Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Bostançı və şah Abbas

Bir bostançı var idi. Bu bostançı külfətini qarpız-yemişlə saxlayırdı. Hər il qarpız, yemiş, xiyar əkirdi, taxıla verib dolanırdı. Bir il bostan çox yaxşı bəhrə gətirdi. Bostançı arvadına dedi:
– Bu il bostanımız çox yaxşı bəhrə gətirib, qarpızın lap yaxşısından bir eşşək yükü tutub şıx oğlu Şah Abbasa aparacağam.

Arvadı dedi:
– Lap yaxşı olar.
Bostançı qarpızın lap yaxşısından bir xurcun yığdı, eşşəyin belinə aşırıb, toşhatoş – İsfahana yola düşməkdə olsun, Şah Abbasla vəzir Allahverdi xan da dərviş libas olub yol ilə gedirdilər. Onlar kişinin qabağına çıxdılar. Şah Abbas ondan soruşdu:
– A kişi, yükün nədi?
Bostançı dedi:
– Ağa dərviş, qarpızdı.
Padşah soruşdu:
– Hara aparırsan?
Bostançı dedi:
– Ağa dərviş, bu il bostanım çox yaxşı bar gətirib. Bunu Şah Abbasa aparıram.
Şah Abbas dedi:
– Rəhmətliyin oğlu, camaat Şah Abbasa ləl, cavahir aparır, qızıl aparır, sən də qarpız aparırsan. Qarpız şahın nəyinə lazımdı?
Bostançı dedi:
– Ağa dərviş, onların gücü lələ, cavahirə, qızıla çatır. Mənim də gücüm ancaq qarpıza çatır.
Şah Abbas dedi:
– Nahaq əziyyət çəkirsən, axı şah onu götürməz.
Bostançı dedi:
– Ağa dərviş, canın sağ olsun, götürər götürər, götürməz eşşəyi yüklü-zadlı soxaram onun gözlərinə, çıxıb gələrəm.
Allahverdi vəzir istədi kişini vursun, şah onun əlini tutdu. Kişidən ayrıldılar. Başqa kəsə yolla geri qayıtdılar. Şah Abbas qırmızı geyinib taxta çıxdı. Əmr elədi, eşşəyi yüklü bir kişi gələcək, onu eşşəkli-zadlı yanıma gətirərsiniz. Bəli, yolları kəsdilər, kişi gəlib çıxanda, onu eşşəklizadlı padşahın barigahına apardılar. Şah Abbas ondan soruşdu:
– A kişi, yükün nədi?
Bostançı dedi:
– Qadan alım, şah, qarpızdı. Bu il bostanım çox yaxşı bəhrə gətirib.
Bir yük sənə hədiyyə gətirmişəm.
Şah Abbas dedi:
– A kişi, dəli-zad olmamısan, sən məni kim hesab eləyirsən? Xalq mənə ləl, cavahir, qızıl gətirir, sən də qovun, qarpız gətirirsən?
Bostançı dedi:
– Şah sağ olsun, onların gücü cavahirə, lələ, qızıla çatır, mənim də gümanım, gücüm yemiş, qarpıza çatır.
Şah Abbas dedi:
– Qarpız mənə lazım deyil, qaytar, get, yoxsa səni boğazından asdıraram.
Bostançı dedi:
– Şah, ta niyə acığın tutur. Götürürsən, götür, götürmürsən, yolda dediyim olsun.
Şah Abbas dedi:
– De görüm yolda nə demisən?
Bostançı dedi:
– Şah, heç nə, söz idi, ağzıma gəldi dedim.
Şah Abbas dedi:
– Kişi, əgər yolda nə demisən, düzünü desən, ciqqəm haqqı sənə heç zad eləməyəcəyəm. Əgər düzünü deməsən vayındı.
Bostançı o saat başa düşdü ki, dərviş bu özü imiş, dedi:
– Şah sağ olsun, yolda bir nəfər dərviş məndən sən soruşduğun sözləri soruşdu. Deyəndə ki, şah yemiş-qarpızı götürməz, dedim, gümanım elə buna gəlir, götürməz eşşəkli-zadlı soxaram şahın gözlərinə, qayıdaram.
Padşah xəzinədarı çağırıb dedi:
– Apar bu kişinin qarpızını boşalt, terini qızılla doldur, ver aparsın.
Xəzinədar bostançını xəzinəyə apardı, yemiş-qarpızını boşaltdı, teri qızılla doldurub ona verdi. Padşahın bu hərəkəti Allahverdi xanın xoşuna gəlmədi, dedi:
– Şah, sənin, bu hərəkətin heç xoşuma gəlmədi. Kəndlinin biri sənə söyür, sən onun terini qızılla doldurub, buraxırsan.
Şah Abbas dedi:
– Vəzir, o kişinin gümanı qarpıza çatır, ondan da mənə nübarlıq pay gətirir. Mən ondan cavahir, ləl istəyəndə onun mənə ağır söz deməsi yerindədi.
Vəzir dedi:
– Mən gedib, ondan qızılı alacağam.
Padşah dedi:
– Allahverdi vəzir, o sən ağılda adam deyil, çox ağıllı adamdı, yüngülsaqqal olma, ala bilməzsən.
Vəzir dedi:
– Mən alım, sən tamaşa elə.
Padşah dedi:
– Yaxşı, get al, görək ala biləcəksənmi?
Allahverdi vəzir atını mindi, başqa yolnan gedib bostançının qabağını kəsdi, dedi:
– Kişi, sənə bir neçə sual verəcəyəm, bildin, canın qurtardı, bilmədin, qızılını alacağam.
Bostançı dedi:
– Vəzir, buyur de.
Allahverdi vəzir dedi:
– Göydə neçə ulduz var?
Bostançı dedi:
– Eşşəyimin tükünün sanı qədər.
Vəzir dedi:
– Düz demirsən.
Bostançı dedi:
– Eşşəyin tükünü də say, ulduzları da say, əgər düz olmasa boynumu vur.
Allahverdi vəzir gördü nə eşşəyin tükünü saymaq olar, nə də göydəki ulduzu, dedi:
– Yaxşı, bunu bildin. İndi o biri sualıma cavab ver. Allah hardadır?
Bostançı dedi:
– O çox asandı. Ancaq eşşəyin üstündə onu deyə bilmərəm, atdan düş minim deyim. Eşşək üstündə Allahın yerini demək biədəblikdi.
Vəzir o saat atdan sıçrayıb yerə düşdü, dedi:
– Di min.
Bostançı eşşəkdən düşdü, tez sıçrayıb ata mindi, əyilib cəld eşşəyin üstündən teri götürdü, ata bir məhmiz vurub dedi:
– Vəzir Allahverdi xan, Allah, bax o tağın dalındadı.
Vəzir ha qışqırdı, bağırdı, kişi dayanmadı, ata dəyib gözdən itdi.
Allahverdi vəzir eşşəyin yanında qaldı. Şah Abbas küləfirəngidən baxırdı, o qədər güldü ki, az qaldı qarnı yırtılsın. Bir neçə adam göndərib dedi:
– Gedin Allahverdi xana deyin ki, utanmasın gəlsin.
Adamlar getdilər, padşahın sözünü Allahverdi xana dedilər. Allahverdi xan kor-peşman adamların yanına düşüb getdi. Şah Abbas bir az güləndən sonra dedi:
– Allahverdi xan, gördün ala bilməzsən? Mən ədalətsizlik eləmişdim, qızıl vermişdim, at verməmişdim. Atı da sən verdin, çox sağ ol.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo