top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Yanığın nağılı

Biri var idi, biri yox idi, bir qoca qarı var idi. Qarının sonu-sopu bir oğlu var idi. Oğlanı Yanıq deyə çağırardılar. Onlar olduqca yoxsul idilər. Dünyanın varından bir uçuq daxmaları, üç qazları var idi.
Bir gün qoca qarı oğlu Yanığı çağırıb dedi:
– Bala, mən bu qazları dar günümüz üçün saxlamışdım. Apar, birini bazarda sat, taxıl al, gətir. Əlimiz bir yana çıxana kimi dolanaq.

Yanıq qazı götürüb yaxın şəhərə gəldi. Toyuq dəllalları bunu görüb dedilər:
– Ay oğlan, cücənə nə verək?
Yanıq ha dedi: “Bu qazdı”. Dedilər: “gözlərin səni alladır, cücədi ki, cücədi”.
Dəllallar Yanığın başını yozub qazı cücə adına ondan aldılar.
Yanıq pulu alıb bazarda dolanırdı, bir də gördü ki, avara adamlar qəssab dükanının qabağında bir iti döyürlər. Yanığın itə yazığı gəldi. Pulu onlara verib iti aldı, yanına salıb evlərinə gətirdi.
Qarı bunu görüb dedi:
– Ay oğul, biz özümüz nə gündə dolanırıq ki, bunu da bir yandan boğazortağı gətirdin?
Yanıq dedi:
– Ana, döyürdülər, yazığım gəldi.
Qarı Yanığını çox istəyirdi. Daha onun ürəyini sındırmadı.
Sabahısı o biri qazı ona verib dedi:
– Oğul, apar qazın birini də sat. Amma bu dəfə taxıl almamış gəlmə.
Yanıq qazı götürüb şəhərə gəldi. Yenə toyuq dəllalları onu görüb dedilər:
– Bu sərçənə nə verək?
Yanıq dedi: “Ay canım, bu sərçə deyil, qazdı”. Dedilər: “yox, sərçədi ki, sərçədi”.
Dəllallar bu dəfə də qazı Yanıqdan sərçə qiymətinə aldılar.
Yanıq əlində pul bazarda dolanırdı, bir də gördü ki, kababçı dükanının qabağında bir pişiyi döyürlər. Yanığın yazığı gəldi, pulu verib pişiyi onların əlindən aldı, evlərinə gətirdi.
Qarı ağzına gələni qaynar su kimi Yanığın üstünə tökdü. Yanıq söyüşün, qarğışın altında itdi, ancaq pişiyi buraxmadı. Sabah oldu. Yenə qarı Yanığı çağırıb dedi:
– Ay oğul, apar bu qazı da sat. Amma o biri qazlar kimi eləmə, taxıl al gətir. Acından ölərik.
Yanıq qazı götürüb, şəhərə getdi. Yenə toyuq dəllallarına rast gəldi. Dedilər:
– Bu yapalağına nə verək?
Yanıq ha dedi: “Ay canım, bu yapalaq deyil, qazdı”. Dedilər: “yox, yapalaqdı ki, yapalaqdı”.
Dəllallar bu dəfə də qazı yapalaq qiymətinə aldılar.
Yanıq yenə də əlində pul bazarda dolanırdı, bir də gördü əttar dükanının qabağında bir siçan tutublar, öldürmək istəyirlər. Yanığın yazığı gəldi. Əlindəki pulu verib siçanı aldı. Götürüb evə gətirdi.
Qarı bunu görüb oğluna qarğamağa başladı:
– Ay oğul, sən nə yaman sözə baxmaz oldun. Yaxşı demişlər ki,
ağıllı oğul mal-dövlət yığar, ağılsız oğul it-pişik. Bunları neyləyəcəksən? Yanıq dedi:
– Ay ana, bunlar bizə nə ziyan vuracaqlar? Qurddan-quşdan yeyib, başlarını dolandıracaqlar. Bir də deyiblər: “Gərəksizi saxla, bir gün gərək olar”. Qoy qapı-bacanı qorusunlar.
Bir gün oldu, ana ilə bala aclarından öləsi oldular.
Qarı dedi:
– Ay oğul, bir kəndə çıx, bəlkə bir iş tapıb çörək pulu qazanasan.
Yanıq bir xurcun götürüb dəryanın qırağına getdi. Gördü bir balıqçı tor atıb dəryadan balıq tutur. Dedi:
– Balıqçı əmi, olar ki, mən də sənə kömək eləyim, axşam mənə də bir az balıq verəsən aparım?
Balıqçı dedi:
– Olar!
Yanıq balıqçı ilə o gün axşama qədər balıq tutdu. Axşam balıqçı tutulan balıqları onunla böldü. Yanıq balıq payını xurcuna doldurub evlərinə gəldi. Bunu görəndə qarının gözləri parıldadı. Yanıq balıqları xurcundan yerə boşaltdı, bir-bir qarınlarını yarmağa başladılar. Balıqların birinin qarnından bir ala muncuq çıxdı. Yanıq acıqlandı, dedi:
“Xalqın bəxtinə balıq qarnından yaqut, zümrüd çıxar, mənim bəxtimə ala muncuq çıxır”.
Yanıq ala muncuğu bir daşın altına qoyub qırmaq istədi. Ala muncuq dilə gəlib dedi:
– Məni qırma. Saxla, sənə gərək olaram. Məni dilinin altında saxla. Mən arzu muncuğuyam.
Yanıq sevindi, ala muncuğu götürüb dilinin altına qoydu. Anasının yanına getdi, dedi:
– Ana, get padşahın qızını mənə al. Qarı dedi:
– Ay oğul, get tayını tap. Sənin nəyin var ki, padşah sənə qız verə?
Yanıq dedi:
– Ay ana, sən get, istə, verməz — verməsin.
Qarı əlacsız getdi, padşahın elçi daşının üstündə oturdu. Padşah bunu görüb adam göndərdi ki, “gedin, görün o nəçidi, gəlib mənim elçi daşımın üstündə oturub”.
Padşah adamları gəlib, qarını içəri apardılar.
Padşah dedi:
– Mənə görə nə qulluq?
Qarı qorxa-qorxa dedi:
– Sənə qurban olum, bizim ölmüş Yanıq sizin qızınızı istəyir.
Padşah dedi:
– Get, oğluna de, yeddi dəvə yükü qızıl, bir də qızıl məcməyi içində bir qızıl xoruz gətirsin, qızımı ona verim.
Qarı şaha baş endirib çıxdı, oğlunun yanına gəldi, dedi:
– Padşah deyir: “Yeddi dəvə yükü qızıl, bir də qızıl məcməyinin içində bir qızıl xoruz gətirsin, qızımı ona verim”.
Yanıq bir tərəfə çəkilib dedi:
– Ay ala muncuq, mənə yeddi dəvə yükü qızıl, bir də qızıl məcməyi içində bir qızıl xoruz gərəkdi.
Ala muncuq dedi:
– Get, hazır olar.
Yanıq içəri girib dedi:
– Ana, şeylər hazırdı. Apar, padşaha ver.
Qarı qapıya çıxdı, gördü doğrudan da, şeylər hazırdı. Qarı boğazı qumrovlu dəvələri zınqırhazınqır yüklərlə bərabər çəkdi padşahın qapısına.
Padşah bu cah-calalı görüb öz-özünə dedi:—“Görəsən yoxsul Yanıq bunları haradan aldı?”.
Padşah qızıl küplərini xəzinəsinə boşaltdırdı, qarıya dedi:
– Get, oğluna de, mənə bir cüt ceyran gətirsin ki, birinin tükü yaqut, birinin tükü yəmən. Əgər gətirə bilsə, onda qızımı ona verərəm.
Qarı oğlunun yanına gəldi, dedi:
– Padşah deyir: “Bir cüt ceyran gətirsin, birinin tükü yaqut, birinin tükü yəmən. Onda qızımı ona verərəm”.
Yanıq bir tərəfə çəkilib dedi:
– Ay ala muncuq, mənə bir cüt ceyran gərəkdi, birinin tükü yaqut, birinin tükü yəmən olsun.
Ala muncuq dedi:
– Get, hazır görərsən!
Yanıq içəri girib dedi:
– Ana, ceyranlar hazırdı, apar padşaha ver.
Qarı qapıya çıxdı, ceyranları hazır gördü. Gətirdi, şaha verdi. Şah mat qaldı. Öz-özünə dedi: “Atalar üçə kimi deyib. İndi bir çətinini deyərəm, bacarmaz, qızımı vermərəm”. Dedi:
– Qarı, get oğluna de, bir imarət tikdirsin, bir kərpici qızıl, bir kərpici gümüş. Sonra qızımı ona verərəm.
Qarı oğlunun yanına gəlib dedi:
– Padşah deyir: “Bir imarət tikdirsin, bir kərpici qızıl, bir kərpici gümüş, qızımı ona verim”.
Yanıq bir yana çəkilib dedi:
– Ay ala muncuq, mənə bir imarət lazımdı. Bir kərpici qızıl, bir kərpici gümüş.
Ala muncuq dedi:
– Get, hazır görərsən.
Yanıq içəri girib dedi:
– Ana, imarət hazırdı, padşaha xəbər apar.
Qarı çıxdı, imarəti hazır gördü. Getdi şaha dedi.
Şah qalxdı, gördü doğrudan da, imarət hazırdı. Şahın hər yandan əlacı kəsildi. Yeddi gün, yeddi gecə toy vurdurub qızını Yanığa verdi.
Amma padşahı elə fikir götürmüşdü ki, Yanıq görəsən bu dövləti hardan alıb? İndi eşit vəzirdən. Padşahın bir cavan vəziri var idi. Padşahın qızında gözü var idi. Öz-özünə dedi: “bu heç belə deyil ki, belə də ola. Mən gərək bu sirri öyrənəm. Yanığın mal-dövlətinə sahib olam, qızı da alam”.
Günlərin bir günü Yanıq it, pişik və siçan ilə çölə getmişdi. Qarı da qonşuda idi. Vəzir durub gəldi qızın yanına, dedi:
– Ay qız, sən şah qızı, ola-ola heç layiqdirmi ki, belə bir adamın arvadı olasan. Gəl, sən Yanıq evə gələndə xəbər al ki, o bu dövləti nə ilə ələ gətirib? Elə ki onu bildin, sabah mən gələrəm, söylərsən, ona görə də iş görərik. Atan da səndən razı qalar.
Padşahın qızı da ağılsızın birisi idi. Vəzirin sözlərinə allandı, razı oldu. Dedi:
– Çox yaxşı. Öyrənərəm, sabah sənə deyərəm.
Vəzir getdi. Qarı qonşudan, Yanıq da çöldən gəldilər. Padşah qızı üzünü alça kimi turşutdu, qaşqabağını tökdü. Yanıq dedi:
– Padşah qızı, nə olub, qaşqabağını tökübsən?
Padşah qızı dedi:
– Sən bu dövləti hardan qazanmısan?
Yanıq heç bir söz demədi.
Padşah qızı gördü yox, qaşqabaq turşutmaqla Yanıqdan söz almaq olmayacaq. Şirin dilini işə saldı. Əzilə-əzilə dedi:
– Ay əzizim Yanıq, de görüm, sən bir yoxsul idin, bu dövləti hardan qazandın?
Padşah qızının şirin sözləri Yanığı yumşaltdı, dedi:
– Dəryadan bir balıq tutmuşdum, balığın qarnını yardım, bir ala muncuq çıxdı. Budur mənim dilimin altında. Hər nə dilək dilədim, yerinə yetirdi. Səni də, bu dövləti də onunla ələ gətirdim.
Sabah açıldı, Yanıq it, pişik, siçan ilə çölə, qarı da qonşuya getdi.
Padşah qızı fürsət tapdı, qarabaşı göndərib vəziri yanına çağırtdırdı.
Əhvalatı ona nağıl elədi. Vəzir dedi:
– Hər nə var, ala muncuqdadı. Gecə Yanığı yuxuya ver, ala muncuğu ondan oğurla, dilinin altına qoy, sonra əmr elə ki, sən, mən, bu imarət ağ dəryanın o biri tərəfində olaq.
Padşah qızı razı oldu.
Axşam oldu. Qız vəziri imarətdə gizlətdi. Çöldən Yanıq, qonşudan qarı gəldi. Yedilər, içdilər, yatdılar.
Padşah qızı yatmadı. Yanığı yuxuya verəndən sonra onun peysərinə bir yumruq vurdu, ala muncuq dilinin altından düşdü. Qız ala muncuğu götürüb öz dilinin altına qoydu, dedi:
– Məni, vəziri bu imarətin içində ağ dəryanın o tərəfinə köçür!
Ala muncuq dedi:
– Gözlərini yum, hazır olar.
Padşah qızı gözlərini yumdu. Açanda, özünü vəzir ilə imarətin içində, ağ dəryanın ortasındakı təpədə gördü. Bunlar burda qalsınlar, sənə Yanıqdan xəbər verim.
Yanıq sabah açılanda özünü, anasını, iti, pişiyi və siçanı uçuq daxmada gördü. Dilinin altına baxdı, gördü ala muncuq yoxdu. Bildi ki, ala muncuğu padşah qızı oğurlayıb. Padşah qızını axtarmağa getmək istədi. Qapıdan çıxanda it, pişik və siçan onun qabağını kəsib dedilər:
– Sən qal, biz gedək, ala muncuğu gətirək.
Yanıq razı oldu.
İt, pişik və siçan padşah qızını axtarmağa getdilər, Padşah qızının sorağını ağ dəryanın ortasındakı təpədən aldılar. Siçan girdi pişiyin ağzına, pişik də mindi itin dalına. Üzə-üzə dəryanı keçib imarətə çıxdılar.
O qədər gözlədilər ki, axşam oldu. Padşah qızı, vəzir yatdılar. İt qapıda, pişik bacada qaravul çəkdi. Siçan buxarıdan içəri girdi. Quyruğunu padşah qızının burnuna saldı. Qız asqırdı, ala muncuq dilinin altından düşdü. Siçan muncuğu götürüb çıxdı. İt, pişik və siçan məsləhətləşdilər ki, ala muncuğu kim aparsın.
İt dedi:
– Mən aparacağam.
Pişik dedi:
– Yox, sənin hürmək peşəndi. Öyrənmisən, bir qaraltı gördün, ham-ham hürəcəksən. Onda ala muncuq ağzından düşər. Sən apara bilməzsən.
Siçan dedi:
– Mən apararam.
Pişik dedi:
– Yox, sənin dişindən gəlinlər, qızlar zərli boğçanı, qarılar dərmə çuvalı saxlaya bilmirlər. Sən əlinə keçəni dişinlə kəsib tökürsən. Sən ala muncuğu apara bilməzsən. Ala muncuğu mən aparacağam. Çünki:
Şir əl çəkib belimə,
Kim yapışar əlimə,
Arxam yerə qoyulmaz.
Dərim bərkdi, soyulmaz,
Yüklər üstü yaylağım.
Təndir beli qışlağım.
Gəlin verir qaymağı,
Qarı çalır quymağı.
Çöldə gəzmək bilirəm,
Suda üzmək bilirəm.
Mən muncuğu götürrəm,
Tez Yanığa yetirrəm.
İt dedi:
– Onda özünüz üzüb dəryanı da keçərsiz.
Nə qədər elədilər, it dedi:
– Yox. Ya muncuğu mənə verəcəksiz, ya da sizi aparmayacağam.
Axırda əlacsız qalıb muncuğu itə verdilər.
İt muncuğu ağzına aldı. Yola düşdülər.
Az getdilər, çox getdilər, dəryanın qırağına lap yaxınlaşdılar. Birdən it bir qaraltı gördü, hürməyə başladı, muncuq ağzından sıçrayıb suya düşdü.
Siçan dedi:
– Ala muncuğu tapmamış, mən Yanığın yanına getməyəcəyəm.
Pişik dedi:
– Mən də getməyəcəyəm.
İt dedi:
– Mən də getməyəcəyəm.
Oturdular gözləməyə. O qədər gözlədilər ki, bir balıqçı gəldi, dəryaya tor atdı. Çoxlu balıq tutdu. Balıqların qarınlarını yardı, itə, pişiyə atdı. Balıqların birinin qarnından ala muncuq çıxdı, siçan tez muncuğu götürdü, gətirdi, Yanığa verdilər. Yanıq ala muncuğu dilinin altına qoydu, dedi:
– Ala muncuq, imarətimi, padşah qızı da içində, yerində istəyirəm.
Ala muncuq dedi:
– Çıx, hazır görərsən.
Yanıq çıxdı, imarəti hazır gördü. Vəziri və padşah qızını öldürdü.
Ana, oğul, it, pişik və siçan şadlıqla ömür sürməyə başladılar.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo