top image
 
 

Məstan

Bəli, nağıl binasını qoyaq yavaş-yavaş, olum qapında qulnan qaravaş.
Dövlətli plova şıllaq vurar, kasıb tapmaz bir kasa bozbaş. Biri varımış, biri yoxumuş, Mahmud adında bir tacir varımış. Bəli, belə deyirlər, tacir Mahmudun oğul sarıdan üzüqara, amma qız sarıdan elə keyfi kökdü ki, xoruz tək damağı şax-şax şaqqıldayırdı. Tacir Mahmudun Nigar xanım adlı bir qızı vardı, elə gözəldi ki, baxanın ağlı başından çıxıb, dəli-divanə olurdu.
Nigar, nə Nigar, hər saç hörüyü bir salxım qara şanı. Alnı ay kimi, zülmatlara işıq salır. Qaşları elə bil qüdrəti-ilahinin qələmiylə çəkilib.
Gözləri qara, kirpikləri yayından çıxmış ox kimi, rəngi sürməyi çalır.
Burnu hind fındığı. Yanaqlarına elə bil bir şüşə qan çilənmişdi, ləbləri şəkər, sinəsi mərmər kimi par-par parıldayır. İncəbelli, uzunboylu, şux dayanışıqlı, ceyran yerişli bir maraldı. Bəli, görək belə bir nemət kimə qismət olar.

Tacir Mahmudun qapısını elçilər qızdan ötəri qırıb çatırdı. Mahmudun da istədiyi o idi ki, özünə bab olan bir adam tapsın. Bir gün bazar tacirlərinin birisi Mahmudun gözünə çox şirin gəldi. Mahmud onun əsil-nəsəbini öyrənəndən sonra həmin tacir İlyası çəkdi dükana, birə-üç alverlərini artırıb tay da möhkəmlətdi.
Bir gün Mahmud qızı Nigarı yanına çağırıb dedi:
– Qızım, mən qocalmışam, gəl səni sağlığımda verim tacir İlyasa.
Nə deyirsən?
Nigar bu sözü atasından eşidən kimi, özünü itirib bilmədi nə desin.
Ağzını doldurub istədi deyə: Yox razı deyiləm, sonra öz-özünə fikirləşdi yaxşı olmaz, necə olsa atamdı, qəlbini sındırmamalıyam. Nigar xanım atasından bir həftə möhlət istədi. Mahmud çox sevinib razı oldu. Nigar atasından ayrılıb, durub gəldi öz otağına. Ataynan qız birbirindən ayrılıb burda qalsınlar.
Xəbər verim sənə kimdən, Məstandan. Məstan tacir Mahmudun mehtəriydi. Məstan da özünə görə göyçəkdi, amma sağ topuğundan tünd yeriyəndə bir balaca axsaxlığı vardı. Bir gün Məstan Nigarın reyhan bağını sulayırdı, gördü ki, reyhanların arasına bir qız şəkli düşüb.
Məstan şəkli götürüb baxdı, o saat qəşş edib, daş parçası kimi yerə sərildi. Bu tərəfdən də Nigar xanım əlində bir bardaq çay, reyhan bağına enirdi, gördü reyhanlıqda bir cavan bihuş olub, gözəlliyinə söz yoxdu.
Nigar Məstanın başının üstə oturdu, xeyli diqqət edib gördü ki, yerdə bir şəkil var. Əyilib şəkli yerdən götürdü, gördü ki öz şəklidi. Nigar xanım işi başa düşüb, baş barmağını dodağına verib fikrə getdi, özözünə dedi:
– İndi ki, bu mənim şəklimi görüb, bu qədər əziyyətə düçar olub, belə adamlar vəfalı olarlar. Mən də buna aşiq oluram. Nigar xanım Məstana bir könüldən min könülə aşiq olub, oturdu başının üstündə.
Məstanı ayıltdı.
Məstan ayılıb gördü ki, başının üstündə elə bir qız dayanıb ki, gəl görəsən. Məstan dinməz durub, istədi gedə. Nigar xanım Məstanın qolundan tutub dedi:
– Oğlan, Allahdan gizlin deyil, bəndəsindən nə gizlin. Sən mənim ürəyimə çox yatmısan, sənə gedəcəyəm.
Məstan da öz ürəyindəkini Nigara açıb, hər iki aşiq-məşuq əhdpeyman elədilər.
Bir həftə tamam olanda tacir Mahmud qızı Nigarı çağırtdırıb dedi:
– Qızım, bir həftə tamam oldu, nə deyirsən? Kişiyə söz vermişəm.
Nigar xanım ahu gözləriynən atasına baxıb, sonra gözlərini yumdu, başını aşağı tikəndə gözündən mirvari boyda yaşlar töküldü.
Tacir Mahmud xəbər aldı ki, niyə ağlayırsan?
Nigar uduxa-uduxa atasına dedi:
– Gəl, sən ixtiyarımı ver mənə, kimi könlüm tutsa, ona gedim.
Tacir Mahmud Nigar xanımın xətrini çox istəyirdi, amma bu sözü eşidən kimi, büsbütün Nigar xanımdan sidqi sivrilib dedi:
– İndi ki, mənim sözümdən çıxdın, get gözümnən kənara.
Nigar xanım atasının yanından durub birbaş gəldi reyhanlığa, həmin yerdə ki, Məstannan görüşüb əhd-peyman bağlamışdı, o yerdə oturub başladı ağlamağa. Məstan evdən çıxıb gəldi bağa, özünü reyhanlığa yetirib gördü ki, Nigar xanım ağlayır. Xəbər aldı:
– Ey mənim sevdiyim, nə qəza üz verib ki, ağlayırsan?
Nigar xanım bir az qabaq öz atasıynan danışdığı söhbəti Məstana danışdı. Məstan dedi:
– Mənim üstümdə niyə sən öz gününü qara eləyirsən. Mən buna razı ola bilmərəm, gəl sən atanın sözündən çıxma.
Nigar xanım dedi:
– Ey vəfasız, mən sən deyən qızlardan deyiləm. Günümə min qızıl da versələr, sözüm sözdü.
Məstan Nigar xanımdan bu sözü eşidən kimi çox sevindi. Nigar xanımı qucaqlayıb, sarmaşıq ağaca sarınan kimi, bir-birinə sarınıb reyhanlığın bir qırağında uzanıb yatdılar. Eşit tacir İlyasdan. Tacir İlyas eşitmişdi ki, Mahmud qızı Nigar xanımı ona verəcək. Birdən könlünə düşdü ki, gedim Nigar xanımın yanına, bir az söhbət eləyim. Tacir İlyas özünü Nigar xanımın bağçasına yetirdi. İçəri girib reyhanlığa çatdı, gördü ki, Nigar xanımla mehtər Məstan qol-boyun olub yatıblar.
Tacir İlyas əllərini bir-birinə vurub, daban qırmadan özünü tacir Mahmuda yetirdi. Tacir Mahmud evdə oturmuşdu, gördü ki, İlyas nəfəsi yana-yana gəlir, ondan xəbər aldı:
– Nə olub, niyə qaranəfəs olmusan?
Tacir İlyas gördüklərini tacir Mahmuda danışdı. Mahmud tacir İlyasdan bu xəbəri eşidən kimi, durub ayağa birbaş gəldi bağa, oyana, bu yana göz gəzdirib gördü ki, reyhanlıqda Nigar xanımnan Məstan sarmaşıq kimi, bir-birinə sarılıb yatıblar. Mahmud əl atıb yerdən bir böyük daş götürüb istədi Məstanın başına vura. Bu dəmdə Nigar xanım yuxudan ayılıb gördü ki, atası istəyir Məstanı öldürə. Nigar xanım ağlaya-ağlaya dedi:
– Ata, əvvəl məni öldür, sonra Məstanı öldürərsən.
Mahmud nə illah elədi ki, qızı Nigardan yaxa qurtarıb, Məstanı yatmış yerdə vurub öldürsün, ancaq Nigar xanım qoymadı. Mahmud hirsini bir az saxlayıb dedi:
– İndi ki belədi, gərək çıxasız şəhərdən, tay gözümə görünməyəsiniz.
Bunu deyəndən sonra Mahmud çıxıb getdi.
Səsə Məstan ayılmışdı. Nigar xanımdan xəbər aldı:
– Bu nə əhvalatdı? Nə olmuşdu?
Nigar xanım necə ki biz demişdik, elə də Məstana nağıl elədi.
Məstan gördü ki, Nigar xanım çox bərk fikirdədi, oldu ki, xəbər aldı:
– Nə üçün belə fikir eləyirsən?
Nigar xanım Məstandan yarım saata izn alıb gözdən itdi.
Nigar xanım özünü otağa yetirib, vəzndən yüngül, qiymətdən ağır əlinə düşəni yığıb düyünçə bağladı, özünü yetirdi Məstana. Məstan gördü ki, Nigar xanım düyünçəynən gəlir. Mətləbi anladı, götürüb Nigarı birbaş gəldi evinə. Məstanın bir qoca nənəsi vardı, özü də dünya görmüş çox ağıllı arvad idi. Məstan Nigar xanımı nənəsinə tapşırdı.
Məstanın nənəsi bir neçə gün Nigar xanımnan yeyib, bir yanı üstə yatdı.
Amma bir balaca da Nigardan danışaq. Gəlin var evə düşmən, mala düşmən, ərə deyər can, qaynanaya qusdurar qan. Amma Nigar xanım belə deyildi. Elə gələn kimi, Nigar xanım o yana, bu yana baxdı, gördü ki, ev səliqəynən döşənməyib, tez qolunu çırmalayıb, qaynanasını təmiz çimdirib, baş-gözünü yudu, evi silib süpürdü, öz istədiyi kimi səliqəyə saldı. Məstana təzə paltar alıb, üst-başını düzəltdirdi.
Bəli, hər şeyi səliqəyə salıb, qazıya gedib kəbin kəsdirdi, şadlıq qazanını işə saldı. Məstan bir neçə gün Nigar xanımın yanında qaldı. Bir gün pul qazanmaq niyyətinə düşüb, Nigar xanımdan başqa yerə getmək üçün icazə aldı. Nigar xanımı anasına tapşırıb, xudahafizləşib evdən çıxdı. Məstan çıxıb bazarda gəzinirdi, gördü ki, bir dəstə tacir bir yerə yığılıb söhbət edirlər. Tacirlərdən biri Məstanı çağırıb dedi:
– Oğlan, nökər dayanarsanmı?
Məstan dedi:
– Nə üçün dayanmaram, işimin adı nə olacaq? Mənə nə verəcəksiniz?
Tacirbaşı Məstannan danışıb, onu götürüb öz hücrəsinə gəldi.
Səhər tacir mal alıb qatırlara yüklədi, Məstana verib dedi:
– Apar bi malları Misir şəhərində filan tacirə ver.
Üstəlik bir kağız da yazıb Məstana verdi. Məstan qatırlardan birinə minib yol getməyə üz qoydu. Məstan az gedib, çox dayandı, mənzilbəmənzil, teyyi-mənazil, gedib çatdı Misir torpağına. Qatırları karvansaraya çəkib rahat elədi, çıxıb şəhərə həmin taciri soraqnan gəzib tapdı. Məstan Fəttah verən kağızı ona verib, malları əlbəəl xırıd elədi. Məstan bir müddət Misirdə qaldı. O, bu qalmaqnan iki dəfə Nigar xanıma pul göndərdi.
Bunlar burda qalsın. Gəl sənə xəbər verim kimdən. Su ağacı, cüvəllağı şeytan əməlli, küpəgirən qarının əlindən su içən tacir İlyasdan.
Tacir İlyas oturmuşdu hücrədə. Birdən öz-özünə dedi:
– Ey dili-qafil, bu nə işdi mən tutdum. Axırda qız mənə yox, mehtərin qisməti oldu.
İlyas bu fikirdəydi, birdən yadına düşdü ki, Məstan Misir şəhərindədi.
Nigar xanım da təkdi. Durdu kəndbəkənd gəzməyə. İlyas gəlib çatdı Nigargil yaşayan şəhərə, gəzib dolanıb Nigar xanımın evini tapdı, evi bələdləyib, çıxıb getdi. İlyas gecədən bir pas keçirdib durub getməkdə olsun. Eşit xəbəri Nigar xanımdan.
Nigar xanım Məstan göndərən pulu anasına verib evə xərclik eləyirdi, qalanını da evə şey-şüy alırdı. Bəli, gecə gəlinnən qayınana bayırda yatmaqda olsunlar. Eşit tacir İlyasdan. İlyas üst-başını dəyişdirib, durub gəldi Nigar xanımın evinə. Həyətə girib gördü ki, Nigar xanım səki üstə yatıbdı. Yavaş-yavaş gəldi Nigar xanıma tərəf. İlyas yerə diz vurub, oturdu Nigar xanımın başının üstündə. Nigar xanımın döşünə əl atdı. Nigar xanıma əl vuran kimi, ayılıb gördü ki, sinəsində bir əl gəzir, gözlərini ovub gördü başının üstündə bir nəfər qara paltar oturub. Nigar tez yorğan-döşəkdən durub, əl atdı ki, daş götürüb İlyasın başına vura. Göz gəzdirib daş tapa bilmədi. Gördü ki, divar dibində bir dəyənək var. Dəyənəyi götürüb iki dəfə İlyasa vurdu. İlyas yerə yıxılıb yenə qalxdı, o saat durub qaçdı. Nigar xanım küçə qapılarını bərk-bərk bağlayıb gəlib yıxılıb yatdı.
İlyasın başı yarılıb, qanı axa-axa gəlib çıxdı mənzilinə, gecəni yatıb, səhər tezdən bir neçə qatır yükü ipək mal aldı. Məstanın anasının dilindən oğluna bir belə məktub yazdı: “Oğlum, arvadın Nigar xanım şəhərdə bizi biabır elədi. Gündə bir lotuynan oturub danışır, durmayıb özünü mənə tez yetirəsən”. Kağızı möhürləyib qoydu qoltuğuna, minib atını, yüklü qatırları qabağına qatıb Misir şəhərinə tərəf üz tutdu. Neçə mənzil yol gedib gəlib Misir şəhərinə çatdı.
Karvansaraların birində rahat oldu. Səhər açılan kimi, malı xırıd eləyib, başladı Məstanı axtarmağa. Məstanı tapıb kağızı ona verdi, üstəlik dil cavabı da dedi:
– Anan Nigarın əlindən qan ağlayır. Mən də nəsihətə gəlmişdim, vurub başımı yardı.
Məstan gedib mollanın yanına, kağızı ona oxutdurub əhvalatdan xəbərdar oldu, o, anasının üstünə belə bir kağız yazdı: “Ana, mən gəlincə işi dayandır, gəlib əncam çəkərəm”. Məstan kağızı möhürləyib verdi Tacir İlyasa, dedi:
– Bu kağızı hələ- həlbət yetirərsən anama, dil cavabı deyərsən ki, bir aya kimi çıxıram.
Tacir İlyas mənzilinə gəlib, Məstan verən kağızı açıb oxudu, o saat kağızı cırıb atdı. Özündən belə bir kağız düzəltdi: “Ana, bir aya kimi vətənə gəlirəm. Bir ay içində Nigar xanımı qov getsin. Hərgah qovmasan, gəlib səni də, onu da öldürəcəyəm”. Tacir İlyas qatırını minib qatırları qatdı qabağına, üz qoydu getməyə. Nağıllarda mənzil tez başa gələr. İlyas gəlib çatdı şəhərə, kağızı bir uşağa verib Məstanın anasına göndərdi. Məstanın anası çox ağıllı arvad idi. Bildi ki, kağız oğlundandı.
İstədi ki, kağızı əvvəl özgə adama oxutdursun, sonra versin gəlini Nigara.
Bu dəmdə Nigar gəlib çıxdı, xəbər aldı:
– Nənə, o kağız nədi?
Məstanın anası gizlədə bilməyib dedi:
– Gözün aydın olsun, Məstandan məktub gəlib, oxu görək nə yazıbdı.
Nigar xanım kağızı alıb oxuyan kimi, rəngi-rufu qaçıb özündən getdi. Məstanın anası Nigar xanımı bir təhərnən ayıldıb, xəbər aldı ki, nə olub, niyə belə oldun?
Nigar xanım bir söz deməyib, birbaşa durub getdi öz otağına. Nigar xanım ağlaya-ağlaya dedi:
– Mən Məstandan ötrü atamı-anamı atıb gəldim, indi mənə belə kağız yazsın! Ey dili-qafil burda bir iş var ki, belə kağız yazıbdı.
O, gecəni səhərə kimi yatmayıb, fikir elədi. Səhər tezdən durub özünə bir dəst paltar götürüb, üz qoydu bərri-biyabana. Nigar xanım az getdi, çox dayandı, çox getdi az dayandı, gəlib çatdı bir meşənin qırağına.
Meşəyə girib o yana, bu yana baxıb gördü ki, burda bir qalaça var, amma qapıları açıqdı. Qalaçadan içəri girib gördü ki, hazır evdi, amma heç kəs yoxdu. Nigar xanım burda qalmaqda olsun. Eşit bir neçə kəlmə Məstanın anasından. Məstanın anası səhər durub gördü ki, Nigar xanım yoxdu, amma Məstanın göndərdiyi məktub yerdədi. Götürüb kağızı qoydu qoltuq cibinə, başladı Nigarı axtarmağa, nə qədər gəzdisə, Nigar xanımdan bir soraq tapa bilmədi. Evinə gəlib, qara geyinib oturdu; axşama kimi başına döyüb ağladı. Eşit Məstandan. Məstan kağızı göndərəndən sonra başladı darıxmağa. O bir gün öz-özünə dedi:
– Nə təhər olsa, gərək gedəm vətənimə, bir xəbər biləm.
Məstan gəlib ağasıynan haqq-hesabı üzdü, sonra vətəninə tərəf getməyə başladı. Məstan Nigar xanımı görməyə çox tələsirdi. Ata bir-iki şallaq vurub, bir aylıq yolu on beş günə gəldi evinə çatdı. İçəri girəndə gördü ki, anası qara geyinib. Xəbər aldı ki, niyə qara geyinibsən? Qarı nə ki olmuşdu, oğlu Məstana nağıl elədi, göndərdiyi kağızı Məstana verdi. Məstan kağıza baxıb gördü ki, öz möhürüdü. Aparıb kağızı oxutdurdu, gördü ki, kağız bunun adından yazılıb. Öz yazdığı kağız anasına çatmayıb. İş Məstana aşkar oldu. Gəlib anasının yanına, xəbər aldı:
– Ana, sən tacirnən mənə məktub göndərmisən?
Məstanın anası gözünün yaşını qurudub dedi:
– Yox, göndərməmişəm, amma bu kağızı filankəsin oğlu gətirib mənə verdi.
Məstan evdən çıxıb gəldi həmin oğlanı tapdı, xəbər aldı ki, kağızı sənə kim vermişdi? Oğlan dedi:
– İlyas adında bir tacir vardı, o verdi.
Məstan gəlib evə, anasıynan halallaşıb üz qoydu Nigar xanımın dalısınca. Məstan getməkdə olsun. Eşit İlyas tacirdən. O gördü ki, Nigar xanım yoxdu. Durub gəldi rəmmalın yanına, rəml atdırdı ki, görək Nigar xanım hardadı?
Rəmmal rəml atıb İlyasa dedi:
– Nigar xanım günbatan tərəfdə bir meşənin içindədi.
Tacir İlyas Nigarın adını eşidən kimi, rəmmalın ovcuna bir cəngə qızıl basıb, başladı pay-piyada getməyə. Eşit Məstandan, Məstan günbatan tərəfə neçə müddət yol getdi. Bir neçə gündən sonra onun qabağına iki yol çıxdı. Məstan bilmədi hansı yoldan getsin, özünə bir koma tikib oturdu yolun ortasında. İlyas bir aylıq yolu on günə gedib, gəlib çatdı Məstana, gördü ki, Məstan burdadı. Uzaqdan tanıyıb, üz-gözün dəsmalnan bağladı, salam verdi. Məstan salamını aldı. Hər ikisi laldinməz durub düşdülər yola. Amma bir-birindən xəbər almadılar ki, hardan gəlib hara gedirsən. Məstan İlyası tanımadı. Bunlar yol getməkdə olsunlar. Xəbəri verim sənə kimdən, Nigar xanımdan. Nigar xanımı biz aparıb meşədə qoyduq, görək Nigar xanım meşədə neylədi?
Nigar xanım necə ki, demişdik, gördü ki, burda bir boş ev var, evə girib, gəzib dolandı, gördü ki, burda bir deşik var. Əl vuran kimi daşları töküldü. Bir boş yer açıldı. Nigar xanım gördü ki, burda bir baş daşı var. Baş daşının o tərəf, bu tərəfinə keçib, bir şey başa düşə bilmədi, qırsaqqız olub meşənin içində qaldı. Bir gün Nigar xanımın azuqəsi qurtarmışdı, hər yeri gəzib bir şey tapa bilmədi, gəlib oturdu baş daşının yanında, öz gününə ağlayırdı. Bu dəmdə əli ilişdi baş daşına, gördü ki, baş daşı tərpənir. Baş daşını tərpədib çıxartmağa başladı. Elə ki, baş daşını çıxardıb atdı bir tərəfə, gördü ki, həmin qala gözdən itdi. Özü də bərri-biyabanda bir sərdabənin qırağında oturub. Nigar xanım bildi ki, bu yer tilsimliymiş, öz-özünə dedi:
– Nə varsa, bu sərdabənin içindədi.
Sərdabəni tamam söküb gördü ki, burda bir qız xeylağının meyidi var. Onun yanında bir cavan oğlan meyidi var. Onlar xara parçadan bir rəngdə don geyiniblər. Nigar xanım əlini atıb bunların döşündən yapışdı, istədi çəkib sərdabədən çıxarsın. Bu dəmdə hər iki meyidin yaxa düymələri açılıb yerə tökülən kimi qıznan oğlan ayıldı. Nigar xanım qorxub dala çəkildi. Qıznan oğlan bir-birinə baxdılar. Oğlan təzədən qəşş eləyib yerə yıxıldı. Nigar xanım qıza yaxın gəlib xəbər aldı:
– Bu nə işdi, mənə söylə?
Qız sözə başladı:
– Günlərin bir günündə mənim atam öldü. Əmim oğlu atamın sərvətinə sahib olandan sonra məni almaq fikrinə düşdü. Amma mən bu oğlana aşiq olub, əmim oğluna getmək istəmədim. Bir gün əmim oğlu mənə toy eləmək fikrinə düşdü. Mən də bu oğlana qoşulub qaçdım.
Əmim oğlu dalımca atlı salıb məni tutub saldı zindana. Çox incitdi, amma onun dediyinə razı olmadım. Həmin gördüyün bu oğlan mənə vəfalı çıxıb mənim dalımca gəldi, məni tapdı, götürüb qaçdı. Biz bir yerdə bir çadır qurub düz bir il qaldıq. Bizi tilsimə salan mənim əmim oğludu.
Nigar xanıma iş agah oldu, başladılar oğlanı ayıltmağa. Bir neçə saat əlləşdilər handan-hana oğlanı özünə gətirdilər. Nigar xanım da öz başına gələnləri bunlara danışdı. Hər üçü bir-birinə qoşulub çıxıb gəlməkdə olsunlar. Yolda Nigar xanım fikirləşib öz-özünə dedi:
– Hərçəndi ki, Məstan mənə vəfasız çıxdı, eybi yoxdu, gərək mən ona vəfalı çıxam.
Qız bunları da qatıb yanına getməyə başladı. Eşit Məstannan. Tacir İlyas baş-gözünü sarımışdı ki, Məstan onu tanımasın. Bunlar bir müddət yol yoldaşlığı elədilər, gəlib çatdılar bir dərənin qırağına. Tacir İlyas vaxtı fota verməyib, Məstanı itələyib dağdan saldı təpəsi aşağı, özü də çıxıb getdi. Məstan dərədə qalmaqda olsun, xəbəri verim sənə kimnən, üç yoldaşdan.
Nigar xanım bu qıznan oğlanı götürüb bir dağın ətəyinə gəldi. Oturub yorğunluqlarını almağa başladılar. Nigar xanım su axtarmağa getdi.
Eşit İlyasdan. O, Məstanı dərəyə salıb, tüpürdü dabanına, qaçaqa ça gəlib bulaq başına çatdı. Tacir İlyas bərk yorulmuşdu, oturub bulaq başında əl-üzünü yumaqda olsun. Bu tərəfdən Nigar xanım əlində qab bulağa gəldi. İlyas Nigar xanımı görən kimi sevinib dedi:
– Ey dili-qafil, əcəb yerdə rastıma gəldin. İndi istədiyim heyfi alaram.
Durub Nigara sarı gəldi. Nigar işi duyub düşmənə aman verməyib, qabnan İlyası elə vurdu ki, başı qarpız kimi yeddi yerdən çatladı. O saat İlyas cəhənnəmə vasil oldu, amma Nigar xanım o qədər ürəyi yanıqlıydı ki, meyitdən əl çəkmirdi. Bu tərəfdən də qıznan oğlan Nigarı çox gözlədilər, gördülər ki, gəlib çıxmadı. Bunlar da durub gəldilər Nigar xanımı axtarmağa. Bir cığıra düşüb, gəlib həmin bulaq üstünə çıxdılar, gördülər ki, Nigar xanım oturub bir meyidin sinəsi üstündə, özü də üz-gözü, əl-ayağı tey qandı.Nigar xanımı meyidin üstünnən götürdülər, əl-üzünü yuyub, xəbər aldılar ki, nə olub, niyə bu adamı öldürmüsən. Nigar xanım ata evinnən tutmuş ta indiyə kimi başına gələn müsibətləri bunlara danışdı.
Bir az oturub dərdləşəndən sonra üz qoydular getməyə. Gəlib bir dərənin içinə çıxdılar. Bunlar dərədə bir zarıltı eşitdilər. Nigar xanım özünü salıb dərəyə gördü ki, Məstandı. Qıznan oğlan da köməyə gəlib, Məstanı dərədən çıxardıb gəldilər. Bu tərəfdən də Məstanın anası intizarnan Məstanın yolunu gözləyirdi. Gördü ki, qapı açıldı, içəriyə dörd adam girdi. Məstanın anası Nigar xanımı tanıyıb, onu bağrına basıb öpdü. Nigar xanım başına gələn müsibətləri qayınanasına danışdı.
Başladı Məstana dava-dərman eləyib sağaltmağa. Məstan sağaldı. Hər ikisi çəkilib xəlvət bir yerdə taxsır və günahlarından keçdilər, başladılar toy eləməyə. Bir gecədə həmin oğlannan qızın, həm də Məstannan Nigar xanımın toyunu elədilər. Çəkib keyflərini iki qız, iki oğlan asudə nəfəs murad hasil elədilər.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo