top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Keçəllə qazinin nağılı

Biri var idi, biri yox idi, bir qazı var idi. Bu qazı gündə bir nökər tutub, bir həftə işlədəndən sonra döyüb qovalardı. Qazının yanında heç kəs qalmırdı. Qazı nökər üçün gəzirdi. Səs dağıtmışdı şəhərə, kəndə ki, mənə nökər gərəkdi. Qazı nökər axtarmaqda olsun, sənə xəbər verim kimdən, qazının İman adında nökərindən. İman qazının yanından acıq eləyib çıxıb getmişdi öz kəndlərinə. Bu kənddə bir nəfər keçəl olurdu. Keçəl İmanı görüb soruşdu ki:
– İman, qazının yanından nə üçün qaçıb gəldin?
İman dedi:
– Qazı məni döyüb qovdu. Onun yanında əjdaha ola, bir həftədən artıq nökər qalmaz.
Keçəl dedi:
– İndi ki, belə oldu, mən gedirəm qazının yanında nökər qalam.
İman dedi:
– Gəl getmə, yazıqsan, qazı vurub qol-qabırğanı sındırıb salar yola.

Keçəl dedi:
– Yox ki, yox. Gərək gedəm, görəm o necə qazıdı ki, bir həftədən artıq yanında nökər qalmır.
İman dedi:
– İndi ki, gedirsən şərt bağla!
Keçəl dedi:
– O mənim öz işimdi. Şərt bağlayaram nə yaxşı, bağlamaram nə yaxşı.
Keçəl İmandan ayrılıb gəldi nənəsinin yanına, dedi:
– Nənə, çörək bağla, mən gedirəm.
Keçəlin nənəsi xəbər aldı ki:
– Hara gedirsən?
Keçəl lovğa-lovğa cavab verib dedi:
– Səfərim var. Səfərə gedirəm.
Keçəlin nənəsi dedi:
– Kül sənin başına! Səfərə getmək sənin o cırıq tumanına yaraşır.
Keçəlin əynində bir tuman vardı ki, əlli yerdən yamağı vardı. Keçəl nənəsinə acıqlanıb özünə çörək bağlatdırdı, nənəsi ilə xudahafizləşib üz qoydu çıxmağa. Keçəl çox gedib az dayandı, az gedib çox dayandı, yetmiş yeddi çay keçib, yetmiş yeddi dağ aşıb, dərə, təpə enib, əyri gedib, düz gedib, gəlib çatdı qazı olan şəhərə. Hə ondan soraq, hə bundan soraq, keçəl gözünə döndüyüm gəlib qazının evini tapdı. Qazının ev qapısını döydü, qazı durub gəldi qapıya, qapını açıb xəbər aldı keçəldən ki:
– Nə üçün gəlmisən?
Keçəl dedi:
– Eşitmişəm sənə nökər gərəkdi, onun üçün gəlmişəm.
Qazı dedi:
– Hə, lazımdı.
Keçəl dedi:
– Ayda nə verərsən?
Qazı dedi:
– Ayda on tümən. Yaxşı işləsən, can yandırsan, gələn aydan beş tümən də üstə gəlib ayda on beş verərəm.
Keçəl razı olub, şərt sözünü yadına salıb qazıya dedi:
– Razıyam, amma şərti şumda kəsək ki, xırman vaxtı yaba davasına çıxmayaq.
Qazı xəbər aldı ki:
– Şərtin nədi?
Keçəl dedi:
– Mənim bir atam var; xətrini də çox istəyirəm. Şərt kəsib sənin dilindən kağız alacağam ki, əgər atamı söysən, hər söyüşünə beş tümən səndən alacağam.
Qazı razı olub keçəllə şərtnamə bağladı. Keçəl başladı qazının yanında qalmağa. Qazı keçəli bir gün oduna, bir gün suya, bir gün cütə göndərirdi. Keçəl qazının əlindən lap təngə gəldi. Bir gün qazı keçələ dedi:
– Mən bağa gedirəm, sən də qulpu sınıq küpü götür gəl!
Qazı bağa getdi. Keçəl özünü salıb həyətə, qulpu sınıq küpü axtardı tapmadı. Girib anbara, qazının təzə küplərindən birini götürüb iki qulpunu, bir az da ağzından sındırıb, alıb dalına, üz qoydu bağa, gəlib çatdı qazının yanına. Qazı küpə baxıb gördü ki, keçəl köhnə küpün yerinə təzə küpü sındırıb, götürüb gəlib. Qazını od götürdü. İstədi keçəli döyüb söyə, amma şərt bağlamışdı, ürəyi gəlmədi ki, hər söyüşə bir beşlik verə, başladı çığırıb bağırmağa. Özünü saxlaya bilməyib ağzından bir söyüş çıxardı. Keçəl qazının başının üstünü alıb xəbərdarlıq elədi ki:
– Bir beşlik səndə.
Qazının lap qanı qaralıb keçələ dedi:
– Get o buzovun qulağından çək, gətir bura!
Keçəl baş üstə deyib, gedib yapışdı buzovun qulağından, elə çəkdi, elə çəkdi ki, yazıq heyvanın qulağı çıxıb qaldı keçəlin əlində. Keçəl buzovun qulağını gətirib verdi qazıya. Qazı xəbər aldı ki:
– Bu nədi?
Keçəl dedi:
– Sən özün dedin ki, get buzovun qulağını gətir bura, mən də gedib, buzovun qulağını çıxardıb gətirdim.
Qazını od götürüb dedi:
– Adə, ay filan-filan olmuş, mən sənə dedim get qulağından yapış, sür gəlsin bura. Sən gedib buzovun qulağını çıxardıb gəlmisən üstümə, itil gözümdən...
Keçəl söyüşü eşidən kimi başladı ağlamağa. Bir qazı dedi, bir keçəl, başladılar çığırmağa. Camaat səsə gəlib çıxdılar, xəbər aldılar ki, nə olub? Qazı əhvalatı danışmaqda olsun, keçəl özünü atıb araya, qoltuq cibindən şərtnaməni çıxardıb göstərdi camaata, sonra üzünü qazıya tutub dedi:
– Yüz həştad səkkiz kərəm söymüsən, hər söyüşün biri beş tüməndən, hesab elə, haqqımı ver!
Camaat baxıb gördü ki, keçəl doğru deyir, keçəlin əlində qazının dəstə-xətti ilə yazılı kağızı var; daha keçələ bir söz demədilər. Qazının ovqatı təlx olub istədi evə gedə, baxıb gördü ki, qatır uzaqdadı, keçələ dedi:
– A gedə, get o qatırın başını hayla gətir bəri!
Keçəl üzünü tutub camaata dedi:
– Eşitdiniz nə dedi?
Camaat dinib danışmadı. Qazının başı bərk qarışıq idi. Keçəl gedib qatırın başını kəsib, gətirib atdı qazının qabağına, dedi:
– Bu da qatırın başı.
Qazının canı boğazına yığılıb istədi döyə keçəli, camaat qoymadı.
Keçəl dedi:
– İndi ki, iş bu yerə çatdı, hesab elə, yüz həştad səkkiz kərəm beş tümənin nə qədər eləyir, çıx o puldan qatırının pulunu, əlbağısını qaytar!
Qazı dedi:
– Vermərəm.
Keçəl dedi:
– Deyirəm ver! Verməsən tövlədəki inək mənim. Qazı ilə keçəl istədilər dalaşsınlar, camaat qoymadı, keçələ dedilər:
– Şeytana lənət oxu!
Keçəl dedi:
– Mən şeytana lənət oxumaram. Qazıdan haqqımı istəyirəm. Camaat araya girib qazını qaçırtdılar. Keçəl gördü ki, qazı qaçdı, tüpürüb dabanına qazının dalısıncan qaçdı. Bir az getmişdi ki, keçəlin qabağına bir nəfər çıxıb dedi:
– Hara gedirsən?
Keçəl dedi:
– Nə işinə qalıb?
Dedi:
– Soruşuram.
Keçəl dedi:
– Sən kimsən?
Dedi:
– Mən şeytanam. Sən ki, mənə lənət oxumadın, mən sənə xeyir verəcəyəm.
Keçəl dedi:
– Çıxıb getsənə işinin dalısınca. Səndən nə şeytan olar?
Şeytan dedi:
– Xalis şeytanam ki, dayanmışam qabağında. Gəl mən bir dua oxuyum, sənin sir-sifətini dəyişim, özüm də olum qatır, məni min, apar həmin qazıya sat, amma noxtamı əldən vermə!
Keçəl razı oldu. Şeytan bir dua oxudu, oldu qatır. Keçəl tez atılıb mindi qatıra, çəkdi birbaş qazının evinin qabağına. Qazı üz-gözünü turşudub keçəl üçün yola baxırdı, gördü ki, bir nəfər qatıra minib budu gəlir.
Qazı keçəli tanımadı, saxlatdırıb qatırın əl-ayağına baxıb, dedi:
– Qatırı satırsan?
Keçəl dedi:
– Bəli, satıram.
Qazı soruşdu:
– Neçəyə deyirsən?
Keçəl dedi:
– İki yüz tümənə.
Qazı razı olub qatıra iki yüz verdi. Qazı evə gedib gəlincə keçəl qatırın noxtasını çıxardıb gizlətdi. Qazı gəlib, iki yüz tümən keçələ pul verib üstəlik bir qəbz də aldı, qatırı çəkdi tövləyə. Keçəl də öz keyfinə getməkdə olsun, eşit qazıdan. Qazı qatırı tövləyə bağlamışdı. Gəldi ki, qatırın qabağına bir az arpa tökə, gördü ki, qatır burnunu soxub bir deşiyə. Qazı istədi qatırın burnunu çıxarda deşikdən, gördü ki, olmur. Bir az keçmədi ki, qatırın başı, sonra bədəni keçdi deşiyə. Qazı yapışdı qatırın quyruğundan dartdı ki, çıxarda, quyruq çıxıb qaldı qazının əlində, qatır yox oldu. Qazı başı lovlu tövlədən çıxdı. Geyinib istədi ki, gedə şikayətə, bu dəmdə qazı üçün adam gəldi ki, bəs səni filan yerdə qonaqlığa çağırırlar. Qazı qonaq paltarını geyib getdi. Qazı məclisdə oturmuşdu ovqatı çox təlx, özündə, sözündə deyil idi, xəbər aldılar qazıdan ki:
– Nə üçün beləsən?
Qazı dedi:
– Bir mərdimazar oğlu mənə qatır satıb. Qatırı götürüb bağlamışdım tövləyə. Gəlib gördüm ki, qatır burnunu soxub deşiyə. Bir az keçmədi ki, girib deşiyə yox oldu.
Xəbər aldılar ki:
– Qatırı sənə kim satıb?
Qazı dedi:
– Satan adam budu qapıda. Gələndə gördüm.
Adam göndərib keçəli çağırdılar, xəbər aldılar keçəldən ki:
– Sən qazıya qatır satmısan?
Keçəl dedi:
– Yox.
Qazı əl atıb cibinə, qəbzi yerə çırpıb dedi:
– Bəs verdiyin qəbz?
Camaat qəbzə baxıb gördü ki, bu qəbz deyil, oyun kağızıdı.
Keçəl dedi:
– Ay camaat bu lotudu. Görmürsünüz oyun kağızı saxlayır? Heç görmüsüz ki, qatır da divar deşiyinə girə? Bu qazı deyil, lotudu, lotu.
Qazı qıpqırmızı qızardı. Keçələ dedi:
– Bəs qatırın quyruğuna nə deyirsən? Qatırı deşikdən çəkəndə quyruq qalıb əlimdə.
Keçəl dedi:
– Quyruğu görsət!
Qazı əl atıb qoltuğuna, qatırın quyruğunu çəkib çıxartdı, yerə atan kimi oldu saz.
Keçəl dedi:
– Ay camaat, bu oyun kağızı, bu da saz. Bu qazı deyil, lotudu.
Keçəli buraxıb düşdülər qazının üstə, o ki, vardı döyüb atdılar bayıra. Keçəl gedib qazının evinə, əlinə düşən qiymətdə ağır, vəzndə yüngül, nə ki, var, yığıb yığışdırıb, çıxıb getdi nənəsinin yanına. Keçəl qazının malını yedi, keyf çəkdi, qazının ara yerdə qol-qabırğası sındı. Göydən üç alma düşdü, biri mənim, biri sənin, birisi də nağıl danışanın.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo