top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Dünya gözəli

Bir var idi, bir yox idi. Bir qoca kişi var idi. Bu qocanın üç qızı var idi. Bunların anası ölmüş idi. Atası ikinci bir arvad almışdı. Arvad bir gün ərinə deyir:
– Ya bu yetimləri tut, yada məni saxla.
Kişinin əlacı kəsilib uşaqları aparıb buraxır çölə. Yazıq qızlar çöldə gəzirdilər. Gedib bunlar bir meşəyə çatdılar.
Günü batırıb ağacda yatdılar. Səhər açıldı. Böyük bacı deyir:
– Ay bacı, tozanağa bax!
İkinci bacı deyir:
– Yəqin padşahdır.

Kiçik bacı deyir:
– Bacılı-bacılı, nə olaydı padşah məni ala idi, mən də bir oğlan doğa idim, bir kəkli qızıl olaydı, bir kəkli gümüş olaydı, alnı ay.
Ortancılı bacı deyir:
– Məni də vəzir üçün alaydılar. Mən xalca toxuyaydım, o xalçada
padşahın bütün qoşunu yerləşə idi.
Böyük bacı deyir:
– Məni də nə olaydı vəkil alaydı. Mən də padşahın qoşunu üçün bir yumurta qabığında xörək verə idim.
Padşah bu sözləri eşidir və kiçik qızı özünə alır, ortancılını vəzirə, böyügini də vəkilə verir.
Günlər, aylar keçir. Kiçik qız bir oğlan doğur. Oğlanın alnı ay dişləri inci, kəkli qızıl. Bacılar tez xəbər tuturlar. Deyirlər ki, vay padşah bizi öldürər. Kiçik bacımızın dediyi doğruya çıxdı, bizimki yalana.
Böyük bacı dedi:
– Heç əlacımız yoxdur. Gəl mamaya pul verək, o bu işi düzəldər.
Bacılar mamanı çağırdılar, oğlanı aradan götürüb, onun yerinə bir küçük qoydular. Padşaha xəbər çatdı ki, arvadın bir küçik doğubdur.
Padşah gəzəbnak olub əmr etdi ki, aparsınlar qızı peyinlik içində basdırsınlar. İki bacı həmən oğlanı bir sandıq içinə qoyub çaya atdılar. Padşahın bağbanı çay qırağında gəzirdi. Çayın ləpə döyənində bir sandıq gördü. Sandığı açıb içində bir oğlan uşağı gördü, alnı ay, bir kəkili qızıl, bir kəkili gümüş. Tez evə gəldi, arvadına dedi:
– Arvad, qızımız var, bu da oğul. Oğlanın adını qoydular Sabah.
Aradan bir-iki il keçdi. Bağban vəsiyyət eləyib öldü. Öləndə dedi:
– Mənim yeddi küp qızılım var, onu oğluma verin.
Bir az müddətdən bağbanın arvadı da öldü. Qaldı iki yetim. Sabah böyümüşdü, on beş yaşında idi. Atalığından qalan küpləri çıxartdı, bu qızıl ilə bir imarət tikdirdi.
Xəbəri verim sizə iki bacılardan. Bacılar gördülər ki, bəli oğlan sağdır. Mamanı tapdılar, dedilər:
– Ay ölmüş qarı! Bəs sən oğlanı öldürməmisən?
Qarı dedi:
– Çoxdan!
Böyük bacı əlini belinə verib dedi:
– Ay qoca köpək, yalan deyirsən! Budur özü sağ-salamat, gün çıxan əldə bir imarət tikib ki, padşahlara layiq. Get, bu saat onun başını batır!
Qarı bir fitnə ilə özünü Sabahın evünə saldı. Sabahın bacısı eyvanda oturmuşdu. Qarı pilləkənləri çıxdı. Qıza salam verib dedi:
– Qadan alım, keyfin necədir? Nə gözəl eviniz var? Amma heyif olsun!
Sabahın bacısı dedi:
– Nə istəyirsiniz? Bir qardaşım var. Gəldigin bəs deyil, ah-uf da çəkirsən.
Qarı dedi:
– Qadan alsın, qarı. Mən ki, bir söz diməyirəm, ancaq bu imarətin bir gülü əskikdir.
Qarı deyib çıxıb getdi. Sabah evə gəldi gördü ki, bacısı ağlayır.
Bacısınnan soruşdu:
– Bacı, neçün ağlayırsan?
Bacısı ağlaya-ağlaya dedi:
– Mən evdə idim, bir qoca qarı gəldi dedi ki, imarətiniz gözəldir, amma heyif ki, bir gülü əskikdir.
Sabah bacısını qucaqladı:
– Heç fikir çəkmə, bu saat gedim gətirrəm.
Sabah atın minib yola düşdü. Bir ay yol getdi, həmən yerə çatdı.
Bir dərvazadan içəri girdi. Onun qabağını bir dev kəsdirib dedi:
– Ey oğlan heyifsən getmə, sən gülü apara bilməzsən!
Sabah dedi:
– Mən gedirəm, qorxmayıram.
Dev buna qoşulub gülün dalısıncan getdi. Dev yolda buna çox köməkliklər elədi. Gülü götürüb gəldi, bacısına verdi.
İki bacı bunun gəlməsindən xəbərdar oldu. Qarıya dedilər:
– Ay yerə batmış qarı, Sabah getdi, gülü də gətirib gəlib. Özünnən başqa bir dev də götürüb gəlib. Get, bu saat onun başını batır!
Qarı yola düşdu. Gəlib həmən imarətə çatdı. Çıxdı həmən qızın yanına dedi:
– Qadan alsın nənən, bu ev, bu eşik, bu da gül. Bu dəmdəsgahın bir dünya gözəllisi əskikdir.
Qız hirsindən qarıya bir şillə vurub, pilləkanlardan itələdi və özü oturub ağladı. Qardaşı Sabah içəri gəldi, bacısının qucaqladı. Dedi:
– Nə üçün ağlayırsan, bacı?
Qız dedi:
– Qarı yenə gəlmişdi, bu dəfə onu qovladım.
Sabah dedi:
– Nə istəyirdi?
Qız dedi:
– Qarı dedi ki, bu evin, bir dünya-gözəllisi əskikdir.
Sabah dedi:
– Hələ bunun üçün ağlayırsan? Bu saat gedib gətirrəm.
Sabah atın minib həmən yerə getdi. Pərdəyi-ismət dalında dünya gözəli oturmuşdu. Sabahı görüb dedi:
– Ey oğlan, heyif səndən, özüvə yazığın gəlsin, qayıt dala.
– Yox, mən sənin üçün gəlmişəm.
Dünya gözəli dedi:
– Sən məni apara bilməzsən. Qayıt yazıqsan, yoxsa səni də o birilər kimi daşa döndərrəm. Bura sox adamlar gəlmiş, ancaq hamısı daşa dönmüşlər.
Dünya gözəli bir tilsim oxudu, Sabah daşa dönüb yıxıldı bir yana. Axşam oldu. Dünya gözəli gülsüz yatmış idi. Gecə yuxuda gördü ki, Sabahın atası bağban, əlində bir dəyirman daşı dünya gözəlinin yuxusuna gəldi və dedi:
– Dur ayağa, mənim oğlum Sabah ilə get. O gülünü aparıb, sən də get. Yoxsa, bu dəyirman daşını salaram başına.
Dünya gözəli yuxudan diksindi. Yerindən durub Sabaha bir çubuq çəkdi. Dedi:
– Ey oğlan, mən sənin ilə gedirəm. Çünki bu gecə atanı yuxuda görmüşəm.
Hər ikisi bir ata minib yola düşdülər. Dünya gözəlini aparıb bacısının yanında qoydu. Dünya gözəli bir gün Sabaha dedi:
– Dur, bu devləri apar bazara. Padşah sənə deyəcək ki, ey oğlan, bu nədir eliyirsən, xalqa niyə əziyyət verirsən? Deyərsən ki, padşah sağ olsun, məndən soruşma, devlərdən soruş. Sora da padşah səni qonaq çağıracaq.
Sabah devləri bazara apardı. Padşaha xəbər getdi ki, bir nəfər oğlan üç dənə dev bazara düşüb aləmi viran etdi. Padşah əmr elədi ki, oğlanı çağırsınnar. Sabah patşahın hüzuruna getdi. Padşah bunun gözəlliyini görən kimi Sabaha aşiq oldu, dedi:
– Kaş bu mənim oğlum olaydı! Sora dedi:
– Ey oğlan, nəyə xəlqə əziyyət verirsən? Devlərini başlı-başına bazara buraxmısan?
Sabah dedi:
– Padşah sağ olsun, dilsiz-ağılsız heyvandan nə gözləmək olar?
Padşah bu sözdən xoşlanıb böyük bir qonaqlıq elədi. Devləri qazannan çəkilmiş xörəklərin hamısını yedilər. Padşah xörəklərin çatmamasından xəcil oldu. Sabah ayağa qalxıb dedi:
– Padşah sağ olsun, qonaqlığım var. Süfrən də açıq olsun. İndi buyur, sən bizə qonaq ol.
Padşah o günün sabahısı bütün vəzir-vəkilini, qoşununu yığıb Sabahgilə qonaq getdi.
Sabah dünya gözəlinin yanına gedib dedi:
– Padşah gəlib, hazır elədiyin şeyi əmr elə, gedim bazardan alım.
Dünya gözəli dedi:
– Hazırdı.
Əlin uzadıb sandıqdan bir xalça çıxartdı, xalçanı saldı həyətə. Padşahın bütün əşya və cəngavərləri bu xalçanın üstündə oturdular yenə yer artıq qaldı. Dünya gözəli bir yumurta çıxartdı, başladı onun içindən xörək çəkməyə. Hamı yedi, yenə artıq qaldı.
Padşah buna çox təəccüb elədi. Bunu bilmək istəyirdi, amma danışmayırdı. Bu aralıqda pərdə quruldu, dünya gözəli pərdənin dalında oturdu. Sabahın anasın peyinlikdən çıxartdırıb, qabaqcadan müalicə edib saxlamışdı. Sora iki bacıları çağırdı, həmən mamanı da çağırtdırdı.
Dünya gözəli dedi:
– Ey padşah, eşit və agah ol! Bax bu sənin arvadındır. Bu da sənin oğlundur ki, alın ay, dizləri inci, bir kəkli qızıl, bir kəkli gümüş. Bunu sənin öz arvadın doğub, amma bu iki bacılar mamaya pul verib səs salmışdılar ki, sənin arvadın küçük doğub. İndi al, bu sənin arvadın, bu da sənin oğlun.
Padşah ayağa qalxıb mamanı və bu iki bacının boynunu vurdurdu.
Sora öz oğlunun alnından öpüb, dünya gözəlindən sox razılıq elədi. Yeddi gün, yeddi gecə toy eləyib, dünya gözəlini Sabah üçün aldı. Özü də öz arvadını götürüb evə apardı.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo