Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Əhmədi çekkaş

Biri vardı, biri yoxdu, keçmiş qərinələrdə Əhmədi Çekkaş adında birisi vardı. Bu hər gün səhər tezdən işinə gedib, günü batıranda evinə gələrdi. Əhmədi Çekkaş bir gün çayçı dükanında oturub, bir dərvişin oxumağına qulaq asırdı. Dərviş oxuyub qurtarandan sonra keçib oturdu Əhmədi Çekkaşın yanında. Əhmədi Çekkaşnan başladılar gələcəkdən-keçəcəkdən danışmağa. Dərviş çox söhbətdən sonra Əhmədi Çekkaşa dedi:
– Gəl bir nərdivan qoyaq, bəlkə qabağımıza kölgəlik çıxsın.

Əhmədi Çekkaş çox ağıllı adamdı. Dərviş belə deyəndə Əhmədi Çekkaş qalxıb dərvişi apardı öz evinə. Dərvişin altına xalça salıb oturtdu evin yuxarı başında. Azdan-çoxdan yeyib-içəndən sonra yıxılıb yatdılar.
Dərviş səhər durdu, namazını qılıb oturdu çay-çörəyə. Çay vaxtı dərviş dedi:
Ey Əhmədi Çekkaş, dərviş gəzərgi olar. Mən çox yerlər gəzirəm, amma sən səxavətdə, sən ağılda adam heç mənə rast olmayıb. Odur ki, səni özümə qardaş götürürəm.
Əhmədi Çekkaş dedi:
– Dərviş, gəl sən məni özünə qardaş götürmə! Bilirəm, sən məni yola verə bilməzsən. Amma qapım həmişə üzüvə açıqdı, hər vaxt gəlib gedə bilərsən.
Dərvişə bu söz çox toxundu, durub ayağa, çıxdı bazara, bina qoydu yol getməyə.
Dərviş bu şəhərdən çıxıb özünü yetirdi başqa şəhərə. Gördü ki, bu şəhərin padşahı ölübdü. Camaat yığılıb təzə padşah tikmək üçün quş uçurdurlar. Quş uçurdan vaxt dövlət quşu gəlib qondu dərvişin başına.
Camaat yerli-yerdən dərvişi özlərinə padşah tikdilər.
Dərviş bir ədalətnən padşahlıq elədi ki, camaat yerbəyerdən onu alqışladılar ki, bəs belə padşah olmaz.
Dərviş bir gün oturmuşdu, birdən qardaşı Əhmədi Çekkaş yadına düşdü. Tez bir kağız yazıb Əhmədi Çekkaşa göndərdi. Qasid kağızı aparıb Əhmədi Çekkaşa verdi. Əhmədi Çekkaş alıban kağızı oxuyub, gördü ki, kağızı yazan dərvişdi, dedi:
– Get, deginən, gələrəm.
Qasid kağızın cavabın dərviş padşaha yetirdi.
Əhmədi Çekkaş qasiddən bir gün sonra öz vilayətindən çıxıb gəldi dərviş padşahın hüzuruna. Dərviş padşaha xəbər getdi ki, Əhmədi Çekkaş gəlibdi. Dərviş padşah durub ayağa, Əhmədi Çekkaşın qabağına çıxdı, dedi:
– Xoş gəlmisən!
Əhmədi Çekkaş çox ağır adamdı. Ədəbnən salam verdi. Dərviş padşah Əhmədi Çekkaşın yanında oturub dedi:
– Əhməd, gəl mənə qardaş ol! Bu varım, dövlətim sənin olsun.
Əhmədi Çekkaş dedi:
– Mənimki sənnən tutmaz.
Padşaha söz acıq gəldi, amma Əhmədi Çekkaşın kefinə dəymədi Beş-on gün Əhmədi Çekkaşı yanında qonaq saxladı. Bir gün Əhmədi Çekkaş dedi:
– Ta mən gedirəm.
Dərviş dedi:
– Əhməd, gəl mənə qardaş ol!
Əhmədi Çekkaşın canı təngə gəlibən dedi:
– Oluram, amma gərək mənə bir ev tikdirəsən ki, arvad-uşağımı gətirəm.
Padşah razı olub əmr verdi ki, Əhmədi Çekkaşın özü bəyənən yerdə ev tiksinlər. Bir ay çəkmədi ki, bina hazır oldu. Padşah Əhmədi Çekkaşdan xəbər aldı:
– Daha nəyin qaldı?
Əhmədi Çekkaş dedi:
– Da ha sağlığın!
Əhmədi Çekkaşın tək bir arvadı vardı. Sov-züriyyəti yoxudu.
Gəlib şəhərlərinə, ev şeylərini satıb-sovub, arvadını aldı yanına. Çıxıban gəldi bu vilayətə. Əhmədi Çekkaş bir neçə müddət dərviş padşahnan bir yerdə yeyib, içib kef çəkdilər.
Bir gün Əhmədi Çekkaşı padşah qonaq çağırdı. Oturub yeyib, içəndən sonra padşah Əhmədi Çekkaşnan bağa gəzməyə çıxdı. Gün batana kimi gəzib, bağ-bağçanı dolanıb, evə gəldilər. Birdən bir nəfər dərviş qapıda peyda oldu. Dərviş dayanıb qapıda pay istədi. Padşah ona iki qara pul atdı.
Əhmədi Çekkaş əl atıb padşahın barmağında olan qiymətli üzüyü dartıb çıxartdı, verdi dərvişə. Dərviş də çıxıb getdi.
Padşah Əhmədi Çekkaşa dedi:
– Səfeh kişinin oğlu, o üzüyün min tümən qiyməti vardı, sən neynədin?
Əhmədi Çekkaş dinmədi, səssizcə çıxıb getdi. Padşah yüyürüb dərvişdən üzüyü aldı. Qayıdıb gələndə gördü ki, Əhmədi Çekkaş yoxdu, çıxıb gedibdi.
Əhmədi Çekkaş gecəni yatıbən, səhər tezdən bir kağız yazdı, göndərdi padşaha. Padşah kağızı açıb oxudu. Gördü Əhmədi Çekkaş yazıbdı ki: “Mən sənə əzəl gündən dedim ki, səninki mənimlə tutmaz.
Sən dedin ki, varım-yoxum sənindir. Amma mən sənin bir üzüyünü götürüb verdim dərvişə, onu dərvişin əlindən aldın. Daha mənimki sənnən tutmaz”.
Padşah baxuban gördü ki, Əhmədi Çekkaş belə yazıb, çox peşman oldu, amma dadı heç bir yana çatmadı.
Al xəbəri Əhmədi Çekkaşdan. Əhmədi Çekkaş bir gün arvadına dedi:
– Arvad, mən gedirəm tilsim dərsini oxuyub gələm.
Arvad dedi:
– Ay başıva daş, sən bu yaşında tilsim dərsini neyniyirsən?
Əhmədi Çekkaş acıqlanuban arvadına dedi:
– Tez mənə yol tədarükü gör, yoxsa qol-qabırğanı əzərəm.
Arvad qorxub ərinə tədarük gördü. Əhmədi Çekkaş götürübən xurcunu düzəldi yola. O şəhər sənin, bu şəhər mənim, gəlib çıxdı Hindustan vilayətinə, qoca bir tilsimçinin yanına. Bu qoca tilsimçiyə şəyird durub, dərs aldı. Çox çəkmədi ki, Əhmədi Çekkaş elə bir tilsimçi oldu ki, ustadınnan da artıq. Minib gəmiyə gəldi öz vilayətinə.
Arvad çıxıban kişinin qabağına dedi:
– Ay kişi, gəldin?
Kişi dedi:
– Bəli, gəldim! Arvad, ta bu otaqların biri mənim, biri sənindi.
Əhmədi Çekkaş otaqların birini alıb özünə düzəltdi, sonra bir tilsim oxuyub, padşahın xəzinəsinin yarısını çəkib yığdı evinə, başladı fəqir-füqəraya paylamağa. Padşaha xəbər getdi ki, xəzinənin yarısı yoxdu. Adam saldı şəhərə, amma xəzinənin oğrusunu tapa bilmədilər.
Əhmədi Çekkaş durub bir gecə çıxdı bazara. Gördü ki, dükan, bazar bağlıdı, amma burda bir halvaçı dükanı var, bu dükandan işıq gəlir. Əhmədi Çekkaş dükanın qapısının arasından baxıb gördü ki, burda bir oğlan var ki, gözəllikdə Yusif. Bu oğlan qabağına bir kasa qoydu, bir də şam yandırdı, başladı ağlamağa. O qədər ağladı ki, kasa gözünün yaşıynan doldu. Durub yatan macalda Əhmədi Çekkaş qapını döydü. Oğlan qapını açdı. Əhmədi Çekkaş dedi:
– Allah qonağıyam.
Oğlan dedi:
– Allaha da qurban, qonağına da.
Əhmədi Çekkaş keçib oturdu, xəbər aldı:
– Ey oğlan, adın nədi?
Oğlan dedi:
– Adıma Məmməd deyərlər.
Əhmədi Çekkaş dedi:
– Ey Məmməd, mən gedirəm, amma səndən bir sualım var.
Məmməd dedi:
– İkisini xəbər al!
Əhmədi Çekkaş dedi:
– Xəbər alıram səndən, sən niyə ağlayıban o kasanı gözüvün yaşıynan doldurdun?
Məmməd dedi:
– Gəl məndən bu sirri xəbər alma! Mənim dərdimə əlac eləyə bilməzsən.
Əhmədi Çekkaş dedi:
– Məmməd, mən sənə nə kömək istəsən, elərəm. Gəl de görüm sən niyə ağlayırdın?
Məmməd dedi:
– İndi ki, məni qısnamısan, qulaq as, deyim.
Mən bu gecə yuxuda Hindustan padşahının qızını gördüm. O qızın dərdinnən ağlayıram. Amma qızın mənə meyli yoxdu. Bir də mən kasıb bir kişinin oğluyam, o qızı mənə verməzlər. Qorxuram ki, bu dərd məni məzara apara.
Əhmədi Çekkaş dedi:
– Ey oğlan, qorxma. Yarım saatdan sonra qız sənin yanında olar.
Əhmədi Çekkaş durub gəldi evə. Çağırıb əcinnələri əmr elədi:
– Gedin, Hindustan padşahının qızı Pəri xanımı gətirin bura, öz yorğan-döşəyinnən. Filan yerdə Məmməd adında bir oğlana tapşırın, amma səhər, sübh namazından qabaq aparıb qoyarsınız öz otağına.
Cin-əcinnələr qalxuban ərşə, göz açıb yumunca özlərini yetirdilər Hindustana. Pəri xanımı yatmış götürüb, gəldilər qoydular Məmmədin yanına, çıxıb getdilər.
Məmməd ayılıb gördü ki, Hindustan padşahının qızı Pəri xanım yanındadı. Məmmədi xof götürdü. Pəri xanım da ayılıban gördü ki, öz otağında deyil. Yanında da bir oğlan var, dedi:
– Yəqin yuxu görürəm.
Gördü ki, yox, bu yuxu deyil. Oğlan bunun gözünə xoş gəldi, gecəni Eyş-işrətlə məşğul olub yorulandan sonra yıxılıban yatdılar.
Əcinnələr Pəri xanımı götürüb səhərnən aparıb qoydular öz otağına. Pəri xanım açıb gözlərini gördü ki, öz otağındadı. Eləliknən doqquz ay tamam oldu. Pəri xanımın ata-anası qızlarından xəbər aldılar:
– Ay qız, sən ərə getməmisən, bu dörd divar arasında necə hamilə olmusan?
Pəri xanım utanıb başını aşağı saluban, ağlamağa başlayıb dedi:
– Ata, düz doqquz aydır ki, gecəyarı məni gögnən əcinnələr bir vilayətə aparırlar. Orda aparıb salırlar Məmməd adında bir oğlanın yanına, çıxıban gəlirlər. Səhər olan kimi məni gətirib qoyurlar öz otağıma.
Padşah dedi:
– Bu gecə aparsalar, sən o şəhərin adını, oğlanın adını xəbər al, gəl de mənə.
Pəri xanım öz otağına keçdi. Padşah gecəni yatmayıban, durdu qarovula.
Gecə yarıdan keçən kimi, əcinnələr gəlib Pəri xanımı aparanda padşah gözüynən gördü, ta ürəgi rahat oldu.
Pəri xanım kef-damaq vaxtında Məmməddən xəbər aldı:
– Bu şəhərin adı nədir?
Məmməd dedi:
– Bu şəhərin adı İsfahandır.
Pəri xanım xəbər aldı:
– Bəs sən necə eləyirsən ki, məni bura hər gecə gətirirsən?
Məmməd dedi:
– İsfahanda bir cindar Əhmədi Çekkaş var, səni bura gətirən odur.
Pəri xanım Məmmədin bütün dediklərini yazdı dəftərə, başladılar kefə. Gözlərinə yuxu gedən kimi Pəri xanımı əcinnələr gətirib gəldilər Hindustana.
Səhər Pəri xanım durub gəldi atasının yanına. Məmməd necə danışmışdı, ixtilat elədi atasına.
Hindustan padşahı çox nəhəng padşahdı. İsfahan padşahına bir kağız yazdı ki, sənin şəhərində Əhmədi Çekkaş adında bir cindar mənim qızımı hər gecə oğurluyuban Məmməd adında bir gedənin qucağına salır. Həmin adamı tutub mənim hüzuruma gətirməsən, davamız davadır.
Xəbəri sənə kimdən verim, Əhmədi Çekkaşdan və İsfahan padşahından.
Bunlar qabaqcadan dostdular, küsülü olandan sonra oldular düşmən. Padşah hər gecə Əhmədi Çekkaşın üstə qoşun göndərirdi ki, öldürsünlər, gələn qoşunun Əhmədi Çekkaşa gücü çatmırdı. Əhmədi Çekkaş tilsimnən qoşunu dala qaytarırdı.
Padşah Hindustan padşahının kağızını alan kimi, Məmmədi tutub saldı dustağa. Beş gün Hindustan padşahından möhlət istədi ki, Əhmədi Çekkaşı da tutub göndərsin.
Dünyada iki cür qarı var. Biri imanlı, biri imansız. Bir imansız qarı eşitdi ki, Əhmədi Çekkaşı hər kəs tutsa, şah ona xələt verəcək. Duruban gəldi padşahın yanına dedi:
– Mənə iki gün möhlət ver, Əhmədi Çekkaşı tutub sənin yanına qolubağlı gətirim.
Padşah razı oldu. Qarını saldı işə. Qarı durub gəldi, Əhmədi Çekkaşın arvadına dedi:
– Allah qonağıyam!
Əhmədi Çekkaşın arvadı qarını evində bir gün, bir gecə saxladı.
Bir dəfə qarı Əhmədi Çekkaşın arvadına dedi:
– Sənin kişin bu qədər güclüdür, gəlsənə onnan xəbər alasan ki, onun bu gücünə, bu elminə nə bata bilər?
Əhmədi Çekkaşın arvadı sözü yadında saxlayıb, gecə yatmaq məqamında ərindən soruşdu:
– A kişi, bu qədər ki, sənin gücün var, padşah səni tuta bilmir, o nədəndi? Mən qorxuram ki, bu qədər padşahı incidirsən, səni bir kərəm tutalar.
Əhmədi Çekkaş dedi:
– Qorxma, mənə yüz min padşah bata bilməz, amma murdar olmayam.
Arvad bunu yadında saxladı. Səhər durub qarıya ixtilat elədi.
Qarı qaş qaralan kimi Əhmədi Çekkaşın yorğan-döşəyini də, arvadını da murdarladı, bu tərəfdən də padşaha xəbər göndərdi ki, Əhmədi Çekkaşı tutmuşam, adam göndərsin.
Gecə qarı su qablarının hamısın bayıra çıxartdı. Əhmədi Çekkaş arvadıynan yatan macalda padşahın qoşunu gəlib çatdı Əhmədi Çekkaşın qapısına. Bir vaxt Əhmədi Çekkaş ayılıb gördü ki, qoşun hər tərəfi alıbdır. Əhmədi Çekkaş tilsim oxudu, gördü ki, murdarlanıb, əl atdı qablara su götürə, pak ola, gördü qablarda su yoxdu. Çığırıb dedi:
– Arvad, mənə su ver!
Arvad tərpənincə qoşun Əhmədi Çekkaşın əl-qolun bağlayıb apardı padşahın hüzuruna. Padşah Əhmədi Çekkaşnan Məmmədi qoyub gəmiyə Hindustana göndərdi. Bu tərəfdən də qarıya xələt verib razı saldı.
Əhmədi Çekkaş dəryanın üzüynən gəmidə gedirdi. Gəmiçini tutub ixtilata, birdən özünü atıb dəryaya pak oldu. O saat əcinnələr Əhmədi Çekkaşı dəryadan götürüb gəldilər İsfahana.
Əhmədi Çekkaş əmr elədi, əcinnələr Məmmədi də götürüb gəldilər onun yanına. Sonra Əhməd padşah üçün xəbər göndərdi ki: gəlmişəm, gərək sənin atovu yandıram.
Bir tilsim oxuyub padşahı verdi əcinnələrin əlinə. Əcinnələr padşahı yeddi tikə eləyib atdılar yeddi dağın ətəyinə. Məmmədi həmin padşahın yerində padşah tikibən Hindustan padşahının qızını götürüb gəldi. Təzədən toy elədi qızı Məmmədə aldı. Onlar yeyib, içib, yerə keçdilər, siz də burda var olun.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo