24.10.09
Yeddi dağ alması

Biri var idi, biri yox idi, günlərin bir günündə Bir padşah var idi. Bu padşahın bir qızı var idi, adı da Pərinuş xanımdı. Pərinuş o qədər gözəldi ki, dünyada elə gözəl qız yoxdu. Ölkələrdən yığın-yığın padşah, vəzir, tacir oğulları Pərinuş xanıma elçi göndərirdilər. Amma Pərinuş xanım heç kimə dil vermirdi.
Bir gün padşah, qızı Pərinuşu çağırtdırıb xəbər aldı ki:
– Qızım, gündə filan qədər elçi gəlir, nə deyirsən? Kimi bəyənirsən de, o adama da nigah kəsdirək.
Pərinuş dedi:
– Mehriban ata, mən ərə getmək istəmirəm.

Padşah dedi:
– İndi ki, belə oldu, öz ixtiyarın özündədi. Kimi istəsən ona da gedə bilərsən. Pərinuş durub atasının yanından, gəldi öz mənzilinə, çox fikir elədi, amma ürəyinə yapışan bir adam tapa bilmədi. Aradan bir neçə müddət keçdi. Pərinuş çox darıxmışdı, atasına bir belə kağız yazdı ki: Atayi-mehriban, anam ölən gündən bəri sənin bağına gəzməyə getməmişəm. İzin ver, gedim bağa. Yazıb kağızı göndərdi atasına. Padşah kağızı alıb oxudu, gördü ki, qızı Pərinuş bağa getmək istəyir. Bağban üçün xəbər göndərdi ki, “Qızım bağa gələcək, bağı sahmana sal! Bir nəfər kişi cinsindən bağda olsa,
vay sənin halına”. Bağban bu xəbəri eşidən kimi düşdü əl-ayağa. Bir günortaya bağı sahmana salıb padşaha xəbər göndərdi ki, bağ hazırdı. Pərinuş qırx qızları götürüb gəldi bağa. Pərinuş gördü ki, bağban bağı çilçıraqban eləyib. Burda güllər, bülbüllər, hər nə meyvəcat istəsən vardı. Baxdıqca adam həsəd aparır. Ətirli bir çəmən üstə taxtın qurub, başladılar çalıb oynamağa. Yemək vaxtı çatdı, yemək yeyildi. Pərinuş yeməkdən sonra yıxılıb yatdı. Pərinuş yumşaq yataqda yatmışdı, qırx qız da yanında onun qarovulunu çəkirdi. Sənə xəbər verim kimdən, bağbanın oğlu İbrahimdən. Bağban oğlu İbrahim işdən gəlirdi, çox bərk yorğundu. Girib bağa gördü ki, heç kəs yoxdu. Çıxıb çarhovuz üstə əl-üzünü yuyub, yıxılıb yatdı. Bir vaxtı Pərinuş yuxudan ayılıb qırx qıza dedi ki:
– Siz burada olun, mən gedim çarhovuz üstə, əl-üzümü yuyum gəlirəm. Qırx qız orda qaldı. Pərinuş isə kölgəliyini əlinə alıb üz qoydu çarhovuza tərəf. İstədi çıxıb əl-üzünü yuya, nəfəs eşitdi. Tez dönüb bir neçə qədəm getdi, istədi qırx qızı çağıra harayına, sonra da özlüyündə dedi: Qoy tək gedim, görüm kimdi atamın bağında belə rahat yatıbdı.
Pərinuş özün yetirdi qaysı ağacının altına. Bir o yana, bir bu yana baxıb, gördü ki, yumşaq göy otun üstə bir oğlan yatıb, üzünə cib yaylığı salıb. Pərinuş sol əlin vurub belinə, sağ əlini uzadıb oğlanın üzündən yaylığı götürüb atdı. Görən kimi tanıdı ki, bu, bağbanın oğlu İbrahimdi. İbrahim çox gözəşirin oğlandı. Pərinuşla da həmyaşdı. Pərinuş dizin vurub yerə, bir xeylaq İbrahimə baxdı. Məhəbbətin saldı ürəyinə dedi, gərək İbrahimə gedəm. Əlindəki ətirli yaylığı çəkib İbrahimin üzünə, oturdu başının üstə. İstədi oyada İbrahimi, bir az gülüb danışa, qıymadı. Bu tərəfdən də qızlar Pərinuşu çox gözlədilər, axır gördülər ki, Pərinuş gəlib çıxmadı, durdular çağırmağa. Pərinuş qızların səsin eşidən kimi, durub ayağa, qızları çağırdı. Qorxdu ki, sirri açıla. Qızlar gəlib çatdılar. Pərinuş dedi:
– Ey çəpəllər, məgər bilmirsiz ki, mən bağdayam, bu kimdi yatıbdı. İndi atam bilsə hamınızın boynun vurdurar.
Qızların hamısı yarpaq kimi Pərinuşun qabağında əsirdilər. Pərinuş əmr verdi ki, İbrahimi götürüb aparsınlar öz otağının altında bir otaq vardı, salsınlar ora, özü İbrahimin tənbehin edəcək. Qızlar qaş qaralanı gözlədilər. Qaş qaralan kimi İbrahimi götürüb gəldilər, Pərinuşun otağının altında boş bir otaq vardı, salıb İbrahimi otağa çıxıb getdilər. Pərinuş tez özünü İbrahimə yetirdi. İbrahim ayılıb gördü ki, o, bağda yatmışdı, amma indi evdədi, özü də padşah qızı oturub başı üstə, İbrahimi xof götürdü, istədi Pərinuşu qoyub qaça, Pərinuş İbrahimin qabağını kəsib qoymadı qaça, dedi:
– İbrahim, qaçma, səni mən götürmüşəm bura.
İbrahim bir şey başa düşmədi, istədi gedə, Pərinuş İbrahimin qabağını tutub qoymadı.
İbrahim dedi:
– Xanım, mən bir bağban oğlu, sən bir şah qızı, mən hara, sən hara?
Pərinuş baxıb gördü ki, İbrahim onu sınaqdan keçirir, dedi:
– Gəl məni sınaqdan keçirmə! Göz görüb, könül sevib, atam min deyə, mən səninəm ki, sənin. İbrahim Pərinuş xanımdan keçə bilmədi. Hər iki aşiq qol boyuna salıb, öpüşdülər. Pərinuş bütün gecəni səhərə kimi İbrahimlə bir otaqda qaldı. Səhər durub İbrahimə bir dəst paltar geydirib, pul verib göndərdi hamama, İbrahim geyinib-kecinib, gəldi Pərinuşun yanına. Pərinuş İbrahimi bu paltarda görən kimi əlin salıb boynuna, dedi:
– İbrahim, ta səbir eləyə bilmirəm, gərək bu işi tez qurtaraq.
İbrahim dedi:
– Çifayda ki, bir şey çıxmayacaq.
Pərinuş dedi:
– Ey sevgilim, nədən bir şey çıxmaz?
İbrahim dedi:
– Doğrusu qorxuram ki, atan səni mənə verməsin. Bir də işdən xəbərdar olub boynumuzu vurdura.
Pərinuş dedi:
– Qorxma, mən özümü naxoşluğa vuraram. Ta o vaxta qədər ki, bütün həkimlərdən atamın əli üzüldü, sənə xəbər göndərərəm, sən gəlib atamla şərt bağlayasan. O, şərtinin üstə duracaq. Ad olar ki, məni naxoşluqdan sən sağaldıbsan, sonra mən səninəm. İbrahim razı oldu. Sabah olub Pərinuş özün vurdu naxoşluğa, atası üçün xəbər göndərdi. Padşah Pərinuşun naxoş olmasın bilib, durub gəldi qızının yanına. Pərinuş atasının gəlməyini bilibən, tez üzünə zəfəran çəkib, rəngini sarımtıl eləyib girdi yerinə. Padşah gəlib Pərinuşun yanına, qızın əhvalın xəbər alıb gördü ki, qızının dili, ağzı tutulub, heç danışmır. Sir-sifəti elə dönüb ki, elə bil meyiddir. Padşah tez durub ayağa, gedib çıxdı taxtına, vəziri çağırtdırıb dedi:
– Vəzir, şəhərimdə nə ki, həkimlər var, çağır, qızıma əlac eləsinlər. Qızımın əhvalın çox pis görürəm.
Vəzir baş əyib getdi. Ta şəhərlərdə həkim qalmadı çağırmamış olalar, heç biri Pərinuşu sağalda bilmədi. Padşaha xəbər xəbər üstündən gedirdi ki, bəs qızın Pərinuşun əhvalı günü-gündən xarab olur. Padşahın axırda əlacı kəsilib əmr verdi ki, hər kim qızım Pərinuşu sağaltsa, qızımın kəbinini kəsdirib sağaldan adama verəcəyəm. Yazılıb divarlara vuruldu. Hər kim oxuyurdu, deyirdi ki, o qız sağalmaz, getməməyimiz yaxşıdı. Eşit İbrahimdən. İbrahim Pərinuşdan alan kimi, özün yetirdi padşahın yanına. Baş əyib ədəb salamın yerinə yetirdi. Padşah İbrahimdən xəbər aldı ki, niyə gəlmisən?
İbrahim dedi:
– Gəlmişəm qızın Pərinuşu sağaldam.
Padşah dedi:
– Çox yaxşı. Neçə günə? Nə şərtlə?
İbrahim dedi:
– İki gün möhlət ver mənə, əgər qızını sağaltsam, qızın mənimdi, sağalda bilməsəm boynumu vurdur!
Padşah razı olub İbrahimlə kağız bağlaşdılar, adam göndərdi qızının yanına. İbrahim girib Pərinuşun otağına, heç kimi özündən qeyri qoymadı otaqda qala. Qapıları bağlayıb Pərinuşla başladılar keyfə. İki gün tamam olanda İbrahim gəldi padşahın yanına. Ədəb salamını yerinə yetirdi. Padşah İbrahimə yer göstərdi, İbrahim əyləşdi. Pərinuşu
İbrahimdən xəbər aldı. İbrahim dedi:
– Pərinuş sağalıbdı.
Padşah İbrahimə inanmadı. Əmr verdi ki, İbrahimi saxlasınlar, özü durub gəldi Pərinuşun yanına, gördü Pərinuş sağalıbdı. Oturub qızı ilə danışıb, bir az da əhval tutub, lap inanıb durub gəldi vəzirin yanına, dedi:
– Vəzir, İbrahim Pərinuşu sağaldıbdı. Mənim də şərtim vardı, kim qızımı sağaltsa, qızımın kəbinini ona kəsdirib toyun edəcəyəm. Nə deyirsən, mənə bir tədbir, yoxsa qız əldən çıxar.
Vəzir gedib fikrə, dedi:
– Heç əlac yoxdu. Ya Pərinuşu verməlisən, ya oğlanın başını batırmalısan.
Padşah xəbər aldı ki:
– Nə yolla?
Vəzir dedi:
– Şəhr Qəzvində yeddi dağ var. O dağların adına “Yeddi dağ” deyirlər. Göndər İbrahimi oradan alma gətirə. Ora gedən dala gəlməz.
Padşah razı olub, durub gəldi İbrahimin yanına, dedi:
– İbrahim, gərək mən sənin mərifətini biləm. Əgər mənə Yeddi dağ almasından üç alma dərib gətirsən, qızım Pərinuşu sənə verdim, yox, götürüb gələ bilməsən, mənim səninlə qohumluğum tutmaz.
İbrahim razı olub durub mürəxxəs oldu padşah qulluğundan, özün yetirdi Pərinuşa. Pərinuş İbrahimi görüb xəbər aldı ki:
– Necə gəldin?
İbrahim dedi:
– Padşah məndən Yeddi dağ alması istəyir. Bilmirəm ki, yeri haradı.
Pərinuş çoxbilən idi. Bildi ki, bu vəzirin hiyləsidi, dedi:
– Gəl getmə! Getsən qayıtmazsan. Atam səni gedər-gəlməz yola göndərir.
İbrahim razı olmadı, çünki padşaha söz vermişdi, dedi:
– Yeddi dağ almasını qırx günə gərək gedib gətirəm.
Pərinuş bu sözü eşidən kimi qara gözlərindən yaş axıtmağa başladı. Bir neçə damcı töküldü yanaqlarının üstə. İbrahim alıb Pərinuşun başın qoydu dizi üstə, dedi:
– Gəl sən qırx gün üçün darıxma, izin ver gedim.
Pərinuş razı olub İbrahimi yola saldı. İbrahim at minib üz qoydu şəhərdən çıxmağa. Az gedib, çox dayandı, neçə mənzil keçib gəlib çatdı çöllü-bəri-biyabana. İbrahim bərk yorulmuşdu, çəkib atın bir sərin bulağın üstə yancidar elədi, özü də uzanıb dincəlməkdə olsun, bir vədə gördü ki, bir dərədən tüstü çıxıb qalxdı havaya. Tüstünün içindən bir dərviş peyda olub, gəlib dayandı İbrahimin qabağında, dedi:
– Ey İbrahim, anan matəmində otursun! Neçə vaxtdı ki, sənin yolunu gözləyirəm. Yeddi dağ alması üçün getmə!
İbrahim dedi:
– Bir başa sal məni, görüm ora necə yerdi, hardadı?
Dərvişlibas dedi:
– İbrahim, gəl şərt kəsək. Mən sənə tilsimi öyrədim, sən də o almalardan birini mənə ver!
İbrahim razı oldu. Dərvişlibas İbrahimi götürüb apardı evinə. Tilsim kitabların açıb tökdü qabağına. İbrahimi düz bir ay ruzigar yanında saxlayıb tilsim öyrətdi. Bir ay tamam olanda Dərvişlibas İbrahimi götürüb gəldi həmin yerə, dedi:
– İbrahim, Yeddi dağ alması mənim qardaşımın bağındadı. Çox igidlər gedib tələf olubdu, o almadan götürüb gələ bilməyiblər. Amma sən gedib götürüb gələcəksən. Burdan quş olub uçub getməlisən. Altı dağ aşarsan, yeddinci dağın döşündə o bağı tapıb düşərsən yerə. İki ağacdan maşa düzəldib, almalardan dərib, çıxıb gəl. Qorxma, ağacda almalar dil olub deyəcəklər ki: “məni dərdilər”, səs gələcək: “kim dərdi”. Deyəcək ki, “ağac”, “ağac ağacı dərməz”. Bu kimi sözlər eşidəcəksən, qulaq asma, çıx gəl!
İbrahim tilsimi oxuyub oldu bir quş, qanad çalıb qalxdı göyə, gəlib çatdı həmin yerə. Gördü ki, bura yeddi dağın döşüdü. Amma burada bir bağ var idi ki, gəl görəsən. Girib bağa, ağacdan tez maşa düzəldib üç alma dərdi. Almalar dil olub dedi:
– Dərdilər.
– Kim dərdi?
– Ağac.
– Ağac ağacı dərməz.
İbrahim bunların sözünə baxmadı. Quş olub qalxdı göyə. Birdən yadına düşdü ki, dərviş üçün alma götürəcəkdi, amma alma üç idi. İbrahim dedi: Allah vurmuşdu dərvişi. İbrahim göylə gedirdi, dərviş də oturub İbrahimin yolunu gözləyirdi. Bu tərəfdən İbrahim yolu kəsmə vurub, kəsmə yolla özün yetirdi şəhərə. Şəhərin qırağında cildin dəyişib
özün yetirdi padşaha. Padşah gördü İbrahim gəlib çıxdı, almaları da özü ilə gətirdi. Boğazının yolu qurudu. İbrahim almaları padşaha verib birbaş gəldi Pərinuşun yanına. İki aşiq qol-boyun olub burada qalmaqda olsunlar, eşit padşahdan. Padşah vəziri çağırtdırıb dedi:
– Vəzir, tədbir! İbrahim gəlib çıxdı, almaları da özü ilə gətirdi.
Vəzir dedi:
– Gəl yolla İbrahimi Nil qoluna. Orada bir çay var, o çayın içində yanan əskilər var ki, gecə-gündüz əjdahalar o əskinin qarovulunu çəkir. İbrahim gedib salamat qayıtmaz.
Padşah razı olub, İbrahimi çağırtdırıb dedi:
– İbrahim, gərək Nil qoluna gedib yanan əskilərdən mənim üçün götürəsən.
İbrahim razı olub bu səfər Pərinuş xanımın yanına getməyib, girib quş cildinə, qalxdı göyə. Yetirib özünü Nilə, həmin qolu tapdı. Gördü ki, neçə parça əskidi suyun altında yanır, amma burada iki əjdaha ya- tıbdı. İbrahim iki sərvəz enib yerə qanadın suya vurdu. Üçüncüdə olub durna, dimdiyini uzadıb əskinin birin götürüb gəldi. İbrahim göylə gəlirdi,
az qalmışdı öz şəhərlərinə çata. Dərvişlibas yerlə gedirdi, görüb İbrahimi, quş olub qalxdı göyə İbrahimi tuta. İbrahim baxıb dala, gördü ki, dərviş gəlir. Tez özün yetirib göydən yerə, olub bir siçan girdi deşiyə. Dərviş gördü ki, İbrahim oldu siçan, istədi enə yerə. İbrahim pis başlamışdı, bildi tutulacaq, oldu tüstü çıxdı deşikdən, bir şir olub dayandı. Dərviş pələng olub gəldi İbrahimin bərabərinə. Durdular vuruşmağa. İbrahim şir cildindən çıxıb oldu bir ceyran, başladı qaçmağa. Dərviş olub tazı İbrahimi tutmaq istədi. İbrahim gördü ki, tutulacaq, bir tilsim oxuyub oldu bostan tağlarında bitən qarpız-qovun. Dərviş olub bir bağban əlinə aldı bıçaq, başladı qarpız-qovunu kəsməyə. İbrahim baxıb gördü ki, qoca dərviş bütün qarpızları kəsib qurtardı, tez olub quş, qalxdı göyə. Dərviş olub bir qırğı, başladı İbrahimi ovlamağa. İbrahim olub bir ovuc darı səpildi çölün düzünə, bir giləsin atıb kolun dibinə gizləndi.
Dərviş dedi:
– İbrahim, ölən günündü.
Dərviş olub bir cücəli toyuq, başladı darını dənləməyə. İbrahim bir tilsim oxuyub, oldu tülkü, çıxıb kolun dibindən, yapışdı dərvişin boğazından, boğub öldürdü. İbrahim dərvişi cəhənnəmə vasil eləyib, əskini götürüb birbaş gəldi padşahın yanına.
Padşah İbrahimi görən kimi dedi:
– İbrahim, əskini gətirdin?
İbrahim dedi:
– Bəli, gətirdim.
Padşah İbrahimin əlindən təngə gəlib dedi:
– Cəllad! Vurun İbrahimin boynunu!
İbrahim bu sözü eşidən kimi olub gürzə ilan, sərilib padşahın boynuna padşahı çaldı, vəziri də cəhənnəmə vasil eləyib, durub gəldi Pərinuşun yanına.
Pərinuş İbrahimi görən kimi qolun salıb boynuna dedi:
– Necə gəldin?
İbrahim bütün əhvalatı Pərinuşa danışdı. Pərinuş çox sevindi. Yeddi gün, yeddi gecə İbrahim toy eləyib Pərinuşu aldı. İbrahim öz atasını da yanına alıb xoş gün keçirməyə başladılar.

 ©  Azərbaycan Xalq Nağılları

Bütün hüquqları qorunur.

https://www.nagillar.az/article/a-62.html