Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 1 2 3 4 5 6 7 > >>

Biri var idi, biri yox idi, yaradan var idi, bəndəsi yox idi. Barxudar adlı bir balıqçı vardı. Barxudar dəryadan balıq tutar, bazarda satıb dolanardı. Barxudar bir gün axşam tərəfi dəryaya tor atdı. Çoxlu balıq tutub bazara gətirdi, satdı. Sonra çayçıya gedib, yedi, içdi, tanış-bilişnən görüşdü.
Onun başı söhbətə qarışmışdı, bir də baxdı ki, gecədən çox keçib, qalxıb getdi. Barxudar qaranlıqda fikirləşə-fikirləşə gedirdi. Bir balaca boylu dərvişə rast gəldi. Dərviş Barxudara dedi:
– Niyə fikirlisən? Al, bu qızıl bıçağı apar, ver padşahın qızı Ülkərə. Muradına çatarsan.

Biri varmış, biri yoxmuş, bir padşah varmış. Bu padşahın da bağında bir alma ağacı varmış. Bu ağac birinci gün çiçək açarmış, ikinci gündə çiçəyini tökərmiş, üçüncü gündə bar verərmiş. Bu almanı hər kəs yesəymiş, on beş yaşında oğlan olarmış.
Padşah hər gün səhər tezdən sübh açılan kimi durub gedərmiş bağa ki, almanı dərib yesin, amma görərmiş ki, alma dərilib. Kor-peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda padşah təngə gəlib böyük oğlunu yanına çağırdı. Oğul atasının qulluğuna gələn kimi baş endirib dedi:
– Ata, sənə fəda olum, mənə görə qulluq?

Biri var idi, biri yox idi, bir padşah var idi. Onun da qırx arvadı var idi. Bu arvadların Heç birindən padşahın övladı olmurdu. Bir gün padşah qəm dəryasına batmışdı, övlad fikri edirdi. Bu zaman bir dərviş peyda olub dedi:
– Qibleyi-aləm, niyə fikir edirsən? Dərdin nədi?

Biri var idi, biri yox idi, qədim zamanda Əhməd adlı bir tacir var idi. Bu tacirin Fərəməz adda bir oğlu var idi. Tacir həmişə bunun fikrini çəkib deyirdi:
– Heyif, mənim zəhmətlə qazandığım dövlətə ki, belə fərsiz oğula qalacaq.
Günlərin bir günü bu tacir bir qonaqlıq elədi. Bütün tacirləri çağırıb, böyük Eyş-işrət məclisi qurdu. Qonaqlıqdan sonra üzünü yoldaşlarına tutub dedi:
– Sizdən bir təvəqqəm var, onu qəbul eləyin.

Biri vardı, biri yoxdu, Allah vardı, şəriki yoxdu. Bir naxırçı, bircə də oğlu vardı ki, adına İsgəndər deyərdilər. Naxırçının arvadı öldü, bir ayrı arvad gətirdi. Bu zaman İsgəndər altı yaşındaydı, amma çox ağıllı, fərasətli bir oğlandı. İsgəndər hər bir quşun dilini bilirdi, dedikcə də göyçək, padşahyana bir uşaqdı. Bunların evlərinin qabağında bir bağçaları vardı. Bir gün ögey ana həmən bağçada qazan asıb paltar yuyurdu. İsgəndər çör-çöp yığıb ocağa qoyur, analığına kömək eləyirdi. İsgəndər baxıb gördü ki, bir bülbül oxuyur, ayrı bir bülbül də deyir:
– Ay bülbül, bir vaxt gələcək, İsgəndər bu şəhərin padşahı olacaq, bu bağçaya qonaq gələcək, həmən bu analığı onun qabağına xörək gətirəcək.

Biri var idi, biri yox idi, bir qarı var idi. Bu qarının gözünün ağıqarası bir keçəl oğlu var idi. Qarının keçəl oğlu camaatın buzovunu otarardı.
Bir gün Keçəl buzovları yığıb otarmağa aparmışdı. Buzovları bir göy çəmənlikdə otarırdı. Bir də gördü ki, göyün üzünü bulud aldı, yağış yağmağa başladı. Keçəl o saat paltarını soyunub bir daşın altında gizlətdi. Bərk yağış yağdı. Yağış kəsəndən sonra Keçəl paltarını daşın altından çıxardıb geydi.
Eşit şeytandan. Şeytan adam paltarında gəzirdi. Onun güzarı keçəlin yanına düşdü. Gördü keçəlin paltarı qupqurudu, heç islanmayıbdı.

Bəndər-Puşur mahalında Əhməd adlı bir kişi var idi ki, Gülcahan adlı arvadından başqa kimsəsi yox idi. Bunlar kasıb olsalar da, züryət arzusunda idilər.
Bunların arzuları yerdə qalmadı, yarı sinləri keçəndən sonra arvad bari-həmlə qaldı. Vədə tamam olanda bari-həmlini yerə qoydu. Gülcahanın bir qızı oldu. Bu qızın adını Reyhan qoydular. Qız o qədər gözəl idi ki, elə bilirdin bir təzə gül açıbdı. Nağıllarda vaxt tez başa gələr. Arpa, darı çörəyi yeyə-yeyə Reyhan gəlib on səkkiz yaşa doldu.

Raviyani-əxbar və naqilani-asar, şirin göftar belə rəvayət edirlər ki, əyyami-qədimdə bir padşah var idi. Bir gün bu padşah öz vəzirlərilə atlanıb ova gedirdi. Şəhərdən kənarda bir xərabə qəbiristanlıqdan keçəndə vəzir gördü ki, bir quru kəllə o tərəf-bu tərəfə hərlənə-hərlənə deyir: “Qırx qan eyləmişəm, qırx birini də eyləyəcəyəm”. Kəllə qəbrə girmək istəyir, qəbir qoymur. Yazıq düzdə qalıb. Bunu görən vəzir tez atdan düşüb, kəlləni götürüb baxdı ki, bir dənə quru insan kəlləsidi. Vəzir bir az baxdıqdan sonra kəlləni xurcuna qoydu, atın tərkinə bağlayıb yoluna düzəldi. Axşama qədər padşahla gəzdikdən sonra evə gəldilər. Vəzir evə gələn kimi gələni xurcundan çıxartdı, həvəngdəstəyə salıb un kimi döydükdən sonra bir şüşəyə doldurub öz otağında şkafın bir tərəfinə qoydu.
Eşit vəzirin qızından. Vəzirin on səkkiz yaşında bir qızı var idi. Bir gün bu qız bərk sancılandı. Nə qədər həkimə, dərmana əl atdılarsa sancısı yaxşı olmadı ki, olmadı. Qız başı kəsilmiş toyuq kimi partlayırdı.
Anası nə qədər əlləşdi, bir dərman eləyə bilmədi. Axırda qız özözünə dedi: “bir az zəhər olsa içərəm, bu bəladan qurtararam”. Durub cəld atasının otağına getdi. Şkafı açanda gördü ki, bir şüşənin içində ağ toz kimi bir şey var, dedi:
– Yəqin bu zəhərdi.

Biri vardı, biri yoxdu, keçmiş əyyamlarda Tələt adında yetim bir uşaq vardı. Onun qoca nənəsindən, bir də uçuq daxmasından başqa heç bir şeyi yox idi.
Tələt balaca olduğu üçün nənəsi Şamama onu işə-gücə göndərməzdi.
Özü sap əyirib, corab toxuyardı, aparıb bazarda satıb, axşam evinə dönərdi.
Bir gün Tələt nənəsi Şamama qarıya dedi:
– Nənə, corab toxu, bir cüt ver mənə, aparım bazarda satım.

Xasay adlı bir kasıb kişi vardı. Xasayın Ballı adlı bir arvadı, Fatma adlı bir qızı, Kavi adlı bir oğlu vardı. Xasay kişi kasıbkarlığnan külfətini dolandırdığı yerdə, birdən Ballı vəfat elədi. Xasayın evi, uşağı dolanmadığından gedib bir arvad aldı. Ay keçdi, il keçdi, bu arvadın keçəl bir qızı oldu.
Arvad ögey uşaqlarına çox əzab verirdi. Onların gününü göy əskiyə düymüşdü. Xasay çox çətinliklə uşaqlarını böyütdü. Qızı ərə gedəsi, oğlu arvad alası oldu. Bir gün arvad dedi:
– Ay kişi, indi Fatmaynan Kavi böyüyüb, özlərini dolandıra bilərlər.

Səhifələr: << < 1 2 3 4 5 6 7 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo