top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Üç şahzadə

Biri var idi, biri yox idi, bir padşah var idi. bu padşah çox pul xərcləyib oğlanlarını oxutmuşdu. Oğlanlar öz zamanlarının dərslərini rəvan eləyib elm dəryası olmuşdular. Günlərin bir günündə xəbər çıxdı ki, oğlanlar dərslərini qurtarıb gəlirlər. Di şəhər bəzəndi, dəsgah... Oğlanlar gəldilər. Bir neçə gün keçəndən sora, padşah bir gecə böyük oğlunu yanına çağırıb, dedi:
– Oğul, daha oxuyub dərsinizi qurtardınız, elə mən də qocalmışam.
İstəyirəm sabahdan padşahlığı verəm sənə, ortancıl qardaşını sənə vəzir, kiçik qardaşını da vəkil təyin eləyirəm.
Oğlan doğrudan da çox ağıllı oğlan idi, dedi ki:
– Dədə, mən təzə gəlmişəm. Bütün ömrümü qürbətdə keçirmişəm.
Ona görə də camaatı, vilayəti necə dolandırmaq lazımdı, hələ bacarmaram.

Padşah oğlundan heç belə cavab gözləmirdi. Elə ki, bunu eşitdi, dedi:
– Get, ancaq qardaşlarına bu barədə heç bir söz demə!
Belə deyib oğlunu mürəxxəs elədi. Sabahı gecə ortancıl oğlunu çağırıb dedi ki:
– Oğul, istəyirəm padşahlığı verəm sənə, böyük qardaşını vəzir, kiçiyi də vəkil təyin eləyəm.
Oğlan dedi:
– Yox, bunu mən qəbul eləmərəm. Məndən böyük qardaşım var, padşahlıq ona verilməlidi. O, dura-dura mən padşah olmaram.
Padşah bunu da mürəxxəs eləyib tapşırdı ki, qardaşlarına bir söz deməsin.
Üçüncü gecə kiçik oğlunu çağırıb ona da həmən sözləri dedi, o da cavab verdi ki:
– Böyük qardaşım dura-dura mən padşahlığı qəbul eləmərəm.
Padşah bunu da mürəxxəs eləyib tapşırdı ki, qardaşlarına bu barədə heç bir söz deməsin. Qardaşlar üçü də bu işdən pəjmürdə olmuşdular.
Axırda özlərini saxlaya bilməyib məsələni açdılar. Baxdılar ki, padşah üçünə də həmən sözləri deyib. Fikirləşdilər ki, indi ki biz onun sözünü rədd eləmişik, bizə bundan sora pis nəzərnən baxacaq. Yaxşısı budu ki, biz də hələlik hirsi soyuyanacan çıxaq səyahətə.
Di padşaha adam göndərdilər, padşah razılıq verdi. Tədarük görüldü, lazım olan şeylər hazırlandı, oğlanlar üçü də dədələrinin görüşünə gəldilər. Padşah böyük oğlunun alnından öpüb dedi:
– Get, oğul, ancaq yadında qalsın, qabağına çıxan qisməti təpikləmə...
Ortancıl oğlunun alnından öpüb dedi:
– Gördün ki, bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə!
Kiçik oğlunun alnından öpüb dedi:
– Həmişə dara düşəndə qocaların məsləhətinə qulaq as!
Oğlanların üçü də görüşüb, atları minib yola düşdülər. Gəlib yetişdilər bir özgə padşahın vilayətinə. Bir neçə vaxt qaldılar burda, bunların kamalları şəhərdə hamını heyran elədi. Bu şöhrət axırda gedib bu məmləkətin padşahına çatdı. Padşah bunların üçünü də qonaq çağırdı.
Di bir az söhbət eləyəndən sora yemək gəldi. Padşah ayağa qalxıb dedi:
– Mən ac deyiləm, siz özünüz necə ki kefinizdi yeyin, məni bağışlayın!
Padşah bunu deyib o biri otağa keçdi. Onun məqsədi ayrı idi. O istəyirdi ki, onları tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı qızarmış quzudan bir az kəsib elə ağzına qoycaq tüpürdü yerə. O biriləri soruşdular ki:
– Nə olub!
Böyük qardaş üzünü turşudub dedi:
– Bu quzu əti deyil, it ətidi.
Padşah bunu eşidib hirsləndi ki, onlar necə cəsarət eləyib onun ətini it ətinə oxşadırlar. Elə istəyirdi ki, girib onları tutdursun, bu halda ortancıl qardaş əlini uzatdı şəraba. Şərabdan bir stəkan töküb ağzına yaxınlaşdırcaq, tüpürdü yerə.
Soruşdular:
– Nə oldu?
Dedi:
– Bu şərab deyil, insan qanıdı.
Kiçik oğlan dedi:
– Yaxşı, aşbazdan əmələ gəlmiş bicdən daha bundan artıq nə gözləmək olar ki?
Padşah bunu eşidəndə lap dəli oldu. Az qaldı ki, hirsindən bağrı çatlasın. Bir istədi ki, üçünün də boynunu vurdura. Ancaq bir az fikir eləyib öz-özünə dedi:
– Yaxşısı budu, çağırım bir aşbazdan, şərabçıdan soruşum, sora.
Çağırdı aşbazı:
– De görüm, bu gün bişirdiyin quzunu haradan almışdın?
Aşpaz dedi:
– Şah sağ olsun, çoban sürüdən gətirmişdi.
Padşah əmr elədi, çoban gəldi.
– Bu quzunu haradan gətirmişdin?
– Şah sağ olsun, sürüdən.
– Çoban, bu quzudan it əti tamı gəlir, bir əməlli fikirləş!
Çoban bu sözü eşidəndə başladı yarpaq kimi tir-tir titrəməyə.
Padşah dedi:
– Qorxma, de görüm bu nə işdi?
Çoban dedi:
– Padşah sağ olsun, həmən quzu anadan olandan iki gün sora anasını qurd parçalamışdı. Biz fikirləşdik ki, ta bu böyüyüb bizə qoyun olmayacaq.
Odu ki, ötürdük başına. Elə çəpindən həmən otlaqda bizim, üzdən iraq, itimiz də qancıqlamışdı. Bir gün mən gəlib gördüm ki, həmən quzu iti əmir, ta buna heç fikir vermədim. Siz indi it ətinin tamı deyəndə yadıma düşdü, o yəqin o quzu olacaq.
Padşah baxdı ki, böyük oğlanın dediyi doğru çıxdı. Onu mürəxxəs eləyib çağırdı şərabçını. Soruşdu ki:
– Bugünkü şərabı hardan gətirmişdin?
– Meyxanadan, qibleyi-aləm sağ olsun!
– Bu şərab haranın üzümündəndi?
– Güllü bağın.
– Bu bağı kim saldırıb?
– Sənin rəhmətlik atan.
– Bilmirsən, o bağın yeri qabaqca nə imiş?
– Şah sağ olsun, o bağın yeri qabaqca qəbiristanlıq idi. Sənin rəhmətlik atan oranı sökdürüb üzüm bağı elədi.
Padşah baxdı ki, ortancıl oğlanın dediyi də doğru çıxdı. Öz-özünə fikirləşdi, yaxşı, bunlar doğru oldu. Amma xırdanın hökmən boynunu vurduracağam. Çünki mən heç vəchlə aşbazdan əmələ gəlmiş bic deyiləm.
Atam bəlli, anam bəlli. İstədi cəlladı çağıra, sora fikirləşdi, yaxşı bunların ikisinin də sözü düz çıxdı. Bəlkə elə bu da düzdü, oldu oldu da... Qoy bir anamdan soruşum.
Qılıncı çəkib girdi anasının yanına ki:
– Ana, düzünü de görüm, mənim atam kimdi?
Arvad dedi:
– Buy, bala, bu nə sözdü? Sənin atan bu vilayətin padşahı Aslan şah. Bu sözdü soruşursan?
– Yox ana, düzün deməsən, bax bu qılıncdı sənin canın. Mənə deyiblər ki, mən padşah oğlu deyiləm, aşbaz oğluyam.
Arvad gördü ki, iş xarabdı, kimsə əhvalatı bilib, ona xəbər verib.
Ona görə də çar-naçar əhvalatın düzünü açıb deməyə vadar oldu. Dedi:
– Bala, indi ki, bilirsən, bil, ta Allahdan gizlin deyil, səndən nə gizlin. Mənim həmişə qızım olurdu, heç oğlum olmurdu, Aslan şah da oğlan istəyirdi. Bir gün yenə Allahın məsləhəti ilə mənim vədəm keçdi. Sancım başlayan günü şah mənə dedi ki, əgər bu dəfə də qızın olsa səni öldürəcəyəm. İşin çəpindən uşaq yenə qız oldu. Mən düşdüm qarın ağrısına. Mənim bir yaxşı dayəm var idi. Gəlib gizlincə mənə dedi ki, bu gecə aşbazın bir oğlu olub, gəl uşaqları onunla dəyişdirək.
Sən həmən o uşaqsan.
Padşahın gözləri heyrətindən bərəlib lap dörd oldu.
– Bəs mənim əsil atam, anam necə oldu?
– Sənin əsil atan, anan da, mənim əsil qızım da o böyük taunda öldülər.
Padşah daha heç bir söz deməyib çıxdı. Lap mat qalmışdı. Oğlanların dediklərinin hamısı doğru olmuşdu. Birbaş gəldi oğlanların yanına, əyləşdi, başladı söhbətə:
– Mən buna lap mat qalmışam. Siz çörək yeyəndə mən qapının deşiyindən qulaq asırdım. Sizin sözlərinizin hamısını eşitdim.
Oğlanlar qızardı.
Padşah dedi:
– Yox, qızarmayın! İş ondadı ki, dedikləriniz lap düz çıxdı. İndi mən bir şeyə mat qalmışam ki, siz bunları haradan bilirsiniz?
Böyük oğlan dedi:
– Şah sağ olsun, mən quzunun ətindən yeyəndə dedim ki, bu it ətidi. Çünki gördüm ki, bu qoyun əti tamı vermir. Demək bu başqa heyvan olacaq. Sürüdə də itdən başqa heyvan olmaz. Odu ki, dedim bu yəqin it əti olacaq.
Padşah ortancıla dedi:
– Yaxşı, hələ sən hardan bildin ki, şərab insan qanıdı?
– Şah sağ olsun, mən şərabı ağzıma alcaq məni bir cür iy basdı.
Mən ondan bildim ki, bu insan qanı olacaq.
Padşah üzünü tutdu kiçik oğlana ki:
– Yaxşı, bəs sən niyə hələ elə başından yekə qələt elədin?
Oğlan dedi:
– Şah sağ olsun, düzdü, mənim dediyim yaxşı söz deyil. Ancaq iş ondadı ki, elə deyəsən elədi ki, var. Axı hərçənd ki, biz sənə demişik ki, biz tacir oğluyuq, amma yalan demişik. Biz səndən də böyük padşahın oğluyuq. Bizim atamız gələn qonaqlarla oturar, durar, söhbət edər, amma heç xörək haqqında danışmaz. Amma sənin söhbətin elə bu barədə oldu ki, ay nə bilim küftəbozbaşı belə bişirirlər, dolmanı belə bişirirlər, plovun yağını nə vaxt tökərlər, qayğanağın şirəsini nə vaxt vurarlar. Mən gördüm ki, sən xörəkdən başqa heç bir söhbət eləmirsən, fikirləşdim ki, yəqin bunun aşbazla bir qarışığı var.
Gecə padşah böyük oğlanı çağırıb dedi:
– Oğlan, görürəm sən bir ağıllı, kamallı oğlansan. Mən də qocalmışam.
Övlad qismindən yaxşı bir qızım var. Gəl elə onun kəbinini kəsdirim sənə, padşahlığı da verim sənə, mən bu qoca vaxtımda bir az rahatlanım.
Oğlan məsələni qardaşlarına açdı, onlar razı olmadılar.
Böyük oğlan dedi:
– Yox, dədəm mənə deyib ki, qabağına çıxan qisməti təpikləmə!
Bu bir qismətdi ki, mənim qabağıma çıxıb. Mən qalacağam.
Atalarının sözü onların da yadlarına düşdü. Hamısı razılaşdılar. Qırx gün, qırx gecə toy elədilər, padşah qızı da, tacı da verdi oğlana. Qardaşları bununla görüşüb yola düşdülər. Bir neçə gün gedəndən sora gəlib iki yolun ayrıcına çatdılar. Öpüşdülər, görüşdülər, ortancıl oğlan bir yolnan, kiçik oğlan da bir yolnan getməyə başladılar. Kiçik oğlan getməkdə olsun, biz görək ortancıl oğlanın başına nə gəldi.
Ortancıl oğlan gedib, gedib bir şəhərə çatdı. Şəhərin meydançasına çatanda gördü ki, camahat yığılıb divara vurulmuş bir şəklə baxırlar.
Yaxınlaşdı, baxdı ki, bir qız şəklidi. Amma qız nə qız... Elə bir qızdı, elə bir qızdı ki, yemə-içmə, xətti xalına, gül camalına tamaşa elə!
Orada duranlardan birinə yanaşıb soruşdu:
– Qardaş, bu nə şəkildi?
– Yəqin ki, sən bu şəhərə təzə gəlmisən?
– Bəli.
– Bu bizim padşahın qızının şəklidi.
– Bəs bura niyə vurublar?
– Ərə vermək üçün.
Oğlan bir könüldən min könülə vuruldu bu qıza. Soruşdu ki:
– Bəs yaxşı, axı mən anlamıram, bunu bura niyə vurublar? Niyə alan yoxdu ki, belə müştəri axtarırlar?
– Yox, istəyən çoxdu. İndiyə kimi bir çox pəhləvanlar, bir çox şahzadələr gəlib bu qızı istəyiblər. Ancaq burada gizlin bir sirr var ki, o qızı istəmək üçün saraya girənlərin biri də qayıdıb eşiyə çıxmır. Bu saat bütün bu şəhər camahatı bu qıza aşiqdi. Ancaq bu işin qorxusundan bir adam cəsarət eləyib elçi göndərə bilmir.
Oğlan dedi:
– Bu qızı mən alacağam.
Kişi gülümsünüb dedi:
– Yazıqsan, oğlan! Sən yaxşı bir cavansan, özünə hayıfın gəlsin, bu sevdadan vaz keç!
Oğlan dedi:
– Yox, hər nə təhər olsa, mən gərək bu qızı alam.
Kim ona nə dedisə, beyninə girmədi. Sabahısı günü düz birbaş getdi padşahın yanına.
– Padşah sağ olsun, mən gəlmişəm sənin qızını almağa.
Padşah çox razılıqla onu qəbul elədi. Ancaq dedi ki:
– Doğrudu, axırda bir oğlan bir qızın, bir qız bir oğlanındı. O da doğrudu ki, mənim qızım mənim sözümdən çıxmaz. Ancaq mən onun sorakı bədbaxtlığına bais olmaq istəmirəm. Sən çox da mənim xoşuma gəlirsən. Bəlkə heç qızın xoşuna gəlməyəcəksən. Ya elə qız özü sənin xoşuna gəlməyəcək. Mənim şərtim budu. Səni sabah qızımnan ötürərəm bir otağa. Orda bir-iki saat bir-birinizlə söhbət edərsiz. Əgər ikiniz də bir-birinizi bəyənsəniz, ondan sora baş üstə!
Oğlan bu təklifə lap ürəkdən razı oldu. Özü də çox şad oldu. Daha bundan yaxşı nə ola bilər ki?..
Sabahısı oğlanı gətirdilər qızın otağına. Qız nə qız, huri mələk.
Şəkildəkindən beş qat gözəl, şəhla gözlü, şirin sözlü, hilal qaşlı, balınc döşlü, fındıq burunlu, açıq alınlı, güləbətin ətəyi, dili bal pətəyi, dişləri siçan dişi kimi, ta nə deyim, gəl məni gör, dərdimdən öl...
Oğlan huş-bihuş yerində dayandı. Nazənin məxmər döşəyin üstündən qalxıb süd kim, ayaqlarını fərşin üstünə basa-basa oğlana tərəf gəlməyə başladı. Oğlan ta lap özünü itirdi. Elə handa-handaydı ki, yıxılsan, şümşad qollar Hindistan ilanı kimi dolandı oğlanın boynuna.
Oğlan ayıldı, tez dala çəkildi, qız irəlilədi. Qız güclə onu qucaqlamaq istəyirdi. Oğlanın gözləri kəlləsinə çıxmışdı. Elə az qalırdı ki, qucaqlayıb o gülab süzülən dodaqlardan doyunca özünü sirab eləsin, birdən atasının sözü yadına düşdü: “Gördün ki, bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə!..”.
Oğlan elə bil ki, yuxudan ayıldı. İlan vurmuş adamlar kimi yerindən tullanıb, dala qaçdı. Qız qovdu, oğlan qaçdı, qız qovdu, oğlan qaçdı, axırda oğlan gördü ki, yox, bunun əlindən qurtarmayacaq, özün vurdu qapıya, qapı da bağlı. Çəkildi dala, qız hən-hün eləyib bunu tutuncan oğlan qapıya bir təpik çəkdi, qapı sındı. Oğlan bayıra tullandı. Baxdı ki, əlində yalın qılınc bir adam orda hazır durub, yıxılıb özündən getdi.
Bu əhvalatdan üç gün keçmiş oğlan yuxudan ayılıb özünü ipək yorğan-döşəkdə gördü. Yanında da bir çox dava-dərman var idi. Baxdı ki, başı yaman ağrıyır. Əlini atdı başına, gördü ki, başını səritdiyib bağlayıblar. Lap məhətdəl qaldı. Bu vaxtı bir də nə gördü? Qız barmaqlarının ucunda yavaş-yavaş girdi evə. Daha bu halı necə ki, lazımdı deyə bilmirəm. Həftə keçdi, gün keçdi, oğlan yaxşı oldu. Ta bir adama ki, öz məşuqəsi dava-dərman verə, bir naxoş ki, öz yari-nazəninin əlindən dərman içə, əlbət ki, sağalar. İndi yavaş-yavaş oğlan başlamışdı gəzməyə.
Bir gün yenə oğlan qızla oturmuşdular bağda, padşah gəldi bunların yanına. Oğlan ondan soruşdu:
– Şah sağ olsun, mən axı bir şeyə məhətdəl qalmışam. Mən yıxılan günü, əlində qılınc qapıda durub məni qorxudan kim idi.
Padşah gülüb dedi:
– Mən qızımı bir halal süd əmmiş, namuslu adama ərə vermək istəyirdim. Ona görə də belə götürmüşdüm, kim mənim qızımı gəlib istəyirdisə, mən onu salırdım qızımın yanına. Özüm də əlimdə qılınc qapının deşiyindən baxırdım. Qıza da tapşırmışdım ki, oğlanla mazaq eləyib onu dingildətsin, necə ki, sən özün də bunu gördün. Elə ki, qız belə eləyirdi, oğlanın əlbəhəl halı dəyişib ayrı fikirlərə düşürdü. Əlbəhəl namussuz adam olduğunu bilirdim. Mən də əlimdəki qılıncla başın bədənindən ayırıb, yer üzünü belənçik nakəslərdən təmizləyirdim.
Amma sən doğrudan da halal süd əmmiş adamsan. Çünki qız nə qədər sənə soxuldusa, sən qaçdın.
Oğlan dedi:
– Çünki mənim atam mənə vəsiyyət eləyib ki, “elə ki, gördün bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə”.
Padşah toy eləyib qızı verdi ona, padşahlığı da ona tapşırıb qoca günlərində hərəmxanasına çəkildi. Bu da burda öz keyfində olsun, biz görək kiçik oğlan nə oldu.
Kiçik oğlan gedib-gedib bir şəhərə yetişdi. Bir gün şəhəri gəzəgəzə lap çıxdı qırağa. Qabağına bir gözəl dam-daş çıxdı. Evin pəncərəsindən bir qız baxırdı ki, getmə gözümdən, gedərəm özümdən.
Oğlan bir ürəkdən min ürəyə qıza elə vuruldu ki, heç Məcnun da bu boyda vurulmamışdı. Axşamacan qaldı orda. Gecə çıraqlar yanandan sora gəldi şəhərə, amma elə fikri ordaydı. Gecə düşdüyü hücrədəki yoldaşına dərdini açdı. O adam əhvalatı buna danışdı.
Deməginən bu qız padşahın qızı imiş. Padşah onu kimə vermək istəyibsə qız getməyib, ona görə də padşah onu dədə malından məhrum eləyib, evindən qovub. O da həmən o dam-daşı tikdirib, özün də tilsimbənd eləyib oturdub orda. İndi o tilsimi açmağa nə qədər pəhləvanlar gəlibsə, düşüb qalıblar orada.
Oğlan dedi:
– Mən o qızı alacağam.
Səhər getdi padşahın yanına. Padşah onu lap yaxşı, ürəyi istəyən kimi qəbul eləyib dərdini soruşdu, oğlan öz fikrini dedi:
Padşah dedi:
– Mən lap ürəkdən buna şadam. Ancaq, vallah, onun ixtiyarı mənim əlimdə deyil. O olub bir çəpəl sehrkun.
Oğlan dedi:
– Mən onun tilsimini sındıraram. Ancaq necə ki, sən onun atası, başının sahibi, əvvəl sənin yanına gəlmişəm.
Oğlan ordan çıxıb soraqlaşdı, öyrəndi, bu şəhərdə lap qoca bir adam tapıb onun yanına getdi. Qoca ona dedi:
– Bala, o tilsimi sındırmaq üçün bircə yol var. O da budu ki, qızın iki qarabaşı var. Bunlar həftədə bir gün gəlib bazardan lazım olan şeyşüy alıb aparırlar. O qarabaşlardan birini gərək pul gücünə aldadıb tilsimin sirrini öyrənəsən.
Oğlan gedib kəsdi bazarın yolunun üstünü. Qızları axır ki aldadıb, tilsimin sirrini öyrəndi. Sabahısı gedib padşaha məlum elədi ki, mən bu gün tilsimi sındıracağam.
Bunu deyib üz qoydu şəhərin qırağına, qızın dam-daşına tərəf. Şəhərin əhalisi əhvalatı eşidib yığışdılar bura. Oğlan altdan geyinib üstdən qıfıllandı, iki şaqqa ət götürüb girdi evə. Baxdı ki, qarabaşların dediyi kimi pilləkanın qabağında bir aslan, bir də qaplan bağlanıb. Qızların öyrətdiyi kimi ətin bir parçasın aslana, o birini qaplana atdı, ayaq qoydu pilləkana. Qapıdan keçəndə göydən asılmış sehirli qılınc aşağı endi. Tez yanındakı divarda duran düyməni basdı. Qılınc sındı, düşdü yerə. Girdi evə. Baxdı ki, hər tərəf od alıb yanır. Odun içindən də bir əjdəha buna həmlə eləyir. Qızların öyrətdiyi kimi özün atdı əjdahanın üstünə. Yapışıb boğazından onu boğdu. Hər tərəfi tüstü bürüdü. Tilsim sındı. Camahat çöldə durub oğlana heyfsilənirdilər. Bir də gördülər ki, oğlan budu qız qucağında çıxdı eyvana. Camahatdan bir gurultu qopdu ki, nə təhər. Qız düşdü, gəldi atasının bərabərinə. Onun əlindən öpüb dedi:
– Ata, sən məni yoldan keçənə vermək istəyirdin, mən də buna razı deyildim. İndi bu oğlan, deyəsən, elə mən axtardığımdı. Sən izin versən, mən bu oğlana üç sual verərəm, cavablarını qaytara bilsə, gedərəm buna.
Padşah razı oldu. Qız oğlana dedi:
– İndi get, mənim sorğularımı gözlə!
Sabahısı gün qız oğlana bir zümrüd göndərdi. Oğlan getdi bazara, bir dənə zəbərcəd alıb qoydu bunun yanına, qaytardı dala. O biri gün qız oğlana bir dənə almaz göndərdi. Oğlan almazı bir daş altdan, bir daş üstdən qoyub əzdi, bir dəsmala bağlayıb qaytardı dala. Üçüncü gün qız oğlana bir brilyant göndərdi. Oğlan gedib bazara, ondan da qiymətli brilyant aldı, iki dənə də yaqut, hamısını bir yerdə göndərdi qıza.
Qız atasına xəbər göndərdi ki, oğlan suallara cavab verib. Kəbin kəsildi, toy oldu. Elə ki, toy qurtardı, padşah oğlanı da, qızı da yanına çağırıb soruşdu:
– Yaxşı, iş qurtardı, indi sən mənə de görüm, bu tilsimi necə sındırdın?
Oğlan dedi:
– Mənə atam tapşırmışdı ki, çətinliyə düşəndə qoca adamların məsləhətinə qulaq as! Odu ki, mən də bir qoca tapıb onun məsləhətiynən tilsimi sındırdım.
Padşah üzünü qızına tutub dedi:
– Bəs sən nə sual verdin, o sənə nə cavab verdi?
Qız dedi:
– Mən birinci dəfə ona bir dənə zümrüd göndərdim ki, mən atamanam üçün zümrüd kimi bahalıyam, sən məni ala bilməzsən.
Oğlan dedi:
– Mən sənin fikrini anladım. Odu ki, bir dənə zəbərcəd alıb göndərdim ki, çox da qoltuqların şişməsin. Elə mən də atam-anam üçün zəbərcəd kimi qiymətliyəm.
Qız dedi:
– Mən ikinci dəfə bir almaz göndərib dedim ki, mən almaz kimi bərkəm, sən mənim arzularımı yerinə yetirə bilməzsən.
Oğlan dedi:
– Mən başa düşdüm, ona görə də almazı əzib sənə göndərdim ki, əgər sənin arzuların hadağadan çıxsa, o arzuları mən beləcə əzərəm.
Qız dedi:
– Sora mən bir dənə brilyant göndərdim ki, mən brilyant kimi gözələm.
Oğlan dedi:
– Mən başa düşdüm. Odu ki, ondan qiymətli bir brilyant alıb sənə göndərdim ki, elə mən də gözələm. Ancaq yanına da iki yaqut qoydum ki, indi gör bizim kimi iki gözəldən iki dənə yaqut kimi oğlan dünyaya gəlsə, nə qiyamət olar...
Padşah bunların ağıl-dərrakəsini görüb yavaşca durdu ayağa, tacı götürüb qoydu oğlanın başına.
Qardaşlar bir neçə ildən sora birləşib getdilər atalarının yanına. Ataları böyük dəsgahla onların qabağına gedib gətirdi evə. Əhvalatı biləndən sora onların alnından öpüb dedi:
– Mən onda qəsdən elə elədim ki, siz çıxıb, gedib özünüzə çörək axtarasınız. Çünki öz əli ilə qazanmayıb ata malına göz dikənlər axırda bədbəxt olarlar.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo