Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Quş dili bilən İsgəndər

Biri vardı, biri yoxdu, Allah vardı, şəriki yoxdu. Bir naxırçı, bircə də oğlu vardı ki, adına İsgəndər deyərdilər. Naxırçının arvadı öldü, bir ayrı arvad gətirdi. Bu zaman İsgəndər altı yaşındaydı, amma çox ağıllı, fərasətli bir oğlandı. İsgəndər hər bir quşun dilini bilirdi, dedikcə də göyçək, padşahyana bir uşaqdı. Bunların evlərinin qabağında bir bağçaları vardı. Bir gün ögey ana həmən bağçada qazan asıb paltar yuyurdu. İsgəndər çör-çöp yığıb ocağa qoyur, analığına kömək eləyirdi. İsgəndər baxıb gördü ki, bir bülbül oxuyur, ayrı bir bülbül də deyir:
– Ay bülbül, bir vaxt gələcək, İsgəndər bu şəhərin padşahı olacaq, bu bağçaya qonaq gələcək, həmən bu analığı onun qabağına xörək gətirəcək.

İsgəndər güldü. Arvadın bunun gülməsinə acığı tutdu, ocaqdan bir kösöv götürdü. İsgəndəri vurub dedi:
– Nəyə gülürsən? Koram, şiləm, keçələm? Yaxşı, nəyimə gülürsən?
İsgəndər dedi:
– Ay ana, vallah, sənə gülmürəm. O bülbül oxuyub deyir ki, İsgəndər bir vaxt bu şəhərin padşahı olacaq, bu bağçalarına qonaq gələcək, analığı da bunun qabağına xörək gətirəcək. Mən də ona gülürəm.
Arvad təzədən başladı onu döyməyə, dedi:
– Sən nəsən ki, şəhərə padşah olasan, mən da sənə xörək gətirəm.
Gör sənin başına nə gətirəcəyəm.
Axşam kişi naxırdan gəldi.
Arvad dedi:
– Bax, sənə deyirəm, İsgəndəri bu gecə öldür, ya da bu torpaqdan rədd elə. Elədin, elədin, eləmədin səndə oturmayacağam.
Kişi nə qədər minnət, sünnət elədi, arvad razı olmadı. Əlacı kəsilib İsgəndərə dedi:
– Bala, dur gedək.
Kişi İsgəndəri götürüb gəldi. Bazardan bir sandıq da alıb dedi:
– Bala, arvad deyir ki, gərək İsgəndəri öldürəsən, mən səni öldürməyib suya atacağam. Allah kərimdi, gəl gedək. Heç fikir eləmə.
İsgəndər dedi:
– Ata, indi ki, məni suya atırsan, bir müşəmbə götür, sandığın ağzını müşəmbələ. Qoy sandığın içinə su dolmasın.
Kişi bir müşəmbə götürdü. Gəldilər bir dəryanın kənarına. İsgəndəri qoydu sandığa, ağzını müşəmbə ilə bağladı, ağlaya-ağlaya dəryaya saldı.
Dərya sandığı ora-bura vura-vura o vilayətdən çıxartdı. İsgəndəri su ayrı bir padşahın vilayətinə gətirdi. Burda bir torçu tor atırdı, gördü bir sandıq gəlir. Toru atdı, sandığı dəryadan çıxarıb dedi:
– Yaxşı oldu, görən hansı sövdəgərin malıdı.
Bu kişinin övladı yoxuydu, elə bir özü idi, bir də arvadı. Sandığı açıb gördü sandıqda elə bir oğlan uşağı var ki, üzünə baxanda göz qamaşır.
Uşağı durğuzub soruşdu:
– Bala, adın nədi?
İsgəndər dedi:
– Adım İsgəndərdi.
Kişi dedi:
– Allah səni mənə yaxşı yetirib, övladım yox idi.
Kişi İsgəndəri sevinə-sevinə evə gətirib dedi:
– Arvad, Allah bizə bir yaxşı oğul yetirib.
Hər üçü sevindi; arvadla kişi sevindi ki, oğlanları oldu, İsgəndər də sevindi ki, dəryadan sağ-salamat qurtardı.
Kişi gedib bazardan bir dəst padşahyana libas aldı, gətirib İsgəndəri geyindirdi, mollanı çağırıb tapşırdı ki, bu mənim oğlumdu, buna yaxşı dərs verərsən.
Molla başladı ona dərs verməyə. Gördü ki, bu uşaq elə fərasətli, elə zehinlidi ki, dediyini əlbəəl götürür.
Bu məktəbdə bir Yəhya adlı uşaq vardı. İsgəndər içəri girəndə deyərdilər Yəhyadı, Yəhya girəndə deyərdilər İsgəndərdi. Bunlar o qədər bir-birinə oxşayırdı ki, biri o birindən seçilmirdi. Bunlar siğə oxutdurub, qardaş oldular. Onların arasındakı dostluq elə böyük idi ki, bir-birini gec görəndə az qalırdılar dəli olsunlar.
Bir gün İsgəndər məktəbdən çıxanda padşahın vəziri onu gördü. Yan alıb bir az danışdırdı, gördü ki, bu çox ağıllı, mərifətli bir uşaqdı. Vəzir də İsgəndərlə siğə oxudub qardaşlıq oldu. İsgəndəri götürüb evinə apardı. Onlar xörəkdən-zaddan yedilər. İsgəndər evlərinə qayıtdı.
Axşam oldu, İsgəndər balıqçıya dedi:
– Ata, sabah mənim baxtıma bir tor at, nə düşsə aparacağam vəzir qardaşıma.
Bu kişi İsgəndəri çox istəyirdi. Səhər açıldı, kişi toru götürüb, dəryaya getdi. Toru atdı, gördü tor çox ağırdı. Çəkib gördü ki, toruna düşən bir qızıl balıqdı. Kişi öz-özünə dedi: “bizim ata-babalarımız deyərdilər ki, bu dəryada qızıl balıq olmaz. Gör İsgəndər nə qədər xoşbaxtdı ki, baxtına qızıl balıq çıxdı”.
Kişi balığı da götürüb sevinə-sevinə evlərinə gəldi. Arvad bu balığı yarıb təmizlədi, xonçaya qoydu.
İsgəndər məktəbdən qayıdıb dedi:
– Ata, balığı neylədin?
Atası dedi:
– Bala, sən çox xoşbaxt adamsan. Mən yaşımdan bəri o dəryada qızıl balıq olduğunu eşidib, görməmişdim. Ata-babamız da deyərdi ki, bu dəryada qızıl balıq olmaz.
Səhər cümə günü idi. İsgəndərin dərsi yoxdu. O, bu xonçanı da götürüb vəzirə apardı. Vəzir baxıb gördü ki, bu bir qızıl balıqdı, dedi:
– İsgəndər, bu necə işdi? Heç mən yaşımdan bəri bu dəryada qızıl balıq olduğunu eşitməmişdim.
Xörəyi yedilər, içdilər. Vəzir həmən xonçanı qızılla doldurdu, İsgəndər götürüb evlərinə getdi.
İsgəndər hər cümə axşamı atasına tapşırardı ki, “ata, sabah mənim dərsim yoxdu, bu gün də toru mənim baxtıma at. Səhər vəzirə aparacağam”.
Toru da hər dəfə atanda bir qızıl balıq düşərdi. İsgəndər balığı xonçada vəzirə gətirərdi, hər dəfə vəzir onun xonçasını qızılla doldurardı, İsgəndər də qızılı götürüb atasına verərdi. Balıqçı bu qızıllarla özünə yaxşı bir ev tikdirdi, imarət düzəltdi. Kişi öz-özünə deyirdi:
“Allah sənə şükür, nə yaxşı İsgəndəri yetirdin. Adamın heç öz oğlu da belə olmaz.
Bir gün padşah divanxanada oturmuşdu ki, camaatın nə şikayəti olsa, gəlib orda padşaha desin. Bir də gördü, bir dəstə ala qarğa qapıya töküldü, qırqır eləməyə başladı. Padşah bu ala qarğaların səsindən nə şikayətə baxa bildi, nə də divan eləyə bildi. Nə qədər elədilər, ala qarğalar uçub getmədilər. Padşah divanxananı bağlayıb evinə gəldi. O gecəni yatdı, səhər durub dedi:
– Gedim divanxanaya şikayətə-zada baxım. Divanxanaya gəlib şikayətə baxmaq istəyirdi ki, yenə həmən qarğalar tökülüb gəldilər, qırvır eləməyə başladılar.
Padşah yenə qapını bağlayıb evinə gəldi, dedi:
– Vəzir, quş adamdan qaçar. Bəs bu necə işdi, bu qarğalar niyə qaçmır?
Vəzir dedi:
– Qibleyi-aləm, yəqin şikayətləri var. Quş dilini kim bilir ki, onların dərdini də bilə.
Padşah dedi:
– Bir quş dili bilən tapıb gətirərsən.
Vəzir dedi:
– Ay padşah, mən hardan bunu tapım?
Padşah dedi:
– Qırx gün sənə vaxt verirəm, qırx günəcən tapdın, tapdın, tapmadın, boynunu vurduracağam.
Vəzir bikef evinə gəlib dedi:
– Arvad, dəsmala bir az çörəkdən-zaddan bağla, gedəcəyəm qırx günün səfərinə. Qırx gündən sonra boynum vurulacaq.
Arvad dedi:
– Niyə, nə olub?
Vəzir əhvalatı arvadına söyləyib dedi:
– Nə bada İsgəndərə deyəsən, demə. Özü də evə gələndə həmişəki qayda ilə hörmət elə.
Bunu deyib, vəzir yola düşdü.
İsgəndər yenə cümə günü bir qızıl balığı xonçada gətirib vəzirin evinə verdi. Soruşdu:
– Bəs qardaşım hanı?
Arvad dedi:
– Padşah onu qırx günün səfərinə göndərib.
İsgəndər soruşdu:
– Nə işə gedib?
Arvad dedi:
– Bilmirəm vallah.
İsgəndər nə qədər elədi arvad demədi, onu həmişəki kimi yola saldı.
İsgəndər hər cümə onlara gəlirdi. Vəzirin haçan gələcəyini soruşurdu.
Otuz doqquzuncu günün tamamında o, xonçaya bir qızıl balıq qoyub gəldi.
Vəzir də gəlmişdi. İsgəndər xonçanı verəndə baxıb gördü ki, vəzirin üzünə ölü bənizi çəkilib, soruşdu:
– Qardaş, niyə belə olmusan?
Vəzir dedi:
– Heç, bir az azarlamışam.
İsgəndərin qabağına çay, çörək gətirdilər. O, yeməyib dedi:
– Xeyr, yemərəm, gərək sənin dərdini biləm. Sən azarlı deyilsən, ayrı dərdin var. Qardaşın qardaşdan gizlin dərdi olmaz.
Vəzir nə qədər dedi ki, xörəyini ye, neyləyirsən, İsgəndər dedi:
– Xeyr, yemərəm, gərək deyəsən.
Vəzir gördü olmayacaq, dedi:
– Gündə padşahın divanxanasına bir sürü ala qarğa tökülür, qoymurlar ki, padşah şikayətə baxa, səsləri aləmə düşür. Padşah da mənə qırx gün möhlət verib ki, gərək bir quş dili bilən adam tapasan. Mən də bütün şəhərləri gəzdim, quş dili bilən tapmadım. Sabah qırx gün tamamdı, boynum vurulacaq.
İsgəndər dedi:
– Qardaş, məni burda qoyub şəhərləri gəzirsən?
Vəzir dedi:
– Nə deyirsən!? – Sən quş dili bilirsən?
İsgəndər dedi:
– Canın üçün, quşların hamısının dilini bilirəm.
Vəzirin kefi kökəldi. Hər ikisi xörəklərini yedilər.
Səhər vəzir İsgəndəri padşahın yanına gətirdi.
Padşah dedi:
– Quş dili bilən tapdın?
Vəzir dedi:
– Bəli, bu oğlandı.
Padşah nəzər saldı, gördü bu bir padşahyana, göyçək oğlandı. İsgəndəri yanına çağırıb dedi:
– Qoçağım, quş dili bilirsənsə, gör o qarğalar nə deyir.
İsgəndər quş dilincə qarğalara dedi:
– Sakit olun!
O saat camaat gördü ki, qarğalar elə sakit oldular, ta birindən bir səs çıxmadı. İsgəndər dedi:
– Şikayətiniz nədi? Biriniz deyin.
Ana qarğa dedi:
– Bir il elə aclıq oldu ki, quşlar özlərinə dən tapa bilmədilər. Bu ata qarğa da balaları töküb mənim üstümə çıxıb getdi. Mən saxladım, böyütdüm. İndi ata gəlib ki, mən də balalara şərikəm.
İsgəndər ana qarğanın dediklərini padşaha yetirib dedi:
– Qibleyi-aləm, şikayətləri budur.
Padşah dedi:
– Balalar ana qarğanındı, ata qarğanın haqqı yoxdu, bir söz deyə bilməz.
İsgəndər padşah dediyi sözü quş dilincə bunlara dedi. Ata qarğa ağzını çevirdi bir tərəfə, çıxıb getdi. Ana qarğa da balalarını yığıb, bir tərəfə getdi.
Padşah dedi:
– Məni istəyən, İsgəndərə xələt!
Hərə İsgəndərə bir xələt verdi, İsgəndər nə ki, xələt aldı, balıqçı atasına göndərdi. Padşah dedi:
– Vəzir, bu nə bilikli oğlandı.
Vəzir dedi:
– Qibleyi-aləm, gəl buna bir yüngül qulluq verək, əlimizin altında dolansın.
Padşah dedi:
– Yaxşı olar. Nə qulluğa qoyaq?
Vəzir dedi:
– Mən bir qulluq deyim, gör nə təhərdi. Gündə üç dəfə ki, qızına xörək çəkilir aparılır, qoy o xörəyi aşpazxanadan İsgəndər aparıb qıza versin.
Padşah dedi:
– Yaxşı olar.
İsgəndəri çağırıb işini dedilər. İsgəndər də razı oldu. Səhər xörəyi çəkdilər, verdilər ki, aparsın. İsgəndər xörəyi gətirdi, içəri girəndə qız bir könüldən min könülə bu oğlana aşiq oldu.
İsgəndər xörəyi qıza verdi. Qız dedi:
– Ay oğlan, otur söhbət eləyək.
İsgəndər dedi:
– Xeyr, oturmuram.
Qız dedi:
– Aləm deyir, o qızı bir görəydik, amma sən oturub söhbət eləmək istəmirsən?
İsgəndər dedi:
– Xeyr, gedəcəyəm.
İsgəndər çıxıb getdi. Günorta vaxtı xörəyini gətirib qıza vermədi, qapının ağzında qoydu. Qız nə qədər yalvardı ki, ədə, bəri gəl, İsgəndər baxmayıb qapıdan çıxdı. Axşam yenə xörəyi gətirdi, qapının ağzında qoydu. Qız nə qədər yalvardısa, baxmayıb getdi. Beləliklə, İsgəndər həmişə xörəyi gətirib qapının ağzında qoyardı, qız nə qədər eləyərdi, o içəri girməzdi. Tamam bir ay xörək gətirib, qapının ağzına qoydu. Bir ayın tamamında İsgəndər xəstələndi, Yəhyanı yanına çağırıb dedi:
– Yəhya, mən xəstələnmişəm. Bu gündən sən padşahın qızına xörək apararsan.
Səhəri gün Yəhya İsgəndərin əvəzinə padşahın qızına xörək apardı. Yəhya xörəyi gətirəndə padşahın qızı elə bildi ki, bu İsgəndərdi, yenə dedi:
– Gəl söhbət eləyək.
Yəhya oturdu, söhbətə başladılar.
Yəhya gündə xörək aparanda söhbətin nazik yerindən başlayırdılar.
On beş günün tamamında İsgəndər dedi:
– Qardaş, ta yaxşıyam. Gəl sən get işinə, xörəyi özüm aparım.
İsgəndər xörəyi aparıb yenə qapının ağzına qoydu. İstədi geri qayıtsın, qız dedi:
– Ay oğlan, elə dünən mənnən söhbət eləyirdin, bu gün sənə nə
oldu?
İsgəndər o saat barmağını dişləyib dedi:
– Bəli, ta iş ayrı cür oldu.
İsgəndər vəzirin yanına gəlib özünün yalandan padşah oğlu olduğunu söyləyib dedi:
– Mən də filan padşahın oğluyam. İndi istəyirəm gedəm.
Vəzir İsgəndəri də götürüb padşahın yanına gəldi, dedi:
– Qibleyi-aləm, bu da filan padşahın oğludu, indi getmək istəyir.
Padşah dedi:
– Onda mənim qızımı alsın, mənim yerimdə şahlıq eləsin.
Nə qədər yalvardılar, İsgəndər razı olmadı. Buna bir dəst padşahyana libas verdilər, hamama apardılar, bir dəstə qoşunla öz şəhərinə yola saldılar. İsgəndər qoşunla yola düşdü, o qədər gəldi ki, ta öz şəhərlərinə çatdı. Bu şəhərdə padşah ölmüşdü, qızı yerində padşahlıq eləyirdi. Bu qıza xəbər getdi ki, qoşun gəlib şəhərə tökülüb. Qız adam göndərdi ki, gedin görün nə işə gəlib, bizlə davayamı gəlib, yoxsa ayrı işə gəlib. İsgəndər gələn adama dedi:
– Xeyr, heç bir işə gəlməmişəm, ayrı padşahın oğluyam, gedirəm öz yerimə.
Xəbəri qıza gətirdilər. Qız dedi ki, onda mənə qonaqdı. Gəldilər İsgəndərə dedilər ki, xanım deyir bizə qonaqdı. İsgəndər razı olub padşah qızının evinə getdi. Oturub söhbət elədilər, xörək-zad yedilər.
Qız dedi:
– İsgəndər, atam ölüb, yerində padşahlığı mən eləyirəm, gəl məni al, padşahlığı sən elə.
İsgəndər razı oldu. Qoşunu azad eləyib geri qaytardı. Bir molla gətirdilər, qızın kəbinini İsgəndərə kəsdi. İsgəndər qızı alıb, yerində padşahlıq elədi. O, bir müddət bu şəhərdə padşah oldu.
Bir gecə yatmışdı, gördü qapı döyülür. İsgəndərin əlindən pəhləvanlıq da gəlirdi. Durdu, öz pəhləvan paltarını geydi, xas-polada qərq oldu, getdi qapını açdı, gördü qardaşı Yəhyadı.
Yəhya dedi:
– Qardaş, filan padşah bir pəhləvan göndərib, padşahdan həmin qızı da istəyir, yeddi ilin bac-xəracını da.
İsgəndərin arvadı bu əhvalatdan bixəbərdi, yatmışdı. İsgəndər dedi:
– Qardaş, gəl sən yavaşca soyun, gir mənim yerimə. Mən də gedim. İndi Allaha pənah, görək nə olar.
İsgəndər yola düşdü. Yəhya da soyunub, qılıncı arvadla öz arasına qoydu.
İsgəndər gecəni-gündüzə, gündüzü-gecəyə verdi, getdi çıxdı həmin yerə, yetirib gördü ki, camaat meydana yığışıb. Kağız möhürlənir ki, yeddi ilin bac-xəracını da, qızı da versinlər. O qədər gözlədi ki, kağız buna gələndə alıb dörd parça elədi, yerə tökdü. O saat pəhləvan İsgəndərin üstünə qalxdı. Elə bildilər ki, bu Yəhyadı, çünki İsgəndərlə Yəhya bir-birinə o qədər oxşayırdılar ki, ayırmaq olmurdu.
İsgəndər dedi:
– Qibleyi-aləm, bu adam sənin neçə pəhləvanını öldürüb, adamını qırıb?
Padşah dedi:
– O, mənim çox adamımı öldürüb.
İsgəndər qılıncını siyirdi, qalxanını götürdü. Pəhləvan da durdu, meydana gəldilər. Pəhləvan dedi:
– Növbə sənindi, ya mənim?
İsgəndər dedi:
– Xeyr, növbə sənindi.
İsgəndər qalxanı başına çəkdi. Bu pəhləvan İsgəndərin başına üç qılınc vurdu. İsgəndər qalxanın altından silkinib çıxdı, dedi:
– Mən dəmirçi zindanı deyiləm ki, dəmirçiliyi mənim başımda öyrənəsən, düşməmisən qoç davasına, düşmüsən tülkü-mülkü davasına, çək qalxanı başına.
O, qalxanı başına çəkdi.
İsgəndər dedi:
– Üç qılınc vurmusan başıma. İkisini bağışlayıram sənə, tək bircə qılınc vuracağam.
İsgəndər qılıncı qalxızıb elə vurdu ki, pəhləvan iki bölündü, hər parçası bir tərəfə düşdü. İsgəndəri camaat alqışladı, hərə ona bir xələt verdi. İsgəndər yığılan xələtləri Yəhyanın evinə göndərdi. Padşah bir yaxşı kamil molla gətirdi, qızının kəbinini Yəhyaya kəsdirdi. İsgəndər gecə qalıb, səhər yola düşdü. Gəlib çıxdı öz şəhərinə, qapını yavaşca taqqıldatdı. O saat Yəhya durub geyindi, gəldi qapını açdı, gördü İsgəndərdi.
Soruşdu:
– Qardaş, nə təhər oldu?
İsgəndər dedi:
– Qardaş, pəhləvanı öldürdüm, qızın kəbinini də kəsdirdim sənə.
Nə qədər də xələt verilmişdi, göndərdim evinizə.
Yəhya ondan razılıq edib öz evlərinə getdi. İsgəndər də soyundu, arvadının yanına girdi. Arvad buna acıqlanıb dedi:
– Neçə gündü araya qılınc qoyursan, indi gəlmisən mənə tərəf?
Arvad qayıdıb bir əfsun oxudu, İsgəndəri çox iyrənc bir heyvan şəklinə saldı. Özünə də bir aclıq verdi ki, nə qədər yesə doymasın.
Arvad o saat geyindi, çağırıb nökərlərə dedi:
– Ay köpək uşağı, bu necə heyvandı gətirmisiz bura?
Hərə bir ağac götürüb onu döyə-döyə şəhərdən çıxartdılar. İsgəndər gəlib bir meşəyə çıxdı, meyvələrdən-zaddan nə qədər yedi, gördü elə acından ölür.
Bu burada qalsın, sizə xəbər verim Yəhyadan. Yəhya evinə gəldi, gördü o qədər xələt veriblər ki, evdə xələt əlindən yer yoxdu. Padşah da adam göndərdi ki, toy ehtiyatını görsün. O, toy ehtiyatı gördü, yeddi gün, yeddi gecə toy vurdurdu, padşahın qızını gəlin gətirdi. On beş günün tamamında padşah öldü. Yəhyanı bunun yerində padşah elədilər.
Yəhya burda qalsın, sizə kimdən xəbər verim, İsgəndərdən. İsgəndər bu meşədən, o meşədən meyvə yeyə-yeyə gəldi Yəhyanın şəhərinin meşəsinə çıxdı. Yəhya padşaha xeyrat verirdi. Adam töküb meşədən odun qırdırırdı. İsgəndər soruşdu:
– Bu odunu neyləyirsiniz, bir bu qədər qırıb?
Odunçu baxıb gördü bu bir pis heyvandı, qorxub qaçdı.
İsgəndər dedi:
– Qorxma, adam yeyən deyiləm, səndən söz xəbər alıram.
Odunçu gendən durub dedi:
– De sözünü.
İsgəndər dedi:
– Deyirəm ki, bu odunu neyləyirsiz?
Odunçu dedi:
– Padşahımız ölüb, Yəhya onun yerində padşah olub. İndi ölən padşaha xeyrat verir.
İsgəndər dedi:
– Yəhya xörək yeyiləndə gəlib aralıqda gəzəcək ki, görüm kimin xörəyi azdı, yağlıdı, yavandı. Onda ətəyindən tut, denən: – Filan meşədə bir heyvan var, deyir ki: “o olsun İsgəndərin canı, məni doyursun”.
Odunçu gəldi padşahın imarətinə. Xeyrat yeyilməkdə idi. Yəhya aralıqda gəzirdi. Odunçu Yəhyanın ətəyindən, tutdu.
Yəhya dedi:
– Nə deyirsən, bala, xörəyin azdı, yavandı?
Kişi dedi:
– Xeyr, filan meşədə bir heyvan var, deyir: “O olsun İsgəndərin canı, məni doyursun”.
O saat Yəhya dedi:
– Ay aman, durun gedin, onu gətirin bura.
Gedib İsgəndəri gətirdilər. Bir nimçə verdilər İsgəndərə, yeyib dedi:
– Sən İsgəndərin canı, məni doyur.
Birini də verdilər, genə heylə. Axırda baxdılar, gördülər ki, ta xörək-xanada xörək qalmır. Yəhya gəlib dedi:
– Bu sirrdən məni agah elə, görüm sən kimsən, nəçisən?
Heyvan dedi:
– Mən İsgəndərəm. O arvad mənim başıma bu oyunu gətirib.
Yəhya nə ki münəccim, həkim vardısa, tökdü bura. Hamısı baxıb dedi:
– Buna əlac yoxdu.
Bunların biri dedi:
– Filan yerdə bir qoca cadugün var, qocalıb əldən düşüb, bəlkə o əlac elədi. Adamlar gedib onu da gətirdilər. O baxıb dedi:
– Mənim filan yerdə bir kitabım var, əgər əlac olsa, onda olar, olmasa buna əlac yoxdu.
Gedib o kitabı gətirdilər. Kitaba baxıb dedi:
– Budu, tapdım.
Yəhyaya bir vürd öyrədib dedi:
– Bu vürdü oxuyub, bunu filan hamamda çimdirərsən. O zaman bu cilddən çıxacaq, öz cildinə düşəcək.
İsgəndəri hamama apardılar. Yəhya o vürdü oxuyandan sonra onu çimdirdilər. İsgəndər o cilddən çıxıb, öz cildinə düşdü. Paltar gətirib geyindirdilər. Yəhya dedi:
– Qardaş, nə qədər qoşun istəyirsən, hazırdı.
İsgəndər dedi:
Xeyr, mənə qoşun lazım deyil.
Dava libasını geyindi, qılıncını, qalxanını götürdü, yola düşdü. Gecəni-gündüzə, gündüzü gecəyə vurub gəldi öz evinə çıxdı. Kəmənd atdı, barıdan aşıb içəri girdi. Otağa girib gördü arvadı taxtın üstə yatıb. Qılıncı siyirib elə vurdu ki, iki parça olub yerə düşdü. Padşah paltarını geyinib, taxta çıxdı.
Günlərin bir günü adam göndərdi ki, filan naxırçıya deyin ki, padşah deyir bu gün ona qonağam. Naxırçıya xəbər apardılar. Naxırçı xörək-zad hazırladı, bağçanı döşətdirdi, padşahyana bir məclis düzəltdirdi. Xörək vaxtı padşah gəlib əyləşdi. Atası əlində aftafa, ləyən, analığı da xonçada xörək gətirirdi. Onlar İsgəndərə baş endirdilər, dil-ağız elədilər. Atası İsgəndərin əlinə su tökmək istədi. İsgəndər ayağa durub dedi:
– Mehriban ata, layiq deyil ki, ata oğlunun əlinə su tökə. Mən sənin oğlun İsgəndərəm.
İsgəndər analığını çağırıb dedi:
– O zaman sən mənə zülm elədin, didərgin saldın. Anam olduğun üçün günahından keçirəm. Analığımsan, mən sənə həmişə hörmət eləyəcəyəm.
İsgəndər bir dəst də padşahyana paltar gətirtdirdi. Atasını geyindirdi, yanına çağırıb dedi:
– Ata, nə qədər canımda can var, yeyin, için, kef eləyin, heç fikir eləməyin.
O yedi, yerə keçdi, siz də yeyin, dövrə keçin.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo