Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Bir qoca kişi var idi. Qocanın Əmir adlı bir oğlu vardı. Əmir on beş yaşında idi. Günlərin bir günü qoca evdə arvadı ilə oturmuşdu, dedi:
Arvad, mənim yaşım keçib, bir gün olar, ölüb dünyadan gedərəm.
Oğlum uşaqdır, dolanacağınız pis keçər. Mən evin orta divarında bir sandıq basdırmışam. Sandığın içində bir papaq, bir torba və bir zurna var. Mən öləndən sonra oğlumun əli kasıblığa düşəndə o şeyləri çıxarıb hərdən birini ona verərsən. Fərasəti olsa, o şeylərlə dolana bilərsiniz.

Biri var idi, biri yox idi, dövlətli bir tacirin gözəl bir qızı var idi. Bu qız nə qədər gözəl idisə, bir o qədər də ağıllı idi. Tacir çoxlu pul xərcləyib qızı oxutmuşdu. Qız həddi-büluğa çatandan sonra bunun gözəlliyi, ağıl-kamalı, şöhrəti yayıldı ətrafa. Yaxşı-yaxşı yerlərdən gündə qıza elçi gəlirdi. Amma qız heç kəsə getmirdi, gələn elçilərin hamısına deyirdi:
– Kim məni almaq istəsə, gərək əvvəlcə mənim əlimə su tökə.
hərgah dediklərimi eləməsə, ona getmərəm.

Biri vardı, biri yoxdu, keçmiş qərinələrdə Əhmədi Çekkaş adında birisi vardı. Bu hər gün səhər tezdən işinə gedib, günü batıranda evinə gələrdi. Əhmədi Çekkaş bir gün çayçı dükanında oturub, bir dərvişin oxumağına qulaq asırdı. Dərviş oxuyub qurtarandan sonra keçib oturdu Əhmədi Çekkaşın yanında. Əhmədi Çekkaşnan başladılar gələcəkdən-keçəcəkdən danışmağa. Dərviş çox söhbətdən sonra Əhmədi Çekkaşa dedi:
– Gəl bir nərdivan qoyaq, bəlkə qabağımıza kölgəlik çıxsın.

Qədim əyyamlarda bir padşah varıymış. Bu padşah yaman əzazilmiş, Firon1 onun yanında heç nəymiş. Elə fikri-zikri qoşun hazırlamaq, adam öldürmək imiş. Padşah belə bir əmr veribmiş ki, üç-dörd yaşında uşağların hamısını yoxlasınlar, hansı uşağ zəyifdi, şikəstdi, elə ordaca öldürsünlər. Bir xeyli müddət padşah uşağları qırdırdı. Amma bu tədbir də onun acığının qabağını ala bilmədi. Padşah bu dəfə də fikirləşdi ki, düz-dünya doludu qoca-qoltaxnan; davada, qaça-qaçda əl-ayağa dolaşırlar. Əmr verdi ki, harda qoca arvad-kişi varsa, öldürsünlər. Həmən vilayətdə İmran adında bir cavan oğlan yaşayırdı. Onun gözünün ağı-qarası bircə qoca atası varıydı. İmran atasını o qədər çox istəyirdi ki, onun yerinə özü ölümə gedərdi. İmran qorxurdu ki, padşahın adamları gəlib onun atasını da öldürərlər. Odu ki, atasını götürüb şəhərdən çıxdı, gecəykən dağnan-daşnan gedib bir meşəyə çatdı. Bir bulağın yanında qaranlıq bir mağara tapdı, atasını mağarada gizlədib dedi:
– Ata, sən burda qal, mən hər üç günnən, beş günnən bir sənə yemək gətirib verərəm, təki sən padşah cəlladlarının əlinə düşməyəsən.

Günlərin bir günündə bir çoban varımış, bu çobanın gözünün ağıqarası Əhməd adlı bir oğlu varımış. Bir gün çoban çölə çıxıb qoyun otarırdı. Hava çox isti idi, çoban nə qədər su axtardı ki, həm qoyunları suvara, həm də özü içə. Nə qədər axtardı, tapa bilmədi. Qoyunları ağac altına yığıb, tapşırdı köpəyə, o yana gedib gördü ki, bir quyu var, gəlib quyuya çatdı istədi su çəkə, birdən qulağına səs gəldi. Çoban bir oyana, bir bu yana baxıb gördü ki, heç kəs yoxdu. Əyilib quyuya baxdı, gördü ki, bir arvad, bir də bir ilan var. Çoban qurşağa kimi əyildi quyuya, ilan çobanı görən kimi dil açıb dedi:
– Çoban, sənə qurban olum, məni qurtar bu arvadın əlindən, ta baş-beynimi aparıb.
Doğrudan da, quyuda bir arvad varıdı ki, Əflatun bu arvadın əlinə düşsəydi, çürüyüb ölərdi. Çoban baxıb gördü ki, doğrudan da ilan arvadın əlindən az qalıb ölə, tez quyuya bir qab salladı, ilan özün qabın içinə saldı. Çoban qabı çəkib yarıda saxladı, öz-özünə dedi:
– Ey dili-qafil, mən su axtarıram, qabağıma ilan çıxdı. Birdən ilan məni çalar, yaxşısı budu, qoy ilan arvadın əlindən quyuda çərləyib ölsün.

Biri varıdı, biri yoxudu, Allah varıdı, şəriki yoxudu. Günlərin bir günündə bir nəfər Əcəm oğlu İbrahim varıdı. Bu Əcəm oğlu İbrahimin Dostu adlı bir anası varıdı. İbrahimin sənəti bu idi ki, hər səhər çıxırdı ova, ovlardı, gəlib anasıynan bir yerdə şad ürəknən yeyərdilər. Bunların güzəranları belə keçərdi. Elə gün olmazdı ki, İbrahim ovdan boş qayıda. Bir müddət belə keçdi. Bir gün İbrahim atı minib çıxdı çölə, axşama kimi at sürdü, heç bir şey vura bilmədi, axırda qayıdıb gəldi. Anası Dostu baxıb gördü oğlu İbrahim boş gəlir, oğlunun qabağına çıxıb dedi:
– Oğul, gəl sən bu sənətdən əl çək. Atan bu sənətdən nə xeyir görüb ki, sən də görəsən.
İbrahim anasının sözünə qulaq asırdı. Anası sözünə davam etdi:
– Oğul, mən qocalmışam, sən gəl özünə bir gəlin tap ki, gündüz ananın qulluğunda dursun, gecə sənin.

Günlərin bir günündə Əhməd adlı bir tacir ticarətə getmək fikrinə düşdü. Çıxdı bazara, bütün əlində olan nağd pulunu-parasını verib atlaza, qumaşa, çitə, arşın malına getdi evinə. Gözlədi şənbə günü oldu. Çünki şənbə günün səfəri yüngül olar. Atalar deyiblər ki, şənbə günü səfərə gedən tez qayıdar. O da şənbə gününü gözləyib, şənbə günü nökəri göndərdi, bir dənə rəmmal çağırtdırdı ki, bir rəml atdırıb görsün, bu səfər necə olacaq... Bəli, nökər gedib rəmmalı çağırdı Əhməd tacirin hüzuruna. Rəmmal lohunu, aşığını yığışdırıb qoydu xurcununa, gəldi Əhməd tacirin evinə. Əhməd tacir əmr elədi, rəmmala bir çay verdilər içdi, bir qəlyan verdilər çəkdi, ondan sonra üzünü tutub ona dedi:
– Rəmmal, bir irəml at görüm, mənim bu səfərim necə olacaq, irəml nə görsədir?

Günnərin bir günü İsfahanda bir kişi vardı, bı dedikcə kasıp idi. Bir qədər də bının özgəyə borcu vardı. Bir gün arvadına dedi:
– Birəz hərbiyə çörəkdən-zaddan qoy hazırra. Gedim görüm, o borcu düzəldə billəmmi?
Bının bir az da savadı vardı. Düşdü yola getdi, günə bir mənzil teyyi-mənazil getdi. O qədər ki, bir bulağa rast gəldi.
Gəldi bı bılağın üsdə düşdü, əlin yudu, üzün yudu, dəstəmaz alıp namazın qıldı oturdu. Çörəyin açdı qoydu qabağına, başdadı yeməyə. Çörəyin yedi qurtardı. Bı bulağın yaxınlığında da bir şəhər vardı.
Yavaş-yavaş yola düşdü. Bı şəhərə gedirdi. Xeylax getdi, çatdı bı şəhərə. Bı kişi bir balaca da dərvişliy bilirdi. Bir küçeynən getdi gördü bir oğlan yanına xeylax çit töküb satır. Amma elə hey deyirdi: “Əli başı üçün almaram, Əli başı üçün vermərəm!”
Kişi fikirləşdi ki, oturum bırda görüm, bı nə işin sahibidi? Bı niyə bilə deyir?

 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo