Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Biri varıymış, biri yoxuymuş, bir qarının İlyas adında bir nəvəsi varıymış. İlyas həm gözəl, həm də ağıllı imiş.
Nənə-bala çox əzab-əziyyətlə, kasıblıqla dolanırmış. Qarı yun əyirib corab toxuyarmış, İlyas da aparıb bazarda satarmış.
İlyasla nənəsi nə qədər çalışırlarmış ki, güzaranları bir az yaxşılaşsın, amma heç bir şey çıxmırmış. Axırda İlyas təngə gəlib, nənəsinə dedi:
– Nənə, görürsən ki, corab toxuyub satmaqla heç nə qazana bilmirik, indi mən istəyirəm kəndimizdən baş götürüb gedəm özgə şəhərlərə, kəndlərə, bəlkə oralarda bir işdən-gücdən tapıb işləyəm, bir az puldan-paradan qazanam.
Qarı əvvəlcə istədi nəvəsini buraxmasın. Dedi:
– Oğul, sən hələ uşaqsan, ağzınnan süd iyi gəlir, haranı tanıyırsan ki, ora gedəsən. Gedərsən yolda-izdə nanəcibə rast olarsan. Gəl sən heç yerə getmə, mən də qocalmışam, bir əlimnən tutanım yoxdur.
Məni qoyub hara gedirsən?

Bir şəhərdə iki qonşu var imiş, biri tacir imiş, o biri əkinçi. Bunların hərəsinin iki oğlu var imiş. Tacirin oğlanları həm fərasətsiz, həm də yaman dəcəl imişlər. Elə işləri, peşələri ona, buna sataşmaq imiş.
Amma əkinçinin oğlanları ağıllı, zəhmətkeş, başı aşağı imiş. Bu kişinin bütün var-dövləti bircə cüt öküzü var imiş. Kişinin böyük oğlu evli imiş, kiçiyi subay.
Ay dolanır, il keçir, kişi canını oğlanlarına tapşırıb ölür. Ataları öləndən sonra iki qardaş bir müddət bir yerdə dolanırlar. Amma böyük qardaşın arvadı hey ərinin baş-beynini aparıb, giley eləyir:
– Qardaşın böyüyüb yekə oğlan olub. Nə vaxtatan biznən bir yerdə qalacaq. Ona de ki, çıxıb getsin. Özünə ayrı yerdə ev-eşik düzəltsin.
Arvad nə qədər deyirdisə, əri qardaşından ayrılmaq istəmirdi.

Biri var imiş, biri yox imiş, əyyamı qədimdə bir kişi varmış. Kişi boyda-buxunda elə bil Rüstəm Zalmış. Hansı pəhlivanın boynu əlinə keçsəymiş, o saat qatlayıb qırarmış. Belindən yapışanda belini qatlayıb sındırarmış. Heç bir pəhlivan onun arxasını yerə vura bilməzmiş. Kişinin adına Məhəmməd pəhlivan deyərlərmiş.
Günlərin birində Məhəmməd pəhlivan meşəynən gedirmiş, bir də gördü ki, bir qara tikən kolunun dibində lüt anadangəlmə bir qız uzanıb. Qızın saçları o qədər uzundu ki, tökülüb tamam bədənini örtüb. Bir az da yaxına gedib, görür ki, bu elə bir qızdı, gözəllikdə milsi-bərabəri yoxdu. Bədən ağappaq mərmər kimi, saçları zil qara şəvə kimi. Elə bil qız qönçələnmiş qızıl güldü. Məhəmməd pəhlivan qızı oyadıb dedi:
– Ey nazənin gözəl, kimsən, buralarda tək-tənha nə gəzirsən?

Biri varıydı, biri yoxuydu, bir padşah varıydı. Bu padşah nə qədər arvad alırdısa, övladı olmurdu ki, olmurdu. Padşah bütün rəmçiləri, dərvişləri, həkimləri çağırmışdı ki, ona əlac eləsinlər. Heç biri bir əlac eləyə bilməmişdi. Padşah xüfətinnən heyva kimi sapsarı saralmışdı.
Bir gün yatmışdı, aləmi-röyada gördü kü, bir pirani qoca kişi başının üstündə dayanıb deyir:
– Ey padşah, sən kimi alsan övladın olmayacax, bircə İsfahan padşahının qızını alsan, ondan sənin bir övladın olacax.

Məhəmməd adlı bir kişi vardı. Bunun bir arvadı, Əhməd adlı bir oğlu, Güllü adlı bir qızı varıdı. Bir gün Məhəmməd kişi Məkkəyə gedəsi olur. Arvadı, oğlu dedilər ki, biz də gedəcəyik. Məhəmməd kişi onların getməsinə razı oldu. Məhəmmədin bir yaxşı qardaşlığı varıdı.
Özü də qazı idi. Məhəmməd kişi qardaşlığının yanına gəlib dedi:
– Mən Məkkəyə gedəcəyəm. Ev-eşiyimi, qızım Güllünü sənə tapşırıram.
Qazı dedi:
– Arxayın ol, özündən yaxşı muğayat olaram.
Məhəmməd kişi arvadını, oğlu Əhmədi götürüb Məkkəyə yola düşdü. Onlar Məkkəyə getməkdə olsun. Sizə qazı ağadan xəbər verim. Qazı ağa gündə ət, xuşkəbər alıb nökəriynən Güllüyə göndərirdi. Bir gün də özü ət, şey-şüy alıb Güllü qızın yanına gəldi. Gördü ki, Güllü başını yuyur, bulud kimi qara saçları üzünə tökülüb. Bir qızdı, günə deyir sən çıxma, mən çıxım, aya deyir sən çıxma, mən çıxım. Qazı ağa imanını əldən verib Güllü qıza bənd oldu. İçəri girib şey-şüyü qıza verdi. Dili tutar-tutmaz dedi:
– Ay qardaşlığımın qızı, yenə ətdən-zaddan alıb nökərnən göndərəcəyəm, bir yaxşı xörək bişir, mən də axşama sənə qonaq gələcəyəm.

Biri var idi, biri yox idi, Əhməd ilə Məhəmməd adlı iki qardaş var idi. Bu qardaşların ikisi də tacir idilər. Ticarətdə daha bu şəhərdə elə bir adam yox idi ki, onların əlinin qabağına əl qoya. Bütün bazarı dəstələyib almışdılar əllərinə. Ticarətləri günü-gündən böyüyürdü. Daha elə olmuşdular ki, dövlətləri yer batırırdı. Buna görə də heç bir qüssələri, qəmləri, dərdləri yox idi, amma ki, heç birisinin övladı olmurdu. Ona görə də dar dünyada özlərindən sonra bir vərəsə qoyub getmək üçün gündə bir arvad alırdılar. İki qardaşın ikisinin də adı olmuşdu arvad çodarı, amma neyləsinlər ki, yenə də uşaqları olmurdu ki, olmurdu. Günlərin bir günündə Məhəmməd öz dərdinin çoxluğundan evdə oturmayıb durub gəldi qardaşının yanına. Qardaşı gördü ki, Məhəmmədin halı pərişandı. Soruşdu ki:
– Qardaş, nə olub, yenə qəm dəryasına qərq olubsan? Ticarətində nə əskiklik var?

Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Günlərin bir günündə, Məmməd Nəsir tinində. Biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi. Çoxlu şilaşı yemişəm, heç belə yalan deməmişəm. Bir tacir var idi. Bu tacirin İlyas adlı bir qulu var idi. Tacir İlyası öz oğlu kimi istəyirdi. İlyas da taciri öz dədəsi kimi.
Bir gün tacir əlində olan var-yox mayasını batırdı. Tacir çox fikirli-fikirli oturmuşdu. İlyas bunu qüssəli görüb yanına gəldi, dedi:
– Ağa, nə fikir eləyirsən? Dərdini de, bəlkə çarə elədim.

Keçmiş zamanda bir kişi varmış. Bir gün bu kişi bazardan bir çuval buğda alıb evinə gətirib övrətinə deyir:
– Arvad, bu buğdanın adını qoyaq rəməzan. Allah qoysa, rəməzanda yiyərik.
Böylə deyib, kişi gənə bazara qayıdır. Bu yolda bir dilənçi gəlirmiş.
Arvad bundan xəbər alır:
– Ay əmi, sənin adın Rəməzandırmı?
Dilənçi fikir edir ki, yəqin bunda bir iş var. Cavab verir ki:
– Bəli, mənim adım Rəməzandır.
Arvad bunu eşitdikdə deyir:
– Sənin bizdə bir çuval buğdan var, gəl verim apar.
Kişi səvinə-səvinə buğdanı dalına alıb götürüb gedir. Bir saatdan sora arvadın əri bazardan evinə qayıdır. Arvad kişisinin qabağına yüyürüb deyir:
– Ay kişi! Rəməzan gəlmişdi, buğdanı verdim apardı.
Kişi təəccüb edib deyir:
– Arvad, Rəməzan kimdir? Buğdanı kimə verdin?

Biri vardı, biri yox idi. Allahdan başqa heç kim yoxdu. Hindistanda bir paçcah varıdı. Adına Yunan deyərdilər. Yunanın gözünün ağıqarası bir qızı varıdı. Heç oğlu yoxıdı.
Bı qızı qoymuşdu məktəbə. Bir gün bı qız qırx incə qızınan çıxmışdı səyahətə. Bılar çıxmışdılar bir uca dağın başına bı dağı seyr eliyirdilər.
Bir vədə gördülər ki, bir ayı böyürdən çıxdı. Yunanın qızın götürdü, “ya Əli, mədət” qaçdı. Hay saldılar. Yunan atdanıp qoşunuynan başladılar qızı axtarmağa. Nə qədər soraq elədilər, qızdan bir xəbər tapmadılar. Qoşun qayıtdı geri.
Bı ayının da dağın kahasında bir evi varıdı. Qızı aparıb qoydu bırda. Ay ötdü, il dolanıb qızın boynuna ayıdan bir uşax düşdü. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyədən sora bir oğlu oldu.

 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo