Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Ağ quş

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın arvadının boynuna nə qədər uşaq düşürdüsə, hamısı ana bətnindən gələndə ölürdü. Nə qədər təbib, tilsim, cadu elətdirirdilərsə, heç bir fayda vermirdi. Günlərin bir günündə yenə də padşahın zənəni həmli olur. Doğmağına bir qədər qalmış, padşah zənənini öz qaynatasının yanına göndərir ki, bəlkə orda yaxşı baxalar. Gün keçir, ay dolanır, padşahın bir oğlu olur. Bəli, müjdə-müjdə üstündən gəlir. Padşah zənəninə sifariş göndərir ki, hələ bir neçə vaxt qalsın orda, uşağın bir az sümüyü bərkisin, gələr, yenə bir qəza-qədər üz verər. Bunlar burda qalmaqda olsunlar, sənə kimdən xəbər verim, padşahın vəzirindən. Padşahın bir xəbis vəziri var idi. Çoxdan fürsət axtarırdı ki, onu öldürüb özü padşahlığa keçsin. Bu tərəfdən gördü ki, yox, padşahın oğlu da oldu, ta padşah ölsə də buna bir şey çatmayacaq, qət elədi ki, gərək padşahı öldürüb onun nəslini yer üzündən kəsə. Bəli, bir gecə öz adamların götürüb hücum elədi padşahın sarayına. Padşahı öldürüb özü keçdi onun yerinə, əyləşdi taxtda. Sabahısı gün öz adamlarından bir dəstə göndərdi padşahın zənəninin yanına. Bir namə də yalandan padşahın dilindən yazdı ki, bəs naxoşam, gərək durmayıb gələsən. Padşahın külfəti kəcavəyə minib bu qasidlərlə yola düşdü. Gəlib bunlar bir dağın ətəyində düşərgə elədilər. Elə ki, gecə yarıya gəldi, bu qasidlərin başçısı durub gəldi padşahın arvadının çadırına. Vəzir ona tapşırmışdı ki, arvadı da, uşağı da orda öldürsün. Gəlib girdi içəriyə, tutdu arvadın qolundan. Arvad gördü ki, bu məlunun fikri pisdi, üzün ona tutub dedi:
– Sən nə kimsənəsən ki, öz padşahının arvadına sataşmaq istəyirsən.

Qasidbaşı gülüb dedi:
– Nə padşah, nə padşah arvadı? Sənin ərin çoxdan o dünyaya təşrif aparıb. İndi padşah sənin ərinin vəziridir. Biz də onun əmrilə gəlmişik ki, səni də, uşağını da göndərək atasının yanına.
Arvad bunu eşitcək uşağı qarmalayıb özün atdı bayıra. Qasidbaşı bir səs vurdu, keşikçilər oyandılar, düşdülər arvadın dalına. Arvad gördü yox, az qalıb ki, çatsınlar, bir yerə, bir göyə baxıb uşağı atdı dərəyə. Keşikçilər çatıb arvadı öldürdülər, tay uşağın dalınca dərəyə enmədilər, bildilər ki, o da hökmən orda daşlara dəyib ölüb. Bunlar padşahın yanına getməkdə olsunlar, sənə kimdən xəbər verim, köhnə padşahın qardaşından. Köhnə padşahın bir qardaşı var idi. Bu vaxtlarda səyahətə getmişdi. Səyahətdən qayıdıb işi belə görəndə baxdı ki, onu da öldürəcəklər, başına bir az adam yığıb çəkildi dağa. Padşah bu əhvalatı eşidib onun dalınca qoşun göndərdi. Ancaq qoşun onu tuta bilmədi. Padşahla onun arası nə düzəldi, nə də onu yox eləyə bildi. Vəzir hər nə tədbir gördüsə vecə gəlmədi ki, gəlmədi.
Köhnə padşahın qardaşı getdikcə qüvvətləndi. Bunlar bir gün gəlib həmin dağa çıxdılar. Əsgərlərin biri burda dərədə, şir yuvasının qabağında oynayan bir uşaq tapdı; gətirdi padşahın qardaşının yanına. Padşahın qardaşı baxdı ki, bu uşağın qolunda bir bazubənd var. Bazubəndi oxuyub gördü ki, öz qardaşının uşağıdı. Demə bu həmin uşaqmış ki, arvad bunu dərəyə atmışdı. Uşaq şir südü ilə bəsləndiyinə görə adın qoydular Şirzad. Amma Şirzad elə doğrudan da şir kimi gümrah bir uşaqdı. Qərəz, bu uşaq elə xırdalığından at belində gəzdi, ox atdı, qılınc-qəmə oynatdı. On dörd-on beş yaşına çatanda əməlli-başlı bir pəhləvan oldu. Bu xəbər ki, yayıldı ətrafa, padşahın oğlu tapılıb, öz əmisinin yanındadı, bunların gücü bir az da artdı. Vəzir gördü yox, iş xarabdı. Tədbir, tədbir, axırda günlərin birində böyük bir yaylaq tikdirdi, gözəl, həm də hiyləgərlikdə şeytana papaq tikən qızını da aparıb qoydu ora. Şirzad bir gün təkbaşına gəzməyə çıxmışdı. Gəzə-gəzə gəlib həmin bu yerə çıxdı. Yaman acımışdı. Bir ox qoydu çilləyə, atıb bir quş vurdu. Quş gedib düşdü həmin bu qızın qalaçasına. Şirzad bir kəmənd atıb qalxdı bura. Baxdı ki, küləfərəngidə bir qız oturub, bir qız oturub ki, suya deyir axma, aya deyir baxma. Qız Şirzadı görcək gəlib pələti açıb onu dəvət elədi evə. Özü də tez atasına qasid göndərdi ki, durmasın gəlsin, Şirzadı salmışam cəngə. Şirzad eyş-işrətə məşğul idi, bir də pəncərəyə baxdı gördü nə, dəryayi-ləşkərdi ki, gəlir. İşi başa düşdü. Qalxdı ayağa. Elə birinci dəfə qızın başın kəsib onu cəhənnəmə vasil elədi. Sonra tez özün məhləyə salıb mindi ata. Dalın barıya tərəf verib başladı cəngə. Sən olasan bir, düşmən ola dəryayi-ümman. Şirzadın hər tərəfin aldılar. Şirzad baxdı ki, daha lap gücdən düşür. Elə az qalmışdı ki, onun işini bitirələr, bir də bir səs gəldi ki:
– Qardaş oğlu, qorxma gəldim.
Şirzad əmisinin səsin tanıdı, elə bildi ki, gözləri işıqlandı, qollarına qüvvət gəldi. Özünü vurdu dəryayi-ləşkərə. Bir cəngi-məğlubə oldu ki, ruzigarın gözü belə şey görməmişdi. Qoşundan qırılan qırıldı, təslim olan oldu, padşahı öldürüb şəhəri aldılar. Şirzad padşahlığı əmisinə verib, özü başladı keyf eləyib, gün keçirməyə. Padşahın, yəni Şirzadın əmisinin iki oğlu var idi. Ancaq padşah Şirzadı onlardan çox istəyirdi. Bu oğlanların ürəyinə vəsvəsə düşdü. Gözləri bunu götürmədi. Padşah bunu sezib, bir gün onların üçünü də çağırtdırdı hüzuruna, dedi:
– Balalarım, siz üçünüz də mənim balamsız. Mən o adamı çox istərəm ki, igid olsun. Sizin hansınız igidsiniz?
Hərə üzün bir tərəfə çevirdi. Padşah bunu görüb dedi:
– Demək, hamınız özünüzü igid hesab eləyirsiniz. Onda mən bir şərt qoyuram. Kim mənim atımın ayağının dəymədiyi yerdən mənə görmədiyim bir şey gətirsə, o igiddi. Böyük oğlan qabağa yeridi, zəminiədəb öpdü, padşah da ona yol xərci verib mürəxxəs buyurdu. Oğlan atı minib yola düşdü. Gecəni gündüzə saldı, gündüzü gecəyə saldı, düz iki ay yol getdi. İki ayın tamamında bir yerdən keçirdi, birdən onun atı xorradı. Atı dayandırıb gördü ki, bir ağacın dibində böyük bir ləl var. Atdan düşdü, fikirləşdi ki, əgər atam bu yerlərə gəlmiş olsaydı, yəqin ki, bunu burda qoymazdı. Ləli götürüb atın başın qaytardı. Şəhərdə xəbər çıxdı ki, padşahın böyük oğlu gəlir. Bəli, padşah əmr elədi, onu pişvaz elədilər. Sabahı hamı geyindi, kecindi, hərə öz yerin tutdu, divan quruldu, oğlan gətirdiyi ləli bir xonçaya qoyub gətirdi padşahın hüzuruna. Padşah oğlunun alnından öpdü, bir açar verib dedi:
– Şəhərin qırağındakı dağın altında bir kaha var. Kahada mənim qırx otağım var. Apar bu ləli qoy on birinci otağa!
Oğlan gedib on birinci otağı açıb gördü bura o cür ləllərlə doludu. Növbə gəldi ortancıl oğula. Bu da üç ay yol gedəndən sonra çatdı bir meşəyə, gördü ki, burda yaxşı meyvələr var. Dedi bir-ikisin dərim yeyim, yaxınlaşdı, gördü bunlar hamısı qızıldı. Bir heybə bunlardan doldurub yola düşdü. Bəli, gəlib çatdı. Padşah bunun da alnından öpüb dedi:
– Get apar qoy iyirmi birinci otağa!
Oğlan gedib gördü ki, o otaq da doludu elə qızıl meyvələrlə. Növbə gəldi Şirzada.
Şirzad zəmini-ədəb öpüb dedi:
– Əmi, mən sənin atınla gedəcəyəm.
Padşah əmr verdi, öz atını verdilər Şirzada. Şirzad atı minib düşdü yola, atın başın buraxdı. At birbaş yola düşdü, ətrafına heç fikir verməyib gedirdi. Beləliklə, düz altı ay yol getdi, yeddinci aya dönəndə birdən at dayandı, bir fınxırıb ayağın yerə döydü, bir də ki, dönüb dala baxıb kişnədi, özün cəmləşdirdi. Bəli, Şirzad bildi ki, at bundan o yana getməyib. Atın dəhnə yüyənindən dartıb başladı yavaş-yavaş sürməyə. Bir qədər getmişdi, bir də gördü yerdə bir şey yanır. Atı saxladı, düşüb baxdı, gördü bu, özü-özündən yanan bir çıraqdı. Çırağın oraburasına baxanda gördü bunun bir yerində yazılıb ki, “ay bunu tapan adam, bu çıraqdan dünyada iki dənədi”. Şirzad fikirləşdi. Ola bilər ki, bunun birini də əmim tapmış ola, ürəyində qət elədi ki, ikincisini də tapmamış evə dönəsi deyil. Atın qarınaltısın bərkidib yola başladı. Çox gəzdi, az gəzdi, orda deyildim, hesablayaydım, axır gəlib çıxdı bir şəhərə. Karvansarada düşüb bir mənzil kirələdi ki, bir gün qalıb bir az istirahətçilik eləsin. Gecə bunun mənzilinə bir dənə də adam gəldi. Şirzad bir də baxdı ki, bu qonaq xurcundan bir dənə çıraq çıxarıb yandırdı. Baxdı ki, adə, elə həmin çırağın tayı. Şirzad qonaq ilə tanış oldu. Öz əhvalatın ona danışıb həmin çırağı ondan istədi. Qonaq dedi:
– Mən çırağı sənə verrəm, ancaq sən də əvəzində mənə bir şey verərsən.
Şirzad dedi ki:
– Hər nə istəsən, hazıram verməyə.
Onda qonaq dedi ki:
– Burdan bir aylıq yolda divlər olurlar. Onların yaxşı göyərçinləri var. Əgər o göyərçinlərdən bir cüt erkək, dişi mənə gətirə bilsən, mən bu çırağı sənə verərəm.
Şirzad razı oldu. Yolu ondan soruşub sabah tezdən “ağamı Allah saxlasın” – deyib yola düşdü. Az getdi, üz getdi, dərə, təpə düz getdi, gəlib həmin yerə çatdı. Bir dağın ətəyindən keçəndə bir də bir səs eşitdi. Dönüb gördü ki, dağın üstündə bir ağ quş oturub onu çağırır.
Şirzad dayandı. Quş dedi:
– Şirzad, o adam səni ölümə göndərir. Bu divlər o göyərçinləri atalarından çox istəyirlər. Sən gərək gecəni yarıya verib, onları yuxuladıb sonra gedəsən.
Şirzad atdan düşdü, gözlədi, gecə özün verdi barıya tərəf. Barının yanına çatmışdı ki, bir də gördü quş deyir:
– Şirzad, tamah sənə güc eləməsin! Bir cütdən artıq tutmayasan ha...
Şirzad barıdan aşıb girdi məhləyə. İməkləyə-iməkləyə gəlib çatdı göyərçinlərin yanına. Baxdı, vallah, bunlar elə göyərçindirlər ki, elə bir cüt göz lazımdı ki, bunlara tamaşa eləsin. Bunlardan bir cüt tutdu. İstədi qayıtsın, hər nə qədər elədi, ayaqları getmədi, gözü qalmışdı göyər çinlərdə. Axırda özün saxlaya bilməyib, bir cüt də tutdu. Elə bil ki, elə göyərçinlər buna bəndmişlər. Bir səs-küy qaldırdılar ki, tay nə bilim necə. Divlər oyanıb Şirzadı tutdular.
Şirzad əhvalatın düzünü onlara danışdı. Onlar dedilər ki:
– Biz bunlardan bir cüt verərik sənə, amma bu şərtlə ki, bu yaxınlarda divlər var, onlarda yaxşı üzüm var, o üzümdən bir səbət bizə gətirəsən.
Şirzad atını minib üz qoydu o tərəfə. Az getdi, çox getdi, gəlib çıxdı həmin divlərin vilayətinə. Elə atdan düşüb təzəcə çəkilmişdi bir kolun dibinə ki, həmin səsi yenə də eşidib başın qaldıranda ağ quşu başının üstündə gördü.
– Şirzad, mənim məsləhətimə qulaq asmadın. Ona görə də müsibətə düşdün. Aç qulaqlarını, yaxşı eşit! Bax sənə deyirəm, tamah eləyib, ikinci səbəti götürməyəsən ha...
Şirzad gözlədi, gecəni yarıya verib kəməndi atdı barıya, kəmənddən sallana-sallana dırmaşıb düşdü o tərəfə. Sürünə-sürünə gəldi anbara. Gördü budu ha üzüm səbətləri düzülüb burdan ora. Fikirləşdi ki, qoy bir az qabaqca özüm yeyim, sonra da bir səbət aparım. Əyləşdi səbətin başında. Şirzad kimi bir pəhləvana bir səbət üzüm nə edəcək? Onun harasında qalacaq? Bir, iki, üç, beş səbət qurtardı. Elə səbətdəki axırıncı salxımı götürmüşdü ki, bir də gördü səbət yenə doldu üzümlə. Şirzad gözlərinə inanmadı. Bir səbət də çəkdi qabağına, yenə yedi. Elə ki, üzüm qurtardı, səbət yenə qeybdən doldu. Şirzad qaldı məəttəl. Səbətin birin götürdü, fikirləşdi ki, ay dili-qafil, heç insaf deyil ki, mən bu səbətlərin birin də əmimə aparmayam. Tamah ona güc elədi, ikinci səbəti də götürdü. Elə əlin ikinci səbətə vurmuşdu ki, bütün səbətlər qışqırdılar. Divlər tökülüb onu tutdular. Şirzad bütün qəziyyəsini bunlara danışdı. Divlərin böyüyü bir bədheybət şeydi, üzün tutdu Şirzada dedi:
– Bu yaxınlarda ağ divin məskənidi. Onun bir qızı var ki, mən ona aşiqəm. Əgər onu mənə gətirsən sənə bir səbət üzüm verərəm.
Şirzad atı mindi. Kor-peşiman, özün söyə-söyə üz qoydu indi də ağ divin vilayətinə. Bəli gəlib çata-çatdaydı ki, yenə ağ quş kəsdi onun başının üstünü, dedi:
– Ey tamahkar insan, sən bu dəfə hökmən ölümə gedirsən. Qulaq ver mənə. Ağ divin qızı bu saat yeddi günlük yuxudadı. O, ayda bir dəfə belə yatır. Yeddi günlük yuxu yatanda o qırx saçı ilə çarmıxa çəkili olur. Onu açmaq sənə mümkün olmaz. Məgərinki ağ divin sərtövlədə qırx çarmıxlı bir atı var. Onun yanına quş quşluğu ilə düşə bilməz.
Sən gərək o atı minəsən, sonra qızı yerdən qaldırasan. Birinci dəfə qaldırdın qaldırmısan, qaldırmadın dizəcən daş olacaqsan, ikinci dəfə qaldırmasan qurşağa kimi, üçüncü dəfə qaldırmasan bütün daş olub qalacaqsan orda. Şirzad yetişdi məhəlli-məxsuda. Özün verdi sərtövləyə. Gördü bəli, ağ quşun dediyi kimi burada bir at var ki, elə bil əjdahadı. Özün cəmləşdirdi, bir qoşa təpik vurub atıldı, tərlan turaca qonan kimi qondu atın belinə. Özün atın belində rahatlayandan sonra, elə ki, dəhnə-yüyən əlində möhkəmlətdi, ondan sonra qılıncın çəkib bir-bir ipləri üstdən yuxarı kəsməyə başladı. At çarmıxdan azad olandan sonra istədi bir güc eləsin, gördü yox, üstündəki can o candan deyil. Şirzad onun başın döndərdi qızın yanına. Gəldi çatdı qızın bərabərinə. Gördü qız, nə qız. Doğrudan elə bil Muğan durnasdı. Əyildi, əlin saldı qızın belinin altından, bir dəfə güc verdi, heç bir şey çıxmadı. Baxdı ki, bəli, dizə qədər oldu daş. Bir də əlin saldı, yenə güc verdi, qız yerindən tərpəndi, amma qaldıra bilmədi. Qurşağa kimi oldu daş. Şirzad atın yüyənini bərk tutub dedi:
– Vallah, bu dəfə ya səni qaldıracağam, ya atın belin sındıracağam.
Əlin yenə də saldı qızın belinə. Bir “ya mədəd” deyib qızı dik qaldırdı. Baxdı ki, daşdan silkindi. Birbaş atı vurdu. Daldan dala baxmayıb atı çapdı. Bir qədər keçəndən sonra səs-səmir kəsildi. Şirzad atı möhkəm vururdu, bir də yenə ağ quş zahir oldu.
– Şirzad, mənə qulaq as! Bu qızın yuxudan oyanmağına bir saat qalıb.
Bu yuxudan duranda elə qışqıracaq ki, bütün dağ, daş zəlzələyə gələcək. Sənin qulaqların o səsə tab gətirməyib partlar. Atdan düş, bu saat bir arşın eni, üç arşın dərini bir xəndək qaz, gir içinə gizlən! Bax sənə deyirəm, o vaxta qədər çıxmazsan ki, o anasının südünə and içməyə. Şirzad atdan düşdü. Ağ quşun dediyi kimi bir xəndək qazıb girdi içinə. Doğrudan da yarım saatdan sonra qız elə qışqırdı ki, üç arşın dərinlikdə Şirzadın tükləri dik-dik durdu.
Şirzad öz-özünə dedi:
– Əcəb almalı zənəndi. Hər yuxudan duranda belə qışqırsa, şəhərdə qulaqlı adam qalmaz.
Qız bir o yana baxdı, bir bu yana baxdı, özündən başqa heç kəsi görmədi. Orasın da deyim ki, Şirzad onu möhkəm-möhkəm bir ağaca sərimişdi.
Qız başladı yalvarmağa ki:
– Kimsən, hər nəyə deyirsən and içim, çıx məni aç, mən tay oldum sənin.
Şirzad o vaxta qədər çıxmadı ki, qız anasının südünə and içdi. Şirzad çıxdı, qızı açdı, aldı yəhər qaşına, düşdü yola. Az getmişdilər, çox getmişdilər, bir külək qopdu, bir səm əsdi, bir səm əsdi ki, dedi atdan düşüb bir yerdə daldalanmasaz, əhdinizi kəsəcəyəm. Şirzad gördü daha əlac yoxdu. Gördü bir qalaça var, atı vurdu qala çanın pələtinə tərəf ki, atdan düşə. Ağ quş caynağında bir qırmanc, alıcı quş kimi şığıdı Şirzadın üstünə. Hər tərəfdən düşmək istədisə qoymadı. At qaçır, ağ quş vurur, at qaçır, ağ quş vurur. Yazıq Şirzad belə bir halda bəlkə yalan olmasın iki saat bu küləkdə, qiyamətdə at çapdı. Bir saatdan sonra külək kəsildi, ağ quş da qalxdı göyə. Elə bir az getmişdilər bir də gördülər bir gözəl at, belində bir qızıl yəhər otlayır. At elədi ki, elədi ki, elə bil belinin üstü bir yumurtadı.
Qız dedi:
– Şirzad, bu atı tuta bilsəydik mən minərdim, həm sən rahat olardın, həm də mən.
Elə bu sözdəydi at kişnəyib başladı bunlara yaxınlaşmağa. At lap yaxınlaşanda Şirzad əlin uzatdı ki, onu tuta, ağ quş ildırım kimi şığıyıb Şirzadın əlinin üstündən vurdu, atı da vurub qaçırtdı. Şirzad ağ quşun bu hərəkətlərindən çox pərt oldusa da ancaq bağırsağın dişinə tutub bir söz demədi. Bu minvalla gəldilər. Bəli, birinci divlərin qalaçası göründü, ağ quş dedi:
– Dayan, Şirzad, mən görürəm ki, sən bu qızı istəyirsən, bu qız da səni. Bunu aparıb divlərə vermək kişilikdən deyil.
Nə elədi, nə eləmədi, düşdü həmin qızın surətinə, dedi:
– Qız qoy burda gözləsin, apar məni divlərə təhvil ver.
Şirzad qızı çöldə qoydu, ağ quşu qız əvəzinə aparıb divlərə təhvil verib, bir səbət üzüm aldı. Qayıtdı qızı da götürüb yola düzəldi. Gəlib çatdılar üzüm istəyən divlərin vilayətinə. Elə qalaçaya çatmışdılar ki, ağ quş özün yetirdi.
– Dayan, Şirzad, məni apar üzüm əvəzinə təhvil ver!
Şirzad qaldı mat məəttəl ki, bu necə işdi. Qərəz, aparıb bu dəfə də onu üzüm əvəzinə təhvil verib bir cüt göyərçin aldı. Gedib bu minval ilə çatdılar haman çıraq olan şəxsin yanına. Qərəz, burda da göyərçin adına ağ quşu təhvil verib çırağı alıb düzəldi yola, öz əmisinin vilayətinə getməyə. Gedib şəhərə çatanda, gördü bir qoca kişi dayanıb. Kişi bunları görcək dedi:
– Hardasız? Di gəlin çıxın da!
Şirzad baxdı ki, bu ağ quşdu.
Bəli, əmisi əhvalatı bildi, bunları pişvaz elədilər. Əmisi şeylərə baxıb Şirzadın alnından öpüb dedi:
– Bala, sən gətirdin.
Qırx gün, qırx gecə toy eləyib qızı aldılar Şirzada. Gəlinlə bəy gərdəyə girən gecə Şirzad gəlinin yanına girəndə, ağ quş da onunla bərabər girdi. Şirzad nə qədər elədisə, ağ quş dedi:
– Olmaz ki, olmaz. Mən də bu gecə burda yatacağam.
Şirzad çox dedi, ağ quş az eşitdi. Üzünə salıb gecəni onlarda bir otaqda yatdı. Səhər tezdən Şirzad əmisinin yanına gedib ağ quşun gecəki işini ona dedi, özü də xahiş elədi ki, ağ quşu məmləkətdən çıxarsın. Əmisi bilirdi ki, ağ quş ona çox kömək eləyib. Nə qədər dəlil-dəlayil elədi, olmadı ki, olmadı. Axırda ağ quşu çağırtdırıb əhvalatı ona bildirdi.
Ağ quş dedi:
– Ondan soruşun görək, mən ona nə pislik eləmişəm?
Şirzad qaşqabaqlı dedi:
– Məni çovğunda, qiyamətdə qoymadı atdan düşüb, özümü qoruyam, qızıl yəhərli atı qoymadı tutam, bu gecə də ki, belə.
Ağ quş bir ah çəkib dedi:
– Çovğunda ondan ötrü qoymadım sən düşəsən ki, o çovğun qızın atasıydı. Sən ki, nə qədər o atın üstündəydin, o sənə bata bilmirdi. İstəyirdi səni atdan yerə salıb öldürsün. Belədi, ya belə deyil, qız? – deyib üzün tutdu qıza.
Qız dedi:
– Bəli, belədi.
– O qızıl yəhərli atı qoymadım tutasan, ona görə ki, o, qızın əmisi idi. Sənin əlin ona dəycək o səni çəkib atdan vuracaqdı yerə. Belədi, ya belə deyil, qız?
Qız dedi:
– Bəli, belədi.
– Bu gecə sənin yanında ona görə yatdım ki, qızın qardaşı qara ilan olub gəlmişdi səni həlak eləsin. Gecə sən yuxuda ikən mən onu öldürmüşəm, bu da cəmdəyi. Belədi, ya belə deyil, qız?
Bunu deyib bir yekə ilan cəmdəyi atdı ortalığa.
Qız dedi:
– Bəli, düzdü.
Sonra ağ quş bir ah çəkib dedi:
– Mənim alnımda yazılmışdı ki, mən gərək bir adama kömək eləyəm. Əgər o adam mərd çıxsa, ona gedəm, əgər nankor çıxsa öləm.
İndi mənim vaxtım tamamdı, mən ölürəm. Bunu deyib ağ quş daş oldu. Hamı ağladı. Amma ki, ağlamaqdan nə çıxacaq?.. Şirzadın namərdliyi onu daşa döndərdi.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo