top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Şahzadə Mütalib

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın uşağı olmurdu. Özündən sonra dünyada bir vəliəhd qoyub getmək üçün tay məmləkətdə arvad qoymadı, hamısını aldı. Bu minvalınan düz qırx arvad aldı. Ancaq yenə də uşağı olmadı.
Bir gün qapıya bir dərviş gəldi, padşahın dərdini bilib dedi ki:
– Sən gərək bu arvadların hamısını boşayasan. Səni bu arvadların çiləsi basıb, ona görə uşağın olmur. Sən gərək bircə cavan arvad alasan. Özü də hər gün üç dəfə soyuq suda çiməsən ki, o arvadların çiləsi təmizlənə. Yeddi ilin tamamında uşağın olar. Padşah bütün arvadları boşadı. Gəzdi, dolandı, axırda hələ çiçəyi çırtlamamış cavan bir qız aldı. Dərvişin dediyi kimi düz yeddi il gündə üç dəfə suda çimdi. Qış keçdi, yay dolandı, yeddi il tamam oldu. Ancaq padşahın iqbalı gülmədi.Bir gün padşah küləfirəngidə oturub öz bədbaxtlığını fikirləşirdi. Birdən göy guruldadı, şümşürük oynadı, hava qaranlıqlaşdı, bir parça qara bulud heybətnən endi. Elə bir qiyamət oldu ki, elə bil ərəsətməhşər başladı. Bulud düz endi padşahın qabağında parçalandı, ortasından qırmızı bir alma tullanıb düz padşahın qucağına düşdü. Padşah çoxdan özündən getmişdi. Bir də ayıldı ki, heç zad yoxdu. Tez qucağına baxdı, gördü alma ordadı. Almanı götürdü, əmr Verdi bütün məmləkətin qocaları yığıldı, bu sirrin mənasını tapa bilmədilər. Axırda onlardan biri məsləhət gördü ki, padşah bu almanın yarısını özü yesin, yarısını da arvadına yedirtsin. Bu almada zürrüyyət var.

Bəli, padşah qocanın dediyi kimi almanı ortadan böldü, yarısını özü yedi, yarısını da arvadına verdi. Nağılda vaxt tez gələr çatar. Bunların vaxtı gəldi çatdı. Düz doqquz ay, doqquz gün, doqquz saatdan sonra padşahın arvadının ağrısı başladı, həkimləri yığdı, baxıb dedilər ki, uşaq çox canlıdı, ona görə çətin olur. Nə qədər çalışdılar, vuruşdular, heç bir kömək olmadı ki, olmadı. Hamı dedi ki, padşahın arvadı ölər. Padşah yenə küləfirəngidə əyləşib, dizlərini qucaqlayıb, qəm dəryasına batmışdı ki, bir də gördü həmin minval qiyamət başladı, qara bulud endi, parçalandı, içindən qoca bir qarı çıxdı. Qarının əlində bir qızıl aftaba, bir də bir qızıl ləyən var idi. Qarı dinməz-söyləməz gəldi zahının yanına. Gətirdiyi aftaba-ləyəndə onun əl-üzünü yudu, əlini onun qarnına çəkdi, elə bil ki, arvadın dərmanı onun əlində imiş, o saat uşaq oldu. Qarı padşaha yaxınlaşıb dedi:
– Mənsiz ona ad qoymayın!
Bunu deyib gözdən itdi.
Bəli, dayalar çağırıldı. Uşağın tərbiyəsinə başladılar. Ancaq padşahın arvadı özünü düzəldə bilmədi ki, bilmədi. Bir neçə vaxtdan sonra arvad öldü. Amma oğlan nə oğlan... Bir yaşa çatanda on yaşında oğlana oxşayırdı. Amma sənə hardan deyim, uşaq qalmışdı adsız. Hərə onu bir cür çağırırdı. Bəli, məclis quruldu. Yedilər, içdilər, vaxt çatdı, oğlanı gətirdilər mollanın yanına ki, ad qoysun. Bu heyndə göy guruldadı, yer titrədi, qara bulud çökdü həyətə. Həmin qarı buludun içindən çıxdı, gəldi, oğlanı aldı qucağına, üzündən öpdü, ağzını qulağına yapışdırıb üç dəfə ucadan dedi: Şahzadə Mütalib!..Bunu deyib yox oldu.
Oğlanın adı oldu Şahzadə Mütalib. Şahzadə böyüməkdə olsun, sənə kimdən xəbər verim padşahdan. Padşah başladı ki, mən evlənəcəyəm. Vəzir-vüzəra nə qədər yığılıb məsləhət gördülər, dəlil-dəlayil elədilər ki, ay balam, sənin böpböyük oğlun var, Mütalib kimi oğulun anasından sonra evlənmək insaf deyil. Padşahın qulağına girmədi ki, girmədi. Bəli, o necə deyərlər, bir ayağı o dünyada, təzədən başladı zurna-qaval, toy balaban, yeddi gün, yeddi gecə toy eləyib, aləmi üstünə güldürüb, evləndi, cavan bir qız aldı. Özün olasan növrəstə cavan, ərin ola qoca kaftar, evdə də Şahzadə Mütalib kimi bir cavan. Əlbəttə ki, şeytan səni rahat qoymaz. Elə ki, özün də oldun arvad, yəni ki, oldun hiylədə şeytana papaq tikən, vay oldu Şahzadə Mütalib kimilərin halına. Bəli, arvad başladı şahzadəyə yaxınlaşmağa. Ancaq baxdı ki, heç bir şey çıxmır. Arvad özünü nə qədər yedi tökdüsə, Şahzadə Mütalib ona məhəl qoymadı. Axırda bir gün girələdi, Şahzadə Mütalib evə gələndə, yavaşca qapının dalını vurdu, dedi:
– Gərək başbir olaq!
Şahzadə Mütalib razı olmadı. İş belə olanda arvad üstün cırıb, özünü yetirdi padşahın hüzuruna ki:
– Ey dadi-bidad, bəs məni bundan ötrü almışdın ki, oğlun mənə sataşsın, məni hörmətsiz eləsin?
Padşah dedi:
– Arvad, məni bir hali elə görüm nə olub?
Arvad başladı ki:
– Bəs sənin oğlun mənə əl atdı. Mən razı olmadım deyin üst-başımı cırdı.
Padşah əmr elədi ki, vəzir gəlsin. Vəzir gəlib işdən hali oldu. Padşah dedi:
– Gərək aparıb onu öz əlin ilə öldürüb qanlı köynəyini mənə gətirəsən.
Vəzir işi başa düşmüşdü. Nə qədər elədi, gördü yox, padşahın bəsirəti bağlanıb. Axır Şahzadə Mütalibin qollarını bağlatdırıb saldı qabağına, birbaş meşəyə. Meşənin bir yerində dayandılar. Vəzir bir üşgürək çaldı. Kolların dalından bir atlı çıxıb gəldi, yetişib atdan düşdü, atı vəzirə verib, özü getdi. Vəzir Şahzadə Mütalibə üzün tutub dedi:
– Bala, analığın sənə şər atdı. Atanın da bəsirəti bağlanıb, işin əslini görmür. Mənə əmr eləyib ki, səni öldürəm. Ancaq mən bilirəm ki, sən günahsızsan. Ala bu at, bu da pul, get özünə gün axtar!
Bunu deyib vəzir o adamın gətirdiyi atı Şahzadə Mütalibə verib, atın tərkinə də balaca bir heybə saldı. O gözdən itəndən sonra bir quş vurub qanını Şahzadə Mütalibin köynəyinə sürtdü, gətirib padşaha verdi. Padşah köynəyi alıb döşünə basıb dedi:
– Oxqay, indi ürəyim soyudu.
Bunlar burda qalmaqda olsun, sənə kimdən xəbər verim, şahzadədən. Bir az uzaqlaşandan sonra şahzadə heybəyə baxıb gördü ki, vəzir bura çoxlu pul qoyub, bir qədər arxayınlaşdı. Gəlib bu minval ilə meşənin axırına çıxdı. Baxdı ki, qabaqda bir böyük şəhər var. Amma hava da qaranlıqlaşır. Fikirləşdi ki, yaxşısı budu gecəni burda yatım, səhər tezdən şəhərə girib özümə bir iş taparam. Heybəni başının altına qoyub yatdı. Bir vaxt oyanıb gördü səhərdi. Ətrafına göz gəzdirib gördü nə at var, nə heybə. Sən demə oğrular gecə gəlib hamısını aparıblar. Şahzadə Mütalib durdu ayağa, qarın ac, cibdə bir qəpik yox, özünün də ki, əlində bir sənəti yox. Fikirləşdi, fikirləşdi, axırda əynindəki qiymətli paltarı çıxardıb atdı. Özünü saldı bir kasıb sifətinə, şəhərə girdi. Axşamacan şəhəri gəzdi, axırda gəlib bir meydana çıxdı. Demə bura bazar imiş. Baxdı ki, gözləri göy, dişləri seyrək kosa bir kişi durub bir daşın üstündə ucadan deyir:
– Ay mənə nökər olan! Ay mənə nökər olan!..
Amma heç kəs buna baxmır. Şahzadə Mütalib fikirləşdi ki, elə gedim buna nökər olum, bir təhər başımı girləyim. Amma bir də fikirləşdi ki, yaxşı, əgər bu yaxşı adam olsa, elə burda min dənə mənim kimi adam var, biri gedib olar da.
Bir az da gəzdi. Aclıq ona lap əsər elədi. Hərçi fikirləşdi, gördü ayrı əlac yoxdu. Çar-naçar getdi kişinin yanına ki:
– Mən sənə nökər.
Kişi onu diqqətlə süzüb soruşdu:
– Adın nədi, bacı oğlu?!
– Mütalib.
Qoca cibindən bir uzun kağız çıxartdı, baxdı, sonra dedi:
– Gedək!
Şahzadə Mütalib soruşdu:
– Yaxşı, mənim nökərçiliyim necə olacaq?
Kişi dedi:
– Bala, sən otuz doqquz gün mənim evimdə işsiz oturacaqsan.
Bircə qırxıncı gün bizim bir günlüyə işimiz olacaq. Sonra yenə otuz doqquz günü rahat qalacaqsan evdə.
Şahzadə Mütalib qoca ilə düşdü yola. Gəlib şəhərin kənarında bir evə çatdılar, girdilər həyətə. Şahzadə Mütalib baxdı ki, bu kişinin dəsgahı heç onun atasının dəsgahından qalmaz. Çıxdılar ikinci mərtəbəyə.
Qoca bir otağın qapısını açıb dedi:
– Bacı oğlu, bu otaq sənin! Gir, yat, rahatlan!
Mütalib girdi otağa. Aradan bir az keçmişdi, bir də qapı açıldı. Baxıb gördü ki, bir gözəl qızdı, başında da bir xonça. Qız gəlib əyləşdi, xonçanı qoydu ortalığa. Şahzadə gördü ki, yaxşı toyuq-plov, yanında bütün ədviyyəsiynən, əmənsalahıynan, yüz tümən də pul.
Qız dedi:
– Bu pul da sənindi, mən də səninəm.
Mütalib xörəyi yedi, pulu götürdü, gecəni də qız ilə sabah elədi. Sabah axşam yenə də qapı açıldı, indi də dünənkindən gözəl bir qız başında bir xonça girdi bunun yanına. Qərəz, nə başını ağrıdım, otuz doqquz gün ruzigar belə keçdi, hər gecə yüz tümən pul, bir nazənin...
Şahzadə Mütalib öz-özünə deyirdi:
– Yaxşı nökərçilikdi. Allah adama belə nökərçilikdən çox qismət eləsin.
Qırxıncı gün səhər tezdən Şahzadə Mütalib yuxudan oyanıb gördü həyətdən səs-küy gəlir. Başını pəncərədən çıxardıb gördü ki, həyət dəvəynən doludu. Bir də ağasının səsi gəldi:
– Bala, Mütalib, dur, iş vaxtı gəlib.
Mütalib bu otuz doqquz gündə qazandığı pulların hamısını palazın altında gizlədib, durub aşağı düşdü. Ağası nərin ovsarını onun əlinə verdi. Özü də atı minib dedi:
– Çək dalımca!..
Az getdilər, çox getdilər, gəlib bir dağın dibinə çatdılar. Bu dağ da çox ucaydı. Eləydi ki, adam baxanda lap börkü başından düşürdü. Dağın dibi də dərya idi. Qoca atdan düşdü, dəvələrin birinin üstündəki yükü açdı, içindən bir şaqqa ət, bir də bir arxa səbəti çıxartdı, sonar Mütalibə üzünü tutub dedi:
– Bala, düz otuz doqquz gün yeyib, içib keyf elədin. İndi bu keyflərin əvəzində bircə saat sənnən mən burda işləyəcəyik. O da bu olacaq ki, sən gərək indi girəsən bu səbətin içinə, onun üstünə mən ət bağlayıb bura qoyacıyam. Bu bıçağı əlində hazır tut! Quşlar gəlib səni qalxızacaq bu dağın başına. Orda nə iş görmək lazımdı, mən sənə deyəcəyəm, sonra da ki, yol var, sənə görsədəcəyəm, düşüb gələcəksən, gedəcəyik evə, yenə keyfə başlayacayıq. Mütalib arxa səbətinin içinə girdi, qoca əti onun üstünə bağlayıb özü gizləndi. Şahzadə bir də gördü ki, onu elə bil aparırlar. Bir azdan sonra onu deyəsən, qoydular yerə. Şahzadə Mütalib bildi ki, quşlar onu dağın başına çıxardıblar. Tez bıçaqnan səbətin üstünü kəsib çıxdı. Quş qorxub qaçdı. Baxıb gördü ki, quş elə bil dəvədi. Durdu ayağa, eşitdi ki, ağası onu çağırır. Qulaq verdi, gördü deyir ki, orda olanlardan tök aşağı. İndi başa düşdü ki, bu nə nökərçilik imiş. Başladı yığıb aşağı tökməyə. O qədər ki, dəvələrin yükü düzəldi. Bir də baxdı ki, ağası atı minib yola düzəlir, səsləndi:
– Mən hardan düşüm?
Qoca bir qaqqanaq çəkib dedi:
– Axmaq oğlu axmaq, heç ordan düşmək olar?
– Bəs mən burda necə olacıyam?
– Necə ki, səndən qabaqkilər olublar. Bir ətrafına bax gör!.. – bunu deyib qoca yola düşdü.
Şahzadə baxıb gördü ki, bura insan sümüyü ilə doludur. Qoca çıxıb getdi. Demə bu qoca həmişə beləcə nökər tutub, otuz doqquz gün yedirdib, içirdib, axırda başına belə kələk açarmış.
Şahzadə Mütalib gördü ki, aldanıb. Ancaq iş-işdən keçmişdi. İndi bu neyləsin? Hər tərəfə baxıb gördü yox, düşməli yer yoxdu, özözünə dedi: bəli, görünür mənim əcəlim burda tamam imiş.
Yazıq Mütalib bir daşa təkyələnib öz gününə ağlayırdı. Bir də şıqqıltı eşitdi. Qulaq verdi, gördü bu şıqqıltı, yaxında bir dar, qaranlıq mağara var, ordan gəlir. Fikirləşdi ki, yəqin məni qara basır. Elə bu fikirdəydi ki, yenə şıqqıltı gəldi. Durdu gəldi mağaranın yanına. Qulaq asıb gördü yox, elə doğrudan şıqqıltı var, deyəsən hənirti də var. Hərçi badabad deyib, girdi mağaraya ki, bəlkə burdan ona bir işıq yolu açıla. Bir az başı-gözü ora-bura dəyə-dəyə getmişdi ki, gördü qabaqda bir heyvan var. Əvvəl yaman qorxdu. Elə oldu ki, lap başındakı tükləri nizə kimi dik durdu. Bir qədər diqqətinən baxıb gördü ki, bir tülküdü, sümük gəmirir. Gədənin rəngi bir az açıldı. Ağlı başına gəldi. Başladı fikirləşməyə ki, bu heyvan bura yəqin ki, bir yerdən gəlib. Demək, burdan qurtarmaq olar. Yavaş-yavaş sürünüb birdən tutdu tülkünün dal ayaqlarından. Tülkü ha çırpındı, Şahzadə Mütalib ötürmədi ki, ötürmədi. Hara ötürür, bütün ümidi ona idi. Qərəz, tülkünü bir balaca boşladı. Tülkü başladı yeriməyə, bu da dalınca. Belə-belə handan-gecdən bir də gördü ki, mağaranın dibindən bir işıq gəlir. Bunu görcək toxdadı. Tülkünü ötürdü, özü də sürünə-sürünə, axırı ki, gəldi çıxdı mağaranın dibinə. Baxdı ki, həmin deşikdən böyük bir çöllü-biyaban görünür. Amma deşik çox balaca idi. Axşamacan əlləşib vuruşdu, axır ki, deşiyi bir az böyüdüb ordan çıxdı. Bura, doğrudan da, ucsuz-bucaqsız bir səhra idi. Qaranlıq da düşürdü. Ürəyində bir az atasına lənət oxudu, bir az ordan qurtarmağına sevinib dua elədi, başının altına bir daş qoyub yatdı. Bir vaxt ayılıb gördü ki, səhərdi, gün çıxıb, düşüb üstünə. Başladı işıq gözü ətrafa baxmağa. Hər nə qədər baxdısa göz işləyincə heç bir dingələn görmədi. Lap uzaqda deyəsən bir tüstü görünürdü. Durub, aclığını çox bilməsin deyin toqqasın bərkidib yola düşdü. Nə qədər yol getdi deyə bilmərəm, ancaq axşam qaranlıq düşə-düşdə tüstüyə yetişdi. Gördü ki, bu tüstü bir qalaçadan çıxır. Yaxınlaşıb qapını döydü. Qoca bir qarı qapını açdı. Şahzadə Mütalib qarını tanımadı. Amma qarı onu görcək bir ah çəkib dedi:
– Bala, Şahzadə Mütalib, anan ölüb?
Şahzadə dedi:
– Bəli, öldü.
– Atan təzə arvad aldı?
– Bəli, aldı.
– Analığın sənə şər atdı?
– Bəli, elədi ki, var.
– Gəl içəri, bala, nənən sənə qurban! Sənin anan mənim nəvəm idi.
Bu qarı buludun içindən çıxıb Şahzadə Mütalibin anadan olmağına kömək eləyən, sonra da gəlib ona ad qoyan qarıydı. Demə bu, Şahzadə Mütalibin anasının nənəsiymiş. Qərəz, qarı Şahzadə Mütalibi apardı evə, yedirtdi, içirtdi.
Şahzadə Mütalib başını yerə qoyub yatdı. Bir də qarı onu oyatdı ki:
– Bala, dur, indi mənim oğlanlarımın gələsi vaxtıdı. Lap dəmhadəmdi ki, gəlsinlər. Mən səni gizlədəcəyəm, ancaq onlar mənim südümə and içməsələr çıxmazsan. Elə bu sözdəydilər ki, hava guruldadı, elə bil ki, göydən bir şey endi həyətə, pəncərənin qabağına. Qarı tez Mütalibi götürüb sandıqda gizlətdi. Qarının üç oğlu var idi. Üçü də girdi içəriyə. Elə içəri gircək başladılar ki:
– Adam-adam iysi gəlir, şaqqılı badam iysi gəlir.
Qarı dedi:
– Cəhənnəm olun oyana! Özləri görəsən gedib harda qarınlarını bərkidiblər, gəliblər mənim üstümə ki, adam-adam iysi gəlir. Adamzad hayandadı? Acından burda qarnımı ovuşdururam.
Oğlanlar ora-buranı qoxulayıb dedilər:
– Ana, bizə fırıldaq gəlmə! Burda bəni-adəm var.
Qarı dedi:
– Balalarım, indi ki, belə oldu, qoyun doğrusunu deyim. Bu evdə bəni-adəm var, ancaq sizin öz doğmaca bacınız oğludu. And için ki, bir şey eləməzsiniz çıxardım.
Oğlanlar dedilər:
– Tay biz öz doğma bacımız oğlunu da yeməyəcəyik ki?
Qərəz, oğlanlar analarının südünə and içdilər, qarı Şahzadə Mütalibi çıxarıb görsətdi. Dayıları Mütalibi duz kimi yaladılar. Əhvalatdan xəbərdar olub dedilər: indi ki, o sənə belə zülm eləyib, sən də qal burda, bizim yanımızda, ye, iç, keyfini çək! Dünya belə deyil ki, belə qalsın. Bir gün olar ki, sənin heyfini ondan çıxarıq. Əlqərəz, Şahzadə Mütalib başladı burda keyfə. Doğrudan da öz dədəsinin evində heç belə bir keyf görməmişdi. Dayıları da, nənəsi də onu çox istəyirdilər. Bir sözü iki olmurdu. Bir gün qarı Şahzadə Mütalibə üzün tutub dedi:
– Bala, biz qış azuqəsin yığmaqdan ötrü qırx günlük səfərə getməliyik.
Sən bizinən gedə bilməzsən. Qırx gün burda qalıb bizi gözləməlisən. Al, bu sənə qırx açar. Burda qırx bağça var. Hər gün birini gəzərsən ki, ürəyin darıxmasın. Ancaq qırxıncı bağçaya girmə. Açarları Şahzadə Mütalibə verib getdilər. Şahzadə Mütalib gündə bağçaların birini gəzirdi. O necə deyərlər, adam öz-özünə elədiyini el yığıla ona eləyə bilməz. Gün keçdi, vaxt dolandı, qırxıncı gün gəlib çatdı. Mütalib fikirləşdi ki, çoxu gedib, azı qalıb, bu gün də hər bağda bir az gəzərəm, gün tamam olar, dayılarım, nənəm gələr. Girdi birinci bağa. Hara baxdısa xoşuna gəlmədi. Girdi ikinci bağa, yenə də elə. Otuz doqquz bağın hamısını bircə saatda gəzib qurtardı. Elə bil ki, onun ürəyinə bir qurd girmişdi, ona ha deyirdi: gəl, sən qırxıncı bağı aç! Axırda özünü saxlaya bilməyib bağın qapısını açdı, girdi içəri. Əvvəl-əvvəl qabağına bir uca ağac çıxdı. Bir də qulağına bir səs gəldi. Başını qalxızıb gördü ağacın başında yekə bir qəfəs var, içində bir adam. Qulaq verib gördü bu adam deyir:
– Ey bəni-adəm, Allah mənə rəhm eləyib, səni bura göndərib.
Mən neçə vaxtdı ki, bəni-adəm üzünə həsrətəm. Çıx bura, səni bir yaxından görüm. Şahzadə Mütalib dırmaşdı ağaca. Baxdı ki, bu çox bədheybət bir adamdı. O adam Şahzadəyə dedi:
– Qardaş, sən olasan allah, bu qəfəsin qapısını bircə dəfə aç, mən bir nəfəs alım.
Şahzadə Mütalib əvvəl bir ehtiyat elədi ki, birdən çıxıb qaçar. Sonra fikrinə gəldi ki, yaxşı, bağların hamısının qapıları bağlı, açarları da ki, mənim cibimdə, bu hara qaçacaq? Yazıqdı, qoy bir açım. Bu fikir ilə qəfəsin qapısını açdı. Elə onu gördü ki, qapı açılcaq bir şey pırr elədi. Başını qalxızıb gördü, adə, bu adam oldu bir quş, qondu ağaca. Ay dadi-bidad, indi mən necə eləyim, bunu tutum?
Quş dedi:
– Şahzadə Mütalib, nahaq özünə zəhmət vermə! Keçdi ta sənin məni tutmağın. Sənin dayıların düz yeddi ildi ki, məni burda dustaq eləyiblər. Amma sən ki, bu yaxşılığı mənə elədin, vaxt gələr sənin bu yaxşılığından mən çıxaram.
Bunu deyib bir qanad çalıb uçdu getdi. Şahzadə Mütalibin iki əli oldu bir başı ki, indi mən dayılarıma nə
cavab verəcəyəm? Bu fikirnən gəlib çarhovuzun qırağına, otların içində uzandı. Elə təzəcə yuxuya getmişdi ki, bir də gördü səs gəlir. Gözlərin açıb gördü ağacın başında üç dənə göyərçin oturub. Göyərçinlərdən biri dedi:
– Hava yaman istidi, soyunun çimək!
Biri ora-bura bir nəzər salıb dedi:
– Bacılı, bacılı, mən qorxuram. Deyəsən bu gün burdan bəni-adəm nəfəsi, hənirtisi gəlir.
O biri göyərçinlər başladılar bunu danlamağa ki: ay axmaq, bura üç qardaşlar bağçasıdı, bura heç quş quşluğuynan qanad sala bilmir, burda bəni-adəm nə qayırır? Qərəz, onlar dedilər, o dedi, axırda onu da razı eləyib soyundurdular. Şahzadə Mütalib baxdı nə... Bunlar üç dənə elə qızdılar ki, getmə gözümdən, gedərəm özümdən... Bunların yanında huri, mələk bir qəpiyə dəyməz. İllah o soyunmaq istəməyən balaca qız. Şahzadə Mütalibin huşu başından uçdu. Bir vaxt gözün açıb gördü lələ köçüb, yurdu boş. Qızlardan əsər yoxdu, gün az qalır batsın. Durdu ayağa, gördü, aşna, bu xına o xınalardan deyil, başı gicəllənir. Qərəz, bir təhər ki özün saldı evə. Bu yatmağınan, indi ölmüsən bayaq, düz bir ay yatdı. Qarı baxdı ki, əvvəlki Şahzadə Mütalibdən bir ad qalıb. Elə əriyib ki, lap elə bircə quru nəfəsdi, gedir, gəlir. Nə qədər eləyirlər dərdin demir ki, demir. Qarı bir gün tutdu onun yaxasından ki, ya dərdini de, ya da məndən sənə nənə olmaz. Şahzadə Mütalib əhvalatı açıb ona dedi ki: qırxıncı bağda bir qız görüb, bir ürəkdən min ürəyə vurulub ona...Qarı bir dizinə vurdu, bir başına ki, evin yıxılsın, öz evini də yıxdın, mənim evimi də.
Bir neçə gün də keçdi. Qarı gördü yox, Şahzadə Mütalib əldən gedir. İşi belə görüb ona dedi:
– Yaxşı, sən özünə bir az fikir ver, yaxşı ol, mən sənə kömək elərəm.
Elə bil ki, Şahzadə Mütalibin naxoşluğu bu sözə bənd imiş. Gədənin rəngi-rufu özünə gəldi. De bir gün, de iki gün, yavaş-yavaş gədə dirilib qalxdı ayağa. Elə ki, tamam yaxşı oldu, tutdu qarının yaxasından ki: di əl-əhdi minəl-bəfa!
Qarı dedi:
– Bala, Mütalib, o qızlar hurilər padşahının qızlarıdırlar. Bu işin axırı heç yaxşı olmayacaq. Sən gəl bu daşı ətəyindən tök! Hansı padşahın qızını deyirsən, bir gecənin içində gətirim sənə.
Şahzadə Mütalib bunu eşitcək yavaşca soyunub girdi yerinə.
Qarı soruşdu:
– Nə qayırırsan?
Mütalib dedi:
– Qızdırmam qalxdı.
Qarı gördü yox, olmayacaq, çar-naçar başladı:
– Onlar cümə günləri gəlib orda çimirlər. Gedib yenə orada yatarsan. Elə ki, gəlib soyundular, girləyib həmin o qızın donunu götürüb qaçarsan. O sənə çox deyəcək ki, Mütalib, donumu ver, mən səninəm, sən mənim, ancaq nəbadə, nəbadə inanıb verəsən. Dalına baxmadan düz gətirib verərsən donu mənə.
Cümə gününə cəmi iki gün qalmışdı. Amma bu iki gün Şahzadə Mütalib üçün bir il kimi keçdi. Axırda ki, cümə oldu. Şahzadə Mütalib səhər açılmamışdan gedib kəsdi çarhovuzun başını. Bəli, günorta olmuşdu, bir də gördü ki, budu qızlar gəldilər. Qızlar nə qədər elədilərsə, kiçik qız soyunmaq istəmədi ki, buradan bəni-adəm hənirtisi gəlir.
Şahzadə Mütalibin ürəyi qırta-qırtdaydı ki, ay aman qız düşməsə mən neyləyəcəyəm? Ancaq böyük qızlar başladılar onu məzəmmət eləməyə ki, sən keçən dəfə də elə deyirdin, burda bəni-adəm nə qayırır? Qərəz, xahi nə xahi qızı razı elədilər. Çarhovuzun başına düşüb soyundular, özlərini vurdular suya. Şahzadə Mütalib özünü gücnən saxladı, gizlətdi, girələdi, qızlar suya cumanda, “ya mədəd” – deyib xırda qızın donunu qapıb basdı köynəyinin altına, tüpürdü dabanına. Qızlar işi belə görəndə tez çıxdılar. İki böyük qız geyinib uçdular, xırda qız qaldı çılpaq. Bildi ki, gedən don bununkudu. Üzünü tutdu Şahzadə Mütalibə ki:
– Şahzadə Mütalib, qaçma! Bizim qanunumuz belədi ki, hansı qızın bədənini bir naməhrəm kişi görsə, o qız olar onunku. Tay sən mənim oldun, mən sənin.
Şahzadə Mütalib sevincək dedi:
– Di gəl, gedək evə!
Qız dedi:
– Yox, belə getmək olmaz. Çılpağam, ayıbdı, donumu ver, geyim gedək!
Şahzadə Mütalib dedi:
– Yox aşna, kələk gələ bilməzsən. Hər nə deyirsən de, amma donu verə bilməyəcəyəm, nənəm savaşar.
Qız çox yalvardı, Şahzadə Mütalib az eşitdi. Axırda qız dedi:
– Qoy and içim.
Şahzadə Mütalib dedi:
– And içmə, lap göyə də çıxsan, donu verəsi deyiləm. Ondan gözünü çək! Nənəm savaşar.
Bunu deyib götürüldü, özünü nənəsinin yanına salıb donu Verdi ona. Qarı donu tez bir sandığa qoyub ağzını yeddi yerdən qıfılladı, sonra bir dəst arvad paltarı götürüb gəldi qızın yanına. Gördülər ki, o biri bacılar uçub gedib, bu yazıq öz saçıynan bədənini örtüb oturub otun içində.
Qız qarını görcək dedi:
– Qarı nənə, sən ki, bizim qanunumuzu bilirsən. Tay mən oldum onun halal arvadı. Donumu verin, geyim.
Qarı bir diqqətlə ona baxıb dedi:
– Mən ki sizin kələklərinizi yaxşı bilirəm. Mən bilirəm ki, sizin bir diliniz var, qırx açarı. Mənə o fırıldaqları gəlmə! Ala, sənə paltar gətirmişəm, gey, gedək evə! Qərəz, qızı geyindirdilər, gətirdilər evə. Sabahısı toy eləyib onları saldılar gərdəyə. Bu minval ilə bunlar düz dörd il bir yastığa baş qoyub burda dolandılar.
Bunların iki oğlanları oldu. Bir gün qız şahzadəyə dedi:
– Ay şahzadə, balam, sən bir padşah oğlusan, mən də bir padşah qızı. Bizim atalarımızın vilayətində onlar, bunlar keyf eləsin, biz qalaq burda bu çölün, səhranın düzündə, heç insafa yerləşən iş deyil, gəl sən bu daşı ətəyindən tök, gedək biz də bir gəzək, dolanaq. Sənin atana qonaq olaq, mənim atama qonaq olaq! Nə vaxta kimi biz bu çölləmədə qalacayıq?
Şahzadə Mütalib bir az götür-qoy elədi, gördü qız heç pis söz demir. Bir gün öz fikrini nənəsinə açdı. Nənəsi dedi:
– Bala, bu çəpəl səni aldadır, getmə!
Gecə yazan yaman olar, qız başladı gecə yazdı, gündüz düzdü, axırı ki, Şahzadə Mütalibin beynini doldurdu. Qarı gördü yox, bunun beyni dolub, gedir. Başladı tədarük görməyə. Bəli, hər şeyi hazırladı.
Qarı Şahzadə Mütalibin paltarının kürəyində bir cib tikib qızın donunu orda gizlətdi. Özü də dedi:
– Bala, huri qızından bəni-adəmə arvad olmaz. Axırı o bir gün fürsət axtarıb qaçacaq. Ancaq nə qədər ki, don səndədi, o heç bir yerə gedə bilməz. Nəbad&;rin kənarında gördülər bir qarı oturub yarpız yığır. Şahzadə Mütalib qarıya dedi ki, onlara bir ev versin, yorğunluqlarını alınca bir neçə günlüyə onun evində qalsınlar. Qarı bunlara bir ev verdi. Şahzadə Mütalib gündə bazara çıxırdı görsün heç atasının vilayətinə tərəf karvan zad yoxdu ki. Amma orasını da deyim ki, Şahzadə Mütalib qorxurdu ki, ay namərd, birdən gecə yatandan sonra qız mənim paltarımı qurdalayıb donu tapar. Ona görə də donu vermişdi qarıya. Özü də tapşırmışdı ki, nəbadə qıza versin. Bir gün Şahzadə Mütalib yenə də bazara çıxdı ki#Brin kənarında gördülər bir qarı oturub yarpız yığır. Şahzadə Mütalib qarıya dedi ki, onlara bir ev versin, yorğunluqlarını alınca bir neçə günlüyə onun evində qalsınlar. Qarı bunlara bir ev verdi. Şahzadə Mütalib gündə bazara çıxırdı görsün heç atasının vilayətinə tərəf karvan zad yoxdu ki. Amma orasını da deyim ki, Şahzadə Mütalib qorxurdu ki, ay namərd, birdən gecə yatandan sonra qız mənim paltarımı qurdalayıb donu tapar. Ona görə də donu vermişdi qarıya. Özü də tapşırmışdı ki, nəbadə qıza versin. Bir gün Şahzadə Mütalib yenə də bazara çıxdı ki, bir gedib gələndən hal-əhval öyrənsin. Qonşuda da toy var idi. Qarı gəldi qızın yanına ki:
– Ay bala, sən niyə toya getmirsən?
Qız da gecə Şahzadə Mütalibi yuxuya verib hər yeri axtarmışdı, donu tapa bilməmişdi. Bəlkə bu qarı bir şey bilir deyin şübhələnib özünü vurdu bicliyə ki:
– Qarı nənə, mən Şahzadə Mütalib gəlməmiş toya gedə bilmərəm.
– Niyə ay bala, qorxursan?
– Yox, mənim bir qiymətli paltarım var, çox bahalı şeydi. Həmişə Şahzadə Mütalib özündə saxlayır ki, mən geyib dağıtmayım. Onu da geyməmiş getsəm, gələr mənnən savaşar.
Qarı bir dumuxub dedi:
– Ay qızım, Şahzadə Mütalib mənə bir şey verdi ki, ala bunu saxla, amma qız istəsə vermə! Bəlkə elə odu.
Qız gördü ki, aha, deyəsən don tapılır. Tez dedi:
– Hə, elə odu.
Qarı sevincək dedi:
– Bu saat gətirim, verim, gey gedək!
Bunu deyib qarı gedib dəsmala bağlı donu gətirdi, verdi qıza. Qız donu görcək gözlərinin çayırı açıldı, tez alıb geydi. Bir əlini bir oğlunun, o biri əlini də o biri oğlunun başına çəkdi, üçü də oldular göyərçin, qalxıb qondular pəncərənin qabağına. Qız dedi:
– Qarı nənə, Şahzadə Mütalibə deyərsən ki, məni ancaq həzrət Süleymanın İrəm bağında tapa bilər.
Bunu deyib üçü də uçub getdilər.
Qarı bayaq ha tappıltı ilə qorxudan yıxılıb özündən getdi. Günorta vaxtı Şahzadə Mütalib döndü evə. Gördü ədə, deyəsən heç uşaqları bunun qabağına çıxmadılar. Dedi görəsən nə olub, gəldi çıxdı eyvana, gördü yox, heç səs-səmir yoxdu. Girdi evə, gördü heç kəs yoxdu. Lap qaldı mat-məəttəl ki, bunlar nə olublar. Heç fikrinə gəlmədi ki, belə bir şey ola bilər. Çıxıb qarını səslədi. Handan-gecədən qarı yanını basa-basa buyurdu. Şahzadə Mütalib ondan soruşdu ki:
– Bəs bu camaat hanı?
Qarı dedi:
– Əşi, get işinin, gücünün dalınca! O toyuq-cücə nədi elə gətirib doldurmusan evə, adın da qoymusan arvad-uşaq.
Şahzadə Mütalib dedi:
– Arvad, nə danışırsan? Toyuq-cücə nədi? Camaat hardadı?
– Mən nə bilim hardadı? Öz yuvalarında. Toyuq-cücəni gətirib doldurub bura ki...
Şahzadə Mütalib bir güci-pisliknən əhvalatın nə yerdə olduğunu qarıdan ögrəndi. İki əlli vurdu dizinə ki:
– Onları mən indi haradan tapacıyam?
Qarı bir fikirləşib dedi ki:
– Deyirdi ki, məni həzrət Süleymanın İrəm bağında tapa bilər.
Şahzadə Mütalib kimdən soruşdusa, belə bir bağın olub-olmadığını bilən olmadı. Mütalib avara-sərgərdan gəzə-gəzə gəlib çıxdı bir şəhərə. Fikirləşdi ki, gedim bazara, görüm bu şəhərdə lap qoca adam kimdi. Bəlkə ondan mənim dərdimə bir çarə oldu. Gəzə-gəzə gəldi meydana. Bir də baxdı ki, ədə, haman bunu nökər götürən kişi burdadı. Görcək tanıdı. Baxdı ki, bu həmin şəhərdi. Öz-özünə dedi: “sən öləsən, elə budu ki, tapmışam. Gedib buna nökər olacıyam. Həm gərək bundan intiqamımı alam, həm də mənə əlac olsa, yenə nənəmdən olacaq. O dağa çıxıb özümü onun yanına verim”.
Qərəz, özünü bir xəlvət yerə çəkib təhər-töhürünü bir az dəyişdirdi ki, kişi tanımasın. Sonra kişiyə yaxınlaşdı. Kişi yenə bir daşın üstündə durmuşdu, çağırırdı ki:
– Ay mənə nökər olan!
Şahzadə Mütalib kişinin qabağına gəlib, dedi:
– Mən sənə nökər.
Kişi bir diqqətinən Şahzadə Mütalibə baxdı, soruşdu ki:
– Adın nədi, bacı oğlu?!
Şahzadə Mütalib dedi:
– Adım Həsəndi.
Kişi bir əlindəki siyahıya baxdı, bir də diqqətinən Mütalibə baxıb dedi:
– Səndən nökər olmaz, bala!
Şahzadə Mütalib gördü ki, kişi deyəsən şübhələnib. Əl çəkmədi ki, əl çəkmədi. Axırda kişi onnan əvvəlki şərti kəsib, götürüb onu evə apardı. Bəli, yenə əvvəlki dəsgah başladı. Düz otuz doqquz gün Şahzadə Mütalib yeyib, içib, yatdı. Yaxşı keyf çəkdi. Özünü də xam qələmə verirdi. Qırxıncı gün düzəldilər yola. Mafi-qayda qoca Mütalibi qoydu arxa səbətinə, üstünə də bir şaqqa ət bağlayıb atdı dərəyə. Bəli, quş yenə uçub onu qaldırdı, qoydu dağın başına. Qoca səsləndi:
– Di ordakıları yığ, tök aşağı!..
Şahzadə Mütalib dedi:
– Yaxşı, bəs sonra mən özüm necə düşəcəyəm?
Qoca dedi:
– Ayrı yol var, görsədəcəyəm oradan düşərsən.
– Ay sən öləsən, – deyib Şahzadə Mütalib yerdən bir daş götürüb saldı onun kəlləsinə. O qədər daş tökdü ki, qocanı cəhənnəmə vasil elədi. Sonra üz qoydu mağaraya. Qərəz, min ənvayi-əziyyətdən sonar çıxdı həmin düzəngaha. Oturub bir az yorğunluğunu aldı, sonra yol başladı nənəsinin qalaçasına. Gəlib qapını döydü, qarı gəlib qapını açdı, onu görcək bir iki əlli dizinə vurub dedi:
– Qız getdi?
Şahzadə Mütalib dedi:
– Bəli, getdi.
Gəldilər evə, qarı nə qədər Şahzadə Mütalibə öyüd-nəsihət elədi ki, əl çəksin o qızdan, bir şey çıxmadı. Axırda ona bir kağız verib dedi:
– Bala, mən İrəm bağını tanımıram. Yeddi günlük yolda mənim bir böyük bacım var, get onun yanına, bəlkə o bilə. Şahzadə Mütalib kağızı alıb yola düşdü. Günə bir mənzil, təyyimənazil gəlib çatdı həmin xalasının vilayətinə. Yetişcək bunu tutdular. Şahzadə Mütalib gördü ki, bunlar bunu səssiz, sədasız yeyəcəklər. Cibindən kağızı çıxardıb görsətdi. Onu apardılar xalasının yanına. Xalası hal-əhval tutub dedi:
– Bala, mən də bilmirəm. Ancaq yeddi günlük yolda mənim bir böyük bacım var, bəlkə o bilə.
Bunu deyib Şahzadə Mütalibə bir kağız verdi, bacısının üstünə. Özü də bələdçi qoşdu ki, onu aparsınlar ora. Qərəz, Şahzadə Mütalib gəlib çıxdı lap böyük xalasının yanına. Böyük xalası əmr elədi, bütün məmləkətdə olan qocaları yığdılar, ancaq heç kəs bir xəbər verə bilmədi. Axırda lap qoca bir kişi dedi ki:
– Bala, burada iki ilan padşahı var. Biri ağ ilan, biri qara ilan. Hər il onlar gəlib bu yaxında bir düzəngah var, orada dava edərlər. Sən əgər bacarıb ağ ilana kömək eləyə bilsən ki, o qara ilanı bassın, o sənə bəlkə bir yol göstərə bilə.
Mütalib soruşdu:
– Mən ona necə kömək eləyəcəyəm?
Qoca dedi:
– Onların davası belə olur. Hər iki tərəfdən bir ilan gəlib savaşırlar.
Hansı ilan bassa o tərəf basmış hesab olunur. Sən gərək bu davada bacarıb qara ilanın sağ gözündən oxunan vurasan. Şahzadə Mütalib razı oldu. Bəli, yaxşı ox atanlar çağırıldı. Şahzadə Mütalib məşq eləməyə başladı. Nağılda vaxt tez gəlib çatır. Dava vaxtı gəldi. Şahzadə oxunu, yayını götürüb getdi, həmin düzəngahın bir tərəfində gizləndi. Bir də baxdı ki, toz qalxdı, belə baxanda gördü ki, bir tərəfdən ağ, o biri tərəfdən qara ilanlar budu qarışqa kimi gəlirlər. Göydə ulduzun sayı var, amma ilanın sayı yoxdu. Bəli hər iki tərəf düzəldi, səflər çəkildi. Bir tərəfdən bir kifir qara ilan, o biri tərəfdən bir gözəl ağ ilan üz qoydular meydana. Bunlar gəlib çatdılar bir-birinə, tutaqlaşdılar. Bir cəngi-məğlubə başladı ki, ruzigarın gözü belə dava görməmişdi. Şahzadə Mütalib dizin qoydu yerə, bir ox qoydu kamana, ha tuşladı, ha tuşladı, gördü yox, vura bilməyəcək. Çünki ilanlar bir-birinə dırmaşdolaş olub elə süpürləşirdilər ki, vurmaq çətindi, həm də ki, gözündən. Qərəz, Şahzadə Mütalib “ya mədəd” – deyib bir ox atdı. Ox gedib dəydi ağ ilanın peysərinə. Şahzadə Mütalib dizə kimi oldu daş. İkinci oxu tuşladı, atdı. Bu da nataraz kimi gedib dəydi ağ ilanın quyruğuna. Mütalib qurşağacan oldu daş. Baxdı ki, bir tərəfdən oxun yaraları, bir tərəfdən də qara ilanın dişdəmələri ağ ilanı lap candan salıb, elə handa-handadı ki, basılsın. “Hərçi bada-bad” – deyib üçüncü oxu atdı. Ox kamandan çıxıb birbaş süzdü ilanlara tərəf. Süzdü... hara dəysə yaxşıdı, düz qara ilanın sağ gözündən. O saat qara ilan canını təslim elədi. Şahzadə Mütalib daşdan silkindi. Ayağa qalxanda gördü ki, ağ ilan kəsib bunun başının üstünü.
– Ey bəni-adəm, de görüm, sən məni niyə vururdun?
Şahzadə Mütalib əhvalatı dedi:
Ağ ilan dedi:
– Sən olmasaydın mən basılacaydım. İstə görüm məndən nə istəyirsən.
Şahzadə Mütalib dedi ki:
– Mən sizin padşahı görmək istəyirəm. Ondan bir təmənnam var.
İlan dedi:
– Biz heç kəsi öz padşahımızın yanına aparmırıq. Ancaq sən ki, mənə bu yaxşılığı elədin, min belimə.
Ordugahın içindən keçib düz gəldilər padşahın yanına. Girdilər içəri. Şahzadə Mütalib gördü ki, ortada bir qızıl teşt var. Bunun içində xəyəti nazikliyində yaşıl bir ilan var. Mütalibi gətirən ağ ilan əhvalatı ona dedi. O, Şahzadə Mütalibə tərəf çevrilib soruşdu:
– İstə, görüm məndən nə təmənnan var?
Şahzadə Mütalib əhvalatın hamısını danışıb xahiş elədi ki, Süleymanın İrəm bağını ona göstərsin.
İlan dedi:
– Mən Süleymanın İrəm bağını sənə göstərə bilmərəm. Ancaq günçıxan tərəfə getsən, həzrət Süleymanın özünü orada tapa bilərsən.
Şahzadə Mütalib gecəni orda qalıb, səhər üz qoydu günçıxan tərəfə getməyə. Gethaget, sabahısı sübh vaxtı gəlib çıxdı bir dağın ətəyinə. Gördü ki, bir qoca nurani kişi burda namaz qılır. Gəlib həzrət Süleymanın yerini soruşdu.
Nurani kişi gülüb dedi:
– Həzrət Süleyman mənəm, Şahzadə Mütalib!
Mütalib tez ədəb ilə təzim eləyib onun əlindən öpdü.
Həzrət Süleyman dedi:
– Mən sənin mətləbini bilirəm. Ancaq mən hurilər padşahının qızını alıb sənə verə bilmərəm. Bu günlərdə o qızın toyu olacaq. Onu verirlər öz əmisi oğluna. Tay mənim yanıma gəlmisən, al, mən öz papağımı verim sənə. Onu başına qoyanda səni heç kəs görməyəcək, amma sən hamını görəcəksən. Get, özün nə bacarırsan elə!
Bunu deyib papağını verdi ona. Deyirlər ki, o gündən həmin papaq keçdi bəni-adəmlərin əlinə. Şahzadə Mütalib papağı aldı. Həzrət Süleyman əlindən öpüb getdi o tərəfə ki, o göstərmişdi. Gəlib çatdı hurilər padşahının paytaxtına. Uzaqdan baxdı ki, şəhərin qapısında çoxlu qarovul var. Papağı qoydu başına, gəlib qapıdan keçdi. Gördü ki, balam, doğrudan da heç kəs onu görmədi. Başladı şəhəri gəzməyə. Gəzə-gəzə gəlib çıxdı bir böyük dam-daşın qabağına. Demə bura məktəb imiş. Baxdı ki, oğlanlarının ikisi də oturub içəridə, çörək yeyirlər. Yavaşca gəlib oturdu onların yanında. Bir böyük oğlunu öpdü. Böyük oğlan xırdaya bir sillə vurdu ki:
– Məni niyə öpürsən?
Xırda durdu ağlaya-ağlaya düşdü yola. Şahzadə Mütalib də düşdü bunun dalına. Bu minval ilə qızın olduğu evi tapdı. Uşaqlar girdi içəriyə, bu da onların dalınca. Qız uşaqları ovudub, gətirdi ortalığa çörək qoydu. Şahzadə Mütalib də bir tərəfdən ilişdi çörəyə. Qız gördü ki, ədə, çörək yeyilir. Bildi ki, burda bir fırıldaq var.
Axırda üzünü tutub dedi:
– İnssən, cinsən, nəsən, səni and verirəm istədiyinin canına, zahir ol!
Şahzadə Mütalib papağı yerə çırpıb zahir oldu.
Qız dedi:
– Şahzadə Mütalib, sən ki, gəlib məni tapdın, demək ki, vəfalısan, ancaq özünü gözlə, atam sənin qanına yerikləyir, məni də əmim oğluna verib. İndi toya kimi gərək bir təhər eləyib buradan qaçaq. Şahzadə Mütalib qaldı burda. Bir gün, iki gün bunlar buradan qaçmaq üçün yol axtarmaqda olsunlar, sənə kimdən xəbər verim, bir küpəgirən qarıdan. Küpəgirən qarı bir gün Mütalibi çölə çıxanda görüb, “durma gəldim” qaçıb padşaha xəbər verdi. Padşah xapa-xap adam göndərib Şahzadə Mütalibi tutdurdu. Bəli, meydan quruldu, dar ağacı hazırlandı. Şahzadə Mütalibin başına bir təlis keçirdib gətirdilər asmağa. Elə cəllad hazırlaşırdı ki, ipi onun boğazına keçirtsin, bir nərə səsi gəldi ki:
– Padşah, dayan!.. mənim nişanlımı oğurlayanı mən özüm gərək öldürəm.
Bu qızın əmisi oğluydu. Gəlib atdan düşdü. Xəncərini çəkdi, təlisi Şahzadə Mütalibin başından götürdü ki, boynunu vursun, birdən titrəyib xəncər əlindən düşdü. Şahzadə Mütalib onu tanıdı. O haman qırxıncı bağçada qəfəsdən azad elədiyi oğlan idi. O da tanıyıb dedi:
– Şahzadə Mütalib, sən məni azad eləmisən. Mən səni öldürmərəm.
Götür, əmim qızını da verdim sənə, halal olsun! Şahzadə Mütalib arvadını da, uşaqlarını da, götürüb öz atasının vilayətinə döndü. Atasını öldürüb özü padşah oldu. Həmin vəziri də özünə baş vəzir elədi. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin. Siz də yeyin, mən də.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo