Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Ləlin nağılı

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşah günlərin bir günündə bərk xəstələndi. Bir gün, beş gün, on gün habelə, padşah böyük oğlunu çağırıb dedi:
– Oğul, mən ölürəm, kiçik mücrüdə bir ləl var, onu bağışladım sənə.
Böyük oğlunu belə yola saldı. Sonra çağırtdırdı ortancıl oğluna dedi:
– Oğul, mən ölürəm, kiçik mücrüdə bir ləl var, gedib götürərsən, dar günündə satıb xərcləyərsən.
Bunu da belə yola saldı. Lap axırda çağırtdırdı kiçik oğlunu dedi:
– Oğul, mən ölürəm, balaca mücrüdə bir ləl var, götürərsən.

Bu da belə getdi. Axşam xəbər çıxdı ki, padşah ömrün bağışladı oğlanlarına. Padşahın kiçik oğlu tez mücrünü açdı, ləli götürüb qoydu cibinə. Padşahı aparıb basdırdılar. Böyük oğlu getdi mücrünü açsın, ləli götürsün. Bu dəmdə padşahın ortancıl oğlu gəlib gördü ki, böyük qardaşı mücrünü açıb, dedi:
– Ləli atam mənə veribdi.
Böyük qardaş dedi:
– Yox, atam mənə verib.
Kiçik qardaş gəlib gördü ki, qardaşlar ləl üstündə dava edirlər. Bu da dedi:
– Xeyr, atam ləli mənə verib.
Savaşa-savaşa mücrünü açıb gördülər ki, burda ləl-zad yoxdu. O dedi, ləl səndədi, bu dedi, ləl səndədi. Başladılar bunlar vuruşmağa.
Ortancıl qardaş dedi:
– Gəlin gedək Yəmən padşahının yanına. O bu işi ayırd eləsin.
Bunlar yola düşüb, padşahın yanına gedirdilər, yolda gördülər ki, bir dəvəçi gedir. Dəvəçiyə dedilər:
– Hara gedirsən?
Dəvəçi dedi:
– Dəvəm itib, axtarıram, tapa bilmirəm.
Böyük qardaş dedi:
– Dəvən harada otlayırdı?
Dəvəçi dəvəsinin otlayan yerini göstərib dedi:
– Dəvəm elə burda otlayırdı.
Böyük qardaş dedi:
– Yəqin dəvənin yükünün bir tayı bal, bir tayı yağ imiş.
O biri qardaş dedi:
– Özü də dəvəsi kor imiş.
Kiçik qardaş dedi:
– Dəvə boğaz imiş.
Kişi gördü ki, bunlar dəvənin bütün nişanlarını bilirlər. Odu ki, dedi:
– Dəvəmi siz oğurlamısız.
Bunlar dedi, bu dedi, gedib çatdılar padşahın yanına. Padşah üç qardaşdan xəbər aldı:
– Niyə gəlmisiniz?
Üç qardaş dedi:
– Biz filan padşahın oğluyuq. Aramızda bir ləl itib, gəlmişik ki, ləli tapasız. Yolda gələndə biz bu dəvəçiyə rast gəldik, dedik: – “ay dəvəçi, hara gedirsən? Kişi dedi ki, dəvəm itib. Biz dəvəsinin nişanın ağılnan dedik. Bu da yapışdı bizim yaxamızdan ki, dəvəm sizdədi”.
Padşah dedi:
– Danışın görək, nə cür ağılnan dediniz?
Böyük qardaş dedi:
– Biz bu dəvəçiyə rast gəldik. Dəvənin yatdığı yerə baxıb gördük ki, bir yanına milçək yığılıb, bir yanına da qarışqa. Onun üçün dedim ki, dəvənin yükünün bir tayı baldı, bir tayı yağ. Çünki qarışqa yağa yığılar, milçəklər də şirəyə.
Padşah ortancılına dedi:
– De görüm, sən necə dedin və nədən bildin ki, bu kişinin dəvəsi kordu.
Ortancıl qardaş dedi:
– Mən gördüm ki, dəvə yatdığı yerin sol tərəfini qoyub, sağ tərəfini otlayıb. Ona görə dedim, dəvə sol gözdən şikəstdi.
Padşah kiçiklərindən soruşdu:
– Bəs sən nədən bildin ki, bu kişinin dəvəsi boğazdı?
Kiçik qardaş dedi:
– Mən dəvənin yatan yerinə baxdım, gördüm ki, dəvə çox zərbinən yeri eşələyib. Ona görə dedim ki, bu kişinin dəvəsi boğazdı.
Padşah dedi:
– Bir məcmeyi gətirin, üstü örtülü olsun.
Padşahın əmrini yerinə yetirib, məcmeyi gətirdilər.
Padşah dedi:
Yeriyin irəli, bir-bir deyin görək, bu məcmeyinin içindəki nədi?
Böyük qardaş dedi:
– Girdə bir şeydi.
Ortancıl dedi:
– Özü də sarıdı.
Lap kiçiyi dedi:
– Yəqin ki, narıncdı.
Padşah bu işə lap məəttəl qaldı. Üzün dəvəçiyə tutub dedi:
– A kişi, get axtar, gör dəvən hardadı. Bunlar dəvə oğrusu deyil.
Dəvəçi yazıq kor-peşman getməyində olsun, eşit padşahdan. Padşah bunları qonaq çağırdı. Axşam oldu, süfrə salındı, araya xörək gəldi, padşah baxıb gördü ki, qonaqlar əllərini süfrəyə uzatmırlar. Adam yolladı ki, qonaqlarım niyə xörək yemirlər. Vəzir gəlib bunlardan sual elədi:
– Padşah deyir niyə xörəkdən yemirlər?
Böyük qardaş dedi:
– Bu düyü yaxşı düyüdü, amma vəxim yerdən çıxıb.
Ortancıl dedi:
– Bu quzu şirməst quzusudu, hayıf ki, it südü əmib.
Lap balacaları dedi:
– Padşahımız ədalətli padşahdı, hayıf ki, atasından xəbəri yoxdu.
Xəbər getdi padşaha ki, bəs qonaqlar belə deyir.
Padşah qəzəblənib durub getdi anasının yanına, dedi:
– Ana, bu saat de görüm, məni haradan almısan?
Anası dedi:
– Oğul, eşit və agah ol, mən neçə il idi ki, qız doğurdum. Bir gün ərim mənə dedi ki, əgər qız doğsan, səni öldürəcəyəm, oğlan doğsan, səninlə işim yoxdu. Ay gəldi başa vurdu, bağbanın bir oğlu oldu, mən də qız doğdum. Mən tez mamaya bir az pul verib dedim, mənim qızımı apar bağbanın oğlu ilə dəyiş. İndi oğul, bağbanın həyətindəki qız mənim qızımdı. Sən də bağbanın oğlusan.
Padşah əmr elədi, rəncbəri çağırdılar.
Padşah dedi:
– Bu düyünü harda əkmisən?
Rəncbər dedi:
– Qurbanın olum, neçə vaxtdı ki, düyü əkirdim, bütün əkdiklərim hədər gedirdi. Axırda belə məsləhət gördüm ki, builki düyünü vəxim olan yerdə əkəm. Əkdim düyü də çox oldu.
Padşah dedi:
– Sən də get.
Dedi:
– Çoban gəlsin.
Çobanı padşahın hüzuruna gətirdilər. Padşah çobana dedi:
– Çoban, düzün de, bu quzu hardandı ki, qonaqlarım yemədi?
Çoban dedi:
– Şah sağ olsun, bu quzunun anası ölmüşdü, mən bu quzuya it südü verib böyütmüşəm.
Padşah əmr elədi ki, məclis dağılsın. O ki, bağbanın qızı var idi, gətirib evində saxlatdırdı. Eşit padşahın qızından. Padşahın bir qızı var idi. Qız ona dedi:
– Ata, niyə bikefsən, nə olub sənə?
Padşah dedi:
– Qızım, üç nəfər oğlan gəlib, özləri də söz tapandılar, amma öz aralarında ləl itib tapa bilmirlər. Mənə deyirlər tap, mən də tapa bilmirəm.
Qız dedi:
– Ata, gəl onları bir gecəliyə ver mənə. Mən ləli tapım.
Axşam oldu. Aradan pərdə çəkildi. Qız gəlib pərdənin dalına dedi:
– Sizə gəlin bir şey nağıl eləyim, əgər bu şeyin axırını tapsanız, mən billəm ki, siz söz tapansınız.
Günlərin bir günündə bir əmiqızı, bir əmioğlu var idi. Bir gün əmiqızıya toy eləyirdilər. Bəli, kəcavə gəldi. Qoydular bu qızı kəcavəyə, köçürdülər. Yolda qız kəcavədən düşüb, bir az dincəlmək istədi. Birdən kəcavə tərpəndi, qız nə illah elədi kəcavəyə çata bilmədi. Yolda qıza bir şir rast gəldi. Şir bunu görən kimi, ağzın açıb qızı yemək istədi. Qız əlin qoydu şirin döşünə dedi:
– Ey şir, mən gəlinəm, məni əmim oğluna gəlin aparırdılar, yolda başıma bu əhvalat gəldi.
Qız başına gələni şirə danışdı, dedi:
– Gəl, sən məni burax, gedim əmim oğlunu görüm, sonra gəlim bura.
Şir dedi:
– Qız, buraxsam yenə qayıdıb gələrsənmi?
Qız dedi:
– Bəli, gələrəm.
Şir dedi:
– Mən insanda vəfa görməmişəm. Nə deyirəm, get!
Qız şirdən ayrıldı, başladı getməyə. Gördü ki, bir çoban yolnan gedir. Çoban qızı görən kimi bir könüldən min könülə aşiq olub dedi:
– Qız, hardan gəlib, hara gedirsən?
Qız bütün başına gələni danışdı, dedi:
– İndi gedirəm vətənə sarı.
Çoban dedi:
– Buraxmaram səni. Gəl gedək qazının yanına, kəbinini kəsdirim.
Qız dedi:
– İzn ver mənə, gedib öz əmim oğlunu görüm, sonra gəlim yanına, nə eləyirsən elə, ixtiyar sənindi.
Çoban dedi:
– Qız, buraxsam qayıdıb gələrsənmi?
Qız dedi:
– Gələrəm.
Çoban razı oldu. Qız bundan da qurtardı. Az qalmışdı şəhərlərinə çatsın, gördü ki, qabağına bir dəstə yolkəsən çıxdı. Yolkəsənlər apardılar bunu böyüklərinin yanına. Başçıları xəbər aldı:
– Ay qız, hardan gəlib, hara gedənsən?
Qız başına gələn müsibəti quldurbaşına danışdı. Quldurbaşı dedi:
– Yaxşı düşmüsən əlimizə, səni daha burdan buraxdı yoxdu.
Qız dedi:
– Gəl sən məni burax, gedim əmim oğlunu görüm, sonra genə gəlim yanına.
Quldurbaşı dedi:
– Qız, buraxsam qayıdıb gələrsənmi?
Qız dedi:
– Gələrəm.
Qız gəlib çatdı öz əmisi oğlunun yanına. Əmisi oğlu dedi:
– Qız, hardaydın?
Qız nə başına gəlmişdi, başladı danışmağa dedi:
– Əmioğlu, şirə, çobana, quldurbaşıya söz vermişəm, gəl sən məni burax, gedim.
Əmisi oğlu qıza izn verdi. Qız bir baş şirin yanına gəldi.
Şir dedi:
– Qız, gəldin?
Qız dedi:
– Bəli, gəldim.
Şir dedi:
– İndi ki əhdüvə vəfa elədin, mən səni yemirəm.
Ordan birbaş gəldi çobanın yanına. Çoban gördü ki, qız gəlir. Tez çıxdı qızın qabağına dedi:
– Gəldin?
Qız dedi:
– Gəldim.
Çoban dedi:
– İndi ki, sən qızlığınla öz sözündə durdun, get, mən səni azad elədim.
Qız çobandan ayrıldı, gəlib çatdı quldurbaşıya.
Quldurbaşı gördü ki, qız gəlir, dedi:
– Qız, indi ki sən öz sözünün üstündə durdun, ölümdən qorxmadın, get işinə, səninlə işim yoxdur.
Qıza adam qoşub yola saldı. Qız gəlib çatdı əz əmisi oğlunun evinə.
– İndi siz mənə deyin görüm, qız şirə çatır, çobana çatır, ya quldura?
Böyük qardaş dedi:
– Əlbəttə, şirə çatır.
Ortancıl qardaş dedi:
– Əlbəttə, çobana çatır.
Kiçiyi dedi:
– Əlbəttə, şirə çatır.
Padşahın qızı kiçik oğlana dedi:
– Ey oğlan, ləl səndədi.
Kiçik qardaş qıpqırmızı qızardı, ləli çıxarıb araya qoydu. Padşaha xəbər getdi ki, ləl kiçik qardaşdan tapıldı. Ləli təzədən üç qardaş öz aralarında böldülər. Həmin bağbanın qızını padşah böyük oğlana, vəzirin qızını ortancıla, öz qızını da kiçik qardaşa verdi. Qırx gün, qırx gecə toy edib muradlarına çatdılar.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo