31.10.09
Oxxayla Əhməd

Nağıl-nuğul bilmərəm, bilsəm də söyləmərəm. Şahdan gəlmiş nökərəm, dinmə, qabırğaların sökərəm. Sizə hardan danışım, kimdən danışım, keçmişlərdə bir kişi var imiş. Bu kişinin gözünün ağı-qarası, aman-zaman bircə oğlu var imiş. Kişi oğlunu çox istəyirmiş, onu əlini ağdan-qaraya vurmağa qoymazmış.
Kişi çox kasıbçılığnan dolanarmış. Hər gün gedib dəryaya tor atıb, balıq tutarmış, tutduğu balıqları satıb, bir təhər dolanarmış. Kişinin oğlunun adı Əhməd imiş.

Bəli, ay dolanır, il keçir, Əhməd on dörd yaşına çatır. Kişi deyir:
– Oğul, mənim heç bir elmidən xəbərim yoxdur, özü də yazı-pozu bilmirəm. Ona görə də ömrüm-günüm dəryaya tor atıb, balıq tutmaqla keçib. İndi görürsən ki, qocalıb, əldən düşmüşəm. Daha tor atmağa taqətim yoxdur. Oğul, istəmirəm sən də mənim kimi olasan. Odu ki, səni oxumağa qoymaq istəyirəm. Bəlkə bir elm öyrənib, adam olasan.
Mənim kimi əzab-əziyyət çəkməyəsən.
Əhməd deyir:
– Ey atayi-mehriban, buyuruq sənindi. Nə məsləhət görsən, elə də
elərəm.
Kişi deyir:
– Bərəkallah oğlum, hazırlaş, bir yaxşı molla tapaq, sənə elm öyrətsin.
Ata-bala gecəni yatıb, sübh tezdən dururlar. Çantalarına bir az ayınnan-oyunnan qoyub, yola düşürlər. Az gedirlər, çox gedirlər, bu kənd mənim, o kənd sənin, soraqlaşırlar, bir yaxşı molla tapa bilmirlər.
Axırda gəlib çıxırlar meşədə bir bulağın üstünə. Kişi deyir:
– Oğul, çox yorulmuşuq. Həm də acmışıq. Gəl bu bulağın başında bir az çörək yeyib dincələk.
Ata-bala bir az şordan, çörəkdən yeyib, bulağın suyundan doyunca içirlər. Yayın isti günü sərin buz kimi bulaq suyu kişinin çox xoşuna gəlir. Suyu içib, qurtarandan sonra deyir:
– Oxxay, nə qəşəng sudu.
Elə bu söz kişinin ağzından çıxan kimi, suyun ortasından bir kişi çıxıb deyir:
– A kişi, məni çağırıb neyləyirsən, mənə görə nə qulluq?
Əhmədin atası sudan çıxan adamı görüb lap məəttəl qalır. Az qalır nitqi tutulsun. Hannan-hana özünə gəlib deyir:
– Ay qardaş, sən kimsən, mən səni nə vaxt çağırdım?
Sudan çıxan adam deyir:
– Bəs oxxay deyən sən deyildin?
Kişi deyir:
– Nə olsun ki, oxxay deyən mən idim.
Sudan çıxan adam deyir:
– Elə o olsun ki, mənim adım Oxxaydı. Sən məni çağırdın, mən də gəldim.
Kişi deyir:
– Sənin adın Oxxay imiş.
Oxxay deyir:
– A kişi, yaxşı, de görüm hara gedirsən, məqsədin nədi?
Kişi deyir:
– Vallah hal-qəziyə belədi, oğlumu oxutmaq üçün molla axtarmağa gedirəm.
Oxxay deyir:
– Mənnən yaxşı molla hardan taparsan. Ver oğlunu oxudum gələn il gəl apar. O vaxtacan cəmi elmiləri öyrənib, açarların qoysun cibinə.
Kişi razı olub oğlunu verir Oxxaya. Bir az da dil-ağız eləyib, yalvarır
ki, sən allah bircə dənə oğlum var, onnan yaxşı muğayat ol.
Oxxay deyir:
– Arxayın ol. Ona elə baxacağam ki, heç ruhu da inciməsin. Nə vaxt oğlunu ürəyin istəsə, gəl bulağın başına. Sudan iç, Oxxay de, o saat oğlun yanında hazır olacaq.
Kişi oğlu ilə öpüşüb, xudahafizləşənnən sonra, başladı daban alıb, evinə sarı qayıtmağa. Oxxay da Əhmədi qoltuğuna vurub, bir ismiəzəm oxuyub, batır suyun altına. Əhməd bir də gözün açıb, görür ki, bir qalaçanın içindədi. Amma üstü-başı islanmayıb, heç elə bil suyun dibinə batan bunlar deyilmiş. Qalır məəttəl ki, görən bu nə işdi.
Bunlar qalaçaya çatan kimi Oxxay Əhmədi aparıb, bir otağa qoyur.
Özünə də tapşırır ki, sənin yerin bura olacaq. Özü də çıxıb, gedir.
Oxxay gedəndən sonra Əhməd qapını açıb, çölə çıxır. Ətrafa baxır, onu vahimə bürüyür. Əhməd görür ki, o, böyük bir qalaçanın içindədi.
Qalaçanın bir kərpici qızıldan, bir kərpici gümüşdəndi. Bura ləl-cavahiratdan, mirvari və zəbərcatdan o qədər bəzək-düzək vurulub ki, adam baxanda gözləri qamaşır. Əhməd bir az irəli gedib, görür ki, qala çanın bir tərəfi tamam bağ-baxçadı. Amma bu baxçada bitən hər nə varsa hamısının rəngi qırmızıdır. Qalaçanın o biri tərəfinə keçib, görür ki, burda o qədər vahiməli heyvanlar var ki, adam baxanda az qalır ürəyi partlasın. Şir, pələng, əjdaha, ayı, canavar, tülkü, çaqqal, ilan, nə deyim, hər nə desən var. Tez yavaşca burdan da çəkilib, qalaçanın o biri yanına gedir. Görür ki, burda hər nə varsa, daşdan, torpağdan tutmuş suya qədər hər şey alışıb yanır. Alov, tüstü, duman asimana qalxır. Tez burdan qaçıb özünü salır qalaçanın dal tərəfinə. Görür bura tamam dəryayi-ummandı. Göz işlədikcə hara baxırsan sudu. Əhməd bir o tərəfə, bir bu tərəfə baxıb, görür ki, suyun qırağında bir boş gəmi var, fikirləşir ki, deyəsən Oxxay mənim atamı aldatdı, yaxşısı budu məni öldürməmiş elə bu gəmiyə minim qaçım. Əhməd gəmiyə minib, başlayır getməyə. Yeddi gün, yeddi gecə suyun üzündə yol gedir. Bir də baxıb görür ki, qabağında bir elə divar durub ki, dibi dəryada, başı göyün yeddi qatında. Divar tamam insan kəlləsindən hörülüb. Əhməd divara yaxınlaşan kimi doxsan doqquz yerdən səs gəlir:
– Ey cavan, özünə yazığın gəlsin, nə badə gəmidən düşəsən. Ayağın yerə dəyən kimi, Oxxay səni də bizim günümüzə salacaq. Biz də vaxtı ilə sənin kimi cavan idik. Oxxay bizi aldadıb, öz qalaçasına gətirdi. Sonra hərəmizi bir bəhanə ilə öldürüb, bu günə qoydu. Cavan oğlan, indi hara getsən, Oxxay gəlib səni tapacaq. Xəbər alacaq ki, hara gedirdin? Deyərsən ki, ürəyim darıxırdı, dəryanı gəzməyə çıxmışdım.
Onda Oxxay səni öldürməyib, aparacaq yenə qalaçaya. Biz nə qədər elədik bu qalaçadan qaça bilmədik. Bu qalaçanın sirrini bir onun qızından başqa heç kim bilmir. Çalış o qızdan bu sirri öyrən. Əgər öyrənə bildin sənə ölüm yoxdu, öyrənə bilməsən onda sən də bizim günümüzə düşəcəksən!
Elə bu vaxt Əhməd görür ki, dəryanın ortası bulaq kimi pıqqapıq qaynadı, Oxxay başını qaldırıb, sudan çıxdı. Əhmədə acıqlanıb, dedi:
– Sən buralarda nə gəzirsən?
Əhməd deyir:
– Gördüm təkcə qalmışam, ürəyim darıxır. Odu ki, gəmiyə mindim ki, bir az dəryada gəzim, ürəyim açılsın.
Oxxay daha Əhmədə bir söz deməyib, yanına salıb, gətirir qalaçaya, özünə də tapşırır:
– Əhməd, mənim burda qırx otağım var, darıxanda hərdən bir-ikisini gəzsən ürəyin açılar. Al bu otuz doqquz otağın açarını, verirəm sənə. Amma qırxıncı otağı nəbadə açasan.
Əhməd açarları alıb, qoyur cibinə. Oxxay qapıdan çıxan kimi Əhməd başlayır otaqları gəzməyə. Otaqların hansını açırsa, görür burda bir cahi-cəlal var ki, heç bir padşahın xəzinəsində olmaz. Quş iliyi, can dərmanı, hər nə desən, burda tapmaq olar. Əhməd otuz doqquz otağın hamısını gəzir, gəlib qırxıncı otaqda dayanır. Öz-özünə deyir: “Görəsən burda nə var ki, Oxxay bu otağın açarını vermədi?”
Odu ki, gəl elə bu qapını da aç. Nə olar-olar.
Əhməd qıfılı sındırır, içəri girir. Görür ki, qırxıncı otaq onun gördüyü otuz doqquz otağın hamısından seçilir. İçəridə hər nə varsa, hamısı zil qaraya bürünüb, yerə cürbəcür xalılar, zililər döşənib. Hamısı zil qara. Ev tamam brilyanta tutulmuş, qara şəvə qablarla, güldanlarla, şamdanlarla bəzənib. Evin lap başında qara mərmərdən taxtın üstündə almaz kimi şox salan bir qız, üzüqoylu uzanıb ağlayır. Səsə qız başını qaldırıb baxır. Əhməd görür bu elə bir qızdı, yemə, içmə, xətti-xalına, gülcamalına tamaşa elə. Alma kimi yanaqları, lalə kimi dodaqları, saçlar qara, qaşlar qara, gözlər qara. Ağ mərmərdən inci dişlər, ağ buxaxdan cücü dişlər, gəl məni gör, dərdimdən öl. Əhməd qızı görən kimi bir könüldən min könülə ona aşiq olur. Gözəllikdə Əhməd qızdan heç də geri qalmırdı. Qız da Əhmədi görən kimi onun gözəlliyinə valeh olub, ürəyində ona məhəbbət bağlayır. Bir xeyli götür-qoydan sonra Əhməd qızdan soruşur:
– Ey nazənin sənəm, bir məni agah elə, görüm sən kimsən, nəçisən, bu qara otaqda tək-tənha neyləyirsən?
Qız deyir:
– Ey oğlan, sən bil və agah ol ki, mənim başımın tükü sanı bura igidlər, pəhlivanlar gəlib, mən heç birisinə sirr açmamışam. Görürəm mərifətli, qabiliyyətli adama oxşayırsan. Odur ki, sənə sirr açıram. Mən Oxxayın qızıyam. Bu gördüyün qalaça atamındı. Özü də yeddi qat yerin tərkində yerləşir. Burda hər nə gözünə görükürsə hamısı sehirli, tilsimlidi. Mənim bu qara otaqda olmağımın səbəbi odu ki, atam başımın tükü sanı adamları aldadıb, bura gətirib. Onlara zülm eləyir. Mən onlara kömək eləməyim deyə hər yeni adam gətirəndə məni tilsimləyib, bu otağa salır. Mən də dərddən, qəmdən bu otağı qara bəzəyib, içində otururam.
Qız dərdini söyləyə-söyləyə Əhmədlə çıxır eşiyə. Qalaçanın dörd tərəfini gəzə-gəzə deyir:
– Əhməd, qalaçanın qabağındakı bu baxçaya qırmızı baxça deyirlər.
Burda hər nə əksən hamısı qırmızı rəngdə çıxar. Atam bu baxçada o qədər baş kəsib ki, ağaclar, otlar, çiçəklər su əvəzinə qan içib. Odur ki, burda hər nə bitsə qırmızı rəngdə olur.
Qalaçanın o biri tərəfinə keçib vəhşi heyvanları görürlər. Qız deyir:
– Bu gördüyün cürbəcür heyvanların hamısı vaxtilə insan idilər.
Atam bunları tilsimləyib, hərəsini bir heyvan şəklinə salıb.
Sonra gəlib qalaçanın o biri tərəfindəki od-alova baxırlar. Qız deyir:
– Əhməd, bu gördüyün od-alov atamın öldürdüyü adamların ahnaləsinnən, qəzəbinnən, kininnən əmələ gəlib.
Axırda onlar gəlib, dəryanın qırağında dayanırlar, qız yenə deyir:
– Bu dərya günahsız ölənlərin göz yaşınnan əmələ gəlibdir. Görürəm sən yaxşı oğlansan, sənə yazığım gəlir. İstəmirəm atam səni də bunların gününə salsın. Sənə bir neçə söz öyrədəcəyəm, onları yadında yaxşı saxla. Oxxay adamları gətirib, əvvəlcə oxudur. Gündə onlara bir tilsim öyrədir. Aradan doxsan doqquz gün keçənnən sonra onları imtahan eləyir. Yaxşı bilənləri öldürür. Korazehinləri qurda, quşa, heyvana döndərir. Heç nə bilməyənləri buraxır. İndi sən atam öyrətdiyi tilsimlərin hamısını yaxşı öyrən. Amma imtahan eləyəndə hər nə soruşsa denən bilmirəm. Ancaq bu yolla onun əlindən qurtara bilərsən.
Oxxay hər gün Əhmədə bir cür heyvan cildinə girməyi öyrədir. Doxsan doqquz günün içində Əhməd hər şəklə düşməyi öyrənir. Vaxt tamam olur. Oxxay gəlib Əhmədi imtahan eləyir, ondan hər nə xəbər alırsa, Əhməd deyir:
– Usta, yadımdan çıxıb, heç nə bilmirəm.
Oxxay Əhmədə hədə-qorxu gəlib, bir xeyli döyür, bərkə-boşa çəkir.
– Ədə, zalım oğlu, mən sənə bu qədər dərs öyrətmişəm, heç biri də yadında qalmayıb.
Əhməd deyir:
– Usta, görmürsənmi heç nə bilmirəm. Bir şey bilsəm deyib, canımı qurtarardım də.
Elə bu vaxt Əhmədin atası bulağın başına gəlir. Doyunca sudan içib Oxxay deyir. Oxxay da Əhmədi götürüb, gedir bulağın başına, atasına deyir:
– Oğlun əfəlin biridi. Nə qədər elədim heç nə öyrənə bilmədi.
Mənə belə aciz uşaq lazım deyil. Al apar, bunnan oxuyan olmaz.
Kişi oğlunu götürüb, qayıdır evlərinə, Əhməd söyündüyündən bilmir neyləsin. Bir az gedəndən sonra yolda atasına deyir:
– Ata, sən qabaxca get, mən bu saat gəlirəm.
Kişi razı olur. Əhməd bir az ayaq saxlayıb, bir kolun dalına girir.
Cildini dəyişib, olur bir axsaq turac. Başlayır atasının qabağından o tərəfə, bu tərəfə qaçmağa. Kişi çox əlləşir turacı tutsun, tuta bilmir.
Turac gedib, yenə həmin kolun dibinə girir. Əhməd yenə adam şəklinə düşüb gəlir atasının yanına. Atası deyir:
– Oğul, mən səndən heç yarımadım. Səni oxutdum ki, bir molla olasan, qazanıb gətirəsən, mən də rahat oturub yeyəm. Fərasətsiz çıxdın, bu olmadı. İndicə qabağımda bir axsaq turac var idi. Nə qədər əlləşdim, tuta bilmədim. Heç olmasa yanımda olsaydın, onu tutub kəsərdik.
Bir günlük azuqəmiz olardı.
Atasının bu sözünə Əhməd bərkdən gülür. Kişi deyir:
– Bala, niyə güldün? Burda gülməli nə var? Əhməd deyir:
– Ata, heç nə, sonra gülməyimin səbəbini deyərəm.
Yazıq kişi daha nə bilsin ki, Əhməd bütün elmləri, tilsimləri öyrənib.
Özünü yoxlayırmış. Əhməd deyir:
– Ata, heç darıxma, elə sən deyən olacax, evdə rahatca oturacaqsan,
mən qazanıb, səni dolandıracağam.
Kişi deyir:
– Ay oğul, axı sən məni neynən dolandıracaqsan?
Əhməd deyir:
– İndi ki, elə oldu, elə buradaca deyim, sən də bil. İndi mən bir yaxşı at olacağam. Aparıb məni yüz manata satarsan. Amma nə badə yüyənimi satasan ha. Əgər səni aldadıb yüyənimi alsalar, onda bir də mənim üzümü görə bilməzsən.
Əhməd sözünü deyib, qurtaran kimi olur qəşəng bir köhlən at.
Atası atı çəkə-çəkə aparır düz bazara. At o qədər qəşəng imiş üstündə dava düşür. O deyir mən alacağam, bu deyir mən alacağam. Axırda biri qolu zorlu çıxıb, atı kişidən yüz manata alır. Atı alan nə qədər yalvar-yaxar eləyirsə də, kişi yüyəni satmır. Bu pulnan onlar bir xeyli dolanırlar. Kişinin keyfi kökəlir.
Günlərin birində onların pulları qurtarır. Əhməd yenə at olur. Atası aparır yenə atı satmağa. Bu dəfə atı alan bir hündürboylu dərviş kişini üzdən-gözdən salıb, yüyəni zornan alır. Demə bu dəfə atı alan Oxxay imiş. Kişi evə qayıdıb nə qədər gözləyirsə, Əhməd gəlib çıxmır. Birdən Əhmədin dediyi sözlər yadına düşür. Kişi iki əlli başına qapaz vurub, deyir:
– Ay haray, indi mən nə eləyim? Niyə yüyəni əlimnən verdim.
Mən bir də Əhmədin üzünü görməyəcəyəm.
Kişi burda tək-tənha qalmaqda olsun, görək Əhmədin başına nə iş gəlir. Əhməd at cildində başını qaldırıb görür ki, yüyəni öz ustasının əlindədi. Oxxay Əhmədi çəkə-çəkə gətirir öz qalaçasına. Atın yüyənini qızına verib, deyir.
– Bunu saxla, qoyma qaçmağa, gedim qılınc gətirim, başını kəsək.
Qız baxıb görür ki, bu gələn Əhməddi. Atası onu bu dəfə sağ buraxmayacaq.
Qızın bir tərəfdən Əhmədə yazığı gəlir, bir tərəfdən də ürəyində ona məhəbbəti var imiş. Açıq-aşkar onu buraxmağa da atasınnan qorxur. Odu ki, yüyənin altını açıb, elə amanatca qoyub deyir:
– Əhməd, yüyəni boşaltmışam, başını bircə dəfə tərpətsən açılacaq.
Atam gələndə başını tərpədib qaçarsan.
Qız sözünü qurtarmışdı ki, Oxxay əlində siyirmə qılınc gəlib dayanır atın qabağında, deyir:
– Əhməd, bu yaşa çatmışam, hələ məni aldadan olmayıb. Amma sən aldatdın, dedin ki, heç nə bilmirəm. İndi dərsini əzbərdən bilərsən.
Oxxay qılıncı çəkir ki, Əhmədin boynunu vursun. At başını yuxarı qaldıranda yüyən yerə düşür. O saat Əhməd sehr oxuyub, bir dəli ceyran olur, başlayır meşələrnən, dağlarnan qaçmağa. Oxxay qılıncı yerə atıb, o da bir sehr oxuyub dönüb olur mahir bir ovçu. Əlində oxu-yayı düşür bu ceyranın dalına. Ceyran qaçır, ovçu qovur, dağlar aşırlar, dərələr
keçirlər, bulaqlardan su içirlər, axırda ikisi də yorulub əldən düşürlər. Əhməd görür ki, Oxxay ona çathaçatdı, tez bir qızıl balıq olub, verir özünü dəryaya. Oxxay da dönüb olur bir qoca torçu başlayır dəryada balıq tutmağa. Balıq qaçır, balıqçı torun atır. Əhməd tez bir qoz ağacı olub, bağın bir küncündə bitir. Oxxay o saat dönüb, bir ala qarğa olur. Başlayır ağacdan bütün qozları daşımağa. Əhməd görür ki, Oxxay yenə ondan əl çəkmir, dönüb bir qızıl alma olur, girib sandıqda gizlənir.
Oxxay iyləyib-çüyləyib Əhmədin yerini tapır, sandığı açır Əhməd tez dönüb, bir alacəhrə olur. Oxxay da dönüb, bir çalağan olub, başlayır onu qovmağa. Əhməd qaçır, Oxxay qovur. Biri qaçıb, o biri qovmaqda olsun, gəlib bir şəhərin üstünə çatırlar. Həmin şəhərin padşahı öz arvadıynan yasəmən bağında oturmuşmuş. Oxxay Əhmədi qovaqova gəlib bu baxçanın üstünə çatırlar. Əhməd tez bir dəstə qızıl gül olub, düşür padşahın arvadının qucağına. Oxxay işi belə görəndə, bir dərviş olub, başlayır padşahın yanında oxumağa. Oxxay avazla oxuyur, adamı valeh eləyir. Dərviş oxuyub qurtarandan sonra padşah ona hər nə verirsə almır, deyir:
– Padşah, indi ki, mənə yaxşılıq eləmək istəyirsən, elə o arvadının qucağındakı bir dəstə gülü versən kifayətdir.
Padşah nə qədər istəyir ki, gülü verməsin, dərviş qırsaqqız olub, əl çəkmir. Axırda padşah pərt olub, gülü vermək istəyir. Əhməd işi belə görəndə bir vird oxuyub, bir ovuc darı olub yerə tökülür. O saat dərviş bir cücəli toyuq olub, başlayır darıları dənləməyə. Oxxay darını yeyib qurtarır. Arxayın olur ki, daha Əhməd öldü. Demə darının bir dənəsi
padşahın ayağının altında qalıbmış. Əhməd tez bir çaqqal şəklinə düşüb, toyuğu da, cücələri də boğub öldürür, Oxxayı cəhənnəmə vasil eləyir.
Əhməd Oxxayın tilsimini sındırıb, onu öldürəndən sonra, yadına düşür ki, bu kişilikdən deyil, Oxxayın qızı məni ölümdən qurtardı, qala çanın bütün sirlərini öyrətdi, mənə böyük yaxşılıqlar elədi, amma mən onun atasını öldürəm, özü də çıxam gedəm. İndi yaxşısı budu gedib Oxxayın qızını tapıb, onu da əzab-əziyyətdən qurtaram. Özü də gözəl-göyçək qızdı. Əgər mənə gəlməyə razı olsa, onu alam, özümə arvad eləyəm. Əhməd bir vird oxuyub, qalxır göyə. Göyün yeddi qatıynan uçub, düz gəlib düşür həmən bulağın başına. Əhməd, Oxxayın bütün tilsimlərini bilir deyə bulağın başına çatan kimi elə ağzını açmamış qalaçanın qapısı taybatay açılır.
Əhməd qalaçadan içəri girib, düz gedir qırxıncı otağa. Qapını açıb, öz gözlərinə inanmır. Otaqdakı qara şeylərin hamısı dönüb, al-əlvan, düm ağappaq olmuşdu. Amma bircə qız başdan-ayağa qara geyinmişdi.
Əhməd içəri girib, qızla görüşür, bir xeyli dərdləşəndən sonra deyir:
– Məni bu sirdən agah elə görüm, niyə əvvəllər qap-qara bəzənmiş otaq indi al-əlvan bəzənib, özün də qara geyibsən?
Qız deyir:
– Əhməd, hər şey mənə əyandır. Bilirəm sən Oxxayı öldürübsən.
Mən buna bir tərəfdən sevinirəm. Yaxşı oldu elə o, öz cəzasına çatdı.
Ona görə də qara bəzədiyim otağı indi döndərib al-əlvan bəzəmişəm.
O, biri tərəfdən də dərd çəkirəm, necə olsa yenə atadı, ona görə də qara geymişəm.
Qız sözünü qurtarıb, gedir o biri otağa. Özünə yetmiş yeddi qat bəzək-düzək verib zər-zibadan elə paltar geyir ki, adamın üzünə şox salır. Qız geyinib-keçinənnən sonra gəlir Əhmədin yanına. Əhməd baxıb görür qızın gözəlliyi əvvəl bir idisə, indi olub min. Az qalır Əhmədin huşu başından çıxsın. Bir könüldən min könülə aşiq olur qıza, deyir:
– Ey gözəl sənəm, indi nə deyirsən, mən gəlmişəm səni aparam.
Mənə gəlməyə razısanmı?
Qız deyir:
– Razıyam, amma mən elə oğlana getmək istəyirəm ki, o mənə vəfalı olsun, həm igid, həm də ağıllı olsun.
Əhməd deyir:
– Məgər mən vəfasızam, vəfasız olsaydım Oxxayı öldürənnən sonra sənin yanına gəlməz idim. Qoçaq olmasaydım bütün aləmə qan udduran Oxxayı öldürə bilməz idim. Ağıllı olmasaydım, tilsimləri sındıra bilməzdim.
Qız deyir:
– Bu sözlərin hamısı doğrudu. Bunları sən özündən ötəri eləyibsən.
İndi mən bilmək istəyirəm görüm mənim yolumda neynəyərsən.
Mən sənə o zaman gedərəm ki, gedib ağ devin almalarının sirrini öyrənib, gəlib mənə deyəsən.
Əhməd əlini gözünün üstə qoyub, deyir:
– O mənim gözüm üstə.
Elə o saat qalaçadan çıxıb, başlayır yol getməyin binasını qoymağa. Az gedir, çox dayanır, çox gedir, az dayanır. Gəlib bir meşəyə çatır.
Əhmədi meşəlikdə qoyaq, görək qız neynəyir. Bu tərəfdən qız göyə qalxıb uça-uça düz gəlir Əhmədin getdiyi meşəyə. Qız gözəllikdə misli-bərabəri olmayan bir pəri şəklinə düşüb, Əhmədin qabağına çıxır. Qız Əhmədi görən kimi deyir:
– Oğlan, soruşmaq ayıb olmasın, hardan gəlib, hara gedirsən?
Əhməd deyir:
– Heç, elə belə, yolumu itirib, gəlib bura çıxmışam.
Qız deyir:
– Əhməd, sən məndən heç nə gizlətmə, mən filan padşahın qızıyam.
Bütün elmlərdən xəbərdaram. Oxxayın qızı atasının intiqamını almaq üçün səni gedər-gəlməz yola göndərir ki, gedib ona sehirli almaların sirrini öyrənəsən. Gəl sən bu yoldan dön.
Əhməd deyir:
– Ey gözəl pəri, mən Oxxayın qızına söz vermişəm. Ölsəm də, qalsam da gedib almaların sirrini öyrənəcəyəm.
Qız deyir:
– Əhməd, yoxsa qorxursan ki, Oxxayın qızı əlindən çıxa. Mənim haram ondan əskikdir. Razı olsan gedərik bizim şəhərə, orda evlənərik, səni dünya malından qəni edərəm. Atam da qocalıb, onun taxt-tacına sahib olarsan.
Əhməd deyir:
– Ey pəri, mənə heç nə lazım deyil. Mən Oxxayın qızına söz vermişəm, onu alacam.
Əhməd sözünü qurtarıb, heç dalına da baxmır, başlayır yol getməyə.
Elə bir az getmişdi ki, qız tez cildini dəyişib, olur bir pəhlivan.
Kəsə yolnan gedib çıxır Əhmədin qabağına. Əhməd baxıb görür ki, ona sarı vallah elə bir nəhəng pəhlivan gəlir ki, boyu çinar boyda. Hər qolunda yeddi dəyirman daşı. Daşları elə oynadır, elə bil əlində çibin oynadır. Pəhlivan Əhmədin yolunu kəsib deyir:
– Ey cavan oğlan, hara belə?
Əhməd deyir:
– Gedirəm sehirli almaların sirrini öyrənməyə.
Pəhlivan bərkdən qəhqəhə çəkib deyir:
– Ədə, zalım oğlu, mən yekəlikdə pəhlivan gedib, o almaların sirrini öyrənə bilmədim. İndi sən bir tikə uşaq öyrənəcəksən.
Əhməd deyir:
– Öyrənə bilmərəm də bilmərəm. Bu yolda öldü var, döndü yoxdu.
Pəhlivandan soruşur:
– Bəs yaxşı, ay pəhlivan qardaş, sən hara gedirsən?
Pəhlivan deyir:
– Ey cavan, Oxxay adlı bir tilsimkarın gözəl-göyçək ağıllı bir qızı var. Oxxayın sağlığında heç kişi o qıza yaxın düşə bilmirdi. İndi eşitmişəm ki, Oxxay ölüb, gedirəm onun qızını zornan qaçırdam.
Əhməd deyir:
– Ey pəhlivan, sən də bil ki, o qız mənim nişanlımdır. Nə qədər mən sağam, heç kim onu qaçırda bilməz.
Pəhlivan bu sözləri eşidən kimi cin vurur kəlləsinə, gözləri hədəqəsindən çıxır, ağzı köpüklənə-köpüklənə deyir:
– Ədə, bir buna bax, bu bir tikə uşaq da mənə meydan oxuyur. Elə bu dəyirman daşlarının birini üstünə salsam, altında xaşıl kimi əzilərsən.
Əhməd, pəhlivanın belə coşduğunu görəndə, qılıncını çəkib deyir:
– Eh pəhlivan, çox da boy-buxununa, qoluna güvənmə, boş danışmaqdan bir şey çıxmaz. Bu meydan, bu şeytan, kim kimi öldürsə qanı halaldı!
Qız görür ki, Əhməd bu sınaqdan da yaxşı çıxdı, deyir:
– Ey cavan, sənin kimi uşaq-muşaqla vuruşsam, mənə əskiklik gələr. Odu ki, səni öldürmürəm, çıx get.
Bu sözləri deyib, başını aşağı salıb, çıxıb gedir.
Əhməd təzədən yol getməkdə olsun. Qız bu dəfə də cildini dəyişib, qoca qarı ağ dev şəklinə düşür. Gedib Əhmədin yolunun qabağındakı xaraba bir qalaçanın qapısında oturur. Əhməd gəlib qalaçaya çatanda görür qapıda bir qoca qarı oturub, alt dodağı yer süpürür, üst dodağı göy. Sir-süfətindən zəhrimar tökülür. Qarı Əhmədi görən kimi deyir.
– Ey bəni-insan, bura quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar. Sən nə cürətlə buralara ayaq basıbsan?
Əhməd deyir:
– Ey qarı nənə, mən ağ devdəki sehirli almaların sirrini öyrənməyə gəlmişəm.
Qarı bərkdən gülüb deyir:
– Mənim başımın tükü sanı pəhlivanlar, igidlər gəlib bu sirri öyrənə bilməyib, başlarını qoyublar. Gəl görək indi sən neyləyəcəksən.
Qarı Əhmədi yanına salıb, aparır bir otağa. Bir qızıl məcməyinin içində üç dənə qızıl alma gətirir. Almaların üçü də bir rəngdə, bir ölçüdə, bir boyda. Qarı deyir:
– Oğlan, səninlə əvvəlcə bir şərtim var. O şərtimi yerinə yetirsən biləcəyəm ki, ən ağıllı oğlansan. Almaların da sirrini öyrənib, çıxıb gedəcəksən. Yox, şərtimi yerinə yetirə bilməsən başını bədənindən ayırıb, ananı ağlar qoyacağam.
Əhməd deyir:
– Qarı nənə, mən razıyam, de görək nə deyirsən?
Qarı deyir:
– Bu almaların biri bir illik, biri iki illik, biri də üç illikdi. Bu sirri təkcə məndən başqa heç kim bilmir. İndi sən görsət görüm bunların hansı bir illik, hansı iki illik, hansı üç illikdi?
Əhməd deyir:
– Qarı nənə, bu mənim əlimdə su içimi kimi bir şeydi. Dur bir qab su gətir, bu saat deyim.
Qarı bir qab su gətirib qoyur Əhmədin qabağına. Əhməd almaların üçünü də salır suya. Almaların biri o saat batır suyun dibinə, ikincisi suyun ortasında qalır, üçüncüsü isə suyun üzündə üzür. Əhməd deyir:
– Qarı nənə, suyun dibinə çökən alma təzədi, həm də ağırdı. O bir illikdi. Suyun ortasındakı alma bir xeyli qalıb suyunu çəkib deyə yüngülləşib.
Bu da iki illikdi. Lap suyun üstündə qalan alma isə tamam quruyub, suyunu çəkib. Bu da üç illikdi.
Qarı görür hamısını düz dedi. Odu ki, deyir:
– Bala, elə o almaların sirri bunda idi ki, sən özün tapdın. Görürəm çox ağıllı oğlansan, səni öldürmürəm, indi çıxıb gedə bilərsən.
Əhməd üzünü çevirir ki, çıxıb getsin. Qız qarı cildini dəyişib, düşür əvvəlki şəklinə, “Əhməd, Əhməd” deyib, onu səsləyir, Əhməd geri baxıb gözlərinə inanmır.
Dev qarısı dönüb Oxxayın qızı olmuşdu. Əhməd gözünü ovuşdurub qıza deyir:
– Bu nə əhvalatdı, mən yuxumu görürəm, nədi?
Qız deyir:
– Əhməd, sən yuxu-zad görmürsən bu gördüyün qarı mən özüməm. Yolda sənin qabağına çıxan padşah qızı da, pəhlivan da mən özüm idim. Səni sınaqdan keçirirdim. Şükür olsun Allaha, bütün sınaqlardan çıxdın. İndi mən səninəm, nə deyirsən eləyək.
Əhməd deyir:
– Yaxşısı budu əvvəlcə gedək qalaçadakı adamların hamısını tilsimdən qurtaraq. Sonra da gedək gözü yolda qalan atamı sevindirib, toyumuzu edək.
Əhmədnən qız gəlirlər qalaçaya. Oxxayın tilsimə saldığı adamların hamısını dirildirlər. Bu adamlar Əhmədnən qızın əl-ayağına döşənib deyirlər:
– Siz ki, bizi bu tilsimdən qurtardınız, ölənəcən sizə qulluq eləməyə hazırıq.
Əhməd deyir:
– Bizə heç bir qulluq lazım deyil. Bircə xahişim odur ki, indi biz gedirik atamın yanına. Orda toy eləyib evlənəcəyik. Siz də biznən gedib, toyda yeyib, içib, şadlıq eləyəsiniz. Sonra da kim hara istəyir, çıxıb gedə bilər.
Əhmədnən qız Oxxayın var-dövlətindən qiymətdə ağır, çəkidə yüngül şeylərdən götürürlər, sonra adamlara deyirlər:
– Kim nə istəyirsə, bu xəzinədən götürsün.
Adamlar da istədikləri qədər qızıldan, gümüşdən götürüb, başlayırlar getməyə. Gethaget, gəlib çıxırlar Əhmədgilin evlərinə. Əhmədin atası görür ki, qabaqda oğluynan bir gözəl qız, dallarınca da o qədər qoşun gəlir ki, iynə atsan yerə düşməz. Əhməd gəlib, atasının yanına çatır. Ata-bala öpüşüb, görüşürlər. Kişi deyir:
– Oğul, bu nə qoşundu, bu vaxtacan hardaydın?
Əhməd atasını oturdub, başına gələn əhvalatların hamısını bir-bir ona söyləyir.
Başlayırlar haman gündən toy tədarükü görməyə. Qırx gün, qırx gecə elə bir toy olur ki, ruzigarın gözü indiyə qədər belə bir toy görməyib. Oğlannan qız evlənib öz arzularına çatırlar. Siz də muradınıza çatasınız.

 ©  Azərbaycan Xalq Nağılları

Bütün hüquqları qorunur.

https://www.nagillar.az/article/a-190.html