Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Əmir ilə şah qızı

Bir qoca kişi var idi. Qocanın Əmir adlı bir oğlu vardı. Əmir on beş yaşında idi. Günlərin bir günü qoca evdə arvadı ilə oturmuşdu, dedi:
Arvad, mənim yaşım keçib, bir gün olar, ölüb dünyadan gedərəm.
Oğlum uşaqdır, dolanacağınız pis keçər. Mən evin orta divarında bir sandıq basdırmışam. Sandığın içində bir papaq, bir torba və bir zurna var. Mən öləndən sonra oğlumun əli kasıblığa düşəndə o şeyləri çıxarıb hərdən birini ona verərsən. Fərasəti olsa, o şeylərlə dolana bilərsiniz.

Günlər keçdi qoca naxoşlayıb öldü. Əmir onu el adəti ilə aparıb basdırdı. Aradan bir qədər keçmişdi. Bir gün Əmir şəhərdə bir daş üstə oturmuşdu. O tərəfdən şahın qızı qırx incəbelli xanımla gəlib ordan keçirdi. Əmir qızlara tamaşa eləməyə başladı. Şah qızı bundan acıqlandı.
Qarabaşlara Əmirin əl-qolunu bağlayıb gətirmələrini hökm elədi. Kənizlər oğlanın əlini, qolunu bağlayıb gətirdilər. Şah qızı hökm elədi, qarabaşlar Əmiri özündən gedənə qədər döydülər. Ölümcül halda götürüb bağa atdılar.
Əmir səhərə kimi bağda qaldı. Səhər bağban gəlib onu ayıltdı. Əmir bədəni əzilmiş halda cırıq-cındır paltarda bağbanın köməyi ilə evlərinə qayıtdı.
Anası dedi:
– Oğul, indiyə kimi harda idin? Niyə bu haldasan, sənə nə olub?
Əmir başına gələni anasına söylədi.
Bundan bir neçə gün keçdi. Əmirin güzəranı pis keçirdi. Anasının yadına qocanın vəsiyyəti düşdü, dedi:
– Oğul, dur orta divarı sök, orda atanın saxladığı bir sandıq var, onu çıxart.
Əmir qalxıb orta divarı sökdü, sandığı çıxardıb anasına verdi.
Anası sandığı açdı, içindən torbanı çıxardıb Əmirə verdi, dedi:
– Oğul, bu kisə çox bərəkətli kisədi, götür, get şəhərdə hamballıq elə. Onunla dolanarıq.
Əmir torbanı götürüb şəhərə çıxdı. Birinin xurcununu götürdü. Yiyəsi qabaqca, Əmir dalca gedirdi. Birdən xurcun çiynindən yerə düşdü, içindəki şeylər əzildi. Xurcun yiyəsi Əmiri çoxlu döydü. Əmir ağladı.
Sonra yerə tökülmüş şeyləri xurcuna doldurub yola düşdü. Apardı şey yiyəsinin evinə qoydu. Xurcun yiyəsi Əmirə bir abbası verməli idi. Bir abbası yerinə bir şahı verdi. Əmir bu şahını götürüb torbaya saldı, ordan çörəkçi dükanına gəldi, kisənin ağzını açıb, pulu çörəkçiyə verdi, dedi:
– Çörək ver.
Çörəkçi Əmirə çörək verdi, dedi:
– Pulun xırdasının yarısını verə billəm. Yarısı sonraya qalar.
Əmir məəttəl qaldı. Elə bildi çörəkçi onu ələ salır. Dillənmədi, çörəkçi daxıldakı pulu Əmirin ətəyinə töküb, dedi:
– Qalanını da sabah verərəm apararsan.
Əmir sevindi, anasının yanına qayıtdı, əhvalatı ona söylədi. Anası da bundan sevindi. Sabah yenə Əmir şəhərə çıxdı. Bir neçə adamın şeylərini götürüb evlərinə apardı, qazandığı pulları kisəyə atdı. Sonra gətirib dükanlarda xırdaladı. Çoxlu pul qazandı. Əmir beş-on günün içərisində özünə gözəl ev-eşik düzəltdi.
Günlərin bir günü Əmir şah qızının onu döydüyünü yadına saldı.
Ürəyində dedi ki, bu hayıfı onda qoymaram, gərək şah qızını alam. Əmir şah qızına elçi göndərdi. Şah Əmirin onun qızına elçi göndərdiyinə mat qaldı, vəzirini çağırıb dedi:
– Vəzir, bu Əmir hardan belə dövlətlənib ki, qudurub mənim qızıma elçi göndərib?
Vəzir dedi:
– Şah sağ olsun, bilmirəm bu pulları hardan qazanıb. Ancaq mənim tədbirim budu ki, qızını ona verəsən. Qızın Əmirin bu var-dövləti hardan qazandığını bilib, gələr sirri sənə açar.
Padşah vəzirin tədbirinə razı oldu. Əmirin elçisinə dedi:
– Get, Əmirə söylə ki, padşah deyir bir imarət tikdirsin. O imarət üç mərtəbə olsun. İmarətin bir kərpici qızıl, bir kərpici gümüş, eyvanı da on altı sütunlu olsun. Onda qızımı ona verərəm.
Elçi şahın söylədiklərini gəlib Əmirə dedi:
Əmir qazandığı qızıldan, gümüşdən tökdü, az vaxtda şahın dediyi imarəti başa gətirdi. Qırx gün, qırx gecə toy elədi, şah qızını aldı.
Şah qızı Əmirə köçəndə özü ilə qarabaş paltarında cəllad aparmışdı.
Axşam oldu. Əmir şah qızının yanına gəldi. Şah qızı dedi:
– Oğlan, bizim yerdə adətdir, qıza üz görmək üçün kəmər bağışlayarlar.
Əmir dedi:
– Şah qızı, nə istəyirsən, istə verim.
Şah qızı dedi:
– Mən bu varı, dövləti hardan qazandığını bilmək istəyirəm.
Əmir dedi:
– Şah qızı, gümüş, qızıl, ləl-cavahirat nə istəyirsən istə, verim, ancaq bunu soruşma.
Şah qızı dedi:
– Heç nə istəmirəm. Gərək bu sirri mənə açasan. Əgər sirri açmasan, çıxıb atamın evinə gedəcəyəm.
Əmir şah qızının çıxıb getməsindən qorxub əlacsız qaldı, sirri ona açdı. Bu zaman şah qızı yanınca gətirmiş olduğu cəlladlara hökm elədi, Əmirin qollarını bağlatdı, padşahın yanına apardı. Şah qızı özü atasının yanına gəldi. Kisəni atasına verdi. Əhvalatı ona nağıl elədi.
Şah əmr elədi, Əmirin imarətini, varını-dövlətini əlindən aldı.
Şah kisəni də xəzinəyə qoydurdu. Əmiri isə zindana saldırdı. Əmir qırx gün zindanda qaldı.
Əmir zindanda qalmaqda olsun, sənə zindanbandan danışım. Zindanbanın Əmirə yazığı gəldi, şahdan xəlvət onu açıb buraxdı və şaha onun zindandan qaçdığını söylədi.
Əmir zindandan çıxıb, anasının yanına gəldi. Bir müddət keçdi.
Anası gördü ki, genə günləri pis keçir, bu dəfə sandığı açıb papağı çıxartdı.
Əmirə verdi, dedi:
– Oğul, get qazanc qazan, gətir dolanaq.
Əmir papağı başına qoyub, şəhərə çıxdı. Bir çörəkçi dükanına gəldi, çox acmışdı. Cibində pulu yox idi. Əlini atdı çörəkçinin qabağından bir çörək götürdü. Baxdı ki, çörəkçi heç bir söz demədi. Birini də götürdü, baxdı yenə bir söz demədi, birini də götürdü. Beləliklə, Əmir çörəkçinin bütün çörəklərini götürdü. Bu vaxt çörəkçi ətrafına, baxıb gördü çörəkləri yoxdu. Çörəkçi haray salmağa başladı. Əmir ordan götürüldü. Gəldi bir çəkməçi dükanına girdi. Çəkməçi dükanından bir biz götürdü, gördü o da görmədi. Beləliklə, o, yəqin elədi ki, hər nə var, papaqda var. Əmir ordan çıxıb şahın yanına gəldi. Gördü şah vəzirlə söhbət eləyir. Əmir şaha yanaşıb boynunun dalından bir biz sancdı. Şah “of” deyib, boynunu tutdu, dedi:
– Vəzir, boynuma biz batırdılar.
Bu zaman Əmir vəzirə yanaşıb bir biz də onun boynuna batırdı.
Vəzir də boynunu tutub elə çığırdı ki, az qaldı padşahın qulağı partlasın, dedi:
– Şah sağ olsun, mənim də boynuma biz batırdılar.
Şahla vəzir hər tərəfə baxdılar, heç kimi görmədilər.
Əmir qapıdan çıxıb şah qızının yanına gəldi. Gördü şah qızı vəzir qızı ilə oturub şirin söhbət eləyir. Əmir əvvəl vəzirin qızına yanaşıb onun boynuna bir biz sancdı. Vəzir qızı boynunu tutub dedi:
– Ay aman, boynuma biz sancdılar.
Əmir bu dəfə şah qızına yanaşdı, bir biz də onun boynuna sancdı.
Şah qızı da boynunu tutub qışqırdı:
– Aman, mənim də boynuma biz sancdılar.
Əmir şah qızının yanında idi. Şah qızı Əmirin kölgəsindən diksindi.
Əlini yuxarı atdı. Şah qızının əli Əmirin papağına toxundu. Əmirin papağı başından düşdü. Şah qızı o saat Əmiri tanıdı. Çığırıb dedi:
– Ay aman, bu Əmirdi.
Şah qızının səsinə cəlladlar tökülüb gəldilər. Əmir gördü cəlladlar onu tutacaqlar. Qorxub papağını da orda qoyub qaçdı. Cəlladlar getdilər şaha xəbər apardılar. Şah, vəzir, adamları ilə ora gəldilər. Hər yanı axtardılar bir şey tapa bilmədilər. Şah papağı götürüb dedi:
– Yəqin hər nə var, bu papaqda var. Bizim boynumuza da biz sancan bu papağın yiyəsidi. Axtarın, papağın yiyəsini tapın.
Şah papağı xəzinəyə qoydurdu. Əmiri axtarmağa başladılar.
Əmir çıxıb evlərinə gəldi. Əhvalatı anasına söylədi.
Anası dedi:
– Oğul, atandan axırıncı bir yadigar qalıb ki, o da zurnadı. Verim götür, get qazan, dolanaq.
Əmir zurnanı götürüb çölə tərəf üz qoydu. Getdi bir dərəyə yetişdi.
Gördü bir çoban sürüsünü dərəyə yayıb otarır. Özü də bir daş üstündə oturub zurna çalır. Əmir bunu görüb, zurnanı çalmağa başladı.
Bir ağız çalmışdı ki, birdən yüz min atlı hazır oldu. Atlılar dedilər:
– Ağa, nə buyurursan, buyur, yerinə yetirək. Əmir bundan çox sevindi.
Bildi ki, hər nə var, zurnada var. Üzünü atlılara tutub dedi:
– Gedək, şahın qızını mənə alaq.
Əmir də bir at mindi. Atlıların qabağına düşdü. Atlılarla şahın sarayına hücum elədi. O tərəfdən şaha xəbər verdilər ki, Əmir yüz min atlı ilə üstünə gəlir. Şah, bir neçə adamla vəziri qabağa göndərdi.
Vəzir Əmirin yanına gəldi. Baş əyib dedi:
– Nə istəyirsən, buyur, yerinə yetirək.
Əmir dedi:
– Get şaha söylə ki, qızı da, mənim imarətimi də özümə qaytarsın.
Yoxsa qoşunumu çəkib, onu taxtından salacağam.
Vəzir şahın yanına qayıtdı. Əhvalatı ona nağıl elədi. Şah vəzirdən məsləhət istədi. Vəzir dedi:
– Məsləhət belədi ki, qızını Əmirə ver. Qoy getsin, bu sirri də öyrənsin.
Sonra çarə eləyək.
Şah vəzirin tədbirinə razı oldu. Vəzir Əmirin yanına qayıtdı, dedi:
– Get, şah qızı da içində, imarətinə hazırdı.
Vəzir geri qayıtdı. Əmir zurnanı çaldı qoşun yox oldu.
Əmir imarətə gəldi. Anasını da ora gətirdi. Şah qızı da imarətdə idi. Şah qızı bu dəfə də özü ilə on cəllad gətirmişdi. Axşam oldu. Əmir şah qızı ilə oturub söhbət eləyirdi.
Şah qızı dedi:
– Bizlərdə adətdir ki, oğlan üz görmək üçün qıza kəmər verər.
Əmir dedi:
– Nə istəyirsən, istə verim.
Şah qızı dedi:
– Söylə görüm, o qədər qoşunu hardan tapıb atamın üstünə çəkmişdin?
Əmir dedi:
– Şah qızı, məndən qızıl istə, gümüş istə, verim. 0 sirri aça bilmərəm.
Şah qızı dedi:
– Sirri mənə açmasan, atamın evinə gedəcəyəm.
Əmir şah qızının çıxıb getməsindən qorxub, dedi:
– Şah qızı, qoşunu bu zurna ilə çəkmişdim.
Şah qızı Əmirdən bu sözü eşidib hökm elədi, cəlladlar töküldülər, Əmiri tutdular, qollarını bağladılar. Şah qızı zurnanı Əmirin əlindən aldı, onun özünü də götürüb cəlladlarla atasının yanına gəldi. Əhvalatı ona söylədi. Şah zurnanı aldı, xəzinəyə qoydurdu, yenə Əmirin vardövlətini, imarətini əlindən aldı, özünü də cəlladların qabağına qatıb, bir uzaq cəzirəyə sürgün elədi. Cəlladlar Əmiri aparıb cəzirəyə qoydular, geri qayıtdılar. Əmir cəzirədə gəzirdi. Çox acmışdı. Bir alma ağacına rast gəldi. Gördü ağacın başında qırmızı almalar var. Əmir əlini uzadıb almaların birini üzüb yedi. Əmirin ayaqları göyə qalxdı, başı yerə sancıldı. Əmir bir müddət belə qaldı. Axırda əlləri ilə dirənə-dirənə alma ağacının dibindən bir az o yana getdi. Bir armud ağacı gördü. Yerdən bir armud götürüb yedi. Ayağı üstə durdu.
Əmir bundan çox şad oldu. Bildi ki, hər nə var, almalarda var. Dedi ki, bu almalarla padşahdan hayıfımı çıxaram.
Əmir alma ağacından qırx alma dərdi. Armud ağacından da bir armud dərdi, götürüb yola düşdü. Gəldi şəhərə çatdı, paltarını dəyişdirdi.
Bir alma satan paltarı geyindi, şah qızının imarətinin qabağına gəldi:
– Ay alma alan, ay alma alan! – deyib qışqırdı.
Şah qızı qapıya çıxıb dedi:
– Ay oğlan, satdığın necə almadı?
Əmir dedi:
– Bu elə almadı ki, hər kim yesə on beş yaşında olar.
Şah qızı dedi:
– Burda dur, gedim atama deyim, gəlsin almalardan alsın.
Əmir orda durdu, şah qızı getdi, əhvalatı atasına nağıl elədi. Şah Əmiri yanına çağırtdırdı, dedi:
– Ay alma satan, almalardan birini mənə sat.
Əmir dedi:
– Almalar bir-bir satılmaz, gərək qırxı da birdən satıla, birdən yeyilə.
Şah vəzir-vəkili, qızını, arvadını, hamısını yanına çağırtdırdı.
Şahın başında özü ilə qırx adam oldu. Hamısı əyləşdi. Əmir almaları payladı. Özü də bir yanda durdu, dedi:
– Hamınız birdən yeyin.
Almaları hamı birdən yedi. Onların qırxının da ayaqları göyə qalxdı, başları yerə sancıldı. Əmir alma satan paltarını çıxardıb bir yana atdı, öz əvvəlki paltarında oldu. Üzünü şaha tutub dedi:
– İndi necəsən?
Şah özü, qızı, hamı Əmiri tanıdılar. Ona yalvarmağa başladılar, dedilər:
– Amandı, bizi öldürmə, azad elə.
Əmir dedi:
Ay şah, zurnanı gətir çalım, siz azad olun.
Şah əmr elədi, xəzinədar xəzinədən zurnanı gətirdi, Əmirə verdi. Əmir zurnanı çaldı, yüz min atlı hazır oldu. Əmir atlılara hökm elədi. Şahı, qızını, vəziri, vəkili, onları istəyənləri qılıncdan keçirdilər. Camaat onların zülmündən qurtardı. Göydən üç alma düşdü. Biri söyləyənin, biri nağıla qulaq asanın, biri də qapıdan boylananın.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo