31.10.09
Tacir oğlu

Biri var idi, biri yox idi, qədim zamanda Əhməd adlı bir tacir var idi. Bu tacirin Fərəməz adda bir oğlu var idi. Tacir həmişə bunun fikrini çəkib deyirdi:
– Heyif, mənim zəhmətlə qazandığım dövlətə ki, belə fərsiz oğula qalacaq.
Günlərin bir günü bu tacir bir qonaqlıq elədi. Bütün tacirləri çağırıb, böyük Eyş-işrət məclisi qurdu. Qonaqlıqdan sonra üzünü yoldaşlarına tutub dedi:
– Sizdən bir təvəqqəm var, onu qəbul eləyin.

Tacirlər dedilər:
– Buyur, nə deyirsən, baş üstə.
Tacir dedi:
– Gözümün ağı-qarası bir fərasətsiz oğlum var. Bu qədər zəhmət, zəlalət çəkib var-dövlət yığmışam. İndi qocalmışam, gözlərimə tor gəlib, yeri əməlli görmürəm, bu gün, sabah öləcəyəm, oğlum Fərəməz dövlətimi zay edəcək. Mənim qoca yoldaşlığıma hörmət eləyin. Bu oğlumu ticarət səfərinə gedəndə özünüznən aparın, gözü açılsın.
Tacirlər yerbəyerdən razılıq verdilər, hamı dağılışıb getdi.
Bir neçə gün sonra tacirlər qoca yoldaşlarına xəbər yolladılar ki, sabah səfərə gedirik, oğluna hazırlıq görsün. Tacirin oğlu atasından pul alıb, səfər üçün tədarük düzəltdi. Atası oğluna dedi:
– Oğlum, indi bazara çıx, bir xidmətçi tapginən ki, səfərdə sənə kömək olsun.
Bəli, oğlan bazara getdi. Gördü ki, camaat hamısı şəhər meydanına yığışır. Oğlan da oraya gedib gördü ki, bir adamın meyitini meydanın ortasına qoyub döyürlər. Oğlan camaatdan xəbər aldı:
– Bu meyiti niyə döyürlər?
Cavab verdilər ki:
– Bu adam borclu idi. Borcunu verməyib ölüb, ona görə də bunun meyitini döyürlər.
Oğlan xəbər aldı:
– Bunun nə qədər borcu var imiş?
Cavab verdilər ki, üç yüz tümən.
Oğlan bu pulu verib meyiti aldı, aparıb qəbiristanda basdırdı. Sonra qayıdıb evlərinə gəldi. Tacir gördü ki, oğlu gəlir, xəbər aldı:
– Pulları nə elədin?
Oğlan dedi:
Bir meyiti əziyyətdən xilas edib, onun borcunu verdim.
Atası dedi:
– Afərin oğlum! Yaxşı eləmisən.
Oğlan səhər atasından pul alıb, yenə bazara çıxdı. Bazarda bir nəfər adam ona rast gəldi. Oğlan bu adamdan xəbər aldı:
– Nökər durarsanmı?
O adam dedi:
– Duraram, nə də versən razıyam.
Oğlan ikinci dəfə sualı yenə verdi. O adam yenə belə cavab verdi.
Oğlan onu götürüb gəldi evə.
Səhər səfər tədarükünü görüb qurtardılar.
Tacir oğlunun bir ov iti də var idi, bunu da özlərilə bərabər götürüb yola düşdülər.
Bir xeyli yol gedəndən sonra bir mənzildə düşdülər. Həmən mənzildə gecə qalmaq fikirləri oldu. Nökərin əlinə ox, qılınc verib, ov itini də ona tapşırdılar, dəvələrin, yüklərin qarovulçusu qoydular. Tacirlər də çadırlarda yatdılar. Gecənin bir vaxtında nökər gördü ki, ona tərəf səhradan yavaş-yavaş bir qurd gəlir. Nökər heç səsini çıxarmayıb özünü yuxululuğa qoydu. Qurd gəlib ov itinə yetişdi. Ulayıb dedi:
– Əgər sənin sahibinin ağlı olsaydı, sənin gözlərini çıxarıb, atasının gözlərinə sürtərdi, gözləri işıqlanardı.
İt də qurda dedi:
– Mənim sahibim gərək yuxuda olmayaydı, səni öldürüb, başını kəsəydi, yağını əridib, İsfahan padşahının qızının bədəninə sarmaşan ilanın üzünə çırpaydı. İlan ondan rədd olub, qız şəfa tapaydı.
Bu sözləri eşidən nökər yavaşca oxu çilləyə mindirdi. Vurub qurdu yerə sərdi. Cəld yerindən qalxıb onun başını kəsib heybəsinə qoydu, ov itini də öldürüb gözlərini çıxartdı, özündə saxladı. Bu barədə heç kəsə bir kəlmə demədi. Səhər açıldı; yol gedib, mənzil kəsib, İsfahan şəhərinə çatdılar. Şəhərin yanında tacirlər çadırlarını qurub əyləşdilər. Nökəri heyvanların, şeylərin yanında qarovul qoyub, özləri bazara çıxdılar.
Tacirlər qayıdandan sonra nökər onların qulluğuna gəlib, bazara çıxmaq üçün icazə istədi. Ağası icazə verdi. Nökər heybəsini əlinə alıb gəldi şəhərə. İsfahan padşahının evini xəbər aldı. Nişan verdilər. Nökər əlinə bir neçə təbəqə kağız alıb, İsfahan padşahının hərəmxanasının qabağında o tərəf-bu tərəfə gəzməyə başladı. Xidmətçilər xəbər aldılar:
– A kişi, bu yerdə nə gəzirsən?
Nökər dedi:
– Müsafirəm, tamaşa edirəm, görmədiyim yerlərdi.
Soruşdular:
– Sənətin nədi?
Nökər dedi:
– Təbibəm.
İsfahan padşahına bu xəbəri verdilər. Padşah təbibi yanına çağırıb dedi:
– A kişi, nə sənətin sahibisən?
Nökər dedi:
– Padşahım, mən təbibəm.
Padşah dedi:
– Mənim bir xəstə qızım var ki, ona çox təbiblər gətirmişəm, əlac olmayıb. Əgər sən də təbibsən, mənim qızıma əlac elə!
Nökər dedi:
– Bəli, təbibəm, qızının da əlacını taparam.
Padşah icazə verdi, nökər içəri girib qulluqçuya əmr elədi:
– Mənə bir yanacaq verin, od qalayacağam.
Təbibə yanacaq hazır elədilər. Təbib dedi:
– Mənə bir qazan da verin.
Onu da verdilər. Təbib od qaladı, qazanı qoydu odun üstünə, heybəsindən qurdun başını çıxarıb doğradı, tökdü qazana. Qurdun başını qazanda qaynatdı, yağını süzüb, bir qaba tökdü, sonra xəstə qızın mənzilinə girdi, gördü ki, boğazına bir yekə ilan sarılıbdı. O, qurdun yağından ilanın üzünə çırpdı. İlan o saat qızın boğazından açılıb düşdü.
İsfahan padşahı bu xəbəri eşidib, çox şad oldu. Təbibi yanına çağırıb, qırx gün, qırx gecə toy eləyib qızı ona verdi və onları böyük calalla yola saldı. Onlar gəldilər tacirlərin yanına. Tacirlər nökərdə padşahlıq calalını görəndə bu məsələnin sirrini soruşdular. Nökər dedi:
– Dinməyin, işin hikməti var, sonra söylərəm.
Elə ki hamı dağılışdı, tək qaldılar, nökər ağasına dedi:
– Bu qızı mən özümə yox, sənə almışam.
Qız oğlana getməyə razı oldu. Tacirlər işlərini görüb qurtardılar, səfərdən qayıtdılar. Evlərinə yetişməyə bir mənzil qalmış, nökər yenə də icazə aldı qabaqda evə gəlib, itin gözlərini qoca tacirin gözlərinə sürtdü. Tacirin gözləri açıldı, toru getdi. Nökər dedi:
– İndi oğlunun da calalını görərsən.
Tacirin oğlu da gəlib çıxdı, anası ilə görüşdü, atasının zəif gözlərini açılmış görüb çox sevindi. Tacir də oğlunun səfərdən salamat gəlməyinə, İsfahan padşahının yeznəsi olmağına çox sevindi.
Bu işdən bir neçə gün keçdi. Nökər dedi:
– Mənim ürəyim çox sıxılır, səyahət etmək istəyirəm. Mənimlə bərabər gedək qəbiristana.
Tacir oğlu ilə nökər qəbiristana getdilər. Baxdılar ki, bir açıq qəbir var, taxtalarının hərəsi bir tərəfə atılıb, içində də bir təzə kəfən. Nökər girib bu qəbirdə uzandı. Qəbir onun bədəninə bərabər gəldi. Kəfəni əyninə geyib tacir oğluna dedi:
– İndi mən sənə bir neçə kəlmə axır sözlərimi deyim. Yadına salıram, sən tacirlərlə ticarət səfərinə getmək istəyəndə bazara çıxmışdın, gördün ki, camaat üzüaşağı gedir. Sən də onlara qoşulub şəhər meydanına gəldin.
Gördün ki, meydanın ortasında bir meyiti borclular araya qoyub döyürlər.
Sən həmən adamın borclarını verib xilas elədin. Bil və agah ol, həmən meyit mənəm. O yaxşılığın əvəzində, mən də sənə padşah qızını aldım, atanın gözlərini sağaltdım. İndi bu mənim qəbrimdi. Salamat qal!
Nökər qəbirin içində uzandı, öldü. Tacir oğlunu heyrət götürdü. Bir qədər ağlayandan sonra taxtaları düzüb, qəbirin üstünü torpaqladı.
Sonra qayıdıb evə gəldi. Atası oğlundan xəbər aldı:
– Bəs nökər hanı?
Tacir oğlu əhvalatı atasına nağıl elədi. Atası qulaq asıb dedi:
– Oğul, həmişə hamıya yaxşılıq elə! Görürsən ki, ölüyə də yaxşılıq eyləyəndə yerdə qalmır.

 ©  Azərbaycan Xalq Nağılları

Bütün hüquqları qorunur.

https://www.nagillar.az/article/a-208.html