31.10.09
Şahzadə və qurbağa

Biri varıymış, biri yoxuymuş, əyyamı qədimdə bir padşah varıymış.
Bu padşahın üç oğlu varıymış. Oğlanlar boya-başa çatıb böyüyüblərmiş.
Ataları baxıb gördü ki, övladlarının övlənmək vaxtıdı. Padşah baş vəziri yanına çağırıb dedi:
– Vəzir, sən görürsən ki, mən qocalmışam, ölüm dediyin qaşla göz arasında olan bir şeydi, birdən yıxılıb ölərəm, uşaqlarımın toyunu görmərəm, indi deyirəm onları evləndirim, bu işə sən nə deyirsən?
Vəzir dedi:
– Qibleyi-aləm sağ olsun, bu cür ağıllı sözə nə demək olar? İstəyirsən elə günü sabahdan işə başlayaq.
Padşah vəzirə dedi:
– Vəzir, bəs uşaqlara kimin qızını alax?
Vəzir dedi:
– Ey adil hökmdar, öz dədə-baba qaydamıznan əmr elə, sənin torpağında nə qədər adlı-sanlı adamın qızı varsa, sabah hamısı bəzənib bir-bir sənin sarayının qabağından keçsinlər.

Oğlanların da küləfirəngidən baxıb özlərinə qız seçsinlər. Hansı qız xoşlarına gəlsə, ona bir alma atsınlar; biz də bilək ki, həmin qız kimdi, gedib onu oğluna alaq. Bəli, həmin günü şah əmr verdi, kəndbəkənd, şəhərbəşəhər carçılar hər yerə car çəkdilər ki, padşah oğlanlarını evləndirmək üçün qız seçəcək, sabah özünə güvənən nə qədər qız varsa, hamısı şahın sarayına gəlməlidi. Carçılar car çəkməkdə olsun, bu tərəfdən də padşah küçəbacanı xalı-ziliynən, gül-çiçəynən, çil-çiraxban bəzətdirib səhərisi günü üç oğlunun üçünü də çıxarmışdı küləfirəngiyə. Oğlanların yanında atası, vəzir, vəkil, əyan, əşrəf oturmuşdular. Padşahın vilayətində nə qədər qəşəng qız varıydısa, hamısı gəlib bir-bir şahzadələr olan küləfirənginin qabağından nazi-qəmzə ilə keçirdilər. Aradan bir az keçməmişdi ki, gördülər vəzirin qızı gəlir. Qız gəlib küləfirənginin qabağından keçəndə padşahın böyük oğlu almanı atdı vəzirin qızına.
Bir az keçmiş gördülər vəkilin qızı budu bir şəstnən gəlir ki, elə bil tovuz quşudu. Padşahın ortancıl oğlu da əlindəki almanı vəkilin qızına atdı. Şahın yanındakı adamlar hər iki qardaşa əhsən, bərəkallah dedilər. Axırda növbə gəldi kiçik qardaşa. Bu qardaş da almanı hey əlində tıb-tuturdu. Hamı gözlüyürdü ki, elə indicə kiminsə qızına atacaq.
Qızlar bir-bir gəlib, boylana-boylana keçirdilər. Birdən çaydan bir yekə qurbağa hoppanıb düz yolun üstünə düşdü. Padşahın kiçik oğlu almanı atdı. Alma gedib həmən qurbağaya dəydi. Hamı bu əhvalata məyus oldu. Vəzir, vəkil dedilər:
– Padşah sağ olsun, bu səhv olub, oğlun almanı yəqin qızların birinə atırmış, gedib qurbağaya dəyib. Gərək təzədən ata.
Oğlan bu dəfə də almanı atanda yenə gedib həmən qurbağaya dəydi. Hamı bir təhər olub bu işə mat qaldı.
Vəzir dedi:
– Ey şahzadə, yəqin bu dəfə də səhv olub, atalar üçətən deyib, gərək almanı bir də atasan.
Padşah da əmr elədi ki, o zəhirmar qurbağanı götürüb suya atsınlar.
Adamlar qurbağanı ayaqlarının ucu ilə itələyib çaya saldılar.
Kiçik şahzadə əlindəki almanı üçüncü dəfə adamlara atdı. Amma yerə düşüb yumarlana-yumarlana gedib düşdü çaya. Bir də gördülər həmən qurbağa almanı ağzına alıb çıxdı yolun kənarına. Hamını heyrət aldı, bilmədilər nə desinlər. Axırda kor-peşman düşüb evə gəldilər. Səhəri gün padşah yeddi gün, yeddi keçə toy eləyib vəzirin qızını böyük oğluna, vəkilin qızını da ortancıl oğluna aldı. Kiçik oğluna da toy eləmədilər ki, camaat onları qınayar.
Bəli, günlər, aylar keçdi. Böyük qardaşla ortancıl qardaş şad, keyfləri kök, damaxları çağ ömür sürüb dövran keçirdilər. Kiçik qardaş qurbağa ilə bir daxmada məyus, başı aşağı gününü ah-vayla keçirməkdə olsun, sizə xəbər verim padşahdan. Padşah bir gün oğlanlarını yanına çağırıb dedi:
– Balalarım, mən bilmək istəyirəm ki, görüm sizin arvadlarınızın əl qabiliyyəti varmı? Gedib arvadlarınıza deyərsiniz ki, bir həftəyə kimi hərəsi bir xalı toxusun, görüm kimin xalısı daha yaxşıdır?
Oğlanlar atalarına baş üstə deyib gəldilər evlərinə, atalarının tapşırığını arvadlarına söylədilər. Vəzir, vəkil qızları tez tədarük görüb, xana qurdular, başladılar xalı toxumağa.
Kiçik qardaş atalarının yanından gələndən sonra evdə üzüquylu yıxılıb başladı ax-uf eləməyə. Elə olmuşdu ki, çırtıx vursaydın qanı damardı.
Qurbağa xanım ərini belə bikeyf görüb səbəbini soruşdu. Əri əvvəlcə demək istəmədi. Qurbağa əl çəkmədi ki, gərək deyəsən. Oğlan gördü baş-beyni gedir, əlacsız qalıb dedi:
– Hal-qəziyyə, atam gəlinlərinin qabiliyyətini yoxlamaq üçün xalı toxumağı tapşırıb. O biri qardaşlarımın arvadları başlayıblar toxumağa.
İndi mən qalmışam naçar. Sən nə bilirsən xalı toxumağı, onlar toxuyub aparacaqlar, biz qalacayıq əliboş.
Qurbağa dedi:
– Elə mənə demək istəmədiyin, fikir çəkdiyin budu?
Oğlan dedi:
– Məgər bu az şeydi?
Qurbağa dedi:
– Elə isə sabah sənin xalçan hazır olar, baxıb görərsən olarınkı yaxşıdı, yoxsa bizimki.
Qurbağa xanım sözünü qurtarıb evdən çıxdı. Tullana-tullana getdi yekə bir gölə girdi, orda qurbağalarla nə danışdı, nə danışmadı, qayıdıb gəldi. Gecə yatdılar, səhər oğlan durub gördü vallah evdə bir gözəl xalı var ki, padşahın bütün xəzinəsini satsan, o xalını almaq olmaz. Oğlan bu işə çox şad olub xalını apardı atasına. Atası xalıya baxıb məəttəl qaldı.
Öz-özünə dedi: “Yəqin oğlum bunu hardansa satın alıb”.
Bəli, aradan bir neçə gün keçdi, o biri qardaşlar arvadları toxuduğu xalıları gətirdilər. Gördülər yox, kiçik qardaşlarının gətirdiyi xalının misli-bərabəri yoxdu. Ürəklərində paxıllıq elədilər. Aradan bir neçə gün keçdi, padşah oğlanlarına yenə dedi:
– Oğlanlarım, indi də arvadlarınıza deyin: hərəsi bir paltar tiksinlər, görüm kim yaxşı tikir.
Qardaşlar evə qayıdıb atalarının tapşırığını arvadlarına söylədilər.
Kiçik qardaş bu dəfə də evə bikef gəldi. Qurbağa dedi:
– Ey şahzadə, ürəyindəkini gizlətmə, de görüm atan bu dəfə nə tapşırıb?
Kiçik şahzadə dedi:
– Atam indi də gözəl bir paltar istəyib.
Qurbağa dedi:
– Heç keyfini pozma, sabah paltar hazır olar, apararsan.
Qurbağa sözünü qurtarıb qapıdan çıxdı. Gedib yenə qurbağalı gölün içinə girdi. Qurbağalarla danışıb, ərinin yanına qayıtdı. Axşam oldu, yatdılar, səhər yerlərindən duran kimi oğlan gördü bir qızıl teştdə bir yaşıl örtük var. Örtüyü açıb gördü burda bir qoz var.
Oğlan dedi:
– Bu qoz nədi?
Qurbağa dedi:
– O qozun içində bir dəst şahanə paltar var, aparıb verərsən atana.
Oğlan bu işə də sevinib şad oldu. Qızıl teşti götürüb getdi atasının yanına. Gördü o biri qardaşları da ordadı. Onların hərəsinin arvadı zərdən-zibadan bir paltar tikib, yekə bir xonçaya qoyublar. Bu da gətirdiyi teşti qoydu atasının qabağına.
Padşah əvvəl böyük oğlunun, sonra ortancıl oğlunun gətirdiyi paltarları əyninə geydi. Paltarların biri əyninə yekə oldu, o biri balaca.
Padşah teştin üstündəki örtüyü götürüb gördü ki, içində bir qoz var, dedi:
– Oğul, mən səndən paltar istəmişdim. Bəs bu qoz nədi gətiribsən?
Oğlan dedi:
– Ateyi-mehriban, sənə gətirdiyim paltar həmən qozun içindədi, qozu qır, onda görərsən.
Padşah qozu qırıb gördü bir elə paltardı ki, adam baxanda ağlı heyran qalır. Paltar gün kimi şox salır. Hər sapı min bir rəngə çalır. Özü də elə bil düz əyninə biçilib. Hamı bu işə əhsən dedi. Padşah fikirləşdi ki, kiçik oğlum gətirdiyi xalçaya şübhə elədim ki, onun arvadı qurbağadı, o nə bilir xalı toxumağı, yəqin bazardan alıb, bəs indi bu paltara nə deyim, belə paltarı dünyanın heç yerində satmazlar ki, onu da oğlum ala. Gərək üçüncü dəfə oğlumu bir də sınayam.
Bəli, aradan bir müddət keçənnən sonra padşah oğlanlarını yanına çağırıb dedi:
– Sabah böyük qonaqlığım var, arvadlarınızı özünüznən gətirərsiniz.
Onlara tapşırarsınız ki, özlərinə elə paltar tikib geysinlər ki, mənə gətirdikləri paltarlar onun yanında heç nə olsun.
Bu dəfə kiçik şahzadə evə lap bikef gəldi. Az qalırdı ağlasın. Qurbağa ondan soruşdu:
– Ey şahzadə, yenə nə olub, atan nə tapşırıb ki, belə kefsizsən?
Oğlan dedi:
– Bu dəfəki qara sən deyən qaralardan deyil.
Oğlan nə qədər istədi deməsin, qurbağa and-aman eləyib xəbər aldı. Oğlan dedi:
– Vallah Allahdan gizlin deyil, sənnən nə gizlin. Atamın sabah böyük qonaqlığı var. Bizi də çağırıb. Özü də tapşırıb ki, arvadlarınızla bərabər gözəl geyinib-kecinib gələrsiniz. İndi özün de, mən ora səni necə aparım?
Qurbağa dedi:
– Rəhmətliyin oğlu, burda nə çətin iş var, apararsan, mən də gedərəm.
Oğlan dedi:
– Axı birini bilirsən, birini yox?
Qurbağa dedi:
– Sən səhv eləyirsən, mən elə ikisini də bilirəm. Sənin işin yoxdu, məni də apararsan.
Oğlan elə bildi ki, qurbağa heç nə başa düşmür, daha bir söz deməyib yıxılıb yatdı. Gecədən bir az keçmiş ayıldı, başladı öz-özünə fikir eləməyə ki, yaxşı bu qurbağa deyir məni də apar. Axı camaat onu görəndə mənə nə deyər? Elə bu fikirnən səhərə qədər gözünə yuxu getmədi.
Səhər açıldı, oğlan yanına baxıb öz gözlərinə inanmadı. Oğlan nə görsə yaxşıdı? Qurbağa dönüb elə bir gözəl qız olub ki, adam baxanda az qalır ağlı başınnan çıxsın. Qız nə qız, üzünə baxanda elə bil on beş gecənin ay çıxıb, qaşlar qara, gözlər qara, yanaxlara elə bil qan çilənib, dodaqlar qıpqırmızı lalə kimi, daha nə deyim, gəl məni gör, dərdimnən öl.
Oğlan qızı oyadıb əhvalatı xəbər aldı. Qız dedi:
– Mən qurbağa donumu çıxardıb evdə gizlətmişəm, odu ki, belə insan olmuşam.
Oğlan bu işə çox şad oldu, qıza tapşırdı ki, nə badə birdə qurbağa donunu geyinəsən ha! Qız da ona dedi ki, bax sən də nə badə mənim qurbağa donumu yandırasan ha! Əgər donumu yandırsan, mən yoxa çəkiləcəm, məni tapmaq üçün gərək bir dəmir əsa, bir də dəmirdən çarıx geyib yeddi il gecə-gündüz axtarasan. Çarığın dabanı yırtılanda, asanın da ucu yeyiləndə bəlkə məni bir təhər tapa biləsən.
Bəli, vaxt tamam oldu, kiçik şahzadə arvadını da götürüb getdi atasının məclisinə. Qız özünə minbir bəzək vurub, zərdən-zibadan paltar geyinib, ləl-cavahiratdan, qızıl-gümüşdən o qədər bəzək-düzək vurdu ki, gözəlliyi bir idisə, oldu min. Məclisdəkilər, hamısı mat qaldılar ki, qurbağa dönüb belə gözəl qız olsun, bu lap möcüzədi. Padşah yəqin elədi ki, elə xalını, paltarı qurbağa qız özü hazırlayıbmış, həm də söyündü ki, oğlunun arvadı belə qəşəng bir qız olub. Məclis başlanannan qurtarana kimi hamının gözü kiçik şahzadə ilə arvadında qalmışdı. Amma bu işə o biri qardaşların, həm də arvadlarının paxıllığı tutdu. Elə həmin günnən çarə axtarıb, tədbir tökməyə başladılar ki, qızı bir yolnan itirsinlər. Məclis dağılandan sonra böyük qardaşla ortancıl qardaş kiçik qardaşlarından xəbər aldılar ki, bəs qurbağa qız necə oldu ki, dönüb belə gözəlləşdi.
Kiçik qardaş dedi:
– O qurbağa donunu çıxardıb deyin dönüb insan olub.
Qardaşlar bu sirri gəlib arvadlarına söylədilər. Həmin günnən bir tərəfdən arvadlar, o biri tərəfdən də qardaşlar kiçik şahzadənin başbeynini dəng elədilər ki, bəs sən onun qurbağa donunu yandır ki, bir də dönüb qurbağa olmasın. Oğlan bu sözlərə aldanıb arvadının qurbağa donunu yandırdı. Don yanan kimi hər tərəfi tüstü, duman basdı, elə qaranlıq oldu ki, göz-gözü görmədi. Arvadı yerindən qalxıb dumanın içinə yüyürdü. Bir azdan sonra duman çəkildi, nə qədər axtardılarsa, qızı tapa bilmədilər. Oğlan tutduğu işdən peşman olub başladı fikir eləməyə. Aradan bir müddət keçdi, padşah öldü, yerinə böyük oğlunu qoydular.
Sizə kimnən deyim, vəzirdən. Vəzir çox paxıl adam idi. Özü də tələ qurub padşahlığı ələ keçirmək istəyirdi. Özünü tülkülüyə vurub böyük qardaşla ortancıl qardaşın qılığına girib dedi:
– Ey şahzadə, sən qardaşlarının böyügüsən, onlara ata əvəzindəsən.
Amma kiçik qardaşın sənin paxıllığını çəkir, ondan özünü gözlə, onun könlündən şahlıq keçir.
Vəzir böyük qardaşa bu sözləri deyəndən sonra xəlvətcə düz getdi kiçik qardaşın yanına. Vəzir o üzdən, bu üzdən danışannan sonra yağlı dilini işə salıb dedi:
– Oğul, hərçəndi sənin atan rəhmətə gedib, amma o mənə çox yaxşılıqlar eləyib, məni özünə ən yaxın adam bilib, hər vaxt dara düşəndə mənə məsləhət eləyib. İndi mən onun yaxşılıqlarını yadımdan çıxara bilmərəm. Mən səni özümə oğuldan artıq bilirəm. İstəmərəm ki, sənin dar günün olsun. İndi sənə bir sirri deyəcəm, nə badə açasan. Bil, agah ol ki, qardaşların sənin paxıllığını çəkirlər. Onlar başa düşürlər ki, sən onlardan ağıllı, bacarıqlısan, arvadın da o qədər gözəldi ki, onların arvadları sənin arvadının əlinə su da tökə bilməzlər. Qardaşların sənin başını batırmaq istəyirlər, bax ayıq ol, heç bir sözə inanma; yaxşısı budur ki, bir müddət bu vilayətdən baş götür get.
Vəzir sözünü deyib çıxıb getdi. O gündən qardaşların biri-birinə şübhələri artdı. Kiçik qardaş arvadı itəndən sonra çox bikef olub, üzü gülmürdü, ürəyində qardaşlarına kin bəsləyirdi. Çünki qurbağa donunu onlar yandırtmışdılar. Bəli, narazılıq o qədər artdı ki, böyük qardaş bir gün kiçik qardaşını çağırıb dedi:
– Mənim gözüm sənnən su içmir. Əgər mənim torpağımnan çıxıb getməsən səni zindana saldıracam.
Kiçik qardaş razılıq verib gəldi evə. Elə həmin günü özünə bir dəmir əsa, bir də dəmir çarıq alıb başladı yol getməyə. Öz-özünə dedi:
“Allaha təvəkkül, qabağıma hara gəldi gedəcəm, bəlkə arvadımı tapdım”.
Bəli, kiçik qardaş çəkib çarığın dabanını, qırıb yerin damarını, günə bir mənzil, teyyi-mənazil, nağıllarda mənzil olmaz, qız əlində güllər solmaz, az getdi, üz getdi, dərə, təpə düz getdi, dərələrdən sel
kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, dağların dabanıynan, yolların kənarıynan, axırda gəlib dəryanın qırağında bir qalaçaya rast oldu.
Oğlan gördü bu qalaçanın divarları o qədər hündürdü, quş-quşluğuynan ora səkə bilməz. O yanı, bu yanı axtarıb, qalaçanın darvazasını tapdı. Gördü darvazanın qapısında heç kim yoxdu. Amma darvazanın hər iki yanında bir qurbağa arxası üstə çevrilib, ayaqları göydə qalıb. Oğlanın bunlara yazığı gəldi, qurbağaları arxası üstdən çevirib üzü üstə döndərdi. Bir də gördü o saat darvaza taybatay öz-özünə açıldı.
Oğlan fürsəti fövtə verməyib tez özünü içəri verdi. Gördü bura göz işlədikcə düzənlik, bərri-biyabanlıqdır. İçəri tərəfdə, darvazadan bir az aralı bir ağac var. Ağacın başından bir qurbağanı ayaqlarından asıblar.
Tez xəncərini çıxardıb ipi kəsdi, qurbağa yerə düşən kimi dil açıb dedi:
– Ey bəni-insan, sən mənə bu yaxşılığı ki, elədin, ölənəcən sənə qul olacayam, nə desən yerinə yetirəcəm.
Oğlan dedi:
– Mənə heç nə lazım deyil, de görüm bura haradı, səni niyə ayağından asıblar?
Qurbağa dedi:
– Bura qurbağalar padşahının torpağıdı, mən də sənin kimi bəniinsan idim, gəldim bu yerlərə çıxdım, heç nədən xəbərim yox idi, qurbağalar mənə hücum etdi ki, tutub aparsınlar, mən də onlardan bir neçəsini vurub öldürdüm. O vaxtdan məni tilsimə salıb qurbağa elədilər, özümü də bu ağacdan asdılar. Nə qədər yalvar-yapış elədimsə, günahımdan keçmədilər. Padşah dedi ki, bizlərdən səni azad eləyən olmayacaq. Ta o vaxta kimi burda qalacaqsan ki, bir də bura bir bəniinsan ayağı düşər, bəlkə onun rəhmi gələr səni azad elər. Doğrudan da elə oldu, sən gəlib məni ölümdən qurtardın. İndi burda hər nə görürsən, hamısı tilsimlidi, bu tilsimli şeylərin hamısını tərsinə elərsən, onda bəlkə burdan çıxa biləsən.
Oğlan bu sözlərdən sonra qurbağadan ayrıldı. Qurbağa o saat dönüb adam şəklinə düşdü, oğlandan razılıq eləyib getdi.
Oğlan bir xeyli irəli yeriyib gördü ki, vallah hər yerə elə bil yaşıl, ala-bəzək xalça döşəyiblər. Hər yer göz işlədikcə başqa-başqa rəngdə görünür. O, bir xeyli yol getdi. Amma ayaqlarını yerə basdıqca yer elə bil yay kimi çöküb qalxırdı. Oğlan bu işə lap məəttəl qalmışdı.
Tamam qılçaları yorulmuşdu. Bir də baxıb gördü ki, uzaqda yekə bir qara daş görünür, gedib çıxdı ora. Bir təhər dırmaşıb daşın üstündə oturdu. Üzünü çevirib ətrafa baxdı, gözlərinə inanmadı. Az qaldı dəli olsun. Oturduğu daşdan başqa demə hər yer dəryayi-ümman imiş.
Dünyada nə ki qurbağa varımış, hamısı suyun üzünə çıxıb tamam hər yeri örtüblərmiş, oğlan da həmin qurbağaların üstü ilə yeriyib gəlirmiş, indi qurbağalar çəkilib gedənnən sonra məlum olur ki, bura dəryaymış. Oğlanı fikir götürür ki, mən burdan necə çıxacam. Əlacı kəsilir, durub daşın o tərəf, bu tərəfinə baxır. Bir də görür ki, burda bir qapı yeri var. Qapını açıb görür ki, burdan yol var. Bu yolla yeddi gün, yeddi gecə gedir. Yolda qabağına cürbəcür şeylər çıxır. Oğlan görür ki, yeddi açıq qapı var, yeddi də bağlı qapı. O saat qurbağanın sözü yadına düşür. Açıq qapıları bağlayır, bağlı qapıları açır. Bir qədər gedəndən sonra görür ki, yolunun üstündə iki qılınc asılıb, biri tərpənir, o biri yox. Tez xəncərilə tərpənən qılıncı dayandırır, o birini tərpədir. Axırda gedib bir qapıya çatır, görür qapının hər tərəfində bir şam var. Şamın biri yanır, o biri yox. Tez sönmüş şamı yandırır, yanan şamı keçirir. O saat qapı taybatay açılır.
Oğlan içəri girib görür ki, vallah burda bir cahi-cəlal var ki, adam baxanda ağzı ayrıla qalır. Bütün evin fərşi qızıldandı, divarlar ləlcavahiratdandı.
Tavandan o qədər bəzək şeyləri asılıb ki, hamısı parpar parıldayır. Qızıl şamdanlar, yaqutdan, zümrüddən qablar, qızıldan taxtlar. Nə başını ağrıdım, dünyada hər nə yaxşı şey desən, burda tapmaq olar. Mərmər sütunlu sarayın lap başında hündür taxtın üsdündə zər-zibadan paltar geymiş, başında gün kimi yanan bir, tac qoymuş, min bir bəzəklə bəzənmiş dəvə boyda bir qurbağa oturmuşdu. Onun hər yanında əli qılınclı iki yekə qurbağa dayanmış ki, bu da onun vəzir, vəkili idi. Olan içəri girən kimi hər tərəfdən qurbağalar onu hop götürüb apardılar öz padşahlarının hüzuruna. Padşah dedi:
– Ey bəni-insan, sən kimsən, nə cürətlə bura gəlibsən?
Oğlan dedi:
– Hal-qəziyyə, mən filan padşahın oğluyam. Arvadımın qurbağa donunu səhv eləyib yandırmışam. O da həmin gündən qeybə çəkilib.
Mən yeddi ildir ki, əlimə dəmir əsa alıb, ayağıma dəmir çarıq geyib onu axtarıram, indi gəlib bura çıxmışam.
Qurbağa padşahı bu sözləri eşidən kimi dedi:
– Oğlan, sən də bil, həmin sənin arvadın mənim doğmaca qızımdı.
O, mənim sözümdən çıxıb bəni-insana ərə getdiyinə görə mən də onu qızlıqdan çıxartmışam. Bura gələn bəni-insan nəslini də mən cəzasız buraxmıram. Amma görürəm sən çox vəfalı insansan, düşüb düz-dünyanı gəzib arvadını axtarırsan, odu ki, sənə cəza vermirəm.
Oğlan padşahdan razılıq eləyib, ayrıldı. Şah əmr elədi ki, onu saraydan ötürsünlər. O saat yekə-yekə qurbağalar oğlanı hop götürüb bir göz qırpımında saraydan çıxardılar. Oğlan saraydan çıxanda al-əlvan bəzənmiş bir qurbağa onu saxlayıb dedi:
– Oğul, mən sənin arvadının anasıyam. Qızım bəni-insana getdiyinə görə biz onu qızlıqdan çıxartdıq. Ona heç bir cehiz vermədik. İndi al sənə bir qiymətli daş verim, qızımı tapsan bunu ona ver, de ki, anan yadigar verib.
Oğlan yumurta boyda olan bu qəribə daşı cibinə qoyub yola düşdü.
Az getdi, çox getdi, orda aynan, ilnən, burda şirin dilnən, gəlib çıxdı bir çayın kənarına. Gördü burda bir xaraba ev var. Evin uçuq-söküyünü düzəltdi, ətrafına çır-çırpıdan çəpər çəkib bir yaxşı həyət düzəltdi.
Getdi ki, çaydan bir az su içsin, bir də gördü suyun qırağında bir ilan bir qurbağanı yarıya qədər udub, yarısı qalıb, elə onu da udhauddadı. Tez bir daş atıb ilanı vurdu. İlan qurbağanı ağzından yerə salıb dedi:
– Ey insafsız, mən neçə gün idi acından ölürdüm, bu qurbağa mənim ruzum idi, sən əlimnən aldın, bəs mən nəylə dolanım.
Oğlan xurcunundan bir xeyli yemək çıxardıb verdi ilana. İlan yeyib doyandan sonra çıxıb getdi. Qurbağa dil açıb oğlana dedi:
– Sən ki, məni ilanın ağzından qurtardın, ölənəcən sənə qulluq edəcəm, məni yanında saxla.
O gündən oğlanla qurbağa bir yerdə qaldılar. Hər gün səhər tezdən oğlan gedib quşdan, heyvannan ovlayıb gətirərdi, bir az özü yeyib, qalanını da qurbağaya verərdi.
Günlərin bir günü oğlan yenə ova gedibmiş. Evin qabağından bir tülkü keçirmiş. Qurbağa başlayır bərkdən quruldayıb səs-küy salmağa.
Tülkü bu səs-küyə dözə bilməyib dedi:
– Ey səfeh qurbağa, bir həftədi acından ölürəm, yeməyə heç nə tapmıram. Ovqətimin təlx vaxtında sən qurhaqur salıb başımı ağrıdırsan, bir də səsin çıxsa, gəlib səni bircə tikə eləyib udacam.
Qurbağa dedi:
– Ay tülkü lələ, gəl mənim yanımda qal, sənə o qədər ət verim ki, lap qarnın cırılanacan ye.
Tülkü dedi:
– Ay qur-qur qurbağa, sən hardan alırsan əti ki, mənə də yedirdəsən?
Qurbağa, dedi:
– Mənim bir ağam var, hər gün gedib meşələrdən ov eləyib gətirir, bir az özü yeyir, qalanını da mənə verir.
Tülkü razı olub qaldı qurbağanın yanında. Axşam oldu, oğlan çoxlu ov ovlayıb gətirmişdi. Bir az özü yeyəndən sonra qalanını verdi qurbağaya.
Qurbağa da öz payını götürüb yerdə qalanını verdi tülküyə.
Tülkü quş ətini gözünə təpdi. Oğlan tülkünü görüb qurbağadan xəbər aldı:
– Bu hardan gəlib?
Qurbağa cavab verdi:
– Ağa, mən gətirmişəm. Sən evdə olmayanda yaman darıxıram.
Yoldan keçirdi, özümə hiyən saxlayıram.
Tülküynən qurbağa burda qalmaqda olsun, səhər oğlan yenə ova getdi. Bu dəfə canavar səldirləyə-səldirləyə yolnan gedəndə qurbağa başladı bərkdən quruldamağa. Canavar da tülkü kimi özünə yemək tapa bilməmişdi deyin ovqəti təlx idi. Odu ki, dedi:
– Kəs səsini, çil qurbağa, mən acından ölürəm, sən segah oxuyursan?
Qurbağa dedi:
– Canavar qardaş, keyfini pozma, gəl mənim yanımda qal, gör sənə nə qədər ət verərəm.
Ac canavar ət sözü eşidən kimi gəldi qurbağanın yanına. Elə bu vaxt oğlan çoxlu ov vurub gəlmişdi. Qurbağa oğlanın gətirdiyi quşdan, heyvandan tökdü canavarın, tülkünün qabağına. Hər ikisi doyunca yedilər.
Oğlan bu dəfə də canavarı görüb qurbağadan xəbər aldı:
– Bu hardan gəldi?
Qurbağa dedi:
– Bunu gətirmişəm ki, ev-eşiyimizə qarovul çəksin.
Bəli, səhər oldu, bu dəfə də göynən bir yekə quş uçub gedirdi.
Qurbağa yenə səs salıb qur-qur quruldayırdı. Quş qanad saxlayıb qondu bir ağaca, dedi:
– Ay qur-qur xanım, nə hay-küy salıb quruldayırsan, deyəsən mənim kimi sənin də qarnın acdı?
Qurbağa dedi:
– Xeyr, mən acınnan yox, toxumdan oxuyuram.
Quş dedi:
– Yaxşı, de görüm yeməyi hardan alırsan ki, belə tox olursan?
Qurbağa dedi:
– Yeməyi mənim ağam gətirir. İstəyirsən qal mənim yanımda, hər gün sənin də qarnını doydurum.
Quş razılıq verdi, o günnən qaldı qurbağanın yanında. Qurbağa ağası gətirdiyi ovdan quşa da verib onu razı salırdı.
Qurbağa, tülkü, canavar, quş tamam bir il burda qaldılar. Yeyibi çib keyf çəkdilər.
Qurbağa ağası yatan evdə yatırdı, tülkü ev qapısının ağzında otururdu, canavar məhliyə qarovul çəkirdi, quş da damın üstünnən uzaxlara baxıb gəlib-gedəni xəbər verirdi. Günlərin birində qurbağa tülkünü, canavarı, quşu başına yığıb dedi:
– Ay qardaşlar, bizim ağamız bir ildi ki, gündə gedib ov eləyib bizə yemək gətirir, biznən yaxşı rəftar eləyir, birimizin də qəlbinə dəyməyib, biz də onnan razıyıq. Amma ağamızın heç üzünün güldüyünü görməmişik.
Yəqin onun ürəyində dərdi var. Gəlin özünnən soruşaq, əkir gücümüz çatsa, dərdinə əlac eləyək.
Heyvanlar qurbağanın sözünü bəyəndilər. Axşam oğlan evə gələndə qurbağa məsələni açıb ağasına söylədi. Oğlan əvvəlcə istədi dərdini deməsin, fikirləşdi ki, bunlar nədi ki, mənim dərdimə əlac eləyələr. Heyvanlar əl çəkmədilər ki, gərək deyəsən. Oğlan bunların xətrinə dəyməyib başına gələn əhvalatı da arvadının qeybə çəkildiyinnən başlamış hər şeyi bir-bir söylədi.
Qurbağa bu əhvalatı eşidən kimi əlilə bir neçə dəfə gözlərini silib baxdı. Oğlan dediyi sözlərdən qurbağa başa düşdü ki, bu onun əridi, amma sir-sifəti dəyişib, qurbağanın gözünə ayrı cürə görünür. Qurbağanı fikir götürdü, bir xeyli fikirləşənnən sonra ürəyinə gəldi ki, ay gidi, bəlkə bu məni axtara-axtara gedib ata-anamın yanına çıxıb, onlar da bunu tilsimləyib, odur ki, gözümə ayrı sifətdə görünür. Birdən qurbağa dedi:
– Oğlan, de görüm bura gəlməmişdən qabaq hara getmişdin?
Oğlan dedi:
– Yolu azıb gedib arvadımın atasının sarayına çıxmışdım.
Qurbağa bu sözü eşidən kimi barmağını dişlədi. Bildi ki, onu tilsimləyiblər, dedi:
– Orda sənə bir ləl daşı vermədilər ki?
Oğlan daşı çıxardıb göstərdi ki, bax budu, bunu arvadımın anası verdi ki, qızıma yadigar verərsən. Qurbağa tez ləli oğlanın əlinnən alıb qoydu daşın üstünə, quşu çağırıb dedi:
– Bunun üstünə bir yekə daş sal.
Quş bir yekə daş gətirib yuxarıdan zərblə saldı ləlin üstünə. Ləl parçalandı, o saat bir nərilti, bir gurultu qopdu ki, yer-göy lərzəyə gəldi, az qaldı qulaxlar tutulsun, göy guruldadı, şimşək oynadı, hər yeri su basdı, elədi dəryayi-ümman. Ləlin içinnən bir göyərçin çıxıb qalxdı havaya. O saat qurbağa yanındakı quşa çığırdı ki, evin yıxılmasın, qoyma onu qaçmağa, tut gətir, yoxsa suda boğulub öləcəyik. Quş havaya qalxıb çox çətinliklə göyərçini tutub gətirdi. Qurbağa canavara əmr elədi ki, tez göyərçinin başını bədəninnən ayırsın. Canavar göyərçinin başını üzüb atdı kənara. O saat su çəkildi, səs-küy dayandı, qurbağa dönüb oldu misli dünya gözəli bir qız. Yeməyə idin, içməyə idin, onun gül camalına, xətti-xalına tamaşa eləyəydin. Qaşları kaman kimi, kıprikləri ox kimi, nərgiz gözlü, gül yanaqlı, ağ buxaqlı, reyhan saçlı, mərmər sinəli, can alan, könül talayan, ürək yandıran, ağılları başdan çıxaran bir qız.
Oğlan qızı görən kimi tanıdı ki, bu öz arvadıdı. Hər iki aşiq-məşuq qol-boyun olub ilan kimi biri-birinə sarmaşdılar. Məst olub üç gün, üç gecə yuxuya getdilər. Üç gündən sonra ayılıb, başladılar məsləhətləşməyə ki, hara getsinlər, nə eləsinlər. Qurbağa xanım dedi:
– Sən söylədin ki, qardaşların səni didərgin salıblar. İndi bu hayıfı onlarda qoymaq kişilikdən deyil, gərək gedib intiqam alaq.
Oğlan dedi:
– Tək əldən səs çıxmaz, sənnən mən nə eləyə bilərik?
Qurbağa xanım dedi:
– Sənin işin yoxdu, bu saat görərsən mən nə elərəm. Qız sözünü qurtarıb tülkünü, canavarı, bir də quşu yanına çağırıb dedi:
– Siz bilirsinizmi ki, ağamızın bizim üstümüzdə çox haqqı var. O olmasaydı acınnan, ölərdik. İndi biz bu yaxşılığın əvəzini çıxmalıyıq.
Tülkü dedi:
– Biz ağamıza nə yaxşılıq eləyək ki, əvəzi çıxsın?
Qurbağa xanım dedi:
– Sən bütün tülküləri, canavar bütün canavarları, quş da dünyada nə qədər quş var hamısını gətirin bura. Ağamızı öz torpağınnan didərgin salan padşahın üstünə gedək, onun qoşununu qırıb özünü də öldürək.
Sonra ağamızı onun yerində padşah qoyaq.
Heyvanlar bu tədbirə razılıq verib dağılışdılar. Aradan bir az keçmiş oğlanla qız gördülər ki, qabaxdan o qədər tülkü gəlir ki, göyə iynə atsan biri də yerə düşməz. O biri tərəfə baxıb gördülər vallah o qədər canavar gəlir ki, toz, duman asimana qalxır. Birdən hər yerə qaranlıq çökdü, elə bil gün batdı. Başlarını qaldırıb yuxarı baxanda məəttəl qaldılar,
göydə o qədər quş varıydı ki, tamam günün qabağı tutulmuşdu.
Tülkü, canavar, bir də quş gəlib qurbağa xanıma dedilər:
– Biz sənin qulluğunda hazır, indi hara deyirsən gedək.
Qurbağa xanımla oğlan qabaqca, heyvanlar, quşlar da onların dalınca başladılar yol getməyə. Az gedib çox dayandılar, çox gedib az dayandılar, gəlib oğlanın atasının torpağına çatdılar. Şəhərin kənarında məskən salıb başladılar tədbir görməyə. Belə qərara gəldilər ki, tülkülər düşmən atlarının əl-ayağına dolaşıb onları ürkütsünlər, quşlar hərəsi caynağında bir yekə daş götürüb havadan qoşunun başına töksün, canavarlar da adamları parçalasın.
Səhər sübh tezdən oğlan bir namə yazıb tülkü ilə padşaha göndərdi.
Padşah açıb naməni oxudu. Gördü yazılıb ki, hal-qəziyyə, mən filankəsəm, hazırlaş, səninlə dava eləməyə gəlmişəm. Padşah naməni oxuyan kimi, vəzirini, vəkilini çağırıb əhvalatı onlara söylədi. O saat qoşuna əmr verildi, dava başlandı. Padşah əlində durbin uzaxdan baxırdı.
Bir də gördü ki, vallah bu heyvanlar, quşlar onun qoşununu elə qırıb çatdılar ki, biri də salamat qaçıb qurtara bilmədi. Heyvanlar qoşunu tamam qırannan sonra oğlan axtarıb padşahı tapdı, gördü atasının vəziridi. Qılıncını çəkib onu cəhənnəmə vasil elədi. Sonra soraxlaşıb qardaşlarının yerini öyrəndi. Gedib gördü qardaşlarının ikisi də yeddi qat yerin təkində, qolları zəncirli, zindanda heyva kimi saralıblar.
Oğlan dedi:
– Sizi bura kim salıb?
Qardaşlar cavab verdilər ki, vəzir padşahlığı əlimizdən alıb, özümüzü də bura salıb.
Oğlan qardaşlarını zindandan azad edib buraxdı, özlərinə də dedi ki, gedin harda keyfiniz istəyir dolanın, gününüzü keçirin. Qurbağa xanım əhvalatı belə görüb dedi:
– Bəs onları niyə sağ buraxdın, sənə ki, xəyanət eləmişdilər.
Oğlan dedi:
– Atalar deyib ki, yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir. Onlar mənə pislik elədi, mən onlara yaxşılıq eləyirəm, qoy utanıb qızarsınlar.
Sonra oğlan padşahın tacını öz başına qoyub ədalətlə şahlıq elədi.
Quşları, heyvanları da azad eləyib ömür sürməyə başladı. Burda nağıl tamama yetdi, hamı durub evlərinə getdi. Göydən üç alma düşdü, üçü də öz ağzıma düşdü.

 ©  Azərbaycan Xalq Nağılları

Bütün hüquqları qorunur.

https://www.nagillar.az/article/a-191.html