Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Gül sənavərə neylədi, sənavər gülə neylədi

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın malının, dövlətinin həddi-hesabı yox idi. Amma özündən sonra gorunda çıraq yandıran heç bir uşağı yox idi. Bu fikir padşahı salmışdı dərdə-qəmə. Bir gün bir dərviş gəldi qapıya. Baxdı ki, padşah çox fikirdədi. Dedi:
– Padşah sağ olsun, nə olub sənə, de, bəlkə dərdinə çarə elədim.
Padşah dedi:
– Eh, bütün həkimlər, təbiblər, yığıldı bir çarə eləyə bilmədilər, sən neyləyəcəksən.
– Sən de, padşah, mən çarə edərəm.
Padşah açıb dərdin dedi. Dərviş ona üç alma verib dedi:
– Hərəsinin bir üzün özün ye, bir üzün də hər arvadının birinə ver!

Doqquz aydan sonra hər arvaddan bir oğlun olar. Ancaq bu şərtlə ki, oğlanlarının biri mənimdi. Padşah razı oldu. Dərviş ona üç alma verib getdi. Padşah dərvişin tapşırığı kimi hər almanın bir üzünü özü yedi, bir üzünü də arvadlarına verdi. Doqquz ay, doqquz gündən sonra padşahın hər arvaddan bir oğlu oldu. Birinin adın qoydular Məlik Məmməd, birinin adın Məlik Əhməd, üçüncüsünün də adın qoydular Məlik Cümşüd. Bəli, bu uşaqlar böyüdülər. Xoruzlar banladı, səhərlər açıldı, çaqqallar uladı, axşamlar oldu, günlər dolandı, illər keçdi, bu oğlanlar on beş-on altı yaşlarında oldular. Padşah hərdən oğlanlarının boyuna baxıb fəxr eləyirdi. Bunlar belə yaşamaqda olsunlar, günlərin bir günündə dərviş qapını döydü. Bunu ötürdülər padşahın yanına. Padşah bunu görcək vədəsi yadına düşdü. Əhvalı qarışdı. Dərviş oturdu, bir az o yandan, bu yandan söhbət edəndən sonra, gəldi çıxdı mətləbin üstünə ki:
– Padşah sağ olsun, əhdi minəlbəfa!
Padşah nə qədər buna qızıl, gümüş, mal-mənal təklif elədisə, dərviş iki ayağın taxdı bir başmağa, dedi:
– Olmaz ki, olmaz. Şərtimiz bu idi ki, oğlanlarının birini verəsən mənə. Kişi gərək sözündən qaçmaya.
Padşah çox fikirdən sonra dedi:
– Dərviş, sən gəl belə eləmə! Axı bu uşaqlar hərəsi bir ananın gözünün ağı-qarasıdı. Hansı ana buna razı olar? Dərviş heç bir söz deməyib qalxdı.
Padşah dedi:
– Hara?
Dərviş dedi:
– Şah sağ olsun, sənin heç bir şeyin mənə lazım deyil. Əhdinə vəfa eləmədin, məni mürəxxəs elə! Dərviş çıxıb getdi. Küçədə baxdı ki, budu Məlik Cümşüd məktəbdən gəlir. Onu aldadıb, götürüb apardı. Az getdilər, çox getdilər, uzaqdan böyük bir qalaça göründü. Dərviş Məlik Cümşüdə dedi:
– Bax, ora bizim evimizdi. Gedib gecəni orada yatarıq, sabah Allah qoysa padşahın istədiyini də götürüb sənlə bərabər qayıdarıq evinizə. Dərviş Məlik Cümşüdü aldadırdı. O, uşağı yalandan aldatmışdı ki, atan məndən bir at alıb, gedək, verim gətir. Məlik Cümşüd də uşaqlığından yaman atbaz olduğundan şirnikib getmişdi. Dərviş qabaqda, Məlik Cümşüd də dalda gedirdilər. Məlik Cümşüd birdən bir səs eşitdi. Döndü gördü bir kəllədi, bunun yanınca atıla-atıla gəlir, özü də deyir:
– Gözəl oğlan, qəşəng oğlan, mən də sənin kimi bir oğlandım, həmin bu dərviş məni də sənin kimi aldadıb gətirdi, yandırıb ətimdən, sümüyümdən qızıl qayırdı. Bu sözləri eşidən kimi Məlik Cümşüdün başında tükləri biz-biz durdu. Kəllə deyirdi:
– Ancaq qorxma! Evə yetişən kimi o xamır eləyəcək, sənə də təndir yandırtdıracaq. Sonra özü əppəyi açacaq, sənə də əmr eləyəcək ki, təndirə yapasan. Nəbadə-nəbadə onun sözünə qulaq asasan. Yoxsa əyiləcək səni basacaq təndirə.
Məlik Cümşüd dedi:
– Bə mən neynim?
– Sən onu aldat. Qoy birinci əppəyi özü yapsın. Onda sən onu tez təndirə salıb, duvağını qoy ağzına, otur üstündə. Qorxma, hər tərəfdən səs-küy qalxacaq. Amma sən təndirin üstündən durma. Elə ki, səs yatdı, demək, dərviş öldü, onda dura bilərsən. Bunu deyib kəllə atıldı girdi daşın altına, dərvişlə oğlan gəldilər qalaçaya. Dərviş yetişcək qollarını çırmalayıb başladı xamır eləməyə.
– Bala, mən deyirəm bir az əppək bişirib yeyək. Yaman acmışam. Mən xamır eləyincə sən dur, təndiri yandır! Oğlan təndiri yandırdı. Elə ki, xamır hazır oldu, dərviş bir kündə açıb verdi oğlana ki, bala, al bunu vur təndirə. Oğlan bir təndirə baxdı, təndir cəhənnəm kimi zəbanə çəkib yanırdı, bir də gözlərin döndərib dərvişin üzünə baxdı. Dərvişin üzü elə bil ki, dəyişilmişdi. Əvvəlki mehribançılıqdan onun üzündə heç bir şey qalmamışdı. Gözləri kabab şişi kimi qızarmışdı. Məlik Cümşüdün ondan lap zəhləsi getməyə başladı, dedi:
– Ağa dərviş, özün bilirsən ki, mən padşah oğluyam, indiyə kimi nə təndir görmüşəm, nə də ki, çörək yapmışam. Sən qabaqca birini yap, mən baxım, öyrənim, sonra qalanını mən yaparam. Dərviş durdu ayağa, əppəyi götürdü əlinə ki, təndirə yapsın, Məlik Cümşüd vaxt itirməyib tez onu təndirə basdı, duvağı ağzına qoyub oturdu üstündə. Bir qışqırıq qopdu, bir qışqırıq qopdu ki, nə deyim...Elə bil ki, yerin göbəyi çatlayır. Məlik Cümşüd kəllənin dediklərini yadında saxlamışdı. Hər nə qiyamət qopdusa kəndirqayış kimi yerindən tərpənmədi ki, tərpənmədi. Yavaş-yavaş səs yatdı. El ki, hər şey qurtardı, Məlik Cümşüd durdu ayağa. Gördü bir qapı var. Açıb girdi içəriyə, burada o qədər qızıl, gümüş vardı ki, çınqıl kimi. Ondan keçdi o biri otağa. Orada qızıldan adam bədənləri gördü. Otaq başdan ayağa belə qızıl adam bədənləri ilə dolu idi. Belə-belə bütün otaqları gəzib axırda gəlib bir otağa çıxdı. Burada bir at var idi, yanında iki balası, bir zümrüd quşu var idi, yanında iki balası, bir də bir aslan var idi, yenə yanında iki balası. Ancaq atın qabağına ət tökülmüşdü, quşun qabağına bir az ot qoyulmuşdu, aslanın qabağına da bir az arpa. Məlik Cümşüd baxdı ki, bu yazıqlar heç birisi bir şey yeyə bilmir. Götürüb dəyişdirdi. Əti qoydu quşla aslanın qabağına, otla arpanı da tökdü atın qabağına. At işi belə görəndə dedi:
– Məlik Cümşüd, neçə vaxtdı ki, bu dərviş beləcə saxlayır, indi ki sən bunları dəyişdirib hərəyə öz xörəyini verdin, al mən də öz balamın birini verirəm sənə.
Bunu görəndə aslan da dedi:
– Məlik Cümşüd, mən də bir balamı sənə verirəm.
Zümrüd də bir balasını Məlik Cümşüdə verdi. Məlik Cümşüd atın bir balasını, zümrüdün bir balasını, aslanın da bir balasını götürüb dərvişin qalaçasından çıxdı. Elə bir az getməmişdi ki, həmin kəllə yenə atıldı onun qabağına:
– Sağ ol, Məlik Cümşüd! Ananın südü sənə halal olsun! İndi ki, sən mənim dediklərimə qulaq asıb dərvişi öldürdün, gəl mən də sənə bir yaxşı şey öyrədim. Gedərsən, bir azdan sonra qabağına bir ağ su çıxacaq, həmin suda çimərsən, sonra qabağına bir qara su çıxacaq, ondan gözlərinə, kirpiklərinə çəkərsən, sonra bir qırmızı su çıxacaq ondan yanaqlarına sürtərsən. Lap axırda bir gümüşü su çıxacaq ki, onunla da başını yuyarsan. Məlik Cümşüd kəllənin dediklərinə əməl eləyəndən sonra axırıncı suda başını yudu. Oldu on dörd gecəlik bir ay. Başının bir tərəfi qızıl, bir tərəfi gümüş. Gəldi yetişdi bir şəhərə. Şəhərin kənarında atdan düşdü. Atın, quşun, aslanın hərəsinin tükündən bir az çəkib qoydu cibinə. Üçün də buraxdı gəldi şəhərin qırağına bir çobanın yanına. Ondan bir qoyun alıb öldürdü. Ətin verdi çobana, qarnını tərsə çevirib keçirtdi başına, girdi şəhərə. Bir az o yana bu yana dolanandan sonra, gəldi padşahın bağbanının yanına, dedi:
– Bağban qardaş, mən sahibsiz bir adamam, mənə bir iş ver, işləyim. Bağban baxdı ki, bir keçəl oğlandı. O da elə bir adam axtarırdı ki, bağın quşlarını qovsun. Alışdılar, verişdilər, oğlan bağbana quşqovan oldu. Bu burada quş qovmağında olsun, bu padşahın üç dənə mamlımatan qızı var idi. Hər gün bağdan bunlara gül gələrdi. Kiçik qız bir gün baxdı ki, onun üçün bağlanmış gül dəstəsi o biri bacılarınkından yaxşıdı, həm də onunkunu qızıl tüklə bağlayıblar. Qız bu işdən maraqlandı. Di başladı məsələyə fikir verməyə. Sabahısı gün baxdı ki, bu gün də dəstə gümüş tükündən bağlanıb. Ondan sonra onun dəstələri bir gün qızıl tüklə, bir gün də gümüş tüklə bağlanırdı. Qız duydu ki, burada bir hikmət var. Bir gün qız səhər tezdən yuxudan durub əyləşdi pəncərənin içində. Bu pəncərə də həmin bağa baxırdı. Baxdı ki, bir keçəl oğlan gül yığır. Amma hərçənd ki, keçəldi, özü çox gözəl oğlandı. Gözlər qara, qaşlar qara, yanaqlar qıpqırmızı lalə kimi, sifət ağappaq, elə bil ki, qaymaqdı. Bir az keçəndən sonra oğlan gülləri yığdı hazırladı, böyük bacıların gülünü sapla bağladı. Sonra bir o yana, bir bu yana baxdı, başından qarını çıxartdı. Qız baxdı ki, nə... oğlanın başının bir tərəfi qızıldı, bir tərəfi gümüş. Qız min ürəkdən bir ürəyə vuruldu oğlana. Məlik Cümşüd başladı hər gün xırda qızın dəstəsini başından çəkdiyi qızıl, gümüş tüklər ilə bağlayıb gətirdi. Amma qarovulçu-zad çox idi deyən, fürsət tapıb görüşə bilmirdilər. Kiçik qız ağıllı-başlı Məlik Cümşüdə eşq yetirmişdi. Ta o hala gəlmişdi ki, nə gecə, nə gündüz gözlərinə yuxu-zad getmirdi. Yatırdı oğlan, dururdu oğlan, gəzirdi oğlan. Qərəz, nə deyim... Oğlan elə bil ki, bir tilsimli əjdaha olub keçmişdi onun boğazına, əl çəkmirdi ki, çəkmirdi. Qız düşündü, daşındı, axırda başladı bacılarının beynin yeyib, qulaqların dəng eləməyə ki: “niyə dədəm bizi ərə vermir”. Elə demə qızlar da belə bir şeyə bənd imişlər, dərdləri açıldı. Üç bacı baş-başa verdilər. Neynəsinlər? Elə beləcə gedib atalarına bu barədə bir söz demək olmazdı. Axırda kiçik qız onlara dedi:
– Siz dayanın, mən bu işi elə düzəldərəm ki, lap sizin ürəyinizcə. Burada heç bir çətinlik-zad yoxdu, lap su kimi düzəldərik. Böyük bacıları bu kiçik bacının mazaratlığına bələd idilər, odu ki, razı oldular. Kiçik qız getdi şahlıq bostanına, oradan üç dənə qovun seçdi. Gətirdi evə. Qovunların biri o qədər yetişmişdi ki, lap suyu axırdı, ikincisi miyana təhər idi, üçüncüsü lap vaxtı idi, vaxt eləyirdi ki, çatlasın. Bunları qoydu bir xonçaya, üstünə də bir örtük örtüb göndərdi padşaha. Bəli, padşaha xəbər gəldi ki, qızlarından sənə bəxşayış gəlib. Padşah örtüyü açıb, gördü üç dənə qovun, qaldı məəttəl. Çağırdı vəziri, dedi:
– Vəzir, bu nə olsun? Bu necə bəxşayışdı?
Vəzir bir az fikirləşib dedi:
– Padşah sağ olsun, qızların bu qovunlarla sənə söz demək istəyirlər. Bax bu lap yetişmiş qovun böyük qızındı, deyir ki, “axı mənim vaxtım keçdi, məni nə vaxt ərə verəcəksən”. Bu ortancıl qızındı, demək istəyir: “axı mənim də vaxtım keçdi”. Bu da üçüncü qızındı. Bu da demək istəyir ki, “ata, lap yetişmişəm, eləyəm ki, şax-şax şaqqıldayıram, çırtmaq vurma, dağıllam”.
Padşah gördü ki, elə vəzir deyəndi, fikrə gedib dedi:
– Vəzir nə təhər eləyim? Haradan bilək ki, bunların meyli kimədi?
Vəzir dedi:
– Padşah sağ olsun, onu həvalə elə mənə. Sabah əmr elərəm, bütün camaat yığılar sarayın qabağına. Qızlar da çıxarlar balaxanaya.
Adamlar gəlib bir-bir oradan keçərlər. Qızların meyli kimə olsa onun dalınca alma atar, biz də işi bilərik. Padşahın bu tədbirdən çox xoşu gəldi. Bəli, əmr olundu, bütün camaat yığışdı, qızlar da üç dənə tərlan kimi pəncərədə qərar tutdular.
Təbillər çalındı, adamlar başladı pəncərənin qabağından birbəbir keçməyə. Böyük qız almanı atdı vəzirin oğluna, ortancıl qız atdı vəkilin oğluna. Kiçik qız heç kəsin dalınca atmadı. Hamı keçdi, qurtardı, qız atmadı ki, atmadı. Padşah vəziri çağırdı.
– Vəzir, şəhərdə ta kim qaldı?
– Padşah sağ olsun, hamı burdadı. Bircə sənin bağında bir keçəl quşqovan qalıb.
Padşah qaldı məəttəl ki, görəsən bu qız kimə getmək istəyir. Çarna çar əmr elədi, gedib quşqovanı, yəni Məlik Cümşüdü çağırdılar. Məlik Cümşüd elə gəlib, əynində yırtıq paltar, pəncərənin qabağından keçəndə, qız almanı, yallah, küpədi onun dalınca. Padşah bunu görcək dəli kimi qalxdı ayağa. Ancaq iş-işdən keçmişdi. Qız bunu görüb düşdü padşahın ayaqlarına. Padşah böyük qızı ilə ortancıl qızına qırx gün, qırx gecə toy elədi, hərəsinə bir imarət ayırıb verdi, amma xırda qızına heç toy-zad da eləmədi. Məlik Cümşüdə qoşub qəsrdən çıxardıb, köçürtdü təndirəsərə. Bunlar burada yaşamaqda olsunlar, bir gün padşah naxoşladı. Di təbib, məsləhət, axırda dedilər ki, “sən gərək ov əti yeyəsən”. Bunu eşitcək padşahın kürəkənləri atlanıb, çıxdılar ov axtarmağa. Bu tərəfdən də Məlik Cümşüd durub çıxdı şəhərin qırağına. Dərədə cibindən tükü çıxardıb tutuzdurdu oda. At, zümrüd, aslan gəldi. Oğlan üçünə də əmr elədi ki, düşün çöllərə! Bu saat nə qədər ov varsa yığarsınız bu dağın başına. Bir tərəfdən at, bir tərəfdən zümrüd, bir tərəfdən də aslan ətrafda nə qədər ov vardısa, yığdılar bu dağın başına. Məlik Cümşüd özü də paltarını dəyişib bir sövdəgər paltarı geydi, oturdu ovların arasında. Az keçdi, çox keçdi, kürəkənlər hər yanı axtardılarsa ov əsəri tapılmadı, kor-peşiman evə qayıtmaq istəyirdilər ki, bir də baxdılar dağın üstü dolub ovla. Tez atdan düşüb, elə hərəsi birin nişanlamışdı ki, Məlik Cümşüd qalxdı ayağa.
– Hey, nə eləyirsiniz?.. Sahibsiz mal-zad deyil ki, əlbəhəl nişanlayırsız.
Dedilər:
– Kimdi bunların sahibi?
Məlik Cümşüd dedi:
– Görmürsüz?
Kürəkənlər baxdılar ki, bu bir əntiqə oğlandı, özü də deyəsən sövdəgərdi.
Dedilər:
– Ay qardaş, bunlardan bir dənə bizə satarsan?
– Çox bahadı, ala bilməzsiz.
– Hər neçəyə olsa biz alarıq, qaynatamız naxoşdu, həkimlər ona ov əti buyurublar, hər yeri axtarmışıq, tapmamışıq. Məlik Cümşüd dedi:
– Hə... Çox yaxşı... Mən siz bir ov verərəm, ancaq iki şərtlə. Əvvəla, hərənizin buduna bir damğa basaram, ikinci də ki, ovun başın özüm kəsərəm. İkinci şərt asan şey idi. Nə olar, qoy özü kəssin. Ancaq birinci şərt bir az ağır idi. Damğa, özü də buddan... Kürəkənlər bir az fikirləşdilər. Əgər əliboş qayıdıb qaynatalarının yanına getsələr, bu başdanayağa biabırçılıqdı. Hamı da deyəcək ki, iki-iki öküz boyda ada gedib bir dənə ov vura bilmədilər, hələ adların da igid qoyublar. Ovu da ki, bu zalım oğlu damğasız vermir. Axırda böyük kürəkən dedi:
– Ay balam, bizim budumuzu kim görəcək ki, damğanı da görə, gəl razı olaq!
Qərəz, razı oldular. Məlik Cümşüd bunların hərəsinin buduna bir damğa vurub, əsgər atı kimi nişanladı. Bir ov tutdu, yıxdı yerə, “dadı başına, dadı başına” deyə-deyə başın kəsdi, verdi bunlara. Bunlar gedəndən sonra ovları ötürdü, atı, quşu, aslanı da azad eləyib, ovun başayağını götürüb, gəldi evə. Qız bunu görcək dedi:
– Haradan belə? Bunlar nədi?
– Çölə getmişdim. Padşahın kürəkənləri bir ov vurdular, kəsib cəmdəyin apardılar, baş-ayağın da atdılar yerə. Mən də götürüb gətirdim ki, bişirəsən yeyək. Qız durdu ayağa, ocağı yandırdı, kəlləpaçanı saldı çölməyə. Təndirəsərin divarındakı qurumlardan da içinə tökülə-tökülə çölmək başladı qaynamağa. Kürəkənlər ovu gətirdilər. Tez bişirdilər, gətirdilər padşahın qabağına. Padşah qarnı tutunca yedi, amma heç bir şey çıxmadı. Heç bir mənfəət vermədi. Ətin heç dadı da yox idi. Padşahın ağzında lap kül dadı verirdi. Bu tərəfdən elə ki, bizim balaca qızın bişirdiyi qurumlu kəlləpaça hazır oldu, bir nəlbəkiyə bir az ətindən, suyundan çəkib apardı anasının yanına ki: “atama pay gətirmişəm”. Padşahın qızdan o qədər zəhləsi getmişdi ki, yemək də istəmədi, ancaq anası ağlayaağlaya yalvardı ki:
– Axı bu sənin doğma qızındı, indi bir qələtdi eləyib, ürəyi sınıqdı, heç olmasa bir barmağını batır!
Qərəz, padşah bir barmağını batırıb yaladı. Baxdı ki, ədə, deyəsən gözləri işıqlanır. De bir tikə də bundan vurdu. Elə bil ki, dirildi. Bir “hə” eləyib elə nəlbəkini yerli-dibli ötürdü içəriyə. Azar dünən getmisən, bu gün, elə bil ki, elə padşahın dərdinin dərmanı bu qurumlu kəlləpaça imiş. Tamam sağaldı. Sabahısı əmr elədi onları təndirəsərdən çıxarıb, ondan bir az yaxşı, divarları çatlamış köhnə bir saman damına köçürtdülər. Məlik Cümşüd gündə gedib bağda quş qovur, axşamlar gəlib qız ilə bir yerdə kasıbçılıq ilə ömrünü keçirirdi. Belə-belə bir neçə vaxt keçdi. Padşaha bir gün xəbər gəldi ki, ayrı bir padşah gəlir, bu padşahla davaya. De hazırlıq başlandı. Qoşun dəstələri bölündü, meymənə verildi böyük kürəkənə, meysərə verildi ortancıl kürəkənə, dava başlandı. Axşama qədər vuruşdular. Düşmən padşah qoşununun lap əhədini kəsdi. O biri günkü davada padşah basıldı, yaman qırğın oldu. Əgər xoşbəxtlikdən axşam olub qaranlıq düşməsəydi şəhəri-zadı düşmən veli-veran eləyəcəkdi. Padşahın gecə səhərə kimi gözünə yuxu getmədi. Yuxuda cürbəcür qorxulu vaqiələr görürdü. Bəli, səhər oldu, meydan quruldu, hamı girişdi davaya. Bizim Məlik Cümşüd də arvadına dedi ki:
– Get atanın mehtərinə denən, mənə də bir qatırdan-zaddan versin, mən də gedim davaya.
Qız dedi:
– Sən gedib davada neyləyəcəksən? Gedib yıxılıb ayaq altda qalıb ölərsən.
Oğlan dedi:
– Heç olmasa yenə qaraltı olaram ki.
Qərəz, qız gedib mehtərə dedi. Mehtər buna bir dənə qotur, axsaq qatır verdi. Məlik Cümşüd mindi qatıra, taytıya-taytıya üz qoydu çölə. Gəldi, dərədə qatırdan düşdü, ayaqların bağlayıb yıxdı yerə, cibindən tükü çıxarıb tutuzdurdu oda. Bəli, at, quş, aslan üçü də gəldilər. Atın yəhərinə əvvəldən bağlamış olduğu qırmızı paltarı geyindi, yeddi yerdən özünü qıfılbənd eləyib, quş kimi qalxdı atın belinə. Ayaq üzəngidə, diz qabırğada, üz qoydu dava meydanına. Düşmən padşahın qoşununun lap nəfəsini təng eləmişdi. Qoşun az qalırdı ki, sınıb qaçsın. Padşah da vəzir-vəkil ilə durub davaya tamaşa edirdi. Bir də gördülər ki, günbatan tərəfdən bir toz qalxdı. Tozun içindən bir atlı çıxdı yanında aslan, başının üstündə zümrüd quşu, düz birbaş özün vurdu düşmən qoşununun içinə. Bir sağa hücum elədi, bir sola hücum elədi, düşmənin içinə bir vəlvələ saldı ki, qələm lazımdı yaza. Bir tərəfdən özü, bir tərəfdən at, bir tərəfdən aslan, bir tərəfdən quş, daha özün hesabını apar, gör nə olar... Padşahın qoşunu bunu görcək eyrətə gəlib başladı hücuma. Axşama yaxın düşməni xeyli dalı oturtdular. Elə ki, qaranlıq başladı düşməyə, oğlan tez aradan çıxdı. Padşah ha istədi ki, gəlib ona kömək edən bu oğlanı bir görüb tanısın ki, kimdi, ancaq oğlan çoxdan aradan çıxıb getmişdi. De axşam hamı şad qayıtdı evə. Məlik Cümşüd də yenə axsaq qatırı minib taytıya-taytıya gəldi evinə. Sabahısı, səhər tezdən yenə durub qatırını minib düzəldi yola. Elə ki, dərəyə çatdı, tükü tutuzdurdu oda. Yenə mindi atına, yanında aslan, başının üstündə zümrüd quşu, hücum elədi düşmənə. Gün əyilənə yaxın düşmən tab gətirməyib qaçmağa başladı. Nə təhər oldusa davada Məlik Cümşüd əlindən yaralandı. Elə özü də padşahın həndəvərindəydi. Padşah əlüstü cibindən dəsmalını çıxarıb onun əlini bağladı. Düşmən qaçdı, dava qurtardı, hamı qayıtdı evə. Məlik Cümşüd yenə aradan çıxdı, heç kəs onu tanımadı. Gedib qatırını mindi, gəldi evinə.
Arvadı onu bu halda görcək, soruşdu:
– Əlinə nə olub?
Dedi:
– Heç zad. Elə durmuşdum, yaylım ox gəlib dəydi əlimə.
Gecə yara Məlik Cümşüdü çox narahat elədi. Heç özün-sözün bilmirdi. Qız onun yarasını açıb təzədən dəva qoyub bağladı. Dəsmal da çox qanlı olduğuna görə dəyişdirib yuyub sərdi həyətdə şəritə. Səhər padşah çıxmışdı həyətə, bir də baxdı ki, dünənki atlının yarasına bağladığı dəsmal sərilib həyətdəki şəritə. Tez qızı çağırtdırıb soruşdu:
– Bu nə dəsmaldı?
Qız dedi:
– Hal-hekayə belə... Dünən oğlanın əlinə yaylım ox dəyib, bu dəsmal onun yarasının dəsmalıdı.
Padşah dedi:
– Hey gidi, namərd, burada iş var deyəsən.
Çağırdı vəziri, əhvalatı ona danışdı. Vəzir durdu ayağa, getdi Məlik Cümşüdün yanına, gördü həmin oğlandı ki, var. Məlik Cümşüd yatmışdı deyən qarını da başından çıxartmışdı, qızıl-gümüş tükləri görünürdü.
Dedi:
– Oğlan, sən niyə özünü bizdən gizlədirsən? Padşah səni görmək istəyir. Aç görək sən kimsən?
Məlik Cümşüd dedi:
– Gedin axşamüstü balaxananın eyvanında olun, gəlib oradan keçəcəyəm. Görüb, onda kim olduğumu bilərsiz. Vəzir gəlib əhvalatı padşaha danışdı. Bəli, xəbər verildi, bütün əyan-əşraf yığıldı balaxananın eyvanına. Bir də gördülər ki, budu əvvəldən keçəl bildikləri Məlik Cümşüd həmin qırmızı dava paltarı əynində, həmin at altında, yanında aslan, başının üstündə zümrüd quşu ona kölgəlik eləyə-eləyə ley kimi gəlir. Padşah bunu görcək utandığından qıpqırmızı qızardı. Ona indiyə kimi pislik elədiyinə peşman oldu. De oğlan gəldi, atdan düşüb ehtiramla padşahın əlindən öpdü. Padşah göz gəzdirib gördü ki, o biri kürəkənləri yoxdu. Məlik Cümşüd bunu görüb dedi:
– Padşah sağ olsun, əmr eləyin sizin kürəkənləriniz gəlsin. Onlar mənim həlqəbəguşumdurlar.
Padşah məəttəl qalıb soruşdu:
– Bu nə sirrdi?
Məlik Cümşüd ov məsələsini, necə ov satıb hərəsinin buduna bir damğa basmışdı, bizim dediyimiz kimi, açıb padşaha dedi. Padşah adam göndərdi kürəkənlərinin dalınca. Gəlib xəbər gətirdilər ki, kürəkənlər naxoşlayıb yatıblar. Padşah bildi ki, onlar yəqin məsələni başa düşüb oğlanı tanıyıblar, ona görə utandıqlarından gizləniblər. Əmr elədi ki, bu saat hər nə təhər olsa gərək gələlər bura. Gedib oğlanları gətirdilər. Əmr elədi onların budların açıb baxdılar, gördülər ki, doğrudan da Məlik Cümşüdün dediyi kimi, hərəsinə bir damğa vurulub. Padşah əmr elədi indi də o biri kürəkənlərinin birini saman damına, o birisini də təndirəsərə köçürüb Məlik Cümşüdlə kiçik qızı köçürtdü öz yanına. Özünü də bütün qoşuna böyük elədi. Ay keçdi, gün dolandı, günlərin bir günündə oğlan evdən çıxıb bazaar gedirdi, bir də gördü ki, yolun üstündə bir qoca qarı durub ağlayır.
Qarı oğlanı görcək, dedi:
– Ay bala, başına dönüm, belə o gözlərinin qadasın mən alım. Qürbətdə bir oğlum var, ondan kağız gəlib bir adam tapmıram ki, oxusun. Oğlanın yazığı gəlib ondan kağızı aldı ki, oxuya, arvad dedi:
– Ay bala, zamana dönüb, camaat xarab olub, belə durmuşuq küçədə, sonra qonum-qonşudan biri bizi görər, biabır olarıq, sabah bir sicirrəmə söz qoşub, bir zurna-qaval çıxardarlar ki, sənin də adın bədnam olar, mənim də. Yaxşısı budu, gəl zəhmət çək, gir həyətdə oxu! Oğlan girdi həyətə. Elə qarı qapını örtcək dəyişilib oldu bir küpəgirən ifritə. Oğlan baxdı ki, bura tilsimmiş. Qarı əlindəki ağacı havada silkələyib dedi:
– De görüm, Gül Sənavərə neynədi, Sənavər Gülə neynədi?
Oğlan məəttəl qalıb dedi:
– Mən nə bilim?
Qarı bu cavabı eşitcəyin əlindəki ağacla onu vurub dedi:
– Onda ol daş!
Oğlan oldu daş, qaldı yerində. Bu burda, bu dəmdə qalsın, biz qayıdaq dala. Elə ki, dərviş padşah oğlu Məlik Cümşüdü aldadıb apardı, padşah ha gözlədi oğlan qayıtmadı, de ətraf-əknaf, ora-bura adamlar saldı, car çəkdirdi, bütün hər yeri ələk-fələk elədi, oğlan tapılmadı ki, tapılmadı. Bəli, bildilər ki, oğlan dərvişin hiyləsinə düçar olub. Yas tutdular, qara geydilər, bütün şəhər yasa batdı. Bu dərd oğlanın qardaşlarına yaman ə=il;ə gün yol gedəndən sonra, gördü uzaqda bir qalaça görünür. Üz qoydu qalaçaya tərəf. Elə bir az getmişdi ki, bir də gördü deyəsən yanından bir səs gəlir. Dönüb baxanda gördü bir kəllədi, atıla-atıla yanınca gəlir. Burasın deyim ki, bu qardaşların üçü də yaman bir-birinə oxşayırdılar.
Kəllə buna dedi:
– Məlik Cümşüd, bə niyə belə? Bəs bu sifətə niyə düşmüsən?
Oğlan elə qardaşının adın eşitcək ürəyi tappıldadı, öz-özünə dedi: “aha, yaxşı oldu ki, o məni Məlik Cümşüd bildil;ə gün yol gedəndən sonra, gördü uzaqda bir qalaça görünür. Üz qoydu qalaçaya tərəf. Elə bir az getmişdi ki, bir də gördü deyəsən yanından bir səs gəlir. Dönüb baxanda gördü bir kəllədi, atıla-atıla yanınca gəlir. Burasın deyim ki, bu qardaşların üçü də yaman bir-birinə oxşayırdılar.
Kəllə buna dedi:
– Məlik Cümşüd, bə niyə belə? Bəs bu sifətə niyə düşmüsən?
Oğlan elə qardaşının adın eşitcək ürəyi tappıldadı, öz-özünə dedi: “aha, yaxşı oldu ki, o məni Məlik Cümşüd bildi. İndi mən bütün işləri bilərəm”. Kəllə doğrudan da onu elə Məlik Cümşüd bilmişdi.
Məlik Əhməd dedi:
– Başıma çox qəzalar gəldi, kəllə!..
Kəllə dedi:
– Eybi yoxdu, ondan ötrü niyə özünü sıxırsan? Bax o ki, dərvişin qalaçasını görürsən, get atı, şiri, zümrüdü gör, sonra gələrsən yanıma.
Məlik Əhməd keyfindən başladı oynamağa. Özün birbaş verdi qala çaya. Bir-bir otaqları gəzirdi ki, bəlkə qardaşından bir əsər tapa bilə. Ta ki, gəzə-gəzə gəlib qırxıncı otağa çatdı. Baxdı ki, bir at yanında bir balası, bir aslan yanında bir balası, bir də bir zümrüd quşu yanında bir balası, burda bağlanıblar.
– Ey Məlik Cümşüd, bu nə işdi, bə bizim balalarımızı neynədin?
Məlik Əhməd tez cavab verdi:
– Deməyə də utanıram. Başıma çox qəzalar gəldi. Sizin yanınızda lap üzüqarayam.
At onun sözün kəsdi:
– Ondan ötrü niyə ürəyini sıxırsan? Ala, bu biri balamı min!
Zümrüd dedi:
– Ala, mən də bu biri balamı verim sənə.
Aslan dedi:
– Al, bu da mənimki, götür, qurban olsun sənə!
Məlik Əhməd atı mindi, quş başının üstündə, aslanın balası yanında, üz qoydu yola. Elə bir az getmişdi ki, kəllə atılıb çıxdı bunun qabağına.
– Dayan, Məlik Cümşüd, görürəm başına gələn qəza-qədər sənin fəhmini qaraldıb. Bax mən sənə dediyim sular buradadı. Yenə birinci ağ suda çim, sonrakı qırmızı sudan yanaqlarına sürt, qara sudan qaşlarına, kirpiklərinə çəkib sonra gedərsən. Məlik Əhməd başa düşdü ki, qardaşı həmin bu yollardan keçib, bu şeyləri də eləyib. Atı vurdu, yola düşdü. Kəllənin dediklərinin hamısını eləyib qardaşı Məlik Cümşüdə lap oxşadı. Məlik Cümşüdü tanıyan adamlardan hankısı onu görsəydi, hökmən deyərdi ki, elə bu odu, lap elə bil ki, bir almaydılar yarı bölünmüşdülər.
Bəli, Məlik Əhməd kəllənin dediklərini eləyəndən sonra düzəldi yola. De az getdi, çox getdi, gedib yetişdi bir şəhərə. İçəri girəndə baxdı ki, bütün şəhər qara baydaqlarla bəzənib. Yol uzunu nə qədər adama rast gəldisə arvadlı-kişili hamısı qara geyinmişdi. Məlik Əhməd lap mat qaldı. Bazara çıxdı, baxdı ki, camaat bunu görcək qara baydaqları çıxardıb qırmızı baydaq asdı. Öz üstündəki qara paltarları tez çıxardıb hara isə üz tutub qaçırlar. Hamı qışqırır, bağırır. Məlik Əhməd səs-küyün içində ancaq bunu anlaya bildi ki, hamı deyir “vəliəhd gəldi”. Məlik Əhməd məsələni anladı. Bildi ki, onu qardaşı Məlik Cümşüdə oxşadırlar. Batdı fikrə ki, yaxşı, indi mən necə eləyim? Görəsən qardaşım burada nəçi imiş? Mən özümü burada necə qələmə verim? Elə bu fikirlə yavaş-yavaş atını sürürdü ki, bir də gördü, qabaqda qoşunun ucu açıldı. Demə padşaha muştuluq veriblər ki, kürəkənin gəldi, o da qoşunu, vəzir-vəkili yığıb kürəkəninin pişvazına çıxıb. Elə padşah Məlik Əhmədə çatcaq heç fürsət vermədi ki, o ağzın açsın, boynun qucaqlayıb üzündən-gözündən öpməyə başladı. Məlik Əhməd baxdı ki, qiyamət başqa qiyamətdi. Məlik Əhməd fikirləşdi ki, əgər mən işi açsam bəlkə qardaşımı tapmaq mümkün olmadı, elə yaxşısı budu, qoy elə bilsinlər. Odu ki, dedi:
– Heç zad canım, çıxmışdım ova, bir ceyrana rast gəldim, qovhaqov-qovhaqov belə yubandım.
De şəhər təzədən bəzəndi. Gəldilər barigaha. Axşamüstü idi. Bir az orda-burda söhbət-zad elədilər, tainki qaranlıq düşdü. Hərə öz mənzilinə çəkildi. Məlik Əhməd də öz dəyirəsinə gəldi. İçəri girdi, bir də gördü nə... dünya gözəli kimi bir qız durub evdə. Fikirləşdi ki, görəsən bu kim ola... Elə o bu fikirdəydi ki, qız özün atdı onun üstünə. Qollarını boynuna salıb başladı danışmağa ki, ay nə bilim indiyə kimi haradaydın? Niyə gedəndə mənə deməmişdin? Ay nə bilim az qalmışdım səndən sonra özümü öldürəm... Məlik Əhməd anladı ki, bu qardaşı Məlik Cümşüdün arvadıdı. Qaldı avara ki, indi bu nə eləsin? Arvad da ki, zalımın qızı elə hey deməzdən öpürdü. Öpüşün cütü bir qəpik, nisyə xərmən vaxtına. Qərəz, Məlik Əhməd bir təhər bunu sakitləşdirib bəhanə elədi ki, mənim yuxum gəlir, yatmaq istəyirəm. Tez soyunub girdi yerinə. Ancaq əvvəlkindən də böyük bir əngələ keçdi. Qız dinməz-söyləməz soyunub yıxıldı onun yanına. Bəli, işlər lap düzəldi.
Məlik Əhməd qılıncın qoydu ortalığa ki:
– Bax, bu qılıncdan bu yana keçməyəsən.
Qız dedi:
– Niyə?
Məlik Əhməd dedi:
– Onun səbəbini sonra deyərəm.
Qız Məlik Əhmədin bu hərəkətindən küsüb üzün döndərdi o yana, yatdı. Məlik Əhməd canı qurtardı. Səhər yuxudan durdular. Məlik Əhməd dedi, çıxım küçə-bacan bir dolanım, bəlkə qardaşımdan bir iz tapım. Elə bir az küçə ilə getmişdi, gördü ki, bir qarı əlində bir kağız durub ağlayır. Qarı bunu görcək başladı yalvarmağa ki:
– Ay bala, qürbətdə bir oğlum var, ondan kağız gəlib, bir adam tapmıram ki, bunu mənim üçün oxuya.
Məlik Əhməd kağızı aldı ki, oxuya, qarı o yana, bu yana baxıb dedi:
– Ay bala, bizi burada görüb səhər bir sicirrəmə söz qoşarlar, gəl həyətdə oxu!
Elə Məlik Əhməd həyətə girmişdi ki, qapı bağlandı. Gördü ki, bəli, düşüb tilsimə. Qarı əlində bir çubuq zahir oldu.
– De görüm, Gül Sənavərə neynədi, Sənavər Gülə neynədi?
Məlik Əhməd məəttəl qalıb dedi:
– Mən nə bilim?
Qarı onun başına bir çubuq vurdu.
– Onda sən də ol daş!..
Bu da qalsın burda, sənə kimdən xəbər verim, üçüncü qardaş Məlik Məhəmməddən. Məlik Məhəmməd gördü ki, qardaşı Məlik Əhməd də getdi, gəlib çıxmadı. Bir çox xahişdən, iltimasdan sonar atasından izin alıb düzəldi yola. Həmin yoldan gəlib keçəndə kəllə bunu da Məlik Cümşüdə oxşadıb dedi:
– Məlik Cümşüd, bu nədi? Yenə niyə bu hala düşdün?
Məlik Məhəmməd anladı ki, qardaşları bu yol ilə gediblər. De özün nişan verməyib fənd ilə kəllədən bütün əhvalatı öyrənib gəldi dərvişin qalaçasına. At bunu görcək soruşdu:
– Məlik Cümşüd, yenə balamı itirdin?
– İtirdim.
– Ürəyini sıxma, gəl min öz üstümə!
Bəli, Məlik Məhəmməd atın özünü mindi, aslanın özü də düşdü bunun yanına, zümrüd də oğlanın başının üstündə yola düşdü. Bu da kəllənin dediyi kimi sularda çimdi, gözünə, qaşına çəkdi, yanaqlarına sürtdü, başını yudu, gəlib axırda padşahın şəhərinə yetdi. Bunu da padşah gəlib pişvaz elədi. Bu da qılıncın ortaya qoyub gecəni yatdı. Səhər bazara gedəndə qarıya rast gəldi. Qarı nənə əlində kağız ağlayırdı.
Elə Məlik Məhəmmədi görcək aldadıb içəri saldı:
– De görüm, Gül Sənavərə neynədi, Sənavər Gülə neynədi?
Məlik Məhəmməd bir balaca fikirləşəndən sonra dedi:
– Mənə qırx gün möhlət ver! Qırx gündən sonra sənə deyərəm.
Qarı bunu daş eləməyib ötürdü. Məlik Məhəmməd çıxıb tükü tutuzdurdu, at, quş və aslan üçü də hazır oldular. Ata dedi:
– Götür məni Sənavər padşahın vilayətinə!
At dedi:
– Bu yol çox əziyyətli, qorxulu, tilsimli yoldu. Mən səni qırx günə aparıb gətirə bilmərəm. Yaxşısı budu, qoy səni zümrüd quşu aparsın. Məlik Məhəmməd yol üçün lazım olan şeyləri alıb özü də zümrüd quşuna minib qalxdılar göyə. Bir neçə gün sonra zümrüd quşu bir qala-çanın yanında düşüb, Məlik Məhəmmədi yerə qoyub dedi:
– Bax, Məlik Məhəmməd, Sənavər padşah indi bu qalaçada olur.
Al tükümü, qorxma, get, lazım olcaq yandırarsan, mən gələrəm.
Məlik Məhəmməd quşu buraxıb qalaçanın qapısını döydü. Soruşdular:
– Kimsən, kimi istəyirsən?
Dedi:
– Qəribəm, bu gecə Sənavər padşaha qonaq olmaq istəyirəm. Qapını açıb Məlik Məhəmmədi Sənavər padşahın yanına gətirdilər.
Baxdı ki, Sənavər qoca bir kişidi. Bəli, görüşdülər, xoş-beş, on beş Sənavər ondan soruşdu:
– Nə işin var, bala?!
– Qibleyi-aləm sağ olsun, mən Gül ilə sənin əhvalatını bilməkdən ötrü sənin yanına gəlmişəm.
Sənavər padşah gülüb dedi:
– Bala, məndən hər nə istəsəydin çox razılıqla sən verərdim. Amma bunu deyə bilmərəm. Bu bir sirrdi ki, bunu gərək bir Allah bilə, bir də mən.
Məlik Məhəmməd çox təvəqqe elədi, heç bir şey çıxmadı. Sənavər padşah razı olmurdu ki, olmurdu. Bir az söhbətdən sonra xörək gəldi. Məlik Məhəmməd baxdı ki, qabaqca ipək yorğan-döşəkdə bir it gətirdilər. Sonra qızıl qəfəsdə bir göyərçin gətirdilər. Xörəyi qabaqca qoydular itin qabağına. İt yeyib doyandan sonra, artığını qoydular göyərçinin qabağına. Göyərçin yemədi. Ondan sonra bir adam kəlləsi gətirdilər, bir ağacla onu döydülər. Göyərçin bunu görəndə yanıqlı bir ah çəkib başladı yeməyə. Məlik Məhəmməd lap qaldı məəttəl. Özünü saxlaya bilməyib Sənavər padşahdan soruşdu:
– Qibleyi-aləm, mən bu işə lap mat qaldım. Bu nə kəllədi? O nə itdi? O nə göyərçindi? Bu nə məsələdi?
Sənavər padşah gülüb dedi:
– Elə bunu sənə desəm, onda sən Güllə mənim əhvalatımı bilmiş olarsan. Bu it də, bu göyərçin də, bu kəllə d hamısı bu məsələdə olublar.
Məlik Məhəmməd dedi:
– Qibleyi-aləm, mənim marağım birə-beş artdı. Ölsəm də bu əhvalatı bilməmiş buradan gedəsi deyiləm.
Sənavər padşah dedi:
– İndi ki, belədi, mən bu əhvalatı sənə danışaram, ancaq bir şərtlə. O da budu ki, əhvalatı danışıb qurtarandan sonra səni öldürrəm.
Məlik Məhəmməd razı oldu. Sənavər padşah başladı:
– Mən qırx ölkədən bac-xərac alan bir padşah oğluyam. Bu Gül də mənim baş hərəmim idi. Mənim bir yaxşı atım var idi ki, həmişə ona kişmiş yedirdərdim. Amma nə qədər xərc qoyurdumsa bu günü-gündən dala gedib arıqlayırdı. Axır bir gün mehtəri çağırıb soruşdum ki, balam, bu ata mən bu qədər xərc qoyuram, bu niyə kökəlmir!
Mehtər cavabındı mənə dedi:
– Qibleyi-aləm sağ olsun, at haradan kökəlsin ki, gündüzlər yedirdib, gecələr səhərə qədər minirsən.
Mən fikrə getdim, necə yəni gecələr səhərə kimi minirsən. Mən gecələr atı minmirdim. Bunu minən kimdi? Ancaq bu barədə mehtərə bir söz deməyib onu mürəxxəs elədim. Fikrim bu idi ki, gecə mənim adımla mənim atımı minəni tutam. Ona görə də gecə özümü yuxuluğa vurub gözləyirdim ki, görüm mehtəri kim səsləyəcək. Gecənin bir vaxtı gördüm ki, arvadım Gül yavaşca yanımdan durdu. Mənə diqqətlə baxdı ki, görsün yatmışam, ya yox. Mən də bunu görüb özümü lap yuxuluğa vurdum. Elə bil ki, bir ildi yatmışam. Elə ki, Gül arxayın oldu mən yatmışam, mənim paltarımı geydi, qılıncımı çəkib üç dəfə başımın üstə silkələdi, sonra yavaşca qapıdan çıxdı. Baxdım ki, həyətdə mehtəri çağırır.
– Mehtər, atı ver!..
Mehtər atı gətirdi. Özü də yazıq deyirdi:
– Görürsənmi qibleyi-aləm, gecələr belə minirsən, səhər də məni danlayırsan ki, at niyə arıqlayır? Ta mən başıma nə kül töküm?
Arvadım Gül bunun sözlərinə qulaq asmayıb, heç bir cavab da verməyib atı minib yola düzəldi. Mən də yallah, bunun dalınca... Gethaget, gedib bir dağa çıxdıq. Dağın dibində Gül atdan düşüb bağladı, özü girdi bir mağaraya. Mən də onun dalınca özümü mağaraya soxub qaranlıq bir bucaqda gizləndim. Haman ipək yorğan-döşəkdə gördüyün bu it mənim yanımca evdən gəlmişdi. Baxdım ki, mağarada yekə bədənli bir lotu əyləşib, özü də bir kifirin biri. Gül özün verdi lotunun yanına. Lotu heç ona fikir də vermədi. Gül qarabaş kimi bir az qapıda durdu, durdu, axırda qabağa gedib qolun lotunun boynuna saldı. Lotu onu itələyib yıxdı yerə, qışqırdı üstünə ki:
– İndiyə kimi hansı cəhənnəmdəydin?
Gül ağlaya-ağlaya onun qabağında diz çökdü ki:
– Vallah, indicə yuxuya verib gəlmişəm.
Lotu ona bir sillə vurdu. Gül ona yalvarmağa başladı. Düzü bu mənə çox ağır gəldi. Mən Sənavər padşah olum, mənim baş hərəmimi bir itin birisi sillə ilə vursun. Lotu ilə əlbəyaxa olduq. Az qalmışdı ki, lotunu yıxam, bir də baxdım ki, öz arvadım Gül lotuya kömək eləyir ki, məni öldürsün. Bu hində həmin it mənim harayıma çatdı. Daldan lotunu yırtıb mənə kömək elədi. Lotunu öldürdük, Gülü də götürüb evə gəldim. Elə qapıya yetişəndə Gül xapdan mənim başıma ağac vurub dedi:
– İndi ki, sən mənim sevgilimi öldürdün, ol it!
Mən oldum qotur bir it, düşdüm küçələrin canına. İki gün ac küçəbacanı gəzdim. Axırı sümsünə-sümsünə gəlib bir qəssab dükanının qabağına çıxdım. Deyəsən qəssabın mənə yazığı gəlirdi. Ancaq mənə nə qədər sümük atdısa itlər boğub əlimdən aldı. İtlikdə heç əlim yox idi, açıq görürdüm ki, belə getsə mən iki-üç günə acından ölərəm. Gözlədim, qəssab axşam dükanı bağlayıb evinə gedəndə mən də düşdüm onun dalına. Gedib yetişdik, qəssab girdi həyətə, mən də onun dalınca. Qəssabın qızı oturmuşdu həyətdə. Elə mən həyətə gircək saçlarını üzünə töküb qışqırdı.
– Dədə, bu naməhrəm kişini niyə həyətə gətiribsən?
Qəssab o yana, bu yana baxıb məəttəl qalmışdı ki, naməhrəm kişi kimdi?
Qız dedi:
– Dədə, bu it Sənavər padşahdı.
– Ay qız, kəs səsini! O nə sözdü? Sənavər padşah eşidər, dərimizə saman təpər.
– Vallah, bu Sənavər padşahdı. Bunu yəqin arvadı Gül bu hala salıb. Mən bu saat bunu sağaldaram.
Bunu deyib qız bir kasa su gətirdi, bir əfsun oxuyub pilədi suya, tökdü mənim başıma. Sonra çubuqla məni vurub dedi: “ol Sənavər padşah”. Mən oldum Sənavər padşah, qayıtdım evə, gəldim qapıya, evə gircək Gül məni gördü, əlindəki çubuqla məni vurub dedi:
– Ol eşşək.
Mən oldum eşşək. Elə küçəyə çıxcaq bir rəncbər kişi, məni sahibsiz görüb tutdu. Axşama qədər mənə küləş daşıtdı. Belim ta lap yağır olmuşdu. Axşam bir təhər əkilib yenə özümü qəssabın dükanına yetirib düşdüm onun dalına. Bəli, qəssab da məni sahibsiz görüb kəmalehtiramla qıçların aşırdı üstümə, evinəcən məni mindi. Həyətə girəndə qız yenə məni tanıdı. Yenə əfsun oxuyub, məni əvvəlki halıma qaytardı. Özü də dedi:
– Əgər bu dəfə də Gül fürsət tapıb səni heyvandan-zaddan eləsə, ta sənin dərmanın yoxdu, ala bu çubuğu, bu dəfə də sən çalış onu bir şey elə!
Çubuğu alıb evə gəldim. Qapını döydüm. Elə Gül çıxcaq fürsət verməyib çubuqla onun başından vurdum. Ancaq ürəyimdən gəlmədi ki, onu başqa heyvan eləyim, dedim, “ol göyərçin!” sonra padşahlıqdan əl çəkib bunları da götürüb çəkildim bu qalaçaya. İndi qabaqca xörəyi verirəm itə, it doyandan sonra artığını verirəm ona. Yemək istəmir, onda mən də o lotunun kəlləsini döydürürəm. O kəllənin döyülməyinə tab eləyə bilməyib xörəyi yeyir. İndi bala, bil, gör, Gül Sənavərə neynəyib, Sənavər Gülə neynəyib?..
Oğlan dedi:
– Sağ ol, indi ixtiyarın var məni öldürəsən. Ancaq izin ver çıxım dəstəmaz alım, gəlim iki rükət namaz qılım, sonra.
Sənavər padşah razı oldu. Bilirdi ki, qalaçanın divarları uca, qapısı da bağlı, oğlan heç bir yerə qaça bilməyəcək. Məlik Məhəmməd çıxdı qalaçanın həyətinə, quşun tükün tutuzdurdu. Quş gəldi, minib qalxdı göyə. Qırxıncı gün qarı bir də gördü ki, bir şey gurultu ilə düşdü həyətə. Çıxıb gördü Məlik Məhəmməddi. Məlik Məhəmməd bütün Sənavər padşahdan öyrəndiklərini bizim bildiyimiz kimi ona danışdı. Qarı dedi:
– Mən bunu öyrənmək üçün minlərcə adamları daş eləmişəm. İndi ki, sən öyrənib mənə dedin, ala hamısını dirildim verim sənə. Ancaq Sənavər Gülü elə elədisə, gör indi Gülün bacısı Sənavərin başına nə işlər gətirəcək...
Qarı bir əfsun oxudu, daşlar hamısı oldu adam. Məlik Məhəmməd qardaşların tapdı. Gəlib Məlik Cümşüdün arvadın da götürüb öz vilayətlərinə getdilər.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo