Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Cırtdan

Biri varmış, biri yox imiş, bir qoca qarı var imiş. Bu qarının bir balaca oğlu var imiş. Bu uşaq o qədər balaca imiş ki, buna Cırtdan diyərlərmiş. Bir gün Cırtdan gördü ki, qonşuların uşaqları meşəyə oduna gedirlər. Gəlib anasına deyir, ay ana, uşaqlar ilə mən də oduna gedəcəyəm.
Qarı uşaqları çağırıb hər birinə bir parça yağ yaxması verib, Cırtdanı onlara tapşırdı.
Uşaqlar meşəyə gedib odun topladıqdan sora görürlər ki, Cırtdan odun toplamayır, ona deyirlər:
– A Cırtdan, sən niyə odun toplamayırsan?
Cırtdan cavab verir:
– Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu toplayasınız.
Uşaqlar bunun da odununu toplayırlar və sora hər kəs öz odununu yükləyib yola düşmək istəyəndə gördülər ki, Cırtdan oturub baxır.
Buna deyirlər:
– A Cırtdan, sən niyə odununu yükləməyirsən?
Cırtdan cavab verdi:
– Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu gətirəsiniz.
Uşaqlar əlacsız qalıb bunun da odunun gətirirlər. Bir az yol getdikdən sora görürlər ki, Cırtdan geridə qalıb ağlayır. Buna deyirlər:
– A Cırtdan, niyə ağlayırsan?

Cırtdan cavab verdi:
– Yorulmuşam, anam sizə yağ yaxması verdi ki, mən yorulanda məni də dalınıza götürəsiniz.
Uşaqlar əlacsız qalıb bunu da dallarına götürürlər. Bir xeyli yol getdikdən sora axşam olur, qaranlıq qavışanda yolu azırlar. Meşədən çıxanda baxıb görürlər ki, bir səmtdə it hürür və bir səmtdən işıq gəlir.
Onda Cırtdana deyirlər:
– Ay Cırtdan, it hürən səmtə gedək, yoxsa işıq gələn səmtə?
Cırtdan cavab verdi:
– İt hürən səmtə getsək it bizi yeyər. İşıq gələn səmtə gedək, bəlkə yolu tapaq.
Uşaqlar işıq gələn tərəfə gedib bir devin evinə çıxırlar. Dev bunları görəndə sevinir və öz-özünə deyir:
– Yaxşı oldu, gecə bunları bir-bir yiyərəm.
Bunları gətirib evdə oturtdu və uşaqlara bir az çörək yedirdib yatırdır. Gecədən bir az keçəndən sora dev uşaqların birini yemək istəyir və uşaqların yatıb-yatmadığını bilmək üçün deyir:
– Kim yatmış, kim oyaq?
Bu səsi eşidəndə tez Cırtdan başını qaldırıb deyir:
– Hamı yatmış, Cırtdan oyaq.
– Cırtdan nə üçün oyaq?
– Çünki anası hər gecə ona qayğanaq bişirib yedirib yatırardı.
Dev qalxıb tez qayğanaq bişirib, yedirdib yatırtdı, bir qədər keçəndən sora dev yenə soruşdu:
– Kim yatmış, kim oyaq?
Genə də Cırtdan başını qaldırıb deyir:
– Hamı yatmış, Cırtdan oyaq.
– Cırtdan nə üçün oyaq?
– Çünki hər gecə anası gedib çaydan ona xəlbirdə su gətirərdi. Bu sözü eşitdikdə, dev qalxıb bir xəlbir götürüb çaya su gətirməgə gedir.
Cırtdan da tez yoldaşlarını qaldırıb deyir.
– Bu dev bizi yemək istəyir, qalxın qaçaq.
Uşaqlar tez qaçırlar və vurub çaydan keçirlər.
Bu tərəfdən dev xəlbiri nə qədər suya salıb qadırırsa, görür xəlbirdə su qalmadı. Axırda təngə gəlib qayıtmaq istəyirdi, bir də baxıb gördü ki, uşaqlar çayın o tərəfində gedirlər. İstədi sudan keçib uşaqların dallarınca getsin, sudan keçə bilməyir və axırda uşaqları səsləyir:
– Ay uşaqlar, sudan nətər keçdiniz?
Tez Cırtdan cavab verdi:
– Get, bir dənə dəyirman daşı tap boynuna keçir, ondan sora keçərsən.
Dev Cırtdanın sözünə inanıb gedib bir dəyirman daşı tapıb boynuna keçirir. Özünü suya salır və suda boğulub ölür. Uşaqlar səlamət evlərinə qayıdırlar.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo