Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Padşah oğlu

Biri var idi, biri yox idi, bir padşah var idi. Onun da qırx arvadı var idi. Bu arvadların Heç birindən padşahın övladı olmurdu. Bir gün padşah qəm dəryasına batmışdı, övlad fikri edirdi. Bu zaman bir dərviş peyda olub dedi:
– Qibleyi-aləm, niyə fikir edirsən? Dərdin nədi?

Padşah dedi:
– Ağa dərviş, niyə fikir eləməyim ki, saqqalıma dən düşüb. Bir övladım yoxdu ki, məndən sonra taxt-tacıma sahib olsun.
Dərviş dedi:
– Padşah qonşuluqda olan əkinçinin qızından Allah sənə övlad əta elər. Əkinçinin qızını al!
Padşah dedi:
– Ağa dərviş, qırx arvadımdan heç uşaq olmur, ondan olacaq?
Məndən Allah üz döndərib.
Dərviş ona bir alma verib dedi:
– Al bu almanı, əkinçi qızını gətirən gecə yarısını sən yeyərsən, yarısını da arvadın yeyər. Sizdən bir övlad olacaq.
Dərviş sözünü tamam eləyib qeyb oldu.
Padşah o gecəni sabah elədi, səhər əkinçi qızı üçün elçi göndərib onu aldı. Qırx gün, qırx gecə toy elədi. Əkinçi qızını hərəmxanaya aparan gecəsi dərviş verdiyi almanı ikiyə böldü, yarısını özü yedi, yarısını da əkinçi qızına verdi.
Bir müddət sonra əkinçi qızının boynuna uşaq düşdü. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyədən sonra əkinçi qızı bari-həmlini yerə qoyub bir oğlan doğdu.
Padşahın baş hərəmi dedi:
– Bu olan iş deyil ki, biz doğmayaq, əkinçi qızı doğsun. Gərək onun başın batıraq.
Baş hərəm mamanı çağırıb dedi:
– Əgər uşağı oğurlayıb, yerinə it küçüyü qoysan, səni dünya malından qəni edərəm.
Üstəlik qızıl boyunbağını da ona verdi. Mama əkinçi qızının uşağını oğurlayıb, dəyirmançının arvadına verdi, əkinçi qızının da yanına bir it küçüyü qoydu.
Padşaha xəbər getdi ki, arvadın bir küçük doğub. Padşah o saat əmr elədi, əkinçi qızını uzaq bir ölkəyə sürgün elədilər.
Nağıl dili yüyürək olar. Uşaq böyüyüb səkkiz yaşa çatdı. Dəyirman çı onu molla yanına oxumağa qoydu. Oğlanın adı Məhəmməd idi.
Özü də elə gözəldi ki, küçədən keçəndə bütün qızların ağızlarının suyu axırdı. Bir gün padşah seyrə çıxmışdı. Gördü ki, bir uşaq gedir, elə gözəldi ki, adam gözünü çəkmək istəmir, soruşdu:
– Bu uşaq kimindi?
Dedilər:
– Dəyirmançının oğludu.
Padşah həsrət çəkib dedi:
– Bəs rəvadırmı, dəyirmançının belə ay parçası kimi oğlu ola, sənin olmaya.
Padşah hərəmxanaya gəlib, dəyirmançı oğlundan baş hərəminə danışdı. Baş hərəm barmağını dişləyib, öz-özünə dedi:
– Ey dili-qafil, nə qayırırsan? Oğlanı öldürmək lazımdı. Bu əvvəl, axır sənin başına əngəl olacaq.
Baş hərəm axtarıb bir qarı tapdı, onun ətəyinə bir neçə ovuc qızıl töküb dedi:
– Dəyirmançının oğlunu elə yerə göndərərsən ki, gedər ölər, orda qalar.
Qarı dedi:
– Mən elə belə işlərin ustasıyam. Onu elə yerə göndərim ki, devlərə yem olsun.
Qarı bir ətək kişmiş götürüb gəldi Məhəmmədin yolunun üstündə oturdu. Məhəmməd dərsdən qayıdırdı, gördü yolda bir qarı oturub.
Ondan soruşdu:
– Qarı nənə, niyə burda oturmusan?
Qarı dedi:
– Qadan alım, yorulmuşam. Al sənə kişmiş verim. Bala, sənin adın Məhəmməd deyil?
Məhəmməd dedi:
– Bəli, Məhəmməddi.
Qarı dedi:
– Qadan alım, Məhəmməd, bil və agah ol, sən dəyirmançının oğlu deyilsən. Sənin atan yetmiş beş ağaclıqda bir dağda olur. Onlar gecəynən burdan keçirdilər, sən yaddan çıxıb qaldın. Dəyirmançı götürüb saxladı.
Məhəmməd bu sözü eşidən kimi düz evə gəlib anasına dedi:
– Ana, mənim dədəm kimdi? Mən kimin oğluyam?
Anası dedi:
– Oğul, sən mənim oğlumsan, atan da dəyirmançıdı.
Məhəmməd dedi:
– Bir qarı mənə dedi ki, sən köçdən qalmısan, atan-anan da dağda olur. Mən ora gedəcəyəm.
Arvad nə qədər dedisə, Məhəmməd inanmadı. Məhəmməd gecə ata-anasını yuxuya verib evdən çıxdı, getməyin binasını qoydu. Gedib bir dağa qalxdı, gördü uzaqdan bir tüstü gəlir. Düz tüstünün yanına getdi. Gördü bir dev anası əmcəklərini çiynindən aşırıb yeddi qazan xörək bişirir. Qarı onu görən kimi dedi:
– Səni filan qarımı göndərdi?
Məhəmməd dedi:
– Bəli, nənə, mənim ata-anamın yerini mənə söylə!
Dev gülüb dedi:
– Ey oğlan, qarı səni mənə kabablıq göndərib. Amma baxıram yaxşı oğlansan, istəyirəm səni özümə oğul eliyəm.
Bu zaman bərk gurultu, nərilti səsi gəldi. Oğlan soruşdu:
– Ana, bu nə gurultu, bu nə nəriltidi?
Dev anası dedi:
– Oğlanlarım gəlir, səni yeyəcəklər. Tez gəl, sandığa gir.
Dev anası Məhəmmədi sandığa qoyub gizlətdi. Oğlanları gəlib dedilər:
– Adam-madam iyisi gəlir, yağlı badam iyisi gəlir. Ana, burda bəni-adam var, tez yerini bizə söylə!
Anaları dedi:
– Ay oğlanlarım, bəni-adam zad yoxdu, yəqin burnunuz iy çəkir.
Oğlanları ondan əl çəkmədi. Anaları dedi:
– Mənim südümə and için ki, heç zad eləməyəcəyik, adamı çıxardım, əhvalatı da sizə söyləyim.
Devlər dedilər:
– Ana, sənin südün haqqı ona bir şey eləməyəcəyik. Bir şey eləsək, südün bizə haram olsun.
Devlərin anası dedi:
– Atanız öləndən sonra mən sizdən xəlvət bir bəni-insana ərə getdim. Ondan bir uşaq oldu. Uşaq uzaq yerdəydi, indi gəlib çıxıb.
Arvad durub sandıqdan Məhəmmədi çıxardıb, oğlanlarının yanına gətirdi.
Devlər yerdən qalxıb, Məhəmmədi duz kimi yaladılar. Ona qardaş – deyib özlərindən bir dəqiqə də kənara qoymadılar. Bəli, Məhəmməd də bunlara qoşuldu. Az zaman içində bu elə qüvvətli pəhləvan oldu ki, kimin meydanına girsəydi, zəhri yarılardı. Məhəmməd dev qardaşlarını da götürüb həmin ölkənin padşahıynan davaya başladı. Yeddi gün, yeddi gecə dava eləyib, padşahın bütün pəhləvanlarını qılıncdan keçirtdi, özünü də taxtdan saldı. Onun xəzinələrini daşıyıb, böyük imarətlər tikdirdi.
Bəli, bir müddət belə gəldi keçdi, Məhəmmədin adı hər yerə yayıldı. Onun tərifini padşahın baş hərəmi də eşitdi. Padşahın baş hərəmi qarını çağırıb dedi:
– Evin yıxılsın, sən onu göndərdin ki, ölüb başımızdan rədd olsun.
Amma tay da möhkəmlənib, qüvvətli pəhləvan olub. Tez bir çarə...
Onu elə yerə göndər ki, getsin, gəlməsin.
Qarı dedi:
– Qorxma, mən onu göndərəcəyəm Kəlləgözün əlindəki şamdanı gətirməyə. Getsin Kəlləgözün əlində ölsün.
Xanım ona çoxlu qızıl verdi. Qarı yola düşüb, düz Məhəmməd olan imarətə gəlib dedi:
– Çox gözəl imarət tikdirmisən. Allah sağlığına qismət eləsin!
Ancaq Kəlləgözün əlində olan şamdan bu evə yaraşar.
Məhəmməd bu sözü eşidən kimi düz ana devin yanına gəlib dedi:
– Ana, bu evin qızıl şamdanı əskikdi. Mən şamdan gətirməyə gedəcəyəm.
Dev dedi:
– Məhəmməd, o şamdan Kəlləgözun əlindədi. Kəlləgöz də yaman qüvvətli sehrkardı. Dünyada olan pəhləvanlar o şamdan üçün gedib, amma heç biri Kəlləgöznən bacarmayıblar. Gəl daşı ətəyindən tök, getmə.
Məhəmməd dedi:
– Yox, üz vurma, gedəcəyəm.
Dev dedi:
– İndi ki, gedirsən, sözümə qulaq as! Mən sənə yel atını verəcəyəm, minib gedərsən. Kəlləgöz bir hasarın içində olur, o hasarın yanına gedərsən. Orda bir qəbiristanlıq var, atı üç dəfə o qəbiristanlığın başına hərləyib, hasardan sıçradarsan. Hasarın içində gözünə nə dəysə, hamısına salam verərsən. Əgər bir şeyə salam verməsən, o səs eləyəcək, Kəlləgöz oyanıb səni öldürəcək. Elə ki hamısına salam verdin, yavaşca gedib, Kəlləgözün əlindən qızıl şamdanı alıb ata minərsən. Məhəmməd devin dediklərini yadında saxladı. Dev tükünü bir-birinə tutdu, o saat yel atı hazır oldu. Məhəmməd ata minib, düz Kəlləgözün hasarının yanına gəldi, atı üç dəfə qəbiristanlığın başına hərləyib hasardan sıçratdı. Məhəmməd hər nə gördü, hamısına salam verdi.
Ancaq yadından çıxdı, bir aftafaya salam vermədi. Aftafa bərkdən səsləndi. Kəlləgöz yuxudan oyanıb, Məhəmmədin üstünə həmlə elədi. Məhəmməd ona aman verməyib, gözündən bir ox vurdu, Kəlləgözü cəhənnəmə vasil elədi. Şamdanı götürüb, düz imarətinə gəldi. Şamdan nə şamdan, hər rəngi şəfəq çalırdı, otağı min bir rəngə salırdı. Bəli, Məhəmmədin qızıl şamdanı gətirməyi, Kəlləgözü öldürməyi xəbərini baş hərəm də eşitdi. Onun canına ud düşdü, az qaldı hirsindən çatlasın. Qarını çağırıb dedi:
– A qarı nənə, çarə!.. Məhəmməd Kəlləgözü öldürüb, şamdanı da gətirib!
Qarı dedi:
– Qorxma, onu göndərəcəyəm tilsimlər ölkəsinin padşahının qızı Gülzar xanımı gətirməyə, Onu gətirməyə gedən daş olub, orda qalır.
Xanım ona bir ovuc qızıl verdi, qarının gözləri döndü oğurluqla süd əmmiş yetim çəpişin gözlərinə. Tumanını çəkə-çəkə, burnunu silə-silə özünü saldı Məhəmmədin imarətinə, dedi:
– Bəh, bəh, bəh, əhsən!.. Nə gözəl şamdandı. İndi bunun bircə Gülzar xanımı əskikdi ki, yeriyəndə yerə naz eləyə deyə: “ey yer, fəxr elə ki, sənə qədəm, basıram”.
Məhəmməd dedi:
– Gülzar xanım kimdi?
Qarı dedi:
– Gedib gətirərsən, görərsən kimdi.
Məhəmməd dev anasının yanına gəlib dedi:
– Mən Gülzar xanımı gətirməyə gedəcəyəm.
Dev dedi:
– Oğul, bu daşı ətəyinnən tök! Gülzar xanım tilsimlər ölkəsinin padşahının qızıdı. Özü də təpədən dırnağa kimi tilsimlidi. Həm də şərt qoyub ki, kimin səsi üç dəfə mənim qulağıma gəlsə, ona ərə gedəcəyəm.
Hər kəs də gedib onu çağırırsa, daş olub orda qalır. Min sənin kimi igidlər ona aşiq olub gedib, amma daş olub, orda qalıb.
Məhəmməd dedi:
– Ana, üz vurma, gedəcəyəm.
Dev anası ona yolların təhər-tühürün öyrətdi. Məhəmməd yel atına minib düz tilsimlər padşahının ölkəsinə getdi. hər rəng çalan bağa girib bir dəfə Gülzar xanımı çağırdı, dizə qədər daş olub yerində qaldı. İkinci dəfə çağıranda qurşağa qədər daş oldu. Öz-özünə dedi ki: “yox olsun o can ki, Gülzar kimi gözəl yolunda ölümündən qorxacaq”.
Özünə ürək-dirək verib üçüncü dəfə çağırdı. O saat boğaza qədər daş oldu. Gülzar xanım dedi:
– Baxım görüm, bu nə cür oğlandı ki, nə qədər daş oldusa da, geri qayıtmadı.
Başını qaldırıb gördü nə, elə gözəl oğlandı ki, adam gözünü ondan kəsmək istəmir. Bığ yeri bənövşə kimi yenicə baş qaldırıb. Gülzar xanım bir könüldən min könülə Məhəmmədə aşiq olub, tilsimdən qurtardı, öz mənzilinə aparıb dedi:
– Oğlan, bura niyə gəlmisən?
Məhəmməd dedi:
– Səndən ötrü gəlmişəm.
Gülzar xanım dedi:
– Oğlan, səni həmişə tilsimdə çürüdərəm.
Məhəmməd dedi:
– Öldü var, döndü yoxdu. Göz gördü, könül sevdi.
Gülzar xanım dedi:
– Sən ki, belə qorxmaz oğulsan, səni öldürmürəm. Mən də sənə aşiq olmuşam.
Bəli, onlar sarmaşıq kimi bir-birinin boynuna sarılıb, bir müddət burda kefdə oldular. Sonra Məhəmməd onu da götürüb, öz vilayətinə gəldi.
Bir gün Gülzar xanım Məhəmmədə dedi:
– Padşahı bütün adamlarıynan qonaq çağır.
Məhəmməd padşahı bütün dəstəsi ilə evinə qonaq çağırdı. Gülzar xanım əlini tərpədən kimi qeybdən bir məclis düzəldi ki, hamının ağzı açıla qaldı. Padşah Gülzar xanımı görən kimi ona aşiq oldu, oğlanı öldürmək fikrinə düşdü.
Səhəri padşah Məhəmmədi qonaq çağırdı. Gülzar xanım dedi:
– Məhəmməd, padşah sənin xörəyinə zəhər qatacaq. Xörəyi yeyəndə gördün zəhər var, tez qaç gəl!
Məhəmməd padşahın qonaqlığına gəlib, məclisdə əyləşdi. Padşahın əmriynən onun xörəyinə zəhər qatdılar. Məhəmməd bir tikə yeyən kimi gördü, xörəkdə zəhər var. Yerindən durub evə qaçdı. Gülzar xanım əlini onun canına çəkdi, zəhər tamam çıxıb kənara töküldü.
Padşah elə bildi ki, Məhəmməd öləcək. Səhər gördü Məhəmmədə zəhər kar eləməyib. Vəziri yanına çağırıb dedi:
– Vəzir, tədbir!..
Vəzir dedi:
– Qibleyi-aləm, oğlanı bir də qonaq çağır.
Bəli, padşah Məhəmmədi bir də qonaq çağırdı. Məhəmməd gəldi, xörəkdən qabaq əlini yumağa çıxdı. Əlini yuyub qayıtmaq istəyəndə, baş hərəm bərkdən çığırıb dedi:
– Ay haray, gəlin, bu oğlan mənə sataşdı.
Padşah hökm elədi, Məhəmmədi dar ağacının dibinə çəkdilər.
Cəllad onun boynunu vurhavurda, Gülzar xanım özün yetirib dedi:
– Padşah, izn ver, bir neçə söz deyim, sonra onun boynunu vurdur.
Padşah dedi:
– Buyur.
Gülzar xanım dedi:
– Padşah, dəyirmançını, mamanı, baş hərəmi bura çağır.
Padşah əmr elədi, dəyirmançını, mamanı və baş hərəmi gətirdilər.
Gülzar xanım dedi:
– Padşah sağ olsun, dara çəkdirdiyin sənin öz oğlundur. Bu oğlan əkinçi qızından olanda, baş hərəm mamaya çoxlu pul verib, sənin arvadının yanına bir it küçüyü qoydurdu. Dəyirmançıynan qarı desin, doğrudurmu?
Dəyirmançıynan qarı təsdiq elədilər. Padşah oğlunun gözlərindən öpdü, mamaynan baş hərəmi dəli qatırın quyruğuna bağlayıb yalyamaca buraxdı. Dəyirmançını da barigaha gətirdi. Sonra Gülzarnan Məhəmmədə qırx gün, qırx gecə toy elədi, ölüncə şad yaşadılar.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo