top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
Təsadüf Azərbaycan nağılı

Çıraxlı İsa

Biri var idi, biri yox idi, bir yoxsul qarı var idi. Bu qarının də İsa adlı yetim bir nəvəsi var idi. Qarının bir südlü keçisi var idi. Hər gün qarı keçidən bir sərnic süd sağırdı. Nəvəsi İsa bu südü aparıb bazarda satırdı. Süddən aldığı pulu verirdi çörəyə, gətirirdi evə, nənəsi ilə yeyirdi.
Bir gün İsa südü satmaq istəyirdi, darğa gəlib çıxdı. Darğa İsadan bir parç süd alıb içdi. Süd darğanın ağzına çox şirin gəldi, dedi;
– A yetim, bu gamuş südüdü?

İsa dedi:
– Yox canım, nə gamuş südü? Bir keçimiz var, onun südüdü.
Darğa dedi:
– Mərhəba!.. A bala, o nə cür keçidi ki, belə yağlı südü var?
İsa dedi:
– Cins keçidi. Özü də bordağa bağlamışam. O, olmasa hamımız acından qırılarıq.
Darğa dedi:
– Yetim, gərək o keçini mənə satasan.
İsa dedi:
– Darğa, sata bilmərik.
Darğa dedi:
– Xoşhaxoşluqla keçini mənə satmasanız, zorla alacağam.
İsa dedi:
– Darğa, biz satmayacağıq. Bir də heyvanın üstünə satdıq qoyma.
İsa südünü satıb, getdi evlərinə, əhvalatı nənəsinə danışdı. Nənəsi dedi:
– Bala, o darğa yaman zalım adamdı. Qorxuram keçini ala, bizi acından qıra.
O biri tərəfdən darğa qazının yanına getdi, dedi:
– Qazı ağa, İsa adlı bir yetim uşaq mənim keçimi oğurlayıb. Gərək alıb verəsən. Səni də görərəm.
Qazı bir neçə adam göndərib, keçini İsadan zorla alıb, darğaya verdi. Qarı başını yoldu, ağladı, gözlərinin yaşını tökdü, amma ona ürəyi yanan olmadı. Qarı ağlaya-ağlaya qazının yanına gəlib, dedi:
– Qazı ağa, keçini oğlum heç kəsdən oğurlamamışdı. Öz keçimizin balasıdı.
Qazı dedi:
– Keçi oğurluqdu. Şərən darğaya çatır.
Qazı qarı ilə İsanı qovdurdu. Qarı çox ağladı, dizlərinə döydü. İsa dedi:
– Nənə, ağlama, mən gərək darğa ilə qazıdan qisas alam.
Nənəsi ona dedi:
– Qazının düşməni şeytandı. Şeytanı tapsan, o sənə kömək elər.
İsa nənəsi ilə görüşüb, öpüşüb, yola düşdü, şeytanı axtarmağa başladı.
Yeddi gün, yeddi gecə yol getdi, bir səhrada bir kişiyə rast oldu.
Kişi ondan soruşdu:
– Hara gedirsən?
İsa dedi:
– Şeytanı axtarıram.
Kişi ondan soruşdu:
– Şeytan sənin nəyinə gərəkdi? Xalq şeytana lənət oxuyur, sən onu axtarırsan.
İsa dedi:
– Xalq şeytana lənət oxuyur. Amma mən ona qazıdan şikayətə gedirəm.
Eşitmişəm o, qazının düşmənidi.
Kişi dedi:
– Əcəb!.. Qayıt get, sən şeytanı tapa bilməzsən.
İsa dedi:
– Öldü var, döndü yoxdu, gərək onu tapam. Şikayətimə baxarsa, onunla dost olaram, baxmazsa, palaza bürün, ellə sürün, mən də ona lənət oxuyaram.
Kişi dedi:
– Gəl gedək, mən şeytanı tapıb sənə verərəm, şikayətini elərsən.
İsa onun yanına düşdü, gethaget bir kahaya çıxdılar. Kişi dedi:
– Şeytanın yeri buradı. Harda olsa bu saat gələcək.
İsa bir daşın üstündə oturdu. Çevrilib kişiyə baxmaq istəyirdi, gördü yanında bir cavan oğlan var. İsa dedi:
– Bəs kişi necə oldu?
Cavan oğlan ona dedi:
– Kişini nə eləyirsən? Axtardığın şeytan mənəm, sözünü de.
İsa dedi:
– Sana qurban olum, ay şeytan ağa, qazıdan sənə şikayətə gəlmişəm.
Gözümüzün ağı-qarası bircə keçim var idi, alıb darğaya verdi.
Oğlan dedi:
– İsa, al bu toppuzu verim sənə. Toppuzu əlində dik tutan kimi alışıb alovlanacaq, səni göyə qaldırıb, istədiyin yerə aparacaq. Toppuzu kimin üstə buraxsan başlayacaq döyməyə.
Şeytan toppuzu İsaya verib yox oldu. İsa kahadan çıxıb yola düşdü.
Səhrada toppuzu yuxarı tutdu. Toppuzun başı alovlandı, İsanı yuxarı, ulduzların yanına qaldırdı. İsa uça-uça düz öz kəndlərinin üstünə gəldi. Camaat göydə alovu görüb, möcüzə hesab etdi. Hamı qazının evinin qabağına yığıldı.
Qazı dedi:
– Camaat, müsəllaya çıxın, əl götürün, başınıza döyün, bu bəla bizdən sovuşsun!
Camaat yerə döşənən zaman İsa göydən yavaş-yavaş yerə endi.
Adamlar gördülər bu yetim İsadı, alovlanan da əlindəki toppuzdu. Qazıya xəbər apardılar. Qazı darğanı çağırıb dedi:
– Darğa, nə fənd varsa toppuzdadı, toppuzu ələ keçirmək lazımdı.
Darğa evinə getdi, fənd-fel qurmağa başladı. O biri tərəfdən çıraxlı İsa darğanın evinə gəlib dedi:
– Darğa, mənim keçimi ver.
Darğa dedi:
– Nə keçi? Sənin keçin məndə yoxdu. Keçi özümündü.
Çıraxlı İsa bir də dedi:
– Darğa, mənim keçimi ver.
Darğa dedi:
– Əlindəki toppuzu ver, keçini sənə verim.
Çıraxlı İsa toppuzu onun üstünə buraxıb dedi:
– Toppuzum, bu darğanı yıxılınca döy.
Toppuz darğanın üstünə düşdü, baş-göz demədi, elə hey budamağa başladı. Toppuz onu o qədər budadı ki, darğa candan düşüb yerə yıxıldı.
– İndi keçini verirsən, ya yox?
Darğa dedi:
– Örüşdədi, axşam gəlib apararsan, ölürəm, məndən əl çək.
Çıraxlı İsa onun yanından çıxıb birbaş qazının yanına getdi, dedi:
– Qazı ağa, keçi şərən kimə çatır?
Qazı dedi:
– Əlbəttə, darğaya.
Çıraxlı İsa dedi:
– Qazı ağa, baxarıq, darğaya çatır, yoxsa mənə?
Qazı dedi:
– Toppuzu mənə ver, keçini darğadan alım, sənə verim. Çıraxlı İsa dedi:
– Al toppuzu sənə verdim. Toppuzum, bu qazını canı qaralınca döy.
Toppuz qazını budamağa başladı. Qazı öküz kimi böyürürdü. Hara qaçırdı, toppuz ondan əl çəkmirdi, elə hey döyürdü. Toppuz qazını o qədər döydü ki, canı qara tulux kimi qapqara oldu.
Çıraxlı İsa toppuzu götürüb qazıya dedi:
– İndi nə deyirsən? Keçi mənimdi, yoxsa toppuzu bir də buraxım?
Qazı yalvarıb dedi:
– Amandı, toppuzu götür get, keçi şərən sənə çatır. Get darğadan al apar evinə.
Çıraxlı İsa düz darğanın evinə getdi. Darğa sözsüz-söhbətsiz onun keçisini özünə verdi. Çıraxlı İsa keçisini evinə apardı.
Nənəsi ilə görüşdü, öpüşdü, dedi:
– Nənə, bu da keçi.
Nənəsi çox sevindi, keçinin də üz-gözündən öpdü, sağdı, nənəbala çörəyi südə doğrayıb yedilər. Belə-belə yenə də nənəsi hər gün keçinin südünü sağırdı, İsa da satıb çörəyə verirdi, gətirib nənəsi ilə yeyirdilər. Bir müddət belə keçdi. Günlərin bir günü qazı bir küpəgirən qarı çağırıb dedi:
– Qarı nənə, səni dünyanın malından qəni edəcəyəm. Gərək çıraxlı İsada olan toppuzu ələ keçirib, mənə verəsən.
Qarı dedi:
– Qazı ağa, deyirlər o toppuz adamı döyür. Qorxuram məni döyüb öldürə.
Qazı dedi:
– Toppuza döy deməsən, döymür. Elə ələ keçirərsən ki, çıraxlı İsa bilməz.
Üstəlik darğaya dedi, o da qarının ovcuna bir-iki qızıl basdı. Qarı razı oldu, axşamüstü ağaca söykənə-söykənə çıraxlı İsanın evinə getdi. Çıraxlı İsa evdə yox idi, gəzməyə getmişdi. Qarı zarımağa başladı.
Çıraxlı İsanın nənəsi çölə çıxıb ona pay vermək istədi.
Qarı zarıya-zarıya dedi:
– Bu gecə Allah xatirinə məni qonaq saxlayın.
Çıraxlı İsanın nənəsi dedi:
– Ay bacı, Allaha da qurban olum, qonağına da, buyur içəri. Qarı məzəli-məzəli söhbətlər eləyib, çıraxlı İsanın nənəsi ilə lap bacılıq oldu. Bu zaman çıraxlı İsa gəlib çıxdı, nənəsinə dedi:
– Nənə, bu qarı kimdi?
Nənəsi dedi:
– Bala, qonaqdı. Çox baməzə arvaddı. Məni o qədər güldürüb ki, lap qarnım yırtılıb.
Çıraxlı İsa dedi:
– Nənə, mənim bundan gözüm su içmir, küp qarısına oxşayır.
Nənəsi dedi:
– A bala, sən allah, niyə elə söz danışırsan? Yazıqdı, xatirinə dəyər. Görmürsən, heç yeriyə də bilmir.
Çıraxlı İsa bir söz demədi, nənəsi ilə qarının söhbətinə qulaq asmağa başladı. Qarı o qədər danışdı ki, çıraxlı İsa da, nənəsi də yuxuya getdi. Qarı da elə bunu gözləyirdi. Yerdən qalxıb İsanın başının üstündən toppuzu götürdü, aparıb qazıya verdi. Qazı o saat darğanı çağırtdırdı.
Darğa bir kəndin bəhrəsini qarıya bağışladı. Qarı gedəndən sonra, qazı ilə darğa deyişməyə başladılar. Qazı dedi:
– Toppuz mənimdi.
Darğa dedi:
– Toppuz mənimdi.
Elə oldu ki, bir-birini yumruqlamağa başladılar. Toppuz yaddan çıxdı, heç biri ona əlini də vurmurdu.
O biri tərəfdən çıraxlı İsa ilə nənəsi tezdən yerdən qalxdılar, baxdılar ki, qarı yoxdu. Çıraxlı İsa ora toppuz, bura toppuz, nə qədər axtardı, toppuzu tapmadı. Bildi ki, toppuzu qarı aparıb. Tez qazının yanına daban aldı, qazının qapısından içəri girib gördü qazı ilə darğa süpürüşürlər. Qazı çıraxlı İsanı görən kimi toppuz yadına düşdü. Tez yüyürüb toppuzu götürdü, İsaya atdı dedi:
– Toppuzum, İsanı nəfəsi kəsilincə döy.
Toppuz İsanın üstünə düşdü, onu o qədər döydü ki, ürəyi keçib yerə yıxıldı.
Qazı darğaya yalvardı:
– Darğa, bu məlunun meyitini apar bir uzaq yerə tulla, gəl, toppuzu sənə verərəm.
Darğa sevindi. Bir neçə adam çağırdı, çıraxlı İsanı bir palaza bükdülər, aparıb bir səhraya atdılar. Bu o səhra idi ki, İsa şeytana rast gəlmişdi.
Onlar elə bilirdilər ki, çıraxlı İsa ölüb. Geri qayıtdılar. Darğa qazının evindən qabaq çıraxlı İsanın evinə getdi, keçini götürüb apardı.
O biri tərəfdən üç gün keçdi, çıraxlı İsa ayıldı, gördü şeytan yanındadı.
İstədi qalxsın, amma canı yaralı idi, qalxa bilmədi. Şeytan dedi:
– Sənə nə olub?
Çıraxlı İsa bütün əhvalatı ona nağıl eləyib dedi:
– Qazı məni bu günə saldı. Toppuz da ondadı.
Şeytan dedi:
– Qəm yemə, indi sənə bir ayrı toppuz verəcəm. Bu toppuz həm səni istədiyin yerə aparacaq, həm qazı toppuzu sənə tullayıb vur deyəndə, toppuz səni vurmayacaq. Elə ki o da əlinə keçdi, iki toppuzla nə istəsən elərsən. Amma yenə də deyirəm, ehtiyat igidin yaraşığıdı.
Çıraxlı İsa toppuzu şeytandan alıb, göyə qalxdı, düz öz yerlərinin üstünə gəldi. Adamlar göydə alovu görüb, qazının qapısına toplandılar.
Qazı darğanı çağırıb dedi:
– Bəs çıraxlı İsanın meyitini neylədiniz?
Darğa dedi:
– Aparıb bir uzaq səhraya atdıq.
Qazı dedi:
– Darğa, o sağ imiş. Yəqin göydəki odu. Başımıza çarə qılmalıyıq.
Darğa dedi:
– Nə çarə? Toppuzu onun üstünə buraxarsan, ölüncə döyər.
Qazı dedi:
– Yəqin onun da adam döyən toppuzu var.
Darğa dedi:
– Onu bilirəm, göydə yanan onun toppuzudu. O, əvvəl-əvvəl sənin yanına gələcək. Qapıdan içəri girən kimi toppuzu onun üstünə atarsan, ölüncə döyər.
Bu söz qazının xoşuna gəldi, dedi:
– Əhsən, darğa, bu yaxşı sözdü. Qapıdan içəri girən kimi mən ondan qabaq toppuzu ataram, ölüncə döyər. O biri toppuzu da götürərik.
Biri sənin olar, biri mənim.
Bunlar burda qalsın, çıraxlı İsa göydən yerə düşüb, nənəsinin yanına getdi, gördü nənəsi qan-yaş tökür. Özü də acından lap ölhaöldədi.
Çıraxlı İsa onun üzündən-gözündən öpəndən sonra darğanın evinə getdi. Darğa evdə yox idi. Keçisini götürüb evlərinə apardı. Nənəsi keçini görüb toxdadı. Keçinin südünü sağıb bir az içdi, gözünə işıq, ürəyinə təpər gəldi. Çıraxlı İsa qazının evinə getdi. Qapıdan içəri girən kimi qazı toppuzu onun üstünə atdı.
– Toppuzum, bunu ölüncə döy, – dedi.
Çıraxlı İsa toppuzu tutdu, dedi:
– İndi davam gətirin!—Toppuzları qazı ilə darğanın üstünə buraxdı.
Toppuzlar qazı ilə darğanı ölüncə döydülər. Çıraxlı İsa əhvalatı camaata danışdı. Hamı ondan razı qaldı.
Qazı ilə darğaya lənət oxudular.
Çıraxlı İsa yenə keçisinin südü ilə şadyana dövran keçirməyə başladı.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo