Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Cəlayi-vətən (Vətənnən cəlayi-vətənin nağılı)

Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kəs yoxudu. Bir kənddə bir ər-arvad varıdı. Bunlar çox kasıblıqnan ömürlərini sürürdülər.
Bir gün kişi arvadına dedi:
– Mən pul qazanmağa gedirəm, əgər geri döndüm, döndüm, yox öldüm, bu xəncərnən atımı, uşağım olanda ona verərsən, gəlib mənim qanımı alar.
Bu sözləri deyib kişi yola düşdü. Az getdi, çox getdi, gəlib çatdı bir meşəyə. Hava yavaş-yavaş qaranlıqlaşırdı. Kişi məəttəl qaldı, özözünə dedi:
– Ay Allah, indi mən neyləyim, başıma haranın külünü töküm. Gecənin bu vaxtında qurd-quş məni yesə, kim harayıma çatacaq! Axı mən niyə rahatca evdə oturduğum yerdə durub çöllərə düşdüm?
Kişi ora-bura baxıb gördü ki, uzaqdan bir işıq gəlir. Yenə özözünə dedi:
– Yaxşı oldu, bu gecəni orda keçirərəm, görüm sabah başıma nə gəlir?

Üz qoydu işığa tərəf getməyə. Getdi, getdi gedib işıq gələn yerə çatanda gördü ki, bir mağaradı, içində çıraq yanır. Amma heç kim yoxdu, ancaq burda qəşəng evlər var. Evlər elə bəzənmişdi ki, adam deyirdi lap cənnətdi. Bir-bir evləri gəzdi. Axırıncı qapının açdı, gördü pah atonnan, burda bir dev yatıb, bu dev o qədər qocadı ki, yerindən tərpənə bilmir.
Dev soruşdu:
– Ay bala, sən hara, bura hara, bura gələn sağ qayıda bilməz, indi ki gəlmisən, hər nə sənə lazımdı, götür apar, ancaq tez çıx get, devlər gəlib səni yeməsinlər.
Kişi dedi:
– Xeyr a, mən gərək bu şeylərin hamısın aparam, yoxsa burdan getməyəcəyəm. Mən devlərdən qorxan deyiləm.
Elə bunu demişdi ki, göy guruldadı, hava qarışdı, külək əsdi, yer titrəməyə başladı.
Qoca dedi:
– Sənə adam kimi dedim ki, hər nə lazımdırsa, götür get, yoxsa devlər gəlib səni yeyərlər, sən inanmadın, indi eşidərsən. Budu devlər gəlir. Səni tikə-tikə eləyəcəklər. Tez ol, gəl bu sandığa gir.
Kişi tez sandığa girib gizləndi. Devlər vurhavurnan içəri girdilər.
Baş dev qışqırdı:
– Adam-badam iysi gəlir, yağlı badam iysi gəlir. Tez ol, de görək bu adam iyi hardan gəlir?
Qoca devin üstünə qışqırmağa başladılar. Qoca dev nə illah elədi ki, evdə adam yoxdu, devlər inanmadılar. Evləri gəzməyə başladılar.
Bunlar kişini sandıqdan çıxarıb tikə-tikə elədilər. Sizə kimdən xəbər verim, kişinin arvadından. Kişi gedəndən sonra üç-dörd gün keçmişdi ki, arvadın bir yaxşı oğlu oldu, adını Cəlayi-vətən qoydular. Bir neçə il kişini gözlədilər, gördülər ki, gəlmir, dedilər:
– Yəqin kişini öldürmüşlər ki, gəlib çıxmadı.
Yas tutdular, ağladılar, sonra hərə öz evinə çəkilib ömür sürməyə başladılar. İllər keçdi, arvadın oğlu yavaş-yavaş böyüyüb on səkkiz yaşına çatdı, bir gün olan anasından soruşdu:
– Ana, atamdan mənə nə qalıb?
Anası dedi:
– Bala, atandan sənə bir xəncər qalıb, bir də at. Atan gedəndə demişdi ki, oğlum olsa, bu xəncəri götürüb, bu atı da minib mənim intiqamımı alsın.
Oğlan geyinib xəncəli belinə bağladı, atı minib anasından soruşdu:
– Ana, atam hansı yolnan getmişdi?
Anası oğluna atası gedən yolu göstərdi. Oğlan üz qoydu o yolnan getməyə. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib çıxdı həmən meşəyə. Gecəydi, gördü ki, uzaqdan bir işıq gəlir, işığa sarı getməyə üz qoydu. Bir az gedəndən sonra, gəlib həmin mağaraya çatdı. Qapını açıb içəri girdi. Gördü ki, birinci otaq boşdu. İkinciyə girdi, gördü boşdu. Üçüncüyə girəndə gördü ki, bir qoca dev oturub. Dev bunu görən kimi, yerindən sıçrayıb dedi:
– Ay bala, bura indiyə kimi heç bir bəni-adəm gələ bilmir, hər kim gəlsə, devlər onu tikə-tikə eləyiblər. Sən ki, cavansan, yazıqsan. Hələ devlər gəlməyib, çıx get burdan.
Dev bu sözləri deyəndə oğlan barmağını dişləyib öz-özünə dedi:
– Aha, yəqin mənim atamı da bunlar öldürüb.
Oğlan bayıra çıxıb bir yerdə gizləndi. Bir də gördü ki, bir vurhavurdu, bir küləkdi, bir tufandı ki, Allah göstərməsin. Cəlayi-vətən gördü, bəli devlər gəlirlər. Tez xəncərini çıxardıb, yerində hazır oldu.
Devlər gəldilər, evdə oturub çörəklərini yeyəndə Cəlayi-vətən qapının ağzına gəldi, xəncərini əlində tutub qışqırmağa başladı:
– Ay haray, qoyma!
Devlər bu qışqırığı eşidib bir-bir bayıra çıxdıqca, Cəlayi-vətən onların boynunu vurub yerə salırdı. Hamısını öldürəndən sonra içəri girdi.
Qoca devi istədi öldürsün, qoca dev başladı yalvarmağa. Cəlayi-vətən onun bu sözünə də baxmayıb, boynunu vurdu. Sonra atını minib nənəsinin yanına gəldi. Nənəsi gördü ki, budu, Cəlayi-vətən özünü yetirdi. Tez nənəsi onu qucaqladı, öpüşdülər, görüşdülər. Sonra Cəlayi-vətən dedi:
– Nənə, atamın intiqamını almışam, indi hazırlaş gedək.
Nənəsi hazırlaşıb geyindi, atlarına minib, birbaş devlər məskəninə gəldilər.
Nənəsi dedi:
– Ay bala, məni hara gətirmisən? Devlər gəlib məni yeyəcəklər, sən neylərsən?
Cəlayi-vətən başına gələnləri nənəsinə nağıl elədi, nənəsi də sakit oldu. O, nənəsinə dedi:
– Axırıncı otaqda dev var, ona çörək-zad verməyəsən ha.
Cəlayi-vətənnən nənəsi burda yaşamağa başladılar. Cəlayi-vətən həmişə meşəyə ova gedərdi; nənəsi də evdə qalıb ev işlərini görərdi. İydələr çiçəkləyirdi, arvad özünü saxlaya bilməyib axırıncı otağın pəncərəsinə yaxınlaşdı, baxdı ki, burda böyük bir dev var. Geri qayıtdı. Beləbelə arvad hər gün qapını açıb devin yanına gəlirdi. Axırda bu devnən sevişdi. Cəlayi-vətən ova gedib gəlincə, arvadnan dev keyf çəkirdilər.
Oğlan evə gələndə dev yenə öz otağına girib gizlənirdi. Cəlayi-vətənin nənəsinin bu işindən xəbəri yoxudu. Bir il keçəndən sonra arvadın devdən bir oğlu oldu. Məəttəl qaldılar ki, uşağı neyləsinlər. Dev dedi:
– Arvad, apar bu uşağı qoy Cəlayi-vətənin yolunun ağzına. O insaflıdı, görəcək ki, uşaqdı ağlayır, alıb qucağına evə gətirəcək. Sən də bir az naz eləyib, alıb uşağı saxlarsan.
Arvad bu tədbirə razı oldu. Uşağı alıb, Cəlayi-vətənin gəldiyi yolun ağzına qoyub evə qayıtdı.
Günortadan bir az keçmişdi. Cəlayi-vətən ovdan qayıdanda gördü ki, yolunun üstünə bir uşaq atılıb, ağlayır. Tez uşağı qucağına alıb, can deyə-deyə evə gətirib nənəsinə dedi:
– Nənə, sənə qurban olum, bir bu uşağa bax, gör nə yaxşıdı. Yolun üstünə atmışdılar, ağlayırdı, götürdüm gəldim. Sən gəl rədd eləmə, bunu mənə qardaş elə.
Nənəsi dedi:
– Ay bala, mənim nə vaxtımdı, mən tay qocalmışam, uşaq saxlamağı nə bacarıram, apar qoy yerinə bəlkə yoldan keçən götürə.
Cəlayi-vətən nənəsinə yalvarmağa başlayıb dedi:
– Nənə, bu uşağı götür, adını da Vətən qoy, mənim qardaşım olsun.
Axırda nənəsi razı olub, uşağı götürdü. Bir neçə gün keçəndən sonra Cəlayi-vətən gördü ki, nənəsinin döşlərindən süd gəlir, ona dedi:
– Nənə, gör Allah uşağı nə qədər istəyir ki, sənin döşlərinə süd verdi.
Nənəsi gülüb, başını aşağı saldı. Vətən böyüyüb yeddi-səkkiz yaşlarına çatmışdı, özü də Cəlayi-vətəni o qədər istəyirdi ki, bir dəqiqə onsuz dura bilmirdi.
Bir gün Cəlayi-vətən ova getmişdi. Vətən də özünü yuxuluğa vurub yerində uzanmışdı. Gördü nənəsi devə deyir:
– Bu Cəlayi-vətən bizə göz verib, işıq vermir. Necə eləyək ki, bunu yox edək.
Dev dedi:
– Ona nə var ki. Sabah Cəlayi-vətən ovdan qayıdanda mən bir əqrəb olub qapının üstündə duraram, o gəlib keçəndə onun başından sancaram.
Dev bu sözləri deyəndə Vətən yorğanının altından qulaq asırmış. Odu ki, Vətən ayağa durdu, paltarını geyindi, getdi durdu qardaşı gələn yolun üstündə. Uzaqdan gördü ki, qardaşı gəlir, tez onun qabağına getdi, ikisi də bir yerdə gəldilər. Evin qapısından içəri girəndə Vətən yapışdı Cəlayi-vətənin yaxasından ki, gərək mən sənin boynuna minəm Nənəsi ona dedi:
– Ay bala, qardaşın yorulub, acdı, niyə onu incidirsən.
Vətən dedi:
– Köpək oğlunun qızı, çox danışma, qardaş özümündü, özüm bilərəm.
Gərək mən onun boynuna sarılam.
Cəlayi-vətən gördü ki, qardaşı çox yalvarır, sözünü sındırmayıb, onu boynuna aldı. Nənəsi Cəlayi-vətənin yanına gəlib dedi:
– Ay bala, qardaşın ağırdı, sən onu boynuna ala bilməzsən, qoy özü getsin.
Dev gördü ki, öz oğlu Cəlayi-vətənin boynundadı, vursa, o da öləcək. Odu ki, onu vurmayıb, çıxdı getdi.
Cəlayi-vətənin nənəsinin qaşqabağı yernən gedirdi. İşləri baş tutmamışdı.
Cəlayi-vətən çörəyini yedi, çox yorulmuşdu. Başını qoyub yatdı. Vətən gə öz yerinə girdi, amma yatmadı, özünü yuxuluğa vurdu.
Nənəsi gördü ki, Cəlayi-vətən də, Vətən də yatıblar. Devi çağırıb dedi:
– Ay kişi, bu gün Vətən qoymadı ki, sən onu vurub öldürəsən. Bəs biz indi necə eləyək? Nə qədər ki, bu sağdı, heç vaxt keyf eləyə bilməyəcəyik.
Sən gəl onu öldür.
Dev dedi:
– Ay arvad, Vətən qoymayacaq mən onu evdə öldürəm. Sabah Cəlayi-vətən ova gedəndə, mən ondan qabaq çıxacağam. O, ov ovladıqdan sonra gəlib sərin çeşmənin yanında əl-üzünü yuyacaq. Həmişə o çeşmənin üstündə başını yerə qoyub yatır, dincəlir. Başını yerə qoyanda mən hücum eləyib onu öldürəcəyəm. Əgər mən onu öldürsəm, tez evə gələcəyəm, yox əgər məni öldürsə, onda sağ-salamat evə gələcək.
Elə ki, sən gördün ki, sağ-salamat evə gəldi, deməli mən ölmüşəm. Sən o saat bulağın yanına gələrsən. Mənim qanım oralara töküləcək, o qandan bir qab yığıb, evə gətirərsən. Cəlayi-vətən xörək yeyəndə onun qabına tökərsən, o xörəyi yeyən kimi, partlayıb öləcək.
Arvad bu sözlərə qulaq asdı, bir az ağlayıb, devnən qucaqlaşıb, öpüşüb ayrıldılar. Bunlar burda danışanda Vətən də yorğanın altından qulaq asırdı. Sabah səhər tezdən Vətən yerindən qalxdı, geyindi, əlüzünü yudu. Çay içməyə oturanda, Cəlayi-vətən soruşdu:
– Qardaş, sən hara tələsirsən, sənin ki, bir işin yoxdu:
Vətən dedi:
– Qardaş, mən də bu gün sənnən ova gedəcəyəm.
Cəlayi-vətən dedi:
– Qardaş, sən hara, ov hara, sən hələ balacasan, ova gedə bilməzsən.
Hava istidi, yorularsan, otur evdə oyna.
Vətən dedi:
– Qardaş, heç mümkün deyil, mən bu gün sənnən getməsəm özümü öldürəcəyəm.
Nənəsi dedi:
– Ay bala, qardaşına əziyyət eləmə, qoy getsin işinə. Sən nə üçün ova gedirsən axı?
Vətən dedi:
– Ay arvad, elə vuraram ağzına, yerində qalarsan. Sən mənim işimə qarışma, öz işimdi, sənə nə dəxli var. Mən qardaşımnan getmək istəyirəm.
Cəlayi-vətən gördü ki, yox, bu gün qardaşı özgə cür başlayıb, ona görə də qardaşının sözünü sındırmayıb, onu da özüynən ova apardı.
Arvad gördü ki, yox, yenə Vətən bunun yanına düşüb gedir. İşlər pisdi, devi öldürəcəklər. Qapıda oturub devi gözləməyə başladı.
Cəlayi-vətənnən Vətən əl-ələ tutub, meşənin içinə girdilər. Bir az ov vurdular, ocaq qaladılar, vurduqları quşdan zaddan yedilər.
Cəlayi-vətən dedi:
– Qardaş, mən yorulmuşam, gedək bir bulağın yanında yatıb, dincimizi alaq, sonra gedərik evə.
Vətən razı oldu, çünki bilirdi dev orada gözləyəcək. İki qardaş ayağa durub bulağın yanına getdilər. Bulağın yanına çatanda, Cəlayi-vətən bir az ot yığıb, başının altına qoyub uzandı, xəncərini də qınından çıxarıb qoydu sinəsinin üstünə. Sonra qardaşına dedi:
– Qardaş, sən yat, dincini al, evə gedib çata bilməzsən.
Vətən qardaşına dedi:
– Qardaş, məndən nigaran qalma, sən arxayın yat, mən onsuz da yatacağam.
Bu sözlərini deyib, iki qardaş başlarını yerə qoydular. Cəlayi-vətənin heç nədən xəbəri yoxudu. Ona görə də başını yerə qoyan kimi yatdı.
Vətən də başını yerə qoyub devin yolunu gözləyirdi. Aradan bir az keçmişdi. Vətən gördü ki, dev yavaş-yavaş gəlir. Vətən özünü yuxuluğa vurdu. Dev lap yaxınlaşanda Vətən qardaşının üstündən xəncərini götürüb devə elə vurdu ki, dev iki parça olub, qan hər tərəfə yayıldı. Vətən qorxdu ki, qardaşı ayılsın. O, devin qıçından tutub bir tərəfə sürüklədi.
Sonra xəncəri qanlı-qanlı gətirib, yavaşca qardaşının sinəsinə qoydu. Aradan bir neçə saat keçdi. Cəlayi-vətən yuxudan oyandı, döşündən xəncəri götürüb, gördü ki, xəncər qanlıdı. Qardaşının üzünə baxıb soruşdu:
– Qardaş, bu nə işdi, nə olub, mənim xəncərim niyə qanlıdı?
Vətən dedi:
– Qardaş, heç nə yoxdu. Burdan bir balaca dovşan keçirdi. İstədim onu vuram, xəncəri atdım dəydi yaraladı, amma dovşan ölmədi, qaçdı.
Xəncərdə olan dovşanın qanıdı.
Cəlayi-vətən xəncəri götürüb belinə asdı. Əl-üzünü yuyub, birbaş evlərinə yola düşdülər. Evlərinə çatanda gördülər ki, nənələri qapının ağzında oturub onların yolunu gözləyir. Bunlar evə gələn kimi arvad barmağını dişlədi. Öz-özünə dedi:
– Vay dədə vay, bunlar devi öldürüblər!
Arvad devin tapşırdığı yerə qaçmağa başladı. Arvad həmin bulağın yanına gəldi, gördü ki, doğrudan da devi tikə-tikə eləyib atıblar bir qırağa. Arvad devin dediyi kimi tez qoltuğundan bir qab çıxartdı.
Devin qanından onun içinə tökdü, evlərinə tərəf gəlməyə başladı. Oğlanlar evdə istədilər ki, çörək yesinlər. Gördülər nənələri yoxdu. Vətən tez barmağını dişlədi. Sonra ürəyində dedi:
– Yaxşı, köpək oğlunun qızı, gör indi sənin başına nə oyun açacağam.
Oğlanlar bir az gözlədikdən sonra gördülər ki, nənələri budu təngənəfəs özünü evə yetirdi. Tez xörəkləri çəkdi, can, qadanı alım, başına dönüm deyə-deyə onların qabağına qoydu. Vətən ürəyində özözünə dedi:
– Yaxşı, dayan gör indi sənin başına nə oyun açacağam.
Xörək ortalığa gəldi. Bir nənə, iki qardaş süfrənin qırağında oturdular. Cəlayi-vətən çox ac olduğundan, əlini uzadıb xörəkdən yemək istədi. Vətən qışqırıb, qardaşının əlindən tutub dedi:
– Qardaş, heç utanmırsan, nənəmiz hamıdan böyükdü, o oturub qıraqda, amma xörəyə sən əlini əvvəl uzadırsan? Qoy əvvəl nənəmiz
yesin, sonra da sən yeyərsən.
Cəlayi-vətən heç bir şey başa düşməyib, Vətənin üzünə baxdı.
Vətən dedi:
– Qardaş, üzümə baxma, əvvəl gərək bu xörəkdən nənəm yeyə, sonra sən yeyəsən.
Nənəsi gördü ki, yox, işlər şuluqdu, atası yanıb, Vətən bunun axırına çıxacaq, tez dedi:
– Ay bala, mən ac deyiləm, qardaşın yazıqdı, acdı, sən nə üçün onu belə incidirsən, heç insafın yoxdu?
Vətən dedi:
– Arvad, uzun danışma, sənə deyirəm ye, yoxsa xəncəri götürüb səni tikə-tikə elərəm.
Cəlayi-vətən bunların üzünə baxıb heç nə başa düşmürdü. Vətən xəncəri çıxardıb, durdu nənəsinin başının üstündə, dedi:
– Köpək qızı, sənə ye demirəm?!
Nənəsi gördü ki, onsuz da əcəli çatıb, əlini uzatdı, xörəkdən götürüb ağzına qoyan kimi, arvad parça-parça olub öldü. Cəlayi-vətən özünü itirib Vətəndən soruşdu:
– Qardaş, mənə söylə görüm bu nə sirrdi?
Vətən dedi:
– Qardaş, gəl otur yanımda, sənə bütün sirləri deyim.
Qardaşlar bir-birinin yanında oturdular. Vətən başdan-ayağa qədər bütün əhvalatı Cəlayi-vətənə danışdı.
Cəlayi-vətən bunları eşidəndən sonra ayağa durub, xəncərini qapının üstündən asıb, Vətənə dedi:
– Qardaşım, indi ki belə oldu, mən gedirəm, qoy məndən sənə bu xəncərim yadigar qalsın. Hərdən bir bu xəncərə baxarsan, xəncərimdən qan damanda dalımcan gələrsən.
Bu sözləri deyib, Cəlayi-vətən yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düş getdi, axırda gəlib bir şəhərə çatdı. Şəhərin qırağında bir balaca daxma varıdı. Daxmaya yaxınlaşıb gördü ki, bir qoca qarı oturub corab toxuyur. Cəlayi-vətən dedi:
– Qarı nənə, bu gecəliyə Allah qonağı saxlarsanmı?
Qarı dedi:
– Nə üçün saxlamıram, ay bala, Allaha da qurban olum, onun qonağına da, gəl içəri.
Cəlayi-vətən içəri girib bir az oturdu. Qarı nənə buna çörək verdi.
Cəlayi-vətən yedi doydu, qırağa çəkiləndə dedi ki, ay nənə, zəhmət olmasa, mənə bir az su ver.
Qarı o biri evə getdi, bir qab su gətirib Cəlayi-vətənə verdi.
Cəlayi-vətən gördü ki, su şordu. Qarıdan soruşdu:
– Ay qarı nənə, bu su niyə belə şordu?
Qarı dedi:
– Ay bala, vallah, məmləkətin ah-naləsi bütün dünyanı götürüb.
Biz burda aylarnan su üzü görə bilmirik. Bu şəhərdən çox böyük bir çay keçir. Amma nə fayda ki, çayın qabağını bir əjdaha kəsib ki, su onun üstündən aşıb axa bilmir. Hər ay bu əjdahaya bir qız veririk. Əjdaha qızı yeyəndə başını qalxızır, onda bir az su gəlir, biz də götürüb içirik.
İndi neçə aydı ki, yenə su üzü görməmişik. Məmləkətdə qız qurtardığına görə bu gün padşahın qızı qurban gedəcək. Sən məndən su istəyəndə mən sənə yox deyə bilmədim, köhnədən qalma bir az su varıdı, onu sənə gətirdim.
Cəlayi-vətən dedi:
– Qarı nənə, o əjdaha hardadı?
Qarı dedi:
– Ay bala, dağın dalındadı.
Cəlayi-vətən dedi:
– Qarı nənə, bu gün padşahın qızını ora aparanda mənə deyərsən, mən gərək o əjdahanı öldürəm, o qızı azad eləyəm.
Qarı dedi:
– Ay bala, sən hara, o əjdaha hara? Sən onnan bacarmazsan, yazıqsan, o əjdahaynan padşahın qoşunu, pəhləvanları bacara bilmir.
Oğlan dedi:
– Nə olar, sən məni ora apar. Mən ancaq bir qıraqdan tamaşa edərəm.
Vaxt oldu, padşahın qızı geyindirildi, camaat əllərində qab-qacaq, səhəng götürüb çayın qırağına yığışıb, padşahın qızını gətirdilər. Oğlan da gedib bir qılınc alıb, çayın bir qırağında gizlənmişdi. Bir də gördü ki, padşahın qızı gəlir. Qız, nə qız!.. Başında bir məcməyi plov, qırağında şirniyyat. Yavaş-yavaş irəliləyir. Qızı çayın qırağında qoyub, camaat qırağa çəkildi.
Qızın gözlərindən yaş sel kimi axırdı. Cəlayi-vətən buna tamaşa eləyə bilməyib, tez gizləndiyi yerdən çıxdı. Qıza yaxınlaşıb dedi:
– Ay qız, bu aşı qoy yerə mən yeyim, başımı qoyum sənin dizinin üstünə yatım.
Əjdaha başını qalxızanda məni oyadarsan.
Qız dedi:
– Ay oğlan, mən onsuz da öləcəyəm, sən yazıqsan, onu öldürə bilməzsən, özün düşərsən bəlaya.
Cəlayi-vətən bunun sözünə qulaq asmayıb, plovu alıb yedi. Sonra əllərini silib, başını qoydu qızın dizinin üstə yatdı. Qız oturmuşdu, bir də gördü ki, əjdaha başını qalxızıb buna tərəf gəlir. Özünü itirdi.Cəlayi-vətəni durğuza bilmədi. Cəlayi-vətən bir də ayılıb gördü ki, qız yarıya qədər əjdahanın boğazına gedib, tez qılıncını götürüb əjdahaya yaxınlaşdı. Əjdaha bunu da udmaq istəyəndə Cəlayi-vətən onun ağzını kəsə-kəsə ta qarnına qədər cırıb iki böldü. Cəlayi-vətən qızı onun qarnından çıxartdı. Qız bayıra çıxan kimi, əlini qana batırıb, Cəlayi-vətənin kürəyinə sürtdü. Camaat nə gördü, su yerinə qan gəlir, padşah başa düşdü ki, əjdahanı öldürüblər. Əmr elədi ki, hələ qan kəsilib qurtaranacan, heç kim su götürməsin. Tez adam göndərib qızı gətirdilər, amma əjdahanı öldürəni tapmadılar. Cəlayi-vətən qaçıb gəlmişdi qarının evinə ki, heç kim onu görməsin.
Padşah qızından soruşdu:
– Qızım, bəs o əjdahanı öldürən oğlanı necə tapaq?
Qız dedi:
– Ata, mən onun kürəyinə beş barmağımı qana batırıb vurmuşam.
Şəhər axtarılsın, kimin dalında həmin nişanı tapsalar, deməli, əjdahanı o öldürüb.
Padşah bütün şəhərə adam saldırdı, başladılar əjdahanı öldürəni tapmağa.
Sizə Cəlayi-vətəndən xəbər verim. Cəlayi-vətən evlərinə gəldi, tez uzanıb yatdı, üstündən bir az keçmişdi, gördü ki, qarı nənə sevinəsevinə budu gəlir.
Cəlayi-vətən soruşdu:
– Ay nənə, nə olub belə sevinirsən?
Qarı dedi:
– Ay bala, niyə sevinməyim, sənin ayağın bizə düşdü. Bilmirəm hansı igid gəlib bu gün əjdahanı öldürüb, hamımızın canı qurtardı.
Cəlayi-vətən dedi:
– Ay nənə, bəs o adam hardadı?
Qarı dedi:
– Ay bala, bütün şəhərə adam salıblar, indi onu axtarırlar, amma tapa bilmirlər.
Bir saat keçməmişdi ki, qapı açılıb, padşahın adamları içəri girdilər.
Cəlayi-vətəni ayağa qaldırıb kürəyinin arasına baxdılar. Gördülər ki, həmin qızın dediyi nişan bu oğlanın kürəyindədi. Bütün şəhərə car çəkdilər ki, əjdahanı öldürən oğlan tapılıb. Cəlayi-vətəni gətirdilər padşahın hüzuruna.
Padşah dedi:
– Oğlan, indiyə qədər bu əjdahanın əlindən biz dünyada olmayan əziyyəti çəkmişik. İndi ki sən bizi əziyyətdən qurtarıb əjdahanı öldürmüsən, mən qızımı da, padşahılığımı da sənə verirəm. Qal bu məmləkətdə.
Cəlayi-vətən padşahın sözüynən razılaşdı.
Qırx gün, qırx gecə padşahın qızıynan Cəlayi-vətənə toy elədilər.
Cəlayi-vətən qarı nənəni də yanına gətirib, burda yaşamağa başladılar.
Bir gün Cəlayi-vətən oturub pəncərədən bayıra baxırdı. Gördü ki, uzaqdan iki yol görünür. Tez qarı nənəsini çağırıb dedi:
– Nənə, de görüm bu yollar hara gedir?
Qarı dedi:
– Bala, bu yolların biri gedər-gələr yoldu, o birisi gedər-gəlməz yoldu ki, ora gedən bəni-insanın heç biri qayıtmamışdır.
Cəlayi-vətən dedi:
– Nənə, mənim yol tədarükümü gör, mən gedər-gəlməz yoluna gedəcəyəm.
Padşah, padşahın qızı gəlib nə qədər yalvardılar ki, sən gəl bu yola getmə, gücün çatmaz, qayıda bilməzsən. Nə qədər dedilərsə, Cəlayivətən bunların sözünə qulaq asmayıb, gedər-gəlməz yolnan getməyə üz qoydu. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib bir şəhərə çatdı. Şəhərə girəndə gördü ki, şəhərdə daşdan başqa heç nə yoxdu. O, çox gəzdi, gördü ki, bir bağça var. Bu bağçaya sarı getməyə üz qoydu. Bağçaya yaxınlaşdıqda, gördü ki, bağçanın hər tərəfi daşdı. Baxdı ki, daşın üstündə bir gözəl qız oturub ki, yemə, içmə gül camalına tamaşa elə, nacaq bunun dizinin üstünə bir kafir keşiş başını qoyub xorhaxor yatıb. Qız oğlanı görüb ağlamağa başladı, dedi:
– Ay oğlan, sən niyə bura gəlib çıxmısan, indi keşiş durar, səni daş elər, tez ol qaç burdan.
Qız elə bunu demişdi ki, keşiş ayıldı, oğlanı görən kimi, gözlərini ona bərəldib, püflədi. Oğlan dizə qədər daş oldu, bir də püfləyəndə oğlan boğaza qədər daş oldu, üçüncü dəfə püfləyəndə Cəlayi-vətən bütün daş olub qaldı. Sizə kimdən xəbər verim, Vətəndən.
Vətən evdə oturmuşdu, bir də baxdı gördü Cəlayi-vətənin xəncərindən qan dama-dama süzülür. Tez ayağa qalxdı, xəncərini bağladı belinə, atını minib birbaş qardaşının dalınca getməyə başladı. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib həmin padşahın məmləkətinə yetişdi.
Ordan, burdan soraqlaşıb, Cəlayi-vətənin hara getdiyini bildi. Tez axtarıb qarı nənəni tapdı, ona dedi:
– Ay qarı nənə, qardaşımın sorağını səndən istəyirəm, tez ol, de görüm qardaşım hara gedib?
Qarı dedi:
– Bala, o qabaqdakı iki yolu görürsənmi, onların biri gedər-gələr yoldu, biri gedər-gəlməz yoldu. Sənin qardaşın o gedər-gəlməz yolnan gedib. Gəl sən getmə, bala, yazıqsan, onu onsuz da qurtara bilməyəcəksən.
Vətən dedi:
– Nə danışırsan ay qarı, heç elə şey olar ki, Cəlayi-vətənin qardaşı sağ olsun, onu tək buraxsın?
Vətən vaxt itirməyib, gedər-gəlməz yolnan getməyə başladı. Bir neçə gün yol gedəndən sonra gəlib həmin məmləkətə çatdı. O yan, bu yana baxıb daşdan başqa heç bir şey görmədi. Şəhər lap qəbiristanlığa oxşayırdı. Bir az gedəndən sonra bir bağa rast gəldi. Bu bağın o yan, bu yanına baxıb, hər yanında daş görənd᝽B. Keşiş bunu görən kimi ayağa qalxdı, gözlərini ağardıb püfləməyə başladı. Keşiş nə qədər püflədisə, Vətənin heç halına təfavüt eləmədi. Çünki o dev oğluydu.
Keşiş bir də püflədi, oğlana heç bir şey eləyə bilmədi. Vətən xəncəri çıxardıb, keşişin üstünə hücum eləyib dedi:
– Bu saat burda olan daşların hamısını adam eləməsən, səni iki parça eləyəcəyəm.
Keşiş gördü ki, bura gələnləri bir nəfəsə daş eləyirdi, amma bunun heç halına da t3B. Keşiş bunu görən kimi ayağa qalxdı, gözlərini ağardıb püfləməyə başladı. Keşiş nə qədər püflədisə, Vətənin heç halına təfavüt eləmədi. Çünki o dev oğluydu.
Keşiş bir də püflədi, oğlana heç bir şey eləyə bilmədi. Vətən xəncəri çıxardıb, keşişin üstünə hücum eləyib dedi:
– Bu saat burda olan daşların hamısını adam eləməsən, səni iki parça eləyəcəyəm.
Keşiş gördü ki, bura gələnləri bir nəfəsə daş eləyirdi, amma bunun heç halına da təfavüt eləmədi. Deməli, bunun axırına çıxacaq, odu ki, qorxub bir dua oxudu ki, orda olan daşların hamısı insan oldu.
Bundan sonra Vətən xəncərini götürüb, keşişi iki böldü. Keşiş öləndən sonra Vətən axtarıb, Cəlayi-vətəni tapdı. İki qardaş görüşdülər, öpüşdülər, qızı da götürüb Cəlayi-vətənin padşahlıq elədiyi məmləkətə gəldilər. Şeypur çalındı, qoşun hazırlandı. Bayram tədarükü görüldü.
Təzədən iki qardaşın toyu başlandı. Gətirdikləri qızı Vətənə, padşahın qızını da Cəlayi-vətənə aldılar, qırx gün, qırx gecə toy elədilər. Sonra Cəlayi-vətənnən Vətən arvadlarını götürüb öz vilayətlərinə gəldilər.
Yeyib içib mətləblərinə çatdılar. Mən sağ olum, siz də salamat.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo