Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Qızıl qoç

Bəli, nağıl binasını qoyax yavaş-yavaş, olum qapında qulunan qarabaş, dövlətli vurar plova şapalax, kasıb tapmaz bir kasa bozbaş, hə, sizə nə söyləyim, kimnən danışım, qədim əyyamdan. Belə rəvayət eləyirlər ki, günlərin bir günündə biri varıymış, biri yoxuymuş, bir padşahın aman-zaman, gözünün ağı-qarası bircə oğlu varıymış, adına da Məlik deyərlərmiş.
Bir gün Məlik kəhər atına minib dərya qırağıynan gedirdi, bir də gördü ki, öz mehtərləriynən bir keçəl suyun qırağında dalaşırlar. Məlik bunları aralaşdırıb təpindi:
– Ə, nəyiniz artıx düşüb ki, bir-birinizi qırırsınız?

Mehtər dedi:
– Ağa, vallah, mən gördüm ki, dəryanın üzündə bir sandıx oyanabuyana ləngər vurur. Girdim dəryadan sandığı çıxartmağa, bir də gördüm bu zalım oğlu keçəl özünü yetirdi, başladı ki, sandıx mənimdi, indi onun üstündə dalaşırıq.
Keçəl dedi:
– Yalan deyir, sandığı əvvəlcə mən gördüm, gedib dəryadan onu çıxardanda bu gəlib qolumnan tutdu ki, sandıx mənimdi. Məlik çıxardıb bunların hərəsinə yüz tümən pul verib sandığı aldı.
Bir az gedəndən sonra öz-özünə fikirləşdi ki, əşi, bir açım görüm bunun içində nə var ki, onu dəryaya atıblar?
Oğlan bu fikirnən sandığın ağzını açdı. Gördü içində bir balaca da sandıx var. Onun da ağzını açdı, gördü bunun da içində bir sandıx var, belə-belə, oğlan üç sandıx açdı, axırıncı sandığın ağzını açanda nə görsə yaxşıdı? Gördü bir qız şəkli var ki, adam baxanda ağlı başınnan çıxır. Qız nə qız, saçları qapqara şəvə kimi, alnı ay, zülmətlərə işıx salır, qaşlar elə bil qüdrəti-ilahinin qələmiynən çəkilib, gözlər şəhla, kirpiklər düz yanaxlarına düşür, burnu hind fındığı, alma kimi yanaxları, lalə kimi dodaxları, ağ mərmərdən incə dişlər, ağ buxaxdan cücü dişlər, gəl məni gör, dərdimdən öl. Məlik şəklə baxan kimi dedi:
– Ya Rəbb, görəsən bu gözəl kimə qismət olacax?
Oğlan doyunca şəklə baxıb qurtaran kimi özünnən getdi. Bir azdan sonra ayılıb şəklə bir də baxdı, genə özünnən getdi. Oğlan düz yeddi dəfə şəklə baxdı, hər baxdıqca özünnən getdi. Axırda şəkli ürəyinin üstünə qoyub düz getdi hərəmxanadakı qəm otağına. Bura elə bir yerimiş ki, kimin dərdi-qəmi olsaymış girib orda ağlayıb göz yaşı tökərmiş.
Bu otaxda hər nə varıymışsa, hamısı qara rəngdə imiş. Oğlan qara paltar geyib düz bir həftə burda qaldı. O qədər ağlayıb ah-zar elədi ki, gözünün yaşından qucağında şəklin rəngi qaçdı. Bu əhvalatdan padşahın xəbəri yoxuymuş. Padşah ha gözləyir oğlu gəlib çıxmır. Hər yerə adam saldırıb car çəkdirir, oğlunnan bir sorax çıxmır. Axırda gəlib oğlanı hərəmxananın qəm otağında tapırlar. O saat gedib padşaha xəbər aparırlar. Padşah vəziri də götürüb oğlunun yanına gəlir. Görür Məliyin rəngi qaçıb sapsarı heyvaya dönüb, ağlamaqdan gözləri şişib dama dönüb, özü də qucağında bir qız şəkli.
– Oğul, nə olub, nə dərdin var?
Məlik əvvəlcə atasından utanıb dərdini demək istəmədi. Atası əl çəkmədi ki, gərək deyəsən. Məliyin əlacı kəsildi, dedi:
– Mehriban ata, mən bu şəklin dərdinnən belə olmuşam. Nə qədər istədim özümü ələ alam, gördüm gücüm çatmadı. Odu ki, gəlib qəm otağına girdim.
Padşah şəklə baxan kimi dedi:
– Oğul, bu, firəng1 padşahının qızıdı. Dünyada ən güclü, mənəmmənəm deyən padşahlar gediblər o qızı ala bilməyiblər, tamam qoşunlarını qırdırıb qaçıblar. Sonra da firəng padşahı onların torpağını at torbasında daşıdıb. Oğul mənim firəng padşahına gücüm çatmaz.
Məlik atasınnan bu sözü eşidənnən sonra dedi:
– Mehriban ata, sən mənə izn ver, mən özüm təkcə gedim.
Atası oğluna nə qədər dəlil-dəlayil elədisə də, gördü ona heç nə kar eləmir. Axırda padşah vəziriynən məsləhətləşib bu qərara gəldilər ki, yüz atlıynan oğlanı yola salsınlar. Özü də atlıları öyrətdilər ki, hər bir ağacdan beş-onunuz atları sulamax mahnasıynan qaçıb dağılarsınız, axırda oğlum baxıb görər ki, tək qalıb, əlacı kəsilər, o da qayıdıb gələr.
Qərəz, padşah oğluna icazə verib onu yüz atlıynan yola saldı. Oğlan elə bir küçə getməmişdi ki, birdən keçələ rast gəldi. Gördü dalında bir qom qarğı gedir. Onun qabağını kəsib dedi:
– Keçəl, dəryadakı sandığı, onun içindəki şəkli əvvəlcə sən tapıbsan, indi gərək o qızın özünü də sən tapasan, gəl mənnən bu saat gedək.
Keçəl dedi:
– Ağa, mən nə bilirəm o qız kimdi, haradadı?
Məlik dedi:
– Mən bilmirəm-zad qanmıram, əgər mənnən getməsən, bu saat sənin dərini boğazından çıxardacam.
Keçəl dedi:
– Yaxşı, onda qoy gedim evimizə deyim gəlim.
Məlik bir az da keçələ pul verdi ki, bunu da dədənə, anana verərsən, sən gələnəcən yeyib dolanarlar. Keçəl qaça-qaça gəldi evlərinə, pulu dədəsinə verib əhvalatı söylədi. Keçəlin dədəsi dedi:
– Gedirsən, cəhənnəmə get, qara gora get. Elə bil burda qalanda dağı-dağ üstə qoyacaydın. Bütün günü qapını açıb-örtməkdən qapının dabanı yeyilmişdi, gündüzlər çay aşağı, çay yuxarı getməkdən ayağında çarıx dayanmırdı, mağıl indi bir az qulağımız dincələr.
Qərəz, keçəl dədəsindən icazə aldı, anası keçəlin xurcununa bir arpa çörəyi qoyub yola saldı. Keçəl düz gəldi Məliyin yanına. Başladılar yol getməyə. Mənzilbəmənzil, teyyi-mənazil yol getdilər. Hər bir ağaclıx yol gedənnən sonra keçəl baxıb gördü ki, atlılar elə hey azalır, amma üstünü vurmadı ki, bəlkə tək qalalar, Məlik geri qayıda. Bir də Məlik dönüb geri baxanda gördü keçəlnən ikisi qapıb. Keçəl dedi:
– Qoşun bizi qoyub qaçıb, təkcə getməynən biz neyliyə bilərik, gəl biz də qayıdaq.
Məlik dedi:
– Keçəl qardaş, görürəm qaçmaqdan ötəri ürəyin nanə yarpağı kimi əsir, istəyirsən sən də qayıt, mən özüm təkcə gedərəm.
Yaxşı deyiblər keçəl çox bilən olar, bu keçəl lap bəzzatın biriydi, bir altdan yuxarı baxıb dedi:
– Ağa Məlik, yadınnan çıxartma ki, o qızı tapsam, təkcə mən tapacam.
Mən sənnən gedəcəm, hər yerdə də sana qahmar duracam, amma bir şərtim var, gərək ona əməl eləyəsən.
Məlik dedi:
– Keçəl, şərtin nədi?
Keçəl dedi:
– Şərtim odu ki, qızı tapanatan mən nə desəm gərək onu eləyəsən.
Məlik keçəlin şərtinə razı oldu. Bunlar başladılar yol getməyə. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, orda aynan, ilnən, burda şirin dilnən, bir də gördülər ki, çörəkləri qurtarıb.
Məlik dedi:
– Keçəl, indi biz neyləyək, çörəyimiz qurtarıb, acınnan ölürük.
Keçəl dedi:
– Anam xurcunuma bir arpa çörəyi qoyub, gəl onu yeyək. Keçəl çörəyi çıxardıb gördü dəyənəyə dönüb. Çörəyi daşın altına qoyub əzdi, başladılar yeməyə. Məlik ömründə arpa əppəyi yeməmişdi deyin elə bil torpax yeyirdi. Amma əlacı yoxuydu. Qərəz, arpa çörəyini yeyib qurtarandan sonra başladılar yenə yol getməyə. Gethaget gedib bir dağa rast gəldilər. Dağı aşıb bir güllük-çəmənlik yerə çatdılar. Bura elə bir yeridi ki, baği-gülüstan bunun yanında heç nə. Burda
o qədər gül-çiçək vardı ki, hərəsi min rəngə çalır, ətrinnən adam valeh olurdu. Gül-bülbül, turac-kəklik, qırqovul, bildirçin, tovuz quşu, tutuquşu, hamısı bir-birinə qarışıb. Maral, ceyran, cüyür də lap istədiyin qədər. Burda quş iliyi, can dərmanı, hər nə deyirsən vardı. Bağın lap ortasında bir kərpici qızıldan, bir kərpici gümüşdən bir barigah vardı ki, başı göydə bulutdan nəm çəkirdi. Amma bu barigahın dörd tərəfində elə bir qalaça vardı ki, adam baxanda vahimə basırdı. Məlik dedi:
– Keçəl, görürsənmi nə gözəldi, lap ölüb-qalası yerdi.
Keçəl dedi:
– Ağa Məlik, hələ bilmək olmaz, o qalaçadan mənim gözüm almır. Ürəyim yaman döyünür, deyəsən bura gəlməyimizin altını çəkəcəyik. Hər ikisi yavaş-yavaş getdilər düz qalacanın qapısına sarı. Elə yenicə qapıya çatmışdılar ki, bir də gördülər bir inilti, nərilti, gurultu qopdu, bir şaqqıltı oldu, elə bil yer-göy lərzəyə gəldi. Qorxudan Məliknən keçəl gözlərini yumub başlarını aşağı tikdilər. Qeybdən bir səs gəldi ki, ey beyşüyrrər, gözünüzü niyə yumursunuz?
Səsə başlarını qaldırıb gördülər qalaçanın darvazaları taybatay açıldı. Qeybdən bir əl gəlib Məliyi, bir əl də keçəli atdan düşürtdü, ikisinin də atını apardı qalaçanın içinə. Bunlar eləcə bir atları, bir də iki əl görürdülər, adam görə bilmirdilər. Bu iki əl atları apardı tövləyə, bunlar da atların dalınca getdilər. Gördülər bu tövlə bir meydan yekəlikdə yerdi, yenə bir neçə əl gəldi, atlara arpa-saman tökdü. Sonra da həmən əllər Məliknən keçəli gətirdilər qalaçadakı barigaha. Məlik gördü burda bir cahi-cəlal var, bir ziynət var ki, öz atasının imarəti bunun yanında daxmaya oxşayır. Bir azdan sonra Məliknən keçəl gördü ki, aftafa-ləyən gəldi. Bunların əllərini yudular, dəsmalnan sildilər. Sonra süfrə açıldı, ortalığa min cür xuruşda yemək gətirdilər. Hər şey gəlirdi, amma hardan gəlirdi, kim gətirirdi, görükmürdü. Bunlar aç idilər deyin oturub aşdan, dolmadan doyunca yedilər. Sonra yenə iki əl gəlib süfrəni yığışdırdı. Əllər Məliknən keçəlin qolundan tutub apardılar yatax otağına. Qonaxlar soyunub yatdılar. Padşah oğlu Məlik həmi çox yorulmuşdu, həmi də yaman ərkəsöyün böyümüşdü deyin elə başını yasdığa qoyan kimi xorhaxornan düz yeddi yuxu aldı. Amma keçəl çox bic idi, fikirləşirdi ki, burda bunları öldürüb eləyərlər. Odu ki, sayxın yatmışdı. Gecədən bir xeyli keçmişdi. Keçəl gördü ev qapısı taybatay açıldı. Qara əmmaməli, qara əbalı, qara başmaqlı üç dərviş2 içəri girdi. Dərvişlərin birinin əlində qara təsbeh, birinin əlində qara əsa, birinin əlində də qara qəbzəli qılınc varıydı. Əlində qılınc olan dərviş dedi:
– Ağa dərvişlər, nə deyirsiniz, bunları qılıncdan keçirimmi? Qorxuram gedib sirrimizi yayarlar.
Əli təsbehli dərviş dedi:
– O yatan cavan oğlan padşah oğludu. Öldürsən atası sənnən qanını alacax. Özü də bu oğlan həmən adamın əmisi oğludu ki, firəng padşahının qızını almax eşqinə düşmüşdü ala bilmədi, firəng padşahı da onu öldürüb torpağını at torbasında daşıtdı, tamam vilayətini yernən yeksan elədi. Bu biri də keçəldi, ona hələ ölüm yoxdu. O anadan olanda göydə ölüb-dirilən ulduzun çıxdığı vaxta düşüb. Odu ki, bu keçəl bir dəfə ölüb, yenə diriləcək. Əli əsalı dərviş dedi:
– Bəs bunları neyləyək?
Təsbehli dərviş dedi:
– İndi ki bunlar bizə pənah gətiriblər, elə yaxşısı budu ki, onlara kömək eləyək, yazıxdılar.
Elə dərvişin söz ağzınnan qurtaran kimi keçəl yerdən qalxıb düşdü onun ayaxlarına. Başladı yalvarmağa ki:
– Ağa dərviş, səni and verirəm Allaha, bizdən köməyini əsirgəmə, biz gedirik firəng padşahının qızını almağa, bizə bir yol görsət.
Dərviş dedi:
– Ey keçəl, sən ki, belə yalvarırsan, onda mən deyim, sən yadında saxla. Səhər sübh tezdən durub, atlara minib gedərsiniz. Qabağınıza əvvəlcə bir dovşan çıxacax. Bu dovşan o qədər o üzə, bu üzə tullanıb oynayacax ki, sizin xoşunuza gələcək. Ürəyinizdən keçəcək ki, onu tutasınız, nəbadə ona yaxın gedəsiniz, dovşan tamam başdan ayağatan tilsimlidi, sizi tilsimə salar. Dovşana heç fikir verməyin. Bir az gedənnən sonra qabağınıza bir tülkü çıxacax. Bu tülkü də bir sehirbaz qarıdı. O yeddi yolun ayrıcında oturub, gəlib-gedənin sirrini öyrənir. Nəbadə ona sirr verəsiniz. Özü də tülküdən bir az aralanan kimi düşüb atlarınızın nalını söküb tərsinə nallayarsınız. O tülkünün xasiyyətidi, əgər sizdən bir söz ala bilməsə, izinizə düşüb axtaracax, atlarınızı tərsinə nallasanız, izi itirib sizi tapa bilməz. Bir az gedəndən sonra bir
ahuya rast olacaxsınız, ona da bir az dən töküb gedərsiniz, amma nəbadə onu tutasınız ha. O da tamam tilsimlidi. Bu üç tilsimdən qurtarannan sonra gedib bir dəryanın kənarına çatacaxsınız. Sizin mindiyiniz bu atlar o dəryanı keçə bilməyəcək. Atların yəhər-yüyənini açıb buraxarsınız meşəyə. Sonra görəcəksiniz ki, dəryanın qırağında bir papax boyda qap-qara şəvə kimi bir daş var. O qara daşın altında bir at cilovu var. O cilovu götürüb bir ucunu atarsan dəryaya. Dəryadan üçayaxlı bir at çıxacax, ona minib keçərsiniz suyun o tayına. Amma onu da deyim ki, o daşın balacalığına baxma, onun ağırlığı min batmandı, nə qədər eləsən yerinnən tərpədə bilməzsən. Daşın yanında durub deyərsən:
– Ey qara daş, sən göydən düşdün, yer sənə kömək durdu, sən də mənə kömək dur.
Sözü deyəndən sonra daşı qaldırarsan, cilovu götürərsən. Elə ki, ata minib o tərəfə getdiniz, bir belə qara daş da o tərəfdə var. Yenə cilovu
atın başınnan çıxardıb qara daşın altına qoyarsınız. Atla işiniz
olmaz. At quruda gedə bilmir, yenə qayıdıb dəryaya girəcək. Elə ki, o
taya çıxdınız, hərəniz dəmirdən bir çarıx geyib, əlinizə də bir dəmir
əsa alarsınız. O qədər gedərsiniz ki, çarıqların dabanı deşilər, əsanın
ucu yeyilər, onda həmən yerdə dayanarsınız. Sizə bir küp qarısı rast gələcək,
ona pul verərsiniz, firəng padşahının qızını sizə tapıb görsədər.
Dərvişlər sözlərini deyib çıxıb getdilər. Keçəl gedib Məliyi silkələdi
ki, oyatsın, gördü elə yatıb, elə bil lap ölüdü. Bir təhər oğlanı yuxudan
oyatdı. Məlik dedi:
– Ay zalım keçəl, niyə məni yarımçıx oyatdın, yaxşı vağıya görürdüm, sən mənim yerimə olsan, heç ayılmazdın.
Keçəl dedi:
– Ağa Məlik, xoş sənin halına, yatıbsan, dünyadan xəbərin yox. Bilsəydin gecə dərvişlər mənim canıma nə vəsvəsə salmışdılar, onda qorxudan ciyər-öfgən ağzına gələrdi.
Məlik dedi:
– Keçəl, nə dərviş, nə vəsvəsə, sən nə danışırsan?
Keçəl gecə gördüklərinin, eşitdiklərinin hamısını Məliyə söylədi. Amma bircə ahuya rast gəlmək əhvalatını tərsinə danışdı. Yaxşı deyiblər, keçəl çox bic olar. Qəsdən bu sirri açmadı ki, yoldu, insan çiy süd əmib, birdən demək olmaz, yolda Məliknən sözləri çəp gələr, sonra Məlik keçəli qovar ki, onsuz da sirləri özüm bilirəm. Amma keçəl Məliknən şərt bağladı ki, gərək mən yolda nə desəm, ona qulaq asasan. Özləri də əhd-peyman elədilər ki, gərək möhkəm dost olax.
İkisi də barmaxlarını çərtib qanlarını qatdılar. Məliknən keçəl evdən çıxdılar ki, atlarını gətirsinlər, gördülər həmən iki əl atları qapının ağzında hazır saxlayıb. Atları minib başladılar yol getməyin binasın qoymağa. Dərviş dediyi kimi yolda əvvəlcə dovşana rast gəldilər, ona fikir verməyib keçdilər, sonra tülkü çıxdı qabaxlarına. Tülkü adam kimi dil açıb bunları nə qədər dilə tutdusa, bir sirr öyrənə bilmədi. Məlikgil bir az tülküdən aralanan kimi atlarının nalını söküb tərsinə nalladılar. Bir az da gedib ahuya rast oldular.Məlik oxunu yaya qoyub ahunu vurmaq istəyəndə keçəl qoymadı.
Məlik dedi:
– Sən demişdin ki, axırda rast olduğun ahunu oxnan vurarsan, bəs indi niyə qoymadın, olmuya sözünnən döndün?
Keçəl dedi:
– Yox, ağa Məlik, mən qəsdən bir şeyi tərsinə demişdim, arxayın ol. Bunlar bir az da gedənnən sonra gəlib çatdılar həmən dəryanın qırağına. Atların yəhər-yüyənini açıb buraxdılar meşəyə. Keçəl qara daşı qaldırıb altından cilovu çıxartdı; aparıb dəryaya saldı, o saat bir də gördülər ki, bir gurultu, şıxıltı, şırıltı qopdu ki, elə bil yer-göy lərzəyə gəldi. Dərya təlatüm elədi, içinnən üç qılçalı bir qara at çıxdı. Keçəl tez cilovu çəkdi, at istədi yenə dəryaya girsin, keçəl cilovu buraxmadı. Bir ənvayi-müsibətnən ikisi də tərkləşib ata mindilər. At özünü vurdu dəryaya, bir göz qırpımı çəkməmiş bunları çıxartdı o taya. Keçəl cilovu atın başınnan açıb buraxdı, at o saat girdi dəryaya, gözdən itdi. Keçəl cilovu bu tərəfdəki qara daşın altına qoydu. Axtarıb özlərinə dəmir əsa, bir də dəmir çarıx tapdılar. Çarıxları geyib dəmir əsanı da əllərinə alıb, çəkib çarığın dabanını, qırıb yerin damarını, günə bir mənzil, teyyi-mənazil, nağıllarda mənzil olmaz, qız
əlində güllər solmaz, dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi, dağların dabanıynan, yolların qırağıynan, az getdilər, çox dayandılar, çox getdilər, az dayandılar, dərə-təpə düz getdilər, iynə yarım yol getdilər. Bir də baxıb gördülər çarıxlarının dabanı deşilib, əsalarının da üçü yeyilib. Bildilər ki, mənzilə çatıblar. O yana bu yana boylanıb gördülər yaxında bir koma görükür, getdilər ora sarı.
Qapını döymək istəyəndə qabaxlarına bir küp qarısı çıxdı. Deyirlər qarılar cürbəcür olurlar. Qarı var mat-matı, qarı var çarğatı, qarı var mamılı-matan, yük üstə yatan, şıllaq atan, qarı var plov yeməz, üzü gülməz, dabanı çatdax, baldırı çılpax, ipəyi qarı, köpəyi qarı, yaxasıa çıx, ombası batıx, tumanı cırıx, dişləri qırıx, işləri fırıx, küpə girən, buzov minən, sərçə yeyən. Bu qarı bunlardan bir az yaxşı idi. Məlik qarını saxlayıb dedi:
– Qarı nənə, qalmağa yerimiz yoxdu, bir gecəliyə bizi Allah qonağı saxlayarsanmı?
Qarı dedi:
– Allaha da qurban olum, onun bəndəsinə də, ay oğul, Allahdan gizlin deyil, bəndədən nə gizlin, qalmağa yerim var, amma yeməyə çörəyim yoxdu.
Məlik dedi:
– Ay qarı nənə, zərər yoxdu, təki yer olsun, yemək tapmax hasandı. Məlik cibinnən bir qiymətli ləl çıxardıb verdi qarıya, dedi:
– Qarı nənə, apar bu ləli xırdala, ayınnan-oyunnan al gətir, yeyək.
Qarı ləli görən kimi gözləri az qaldı kəlləsinə çıxsın. Qarı sevinəsevinə düz getdi şəhərdə bir vəzirgan varıydı onun dükəninə. Ləli ona verib dedi:
– Vəzirgan qardaş, al buna bir az yemək-içmək ver, qalanını da xırdala qaytar.
Vəzirgan lələ baxıb gördü bu elə qiymətli daşdı ki, bunu xırdalasa pulunu qarı təkcə apara bilməyəcək. Odu ki dedi:
– Qarı nənə, get yeddi hambal gətir, pulunun artığını apar.
Qarı bu sözü eşidəndə elə bildi ki, vəzirgan onu ələ salır. Qarı özözünə, ürəyində dedi:
– Yaxşı, sən ki, məni ələ salırsan, gedib yeddi hambal gətirərəm, özlərinə də tapşıraram sizi vəzirgan çağırır, pulunuzu da özü verəcək. Vəzirgan bunların pulunu verməz, başlayarlar dalaşmağa. Onda mən də qıraxdan durub deyərəm:
Daşı-daşa,
Dırnax daşa,
Siz dalaşa,
Mən tamaşa.
Qarı bu fikirnən gedib yeddi hambal çağırdı. Vəzirgan hambalların dalına yeddi kisə pulnan şey yüklədi. Qarı gördü xeyir a, vəzirgan düz deyirmiş. Qarı hambalları gətirdi evinə, yüklərini boşaltdı. Hamballar pullarını aldılar, çıxıb getdilər.
Məliknən keçəl qarını dilə tutub qılığına girdilər. Keçəl dedi:
– Qarı nənə, bizim bir işimiz var, əgər onu düzəltsən, sənə o qədər ləl-cavahirat verərik, onu xırdalasan, pulunu yığıb-yığışdıra bilməzsən.
Qarı dedi:
– Oğul, elə bu verdiyiniz pul da mənim bəsimdi. Nəyimə lazımdı, bugün-sabah ölüb gedəcəm, vərəsəm yox, zadım yox. Deyin görüm mənnən nə istəyirsiniz?
Keçəl dedi:
– Biz firəng padşahının qızını gətirmək istəyirik, amma bilmirik necə gedək, nə eləyək?
Qarı dedi:
– Oğul, burdan gedərsiniz düz bazara, orda bir nəccar var, axtarıb onu taparsınız. Bu siz deyən açar, qapı qayıran nəccarlardan deyil, o taxtadan, dəmirdən at, qoç, quş düzəldir, özü də içinə yay qoyur, piçini buranda at qaçır, qoç oynayır, quş uçur. Gedib ona deyərsiniz ki, sizə qızıldan bir qoç qayırar, altdan da içinə adam girməyə qapı qoyar. Nəccar qızıl qoçu düzəldənnən sonra gətirərsiniz yanıma, dalısını mən evdə sizə öyrədərəm.
Qarı sözünü deyib qurtaran kimi Məliknən keçəl gedib həmən nəccarı tapdılar. Böyük bir minnətdən, yalvar-yapışdan sonra nəccarı razı saldılar ki, bir qəşəng qızıl qoç düzəltsin. Nəccar üç günün içində qızıldan-gümüşdən bir qoç düzəltdi ki, adam baxanda ağlı başınnan çıxırdı. Bu qoca ləl-cavahiratdan, yaqutdan, mirvaridən o qədər bəzəkdüzək vurmuşdu ki, gün kimi par-par parıldayırdı. Məliknən keçəl nəccara çoxlu daş-qaş verib qoçu gətirdilər evə. Qarı qoçu görüb dedi:
– İndi bilin və agah olun. Bu qoçun içi boşdu, altdan qapağı var. Məlik girər qoçun içinə, orda onun piçi var, keçəl də qıraxdan qoçu başlayar danışdırıb oynatmağa. Elə ki, keçəl deyəndə qızıl qoçum oyna görək. O saat Məlik qoçun piçini burar, həmi qoç oynayar, həmi də içəridə özü hay-küy salar. Ancaq qoçu firəng torpağında səzb deyilən bir meydan var, orda oynadarsınız. Camaat hamısı yığılar qoçun başına. Bu səs-sorax gedib çatar padşahın qızının qulağına, o, qoçu sizdən pulnan alar. Onda Məlik qoçun içində qalar. Gecə qız yatanda qoçun içinnən çıxıb qızı görər.
Qarı hər şeyi öyrədənnən sonra dedi:
– Bala, Məlik, gəl bir qoçun içinə gir, vara-vurd eləyək, görək yerləşirsənmi?
Məlik qoçun qarnına girdi, qapısını bağladı. Keçəl də qoçun ipini çəkə-çəkə onu o ki, var oynatdı. Qarı gördü işlər yaxşıdı, dedi:
– Oğul, daha yubanmax vaxtı deyil, yolçu yolda gərək, durun gedin həmin meydana, dediklərimin hamısını eləyin.
Məlik çıxardıb qarıya iki dənə də qiymətli ləl verdi, dedi:
– Al bunları da xırdala, ömrünün axırına kimi yesən qurtarmaz.
Qarı dedi:
– Oğul, sən ki, məni dünya malınnan qəni elədin, sənə dua eləyəcəm, işin rastına düşsün. Bir də oğul, heç fikir eləmə, bu keçəl nə qədər sənin yanındadı işin gətirəcək, o keçəlin qaraçuxası hələ qabaxda gedir. Odu ki, sənə də qorxu yoxdu.
Bəli, Məliknən keçəl qızıl qoçu götürüb başladılar getmək binasın qoymağa. Gethaget, gethaget, gəlib çatdılar səbz meydanına. Məlik girmişdi qoçun içinə, keçəl də minbir hava çalıb qoçu oynadırdı. Qoçun tamaşasına o qədər camaat yığışmışdı ki, ağac atsan yerə düşməzdi.
Həmin gün firəng padşahının qızının qarabaşı da bazarda şey almağa getmişdi, gördü hamı səbz meydanına gedir, o da getdi, adamları yara-yara bir təhər qabağa çıxdı. Qoçun oynamağını görəndə heyran qaldı. Qız qoça o qədər tamaşa elədi ki, bir də gördü qarannıx düşdü.
Tez qaça-qaça gəldi xanımın yanına. Xanım qarabaşın gec gəlməyinnən qəzəblənmişdi, dedi:
– Mən səni şey almağa göndərmişəm, gedib gecənin yarısı gəlirsən, gör sənin başına nə iş gətirəcəm?
Qarabaş xanımın əl-ayağına döşənib dedi:
– Xanım, əgər mən görəni sən də görsən, gec gələrdin.
Xanım dedi:
– De görüm nə görübsən?
Qız səbz meydanında keçəlin qoç oynatdığını elə şirin-şirin söylədi ki, xanımın da xoşuna gəldi. Gecəni yatdılar, səhər tezdən hələ camaat yığışmamış padşah qızı başının dəstəsi qırx incə belli qıznan gəldi səbz meydanına. Keçəl gördü ki, qırx incə belli qız gəldi, bunların içində bir gözəl var ki, adam baxanda ağlı başınnan çıxır. Tez əyilib qoçun qulağına dedi:
– Məlik, gözünü sil əməlli bax, deyəsən sənin dediyin qız özü gəlib çıxıb.
Qoçun göz yerində iki deşik varıydı. Məlik ordan baxıb gördü ki, qız nə qız, elə bil Allahtaala onu xoş gündə, xoş saatda yaradıb. Aya deyir sən çıxma, mən çıxım, günə deyir sən çıxma, mən çıxım, gəl məni gör, dərdimnən öl. Can alan, incə miyan, nazik bədən, sünbül nişan, aşiq öldürən, rəng solduran nazənin sənəm, qaşlar qara, elə bil qüdrəti-ilahinin qələmiynən çəkilib, gözlər qara, kiprikləri yaydan çıxmış ox kimi, burnu hind fındığı, saçlar qap-qara şəvə kimi, incə belli, sərv boylu, şux duruşlu, ceyran yerişli, maral baxışlı, ləbləri qızıl gülün yarpağı kimi, yanaxlar yaqutun qıraxları kimi, elə bil qar üstə qan çilənib, dişlər inci-mirvari kimi. Mərmər sinəsində, naznazı ipək paltarın altınnan bir cüt şamama baş qaldırıb mənəm-mənəm deyir.
Məlik qızın üzünə baxan kimi elə bil qızın iki kipriklərinnən bir cüt ox ayrılıb düz dəydi oğlanın ürəyinin başınnan.
Keçəl nə qədər oxudusa, gördü qoç oynamır. Bildi ki, Məlik qızı görüb ürəyi gedib. Bu tərəfdən də padşah qızı keçələ dedi:
– Bəs qoç niyə oynamır?
Keçəl dedi:
– Xanım, qoçum bu gün su içməyib, susuzdu, odu ki, oynamır, indi su verərəm içər, sonra oynayar.
Tez keçəl qoçun ağzınnan bir qab su tökdü ki, Məlik ayılsın. Bir təhər onu ayıltdı dedi:
– Məlik sən neyləyirsən, qız gözləyir. Özünü toxtat.
Məlik yarı dilnən, yarı himnən başa saldı ki, qızı görüb özümnən getmişdim. Qərəz, bir az keçəndən sonra Məlik özünə gəldi, dedi:
– Ölmək ölməkdi, xırıldamax nə deməkdi!
Başladı dünənkindən də yaxşı oynamağa. Qoç xanımın çox xoşuna gəldi, keçəli çağırıb dedi:
– Keçəl, sənə gündə yüz tümən verərəm, qoçu ver aparım, bir neçə gün bizdə oynasın.
Keçəl dedi:
– Xanım, verərəm, amma şərtim var gərək ona razı olasan. Gərək qoçu heç yerə buraxmayasan, təkcə öz otağında saxlayasan, gündə də onun qabağına bir qab aş, bir parç də su qoyasan. Xanım dedi:
– Ay sağ olmuş, mənim əlimdə o nədi ki, lap gündə ona o qədər aş verərəm ki, heç ömründə görməmiş ola.
Xanım keçələ yüz tümən verib dedi:
– Keçəl, di qoçu götür gedək.
Keçəl qoçu apardı düz xanımın otağına, özü çıxıb gəldi şəhərdə bir karvansarada qaldı.
Məlik qızın eşqindən qoçu o qədər oynatdı, tamam yoruldu. Axşamatan qız qoça tamaşa elədi, çox xoşuna gəldi. Qız çörəyini yedi, bir boşqab da aşdan qoçun qabağına qoydu. Xanımlar, qarabaşlar yer saldılar, padşah qızı soyunub girdi yerinə yatmağa. Gecədən bir xeyli keçmiş Məlik gördü ki, acıb, qoçun içinnən çıxıb boşqabdakı aşı ədəbərkannan yedi, bir parç da su içdi. Məlik ayağının ucunda, yavaş-yavaş gəldi qızın yanına, əyilib al yanaxlarınnan bir cüt öpüş alıb çəkildi, gedib girdi yenə qızıl qoçun içinə. Səhər açıldı, qız yuxudan oyandı, baxıb gördü qoçun qabağındakı aşı yeyiblər. Elə bildi ki, onu qızlar yeyib. Qarabaşları çağırıb dedi:
– Deyin görüm, bu qoçun qabağındakı aşı kim yeyib?
Qızlar hamısı and-aman eləyib dedilər:
– Xanım, vallah bizim xəbərimiz yoxdu.
Qarabaşlar gedənnən sonra xanım güzgüyə baxıb gördü yanaxlarına ləkə düşüb. Qaldı məəttəl ki, görəsən bu nə olan işdi. Qız qızıl qoçdan şübhələndi. Öz-özünə dedi: Bu gecə gərək qoçu güdəm. Axşam oldu, yatmax vaxtı gəldi. Qız soyunub yerinə girdi. Qoçun qabağına qarabaşlar bir nimçə aş, bir parç su qoyub getdilər. Padşah qızı özünü yuxuluğa vurdu. Bir də gördü qoçun içinnən bir gözəl oğlan çıxdı, oturub çox mərifətlə aşı yedi, üstən də bir parç su içdi, sonra da
yavaş-yavaş, ayağının ucunda yeriyə-yeriyə gəlib əyildi ki, qızın üzünnən öpsün. Birdən qız sıçrayıb yerdən qalxdı, dedi:
– Əyə, zalım oğlu, bura quş quşluğuynan uçub gələ bilmir, sən kimsən, nəçisən, bu saat cəlladları çağıraram, səni yetmiş yeddi şaqqa edərlər.
Məlik dedi:
– Ey nazənin mələk, mən elə bura gəlmişəm ölməyə, sənin yanında ölmək mənə hər şeydən artıxdı.
Məlik belindən xəncərini siyirib dedi:
– Xanım, sən heç zəhmət çəkib cəllad-zad çağırma. Mən sənin yolunda bu saat burda özümü öldürərəm, sənə xoş olar.
Qız dedi:
– Oğlan, hələ bir əl saxla, söylə görüm bura niyə gəlibsən, niyə özünü öldürürsən?
Məlik şəkli tapdığı vaxtdan ta bu günə kimi olan işlərin hamısını bir-bir söylədi, sonra da dedi:
– Ey gözəl qız, mən sənin dərdinnən dəli-divanə olmuşam, ya gəl mənə, ya da özümü burda öldürəcəm.
Qız gördü ki, oğlan deyəsən əsil-nəcabətli adama oxşayır; özü də sür-sifətdən də pis deyil, odu ki, razı oldu. Belə qərara gəldilər ki, qaçsınlar.
Səhər açıldı. Keçəl gəldi ki, xanımdan qoçun pulunu alsın, içəri girib gördü. Məlik qoçun içindən çıxıb qızla söhbət eləyir. Məlik keçəli görən kimi dedi:
– Keçəl, hazırlaş, sabah tezdən qızı götürüb xəlvət aparacayıq. Bu xəbəri eşidəndə keçəl sevindiyindən bilmədi neyləsin. Qız keçələ bir dəst zər-zibadan paltar geydirib axşamüstü göndərdi padşahın ilxıçısının yanına, əlinə də bir namə yazıb verdi ki, bu adama üç yaxşı at verərsən gətirər. Keçəl gedib naməni baş mehtərə verdi. Mehtər ən yaxşı atlardan üçünü seçib verdi keçələ. Qıznan Məlik də vəzndən yüngül, qiymətdən ağır şeylərdən götürüb çıxmışdılar yola keçəlin qabağına. Yolda bunlar rastlaşdılar, hərəsi atın birinə minib başladılar getməyə. Gəlib çıxdılar şəhərin qırağına. Şəhərin dörd tərəfi hündür hasarnan hörülmüşdü. Şəhər darvazalarının ağzında çoxlu qoşun var idi, buradan keçmək mümkün deyildi. Hərəsi əlinə bir qılınc keçirdi, başladılar vuruşmağa. Gördülər qoşunu qırmağnan qurtarmaq olmayacaq. Odu ki, qapıçıları öldürüb qaçdılar. Firəng padşahına xəbər getdi ki, ey taxtı tarac olmuş, nə durubsan, qızını qaçırtdılar. Padşah bütün qoşuna əmr elədi ki, yerdə də olsa, göydə də olsa, gərək onları tutub gətirəsiniz.
Məlikgil ata suvar olub quş kimi uçmaxda olsun, qoşun da onları qovmaxda, gəlib Məlikgil yenə həmən dəryaya çatdılar. Qız gördü qoşun elə yetirhayetirdi. Odu ki, dedi:
– Ey Məlik, görürsənmi atamın qoşunu cinni Cəfər qoşunu4 kimi gəlir, bizə çatan kimi səni öldürəcəklər, indi nə eləyək?
Keçəl dedi:
– Xanım, qorxmayın, mən ölməmişəm, bu saat sizi keçirərəm dəryanın o tərəfinə, qoşun hamısı gəlib qalar bu tərəfdə.
Keçəl sözünü qurtaran kimi gedib qara daşı qaldırdı, altındakı cilovu çıxardıb atdı suya, o saat üç ayaxlı at dəryadan çıxdı, üçü də atın belinə minib dəryanı keçdilər. Qoşun özünü o vaxt yetirdi ki, bunlar dəryadan çıxmışdılar.
Keçəl dəryanın o tərəfinə çıxannan sonra cilovu aparıb yenə qoydu qara daşın altına. Bir az piyada yol getmişdilər ki, bir də gördülər əvvəlki meşəyə buraxdıqları atlar budu göy çəməndə otlayırlar. Tez keçəl öz atına mindi, Məlik də öz atına minib qızı tərkinə aldı. Başladılar getməyə, gəlib çıxdılar həmən dərvişlərin qalaçasına. Elə qalaçanın qapısına yaxınlaşan kimi yenə iki əl gəlib bunların atlarını apardı tövləyə, özlərini də evə. Bunlara yemək-içmək gəldi, yeyib qurtarannan sonra yer salındı, girib yatdılar. Bütün bu işləri iki əl görürdü, adamlar özləri gözə görünmürdülər. Məliknən qız o qədər yorğun idilər ki, başlarını yasdığa qoyan kimi daş kimi yatdılar. Keçəli də yaman yuxu tuturdu. Gördü o da yatacax, tez baş barmağın çərtib içinə duz basdı, barmağının ağrısınnan yata bilmədi. Amma gözünü yumub özünü yuxuculluğa vurmuşdu, bilirdi ki, yenə dərvişlər gələcək. Gecədən xeyli keçmiş bir də gördü qapılar taybatay açıldı, əvvəlcə əlində təsbeh olan dərviş, sonra əsalı dərviş, lap axırda da əlində qılınc olan dərviş içəri girdilər.
Dərvişlər bir salavat çevirib əyləşdilər. Əli qılınclı dərviş gəlib bunların hərəsinin başının üstündə üç dəfə qılıncını endirib qaldırdı. Gördü hamısı yatıb, keçəl də gözünün birini yumub o biri gözünün ucuynan baxırdı. Bu dəfə də əli qılınclı dərviş dedi:
– Gəlsənə bunları öldürüm, qızı da əllərinnən alax?
Əli təsbehli dərviş dedi:
– Sən bu insafsızlığınnan deyəsən əl çəkməyəcəksən. Bu yazıxlar nə zülmnən gedib qızı gətiriblər, hələ innən belə də başları nə bəlalar çəkəcək, yenə də onlardan əl çəkmək istəmirsən. Elə dərviş bu sözü deyən kimi keçəl yerinnən sıçrayıb tutdu onun ətəyinnən, yalvar-yapış eləyib dedi:
– Ağa dərviş, səni and verirəm o qibləyə, de görüm bunnan sonra bizim başımızda nə iş var?
Dərviş dedi:
– Oğul, siz burdan gedənnən sonra Məlik bu qıznan toy eləyib səni yaddan çıxardacax, amma sən acıx eləmə, dostluxda möhkəm ol, səbr elə, axıratan onnan üz döndərmə. Toy gecəsi bir təhər özünü sal onların gərdəyinə. Özü də al sənə bir sehirli qılınc bağışlayıram, bunu da həmişə üstündə gizlət. Elə ki, gərdəyə girdin, Məliknən qız yatıb yuxuya gedənnən sonra görəcəksən ki, çıraxdan bir çırtdağ atıldı. Çırtdağ yerə düşən kimi getdikcə böyüyüb, yekə bir əjdaha5 olacax. Bu qılıncnan həmən əjdahanı iki bölüb öldürərsən. Əjdahanın bir parçası su çarhovuzuna, bir parçası da padşahın taxtının altına düşəcək. Məlik yuxudan ayılıb səni gərdəyin içində əli qılınclı görəndə elə biləcək ki, onu öldürüb qızı aparmağa gəlibsən. Odu ki, səni tutub zindana saldıracax, sonra da asdıracax. Sən bu işlərin heç birini gərək söyləməyəsən Məlikə, söyləsən daş olacaxsan. Dərviş sözünü qurtarıb yoldaşlarını da götürüb getdi. Səhər açıldı, keçəl Məlikə heç nə demədi, yol başlayıb gəldilər öz vilayətlərinə. Məliyin atası oğlunun gəldiyini eşidib böyük şadlıq elədi, toy çaldırdı, qonaxlıq düzəltdi, qızı oğluna aldı. Toy gecəsi oğlan gəlinin gərdəyinə girəndə keçəl özünü bir təhər ora saldı. Qıznan oğlan yatannan sonra keçəl gördü doğrudan da dərviş dediyi əjdaha peyda oldu. Əjdaha nə əjdaha, heç düşmənimə də rast olmasın, başı dam boyda, dili beş arşın, buynuzları nizə kimi, ağzınnan bir od püskürürdü ki, elə bir dəmirçi kürəsidi. Əjdaha ağzını açdı ki, keçəli çəksin kamına, keçəl gördü lüppültüynən gedir, tez qılıncı siyirib ilişdirdi əjdahanın ağzınnan. O saat iki parça oldu. Dərviş deyən kimi hər par çası gedib bir yerə düşdü. Məlik ayılıb başının üstündə keçəli gördü. Ondan nə soruşdusa, keçəl cavab vermədi. Məlik keçəldən şübhələnib onu zindana saldırdı.
İş o yerə gəldi ki, keçəli asası oldular. Onu dar ağacının yanına gətirib kəndiri boynuna salanda Məlik dedi:
– Keçəl, ürəyində nə sözün varsa de!
Keçəl dedi:
– Məlik, əgər mən sözümü desəm daş olacam, deməsəm də öldürəcəklər.
Camaat hay-küy saldı ki, gərək keçəl sözünü desin. Keçəl başladı dərvişlərin öyrətdiyi sözləri, özünün gördüyü işləri bir-bir danışdı. Keçəl sözünü qurtaran kimi dönüb oldu bir qara daş. Camaat buna məəttəl qaldı. Həm də keçələ yazıxları gəldi.
Qız gördü ki, keçəl yoldaşlıxda sədaqətli, mərd adamdı. Amma əri Məlik namərdlik eləyib. Odu ki, dedi:
– Məlik, əgər keçəli təzədən dirildib adam eləməsən, sənnən boşanıb gedəcəm atamın yanına.
Məlik dedi:
– Yaxşı, indi mən neyləyim?
Qız dedi:
– Necə ki, keçəl sənin yolunda cəfa çəkib, sən də onun yolunda əzab çək, get dərvişlərin yanına, gör onlar bir çarə tapa bilərlərmi?
Məlik əlacsız qalıb yol başladı üç dərvişin qalaçasına getməyə. Gethaget, gəlib çatdı həmən tilsimli qalaçaya, əzab-əziyyətlə dərvişləri tapıb onlardan kömək istədi. Əli əsalı dərviş dedi:
– Məlik, sən namərd adamsan, keçəl sənə o qədər yaxşılıq elədi, əvəzində sən onu asdırmaq istədin, mən sənə kömək eləyə bilmərəm. Məlik üzünü qılınclı dərvişə tutub onnan kömək istədi. Bu dərviş də dedi:
– Yoldaşına xain çıxan adama mən bircə kömək eləyə bilərəm ki, onun başını bədənnən ayıram, ölüb canı qurtara.
Məlik işləri belə görəndə gözləri yaşardı, tutduğu işə peşiman oldu. Əli təsbehli dərviş dedi:
– Məlik, mən sənə kömək eləyərəm, amma gərək necə ki, keçəl sənin yolunda cəfa çəkmişdi, sən də onun yolunda canından keçəsən, onda dostluğun qədrini bilərsən.
Dərviş dedi:
– Mən keçəli diriltməyin sirrini sənə deyərəm, amma bir şərtim var, gərək əvvəlcə onu yerinə yetirəsən, sonra mən o sirri deyəm. Məlik dedi:
– Şərtin nədi?
Dərviş dedi:
– Sən gərək gedib, qiblə tərəfdə bir şəhər var adına Yəmən6 şəhəri deyirlər. Orda Əhmədlə Məmməd adında iki dost var, onların sirrini öyrənib gəlib mənə deyəsən, sonra da mən sirrimi deyəcəm. Məlik dərvişlərin yanından çıxıb başladı yol getməyə, az getdi, çox getdi, dağlar aşdı, dərələr keçdi, gedib Yəmənə çatdı. Gördü şəhərin kənarında bir çoban qoyun otarır. Amma özü namaz qılır. Məlik yavaş-yavaş çobana yaxınlaşdı, gördü çoban namaz qılmağı əməlli bilmir. Elə bircə kəlmə: ağ qoyun, qara qoyun, başımı yerə qoyum, Allahü əkbər, – deyib başını yerə qoyur. Məlik gözlədi, çoban namazı qurtarannan sonra soruşdu:
– Ay çoban qardaş, bəlkə sən biləsən buralarda Əhmədnən Məmməd adında iki dost var, onlar harda olurlar?
Çoban dedi:
– Elə mən onların qoyunlarını otarıram. Odu bax, o uzaxda görünən hündür imarət onlarındı.
Məlik bir xeyli gedib həmən yerə çatdı. Qapını döydu. Qapıya Əhməd özü çıxdı. Məlik xəbər aldı:
– Bura kimin evidi?
Əhməd dedi:
– Mənim.
Məlik dedi:
– Mən qərib adamam, qalmağa yerim yoxdu, özü də siznən işim var. Məni bir gecəliyə qonax saxlarsanmı?
Əhməd dedi:
– Qardaş, qonağa gözüm üstə yerim var, buyurun içəri. Əhməd qonağı apardı evə. O üzdən-bu üzdən söhbət eləyənnən sonra ortalığa yemək gətirildi. Əhməd qonağa yemək təklif elədi. Məlik əlini süfrəyə uzatmadı. Kişi nə qədər elədisə, Məlik yemədi.
Əhməd dedi:
– Niyə mənim çörəyimi yemirsən?
Məlik dedi:
– Qardaş, Allahdan gizlin deyil, bəndədən nə gizlin.
Mən gəlmişəm sənnən dostun Məmmədin sirrini öyrənəm əgər bu sirri deməsən əlimi süfrəyə uzadan deyiləm.
Əhməd gördü ki, qonağı çox tərs adamdı, sirri deməsə, əlini süfrəyə uzatmayacax. Odu ki, dedi:
– Ey qonaq, mənim sirrimi öyrənməkdən nədi məqsədin?
Düzünü desən sirrimi sənə açaram.
Məlik bütün başına gələn əhvalatları biz sizə söylədiyimiz kimi söylədi. Əhmədin qonağa yazığı gəldi, dedi:
– Qardaş, mütəkkəyə dirsəklən, mən öz sirrimi sənə açım.
Məlik mütəkkəyə söykənib Əhmədə qulaq asırdı. Əhməd deyirdi:
– Qardaş, mənim cavanlıxda çoxlu dostlarım varıydı. Gündə bir dostumnan keyf çəkib gün keçirərdim. Bir gün atam dedi:
– Oğul, sənin bu qədər dostun var, heç onları bir sınayıbsanmı?
Mən dedim:
– Ata, yox, mən bilirəm ki, onlar mənim yaxın dostlarımdı. Görmürsənmi hər gün gəlirlər yanıma, məni güldürürlər, darıxmağa qoymurlar, özlərindən də heç bir pislik görməmişəm.
Atam dedi:
– Oğul, sən hələ uşağsan, adam hər üzünə gülənə dost deməz. Onların çoxusu yemək dostudu, indi az-çox dövlətimiz var. Çibin şirəyə yığılan kimi onların da çoxu yeməyə içməyə gəlir, gülür, danışır, sən də elə bilirsən ki, səni istəyib gəlirlər. Sən gəl bir-bir bu dostlarının ürəyini sına.
Atamın bu sözünnən sonra günlərin birində bir qoyun öldürüb saldım bir çuvala, ağzını da bağlayıb aldım dalıma, axşam şər qarışanda düşdüm qapı-qapı bu dostlarımın evinə, qapını döyüb dostumu çağırdım. Dostum qapıya çıxanda çuvalı yerə qoyub dedim:
– Ey mənim dostum! Bu gün əlimnən bir xata çıxıb, vurub padşahın adamlarınnan birini öldürmüşəm. İndi onun meyidini bu çuvala salıb gətirmişəm ki, sizdə gizlədəm, sən nə deyirsən?
Dostum qaşqabağını töküb dedi:
– Vallah doğrudu, mən sənnən dostam, amma belə şeyləri mən məhləmə qoya bilmərəm. Qorxuram üstü açıla, padşah dərimə saman təpə.
Mən nə qədər yalvar-yapış elədimsə, dostum razı olmadı, axırda qapını üzümə bağlayıb dedi:
– Canım əl çək yaxamnan, qələt eləmədim ki, sənnən dost oldum, indi olmuram.
Çuvalı dalıma götürüb bütün dostlarımın qapısına getdim. Əhvalatı söyləyən kimi hamısı qapını üzümə bağlayıb məni qovdular. O gecə düz otuz doqquz dostumun evinə getdim, heç biri məni evinə yaxın qoymadı. Kor-peşman qayıdıb gəlirdim evimizə, birdən yadıma düşdü ki, yolun qırağında mənim bir köhnə tanışım var. Onunla o qədər də yaxın deyildim. İstədim bunun qapısını döyəm, ürəyimə gəldi ki, gecə-gündüz evimdə yeyib-içən dostlarım mənim bu dar günümdə mənə yiyə durmadı, bu mənə necə yiyə durar? Birdən lənət şeytana deyib, qapını döydüm, incavara kişi özü çıxdı. Salamlaşıb dedim:
– Vurub padşahın bir adamını öldürmüşəm, indi onu gizlətməyə yer tapmıram, gəlmişəm sənin üstünə ki, mənə bir köməklik eləyəsən.
Kişi dedi:
– Əvvəla sən adam öldürməkdə çox pis iş görübsən. Daha olan olub, keçən-keçib, indi gərək sənə kömək eləyəm. Kişi bel, külüng götürüb dedi:
– Düş qabağıma, gedək meyidi şəhərin qırağında bir yerdə basdırax. Biz ikimiz də yol başlayıb getdik. Bir az gedənnən sonra kişi çuvalı mənnən aldı ki, sən yorulubsan, ver bir az da mən götürüm. Mən çuvalı vermək istəmədim, amma zornan əlimdən aldı. Gedib bir balaca arxın qırağına çatdıx. Bu arxın lap böyründə bir çuxur qazıb çuvalı yerə basdırdıx, üstünü torpaxlayandan sonra kişi dedi:
– Dostum, gəl bu arxı bir balaca bəridən qazax, su düz meyidin üstünnən axsın. Heç kimin ağlına gəlməsin ki, burda bir şey var.
İkimiz də arxı bir azca bəridən qazıb əydik, su düz qazdığımız yerin üstünnən getdi. Sonra mən kişidən çox razılıx elədim, qayıtdım evimə. Sabah açıldı, getdim həmən dostumun yanına ki, ona yenə razılıx eləyəm. Dedilər evdə yoxdu, filan bəyin toyuna gedib. Öz-özümə fikirləşdim ki, bu, dostluxda sədaqətli adama oxşayır. İndi də qoy bunun söz saxlayan olub-olmamasını yoxlayım. Odu ki, düz getdim həmən dostum gedən toy məclisinə. Gördüm şəhərin nə ki mənəmmənəm deyən adamları var hamısı burdadı. Düz girdim içəri, gördüm dostum yuxarı başda əyləşib. Dostumun adı Məmməd idi. Səsimi boğazıma salıb dedim:
– Ə, sənin atan belə, anan belə, bir çıx eşiyə, gör sənin başına nə oyun gətirəcəm.
Dostum mənim bu sözümnən heç keyfini də pozmadı dedi:
– Ə, Əhməd, yeri get, arxayın ol, söymürsən, nə istəyirsən de, qorxma, demərəm ki, su nəyin üstündən axır.
Mən dostumdan bu sözü eşidən kimi başa düşdüm ki, bu çox möhkəm adamdı.
O günnən Məmmədə məhəbbətim bir idisə, oldu min. Gediş-gəlişimiz günü-günnən artdı. Bir gün Məmməd yenə bizə gəlmişdi oturmuşdux küləfirəngidə çay içirdik. Birdən küçədən mənim nişanlım anasıynan getdiyi yerdə Məmməd onu gördü. Məmməd bu barədə mənə bir kəlmə də söz deməyib birdən-birə çıxıb getdi. O günnən mən onu həmişə fikirli görürdüm. Nə qədər eləyirdim dərdini mənə demirdi. Axırı bir gün xəncəri çıxardıb dedim:
– Əgər dərdini mənə deməsən, özümü öldürəcəm. Məmməd gördü doğrudan da mən xəncəri soxacam qarnıma.
Odu ki, dedi:
– Əhməd, Allahdan gizlin deyil, bəndədən nə gizlin, sizin küləfirəngidə oturanda küçədən bir qız keçirdi, onun məhəbbətini salmışam ürəyimə, indi dözə bilmirəm.
Mən o saat başa düşdüm ki, Məmməd mənim nişanlımı görübdür. Heç bu işin üstünü vurmadım, dedim:
– Məmməd, bu nə çətin işdi ki, sən fikir çəkirsən? Bir həftəyətən o qızı sənə alaram.
Məmmədi sakit eləyib düz gəldim evə. Ata-anama əhvalatı söylədim ki, bəs belə, dostum Məmməd mənim nişanlıma aşiq olub, mən gərək qızı ona verəm. Ata-anam nə qədər dedilər ki, ay oğul elə də iş olar? Gəl sən bu sevdadan əl çək!
Xəncəri çəkib dedim:
– Vallah bu işi Məmmədə bildirsəniz özümü öldürəcəm. Ata-anam qorxub sakit oldular. O günnən toy tədarükünü gördük.
Sabah toydu deyəndə atamnan anamın dərddən ürəkləri partladı, öldülər. Qohum-qardaş yığışdı, başladılar ağlaşmaya. Məmməd bilməsin deyin mən adamlara tapşırdım ki, yası saxlayaq toydan sonraya, hər kəs ata-anamın öldüyünü Məmmədə bildirsə, onun başını bədənindən ayıracam.
Səhər açıldı. Məmmədin heç nədən xəbəri yox idi, toy başlandı, qızı gəlin apardıx. Sonra gəlib xəlvətcə, səssiz-küysüz ata-anamı dəfn elədim.
Bu əhvalatı nişanlıma da dedirtmişdim. O da Məmmədə bu haqda heç nə demirdi. Amma qız xifətdən dura bilmirdi. Odu ki, Məmmədə dirənir ki, mən bu şəhərdə qalmax istəmirəm, gəl köçək ayrı bir yerə gedək. Belə bir iş elə bil Məmmədin də ürəyinnən imiş. Ev-eşiklərini də satıb, ata-anasını, bacısını da götürüb köçürlər özgə bir vilayətə.
Aradan bir müddət keçdi. Gördüm ki, mənim nişanlımı öz əlimnən özgəsinə verməyimi hamı bildi, başladılar mənə rişxənd eləməyə. Bu sözə dözə bilmədim. Bir bacım qalmışdı, onu da götürüb getdim özgə bir vilayətə. Düşdüm qəribçiliyə, heç yerdə iş-güc tapmadım, əlimdə olan pulum-param da qurtardı, cır-cındır paltarın içində qaldım. Bir də öyrəndim ki, dostum Məmməd bu şəhərdə olur. Yeməyə bir tikə çörəyimiz yox idi, mən cəhənnəmə, bacım acınnan taqətdən düşmüşdü. Fikirləşdim ki, gedim heç olmasa Məmmədi tapım, bir az ondan borc alım. Soraxlaşa-soraxlaşa gedib qapısını tapdım. Gördüm arvadıynan çıxıb gedirlər. Yavaşca onu bir yana çəkib dedim:
– Qardaş, hal-qəziyyə gəlib bu şəhərə çıxmışam, pulum, yerim yoxdu, mənə bir az əlborcu ver. Gördüm Məmməd heç üzümə də baxmaq istəmədi, eləcə çıxardıb beş-on tümən pul verdi, sonra çıxıb getdi. Mən Məmmədi belə soyux görəndə istədim pulunu təpəsinə vurum, fikirləşdim ki, bacım yazıx acınnan ölür, heç olmasa bu pula bir az şey-şüy alım aparım yesin. O gecə gedib bacı-qardaş karvansarada qaldıx. Səhər tezdən bir də gördüm bir arvadla bir cavan qız gəlib mənə dedilər:
– Oğul, görürəm siz qərib adama oxşayırsınız. Bizim burda yeddi otağımız var, hamısı boşdu, gedək siz də olun mənim uşağlarım, anabala kimi bir yerdə dolanax.
Mən gördüm ki, buralarda onsuz da ev-zad tapmax mümkün deyil, bir də yeməyə heç nə tapmıram, evə pulu hardan tapacam. Razı oldum, durub arvadın evinə getdik. O günnən arvad bizə öz uşağları kimi baxdı.
Bir gün evdən çıxıb bazara gedirdim. Bir də gördüm bir qoca kişi qabağımı kəsib dedi:
– Oğul, mən sənin atana on iki kisə qızıl borcluydum, indi öyrənmişəm ki, o ölübdü, sən də onun oğlusan. Odu ki, al, bu pullar sənə çatacax.
İstədim almayam, kişi əl çəkmədi:
– Oğul, elə şey olmaz, məni kişinin yanında şolüzümmə eləmə.
Pulu aldım, gətirib xərcləyib dolandıx. Bir gün oturmuşdux, birdən mənə ev verən arvad dedi:
– Ay oğul, sən görürsən üzümüz-gözümüz sənə necə öyrənib, mənim də qızım yekələnib, ərə gedəsi olub, elə gəl Allahın əmriynən qızımı verim sənə, toyunuzu da özüm eləyim.
Mən çox götür-qoydan sonra razı oldum. Toy tədarükü görüldü.
Sabah toydu deyəndə qızın anası dedi:
– Oğul, indi de görüm toya kimləri çağırax?
Mən dedim:
– Vallah mən burda qərib adamam, heç kimi tanımıram, kimi istəyirsən çağır.
Arvad razı oldu, adamları çağırdı, məclis quruldu. Adamlar bir-bir, iki-iki xonçalı-zaddı toya gəlirdilər. Lap axırda Əhməd gördü ki, köhnə dostu Məmməd də arvadıynan toya gəldi. Bunlar gətirdikləri xonçanı yerə qoyanda Əhməd səsləndi ki, onların xonçalarını qaytarın, mənə lazım deyil, namərd adamdılar. Camaat hamısı bu işə məəttəl qaldı, dedilər:
– Əhməd, axı bir bizi başa sal görək ki, bunun taxsırı nədi, sən onun xonçasını qaytarırsan?
Əhməd əhvalatı axıra kimi, hətta nişanlısını Məmmədə verdiyini, ata-anasının dərddən çərləyib öldüyünü, Məmmədin bu şəhərdə ona üz vermədiyini belə söylədi. Camaat istədi Məmmədi qovsun, Məmməd dedi:
– Camaat, bir az səbr eləyin, hamısını söyləyim, görün o haxlıdı, ya mən?
Məmməd dedi:
– Əhməd hər nə dedisə, düz deyir, onlar hamısı olub, o mənə çox yaxşılıx eləyib, amma mən də onun əvəzini çıxmışam. Mənim onun nişanlısını almaxda məqsədim onu sınamax idi, həmin günnən onun nişanlısı necə bizə gəlibsə, eləcə də durub. Mən ona bacı gözüynən baxmışam. Qaldı Əhməd deyir ki, yolda mən ona eləcə pul verib üzünə baxmamışam, o da düzdü. Mən gördüm Əhməd cırıx-cındır paltarın içində dilənçiyə oxşayır, nişanlısı onu bu kök də görüb tanımasın, deyibən mən qəsdən ona soyuxlux görsətdim. Amma sonra atama on iki kisə qızıl verib ona yolladım, anamı öyrətdim gedib Əhmədi özünə oğulluğa götürdü, həmən o evində qaldığı adam mənim anamdı, bu gün toyunu elədiyimiz qız da mənim doğmaca bacımdı, Əhmədə veririk. İndi Əhmədin nişanlısını da gətirmişəm, istəyir öz nişannısını alsın, istəyir bacımı. Mən gördüm ki, Məmmədin dediklərinin hamısı doğrudu. Odu ki, dedim:
– Məmməd, kişinin sözü bir olar. Elə əvvəldən nişanlımı sənə vermişəm, o sənin, bacın da mənim.
Camaat hamısı bizim bu dostluğumuza əhsən dedi. O vaxtdan biz bu şəhərə köçüb burda şenniy salmışıx. Oğul, indi bil, agah ol ki, bizim sirrimiz bu idi. Məlik bir də baxıb gördü xoruzlar banlayır, səhər açılır. Kişidən çox razılıx eləyib, atını minib qayıtdı dərvişlərin yanına. Başladı ki, Əhmədnən Məmmədin sirrini söyləməyə, dərvişlərin biri dedi:
– Oğul, gəl sən heç əziyyət çəkib o sirri söyləmə, onsuz da biz onların hamısını bilirik.
Məlik dedi:
– Ağa dərviş, siz ki, bu sirri bilirdiniz, bəs məni niyə ora göndərirdiniz? Dərviş dedi:
– Oğul, biz gördük sən keçəl kimi dostun qədrini bilmədin, heç nəyin üstə onun ölümünə bais oldun, səni ora göndərdik ki, get gör dünyada nə cür sədaqətli dostlar var. İndi burdan gedərsən, sənin arvadın hamilədi, onnan bir uşağın olacax. O uşağı aparıb keçəlin sinəsinin üstün də başını kəsərsən. Uşağın qanı axan kimi keçəl axsırıb diriləcək,
bədəninin daşı da tamam töküləcək.
Dərviş əlavə bir şüşə sehirli su, bir də bir quş lələyi verdi ki, uşağın başını kəsəndən sonra bu lələynən o sudan uşağın boğazına çəkərsən, o da dirilər.
Məlik sehirli suynan lələyi də götürüb sevinə-sevinə gəldi evlərinə. Dərviş deyənlərin hamısını elədi. Keçəli diriltdi, uşağı sağaltdı, öz bacısını da keçələ verib yeddi gün, yeddi gecə toy elədi. Onlar yeyib-içib yerə keçdilər, siz də yeyin-için ömür sürün. Göydən üç alma düşdü, biri mənim, biri nağıl söyləyənin, biri də özümün. Mən sağ, siz salamat, siz yüz yaşayın, mən iki əlli, hansı çoxdu siz götürün, yerdə qalanını verin mənə.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo