31.10.09
Keçəl

Biri var idi, biri yox idi, bir qarı var idi. Bu qarının gözünün ağıqarası bir keçəl oğlu var idi. Qarının keçəl oğlu camaatın buzovunu otarardı.
Bir gün Keçəl buzovları yığıb otarmağa aparmışdı. Buzovları bir göy çəmənlikdə otarırdı. Bir də gördü ki, göyün üzünü bulud aldı, yağış yağmağa başladı. Keçəl o saat paltarını soyunub bir daşın altında gizlətdi. Bərk yağış yağdı. Yağış kəsəndən sonra Keçəl paltarını daşın altından çıxardıb geydi.
Eşit şeytandan. Şeytan adam paltarında gəzirdi. Onun güzarı keçəlin yanına düşdü. Gördü keçəlin paltarı qupqurudu, heç islanmayıbdı.

Şeytan təəccüb eləyib Keçəldən soruşdu:
Ay, Keçəl, bu yağışda sənin paltarın niyə islanmayıb?
Keçəl cavab verdi:
– Bunun əməli var, eləyirəm, paltarım islanmır.
Şeytan dedi:
– Keçəl, gəl onu mənə öyrət.
Keçəl dedi:
– Sən mənə bir yaxşı əməl öyrət, mən də onu sənə öyrədim, əvəzəvəzi olsun. Şeytan dedi:
– Ay Keçəl, mən sənə nə əməl öyrədim?
Keçəl dedi:
– Sən mənə elə əməl öyrət ki, oxuyub hər kəsə üfürsəm, yerə, divara yapışsın.
Şeytan istədi onu aldatsın, dedi:
– Əvvəlcə sən fənd-felini öyrət, sonra da mən öyrədim.
Keçəl dedi:
– Aldada bilməzsən. Əvvəl sən öyrədəcəksən, sonra da mən.
Bir az cəhl çəkəndən sonra, şeytan razı oldu, yapışdırmaq əməlini ona öyrətdi, dedi:
– Di, sən öyrət!
Keçəl dedi:
– İndi bu saat öyrədim. Qardaş, gördün ki, göyə bulud gəldi, yağış havası var, o saat paltarını soyun, bir daşın altında, ya kahada gizlə, yağış kəsəndən sonra genə əyninə gey.
Şeytan dedi:
– Sənin əməlin elə bu idi?
Keçəl dedi:
– Bəli, bundan yaxşı əməl olmaz.
Şeytanla Keçəl başladılar dava eləməyə. Bayaq əldən Keçəl çomağı çəkib şeytanın üstünə cumdu. Şeytan işi fırıq görüb qaibə çəkildi.
Keçəl çox peşman olub, öz-özünə dedi ki, ay dadi-bidad, mən nahaq yerə ondan çox əməllər öyrənmədim.
Bəli, peşmançılıq fayda verməz.
Axşam oldu. Keçəl buzovu yığıb oynaya-oynaya evlərinə gəldi. O saat qarı nənəsinin üzünə dirənib dedi:
– Gedib xanın qızını mənə alarsan.
Nənəsi dedi:
– Ay oğul, xan qızını sənə verməz. Bu sövdadan əl çək.
Keçəl çomağı çəkib dedi:
– Deyəsən mənimlə örkən üstündə darı sərirsən. Sənə deyirəm, get, get!
Qarı çar-naçar gedib, xanın elçi daşının üstündə oturdu. Xan bir adam göndərib dedi:
– Get, gör, qarı yəqin pay istəyir, ver getsin.
Qarının yanına gedib, ona pay vermək istədilər.
Qarı dedi:
– Mən pay almağa gəlməmişəm. Mənim ölmüş oğlum Keçəl xanın qızını istəyir. Ona elçiliyə gəlmişəm.
Adamlar geri qayıdıb xana dedilər:
– Bəs Keçəl sənin qızını istəyir. Nənəsi elçiliyə gəlibdi.
Xan onu rədd eləmək üçün dedi:
– Keçəl gedib dağlardan mənə göy muncuq tapıb gətirsin, qızımı ona verim.
Qarı qayıdıb oğluna dedi:
– Ay Keçəl, səni görüm yerə girəsən. Buzovu buraxdın, xanın qızını istədin. Xan səni gedər-gəlməz yola göndərir.
Keçəl dedi:
– Ay nənə, de görüm, məni hara göndərir?
Qarı dedi:
– Belə tilsimli dağlara, göy muncuğa... qandın?
Keçəl dedi:
– Nənə, mən göy muncuğa gedəcəyəm. Mən gəlincə kəndin buzovunu sən otararsan.
Nənəsi qorxusundan razı oldu. Keçəl çomağını da götürüb fışdırıq çala-çala üz qoydu dağlara tərəf getməyə. Keçəl çox gəzdi, dolandı, axırda göy muncuğu tapıb evlərinə gətirdi, dedi:
– Nənə, göy muncuğu apar, xana ver, qızını mənə al.
Nənəsi göy muncuğu götürüb genə gəldi, elçi daşının üstündə oturdu.
Xan adam göndərdi ki, gedin, görün qarı indi nə deyir. Gəlib gördülər ki, qarı göy muncuğu gətirib. Xana xəbər apardılar:
– Bəs nə durmusan? Keçəl göy muncuğu gətirib.
Xan başın tutub dedi:
– Vəzir, bir tədbir, qız əldən getdi.
Vəzir dedi:
– Nə tədbir, onu elə yerə göndər ki, gedib geri qayıtmasın.
Bəli, Keçəli xanın hüzuruna gətirdilər. Keçəl xidmət məqamında dayanıb dedi:
– Xan, mənim üçün qulluq.
Xan dedi:
– Keçəl, bir söz demirəm, qızı sənə verirəm. Ancaq bu şərtlə ki, dünyada mənim qızıma layiq bir şey var, gərək onu gətirəsən.
Keçəl dedi:
– O nədir?
Xan dedi:
– Uzaq cəzirədə bir bulaq var. Bu bulağın başında bir əjdaha var.
O əjdahanın ağzında bir ləl var. Gərək gedib o ləli qızıma gətirəsən.
Keçəl əlini gözünün üstünə qoyub qapıdan çıxdı. Bərkitdi çarıqların dabanın, qırdı yerin damarın, günə bir mənzil gedib bir şəhərə çıxdı. Keçəl bu şəhərdən bir put qır, bir put da köhnə çaxır aldı. Bunları götürüb, uzun mənzil kəsəndən sonra gedib əjdaha olan yerə çatdı.
Əjdahanın adəti idi, hər günorta çıxıb səyahətə gedərdi. Əjdaha yox idi. Keçəl o saat bulağın gözünü qır ilə möhkəm sıvadı, hovuzunu da boşaldıb içinə çaxır tökdü. Sonra da özü qaçıb kənarda gizləndi. Əjdaha çox susamışdı. Yetirib çaxırdan doyunca içdi. O saat məst olub yerə yıxıldı. Keçəl qılıncını sivirib əjdahanı öldürdü, ləli onun ağzından çıxartdı. Sonra əjdahanın başını kəsib götürdü, daban aldı bir baş xanın yanına. Xan genə vəzir, vəkili yığıb dedi:
– Eviniz yıxılsın, Keçəl bu ölümdən də qurtardı. İndi tədbir tökün, onu elə yerə göndərək ki, getsin, tay gəlməsin.
Vəzir dedi:
– Keçəli göndərin qırx dev tilsiminə. O qırx devin əlində elə bir nar var ki, hər kəs bir dənəsini yesə, on beş yaşında gözəl oğlan olar.
Deyərsən get o narı gətir.
Xan bu tədbirə afərin deyib, Keçəli yanına dəvət eləyib dedi:
– Gərək gedəsən qırx dev tilsiminə, Devlərin əlində bir cavanlıq narı var, onu gətirəsən, sonra qızımı sənə verərəm.
Keçəl kor-peşman evlərinə gəlib, çörəkdən-zaddan götürüb yola düşdü. Çox böyük çətinliknən qırx devin tilsiminə gəldi. Qırx dev qırx günün yuxusuna getmişdi. Keçəl o yana-buyana baxıb, saçlarından asılmış bir gözəl qız gördü. İrəli gedib saçlarını açıb, qızı yerə qoydu.
Qız Keçələ dedi:
– Ey, Keçəl, bura devlərin məkanıdı, onlar yatıblar, indi durub səni öldürəcəklər.
Keçəl dedi:
– Ey nazənin sənəm, qorxma. Bu, devlərin hamısını mən öldürəcəyəm.
Qız dedi:
– Ey Keçəl, bu devlərin canı o şüşədədi. Kim onu bir oxla vursa, hamısı qırılar. Vura bilməsə, daş olub yerə yapışar.
Keçəl bu sözü eşidən kimi dizini yerə söykədi, oxu çilləyə mindirib atdı. Ox yaydan qurtaran kimi şüşənin ortasından dəydi... Bərk şaqqıltı, gurultu qopdu, devlərin hamısı cəhənnəmə vasil oldu. Keçəl baxıb gördü, göy şaqqalandı, bir nərilti eşidildi. Qızdan soruşdu:
– O nədi?
Qız dedi:
– Ey oğlan, bil və agah ol, bu devlərin sehrkar anasıdı. Bizi parçapar ça edəcək. Tez gəl burdan qaçaq.
Qız Keçəllə bərabər bir daşın yanına gəldi, bir dua oxuyub daşa üç dəfə çubuqla vurdu. Bu zaman bir qəmər ülgə kişnəyə-kişnəyə çıxıb, qızın bərabərində dayandı. Oğlan soruşdu:
– Bu nə atdı?
Qız dedi:
– Bu devlərin nənələri minən atın balasıdı. Mən devlərdən bunun yerini öyrənmişəm. Min qaçaq, qurtarsa bizi bu qurtaracaq.
Keçəl narı da götürüb atın belinə sıçradı, qızı tərkinə aldı. At yel kimi uçmağa başladı. Bir zaman sonra qız dedi:
– Keçəl, gör daldan nə gəlir?
Keçəl geri baxıb dedi:
– Xanım, qara duman gəlir.
Qız dedi:
– Bərk sür.
Keçəl genə atı qamçıladı. Bir müddət gedəndən sonra qız dedi:
– Keçəl, bax, gör indi nə gəlir?
Keçəl geri baxıb dedi:
– Xanım, boran, tozanaq gəlir.
Qız dedi:
– Bərk sür!
Bunlar yenə bir müddət getdilər. Qız genə Keçəldən soruşdu:
– Bax, gör indi nə gəlir?
Keçəl baxıb dedi:
– Xanım, bir gün doğdu ki, bütün qara dumanı, boranı qovdu.
Qız dedi:
– Keçəl, atı yavaş sür, tay ölümdən qurtardıq. Bəli, bunlar gəlib evə çıxdılar. Keçəl narı xana aparmaq istəyəndə qız verməyib, ona oxşar bir nar verib dedi:
– Bunu apar, onu özümüz yeyərik.
Keçəl narı aparıb xana verdi. Xan şərtinə əməl etmədi; qızı vermədi.
Keçəl o saat şeytandan öyrəndiyi sehri oxuyub xanı, vəziri, vəkili bir-birinə yapışdırdı. Xan qızı gəlib yalvarıb dedi:
– Bunları azad elə, sənə gedərəm.
Keçəl bir dua oxuyub onu da atasına yapışdırdı. Narı kəsib qızla yedilər, oldular on beş yaşında cavan. Keçəl özünə qırx gün, qırx gecə toy elədi, gətirdiyi qızı aldı, keflə, damaqla yaşayıb ömür sürdülər.

 ©  Azərbaycan Xalq Nağılları

Bütün hüquqları qorunur.

https://www.nagillar.az/article/a-206.html