top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

İlyasın Nağılı

Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Günlərin bir günündə, Məmməd Nəsir tinində. Biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi. Çoxlu şilaşı yemişəm, heç belə yalan deməmişəm. Bir tacir var idi. Bu tacirin İlyas adlı bir qulu var idi. Tacir İlyası öz oğlu kimi istəyirdi. İlyas da taciri öz dədəsi kimi.
Bir gün tacir əlində olan var-yox mayasını batırdı. Tacir çox fikirli-fikirli oturmuşdu. İlyas bunu qüssəli görüb yanına gəldi, dedi:
– Ağa, nə fikir eləyirsən? Dərdini de, bəlkə çarə elədim.

Tacir gülüb dedi:
– Ay İlyas, sən bir qul adamsan, mənim dərdimə nə çarə eləyə bilərsən?
İlyas dedi:
– Ay ağa, sən özün bilirsən ki, mən səni nə qədər istəyirəm. Bəlkə ikimiz bir yerdə dərdüvə dərman elədik.
Tacirin çarəsi kəsildi, dedi:
– İlyas, mən var-yox mayamı batırmışam. İndi əlimdə bir qəpik mayam yoxdu. Onun fikrini eləyirəm ki, indi mən nə eləyəcəyəm.
İlyas dedi:
– Ağa, bunnan hasan şey yoxdu, apar məni sat, həmin pulu əlində maya elə!
Tacir gülüb dedi:
– İlyas, əvvəl, mən səni çox istəyirəm. Necə səni aparım satım? Bir də ki, sənə nə pul verəcəklər ki, mən onu əlimdə maya eləyim?
İlyas dedi:
– Ağa, mən qiymətli qulam. Mən dünyada üç şeyi yaxşı tanıyıram. Atı, daş-qaşı, adamı. Odu ki, apar məni bazara, beş yüz tüməndən aşağı satma. Həmin pulu gətir, əlində maya elə!
Tacir bir az fikir elədi, gördü başqa çarə yoxdu. İlyası qul meydanına apardı. Kim gəlib qiymət soruşurdu, tacir beş yüz tümən deyib, özü də üç şey bildiyini xəbər verirdi.
Bu vaxt padşahın vəziri buradan keçirdi. Bu səsi eşidib tacirin yanına gəldi, dedi:
– Qulu neçə deyirsən?
– Beş yüz tümən deyirəm. Özü də üç şeyi yaxşı tanıyır: adamı, atı, daş-qaşı.
Vəzir dedi:
– Sən dəli olmusan nədi? Heç padşahın bütün qulları beş yüz tümənə dəyməz. Sən bu qulu beş yüz tümənə deyirsən?
Tacir dedi:
– Bu qulun qiyməti hələ beş yüzdən də yuxarıdır. Keyfin çəkir al, keyfin çəkmir alma.
Vəzir gedib padşaha əhvalatı danışdı. Padşah dedi:
– Get, həmin qulu al!
Vəzir beş yüz tümən gətirib tacirə verdi, İlyası aldı, gətirib padşahın qullarının içinə ötürdü. Tacir də həmin pulu əlində maya eləyib alış-verişinə başladı. Tacir alış-verişində olsun, İlyas da qulların içində olsun, sənə kimdən deyim, bizim bu şəhərin cavan padşahından. Bir gün padşaha bir gözəl at gətirdilər. Hamı ata baxıb bəh-bəh dedi, heç kim atda bir eyib tapmadı. Birdən padşahın yadına düşdü ki, axı mənim bir qulum var, atı çox yaxşı tanıyır. Tez əmr elədi İlyası gətirdilər.
İlyas baş əyib dedi:
– Qibleyi-aləm sağ olsun, bu ata heç söz yoxdu. At birinci atdı. Amma bunun bir eybi var ki, suya girsə yatar.
Hamı dedi:
– Heç elə şey olmaz.
İlyas dedi:
– Padşah sağ olsun, mənim dövlətim yoxdu, ancaq başımı girov qoyaram. Atı salaq suya, əgər yatmasa mənim boynumu vurun!
Bəli, atı mindilər, suya vurdular. At suya girən kimi yatdı. Hamı məəttəl qaldı.
Padşah İlyasdan soruşdu:
– İlyas, bu at niyə suya girən kimi yatdı?
İlyas dedi:
– Padşah sağ olsun, bu ata camış südü veriblər, odu ki, camış kimi suya girən kimi yatdı.
Padşah İlyasın bu sözünü yoxlamaq üçün atı satandan soruşdu:
– Sən bu ata camış vermisən?
At satan baş əyib dedi:
– Padşah sağ olsun, bu at anadan olandan sonra anası öldü, mən də onu camışımızla əmizdirdim.
Padşahın İlyasdan çox-çox xoşu gəldi, dedi:
– Bu atı alın, ilxıya qatın! Çapışmada lazım olar.
Özü də əmr elədi ki, bundan sonra mən yeyən xörəkdən İlyasa da verin! Bəli, İlyas hər gün padşah yeyən xörəkdən yeyirdi. Bunlar burada yeməkdə olsunlar, sənə kimdən deyim, bizim padşahın qonaqlarından. Bir neçə şəhərlərin padşahları bizim padşaha qonaq gəlmişdilər. Bir nəfər də padşaha yumurta boyda bir almaz gətirmişdi. Hamı almaza baxıb bəh-bəh eləyib deyirdi: bu almazın heç qiyməti yoxdu. Bu qiymətdə şey ola bilməz. Birdən padşahın yadına düşdü ki, axı mənim İlyas adında qulum var, daş-qaşı tanıyır. Tez əmr elədi İlyası çağırtdırdı. İlyas gəldi, baş əydi, dayandı.
Padşah dedi:
– İlyas, oğul, bu almaza qiymət qoy!
İlyas almazı aldı əlinə, bir o tərəfinə baxdı, bir bu tərəfinə baxdı, dedi:
– Padşah sağ olsun, almaz otuz tüməndən yuxarı dəyməz, çünki bunun üzü almazdı, içi torpaqdı.
Hamı dedi:
– Heç elə şey ola bilməz.
İlyas dedi:
– Padşah sağ olsun, əmr eləyin almazı sındırsınlar, içindən torpaq çıxmasa boynumu vurdurdun.
Bəli, padşah əmr elədi, almazı sındırdılar. Almaz sınan kimi içindən torpaq töküldü. Həmin almaza qiymət qoyanlar ki, deyirdilər bu almazın qiyməti yoxdu, hamı utandı, başını aşağı saldı. Padşah fərəhləndi ki, belə bir qulu var. Qonaqların yanında qoltuğu şişdi. Bəli, padşah əmr elədi ki, bundan sonra İlyas mənim özümlə çörək yeyəcək. Bəli, bu gündən İlyasnan padşah həmişə bir yerdə çörək yeyirdilər. Bunlar burda yeməkdə olsun, içməkdə olsun, sənə kimdən deyim, bu şəhərdə gözəllikdə misli-bərabəri olmayan bir qız var idi. Bu qızın gözəlliyi bütün şəhərdə məşhurdu. Amma bu qızı heç kim görməmişdi, ancaq adını eşitmişdi. Bir gün padşah fikirləşdi ki, bir özünü bu qızın yanına versin. Çox fikirləşdi, axırda belə tapdı ki, əmr eləsin heç kim şəhərə çıxmasın, özü xəlvətcə qızın yanına getsin. Bəli, bir gün padşah əmr elədi ki, axşam saat səkkizdən sonra bir adam eşikdə qalmasın, bir adamın pəncərəsi açıq olmasın. Əmrimə tabe olmayanların başını bədənindən ayıracağam. Bəli, elə ki axşam saat səkkiz oldu, məmə yeyəndən pəpə yeyənə kimi hamı qorxudan gizləndi. Elə ki, bir az da keçdi, padşah yavaş yavaş evdən çıxıb həmin gözəl qızgilə tərəf getməyə başladı. Bəli, padşah gəlib qızın qapısını döydü, qulluqçu qapıya gəldi.
Padşah dedi:
– Get, xanıma de ki, padşah gəlib.
Qulluqçu gəlib xanıma dedi.
Xanım dedi:
– Get, padşaha de ki, bir inəyim var, nə arıqdı, nə kök, öldürsəm nə qədər piyi çıxar?
Qulluqçu gəlib xanımın dediyini padşaha dedi.
Padşah bir az fikirləşdi, axırda dedi:
– Get, xanıma de ki, dörd pud.
Qulluqçu gedib xanıma dedi.
Xanım dedi:
– Get, denən xoş gəldi, gedə bilər.
Elə padşah istəyirdi qayıtsın, gördü ki, bir qaraltı gəlir. Özü-özünə dedi: bu kimdi mənim əmrimdən çıxıb şəhərdə gəzir. Yaxşı, mən sabah onun atasını yandıraram, qoy yaxınlaşsın görüm kimdi. Qaraltı yaxınlaşdı. Padşah gördü ki, öz vəziridi. Tez gizləndi orada olan ağacların dalında. Dedi qoy görüm vəzir nə qayıracaq. Vəzir padşahı görmürdü, amma padşah onu görürdü. Vəzir qızın qapısına yetişdi, qapını döydü, qulluqçu gəldi, vəzir dedi:
– Get, xanıma de ki, vəzir gəlib.
Qulluqçu getdi xanıma dedi... Qayıdıb gəldi ki:
– Xanım deyir ki, bi inəyim var, nə arıqdı, nə kök; öldürsəm nə qədər piyi çıxar?
Vəzir fikirləşdi nə desin. Neçə pud desin. Axırda dedi:
– Yeddi pud.
Qulluqçu gedib xanıma xəbər verdi, gəlib dedi:
– Xanım deyir ki, gedə bilər, xoş gəldi.
Vəzir istəyirdi qayıtsın, bir də gördü ki, aha budu, bir qaraltı gəlir. Öz-özünə dedi: ədə, bu kimdi eşiyə çıxıb. Səhər padşaha deyəcəyəm bunun başını bədənindən ayırsın. Tez ağacların dalına girdi ki, gizlənsin, gördü padşah da burada mısıb. Vəzir istədi səs eləsin, padşah dedi:
– Dinmə, görək bu gələn kimdi. Görək bu nə deyəcək.
Bunlar burada mısdılar. Qaraltı yaxınlaşdı, gördülər ki, bu gələn İlyasdı. İlyas qızın qapısını döydü, qulluqçu gəldi, İlyas dedi:
– Get, xanıma de ki, padşahın qulu İlyas gəlib.
Qulluqçu gedib xanıma xəbər verdi, gəlib İlyasa dedi:
– Xanım deyir ki, bir inəyim var, nə arıqdı, nə kök; öldürsəm nə qədər piyi çıxar?
Padşahın vəzir dedilər dayan görək indi bu nə deyəcək.
İlyas dedi:
– Get, xanıma de ki, qəbuldu.
Padşahnan vəzir lap məəttəl qaldılar, dedilər nə olsun ki, bunu biz də deyərdik də. Bəli, qulluqçu gəlib qapını açdı. İlyas içəri girdi. Padşahnan vəzir işi belə görüb tez bir təhər özlərini qızın bağçasına saldılar, ağacların altında gizləndilər. Gördülər ki, İlyas gəlib eyvanda əyləşib. Bəli, qulluqçu əlində bir məcməyi, üstündə ağ örtük, gətirib İlyasın qabağına qoydu. İlyas məcməyidən örtüyü götürdü, gördü ki, məcməyidə bir qayçı, bir varaq kağız, bir Quran, bir top iynə, bir də bir nar var. Padşahnan vəzir dedilər, hələ qoyaq ki, biz də demişik “qəbuldu”, yaxşı, bəs bu nə olsun. Nar, Quran, iynə, qayçı, indi ki, bu sirri bilməyəcəkdik. Qoy görək İlyas neyləyəcək.
İlyas iynələri götürüb hamısını bir-bir narın üstünə taxdı. Sonra kağızı götürüb cıqqılı-cıqqılı doğradı. Sonra Quranı öpüb yerə qoydu.
Padşahla vəzir bir-birinə dedilər:
– Yaxşı, bu nə olsun?
Bu halda qulluqçu gəldi, məcməyini apardı. Bəli, elə ki, qulluqçu məcməyini apardı, xanım eyvana gəldi. Qolunu İlyasın qoluna saldı. Xanım nə xanım... Aya, günə deyir sən çıxma, mən çıxacağam. Adam deyir yeməyim, içməyim, bu xanımın xətti xalına, gül camalına tamaşa eləyim. Padşahla vəzirin ağzının suyu axırdı. Xanımla İlyas öpüşdülər, görüşdülər, sonra girdilər evə. Vəzirlə padşahın az qalırdı paxıllıqlarından bağırları çatlasın. Bəli, padşahgil gördülər ki, az qalıb sübh açılsın, tez durub evlərinə getdilər.
İlyas səhər çox bivaxt gəldi. Padşah dedi:
– İlyas, gecə haradaydın?
İlyas dedi:
– Padşah sağ olsun, məni sənə satan tacirin anasını mən özümə ana kimi bilərdim. O da məni çox istəyərdi. O ölübdü, getmişdim onun qəbrinin üstünə. Qəbrin üstündə ağladım, ağladım, yuxu tutdu, qaldım qəbrin üstündə. Bir də gördüm ki, səhərdi.
Padşah bilirdi ki, gecə İlyas haradaydı, çünki özü öz gözü ilə görmüşdü. Odu ki, bildi ki, İlyas yalan deyir, yenə dedi:
– İlyas, düzün de, gecə haradaydın?
İlyas dedi:
– Padşah sağ olsun, yuxu tutmuşdu, qalmışdım qəbrin üstündə.
Padşah hirsləndi, dedi:
– İlyas, düzünü de, gecə haradaydın? Yoxsa başuvu bədənindən ayıraram.
İlyas yenə dedi:
– Padşah sağ olsun, yuxu tutmuşdu, qalmışdım qəbrin üstündə.
Padşah əmr elədi ki:
– Aparın, bu məlunu oxlayın.
Amma ox atanları öyrətdi ki, oxu elə atın ki, İlyasa dəyməsin. Çünki bu sirləri öyrənmək istəyirdi. Bəli, İlyası oxa basdılar. Amma ox İlyasa dəymirdi, boynunun, qoltuğunun altından keçirdi. Padşah gəldi, dedi:
– İlyas, düzün de görüm, gecə haradaydın? Yoxsa bu saat səni asdıraram.
İlyas yenə dedi:
– Padşah sağ olsun, yuxu tutmuşdu, qalmışdım qəbrin üstündə.
Padşahın qəzəbi artdı. Hirs beyninə vurdu, gördü ki, bu dediyin deyir, əmr elədi:
– Bu saat bunu asın!
Bəli, İlyası dar ağacının altına gətirdilər. Kəndiri boğazına saldılar. Elə ki, istədilər kəndiri çəksinlər, bir də gördülər ki, bir atlı çapa-çapa gəlir. Atlı elə yeyin gəlirdi ki, atın üstündəkini görmək mümkün deyildi. Elə ki, dar ağacının altına yetişdi, çapa-çapa yerə bir nar vurub getdi. Nar dağıldı.
İlyas dedi:
– Dayanın, deyim.
Bəli, İlyasın boynundan kəndiri açdılar.
İlyas dedi:
– Padşah sağ olsun, gedək otağa, bu sirri tək sənə deyəcəyəm.
Padşahla İlyas getdilər otağa. İlyas dedi:
– Padşah sağ olsun, gecə mən filan gözəl qızın yanında idim.
Padşah dedi:
– Yaxşı, o piy məsələsi nə idi ki, sən dedin qəbuldu.
İlyas dedi:
– Padşah sağ olsun, xanım o sualnan demək istəyirdi ki, sən məni görməmisən, bilmirsən arığam, kökəm, gözələm, çirkinəm. Onda mən dedim ki, qəbuldu. Yəni hər necə olsan, gözəl də, çirkin də, arıq da, kök də mənə qəbulsan, onda qapını açdılar, məni içəri buraxdılar.
Padşah dedi:
– Yaxşı, o məcməyi məsələsi nə idi?
İlyas dedi:
– Padşah sağ olsun o atlı ki, keçdi, narı vurdu yerə, nar dağıldı, həmin qızdı. Narı yerə vurdu, dedi ki, bu sirr mənim deyil qoy dağılsın, sən ölmə. Odu ki, mən də dedim.
Padşah İlyasa pəh-pəh deyib öz yanında oturtdu, dedi:
– İlyas, axı sən adamı da tanıyırsan. İndi de, görüm mən necə adamam?
İlyas dedi:
– Padşah sağ olsun, sən çörəkçi oğlusan.
Padşah dedi:
– Sən nə danışırsan, mən padşah oğluyam. Mənim atam da bu şəhərin padşahı olub, babam da.
İlyas dedi:
– Padşah sağ olsun, əmr elə anan gəlsin, soruş, elə olmasa boynumu vurdur!
Padşah anasını çağırdı, dedi:
– Ana, düzünü de, mən kimin oğluyam? Mənim atam kim olub?
Anası dedi:
– Bala, mən sənə həmlə olanda atan dedi ki, əgər qız doğsan, səni öldürəcəyəm, oğlan doğsan, nə desən gözüm üstə. Mən doğan gecə qonşuda çörəkçinin arvadı da doğdu. Mənim qızım, onun oğlu oldu. İşi belə görəndə mamaya pul verdik, çörəkçiyə də pul verdik, uşaqları dəyişdirdik. İndi sən doğrudan da çörəkçi oğlusan.
Padşah İlyasa afərin deyib soruşdu:
– İlyas, sən nə bildin ki, mən çörəkçi oğluyam?
İlyas dedi:
– Padşah sağ olsun, mən ondan bildim ki, sən əvvəl dəfə əmr elədin ki, mənə sənin çörəyindən versinlər. Sonra da bir yerdə çörək yedik. Ta sən mənə nə pul, nə başqa şey bağışlamadın. Odu ki, mən bildim sən çörəkçi oğlusan.
Padşah dedi:
– Yaxşı, İlyas, bəs o qız kimdi?
İlyas dedi:
– Padşah sağ olsun, o qız padşah qızıdı.
Padşah anasından soruşdu, gördü doğrudan da həmin qız bunun yerinə dəyişilən qızdı. Padşah soruşdu:
– İlyas, bəs sən kimsən?
İlyas dedi:
– Padşah sağ olsun, mən bir bağban oğluyam. Mən uşaq olanda bizim şəhərə hücum eləyib basırlar, məni əsir eləyirlər, sonra da gətirib qul yerinə satırlar.
Padşah İlyasın bütün xasiyyətlərinə fərəhləndi. Həmin qızı İlyasa aldı, qırx gün, qırx gecə toy elədi, öz tacını başından götürüb İlyasın başına qoydu, dedi:
– Padşahlığa sən yararsan. Sənin biliyin mənimkindən çoxdu.
Bundan sonra bu şəhərin padşahı İlyas oldu. Yedilər, içdilər, mətləbə yetişdilər. Göydən üç alma düşdü. Biri
mənim, biri nağıl deyənin, biri də özümün. Sən yüz yaşa, mən iki əlli. Hansı çoxdu sən götür! Sən sağ, mən salamat.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo