Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Şəminin nağılı (Şəmi cühudun nağılı)

Biri var idi, biri yox idi, bir padşah var idi. Bir gün bu padşahın gözləri tutuldu. Tay məmləkətdə təbib, dərman qalmadı hamısını elədilər, kar salmadı ki, salmadı. Axırda dedilər, onun gözünün dərmanı dəryada bir ağ balıq var, ondadı.
Bəli, padşah əmr elədi qoşun atlandı. Padşahın iki oğluynan vəziri də qoşunun başında balıq tutmağa gedirdilər. Bir ay idi dəryanın kənarında o yan-bu yana gəzib, balığı axtarırdılar. Bir aydan sonra bunlar balığı tutdular. Padşahın kiçik oğlu da gəldi bura. Baxıb gördülər bu bir qəşəng balıqdı, adam deyir həmişə buna baxım. Bunların ürəyi qəbul eləmədi ki, balığın gözlərini çıxarsınlar. Nə var, nə yox doxsan yaşında atalarının gözləri açılacaq. Balığı gətirib atdılar dəryaya. Vəzir də ki elə Allahdan bir belə şey axtarırdı. O saat daban aldı padşahın yanına, dedi:
– Bəs mən əzab çəkdim, balığı tutdum, oğlanların onu dəryaya atdılar.

Padşah o saat əmr elədi oğlanlarının ikisini də məmləkətdən çıxartdırdı. İki qardaş bir-birinə qoşulub düşdülər yola. Az getdilər, çox getdilər kiçik qardaş başladı ağlamağa ki, acımışam.
Böyük qardaş onu bir ağacın dibində oturdub, özü getdi şəhərə ki, bəlkə bir az çörəkdən-zaddan tapa gətirə. Gəlib şəhərə çatanda gördü yaman qiyamət var. Hamı yığılıb meydana quş uçurdurlar. Sən demə bu şəhərin padşahı ölübmüş, dövlət quşu uçurdurlarmış. Bu da bir tərəfdə durub başladı tamaşa eləməyə. Quşu uçurtdular, quş düz gəlib qondu bu oğlanın başına; gəldilər ki, görsünlər kimin başına qonub, baxdılar ki, çalımbır (Cındır) paltarlı uşağın başına qonub. Quşu bunun başından götürüb dedilər ki, yəqin səhv eləyib, yoxsa nə təhər oldu ki, bu qədər əməlli-başlı adamları qoydu, getdi qondu bir dilənçinin başına, özü də heç bilmirik haralıdı.
Qərəz, quşu ikinci dəfə uçurtdular, quş yenə düz gəlib qondu oğlanın başına. Gəlib gördülər yenə qonub onun başına. Hirslənib onu ordan qovdular. Quşu yenə uçurtdular. Quş qalxıb havaya axtardı-axtardı, yenə də gəlib qondu oğlanın başına. Vəzir, vəkil yenə quşu təzədən uçurtmaq istəyirdilər, amma camaat qışqırdı:
– Quş üç dəfə onun başına qonub, elə padşahımız da odu.
Vəzir, vəkil gördülər ki, camaatın havası yuxarıdı, axırda deyəsən sürüş (Hərəkət, qarışıq; “şuriş” ərəzinə işlənilmişdir) düşəcək, naçar razı oldular. Oğlanı tutub apardılar hamama.
Bəli, lazımi qaydalarını yerinə yetirib onu çıxartdılar taxta. Sizə kimdən xəbər verim, kiçik qardaşdan. Kiçik qardaş gözlədi, gözlədi qardaşı gəlib çıxmadı. Hava başladı qaranlıqlaşmağa. Yazıq uşaq çıxıb bir çinar ağacında yatdı. Səhər yaxınlaşırdı, bir də gördü bir karvan gəlir. Tez ağacdan düşdü, qoşuldu bu karvana. Şəhərdə-bazarda gəzə-gəzə gəldi çıxdı bir halvaçı dükanının qabağına. Halvaçı gördü bir qəşəng oğlan durub burda, amma özü də deyəsən qərib adama oxşayır. Fikirləşdi ki, elə yaxşı oldu, bunu aparıb özümə şəyird elərəm. Bir qarın çörək verib işlədərəm. Bu fikirnən oğlanı çağırdı:
– Bala, haralısan?
Oğlan dedi:
– Qəribəm.
– Mənim yanımda şəyird qalarsanmı?
Oğlan dedi:
– Niyə qalmaram.
Bu halvaçının adı keçəl Əhməd idi. Özü də lap noxudu keçəl idi.
Odu ki, bunun halvasını heç kəs almazdı. Elə ki, oğlanı elədi özünə şəyird, başladı bunun müştərisi artmağa. Bütün şəhərə söz yayıldı: “keçəl Əhmədin bir qəşəng şəyirdi var.” Ta heç halva almaq istəməyənlər də gəlib halva alırdılar. Elə oldu ki, ta Əhmədin dükanının qabağında camaat növbəyə dururdu.
Bir gün padşahın qızı öz kənizləri ilə hamama gedirdi. Hamamın qapısına çatanda, kənizlərin birisinə pul verdi ki, getsin bir az halva alsın. Kəniz gəlib gördü adə, burda halva satan bir oğlan var, yemə, içmə xətti-xalına, gül camalına tamaşa elə. Kəniz elə bir təhər ki, bir az halva alıb, heç pulunun qalanını da almayıb, qayıtdı hamama. Gördüyünün üstünə bir az da qoyub, padşahın qızına xəbər verdi.
Padşahın qızı əvvəl fikir vermədi, sonra gördü ki, yox, qızın dili ağzına girmir, dedi, bir gedim görüm bu necə şeydi.
Elə bir ala-təhər yuyundular. Qız kənizlərdən birinin paltarlarını geyib birbaş düzəldi halvaçı dükanına. Gəlib elə oğlanı görcək huşu başından dağıldı. Bir o dükana girdi, bir bu dükana girdi, bir az huşu başına gəldi. Çağırıb keçəl Əhmədi ona pul verib dedi:
– Bu pula görə halva çək, axşam ver şəyirdinə gətirsin padşahın qızına.
Əhməd tez oğlana bir dəst yaxşı libas aldı, axşam göndərdi ora.
Qız oğlanı gətirdi evə, başladılar söhbətə, elə ki, qaranlıq düşdü, oğlana yenə bir qızıl verdi, tapşırdı ki, sabah yenə halva gətirsin.
Bunlar hər gün belə söhbətlərində olsun, sizə kimdən xəbər verim, yaxın şəhərlərin birində Şəmi adında bir tacir varıdı. Padşahın qızına vurulmuşdu. Amma özü də bilirdi ki, padşah qızı ona verməyəcək. Bir neçə vaxtıdı ki, alış-verişin, işin-gücün buraxıb gəlib oturmuşdu burda ki, bir təhər çarə tapıb qızı alsın. Keçəl Əhməd baxdı ki, oğlan gündə hər axşam padşahın qızına halva aparır, bir qızıl gətirir. Əhmədin dükanı tay oldu qiyamət. Əvvəllər heç kəs onun dükanına yaxın gəlib halva yeməzdi ki, kifirdi, indi tay dükanın qabağında nobat durur.
Keçəl Əhməd çox vaxt özü dükanda oturmazdı. Bütün işi oğlan görürdü. Keçəl Əhməd hər məclisdə o saat öz halvasından söhbət açardı.
– Bəs mənim halvamın yanında Bağdad halvası nə qələt eləyər, gör necə halva bişirirəm ki, hər gün padşah qızı məndən bir qızıllıq halva alır.
Bəli, bu əhvalat yavaş-yavaş böyüdü, axırda gəldi çatdı Şəminin qulağına.
Şəmi çox vələdüzzina bir adamdı. Bu söhbəti eşitcək, barmağını dişlədi ki, ay gədə, bu iş belə deyil ki, olsun, yəqin burda bir əmma var.
Tez bir qarı tapıb dedi:
– Gərək bu işdən məni hali eləyəsən.
Qarı ki sarı-sarı qızılları gördü, imanı getdi cibinə, dedi:
– Mənim belə bir sağ gözüm üstə.
Bəli, qarı özün verdi qızın kənizlərinin yanına, əhvalatı öyrəndi ki, qız oğlana aşiq olub.
Şəmi işi bilcək, gedib tutdu Əhmədin yaxasından ki, gərək şəyirdini satasan mənə.
Əhməd nə qədər elədi, Şəmi əl çəkmədi, axırda bir ətək pul verib oğlanı aldı. Buna bir dəst yaxşı libas geyindirib, dedi:
– Mən hər nə desəm, sən gərək onu təsdiq eləyəsən.
Oğlan nə bilsin ki, nə var? Dedi:
– Baş üstə.
Şəmi onu yanına salıb birbaş üz qoydu padşahın sarayına, gəlib durdu elçi daşının üstündə. Buranın padşahı qızı anadan olanda bütün vilayətdə olan cindarları, cadugərləri yığıb qızın meylini bir lal tutuquşuna tilsimbənd eləmişdi. Odu ki, hər kim gəlib qızı istəyirdisə, padşah tutuquşuna baxırdı, tutuquşu da dinib danışmırdı.
Padşah deyirdi:
– Balam, mənim qızım sənə qismət deyil.
Elə ki padşaha xəbər verdilər ki, bir tacir əyləşib elçi daşının üstündə, padşah əmr verdi gətirsinlər içəri. Bəli, Şəmi girdi içəri, ədəb salamını verib dedi:
– Qibleyi-aləm sağ olsun, qapına gəlmişəm, məni dala qaytarma, gərək qızını mənim oğluma verəsən.
Bu sözləri deyib oğlanı göstərdi. Oğlan durdu ayağa, baş əydi.
Padşah bir diqqətnən oğlanın üzünə baxdı, gördü oğlan heç pis deyil, dönüb tutuquşuna baxdı.
Tutuquşu üç dəfə qəh-qəh çəkib güldü. Qız öz otağında oturmuşdu, bir də gördü ki, tutuquşu güldü, tez o yan, bu yana baxdı ki, görsün baxtı kimə açılıb, gördü adə, o oğlandı! Sevindiyindən ta bilmədi nə qayırsın.
Bəli, tədarük görüldü, qonaqlar çağırıldı, qırx gün, qırx gecə toy oldu, qızı verdilər Şəminin oğluna. Şəmi başladı yavaş-yavaş tədarük görməyə. Elə ki, hər şey hazır oldu, padşah da bir dəstə qoşun verdi ki, aparıb onları yola salsınlar.
Şəmi öz şəhərlərinə getməyib, üz çöndərdi ayrı bir tərəfə. Az getdilər, çox getdilər, bir düzənliyə çıxdılar, gecə çadır qurdular. Şəmi qoşun böyüyünün çadırına gəldi. Bir az o yandan, bu yandan söhbət eləyəndən sonra dedi:
– Balam, hələ bizim şəhərə bir aylıq yol var. Axı bu qədər qoşun bizim nəyimizə lazımdı. Gəl bunların hərəsinə bir az pul verək, geri qayıtsınlar və səni bu yaxın şəhərin birində gözləsinlər. Biz bir-iki nəfərnən gedək.
Sərkərdə bu sözü eşidən kimi razı oldu, qoşunu burda qoyub düzəldilər yola. Bir-iki gündən sonra gəlib çatdılar bir dəryanın qırağına.
Şəmi gecəni orda elədi. Hamı yatandan sonra özünü verdi gəmiçinin yanına. Onu bir tərəfə çəkib, ovcuna bir az pul basdı, dedi:
– Sabah sən deynən ki, mən gəmiyə ancaq üç nəfər götürə bilərəm.
Bəli, səhər hamı durdu, yüklər vuruldu, gəmiyə minmək istəyəndə gəmiçi dedi:
– Mən gəmiyə üç nəfərdən artıq götürə bilmərəm, minik çoxdu.
Bir az deyişdilər, yalvardılar, olmadı ki, olmadı. Şəmi sərkərdəni bir tərəfə çəkib dedi:
– Balam, görürsən tərsliyi tutub götürmür. Sən gəl belə elə, bu qızılları götür elə burdaca qayıt dala, tay neyləyək, elə gəlmiş kimi varsan.
Bu sözləri deyib ona bir kisə qızıl verdi. Sərkərdə qızılları görcək razılaşdı. Şəmi qızı, bir də oğlanı götürüb mindilər gəmiyə, düşdülər yola. Şəmi qıznan oğlanı hələ bir-birinin yanına qoymurdu ki, gedib öz şəhərimizdə toy eləyək.
Elə ki gecə oldu, Şəmi özün verdi gəmiçinin yanına. Onun ovcuna bir az pul basıb dedi:
– Mənim bu oğlumu at bir dəryada çimsin.
Gəmiçi də elə arif adamıdı, mətləbi başa düşdü. Səhərə yaxın oğlan gəminin üstündə durmuşdu, dəryaya tamaşa eləyirdi. Gəmiçi daldan onu itələyib dəryaya saldı. Qız bunu görüb paltarını tikə-tikə eləməyə başladı, başını yoldu. Ancaq əli heç yerə çatmadı, axırı çarəsiz qalıb başladı ağlamağa.
Bir az keçəndən sonra Şəmi bu qızı almaq istədi. Şəmi nə qədər elədisə, qız ona getmədi. Şəmi çox dedi, qız az eşitdi, olmadı ki, olmadı. Axırda naçar qalıb ona bir ev tikdirdi, qalabənd elədi, qızı qoydu içinə ki, qalar-qalar ağıllanar.
Qız burda qalmaqda olsun, Şəmi ticarətində. Sənə kimdən xəbər verim oğlandan.
Elə ki oğlan dəryaya düşdü, həmin ağ balıq ki, oğlan onu azad eləyib dəryaya atmışdı, oğlanı görən kimi götürüb kənara qoydu, dedi:
– Get oğlan, yaxşılıq yaddan çıxmaz. Sən məni azad elədin, mən də səni ölümdən qurtardım.
Oğlan burdan durub, üz qoydu şəhərə tərəf. Az getdi, çox dayandı, çox getdi, az dayandı, gördü ki, şəhərin kənarında bir çoban qoyun otarır. Çobanın yanına gəlib salam verdi, çoban bunun salamını qaytarandan sonra soruşdu:
– Oğlan, haralısan? Hardan gəlib, hara gedirsən?
Oğlan bir ah çəkib, dedi:
– Qəribəm, çoban qardaş, karvandan qalmışam.
Çoban dedi:
– Niyə ah çəkirsən? Gəl gedək bizə. Elə mən də sənin kimi bir qardaş axtarırdım.
Çobannan oğlan oldular qardaşlıq. Çoban qoyunlarının başını qaytarıb düzəldi şəhərə tərəf. Gəlib şəhərə çatdılar. Çoban qoyunları rahatlayandan sonra oğlanı da götürüb gəldi evə. Anası ortalığa gətirib bir qazan aş qoydu. Bir tərəfdən oğlan, o biri tərəfdən çoban aşa girişdilər.
Oğlan bir az yeyəndən sonra doyub çəkildi.
Çoban soruşdu:
– Niyə çəkildin?
Oğlan dedi:
– Doydum.
Çoban bir az güldü:
– Səni saxlamağa nə var, lap qarışqa kimi yeyirsən ki?
Bunu deyib kasanı çəkdi başına, bir, iki, üç xortumda qurtardı.
Çoban dedi:
– Zəhrimar qaşıq da getdi qarnıma.
Günlərin bir günündə çoban oğlana dedi:
– Qardaş, mən istəmirəm ki, səni də özüm kimi çoban eləyim. Gəl səni qoyum işə, bir sənət öyrən.
Oğlan razılaşdı. Çobanın bir dostu varıdı, qəssab idi, aparıb onun yanına şəyird qoydu. Oğlan burda qalmaqda olsun, qardaşlığı da hər gün gəlib ondan əhval-pürsan olurdu.
Günlərin bir günündə Şəmi gəldi bura ət almağa. Baxdı ki, ey diliqafil, oğlan budu, burdadı. Keçdi dükanın dalına, çağırdı qəssabı yanına, dedi:
– Hər gün dükanında nə qədər ət satılır?
Qəssab dedi:
– İyirmi put.
Şəmi dedi:
– Hər putda neçə qazanırsan?
Qəssab dedi:
– İyirmi tümən.
Şəmi bir az fikrə gedib dedi:
– Sənin ətlərinin içində bir ət var, ondan bir girvənkə mənə versən, mən yüz tümənə alaram.
Qəssab məəttəl qaldı ki, o hansı ətdi.
Şəmi oğlana işarət elədi. Şəmi ona yüz tümən pul verib getdi. Qəssab işi başa düşdü. Çox götür-qoy eləyib, axırda oğlanı çağırdı dükanın dalına. Oğlan içəri girən kimi onu xirtdəkləyib basdı yerə. Oğlan başladı çapalamağa.
Bunlar burda əlləşməkdə olsun. Sənə xəbər verim çobandan.
Çoban yenə də dəyənəyini çiyninə qoyub qəssabın dükanına gəlirdi ki, görsün qardaşlığının keyfi necədi. Adə, gəlib gördü dükanda heç kəs yoxdu. Keçdi içəri ki, görsün bunlar haradadırlar. Baxıb gördü ki, qapı bağlıdı. Qulaq verdi, bir xırıltı səsi eşitdi. Elə bil ki, bir adamı döyürdülər, tappıltı-zad da var. Çəkildi bir az dala, bir mədəd deyib, qapıya bir təkan vurdu. Bayaqdan qapı dabanından çıxıb düşdü yerə.
Baxdı ki, ey dili-qafil, əgər bir az da çatmasaymış qardaşlığını burda öldürürmüşlər. Tay çobanın gözünə dünya görünər? Bayaq qəssabın ombasına bir çomaq ilişdirdi. Sonra qəssabın yanından oğlanı götürüb bir aşpaz dostu varıdı, onun yanında şəyird qoydu. Özü də tapşırdı:
– Eyhana, əgər qardaşlığımın başından bir türk əskik olsa, atanızı yandıraram.
Oğlan başladı aşpazın yanında işləməyə. Bu burda işləməyində olsun, sənə kimdən xəbər verim Şəmidən. Şəmi gəldi görsün oğlan öldü, ya yox? Gördü nə qoymusan, nə axtarırsan? Qəssab ombalarına məlhəm qoyub. Şəmi işdən agah olub başladı oğlanı axtarmağa. Axır gəlib aşpaz dükanında tapdı. Aşpaza pul verib on-on beş şiş kabab tapşırdı.
Özü də dedi:
– Verərsən bu oğlan gətirər mənim dükanıma.
Bəli, kabab hazır oldu. Oğlan kababı götürüb, getdi dükana, gördü bir kişi oturub üzündə niqab. Oğlan ta bilmədi ki, bu Şəmidi. Kababı verdi qayıtdı. Qapıçı onu buraxmayıb dedi:
– Gərək ağa kağız verə, sonra.
Oğlan təzədən qayıtdı Şəminin yanına, dedi:
– Bəs məni qoymurlar çıxam gedəm.
Şəmi niqabın altından ona baxıb dedi:
– Keç o biri otaqdan kağız al.
Oğlan keçəndə gördü burda iki adam oturub xəncəl, bıçaq itiləyirlər.
Onu görcək gülə-gülə dedilər:
– Gəl əyləş, bu saat sənin kağızını verərik.
Oğlan gördü adə, deyəsən bunların niyyəti ayrıdı. Durdu əkilsin, qoymadılar.
Bunlar burda qalsınlar, sizə kimdən deyim, çobandan.
Çoban yenə qardaşının yanına gəlmişdi, gördü yoxdu, soruşdu, dedilər ki, bəs xörək aparıb.
Elə bil ürəyinə damdı ki, burda bir hiylə var. Dükanı soruşub düşdü yola. Gəlib onda yetişdi ki, elə az qala gədəni kəsələr. Çoban bunlara bir toy tutdu, bir toy tutdu ki, gəl görəsən. Amma Şəmi işi pis görüb əkildi. Çoban oğlanı götürüb gəldi evə, dedi:
– Gəl gedək, qardaş, yaxşısı budu elə gedək çoban olaq.
Gəldilər yolda qabaqlarına bir uca imarət çıxdı. İmarətin külafirəngisində bir nazənin sənəm dayanmışdı. Qız oğlanı görcək, özün külafirəngidən atdı yerə. Oğlan baxdı ki, öz sevgilisidi.
Bunlar burda qucaqlaşmaqda idi, bir də Şəmi yetişdi. Elə istədi yaxına getsin, çoban əldən bir dəyənək qoydu onun başına, dedi:
– Hara soxulursan, qoymazsan qardaşım keyf eləsin?
Şəmi haray-qışqırıq saldı ki, evimə oğru gəlib.
Qərəz, adamlar gəlib çobanı da, oğlanı da tutub apardılar padşahın yanına. Oğlan içəriyə girəndə padşah ah çəkib özündən getdi. Hamı töküldü padşahın başına. Dünya bir-birinə dəydi, hannan-hana padşahın huşu özünə gəldi. Demə bu oğlan padşahın böyük qardaşıymış.
Şəmini bağladılar dəli qatırın quyruğuna, dağdan-daşdan o qədər sürüdülər ki, parça-parça oldu. Oğlana da qırx gün, qırx gecə toy elədilər.
Onlar yedilər, içdilər yerə keçdilər. Siz də yeyin, için dövrə keçin. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri nağıl danışanın. Siz sağ, mən də salamat. Siz yüz yaşayın, mən iki əlli, hansı çoxdu siz götürün hansı azdı qalsın mənə.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo