31.10.09
Hillilimnən güllülüm

Bir kişiynən bir arvad varıymış. Arvadın adı Hillilim, kişinin adı Güllülüm iymiş. Bunların aman-zaman gözlərinin işığı bircə qızları varıymış. Qızlarını gəlin köçürüblərmiş, amma çoxdanıymış ki, ondan xəbərləri yoxuymuş.
Qızın dədəsi bir gün arvadına deyir:
– Ay Hillilim, qızımızı köçürdük getdi, amma heç bilmirik necə dolanır, gəl bir gün gedək görək başına nə iş gəlib, necədi.

Hillilim deyir:
– Ay kişi, əliboş burdan ora tullana-tullana nə cür gedək, çıx bazardan bir az ayınnan-oyunnan al.
Kişi deyir:
– Ay Hillilim, ayın-oyunnan sonra daha nə alım?
Hillilim deyir:
– Heç nə.
Bir az gedəndən sonra “ayın-oyun” sözü kişinin yadından çıxır bircə “heç nə” sözü yadında qalır. Bu söz də kişinin yadından çıxmasın deyə elə hara gedirsə, heç nə, heç nə deyə-deyə həmən sözü dilindən yerə qoymur. Bəli, başı qarışır, düz gedib şəhərin qırağına çıxır. Görür ki, bir adam çayda balıq tutur. Yavaşca bir daşın üstündə oturub öz-özünə deyir:
– Heç nə, heç nə!
Balıqçı torunu bir atır suya, heç nə çıxmır, iki atır, heç nə çıxmır.
Görür elə bu kişi tez-tez heç nə, heç nə deyir. Elə bilir bu sözləri balıq çıya deyir, durub acığından kişini bərk döyür. Kişi deyir:
– Ay qardaş niyə məni döyürsən?
Balıqçı deyir:
– Sən mənə qarğıyırsan, toruma heç nə düşmür, mən də səni döyürəm.
Kişi deyir:
– Bəs nə deyim ki, sən məni döyməyəsən?
Balıqçı deyir:
– Deynən ki, irili-xırdalı onu, on beşi birdən. İndi də kişi bu sözü deyə-deyə başlayır getməyə. Az gedir, üz gedir, dərə-təpə düz gedir, iynə yarım yol gedir, gedib bir ölü yerinə çıxır. Başlayır indi də burda öz-özünə “irili-xırdalı onu, on beşi birdən” deməyə. Ölü sahibi görür bu kişi ona qarğıyır. Ev sahibi öz-özünə deyir: “Ədə, mənim dağ kimi oğlum ölüb bəs deyil, bu zalım oğlu qarğış eləyir ki, irili-xırdalı onu, on beşi birdən”.
Durub kişini o qədər döyür ki, az qalır canı çıxsın. Güllülüm deyir:
– Ay qardaş, döymə məni, bir də bu sözü demərəm. İndi nə deyim ki, məni buraxasan?
Ölü sahibi deyir:
– Deynən ölən bircə bu olsun, daha heç kim ölməsin.
Kişi indi də bu sözü deyə-deyə gedib bir toy məclisinə çıxır. Görür evə başı bəzəkli bir qəşəng gəlin gətirdilər. Kişi gəlinə baxa-baxa tez-tez deyir:
– Ölən bircə bu olsun, daha heç kim ölməsin.
Gəlinin nişanlısı kişinin belə dediyini eşidib, onu möhkəmcə əzişdirir, baş-gözünü yarır. Kişi deyir:
– Ay qardaşlar, bəs nə deyim məni döyməsinlər.
Adamlar öyrədir:
– A kişi, deyinən ki, Allah uzun ömür versin, oğullu-uşaqlı olsunlar.
Kişi indi də bu sözləri deyə-deyə gedib görür ki, küçədə uşaqlar it boğuşdururlar. İtlərə baxıb deyir:
– Allah uzun ömür versin, oğullu-uşaqlı olsunlar.
Uşaqlar bu sözləri eşidən kimi kişini daşa basırlar ki, adam da itə elə deyərmi?
Kişi deyir:
– Ay uşaqlar, bəs nə deyim?
Uşaqlar deyirlər:
– Deyinən ki, alaş, qıs! Bozdar, qıs!
Kişi indi bu sözləri deyə-deyə gedib bir məscidin qabağına çıxır.
Görür ki, iki qazı bir-biriynən dalaşır, deyir:
– Alaş, qıs! Bozdar, qıs!
Qazılar bu sözləri eşidib od tutub yanırlar. Biri-birindən əl çəkib düşürlər kişinin üstünə. O ki, var döyürlər.
Kişi bir təhər bunların əlindən çıxıb, suyu süzülə-süzülə kor-peşman evə qayıdır. Arvadı deyir:
– A kişi, bu nə gündü düşübsən?
Kişi deyir:
– Arvad, sənin dediyini axtarmağa gedəndə döyüb məni bu günə qoyublar.
Arvad deyir:
– Mən sənə nə demişdim ki, onu axdarırdın?
Kişi deyir:
– Sən demədinmi ki, “heç nə” al.
Arvad deyir:
– Ay sənin başına kül. “Heç nə” adlı şey var? Mən dedim ki, yəni heç nə lazım deyil.
Arvad gördü əri əliboş gəlib çıxıb, durub evdən bir tulux bəhməz, bir cüt çarıx, bir az da iflik götürür. Hillilimnən Güllulüm şeyləri dallarına şəlləyib başlayırlar qızlarının evinə getməyə. Bunlar kənddən çıxıb bir quraqlıq yernən gedirmişlər. Görürlər ki, susuzluqdan yer çatlayıb. Hillilim deyir:
– A kişi, heç sənin insafın yoxdumu, görmürsənmi yer acınnan, susunnan ayrılıb, çat-çat olub. Gəl bu bəhməzdən bir az tökək, yer acınnan ölməsin.
Kişi arvadının xasiyyətini bilirdi, əgər yox desə, bütün günü başıbeyni gedəcəydi, odu ki deyir:
– Yaxşı, tuluğun ağzını aç, bir azca tök.
Arvad tuluğun ağzını açıb bəhməzin hamısını tökür yerin çatdağına Bir az da gedəndən sonra yolda bir qara qarğaya rast gəlirlər. Görürlər qarğa ayağının birini yerə qoyub, o birini qarnının altında gizlədib.
Arvad yenə iki ayağını bir başmağa dürtüb deyir:
– Güllülüm, səndə nə insaf var, nə mürvət, görmürsən mi yazıq qarğanın ayağında heç nə yoxdu deyin üşüyür. ayağının birini qoyub, o birini götürür. Aparıram bu çarıxları ona verəm.
Kişi deyir:
– Ay arvad, Allaha bax, Tanrıya bax, quş da çarıx geyərmi?
Elə arvad nırx deyib durur ki, olmaz. Axırı kişi görür arvadnan bacarmır, deyir:
– Cəhənnəmə olsun çarıx da, sən də, apar ver.
Arvad aparıb çarığı qarğanın qabağına atıb gəlir. Başlayırlar yol getməyə. Gəlib bir meşəyə çıxırlar. Görürlər bir yekə ağac kötüyündən ayrılıb, çatdayıb. Arvad deyir:
– A kişi, ayaz vurub yazıx ağacı çatdadıb, bu ağacın qalın paltarı olsaydı belə ayrılmazdı. Gəl bu kələfi dolayax ağacın belinə.
Kişinin cin vurur beyninə, deyir:
– Arvad, neyləyirsən elə!
Arvad kələfin hamısını ağaca dolayıb əliboş başlayırlar qızının evinə getməyə. Bir fəməl-yəməlnən qızının evinə çatırlar, görüşüböpüşəndən sonra kişi yolda arvadının onun başına gətirdiyi işdəkləri bir-bir qızına söyləyir. Qızı deyir:
– Ay dədə, yaxşı ki, ərim evdə yoxdu. Bu sözləri onun yanında deyib məni biabır eləmə.
Bir azdan sonra qız bunları evdə qoyub gedir ərini çağırsın. Qız gedənnən sonra arvad baxıb görür qızının evi düm ağappaxdı. Özözünə deyir ki, yəqin bu ev də adam kimi azarlayıb, rəngi qaçıb, elə bil meyit kimi ağarıb. Durub bir az suynan mal peyinini qarışdırıb evi suvayır. Qızı qayıdıb görür ki, anası divarlara suvax çəkib. Deyir:
– Ana, bunu niyə belə elədin?
Arvad deyir:
– A qızım, gördüm evin rəngi qaçıb, rənglədim.
Qız görür iş-işdən keçib, odu ki, heç üstünü vurmur. Bir-iki gün keçəndən sonra qız dədəsinə deyir:
– Ay dədə, sən allah bu anamı burdan tez apar, bir az da qalsa məni biabır eləyəcək.
Kişi qızının sözünə baxıb arvadını da götürüb gəlir evlərinə.
Kişi evə gələnnən sonra gedib bir xaşa pambıq alır. Arvadına deyir:
– Arvad, bu pambığı əyir, corab toxu, satax, başımızı dolandıraq.
Kişi görür arvad əlini ağdan-qaraya vurmur.
– Ay arvad, bəs pambığı niyə əyirmirsən?
Arvad deyir:
– Ay kişi, vallah hələ hırım tutmayıb, havaxt hırım tutsa onda əyirəcəyəm.
Kişi arvadının xasiyyətinə bələd idi deyin heç nə deməyir.
Günlərin bir günündə iş belə gətirir ki, Hillilimnən Güllülüm Kürü keçirlərmiş, suyun lap ortasında birdən arvad deyir:
– A kişi, hırım tutdu, pambığı ver əyirim.
Kişi deyir:
– Kül sənin başına, mən bu suyun ortasında hardan alım pambığı ki, sən əyirəsən, evə gedəndə verərəm.
Arvad deyir:
– Axı evdə mənim hırım tutmayacaq.
Arvad evə gələndən sonra pambığı da aparıb bir gölün qırağında oturur ki, əyirsin. Görür qurbağalar qurhaqur quruldayır. Arvad deyir:
– Ay qurqur bacılar, ərim mənə pambıq verib ki, əyirəm, pambığım çoxdu, gücüm çatmır, mənə kömək eləyin.
Qurbağalar yenə başlayırlar quruldamağa. Arvad elə bilir ki, qurbağalar razıdı. Odu ki, pambığın hamısını gölə töküb deyir:
– Qurqur bacılar, sabah gəlib aparacam, tez-tez əyirin.
Sabah arvad gəlib gölün qırağında durub nə qədər çağırırsa qurbağalardan səs çıxmır. Axırda suya girib deyir:
– Siz ki, mənim pambığımı vermirsiniz, evinizdə nə tapsam aparacam.
Arvad gölün dibini nə qədər axtarırsa, heç nə tapmır. Axırda suyun dibinnən bir daş tapır. Daşı götürüb gətirir evə. Kişi deyir:
– Arvad, bu nədi əlində?
Arvad deyir:
– A kişi, pambığı vermişdim qurbağalar əyirsin. Onlar mənim pambığımı vermədilər, mən də gedib onların evindən cəhrə daşlarını götürüb gəldim.
Kişi görür bu daş deyil, tamam ləldi. Deyir:
– Arvad, bu çox qiymətli daşdı, bunu bərk saxla.
Bir gün kişi evdə yoxuymuş. Arvad görür qapıya bəhməzsatan gəlib. Gətirib daşı verib bəhməz alır. Bəhməzdən doyunca yeyir, axırıncı qurtumu içəndə yadına düşür ki, bəs ərimə bəhməz saxlamadım. Odu ki, ağzındakı bir qurtumu da ərinə saxlayır. Bir azdan sonra əri gəlir. Görür arvadın ordları dombalıb. Xəbər alır:
– Nə olub?
Arvad lal oyunu çıxardıb ağzında ona bəhməz saxladığını əl-ayağıynan başa salmaq istəyir. Kişi başa düşmür, elə hey deyir ki, de görüm nə olub? Arvad ağzın açıb ərinə cavab vermək istəyəndə birdən ağzındakı bir qurtum bəhməzi udur. Kişi əhvalatı bilib, arvadı evdən qovur.
Arvad yol başlayıb gedirmiş, birdən qabağına bir toyux çıxır. Elə bilir ki, əri toyuğu onun yanına minnətçi göndərib, deyir:
– Ay kiş-kiş bacı, zəhmət çəkmə, getmərəm.
Bir az gedəndən sonra qabağına bir pişik çıxır. Bu dəfə də deyir:
– Ay piş-piş bacı, havayı zəhmət çəkmə, gedən deyiləm.
Bir-iki addım gedəndən sonra qabağına bir it çıxır.
Bu dəfə də deyir:
– Ay ham-ham qardaş, boğazını cırma, gedən deyiləm.
Arvad görür bir dəvə buna sarı gəlir. Demə bu dəvə padşahın xəzinəsini aparan karvandan azıbmış, üstü də tamam qızılnan, daş-qaşnan dolu imiş. Arvad dəvəni görən kimi deyir:
– Ay sallax dodax, ərim kimi minnətçi göndərdi ki, qayıdam, heç biriylə getmədim, indi neyləyim, sən gəlibsən, yaxşı düşməz sənin də sözünü yerə salam, gəl gedək – deyib arvad dəvənin başın çəkə-çəkə gəlir ərinin yanına. Əri bir də görür ki, arvad yanında bir dəvə yükü qızılnan gəlib. Kişi tez dəvənin yükünü boşaldıb, dəvənin başını kəsir,
arvadına tapşırır:
– Bax, əgər bir adama bir kəlmə bu haqda söz desən padşah ikimizi də dar ağacından asdıracaq.
Arvad deyir:
– A kişi, indi ki, dəvəni kəsdin, mən də qayıdıb gəlmişəm, toyumu təzədən elə.
Kişi görür ki, arvadının beyninə düşən işi eləməsə, başı cəncəl çəkəcək.
Odu ki, deyir:
– Arvad, dur bu saat sənin toyunu eləyim.
Kişi arvadı salır təndirə, təndirin ağzına bir məcməyi qoyub, içinə də bir az darı tökür, sonra da toyux-cücəni düdülüyüf çağırır. Toyuxlar məcməyidəki darını dənlədikcə dınqıltı səsi çıxır. Arvad elə bilir ki, onun toyudu.
Bəli, arvad təndirdə toya qulaq asmaqda olsun. Kişi dəvənin ətini yerbəyer eləyir, sonra arvadı təndirdən çıxarır ki, gəl, daha toyun qurtardı.
Bunları burda qoyax, görək padşah itən dəvəsini necə axtarır.
Dəvə itən kimi padşah bir imansız kaftar qarı tapıb deyir:
– Qarı, mənim bir dəvəmi oğurlayıblar, indi sən düş qapı-qapı dəvə əti axtar, kimdə tapsan gəl mənə xəbər ver, sənə çoxlu qızıl verəcəm.
Qarı qızıl adını eşidən kimi gözləri mişovul siçanı kimi bərəlir. O saat çarçoyunu başına salıb düşür qapı-qapı dəvə əti axtarmağa. Heç yerdə tapa bilmir. Elə qayıdıb gəlirmiş, birdən yadına düşür ki, bircə Hillilimgil qalıb. İçəri girib yağlı dilini işə salır. Kişi də evdə yoxuymuş.
Qarı arvadı dilə tutub deyir:
– Ay səni görüm ərinlə qoşa qarıyasan, oğlum xəstədi, can üstədi, həkimlər deyir ki, dəvə əti yesə yaxşı olar. İndi bütün şəhəri gəzmişəm, dəvə əti tapa bilmirəm, bəlkə sizdə ola. Bircə tikə olsa oğlum yeyib sağalar, sizə duva eləyər, özü də ki, osanata keçər.
Arvadın ürəyi yumşalır, gətirib dəvənin ətindən bir pişirim qarıya verir. Qarı əti alan kimi gedib padşaha xəbər verir. Padşah o saat kişini əli-qolu bağlı gətirtdirir. Kişi əli-qolu bağlı gedəndə deyir:
– Arvad, səni görüm dilim-dilim olasan, dilini özündə saxlasaydın belə olmazdı. İndi mən gedirəm, heç olmasa qapıdan-bacadan muğayat ol.
Kişini aparırlar, nə qədər döyürlərsə boynuna heç nə qoya bilmirlər.
Axırda qalırlar şübhədə ki, bunu assınlar, yoxsa yox. Bu hində bir də görürlər ki, bir arvad qapı-bacanı söküb yükləyib dalına, düz gəlir ərinin yanına.
Padşah deyir:
– Kişi, bu nə əhvalatdı?
Kişi deyir:
– Arvad, bu nədi?
Arvad deyir:
– Sən demədinmi qapıdan, bacadan muğayat ol. Mən sənin yanına gəlmək istədim, gördüm qapı-baca qaldı tək, qorxdum oğurlayıb aparalar, söküb yüklədim dalıma.
Kişi üzünü padşaha tutub deyir:
– Padşah sağ olsun, bax bu cür ağlı olan bir arvadın sözüynən məni tutub əl-ayağımı bağladıbsan, bu heç danışığını bilmir ki...
Padşah görür ki, doğrudan da arvad gicbəsərin biridi. Kişinin əlayağını açdırıb buraxır. Kişi arvadını qabağına salıb dannaya-dannaya evə gətirir, deyir:
– Arvad, nə qədər ki, sən ağıllanmayıbsan, elə mənim başım qiylü-qalda olacax.
Arvad cavab verir:
– Kişi, nə danışırsan? Sən məndən də betərsən. Bazara gedib heç nə üstündə şil-küt qayıtdığın yadından çıxıb?
Kişi bir az fikirləşib deyir:
– Hə arvad, düz deyirsən. Yaxşı deyiblər, su axar çuxuru tapar.

 ©  Azərbaycan Xalq Nağılları

Bütün hüquqları qorunur.

https://www.nagillar.az/article/a-186.html