Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Hambal Əhməd

Biri varıdı, biri yoxudu. Çox böyük şəhərlərin birində dövlətli bir tacir varıdı. Bu tacir səhər çörəyini yeyəndən sonra həmişə bazaar gedərdi ki, görsün təzə nə cür mallar satırlar, alış-veriş necə gedir. Həmişə bazarda nə cür yaxşı mal satılsaydı, hamısı bu tacirin evində tapılardı. Bir gün yenə tacir bazardan çoxlu mal almışdı. Bu malın hamısını bir sandığa yığıb, getdi bir hambal axtarsın ki, gəlib bu şeyləri arabaya yığsın, küçə qapısından da evə daşısın.
Bir az gəzəndən sonra gördü ki, bir hambal oturub. Tacir əl eləyib çağırdı:
– Ay hambal, gəl bu şeyləri arabaya yığ, apar evə, orda arabadan götürüb qoyarsan evə.
Hambal Əhməd gəldi. Bir ora baxdı, bir bura baxdı, bir də şeylərə baxdı, dedi:
– Qoy bu şeyləri mənim dalıma.

Tacir dedi:
– Ay hambal, bunu araba gücnən çəkib aparar, sən nə danışırsan, belin zadın sınar, sonra məni xataya salarsan.
Hambal Əhməd dedi:
– Ay tacir ağa, burda nə var ki, az yükdü, sənin işin deyil, sən ancaq mənim yanımcan gəl.
Tacir bir iki adam da çağırdı, köməkləşib sandığı hambal Əhmədin dalına qoydular. Hambal Əhməd sandığı götürüb atdana-atdana yola düşdü. Tacir də mat-mat baxa-baxa bunun dalınca gedirdi.
Evə çatdılar, Hambal Əhməd sandığı yerə qoyub, oturdu ki, bir az dincəlsin. Əhməd yerə oturanda, tacir fikirləşdi ki, dəli şeytan deyir ki, tut bu hambalı apar padşahın yanına bir az pul qır. Onsuz da padşah pəhləvan axtarır.
Hambal Əhməd bir az dincəldikdən sonra, ayağa durdu ki, getsin, tacir onun qabağını kəsib dedi:
– Mən səni buraxan-zad deyiləm. Bu saat mənnən gedəcəksən padşahın yanına.
Hambal dedi:
– Ay tacir ağa, mən hara, padşah hara, sən gəl məndən əl çək, heç zəhmət haqqı da istəmirəm, qoy çıxım gedim.
Tacir hökmən dedi olmaz ki, olmaz.
Nə isə, tacir yarı zor, yarı xoş hambalı padşahın yanına apardı. Ora çatdı, qapını döydü, padşahın nökərlərindən biri gəlib, qapını açıb dedi:
– Nə istəyirsən?
Tacir dedi:
– Padşaha xəbər ver ki, onun üçün bir qüvvətli pəhləvan gətirmişəm.
Nökər qapını örtüb, padşahın yanına getdi, üstündən bir az keçəndən sonra gəlib dedi:
– Padşah buyurur ki, içəri gəlsinlər.
Tacir hambal Əhmədnən nökərin dalına düşüb padşahın hüzuruna getdilər. Padşah hambal Əhmədə baxıb gördü ki, heç pəhləvanlarının içində bu boyda pəhləvan yoxdu. Tez əmr elədi ki, buna yaxşı paltar verilsin, yer verilsin. Padşah tacirə də pul verib yola saldı. Hambal Əhmədə yaxşı paltar verdilər, otaq verdilər. Əhməd öz hambal paltarlarını, palanını soyunub bir sandığa qoydu, açarını da öz cibində saxladı. Geyinib keçinəndən sonra bağa gəzməyə çıxdı. Bağda gəzəndə, demə padşahın qızı da öz pəncərəsində oturub, ona tamaşa eləyirmiş. Bir ürəkdən min ürəyə padşahın qızı buna vuruldu. Demə qız buna baxanda hambal Əhmədin də gözü onda imiş. Bu da qıza aşiq olubmuş. Əhməd qaldı məəttəl ki, qıznan harda söhbət eləsin.
Bir gün yenə qızı görmək üçün bağçaya çıxdı. Qızın yatdığı otağın pəncərəsinə baxdı, gördü ki, qız orda yoxdu. Kor-peşman evə qayıdanda gördü ki, qız ağacların dalında oturub, ona baxır. Demə qız da gözləyirmiş. İkisi də bir-birinə yaxınlaşıb görüşdülər, dərdlərini bir-birinə açdılar. Bu gündən sonra Əhmədnən qız həmişə burda görüşürdülər.
Günlərin bir günündə bir böyük əjdaha şəhər çayının üstünü kəsib, şəhəri qoydu susuz. Padşah pəhləvanlarının hamısını yanına çağırıb, əmr elədi ki, əjdahanı öldürsünlər. Əhməd gördü ki, yox, bunu əjdaha qabağına göndərəcəklər, tez cibindən sandığın açarını çıxartdı, gedib sandığı açdı, hambal paltarlarını çıxarıb geyindi. Çıxıb getmək istəyəndə qız onu görüb dedi:
– Ay Əhməd, neyləyirsən? Mən səni sevirəm, sən də məni, yavaşyavaş atam da razı olur. Sən getsən bizim işimiz necə olar? Gəl sən get davaya, heç zad olmaz.
Əhməd dedi:
– Yox atam, mənim işim deyil. Get işinin dalıncan. Mən gərək özümü ölümə verəm, nə var, nə var, sən məni istəyirsən. Nə gəlib sənətimə.
Gedib təzədən hambal olacağam. Mən hara, əjdaha hara?!
Qız təzədən başladı yalvarmağa:
– Ay Əhməd, sənin nə işin var ki, özünü əjdaha qabağına verəsən.
Qoşun göndər əjdahanın qabağına, özün də de ki, mən daldan hücum eləyəcəyəm. Elə ki qoşun töküldü əjdahanın üstünə, sən özünü çək bir qırağa. Nə işin var əjdahaynan davaya çıxasan. Get bir kölgədə yat, elə ki, vurhavur sakitləşdi, onda sən də bir yandan çıx gəl evə.
Bu sözlər bir az Əhmədin qulağına girdi. Təzədən hambal paltarlarını çıxardıb sandığa qoydu. Pəhləvan paltarlarını geyib, qoşunun yanına gəldi.
Qoşun cəmləndi, şeypur çalındı, hambal Əhməd qoşunun qabağına düşüb, çaya tərəf getməyə başladılar. Çaya yaxınlaşanda Əhməd qoşunu dağıdıb göndərdi əjdahanın qabağına, özü də qızın dediyi kimi, çəkilib bir ağacın kölgəsində yatdı.
Bir az keçmişdi, Əhməd gözlərini təzəcə açmışdı ki, bir də nə gördü! Vay dədə vay! Bir əjdaha gəlir, bir əjdaha gəlir ki, adamı lap vahimə basır. Əhməd gördü ki, yox, işlər şuluqdu. Əjdaha bir baş onun üstünə gəlir. Öz canını qurtarmaq üçün xəncəli belindən çıxardıb, əlinə aldı. Əjdaha buna yaxınlaşıb hücum eləyəndə Əhməd bütün qüvvətini yığıb əjdahanı iki böldü, o saat qan göyə fəvvarə verdi.
Padşaha muştuluqçu getdi ki, Əhməd əjdahanı öldürdü. Əhmədi padşahın hüzuruna gətirdilər. Padşah camaatı yığıb dedi:
– Məni istəyən, buna xələt!
Hər tərəfdən buna xələt töküldü. Şəhər suynan sirab oldu. Əhməd də xələtlərini yığıb, qızın yanına gəldi. Qız onu görən kimi yaxınlaşıb dedi:
– Sənə demədimmi əjdaha sənə heç nə eliyə bilməz. İndi get atamdan məni istə.
Əhməd padşahın yanına elçi göndərdi. Padşah çox şadlıqnan qızını ona adaxladı. Bir neçə ay kefnən, səfaynan gün keçirdilər. Bir gün xəbər çıxdı ki, ikinci əjdaha gəlib suyun qabağını kəsib.
Padşah vəziri çağırıb dedi:
– Vəzir, bir tədbir tök, şəhər susuzluqdan qırılır.
Vəzir dedi:
– Padşah sağ olsun, nə var ki, Əhmədi göndər, gedib öldürsün.
Padşah tez Əhmədi çağırıb dedi:
– Əhməd, mən görürəm ki, sən çox igid adamsan. İkinci əjdaha gəlib suyun qabağını kəsib. Gedib onu öldürməyi sənə tapşırıram.
Əhməd bu sözləri eşidən kimi cibindən haçarı çıxardıb bir baş sandıq olan otağa getdi. Sandığın ağzını açdı, içindən hambal paltarlarını çıxardıb, geyməyə başladı. Qız qaça-qaça gəlirdi ki, Əhmədə ürək versin, gedib gördü yenə hambal paltarlarını geyib, getmək istəyir.
Qız yenə buna yalvarmağa başladı:
– Ay Əhməd, Allaha bax, Tarıya bax, gəl sən mənim sözümdən çıxma. İndi biz nişanlıyıq. Sən nə ürəknən məni buraxıb gedirsən, gəl sən yenə get.
Əhməd onun sözünü kəsib dedi:
– Xeyr a, gələsən bunun xatiri üçün yenə ölümə gedəsən. Bir dəfə getdim, gücnən qurtardım. İndi ikinci dəfə gedib heç qayıtmayın?
Xeyr, mənim işim deyil.
Qız dedi:
– Ay Əhməd, başına dönüm, qurbanın olum, o dəfə gedəndə yatmışdın əjdaha sənin üstünə gəldi, indi gedəndə ağacda yat, heç əjdaha da çıxa bilməsin.
Bu söz Əhmədin xoşuna gəldi. O təzədən hambal paltarlarını soyunub, öz pəhləvan paltarlarını geyinib, qoşunun yanına gəldi. Qoşun düzülüb, onu gözləyirdi. Şeypur çalındı, əmr olundu, qoşun yola düşdü.
Bir az gedəndən sonra çayın qırağına çatdılar.
Əhməd dedi:
– Siz qabaqdan hücum eləyin, mən də gedib onu daldan tutacağam.
Qoşun qabaqdan əjdahanın üstünə töküldü. Qoşun qorxmurdu, çünki bilirdi ki, hər necə olsa, Əhməd əjdahanı öldürəcək. Əhməd elə ki, gördü qoşun getdi, bir hündür ağacın başına çıxıb yatdı. Elə təzəcə oyanmışdı, baxdı ki, nə, budu əjdaha onun üstünə gəlir.
Əhməd gördü ki, işlər pisdi. Tez ağacdan yerə düşdü, gördü xəncərini işə salmasa, öz canı gedəcək. Tez xəncəri əlinə aldı. Əjdaha buna çatan kimi, Əhməd bütün gücünü yığıb, xəncərnən əjdahanın başından vurdu.
Qan əjdahanın başından fəvvarə kimi axdı, əjdaha ölüb, yerə sərildi. Qoşun gəlib gördü ki, Əhməd əjdahanı öldürüb, özü də ayağını əjdahanın döşünə qoyub dayanmışdır. Tez padşaha muştuluqçu getdi ki, Əhməd əjdahanı öldürübdü. Camaat töküldü, Əhmədi qucaqlarına alıb, birbaş padşahın hüzuruna gətirdilər. Padşah Əhmədi görən kimi yanına çağırıb, alnından öpüb dedi:
– Məni istəyən, buna xələt versin!
Camaat əlindən gələni Əhmədə xələt verib, onun başına fırlanırdı.
Əhməd xələtlərini götürüb öz otağına getdi. Qız eşitdi ki, Əhməd əjdahanı öldürüb, sevincək Əhmədin otağına qaçdı. Görüşdülər, öpüşdülər, sonra qız dedi:
– Əhməd, sənə dedim ki, get, əjdaha sənə heç bir şey eləyə bilməz.
Əhməd cavab verib, dedi ki, doğrudur bu dəfə sən dediyin kimi ağacda yatmışdım, amma köpək oğlunun əjdahası elə bil mənnən güləşməyə gəlib. İyləyə-iyləyə gəlib məni tapdı. Gördüm ki, yerimdə sakit otursam, bu məni tikə-tikə eləyəcək, tez xəncərimi çıxarıb onu iki böldüm.
Qız çox sevindi. Gecə oldu, hərə öz otağına çəkilib yatdı.
Bir neçə gün belə keçdi. Bir gün padşah Əhmədi yanına çağırıb dedi:
– Əhməd, mən toy tədarükü görürəm. Bu günlərdə sənin toyundu.
Bu işə sən nə deyirsən?
Əhməd heç nə deməyib başını aşağı saldı. Padşah gördü ki, baş aşağı salmaq razılıq əlamətidir.
Bir neçə gün toy tədarükü görüldü, qıza toy paltarları tikildi, qonaqlar çağırıldı. İki gündən sonra toy başlanacaqdı. Bir gün padşah evində oturmuşdu, gördü ki, qonşu məmləkətin adamları gəlib padşahlarından kağız gətiriblər. Padşah vəziri çağırıb kağızı oxutdurdu.
Bildilər ki, qonşu məmləkətin padşahı davaya çağırır.
Səhəri gün padşah başladı dava tədarükünə. Əhmədi yanına çağırıb dedi:
– Əhməd, bilirəm bu xəbər sənin ürəyini sıxacaq, amma gərək deyəm. Qonşu məmləkətin padşahı bizi davaya çağırır. İndi biz də dava tədarükü görürük. Sənin toyun hələ qaldı. Sən özün də davaya hazırlaş. Sabah dava başlanır.
Əhməd dava sözünü eşidən kimi əlini saldı cibinə, haçarını çıxarıb, gəldi birbaş sandıq olan otağa. Sandığın ağzını açdı, hambal paltarlarını çıxarıb geydi, paltarlarını götürüb bi baş çıxmaq istəyirdi ki, qız içəri girdi. Qız gördü ki, Əhməd yenə hambal paltarlarını geyinib tez soruşdu:
– Ay Əhməd, yenə nə olub bu paltarlarını geyinmisən?
Əhməd dedi:
– Necə yəni nə olub? Atan iki kərə məni əjdaha qabağına göndərib bəs deyil, indi də qoşun qabağına göndərir. Gic deyiləm ki... Getsin özü də! Niyə mən havayı canımı qurdlara verim?
Qız yenə durdu yalvarmağa:
– Ay Əhməd, Allaha bax. Gəl sən mənim sözümə bax, get davaya.
Əjdahanın öldürəndə sənə nə oldu ki, indi nə olsun?
Əhməd qızın üzünə baxıb dedi:
– Uzun danışma, mən davaya gedən-zad deyiləm, əjdahaydı, təkidi, mən onu öldürdüm, indi də əjdaha deyil ki... Oxun biri gəlib sancıldı ürəyimə, sonra nə olsun? Mən oxun qabağına gedə bilmərəm.
Qız dedi:
– Ay dəli, axı sən özünü niyə üzə verirsən. Min ata, denən ki, mən həmişə düşmənə daldan hücum elərəm, siz qabaqdan gedin. Onlar qabaqda hücum eləyəndə, sən də qaçıb bir yanda gizlənərsən. Qoşun evə gələndə sən də onların dalınca gələrsən. Bu da əjdaha deyil ki, dalınca gəlsin.
Bu sözlər bir az Əhmədin ürəyini yumşaltdı. Əhməd razı olub, əmr elədi ki, ona bir at gətirsinlər.
Nökərlər tez yüyürüb tövlədən bir yaxşı at seçib gətirdilər. Əhməd atdan çox qorxurdu. O, ata yaxınlaşanda, əl vurdu atın qarnına. Bu atın qarnına əl vuran kimi, at qarnını tərpətdi. Əhməd qorxub əmr elədi ki, bu at pisdi, yaxşısını gətirsinlər. O elə bir at axtarırdı ki, yabı kimi, nə qədər əl vursan tərpənməsin. Nökərlər Əhmədin əmrinə görə gedib tövlədən bir başqa at seçib gətirdilər. Əhməd bunun da qarnına əl vurdu, gördü ki, bu da qarnını tərpətdi. Əmr elədi başqa at gətirsinlər. Elə-elə beşaltı at gətirib, hamısının qarnına əl vurdu, gördü ki, qarınları tərpənir.
Nökər gördü ki, hansı atı gətirirsə, Əhmədin xoşuna gəlmir, axıda dedi:
– Ay pəhləvan ağa, əgər istəyirsən özün tövlə həyətinə get, mən də atların hamısını çıxardım, hansı xoşuna gəlsə, onu götür.
Əhməd bunun sözünə baxıb tövlə həyətinə getdi, atlara bir-bir baxdı, hamısına əl vurdu, gördü ki, yox, hansına əl vurur, özünü dik atır. Heç birini seçmədi. Bir də baxıb gördü ki, küncdə bir yazıq at var.
Tez yaxınlaşdı, nə qədər əl vurdu, gördü ki, bunun heç halına təfavüt eləmir. Öz-özünə fikir elədi ki, bu yabı mənim üçün lap yaxşıdı. Tez nökəri çağırıb dedi:
– Gəl, bu atı mənə ver.
Nökər atı çəkib bunun yanına gətirdi. Əhməd atın üstünə mindi, gördü ki, lap bunun malıdı. Elə bu at yavaş-yavaş gedər. Amma özözünə dedi:
– Hər nə olursa olsun, qoy ayaqlarımı bağlatdırım.
Tez nökərləri çağırıb dedi:
– Gəlin, mənim ayaqlarımı atın qarnı altından bir-birinə bağlayın.
Nökərlər bunun ayaqlarını bərk-bərk bağladılar. Əhməd bu işləri görəndə, padşah da aynadan baxırdı. Öz-özünə dedi:
– Adə, bu nə cür adamdı, gör atların içində nə yaxşı at seçdi. Kişi doğrudan da minici imiş. Yel atını tapıb.
Meydanda qoşun bir-birini qırırdı, padşahın qoşunu yavaş-yavaş basılırdı. Padşah da, sərkərdələr də az qala özlərini itirsinlər. Elə ki, Əhməd atın üstünə mindi, tay dalını soruşma. At bir başın silkələdi, cilov Əhmədin əlindən çıxdı. At bunu birbaş götürdü. At elə gedirdi ki, yel kimi. Əhməd gördü ki, uzaqdan bir ağac görünür. At bu ağaca yaxınlaşacaq.
Əhməd əlini atdı ağaca ki, yapışıb atı saxlasın. At onu elə çəkdi ki, ağac kökündən çıxıb qaldı Əhmədin qoltuğunda. Əhməd yel atının üstündə, qoltuğunda bir əlli-altmış illik ağac, düşmən qoşunun içinə soxuldu. Yel atı o yan-bu yana çırpınırdı. At o yan-bu yana qaçdıqca düşmənin əsgərləri Əhmədin qoltuğundakı ağacın yerdən sürünən budaqları altında qalıb ölürdülər. At da bir yandan əzişdirirdi. Bu cür Əhməd düşmən qoşununu qırıb qurtardı. Düşmən gördü ki, tay lap bunların axırına çıxacaq, üz döndərib qaçmağa başladı.
Əhməd qoşunun içində o yan-bu yana qaçıb, meydanı ver-veyran elədi. Amma nə qədər eləyirdisə, atın cilovunu saxlaya bilmirdi. At onu lap yarımcan eləmişdi. Bu halda düşmən qoşununun sərkərdəsi Cilovxan da öz yaxın adamlarıynan dağın başında durub davaya tamaşa eləyirdi. Əhməd gördü ki, at onu öldürəcək, ağacı salıb atın boynunu qucaqladı. Hər yetənə qışqırırdı ki, cilov-cilov. O yalvarırdı ki, bəlkə atın cilovunu bir adam tutub onu qurtara. Cilovxan baxdı ki, Əhməd bütün qoşunu dağıdıb indi də cilov-cilov deyib, bağıra-bağıra meydanı gəzir. Tez atını minib öz adamlarına dedi:
– Adə, tez olun, atları minin. Zalım oğlu zalım, bütün qoşunumu qırıb dağıdıb, indi də Cilovxan, Cilovxan deyə məni axtarır. Tez olun qaçaq ki, gəlib tutsa, atamızı yandıracaq.
Əlqərəz, bütün düşmən dağıldı. Yerdə qalan on-on beş yaralı əsgərnən Cilovxan özü də qorxudan qaçdı. Əhmədin də lap son nəfəsiydi.
Padşahın qoşunları düşmənin qaçdığını görüb tökülüşdülər meydana. Ordan, burdan axır birtəhərnən atı saxlayıb Əhmədi atdan endirdilər. Əsgərlər Əhmədi qucaqlarına alıb gətirib yerinə saldılar. Əhməd heç özünü bilmirdi. Bir neçə saatdan sonra Əhməd özünə gəldi. Padşah Əhmədi yanına çağırtdırıb alnından öpdü, sonra öz tacını çıxardıb onun başına qoydu. Qırx gün, qırx gecə toy eləyib, qızını Əhmədə verdi.
Əhməd oldu məmləkətin padşahı. Hambal Əhməd dönüb oldu Əhməd şah. Padşah da oldu onun vəziri. Hər şey qurtarandan sonra padşah bir gün Əhməddən soruşdu:
– Ay bala, Əhməd, o yel atına minəndə ayaqlarını niyə atın qarnının altından bağlatdırmışdın?
Əhməd bir az fikirləşib cavab verdi:
– Mən and içmişdim ki, şəhid olmayınca atdan düşməyəcəyəm. Bu da iyidliyin bir nişanasıdı.
Qırx gün qırx gecə Əhmədlə qızına toy elədilər, şadyanalıq keçirdilər.
Onlar şad-şalayın ömür sürüb dövran keçirdilər. Sizin də kefiniz kök, damağınız çağ olsun.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo