olan vaxt yerin altında yeriyən cinləri saxlamaq üçün yerə şiş basdırırdılar. Bakı kəndlərində qapıya, getdiyi yerdən gec gələn ailə üzvlərini tez qaytarmaq üçün (kənara) şiş basdırılır. Guya bura şiş basdırdıqda orada həmin şəxs rahatsız olacaqmış. İndi izləri qalmış inanışların vaxtılə bir dini təsəvvür sistemi olduğuna heç şübhə yoxdur. Əlbəttə, qədim dövrün insanları həyatlarında tətbiq etdiklərinin bir qismini nağılda daha bədii bir şəkildə eşitdikdə ona inanacaqdı! Əlbəttə, buna inanmaqla bəzən o, öz ayinlərindən nağıllarda da istifadə edəcəkdi. İnsanlar nağıllarda göstərilən qəribə şeylər, təbiətin mövhumi qüvvələri içərisində özünün dost və düşmənlərini görürdü. İş belə olduqda mühitə təsir edə biləcək bütün sehrli qüvvəyə malik tilsimləri, löhləri, ovsunları, caduları və qarğışları bilmək lazım gəlirdi. İndiki nağıllar bunların heç birini təkrar etməsə də, onların nə yerdə işləndiklərini, təsirlərini və nəticələrini müəyyən dərəcədə təfsilatilə qoruya bilmişdir. Nağıllar hadisələri ümumiləşdirir, haqqında bəhs edilən hadisə Misirdəmi, Çindəmi və ya İran şəhərlərinin birindəmi baş verir-versin, eşidən üçün maraqlıdır. Nağıllarda adamın dost və düşmənləri, ümumiyyətlə, bütün xarakteristikası ilə tanıdılır. Buna görə də nağıllarda bir hadisədən bəhs edərkən qəhrəmanın “doqquz ölkə arxasından” gəldiyi söylənilir, nağılçı onu dağlardan yel kimi, dərələrdən sel kimi, badeyi sərsər kimi atın üstündə gəzdirir, tipik olaraq, “biri vardı, biri yoxdu, Allahdan başqa heç kəs yoxdu, bir paçcah vardı, bunun üç oğlu vardı”, “Günlərin birində bir yoxsul kətti getmişdi tikan qırmağa” və s. deyə təqdim edir.

Nağıllar hekayənin (novellanın) əksinə olaraq, təsvir etdiyi hadisənin gerçək, həqiqi olmasını sübut etməyə çalışmayır. 

Nağılların süjetlərini analiz etdikdə onlarda ən qədim iqtisadi stadiyaların və ictimai inkişafların izlərini tapmaq asandır. Burada bəzən mülkiyyətin törəməsi, şəxsi əkinçiliyin başlanması, kişi və qadın münasibətləri və i.a. birər-birər göz önündən keçib gedir. Kəlləgöz nağılları, İskəndər Zülqərneyn haqqındakı rəvayətlər, əfsanələr indiki Azərbaycanın daxil olduğu Arran ərazisinin yunanlar tərəfindən zəbt edilməsi və ya daha başqa tarixi hadisələrin abidəsi deyildirmi? 

Lakin burada bir “əmma” lazım gəlir. Bəzən nağıl heç bir tarixi hadisəni söyləmək məqsədini daşımır. Müəyyən iqtisadi əlaqələrə və ictimai münasibətlərə dair nağıllar bəzən heç bir göstəriş və ya eyham gözləməyir (Buna baxmayaraq, nağılları yaşadan iqtisadi və ictimai dövrləri onların içindən çıxarmaq olur). Məsələn, bir gün İskəndər Zülqərneyn ovdan gələrkən başını, üzünü tük basmış olduğunu görüb dəlləyi çağırır ki, başını qırxsın. Dəllək ülgüc-büləni çıxarıb, sabun hazırlayır, əlini padşahın başına uzadanda, İskəndər onu saxlayır: – Bax, – deyir, – burada sənnən başqası yoxdur. Sən mənim başımı qırxanda gördüyün sirri bir adama demiş olsan, başını sənnən qabaqkıların başı kimi vurduracağam. Dəllək padşahın təskülahını qorxa-qorxa götürür, amma heç bir şey görmür. Ürəyi bir az sakit olur. Padşahın başını islatmağa başlayanda İskəndərin onu nə üçün sınadığını başa düşmür. Onu fikir götürür. Padşahın boynunu, boğazını isladır, xəbər almadan İskəndərin başını da islatmağa başlayır. Birdən tüklərin arasında bitən iki buynuz onun əlinə ilişir. Dəllək vahimə ilə çəkilir.

Bu zaman İskəndər şəhadət barmağını dodaqlarının üstə qoyub hökm edir ki, səsini çıxartmasın. Günlər keçir. Dəllək bu sirri saxladıqca qarnı şişir. Axırda qərara gəlir ki, bu sirri qarnımda saxlayınca, qoy gedim dağa-daşa deyim. O, çölə gedir, ağzını bir suyu qurumuş quyuya tutub deyir: “İskəndərin buynuzu var, buynuzu var, buynuzu!”.

Bunu quyuya deyəndən sonra evinə gəlir, görür ki, hər şey öz qaydasındadır. Bundan bir neçə vaxt sonra həmin quyunun üstündə bitən qamışı bir çoban kəsir. Ondan özünə bir tütək qayırır. Bu tütəyi çalanda qamışdan səs çıxır: “İskəndərin buynuzu var, buynuzu var, buynuzu!”. Beləliklə, İskəndərin iki buynuzu olduğu aşkar olur. Buna görə də ona “Zülqərneyn” deyirlər.

Burada artıq ictimai və iqtisadi əlaqələr görünməsə də, sirrin aşkara çıxması kimi didaktik bir məqsəd vardır ki, öz sirrini kimsəyə asma! ”Qız qalası” əfsanəsi də bu qəbildəndir.

İnsanların ayrı-ayrı heyvanlara qarşı münasibətindən törəyən əlaqəsini anladan totem hekayələri get-gedə cəmiyyətin dəyişməsilə dəyişib qulyabanı, hal anası hekayələrini meydana gətirir. Bu qəbul nağıllar mühüm elementlərlə doludur. Məsələn, biri nağıl edərkən babası, nənəsi və ya ulu babasının qulyabanını görmüş olduğunu söyləyir.

Guya qulyabanı qorillaya bənzər sarsaq, tüklü bir məxluq imiş. Nağılçının atası, yaxud babası qulyabanını meşədən tutub evə gətirmiş, yaxasına yekə bir iynə sancıb bunu özünə qul edibmiş. Qulyabanı hər şeyi tərs anlayır, istənilən şeyi əmələ gətirir, suya, oduna gedir və s. Qulyabanı ölçü bilməzmiş. Bunu odun gətirməyə göndərdikdə gedib meşənin otuz-qırx ağacını qırar və həyəti, damı odunla doldurarmış. Qulyabanı dəmirdən qorxduğu üçün yaxasındakı iynəyə əl vurmağa cəsarət etmir, küçədə oynayan uşaqlara şirni verərək iynəni çıxartdırar və sonra qaçarmış. Ertəsi gün evə gətirdiklərini tamamilə geri daşıyarmış.

Hal anasına gəldikdə, buna bəzən “həmzad” adı da verilir. Bu da doğan arvadların, yenicə dünyaya gətirdikləri uşağın ciyərini çıxarıb apararmış. Ona görə də bəzən yenicə doğmuş arvad bayıldıqda “onu hal aparmış” deyirlər. Şəhərin və kəndin avam xalqı isə bunu mövhumi bir şəxs kimi təsvir edir. Hətta kəndlərdə doğan arvadın bayıldığı zaman “hal anasını” qaçırmaq üçün evdə tüfəng atırmışlar və s. Əslində isə doğan arvad ağrının gücündən bayılarsa, doğulacaq çağanın boğulması qorxusu və bir sıra başqa nəticələr törəməməsinin qarşısını almaq üçün qadını bayılmağa qoymazmışlar. Lakin hal anasından bəhs edən avam nağılçı belə deyir: nənəsi çay başında paltar

yuyarkən, hal anasının əlində ciyər su üstünə gəldiyini görür, hal anası ciyəri suya salmaq istəyir. Bu dəmdə nağılçının nənəsi ona mane olur və bu surətlə doğan arvadla uşağı ölümdən qurtarmış olur.

Daha fantastik olan div haqqında nağıllar xüsusi bir mövqe tuturlar. Div və ya dev (bəzi yerlərdə döy də deyilir) nağılları Azərbaycan elləri içərisində çox yayılmış nağıllardandır. Divlər bir, üç və yeddi başlı olarmış. Bunların canı şüşədə olur, özündən xaricdə saxlanır, bu qabı əldə edib qıran adam divə qalib gələrmiş. Bu divlərin ən dəhşətlisi “ağ div” imiş (İstər İran xalqları, istərsə azərbaycanlılar arasındakı qənaətə görə, divlər Şimalı İranda Gilan meşələrində yaşayırlarmış).

Firdovsinin təsvirlərinə əsasən, divlər haqqında olan nağıllar ən qədim İran nağılları ilə əlaqədardır. Lakin həmin adamyeyən vəhşilər əski monqollarda da “Əməgən” adı ilə məşhurdur. Ancaq bunların təsiri Azərbaycan nağıllarında görünməyir.

Xalq yaradıcılığının (folklorun) bütün başqa növləri kimi nağıllar da ən qədim zamanlardan insan nəsilləri, insan cəmiyyətilə birlikdə inkişaf edərək cəmiyyət quruluşunun dəyişməsilə pədərşahı, quldarlıq və ya feodal mühitlərində mündəricəsini dəyişə bilmişdir. Lakin bu dəyişmə nə qədər dərin olur olsun keçmiş epoxalardakı ictimai əlaqələrin ayrı-ayrı yönləri nağıla daxil olmuş, yeni ünsürlər ilə çulğalaşaraq bizə qədər gəlib çatmışdır. Məsələn, nağılın içində bir tərəfdən şəhərdə inkişaf etmiş ticarət əlaqələri ilə yanyana, kənd yoxsullarının – rəncbərlərin mülkədar, padşah, vəzir və s. tərəfindən soyulması, qul əməyinin istismarı və bunların arasında sinifli cəmiyyətdən əvvəlki dövrləri andıran hadisələr və mifoloji dünyagörüşləri bir nağıla toplandığı hallarda az deyildir.

Bu da nağılların nə kimi etaplar keçirmiş olduğuna bir dəlildir. Bu kimi vertikal baxış nağılın, belə demək mümkündürsə, “yaşını” təyin etməyə imkan verir, üfüqi baxış isə nağılın eldən-elə, ölkədən-ölkəyə keçməklə nə kimi dəyişmələrə təsadüf etdiyini göstərir.

Xalqların ta ibtidaidən istər döyüş, istərsə sülh-saziş, ticarət yolları ilə bir-birləri ilə daimi əlaqədə olduğunu hər kəs bilir. Belə bir qarşılıqlı əlaqə nəticəsində hər bir tayfa, hər bir cəmiyyət başqasından, qonşu tayfadan, özgə bir mühitdən aldığı folklor materialını mənimsəyir, öz zövqünə uyğunlaşdırır və axırda öz malı eləyir. Lakin yeni mühitə düşən nağıl, yeni ünsürləri qəbul etməklə bərabər, əvvəlki yerindən gətirdiyini də saxlaya bilər. Qəhrəmanların adı, iştirak edənlərin xarakteristikası və nağılın başqa komponentləri bunu aydın göstərir (Burada nağılçıların xarakteristikasını vermədiyimiz üçün onlardan bəhs etməyirik. Yeni gəlmişkən, hər bir nağılçı alışdığı ifadəni saxlamaqla öz yerli şivəsini də, yerli ənənələrini də, etiqadlarını və görüşlərini də nağıla aşılayır və bununla da əvvəlki mühitində öyrəndiyi nağılları yayır).

Misal üçün, Naxçıvandan toplanmış “Hazaran dastan” nağılını götürək. Nağılın süjeti belədir: Padşah misilsiz bir bağ salır. Bu bağı bəzəmək üçün “Hazaran dastan” – bülbül lazım olduğunu bir dərviş ona söyləyir. Şahın iki böyük oğlu bülbül üçün gedir. Lakin bülbülün sahibəsinin əlinə düşdükdə onun qulu olub qalırlar. Şahın üçüncü oğlu bir çox əngəllərə üstün gəldikdən sonra bülbül yiyəsi cadugər qızın bağına çatır, “Hazaran dastan”ı qəfəsilə götürüb tilsimi sındırır və atasının yanına dönür. Cadugər qız bülbülü aparan qəhrəmanı arayır, iki qardaşın yalan söyləyərək qəhrəmanlığı özlərinə isnad verdiklərini açır. Və əsl qəhrəmanın kim olduğu meydana çıxır. Sonra üçüncü şahzadə Hazaran dastan gülünü də gətirir.

Erməni nağılları içərisində də bunun variantı (“Hazaran bülbül”) (Armənskie skazki. Academia, I çapı, 1930, səh.168-192) olduğunu görürük. Nağılların adını təhlil etmiş olsaq, “Hazaran” sözünün farsca (“həzar”), “bülbül”ün də ərəbcə olduğunu fərq edərik. “Hazaran dastan” – min cür dastan söyləyən deməkdir. Əsatiri məxluq olan “hazaran bülbül” adı da buradan gəlir. Lakin bu ad erməni nağılçısı tərəfindən təhrif edilmişdir.

Əslinə baxılsa, buradakı baş qəhrəmanın adı Alo-Dinodur. Bu da əslən ərəbcə “Ələddin”dən alınmış və istər Türkiyə, İran müsəlmanları və istərsə Şura Şərq ellərindən tatar, türk, ləzgi və s. içərisində yayılmış bir addır.

Erməni nağıllarına yazdığı müqəddiməsində Marietta Şahinyan belə deyir: “Hazaran bülbül” və sehrli gözəl qızları qorxusuz əldə edən Alo-Dino və Çuqqo şahzadələr maraqlı nağıl qəhrəmanlarındandırlar. Maraqlı burasıdır ki, bunların adları ermənicədən deyil, türkcədən gəlir”1. M.Şahinyanın heyrəti bizcə tamamilə anlaşıqlıdır.

Lakin biz “nağıl, içərisində yayıldığı mühitin ünsürlərini qəbul edir” – demişdik, dediklərimiz bu nağılda tamamilə yerini alır. 

Alo-Dino deyir:

– Elə isə bu üç arvadı və quşu sənin yanında qoyub, qardaşlarımın dalınca gedirəm.

– Yaxşı, oğul (deyə qoca cavab verdi – Z.H.), qoy bu, Allah amanatı olsun, yeri.

Alo-Dino şəhərləri gəzərək uzun zaman qardaşlarını aradı, heç yerdə tapa bilmədi. Bir şəhərdə onu qonaq çağırdılar. O, ev yiyəsindən soruşdu:

– Burada qəribləri necə tapırlar?

Ev yiyəsi cavab verdi:

– Kilsədə! Səhər tezdən get o kilsənin zəngini çal və yeddi öküz qurban kəs. Qəriblər bu kilsədə ibadət edildiyini və ehsan veriləcəyini bildikdə hər tərəfdən oraya toplaşarlar, sən də aradığını asanlıqla taparsan.

Bu nağılda erməni mühitinin yeni ünsürü bu başdan nağıla yerləşdirilən kilsə məsələsidir. Nağıl belə başlayır:

“Padşah kilsə tikdirirkən bir zahid gəlib dedi:

– Kilsə çox gözəldir, ancaq bunun içində bircə şey – hazaran bulbul çatmayır”, – deyilməklə dini xristian elementi bu nağıla girmişdir. “Qəriblər kilsəsi” də dediyimiz elementlərdəndir.

“Cadugər ilə onun şəyirdi” nağılı bizim üçün aydın misal ola bilər. Bu fantastik nağıl, demək olar ki, bütün dillərdə vardır. Bu nağıl türkcə “Axvay”, “Oxqay”, “Oxay”, ermənicədə “Oxik” (Armənskie skazki. Academia, 1930, str.89-94), ruscada həm prof. Zeleninin yazmasında “Ox” (Zelenin. Skazki Vətskoy qubernii), həm də M.Q.Azadovskinin yazmasında “Koldun i ef uçenik” (Skazki Verxnelenskoqo kraə, Vıp. I, İrkustk, 1925, ¹ 4), abxazca “Xaytın” (Abxazskie skazki, İzd. “ABNİİK”a. Suxumi, 1935, s.114, “Skazka o Xayte”) və i.a. adları ilə məşhurdur (Həmin nağılın başqa paralelləri haqqında bax: N.P.Andreev. Ukazatelğ skazo

çnıx söjetov, ¹325). Bu nağılın süjeti bütün dillərdə eynidir. Yoxsul bir kəndli oğlu üç il cadugərin şəyirdi olur. Vaxtı tamam olanda ustadından daha bilikli çıxır. Cadugər rəqibini yox eləməyə çalışır. Lakin şəyirdi müxtəlif cildlərə girərək ona qalib gəlir, onu yox eləyir, özü də padşah qızını alır. Zeleninin qeydinə görə, nağıl Şərq koloritilə doludur. M.Azadovskinin yazması isə daha çox ruslaşdırılmış və hətta nağılçı qadın Vinaqirova yoxsul kəndlinin əyyaşlığına artıq diqqət verərək onun bədbəxtliyinin əsası məhz araqdan olduğunu qeyd edir. Erməni nağılı isə bədbəxtliyin səbəbini (türk nağılında olduğu kimi) artıq pulpərəstlikdə görür, sonra isə nağıla zaqafqaziyalılar üçün çox xarakterik olan aşıq obrazı daxil edir. 

Göründüyü kimi, nağıl bir para yeni elementləri qəbul etməklə bərabər başqalarını itirir və bir mühitdən başqa bir mühitə keçdikdə əhəmiyyətli dərəcədə dəyişə bilir.

Burada nağılçının üzərinə ən böyük yaradıcılıq işi düşür. Nağıl danışan nağılı anladığı, xatırladığı və zövqünə uyğun olduğu kimi söyləyir. Həm də dediyimiz kimi, söyləyən hər zaman öz şəxsi və sinfi dünyagörüşünü nağıla keçirir və müxtəlif ictimai pillədə olan nağılçı eyni süjetdə olan nağıla başqabaşqa don geydirir. Bunu bir sıra nağıllarda görmək olur və nağıl söyləyən yaradıcının hansı bir ictimai qrupdan olduğunu nağıla görə bilmək çətin deyil.

Nağıllarımızın çoxu kəndlilər içərisindən toplandığı üçün bunları söyləyən nağılçının kəndin hansı qrupuna mənsub olduğunu aydınlaşdırmaq olur. Məsələn, qəhrəmanları keçəl və ya yoxsul olan nağıllar, torpaqsız rəncbər içərisində cücərib inkişaf edə bilər. Bu nağıllardakı keçəl çil, sarışın, seyrək dişli kosaya qarşı qoyulur və rəhmsiz, qəddar darğa ilə, vəzirlə və ya padşahın bütün quyruqları ilə amansız surətdə vuruşur. Sinfi antaqonizm öz-özündən gözə çarpır və nağılın inkişaf mehvəri istismarçı ilə aparılan mübarizədən ibarət olur. Bu kimi nağıllarda iştirak edən qadın obrazı bütöv bir halda qalmışdır. Buradakı qadın ərinin həqiqi yardımçısı olub, onu ən şücaətli addımlar atmağa ruhlandırır. Bu nağıllarda hakim siniflərin maskası yırtılmış, aristokratiyanın öldürücü xarakteristikası verilmişdir. Burasını da qeyd etmək lazımdır ki, rəncbər və yoxsul kəndlilər içərisində yayılan nağıllar istər yaşayışa aid hekayə xarakterli, istərsə də fantastik nağıl olsun – hər yerdə zalıma qarşı nifrət bəsləndiyini aydın göstərir. Nağılçı da düşünmədən iki ayrı-ayrı ictimai-iqtisadi pillələrdə olan qardaşlar arasındakı belə ziddiyyəti görür (“Saleh və Valeh” tipli nağıllar).

Qəhrəmanı şah, vəzir, tacir və ya onların oğulları olan nağıllar kəndin varlı təbəqəsi arasında (və bu təbəqə tərəfindən) yayılır və bu nağıllardakı intriqanın çərçivəsi daralır, ictimai toqquşmalardan qaçılır və bunlardakı mübarizə həmişə kor olmuş ata ilə rəhmli, lakin atasına qulaq asmayan oğul, ögey ana ilə qız və ya öz qardaşının düşməninə vurulmuş bacı ilə qardaş arasında gedir. Bacı qardaşı öz ehtirasına qurban verir.

Bacıların paxıllığını, ögey ananın zalımlığını (“Üç bacı”), arvadın vəfasızlığını, qadının kəmağıllığını (“İki arvadın işdəkləri”, “Altı qadının səfehliyi”) təsvir edən nağıllar hər zaman avam və meşşan təbəqələr içərisindən su alır. Bu təbəqə istər kənddə olsun, istərsə şəhərdə olsun, həmişə ya şəxsi təşəbbüsü sayəsində və ya bir xoşbəxtlik üz verməsilə böyük sərvətə malik olur. Bu kimi nağıllarda çox zaman dini, xüsusən şiə məzhəbin təbliği aparılır.

Abşeron yarımadasındakı kəndlərdən nağıl toplayarkən 1922-1923-cü illərdə topladığım nağılların bəzisinin süjeti aydın göstərir ki, nağıllardakı hadisələr bilərəkdən Ərəbistana köçürülmüşdür. Guya nağılın qəhrəmanı islamdan əvvəl yaşamış bir qocaman pəhləvan imiş, islamın inkişafına qədər yaşayır və Məhəmmədin hümməti olur.

* * *

Budda, Yusif, Kənan, İsa, Musa haqqında olan əfsanələr hamıya bəllidir. Hər bir din sisteminin el yaradıcılığından istifadə etdiyini hamı bilir. Hətta hər bir məzhəb başqa bir məzhəbi batil göstərmək və ona qarşı mübarizə üçün nağılı başqasının dilindən rəvayət edərək əfsanələşdirir və özünə lazım olan dövrə bağlayır. Məsələn, şiələr folklor motivlərindən istifadə ilə deyirlər ki, Məhəmməd meraca vardıqda, ona bir sini südlü plov gətirirlər. Məhəmməd təkbaşına yemək istəmədikdə, qaibdən bir tüklü əl uzanıb həmsüfrə olur. Bu dəmdə bir südlü düyü onun əlinin dalına düşür, ləkə əmələ gətirir. Guya Abutalib oğlu Əli anadan olduqda həmin ləkə onun əlinin dalında varmış. Bu surətlə şiələr Əlinin fəzilətini mübaliğələrlə artırırlar. Şiələr Abutalib oğlu Əlinin beşikdə ikən əjdahanı tək böldüyünü nəql edirlər. Guya Əli beşikdə yatmışkən şəhərə bir əjdaha girir. Bütün əhali şəhərdən çıxıb qaçır. Əlinin anası canını qoruyarkən uşağı unudur. Sonra daha şəhərə gələ bilməyir. Əjdaha şəhəri gəzə-gəzə Abutalibin evinə gəlir və beşikdə uşağı udmaq istədikdə Əli əllərini uzadır, əjdahanın alt və üst dodaqlarından tutub tən bölür. Əjdahanın cəmdəyinin yarısı o yana, yarısı bu yana düşür və bir gilə də qanı yerə tökülmür. Bir neçə gündən sonra şəhərə dönmüş camahat bu möcüzəni görəndə heyran qalır. Əjdahanı aparıb şəhərin kənarına atırlar. Bu zaman əjdahanın qanı sel kimi axmağa başlayır.

Bu kimi əfsanələr ilə molla və dərvişlər xalqın başını doldurur və bu möcüzələrə inanmayanın mütləqa daşa dönəcəyini qətiyyətlə söyləyirdilər. Əfsanələr ilə əlaqədar olan abidələr Azərbaycanda az deyildir. Misal üçün, bugünkü Qız qalası vaxtilə atəşpərəstlər üçün bir qala və eyni zamanda atəşgədə yeri olmuşdur. Bəziləri isə bunu Xəzər dənizinin mühüm bir fanar qalası olduğu iddiasındadır. Bir rəvayətə görə, bu qalanı Süleyman peyğəmbər tikdirmiş, sevgilisi Bilqeyisi burada saxlamışdır. Başqa rəvayətə görə, 1200 il bundan əvvəl Azərbaycanda yaşayan Səməd xan adlı birisi öz qızına aşiq olmuş və qızın əmrinə görə bu qalanı tikdirmişdir. Dərbənd divarı da Makedoniyalı İskəndərə isnad edilir. 

Birinci Şah Abbas haqqında da nağıl və əfsanələr çoxdur. Vaqif haqqında düzəldilmiş nağıl aşıqlar arasında söylənir. Bu nağıllar yarı əfsanə, yarı hekayə şəklində olan, quruluşca zəif nağıllardır. 

Bəzi nağıllar danışılarkən əyləndirmək məqsədini daşısalar da, yenə (“Kəlilə və Dimnə” kimi) müəyyən didaktik bir ideyaya malikdirlər. Nağılçı və dastançı aşıq ifa zamanı məclisin kimdən ibarət olduğunu, onun şəraitini, yerini və s. nəzərə alır. Ona görə “məclisi tutdurmaq”, “məclisi başa vermək” tədbirləri aşıqlar və nağılçılar arasında məşhurdur. Hər bir aşıq və nağılçı məclisə görə nağılın süjetini də dəyişdirir.

Məsələn, 1924-1925-ci illərdə Abşeron yarımadasının Mərdəkan və Şağan kəndlərində nağıl toplayarkən 62 yaşlı Məmməd Rəsul Şeydabəy oğluna təsadüf etdim. Ona molla Rəsul deyirdilər. Bu nağılçı yarısavadlı olsa da, Quranın bəzi surələrini əzbərdən bildiyinə görə ona molla deyərdilər.

Molla Rəsul yoxsul idi. Qohumları ilə birlikdə bir parça yeri var idi. Lakin heç bir vaxt bu yeri becərməyə imkanı yox idi. Həmin bu qoca kənddə də, şəhərdə də hər zaman nağıl danışarkən məclisi hesaba alardı. Xüsusən şəhərlilər üçün kənd yaşayışını və kəndlilər üçün şəhər yaşayışını müfəssəl surətdə təsvir etməyi sevərdi. Sonra qocalar olan məclisdə Yusif və Züleyxadan, İskəndər Zülqərneyndən, Xıdır İlyasdan bəhs edərdi. Guya bu Xıdır İlyas daima insanlar içərisində görünməz bir surətdə yaşayır, suda boğulanları, tufana düşənləri xilas edir və hər zaman doğan arvadların tez azad olmasına yardım edərmiş. Ona görə də qarılar doğan arvadın ağrıyan yerinə əl çəkdikdə: “Ya Xıdır Nəbi, Xıdır İlyas, bəndəni bəndədən xilas” – deyə imdad çağırarlarmış. Məmməd Rəsul da xüsusi bir ləzzətlə Davud peyğəmbərin səsindən quşların qanad saxladığını və onun Qurandan bir surə oxurkən bütün quşların səslərini kəsib onu dinlədiyini həvəslə hekayə edərdi. Maraqlı burasıdır ki, yalnız bunları deyil, hətta islamdan çox-çox əvvəlki dövrlərdə yaşamış əfsanə qəhrəmanlarını da müsəlmanlaşdırardı. Məmməd Rəsul həmin il qış vaxtı bizə 22-yə qədər fantastik və hekayə məzmunlu nağıllar söylədi. Bunlardan əlavə molla, qazı və bəylərə aid bir çox lətifələr danışdı. Bunların içərisində “Yəmən padşahının oğlu İbrahim” haqqında söyləmiş olduğu nağılı bölüb iki ayrı-ayrı nağıl kimi bizə danışdı. 

1935-ci ildə Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi tərəfindən Tovuz rayonunda ekspedisiyada olarkən 25 illik stajı olan Aşıq Mirzə Bayramova təsadüf etdim. Bu aşıq adət üzrə fantastik və hətta yaşayışa aid nağılları sevməzdi. Lakin bunlardan çoxunu bilir, hətta Himmət Əlizadənin toplamış olduğu nağıllar məcmuəsində çap olunmuş Şah İsmayıl nağılını 1928-ci ildə söylədiyini deyirdi: (Azərbaycan ədəbiyyatı (nağıllar), I hissə, Azərbaycanı öyrənən cəmiyyət nəşriyyatı, Bakı, 1929. Toplayanı H.Əlizadə.) Tovuzlu Aşıq Hüseyn Bozalqanlı olduqca məşhur bir aşıqdır. Mənim üçün, “Koroğlu” dastanının bir neçə qolunu söyləmiş dəyərli xalq şairidir. Bu qocaman aşıq xalq qəhrəmanları olan qaçaqlar, o cümlədən Qaçaq Tanrıverdi haqqında mənə qısa bir hekayə söylədi. 1936-cı il ildə Azərbaycan Xalq sənəti Olimpiadasına gəldikdə dörd hissədən ibarət olacaq bu dastanın birinci hissəsini Elmlər Akademiyası Azərbaycan filialının Dil və Ədəbiyyat İnstitutuna təqdim etdi. Aşıq bunun yerdə qalan üç hissəsini də göndərəcəyini vəd vermişdir.

İstər ən geridə qalmış bir nağılçı, istər ən qocaman və ya qabaqcıl aşıq olsun, (istər-istəməz) məclisin ictimai tələbləri ilə hesablaşır və ənənəvi süjetləri kütləyə təqdim edərkən hazırkı mühit üçün lazım gələn mündəricəni biçib düzəldir. Bu surətlə aydındır ki, ən qədim ənənəvi material həmişə təqdir və təğyir olunur.

Azərbaycan nağılçıları arasında ən görkəmli yeri Cabbar Mövlamqulu oğlu tutur. Onun dilindən oğlu müəllim Qulu Quluzadə 40-dan çox nağıl yazıya almışdır. Bu nağılçı Qarabağın Qaryagin rayonunun (İndiki Füzuli rayonu) Horadiz kəndindəndir. Əslən çoban olmuşdur. Səksən yaşında olmasına baxmayaraq, ta uşaqlıqdan eşitdiyi xalq yaradıcılığı nümunələrini hafizəsində saxlamışdır. Çobanlıqda danışdığı və ağasının sürüsünü otarırkən dağ yamaclarında, meşə ayaqlarında, çay qıraqlarında eşitdiyi xalq yaradıcılığının heç bir incilərini unutmamışdır. Sonradan dülgərliyə gedən Cabbar Azərbaycanda hökm sürmüş zülm və əsarət həyatını gözəl bilir və onu öz nağıllarında əks etdirir. Nağıl sənətində tayı az tapılan ustad, ənənəvi nağıl söylərkən sonda “göydən üç alma düşdü” kimi incəliklərlə yanaşı, mifoloji və fantaziyalarla bağlı gözəl realist səhnələr yaradır. Uca dağların mənzərələrini, nağıl qəhrəmanlarının divlərlə tək-təkinə döyüşdüklərini, əcaib vücudlara üstün gəldiklərini məharətlə təsvir edir. Cabbar Mövlamqulu oğlunun dili misilsiz dərəcədə aydın və obrazlıdır.

Cabbarın nağıllarında olan xarakterik xüsusiyyətlər bir çox söyləyicilərin nağıllarında yoxdur. Onun nağılları həddindən artıq təfsilatlı olmasına baxmayaraq, usandırıcı deyil, məşğuledicidir. Bəzən sırf kənd tədbirlərindən qaçmaq istədiyinə baxmayaraq, söyləniş dili sərbəstdir. Bu son xüsusiyyət öz-özünə aydındır, çünki nağılçı söylədiklərinin yazıya alındığını nəzərə almaya bilməzdi.

Cabbar Mövlamqulu oğlunun nağılları nə qədər qiymətli, bədii cəhətdən nə qədər zəngin olsalar da, Novruz Qatanovun Naxçıvandan yazıya aldığı nağıllar zəifdir. N.Qatanovun nağılları elmi cəhətdən də nöqsanlıdır. N.Qatanov bir ümumi dəftərdə 28 nağılı ərəb əlifbası ilə yazmaqla bərabər, nağılçının (yaxud nağılçıların) dil xüsusiyyətini mühafizə etməmiş, nağılın harada kimdən və nə vaxt yazıldığı qeyd edilməmişdir.

Nağılın mətni ədəbi dildə verilmiş və hətta naxçıvanlılar üçün belə adi sayılan ibarələrdən qaçılmışdır. N.Qatanovun yazmalarını oxuduqda insanda belə bir fikir hasil olur: bu nağıllar az-çox uzaq bir keçmişdə eşidildikdən sonra yazılan qısa bir süjetdir.

Himmət Əlizadənin nağılları buna nisbətən bir az yaxşıdır. Himmət nağılın yazıya alındığı yeri, tarixi qeyd etsə də, onun təcrübəsizliyi nəticəsində ilk illərdə topladığı nağıllardakı Şuşa və sair yerlərin şivə və dialektləri Qazax dialekti ilə qarışdırılır. Əlizadənin “Göy gözlü kosa” nağılını Mövlamqulu oğlunun buna uyğun olan “Göy muncuq” nağılı ilə müqayisə etmək kifayət edər. Himmət Əlizadənin yazdığı nağılların bədii cəhətdən nə qədər geri qaldığı bəllidir...

Lakin nağılçının və ya aşığın fantaziyası o qədər ətraflı, zəngin və rəngbərəngdir ki, alimlər heç bir zaman onu öz hafizələri ilə əvəz edə bilməzlər. Yorulmuş əməkçi kəndlinin uzun günü od saçan günəşin altında çalışdıqdan sonra yuxunu unudaraq sazın ləzzətverici səsi və ya nağılçının sözlərinə qulaq asması əbəs deyildir.

Xalqın fantaziyasının rəngbərəng və dilinin obrazlı olması hər şeydən çox sehrli-mifoloji nağıllarda görünür. Bu nağıllarda iştirak edən qüvvə və şəxsiyyətlər kişiləri yeyən və gözəl qadınları çəkib aparan divlərdir. Lakin bu divlər heç bir zaman sona qədər insana qalib gəlmirlər. Bu divlər həmişə dağlarda, şəhərlərdən uzaq qalaçalarda yaşayır və ya yerin altında özlərinə bağlı-bağçalı saraylar salır, gözəl pəriləri və ya qızları bu yerlərə çəkib aparırlar. Nağılın qəhrəmanı adəti üzrə, ya təsadüfən və ya müəyyən göstərişlə bu yerləri tez tapır. Bu divlərin adət üzrə sarayları, mülkləri bir-birinə yaxın olur və hər zaman bir div o birisindən uzaqda yaşadıqca əvvəlki qardaşından daha sərt, daha qüvvətli və daha ziyankar olur. Lakin bu divlərin ifritə anaları oğlanlarından daha dəhşətli olur. Buna baxmayaraq bu ifritə qüvvətli, boylubuxunlu nağıl qəhrəmanına vurulmaqdan çəkinmir. Divlərin arasında qara başlı, ağ başlı, bir başlı və yeddi başlısı olur. Lakin bunlar dəhşətli olduqları qədər də sarsaq olurlar. Ona görə də çox asanlıqla bəzən bu və ya başqa padşahın əmrinə tabe olurlar.

Pərilər bütün-bütünə divlərin əksini təşkil edir. Bunlar ya göyərçin cildində, ya gözəl bir qız şəklində nağıl qəhrəmanına rast gələrək onun əjdahalar, divlər və başqa zalım qüvvələrlə apardığı qeyri-müsavi mübarizəsində ona yardım edirlər.

Nağıl qəhrəmanlarının məqsədlərinə çatmaları üçün heyvanat aləmi onlara az kömək etmir; məsələn. it, pişik, ayı, meymun, xüsusən at, bəzən ağıllı ilanlar, hikmət sahibi olan quşlar, ağ və qara qoyunlar qəhrəmana yardım edirlər. Bəzən dövlət quşu ən yaxşı bir keçəlin başına qonmaqla onu nağıldakı cəmiyyətin ən yüksək pilləsinə çıxarır. Simurq insanın yaxşılığına qarşı onu dünyanın bir ucundan başqa ucuna qanadları üstündə aparır, aslan isə ürəyi rəhmli nağıl qəhrəmanına öz balalarını verməklə onun müvəffəqiyyətinə səbəb olur.

Səs-küylə dolu şəhərlərdən qaçan və zahid həyatı sürən qocalardan savayı Azərbaycan nağıllarında ən çox cadugər dərvişlərin obrazlarını görmək olur. “Dərviş” adı gələndə Azərbaycan avamları bir vahimə, xariqüladə bir qüvvə qorxusu duyurlar. Yalnız yoxsul təbəqələr deyil, xırda meşşan əhali deyil, bəlkə Şərqin qudurğan feodalları da, bəyləri və xanları da, şahların sarayları da dərvişə qarşı qorxu ilə qarışıq bir hörmət duyurlar.

XVII-XVIII əsərlərdə Azərbaycan və hətta Yaxın Şərq tarixində dərviş hərəkatının əhəmiyyəti aydındır. Lakin nağılda vücuduna əziyyət verib işgəncə çəkən dərviş, Şeyx Səfinin sona qədər müridi və yaxud onun nəvəsi, sonradan Şah İsmayıl olan Şeyx İsmayıla itaət edən dərviş təsvir edilməyir. 

Nağıllardakı dərviş obrazı Mirzə Fətəli Axundzadənin “Molla İbrahim Xəlil kimyagər” adlı komediyasındakı dərvişin eynidir.

Dərvişdə hər bir şeyi qızıla çevirən iksir daşı olur. Bunun ən çox möcüzəli bir surətdə təsir qüvvəsi başı, quyruğu kəsilmiş ilanın qovurmasını yeməkdə imiş. Bunu yeyər-yeməz bütün otların, daşların səsi onun qulağına gəlmişdir. Hər birisi hansı xəstəliyə dərman olduğunu və ya torpağın altında nə kimi dəfinələr gizlənmiş olduğunu söyləyir və bu səs dərvişin qulağına gələrmiş.

Lakin bəzən də ilan ətini yeyən tamamilə qızıla dönürmüş. Həmin bu nağıldakı dərviş təcrübəsiz cavan uşaqları əldə etməyə və öz təcrübələrini bunların üzərində sınamağa çalışır. Lakin Mirzə Fətəli nağıllarda söylənən kimyagər dərvişin obrazından istifadə edərkən bununla yazıçının dövründə bütün Yaxın Şərqi doldurmuş və meşşan avam xalqın başını tovlayıb varyoxunu əlindən alan dərviş tipini göstərmişdir. Bu surətlə nağılın özü tarixi zəmindən şirə alaraq yazılı ədəbiyyatda səmərə vermək üçün yeni bir zəmin hazırlayır. Lakin burada bir əmma lazımdır. Azərbaycan nağılında, istər fantastic məzmunlu, istərsə novella-hekayət süjetli olsun, dərviş ancaq mənfi cəhətdən təsvir edilir. Bu nağıllardakı dərviş siması məşhur “Min bir gecə” hekayələrində göstərilən ovqatlar qədər parlaq və onlar qədər canlıdır.

Əlbəttə, bütün bu ovqatlar feodal Şərqin bizə buraxmış olduğu mirasdır. Bunlarda yan-yana həmin bu Şərqin sonsuz müharibələrini, tükənməz qanlı tarixi hadisələrini keçirmiş və bunların nəticəsində böyük-böyük əziyyətlər çəkmiş Azərbaycan kəndlisi də təsvir olunur.

* * *

Azərbaycan nağıllarında başlıca mövzulardan biri də məzlum, əzilmiş, cəhalətdə qalmış kəndli kütləsinin bütün hökmran və istismarçı təbəqələrə qarşı apardığı müxtəlif mübarizələrdir. Şah üsul-idarəsi tərəfindən dəfələrlə soyulan kəndli nağıllar vasitəsilə özünün əsrlər boyu çəkdiyi əziyyətlər tarixini əks etdirmişdir. Bu cəhətdən nağıl əməkçi kütlənin yeni nəsillərində zalımlara – ağalara qarşı kin və ədavət bəsləmək üçün ən kəskin bir alət olur.

Nağıllar istər güldürücü yumor, istərsə qəhqəhəli satira vasitəsilə olsun, hər yerdə əməkçi kəndlini istismar edənləri ifşa edir. Nağıllarda bu mübarizə məxsusi gizli bir formada verilir. Nağılçının fantaziyası dünyanın hansı yerində gəzir-gəzsin, bütün Şərq nağılı üçün istismarçı ilə istismar olunanlar arasındakı münasibətləri əks etdirir.

“Bəxtiyar”, “İskəndərin nağılı” və başqa Azərbaycan nağıllarında çox zaman kəmağıl, uzaqgörməz, əlindən bir şey gəlməyən və yalnız öz hərəmxanasını gözəl qız və qadınlarla doldurmaq istəyində olan şəhvətpərəst kimi obrazı canlandırılır. Nağılların birində Keçəl Məhəmməd şaha deyir:

“Padşah! Bu ağılla sən necə padşahlıq edirsən?!”. Və hətta Azərbaycanın meşşanları arasında yarıəfsanəvi bir şöhrət almış I Şah Abbas dillərdə ədalətli və insaflı təsvir edilsə də, nağıllarda qəddar, insafsız, kor-koranə divan edən (“Salehnən Valehin nağılı”), qaniçici (“Həsən Qara”nın nağılı) bir şəkildə göstərilir. Nağıllardakı vəzirlər də şahlardan çox da uzaqgörən olmurlar, bunlar sarsaq, rüşvətxor və qadına həris (“Zərniyar” nağılı) insanlardır. 

* * *

Əlbəttə, nağıllardakı həyatın böyük tərbiyəvi əhəmiyyəti unudulmamalıdır. “Bəxtiyar” və “Keçəl Məhəmməd” nağıllarında sinfi antaqonizm o dərəcəyə çatır ki, mübarizə edən iki qüvvədən birisi məhv olur. Cabbar Mövlamqulu oğlu da öz keçəli vasitəsilə padşahı bütün sarayilə, saraydakıların ailələrilə və hətta padşahın casusu olan dəlləklə birlikdə hamısını tonqalda yandırır. Yoxsul kəndli mülkədarlarla mübarizə edərkən daha canavar, tamahkar bir düşmənə rast gəlir. Bu düşmən, əvvəldə bəzirgan, sonra isə tacir tipidir. Bu tip qızılı əldə etmək üçün cinayətlər törədir. Hər gün onu dağa çıxarır, oradan sabahdan axşama qədər cavahirat endirir, günün axırında isə bu cavan avamlığı nəticəsində qurban gedir. Yoxsul kəndli tacirlərin bu kimi can ağrıdıcı, qəddar əlaqələrini təsvir edirkən, bu yeni sinfin daha çox qana susayan olduğunu və öz halının yaxşılaşmasını əldən verməmək üçün hər bir cinayətə hazır olduğunu anlayır.

“Nardan xanım” nağılındakı meymun obrazı istismar olunan kəndli təbəqələrin varlılara qarşı münasibətini ifadə edir. Burada məsələ çox kəskin qoyulmuşdur: sinfi düşmən məhv olmadıqca köməksiz Azərbaycan qadınına həyat yoxdur. Azərbaycan nağıllarında istər dünya ağalarına, istərsə axirət ağalarına – müsəlman ruhanilərinə qarşı amansız bir mübarizə aparılır.

Məişət nağıllarına din və etiqadla aparılan mübarizə daha çox xarakterikdir. Burada molla və qazıların bütün yalanları, ehtirasları, tamahkarlıqları, bir sözlə, bütün alçaqlıqlarını örtən pərdə yırtılıb göz qabağına qoyulmuşdur. Ailə və qadın məsələsi Azərbaycan nağıllarında bundan da kəskin qoyulmuşdur. Bunlarla bərabər nağıllarda köçəri həyatındakı qadınlar da göstərilmişdir.

Bu qəbilə həyatı keçirən ailələrdəki qadınlar Mirzə Fətəlinin idealizə etdiyi və bununla bərabər onların bütün nöqsanlarını açıb göstərdiyi əxlaqca yüksək dərrakəli, ailə və təsərrüfatın yiyəsi olan qadınlardır. Nağıllarda təsvir edilən qadınlar çox zaman apardıqları mübarizədə ərlərinə dayaq olur və döyüş meydanında öz məsləhətlərilə, ruhlandırıcı tədbirlərilə qalibiyyətə nail olurlar. Bu cür qadınlar ər evinə satılmayır. Adəti üzrə istədiyi, bəyəndiyi oğlanı seçir, tanıyır və özünə həyat yoldaşı qəbul edir. Bu zaman bəzən qızla atanın ixtilafı düşür, ata bütün ailənin sahibi olması hüququndan istifadə edir. 

Nağıllarda çox zaman padşah qızlarının üçüncüsü ya bir mehtəri, ya da bağban oğlunu sevir, ona ərə gedir. Onun üçün də başqa məmləkətlərə üz tutmağa məcbur olur. Qəhrəman qadın obrazı daha çox “Nərgiz” və “Həsən Qara” kimi nağıllarda diqqəti cəlb edir. Bu cür qadınlar özlərindən cəsur, cəld, qüvvətli və ağıllı bir kişi tapmadıqca ərə getməyirlər. Çox zaman təsadüf etdiyi oğlanı sınayır və özünə qalib gələnə əl verərək maskasını açır və onun həyat yoldaşı olur (“Şah İsmayıl” dastanındakı Ərəb Zəngi motivi). Yuxarıda saxlanılan problemlər üzrə nağıllarda kəskin sinfi xətt nəzərə çarpır. “Nazikbədən”, “Əzizin nağılı”, “Zərniyar” və başqalarında qadının sərbəstlik hüququ ideya kimi qoyulmuşdur.

Nağılların mündəricə, tematika və əsas ideyaları, ümumiyyətlə, bunlardan ibarətdir. Biz burada yalnız bəzi məsələlərə işarə etdik. Bunların tədqiqini isə ayrıayrı kitablar təşkil edəcəkdir.

 

Hənəfi Zeynallı

 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo