Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Ax-vax

Bir var idi, biri yox idi, bir tacir var idi. Tacirin varı, dövləti, o necə deyərlər, yer batırırdı. Tacirin aman-zaman bircə əziz-xələf bir oğlu var idi, adı Səlim idi. Deyərlər ki, ananın əziz oğlu hambal olar. Bu da eləcə, nə oxumaq kimi oxumuşdu, nə də ki, ticarətdən başı çıxırdı. Bir gün gəldi ki, bu tacir öldü. Bəli, yudular, basdırdılar, yeddisin elədilər, qırxın elədilər, elə ki, bir az keçdi, hamısının yadından çıxdı. Bütün dövlət qaldı Səlimə. Atalar deyiblər ki: “Ağıllı oğul neylər ata malını, sərək oğul neylər ata malını”. Lotular başladılar Səlimnən dostluq eləməyə. Az bir vaxtdan sonra atdılar, tutdular, gədəni müflis elədilər. Qızıl, pul hamısı qurtardı. Səlim düşdü evlənmək eşqinə. Böyük bir tacir var idi, onun yaxşı bir qızı var idi, Səlim ona elçi göndərdi. Tacir bilirdi ki, Səlim necə sərəyin biridi, qızı ona vermək istəmədi, dedi ki:
– Gərək mənim qızımın ağırlığı qədər qızıl gələ, sonra verəm.

Gedənlər gəlib əhvalatı Səlimə dedilər. Səlim o saat əmr elədi ki, hər nə var satsınlar. Nə qədər buna nəsihət elədilər, Səlim heç kəsə qulaq asmadı. Nəyi var idi hamısını satdırıb qızı aldı. Aldı, amma ki, necə aldı... Elə bir günə düşdü ki, gəlin gələn günün sabahısı bir köpüyü qalmadı. Bir gün belə, iki gün belə, bir ay belə, iki ay belə, axırda arvad da, ana da durdular üzünə. Səlim baxdı ki, bu şəhərdə arından heç bir işə gedə bilməyəcək. Axırda baş götürüb çıxıb getdi. Bir neçə vaxt gəzəndən sonra gəlib çıxdı bir şəhərə. Bir qəhvəçinin qabağında dayanmışdı; qərib-qərib ora-bura baxırdı, bir də gördü ki, bir hambal gəldi, elə qəhvəçinin qabağında palanı altına qoyub əyləşdi, sonra çağırdı ki:
– Adə, bir çay ver!
Səlim də durmuşdu, baxırdı. Hambalın gözü sataşdı buna. Baxdı ki, deyəsən qəribdi, onu çağırdı ki:
– Bacıoğlu, deyəsən bu vilayət əhlinə oxşamırsan?
– Xeyr, buralı deyiləm.
– Yaxın gəl, görüm!
Hambal ona da bir çay gətirtdi. Bir az hal-əhval tutandan sonar hambal bildi ki, Səlim özünə iş axtarır. Amma Səlim ona tacir oğlu olduğunu deməmişdi. Hambal ona dedi:
– Bacıoğlu, elə mən sənin kimi bir adam axtarırdım. Mən bu şəhərdə, bax o körpünün hambalbaşısıyam. Yaxşıca pul qazanıram. Bu şəhərdə bir adam mənim kimi taya girənməz. Amma Allahın məsləhətinə çox şükür, övladım yoxdu. Bir ərik, bir arvad. Gündüz işləyirik, gecə dişləyirik, dolanırıq. Gəl mən səni götürüm özümə oğulluğa. Görürəm maşallah, namxuda özün də elə yaxşısan, yaxşı taya girə bilərsən. Hamballıq ki var, başağrısız bir sənətdi. İşlə, ye! Bax yeməyin, içməyin, geyməyin hamısı məndən. Hər nə də qazansan, deyirsən ki, öz vilayətində arvad-uşağın var, göndər onlara. Səlim baxdı ki, heç pis iş deyil, oldu razı, getdilər hambalgilə. Hambalın arvadı Səlimə tez sigəzidən bir dəst yaxşı paltar tikdi. Səhər tezdən Səlim bu təzə paltarı geydi, təzə atasının bir köhnə palanını da aldı cınağına, düşdülər yola. Gəlib çıxdılar körpüyə. Səlim baxdı ki, ədə, bura doludu hambalnan. Bəli, zəng çalındı, camaat başladı işləməyə. İki-üç tay aparmamış qıçları başladı əsməyə. Gördü ki, yox aşna, bu, bunun işi deyil. Ancaq dədəsin duyuq salmasın deyə işləyirdi. Günorta zəngi çalındı. Səlim elə zəngin səsin eşitcək yolun ortasında tayı dalından salıb, birbaş yüyürdü evə. Sigəzi paltarı çıxartdı, öz paltarını geydi, o biri tərəfdən əkildi bazara. Gəzə-gəzə gəlib çıxdı meydana. O gün də bazar günü idi. Elə idi, elə idi ki, iynə salmağa yer yox idi. Bazarı gəzirdi, bir də gördü ki, bir qoca ağsaqqal kişi bir uca daşın üstündə dayanıb deyir:
– Ay mənə nökər olan!..
Səlim yavaşca özün verdi qocanın yanına.
– Əmi, məni nökər götürərsən?
Qoca bir diqqətlə ona baxıb dedi:
– Götürərəm. Gəl gedək!
Qoca ilə Səlim düşdülər yola. Yolda qoca Səlimdən soruşdu ki, aşbazlıq bilir, ya yox. Səlim də xörək-zad bişirməyi bir az bilirdi. Getdilər, getdilər, çıxdılar lap şəhərin qırağına. Qoca bir böyük qapının yanında durdu, yerdən bir daş götürüb qapını üç dəfə çaldı. Ondan da qoca bir kişi gəlib qapını açdı. Amma bunlar heç danışmadılar. Birinci qoca Səlimi gətirdi içəri. Səlim baxdı ki, vallah, bura bir bağçadı, bir bağçadı ki, daha nə deyim... Gül gülü çağırır, bülbül bülbülü. Bir az yeridilər, Səlim gördü bir yaxşı mülkdü. Elə şüşəbənd otaqlar var ki, lap elə bil qəsrdi. Qoca Səlimə bir dəstə açar verib dedi:
– Bala, bu altdakı otaqlar sənin ixtiyarında olacaq. Hər nə istəsən var. Daha məndən heç nə soruşma. Hər nə ki, istəyirsən gündə bişir, özün də ye, bizə də ver! Özü də həmişə xörəyi dörd adamlıq bişirərsən. Səlim açarları alıb girdi, otaqları bir baş gəzdi, gördü vallah, burda yağ, bal, düyü, yumurta, nə bilim daha can dərmanı desən o da var. Bağça da dolu çolpa, ördək, qaz...Səlim tez bir az düyü götürdü, çapıx bir bir-iki çolpa tutdu, bir yaxşı çığırtmalı aş hazırladı. Elə ki, gün gəldi günorta yerinə, qoca gəldi Səlimin yanına, yoxlayıb gördü xörək hazırdı.
Dedi:
– Çək bala! Üç adamlıq da bizə ver!
Səlim xörəyi hazırladı, gətirib qoydu bağçada bir gülün dibinə, o yerə ki, qoca ona demişdi. Baxdı gördü ki, burada bir onu nökər tutan qocadı, bir qapını açandı, bir də bir ayrı qocadı. Amma hamısından cavanı onu nökər tutandı... O birilər ondan da qocadılar. Xörəyi qoyub özü də bir tərəfdə durdu.
Bəli, qocalar bismillah deyəndə o lap ki, qocası var idi, dedi:
– Əl saxlayın! Mən iki yaşımda olanda dədəm də, anam da öldü!
Mən qaldım qoca bir bibim var idi, onun yanında. Elə ki, dədəmdən qalan mal qurtardı, bibim məni evdən qovdu, qaldım küçələrdə. Allahın əmriylə mənə heç bir şey olmadı. Mən yekəlib on-on beş yaşlarına çatdım. Şəhərimizdə olan bir balıqçı məni şəyird götürdü. Mən onunla bir az qalandan sonra, gördüm ki, bu mənə qarın dolusu çörək də vermir. Axırda bundan ayrılıb bir biz, bir tənbənə tapıb, bir-iki yumaq sap, bir-iki köhnə başmaq yığıb başladım pinəçiliyə. Çox işlədim, az işlədim, bundan da çörək pulu çıxarda bilmədim. Bir gün gedib bir tor tapıb yardarlığına xəşəm tutmağa başladım. Bəli, birinci toru atdım heç bir şey çıxmadı, ikinci toru atdım, çəkəndə baxdım deyəsən çox ağırdı, gözlərimin çayırı açıldı. Dedim mənimki də buracanmış. Yəqin ki, bu qızıldı. Sandığı qucaqladım, nə qədər əlləşdim götürə bilmədim ki, bilmədim. Bir tərəfdən sevinirəm, bir tərəfdən də qorxuram ki, indi padşah adamları görsə, gəlib əlimdən alacaqlar. Sandığın qıfılın sındırdım ki, içindəkilərdən bir az aparam. Qapağı qaldırdım, bir də baxdım nə?.. Sandıqda bir qız. Qapağı açcaq qız durdu ki:
– Mən səninəm, sən də mənim.
Dedim:
– Adə, mənim özümün yeməyə çörəyim yoxdu, səni neynirəm?
Qız dedi:
– Sən məni apar, zərər görməzsən.
Qərəz, çar-naçar qızı götürüb getdim evə. Qız evə gəlcək məndən soruşdu.
– Nə iş görmək istəyirsən?
Mən dedim:
– Ticarət.
Qız dedi:
– Get, hansı tacirin ki, istəyirsən dükanını al!..
Mən dedim:
– Dəli-zad deyilsən ki? Neynən alım? Mənim nəyim var ki, dükan alım?
Qız mənə dedi:
– Sənin işin yoxdu. Sən get, qiymətin danış!
Qərəz, şəhərdə bir Əhməd tacir var idi. Onun bir cavahirat dükanı var idi. Düz dedim gedəcəyəm ora. Elə qapıdan çıxmaq istəyirdim, birdən yanımda iki qara qul hazır oldu. Başladılar məni soymalamağa. Bir göz açıb yumunca mənə qiymətli bir tacir libası geydirdilər. Dönüb gördüm qız gülür, dedi:
– İndi inandın? Di get!
Mən düzəldim düz Əhməd tacirin dükanına. Salam verdim, salam aldım, məni keçirtdilər yuxarı başa. Məni əvvəlki paltarda görsəydilər, heç oraları süpürməyə də qoymazdılar. Qərəz, dükanın qiymətini danışıb aldım. Qara qullar çıxıb Əhmədin dükanının pulunu sayıb verdilər. Oradan dükanı bağlayıb gəldim evə. Gördüm qız məni gözləyir.
Elə ki, öyrəndi mən dükanı almışam, dedi:
– Bu şəhərdə hansı evdə yaşamaq istəyirsən?
Mən darğanın evini dedim.
Dedi:
– Get al!
Daha öyrənmişdim, düz getdim, evi danışdım, aldım. Qullar yenə pulu verdilər. Girdim evə, gördüm qız orada oturub məni gözləyir. Bəli, mən başladım, gündə gedib ticarət eləyərdim, axşama bir az qalmış gələrdim evə, görərdim qız məni gözləyir. Qol-boyun gedərdik otağa... İkimiz də bir-birimizi yaman istərdik, elə ki, getmə gözümdən, gedərəm özümdən. Beləliklə, bir neçə il dolandıq. Daha bu şəhərdə məndən hörmətli, dövlətli adam yox idi. Bir gün yenə oturmuşdum öz dükanımda, qabağımda qəlyan, bir də dükana bir zənən girdi. Bir az o şeyə baxdı, bu şeyə baxdı, üzünü birdən açıb mənə göstərib, çıxıb getdi. Zənən bir şey almadı. Amma mənim ağlımı əlimdən aldı. Bir ürəkdən min ürəyə vuruldum bu zənənə. Axşam gəldim evə, amma bir az fikirli idim. Gördüm yenə qız məni gözləyir. Girdim içəri. Yenə də məni qucaqladı. Amma mənim fikrim elə o zənənin yanında idi. Qız məndən şübhələndi, tutdu yaxamdan ki:
– De görüm, sənə nə olub?
Mən heç bir şey demədim, uzanıb yatdım. Səhər yenə əyləşmişdim dükanda, həmin zənən gəldi. Yenə ona baxdı, buna baxdı, birdən çarşabın qaldırıb bədənin mənə göstərdi. Zalımın qızı tamam çılpaqdı. Mənim ağlım başımdan uçdu. Qız yenə heç bir şey almayıb, çıxıb getdi. Axşam yenə gəldim evə. Qız tutdu yaxamdan ki:
– De görüm, sənə nə olub?
Daha məni lap boğaza yığdı ki:
– De görüm, bəlkə ayrı zənənə-zada bənd olubsan?
Mən hirslənib dedim:
– Hə, olmuşam.
Qız dedi:
– Onda məni yenə apar at dəryaya, get onu al!
Mən dedim:
– Gedib alaram da.
Durdum ayağa, bunu götürüb apardım dəryanın qırağına. Zənənə elə bənd olmuşdum ki, qızı atdım dəryaya. Ancaq atanda qız dedi ki:
– Sənin nə ağlın varmış, nə də vəfan.
Mən ayağımla da onu itələyib saldım dəryaya. Elə qız dəryaya düşcək bir də gördüm, mənə bir şapalaq dəydi. Qara qullar məni lüt soydular. Qaldım bir alt tuman-köynəkdə. Tez qaçdım evə ki, paltar geyinəm, gördüm darğa durub evin qapısında. İstədim girəm, qoymadı, mənə bir kağız göstərdi. Gördüm ki, qullar evi təzədən satıblar ona, pulun da alıblar. Qaçdım dükana, gördüm o da elə. Sən demə dükanda mənə özün görsədən zənən elə qızın özü imiş, məni imtahana çəkirmiş. Baxdım ki, daha mən bu şəhərdə qala bilməyəcəyəm. Çıxıb başladım şəhərləri gəzməyə. Gəzə-gəzə gəlib çıxdım bura. Amma burada...amma burada. Ax mənim gördüklərim... Vax mənim gördüklərim...
Qoca bu sözləri deyib yıxıldı öldü. Xörək-zad qaldı eləcə ortalıqda. Heç kəs əlini də vurmadı. Səlimi nökər tutan qoca işarə elədi ki:
– Gəl yığışdır.
Səlim gəlib yığışdırdı. Su qoydular, qocanı yudular, namaz-zad qılıb basdırdılar. Sabahısı Səlim yenə xörək hazırladı. Elə ki, vaxt oldu, gətirdi qoydu ortalığa. Dünənki qocanın yeri boş idi. Qocalar baxdılar bir-birinin üzünə, bir ah çəkdilər. Səlimin qocası bismillah dedi, istədi ki, əlini uzada xörəyə, o biri qoca səsləndi:
– Əl saxla!..
Mən məşhur bir tacirin oğluyam. Atam öləndən sonra mənə çoxlu var-dövlət qalmışdı. Özüm lap şınqrolu cavan idim. Evlənmək xəyalına düşdüm. Bir adlı tacirin qızını aldım. Bir il keçmədi ki, arvad mənə xəyanət elədi. Mən çox ürəyi yumşaq adam idim, öldürmədim, apardım boşadım. Bir ayrısını aldım, o da vəfasız çıxdı. Onu da boşadım. Mən həmişə eşitmişdim ki, bəla üç olar. Onun qorxusundan daha evlənmədim. Qonşumuzda bir namaz qılan, oruc tutan adam var idi. Onun altı-yeddi yaşında bir gözəl qızı var idi. Kişini çağırıb dedim ki:
– İldə sənə bu qədər pul verərəm, bu qızı gərək elə saxlayasan ki, nə bir kişi görməyə, nə də bir kişi sözü eşitməyə. Qərəz, baş ağrısı olmasın, bu qızı belə böyütdürdüm. On-on bir yaşa çatanda aldım. Böyük bir qalaça tikdirib bunu qoydum ora. Gündə səhər qapını bağlayıb gedərdim bazara, axşam gəlib açardım. Bir gün qız mənə dedi ki:
– Sən gedəndən sonra mənim lap bağrım çatlayır. Heç olmasa bir az yun al, bir cəhrə, mən sən gedəndən sonra məşğuliyyət eləyim. Sabahısı mən də bunun istədiklərini hazır elədim. Bu işin üstündən bir neçə vaxt keçdi. Bir gün gəlib evdə uzanmışdım, birdən gözüm sataşdı divara. Baxdım ki, divarın lap uca yerində tüpürcək var. Tez durub diqqət elədim, gördüm bəli, elə tüpürcəkdi ki, tüpürcək. Şübhələndim, yəqin elədim ki, bu evə kişi gəlib, çünki zənən xeylağının hulqumu yoxdu deyin elə uca tüpüməzlər... Başladım qızı pusmağa. Yavaşyavaş, yavaş-yavaş axırda tapdım. Deməginən qız damdan bir oğlanla sevişir, ona görə ip toxuyur, onu çəkir evə. Özünü də sandıqda gizlətmişdi. Mən qıza heç bir söz demədim. Birbaş evdən baş alıb çıxıb getdim. Gecə yolum bir qəbristanlıqdan düşdü. Fikirləşdim ki, gecəni burada yatıb səhər tezdən gedərəm. Bir uçuq qəbrə girib uzandım. Gecənin bir vaxtı idi, bir də bura bir dərviş gəldi. Əyləşdi, əyləşəndən sona əlini uzatdı cibindən bir alma çıxartdı. Bir əfsun oxudu, pilədi almaya, alma oldu bir nazənin qız. Dərviş qıznan bir az danışdı, bir az oynadı, sonra başını onun dizinin üstə qoyub yuxuladı. Mən də baxırdım. Dərviş yuxulayandan sonra qız onu bir silkələdi. Arxayın oldu ki, yatıb, cibindən bir alma çıxartdı. Bir əfsun oxuyub elədi bir oğlan, başladı mazaqlaşmağa. Bir az keçdi dərviş tərpəndi. Qız tez oğlanı alma elədi, qoydu cibinə, dərviş də qızı alma elədi qoydu öz cibinə, durdu yola düzələndə, tutdum dərvişin ətəyindən, dedim:
– Ağa dərviş, bu gecə qonaqsan.
Düz onu gətirdim evə. Qıza əmr verdim ki, üç dövrə aş hazırlasın.
Qız məəttəl qalıb dedi:
– Sənin ki, bir qonağın var, üç dövrəni neynirsən?
Dedim:
– Sən hazırla, işin yoxdu.
Xörək hazır oldu, gəldi ortaya. Üzümü dərvişə tutub dedim:
– Ağa dərviş, çıxart cibindəki almanı!
Dərviş istədi bir az nəm-nüm eləsin, gördü yox, işi bilirəm, əlacsız qalıb çıxartdı, əfsun oxuyub pilədi, elədi qız. Mən qıza dedim:
– Qız, çıxart almanı!
Qız atılıb düşdü, dedim:
– Sənə deyirəm çıxart, hamısını görmüşəm.
Qız da naçar qalıb cibindən almanı çıxardıb elədi oğlan. Üzümü tutdum öz arvadıma, dedim:
– Ağız, dur sən də aşnanı gətir!
Gördüm arvad durmayacaq, özüm durdum ayağa, gedib sandığı açıb, gədənin qulağından yapışıb gətirdim bu evə. Öz zənənimi haman öz aşnasıyla oturtdum, dərvişin qızını öz aşnasıynan, mən də dərvişnən əyləşdim bir dövrənin başında, yedik, qurtarandan sonra dərvişə dedim:
– Dur, ağa dərviş, dur gedək! Bu arvad tayfasına vəfa yoxdu.
O vaxtdan düşdüm şəhərbəşəhər gəzməyə. Gəlib axırda çıxdım bura. Amma burda... amma burda... Ax mənim gördüklərim... Vax mənim gördüklərim...
Bu sözləri deyib bu qoca da yıxılıb öldü.
Bəli, bunu da yudular, kəfənlədilər, basdırdılar. Qoca Səlimə dedi:
– Sabah da mənim vaxtımdı... Mən öləndə məni bax bu gül ağacının altında basdırarsan.
Sonra Səlimə qırx açar verib dedi:
– Burada hər nə istəsən var, qalarsan burada, keyf edərsən. Bu otaqlar da hamısı sənin. Ancaq qırxıncı otağa girmə. Bizim hamımızın ölməyinə səbəb bax həmin otaqdı. Mən qəsdən onun qapısını hörmüşəm ki, başqaları da bizim kimi bədbəxt olmasınlar.
Bu sözləri deyəndən sonra qoca getdi, girdi otaqların birinə, daha çölə çıxmadı. Səlim səhər tezdən durub xörək hazırladı. Günorta vaxtı xörəyi gətirdi, qocanı da çağırdı. Qoca gəlib əyləşdi, ona da işarə elədi ki, əyləşsin. Qoca başladı:
– Mən yoxsul bir arvadın oğluyam. Atam hələ mən qucaqda ikən ölmüşdü. Anam dilənib dolanmaqla bizi saxlayırdı. Mən elə ki, bir az böyüdüm, meydanda su satmağa başladım. Bura lap böyük meydan idi. Ayrı yerlərdən çoxlu tüccar gəlirdi. Mən də onlara su satardım. Bir gün bir tacir məndən su istədi. Mən suyumu tökdüm, o əl-üzünü yudu, sonra dedi ki:
– Gəlsənə, mən səni götürəm, mənə qulluq eləyəsən.
Mən dedim ki:
– Yox, mənim anam var, qoymaz.
Tacir mənimlə bərabər getdi bizə. Anam ilə danışdı. Ona yüz tümən pul verdi, məni götürdü ki, gələn ilə də anama yenə yüz tümən versin. Tacir bir-iki gün burada qalıb mətahın satdı. Sonra məni də götürdü, düzəldik yola. Gəmimiz gəldi bir meşənin yanında dayandı. Tacir məni göndərdi meşəyə ki, bir az odun yığım gətirim. Özümə də tapşırdı ki, uzağa getməyim. Mən getdim meşəyə, başladım quruyub tökülən odunlardan yığmağa. Bir də gözüm sataşdı, gördüm burada yaxşı yeməli armudlar var. Bir-ikisini dərdim, gördüm o biri ağacda bundan da yaxşıları var. Belə-belə bir vaxt gördüm ki, qaranlıq düşür. Qayıtdım dala, ha axtardım yolu tapmadım ki, tapmadım. Qorxu düşdü mənim canıma. Axırda çıxıb bir ağacda oturdum. Gördüm ki, canavar ulayır, tülkülər qışqırır, ayılar anqırışır, bir qiyamətdi gəl görəsən. Tüklərim başımda biz-biz durdu. Ay elə təzəcə çıxmışdı, bir də gördüm bir şey elə anqırdı ki, bütün ağaclar titrədi. O saat bütün səslər yatdı. Gördüm dərya tərəfdən bir yekə şey gəlir. Amma bu işıq verir. Gəldi lap çatdı mənim ağacımın dibinə. Əlində bir yumru şey var idi, qoydu bir ağacın koğuşuna. Gördüm ki, o işıq verən şey bu imiş. Özü də başladı oynamağa. Vallah, anqıra-anqıra elə o yana, bu yana qaçırdı ki, adamı lap vəhmə basırdı. Yaxşıdı ki, məni görmürdü. Yoxsa elə hop deyib ağacnan bərabər udardı. Ta sübhə kimi oynadı. Sonra həmin o işıq verəni də götürü getdi. Mənim gözüm düşdü bu işıq verən şeyə. Sabahısı bir lomba batdax alıb əlimə, dırmaşdım həmin ağacın o koğuşunda gizləndim. Gözlədim. Elə ki, o gəldi, yenə çıxartdı o şeyi qoydu ağacın koğuşuna, oynaya-oynaya o tərəfə gedəndə batdağı basdım onun üstünə. Hər tərəf oldu qaranlıq. Heyvan bir nərə vurdu ki, meşə titrədi, guppultu ilə dəydi yerə, o saat canı çıxdı. Mən işıq verən şeyi tez götürüb elə batdaxlı-batdaxlı qoydum cibimə. Səhər bütün heyvanlar yığıldılar bura. Bir dəsgah qopdu ta necə. Əvvəl-əvvəl heç biri onun yanına getməyə cəsarət eləmirdi. Sonra elə ki, başa düşdülər ki, ölüb, başladılar çeşnə. Bir vur-çatlasın qopdu ki, daha nə cür. Birdən heyvanlar hamısı qaçdılar. Qulaq verib gördüm, yaman şaqqaşaq gəlir. Bir az keçdi, gördüm bəli, bir sürü fil gəlir. Fillər dövrə vurub dayandılar bu heyvanın yanında. Sonra o yana, bu yana baxmağa başladılar. Birdən birinin gözü sataşıb məni gördü. Anqırıb məni yoldaşlarına göstərdi. Fillər onu buraxıb gəldilər həmin ağacın dibinə ki, mən üstündəydim. Başladılar mənə işarə eləməyə ki, “düş yerə”. Mən başladım qorxmağa. Adə, necə yəni düş yerə? Gördüm yox, elə adam kimi ədəb-ərkanla deyirlər düş yerə ki, düş yerə. Mən bir az da dırmaşdım yuxarı. Bunlar gördülər ki, yox, mən düşməyəcəyəm. Onda lap ləhənduz bil fil var idi, o yavaşca xortumunu doladı ağaca. Bir o yan elədi, bir bu yan elədi, ağacı qopartdı. Ağac yerə, mən də kəllə-mayallaq yerə. Fillərin biri məni xortumu ilə göydə tutdu. Bütün fillər mənim ətrafıma yığışdılar, dedim: “bəli, elə mənimki də buracan imiş”. Amma mənə heç bir şey eləmədilər. O böyük fil məni götürdü boynuna, anqırdı, hamı düzəldi yola. Axşama az qalmışdı, gəlib meşəni qurtardıq. Düşdük bir çəmənliyə. Burada bunlar məni qoydular yerə, başladılar bu otlardan yolmağa. Bir çoxlu yoldular, gətirib verdilər mənə. Yenə düşdük yola. Az getdik, çox getdik sübhə az qalmışdı, əvvəlinci xoruz banı idi, məni düşürtdülər yerə, özləri çıxıb getdilər. Səhər açılandan sonra mən baxdım ki, uzaqdan bir şəhər görünür. Durub bu otları da götürdüm, düzəldim yola. Gethaget, axır-axır ki, bir gücü pisdiknən çatdım həmin şəhərə. Gəlib karvansaraya düşdüm. Sabahısı bu otdan bir az aldım əlimə, getdim bazara. Gəzə-gəzə axtarıb sərraf bazarı tapdım. Başladım dükanların qabağı ilə gəzməyə. Bir də bir sərraf məni çağırdı. Girdim bu sərrafın dükanına. Bu aldı otu, baxdı, sonra məndən soruşdu ki, otdan yenə məndə var, ya yox. Mən dedim:
– Yox, yoxdu.
Sərraf dedi:
– Bu otu neçə deyirsən?
Elə birdən ağzıma gəldi, dedim:
– Yüz tümən.
Sərraf tez yüz tümən çıxardıb verdi. Mən gördüm, deyəsən otda bir illət var. Daha o sərrafın yanından əl çəkmədim. Axır sərraf mənə dedi ki:
– Ay axmaq müsəlman, sən o otu mənə ucuz satdın. O ot elə bir otdu ki, ondan misə vursan qızıl olar.
Bunu öyrənib gəldim, tez haman heyvandan mənə qalan ləli gətirib bazarda satdım, yekə bir dükan açdım. Yavaş-yavaş başladım misalıb yığmağa. Gecələri otdan misə vurub qızıl eləyirdim. Elə oldu ki, daha bu şəhərdə məndən dövlətli adam olmadı. Bir gün fikirləşdim ki, anamı da gətirim yanıma. Pul çox, nə keyfimədi. Adam göndərib anamı gətirtdim bura. Bu minvalnan bir il burada qaldıq. Bir gecə yatmışdım, bir də gördüm xapaxap bir adam yorğanı atdı mənim başıma, yıxıldı üstümə. Süpürləşməyə başladıq. Gördüm yox, bu kimdisə məni boğmaq istəyir. Bir az keçdi adam iki oldu. O yana süpürləşdik, bu yana süpürləşdik, əlləşdim-əlləşdim, axırda ki, yorğanın altından çıxdım, baxdım ki, məni boğan anamla həmin o sərrafdı. Bunlar gördülər ki, mən çıxdım, onda anam sərrafa qıy vurdu ki:
– Öldür köpək oğlunu.
Sərraf mənə bir xəncər vurdu. Daha heç zad yadıma gəlmir. Bir də gözümü açanda gördüm mən bir kasıb evdəyəm. Bir hambal da oturub mənim yanımda. Sən demə bunlar məni öldü bilib, aparıb atıblar. Sonra hambal məni orada tapıb, görüb hələ nəfəsim var, məni gətirib evə. Dava-dərmanla mən yaxşı oldum. Amma hambal mənə çox tanış gəlirdi, bir gün tutdum bunun yaxasından ki:
– Sən kimsən? Mən səni harada görmüşəm?
Baxdım ki, bu, o əvvəlinci dəfə məni anamdan alan tacirdi. Elə mən gedib meşədə itəndən sonra, bunun da gəmisi batır, bütün maldövləti gedir, özü bir təhər qurtarır. Daha öz şəhərlərində qalmayıb, gəlib burada hamballıq eləyir. Bir-birimizi tanıdıq. Mən elə ki, lap yaxşı oldum, paltarımı dəyişib çıxdım şəhərə. Bir tərəfdən mən, bir tərəfdən də tacir öyrənib gördük ki, anam gedib haman sərrafa. Özü də mənim malıma yiyələnib ötürüblər aşağı. Bir gecə gizlicə girdim evə, qabaqca yatdığı yerdə sərrafı öldürdüm. Sonra anamı oyatdım. Oyanıb məni görcək başladı tövbə oxumağa ki, qələt eləmişəm. Baxmadım sözünə, onu da öldürdüm. Bütün varımı, yoxumu hamısını verdim haman tacirə, özüm çıxdım getdim. Şəhərləri gəzə-gəzə gəlib çıxdım bura. Amma bura... amma bura... Ax mənim gördüklərim... Vax mənim gördüklərim... Bu sözləri deyib bu qoca da öldü. Səlim onu mafiyəyə qoydu, yudu, kəfənlədi, həmin dediyi gül ağacının dibində basdırdı. Qaldı tək. Bəli, bir neçə gün Səlim qaldı burada. Bir neçə gündən sonra başladı otaqları gəzməyə. Otaqlar nə otaqlar. Daha burada nə yoxdu...Gəzə-gəzə gəlib çıxdı qırxıncı otağın qapısına. Baxdı ki, necə ki, qoca demişdi, doğrudan da bu otağın qapısını hörüb. İki-üç gün özünü saxladı, qapını açmadı. Amma başa gətirə bilmədi. Ha özünü zorladı, olmadı ki, olmadı. Axırda fikirləşdi ki, hələ bir balaca deşik açım, görüm orada nə var. Bəli, gəldi bir gün bir balaca deşik açdı. Deşikdən baxıb gördü ki, balaca bir otaqdı, ortasında bir çarhovuz var, bir də bir çarpayı, çarhovuzun da üstündə bir baca. Səlim qorxa-qorxa girdi içəri. Bir az ətrafı dolandı, gördü başqa heç bir şey yoxdu. Uzandı çarpayının üstündə. Bunu burada yuxu tutdu. Elə təzəcə yatmışdı, bir də bacadan bir quş düşüb, çökdü onun üstünə. Səlim hə-hu eləyib qalxınca, quş onu götürdü, qalxdı birbaş göyə. Səlim özündən əlini üzdü. Quş onu apardı, apardı, birdən caynağından buraxdı. Səlim bayaq ha özündən getdi. Elə onu gördü ki, guppultu ilə düşdü suya, düşən kimi də batdı suyun dibinə. Sudan çıxcaq bir də baxdı ki, onu qamarladılar, qoymadılar ki, yazıq gözünü də açsın, birbaş çəkdilər qırağa. Səlim baxdı, bura qiyamətdi. O qədər adam var daha nə qədər. Bunu birbaş gətirdilər düz padşahın qabağına. Səlim bir də gördü padşah öz tacını çıxartdı, bunun başına qoydu, özü də başlayıb buna baş əyir. Padşah baş əyc&qədər kişi var idi, bir naxoşluq düşdü, hamısı qırıldı. Hamı qaldı zənən. İndi bizdə bir dənə də kişi tapmazsan. Hamımız arvadıq. Üç, dörd gün bundan qabaq mollalar kitaba baxdılar, kitab göstərdi ki, Allah bizə bir kişi padşah göndərəcək. Odu ki, biz də hər yerə qaravul qoyduq ki, Allah padşahı göndərəndə gəlib xəbər versinlər. Bir az bundan qabaq qaravullar gəlib xəbər verdilər ki, Allah bizə padşah göndərir. Gəlib səni tutduq. Səlim baxdı ki, elə bunun özü də arvaddı. Öz-özünə fikirləşdi ki, sən öləsən, yaxşıca yerə düş%qədər kişi var idi, bir naxoşluq düşdü, hamısı qırıldı. Hamı qaldı zənən. İndi bizdə bir dənə də kişi tapmazsan. Hamımız arvadıq. Üç, dörd gün bundan qabaq mollalar kitaba baxdılar, kitab göstərdi ki, Allah bizə bir kişi padşah göndərəcək. Odu ki, biz də hər yerə qaravul qoyduq ki, Allah padşahı göndərəndə gəlib xəbər versinlər. Bir az bundan qabaq qaravullar gəlib xəbər verdilər ki, Allah bizə padşah göndərir. Gəlib səni tutduq. Səlim baxdı ki, elə bunun özü də arvaddı. Öz-özünə fikirləşdi ki, sən öləsən, yaxşıca yerə düşdüm. Bəli, Səlim başladı padşahlığa. Həmin o arvad ki, tacın çıxardıb bunun başına qoymuşdu, onu elədi özünə vəzir. Az keçdi, çox keçdi, Səlim bu vəziri aldı. Bəli, başladılar yaşamağa. Gün keçdi, ay dolandı, bir gün vəzir ona dedi ki:
– Bizdə bir adət var. İldə bir ay biz gərək müsəllaya çıxaq. Özü də orada hamımız gərək çılpaq olaq. Sən bizimlə ora gedə bilməzsən. Odu ki, bir ay gərək sən burada qalasan.
Bəli, sabahısı bunlar hamısı getdilər. Şəhər boşaldı, şah qaldı tək. Səlim fikirləşdi ki, bundan yaxşı fürsət olmaz. Yavaşca altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, bir az puldan, maldan götürüb, asta qaçan namərddi, tüpürdü dabanına, birbaş düzəldi yola. Gethaget, günə bir mənzil, təyyi-mənazil, gəlib çıxdı bir şəhərə. Dolana-dolana gəlib çıxdı bir qəssab dükanının qabağına. Elə-belə durmuşdu baxırdı, bir də qəssab onu çağırdı yanına. Elə ki, qəssab bildi ki, bu qəribdi, dedi:
– Elə mənim də oğlum yoxdu, gəl mənə oğul ol!
Səlim razı oldu, qaldı qəssabın yanında. Səlim bir gün, iki gün, baxdı ki, qəribə şeydi, burada hamı nə qədər ki, kişi var, başdan-ayağa qaraya boyanıb. Qaldı məəttəl ki, görəsən bu necə olan şeydi.
Bir gün atasından soruşdu:
– Ata, burada niyə hamı qaraya batıb? Məni bir bu sirdən agah elə!
Elə söz ağzından qurtarmamışdı, qəssab yekə ət bıçağını götürüb cumdu onun üstünə. Sonra bir lailahə illallah deyib qayıtdı dala ki:
– Bir də bu sözü məndən soruşsan, səni al qanına qəltan elərəm.
Səlim qorxudan daha səsini çıxarmadı. Amma ki, hara baxır qara, kimi görür qara, daha lap heyrət onu götürdü. Dedi: sən öləsən bu sirri bilməsəm, mən lap çatlaram. Gəldi sabahısı dükana, üzün dədəsinə çevirib dedi:
– Dədə, bax bu bıçaq, bu da mənim başım. Nə istəyirsən elə, ancaq gərək mənə deyəsən görüm bu camaat niyə matəmə boyanıb?
Qəssab hərçi elədi ki:
– Sən gəl soruşma, cavansan, yazıqsan.
Dedi:
– Olmaz ki, olmaz.
Qəssab bir ah çəkib dedi:
– Yaxşı, indi ki, belə oldu, sənin qımırın tutub, əl çəkmirsən, onda cümə günü sənə deyərəm.
Bəli, cümə günü oldu. Qəssab Səlimə dedi:
– Oğul, sən gəl bu sözü soruşma!
Səlim dedi:
– Olmaz.
Onda qəssab dedi:
– Di gəl dalımcan!
Bunlar getdilər məscidin həyətinə. Səlim gördü bütün camaat yığılıb bura. Adamları o yan, bu yana eləyib keçdilər ortaya. Səlim baxdı ki, burada bir çərxi-fələk var. Qəssab ona dedi:
– Səlim, gəl əl çək!
Dedi:
– Yox, əl çəkmərəm.
Onda qəssab dedi:
– Di min çərxi-fələyə, onda bilərsən niyə hamı qara geyinib.
Səlim mindi çərxi-fələyə. Çərxi-fələk onu qaldırıb qoydu uca bir minarə var idi onun başına. Bir az keçdi, Səlim bir də gördü ki, yekə bir quş göydən şığıdı düz bunun üstünə. Aldı bunu caynağına, qaldırdı havaya. Quş qalxdı, bu qalxdı, quş qalxdı, bu qalxdı, bir vaxt gördü ki, daha yer görsənmir. Bir xeyli belə gedəndən sonra quş başladı yavaşyavaş enməyə. Endi, endi, gətirib bunu yavaşca qoydu yerə, özü qalxdı. Səlim quş gedəndən sonra ətrafına baxıb gördü bura bir meşədi. Axşam da düşmüşdü... Hava qaranlıqlaşırdı. Yavaşca durub dırmaşdı bir çinar ağacına ki, görüm başıma nə gəlir. Aradan bir az keçmişdi, bir də gördü ki, həmin ağacın dibinə, budur, bir dəstə qız gəldi. Səf vurub dövrə qurdular bu ağacın dibində. Lap başda bir qız oturmuşdu, bir qız oturmuşdu ki, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə. Qız üzün tutub yoldaşlarına dedi:
– Çıxardın, başlayaq...
Bəli, qızların kimi dəf, kimi kaman, kimi saz, kimi santur çıxardıb çalmağa başladılar. Yerdə qalan qızlar da bircə-bircə oynadılar. Elə ki, hamı oynadı, qurtardı, həmin başda oturan qız birdən qayıtdı ki:
– Səlim, indi də nobat sənindi, gəl oyna!
Səlim elə diksindi ki, tükləri biz-biz durdu. Dedi ki, yəqin məni gördülər. Özün soxdu yarpaqların arasına. Nəfəsin də lap çəkdi içəri.
Bir az keçdi, qız başını qaldırdı yuxarı:
– Səlim, gizlənmə, gəl!
Səlim lap özünü itirdi. Onda qız yoldaşlarına dedi:
– Onda durun çıxın ağaca, oradan Səlimi düşürdün yerə, düşməsə yüz taziyanə vurun!
Səlim gördü ki, yox aşna, iş açılıb, taziyanənin qorxusundan düşdü aşağı. Qızlar bunu aldılar ortalığa, oynadılar, dedilər, güldülər, sonar onu da götürüb gəldilər evə. Səlim gördü burada qiyamət var imiş.
Gecə lap keçəndən sonra qız Səlimə dedi:
– Burada mənim qırx qızım var. Hansını istəyirsən götür!
Səlim baxdı ki, hansını seçsin. Hamısı biri-birindən yaxşıdı. Axırda birini seçib götürdü. Sabahısı yenə məclis eləcə quruldu. Bu minvalnan düz otuz doqquz gecə qurtardı. Qırxıncı gecə qız Səlimə qız verəndə Səlim birdən əlini tutdu onun əlindən ki:
– Mən sənin özünü istəyirəm.
Qız gülüb dedi:
– Ay səbirsiz insan... Bura nə qədər adam gəlibsə beş altı gündən sonra məni istəyib, öz cəzasına çatıb, bircə sən səbir eləyirdin ki, axır-axırda sən də işi korladın. Bircə gün də dayansaydın mənə də çatardın, deyib ona şax bir sillə vurdu. Səlim bayaq ha düşdü yerə. Bir vaxt özünə gələndə gördü haman çərxi-fələyin üstündədi. Oradan düşüb, kor-peşiman gəldi qəssabın dükanına. Qəssab dedi:
– İndi gördün bala?! Di get, sən də bir dəst qara paltar al gey ki, niyə səbir eləyə bilmədin.
Səlim kişidən ayrılıb düzəldi yola. Gəlhagəl, gəlhagəl, gəlib çıxdı bir şəhərə. Girdi bir az veyilləndi, o yana baxdı, bu yana baxdı, gəlib bir məscidin qapısında başının altına bir daş qoyub yatdı. Bir də ayıldı ki, səs-küydü. Baxdı ki, bunun başına bir quş qonub, onu tuturlar. Camaat quşu apardı. Demə bu şəhərin padşahı ölüb, indi dövlət quşu uçurdurlar. Quşu ikinci dəfə uçurtdular, yenə də gəlib qondu bunun başına. Yenə quşu apardılar. Səlimi də şəhərdən çıxardıb qovdular ki, çıxsın getsin. Quşu yenə uçurtdular. Yenə quş yolda qondu bunun başına. Daha gördülər ayrı adam başına qonmur, götürüb bunu padşah elədilər. Səlim oldu padşah. Ölən padşahın bir qızı var idi. Səlim bu qızı da aldı, oturdu taxta. Bir neçə vaxt keçdi. Qızın barmağında bir üzük var idi. Bir gün Səlim qızdan o üzüyü istədi.
Qız dedi ki:
– Yox, bu həzrət Süleymanın üzüyüdü. Bunu mən heç kəsə vermərəm.
Bu söz Səlimə çox ağır gəldi, gözlədi, qız yatandan sonra üzüyü qızın barmağından çıxardıb taxdı öz barmağına, sildi. Silcək iki qara qul hazır oldu ki:
– Əmrin nədi?
Səlim qullara dedi:
– Bütün bu vilayətdə nə qədər adam var, hamısın atın qülleyi-Qafə!
Qullar səhərəcən bütün əhalini atdılar qülleyi-Qafə. Qaldı şəhərdə bircə Səlim tək. Elə ki, arxayınlaşdı, öz-özünə dedi:
– İndi mənim sözümdən çıxmağın dadını gör!
Başladı tək burada yaşamağa. Bu şəhərin köhnə padşahının bir vəziri var idi, padşah ölməmişdən qabaq o, səyahətə getmişdi. Öz qızı ilə qayıdırdı, gördü şəhərdə heç kəs yoxdu. O saat barmağın dişlədi ki, yəqin padşahın qızı ərə gedib, əri də üzüyü ondan oğurlayıb, çünki o padşahın qızında elə bir üzük olduğunu bilirdi. Gəlib qızı ilə düşdü evə. Bir neçə günə kimi öyrəndi ki, padşahın sarayında bir adam var. Bildi ki, yəqin üzük ondadı. Qız vəzirə dedi ki:
– Ata, mən üzüyü onun barmağından çıxardaram. Sən gəl məni apar, ötür ora.
Vəzir qızı aparıb ötürdü saraya. Özü də damların birində gizləndi. Səlim yatmışdı. Qız gördü ki, o yatıb, gəldi əyləşdi onun başının üstündə, başladı onun telini tumarlamağa. Səlim gözünü açıb gördü burada bir nazənin sənəm var. Tez qalxıb çığırdı:
– Sən kimsən?
Qız təzim eləyib dedi:
– Mən bu şəhərin adamlarındanam.
– Mən hamını qülleyi-Qafə atdırmışam, bəs sən necə qalmısan?
Qız məsələni başa düşüb dedi:
– Şah sağ olsun, o adamlar ki, hamını atdılar qülleyi-Qafə, elə onlar məni saxladılar. Dedilər sonra şahın ürəyi darıxanda sən gedərsən yanına.
Səlim inanıb dedi:
– Ay, nə yaxşı iş görüblər.
Əmr elədi ki, xörək hazırlansın. Qız tez qaçıb əhvalatı atasına danışdı. Atası ona bir az bihuşdarı verdi. Qız xörəyi hazırlayıb bihuşdarını da atdı içinə, gətirdi ortalığa. Səlim bir az yeyəndən sonra xurd düşdü. Elə yatdı ki, elə bil qulağının dibindən bir daşnan vurdular. Qız o saat vəziri çağırdı. Vəzir gəldi onun barmağından üzüyü çıxartdı, saldı öz barmağına. Sildi, o saat qullar hazır oldu. Vəzir əmr elədi ki:
– Bu saat gərək qülleyi-Qafda olanların hamısını gətirəsiz bura.
Özü də Səlimin əllərini bağlayıb atdı zindana. Bəli, qullar camaatın hamısını gətirdilər, padşahın qızı üzüyü aldı, sildi, qullar hazır oldu, əmr elədi ki, oğlanı atsınlar qülleyi-Qafə. Səlimi atdılar qülleyi-Qafə. Nə qədər orada qaldı bilmirəm, bir də gözün açdı, gördü o qırxıncı otaqdakı çarpayının üstündə yatıb. Durdu ayağa, bu biri otağa keçəndə gözü sataşdı güzgüyə. Özü-özündən qorxurdu. Baxdı ki, baş, qaş, saqqal hamısı elə ağarıb ki, o buradakı qocalardan da qocadı. İndi bildi ki, onun da axırı gəlib çatıb. Sabahısı gedib bazardan bir nökər tutdu gətirdi, öz əhvalatını ona deyəndən sonar öldü.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo