Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Çil madyan

Biri var idi, biri yox idi, göyün altında, yerin üstündə bir şah oğlu var idi. Bu şah oğlunun bir göy atı var idi. Şah oğlu hər gün göy atını minib, meydana çıxarmış. Şəhərin bütün yaxşı at minənləri də ora yığılarmışlar.
Şah oğlu atlılarla cıdıra çıxarmış. Cıdırda şah oğlunun göy atı bütün atlıları keçərmiş.
Şah oğlunun bir də göyçək bir bacısı var imiş. Şərt kəsibmiş ki, cıdırda hər kimin atı göy atı ötsə, bacımı ona verib, özümə qohum eləyəcəyəm.

Bu şəhərdə kasıblıqla gün keçirən İlyas adlı bir oğlan var idi. İlyasın da gözəllikdə şah oğlunun bacısından gözəl, ağılda ondan da ağıllı bir bacısı var idi. Şah oğlunun şöhrətini İlyas da eşitmişdi. Bilmirdi nə təhər eləsin ki, şah oğluna üstün gəlsin. İlyasın bacısı qardaşını fikirli görüb soruşdu:
– Qurbanın olum, qardaş, sənə gələn qada-bəla mənə gəlsin, söylə görüm niyə fikirlisən?
İlyas dedi:
– Bacı, fikirli olmayım, neyləyim? Bu gün şah oğlu göy atını minib cıdıra çıxmışdı. Cıdırda sən bilirsən ki, bu şəhərdə şah oğlunun göy atını keçən at tapılmır. İndi iş o yerə çıxıb ki, şah oğlu şərt kəsib, hər kimin atı göy atı keçsə, bacısını ona verib onu özünə qohum eləyəcək.
Doğrusu, bu məni çox düşündürür. Deyirəm, görəsən dünyada heç elə at olarmı ki, şah oğlunun atını keçə?
Bacısı dedi:
– Qardaş, bu nədi ki, bunun fikrini çəkirsən? Get bir yəhər al, iki tuluq da çaxır. Mən səni göndərim, şah oğlunun atını ötən atı gətir.
İlyas getdi, bir yəhər aldı, iki tuluq da çaxır. Bacısının yanına qayıtdı.
Bacısı dedi:
– Qardaş, yəhəri də, iki tuluq çaxırı da götürüb bax bu tərəfə get.
Gedərsən, gedərsən, bir meşəyə çatarsan. Meşədə yol haçalanar, üç olar. Nə sol yolla, nə də sağ yolla get. Orta yolla gedərsən. Az gedərsən, çox gedərsən bir dəryaya çatarsan. Dəryanın kənarında bir bulaq var. Bulağın suyu axıb bir hovuza tökülür, o dəryada bir çil madyan var. Gündə bir yol çıxar, gələr haman hovuzdan su içər, qayıdar dəryaya girər. Sən iki tuluq çaxırı hovuza tökərsən, olmaya atın gözünə görünəsən, yoxsa səni tikə-tikə eləyər. Bir tərəfdə gizlənərsən. Çil madyan dəryadan çıxar, gələr hovuzdakı sudan içər. Çaxır ona əsər eləyər, məst olar, yıxılar. Onda cəld gizləndiyin yerdən çıxarsan, yəhəri çil atın belinə basıb minərsən. Nə qədər ayaq-baş vurub, soncuq atsa, oyana-buyana qaçsa, sən üstündən düşməzsən. Yalından bərk tutub, yəhərə yapışarsan. Bir az keçər, çil madyan sakitləşər. Ondan sonra götürüb gələrsən. Şah oğlunun göy atı çil madyanın tozuna da yetişə bilməz.
İlyas bacısı ilə halal-hümmət eləyib yəhəri, çaxır tuluqlarını götürüb yola düşdü. Bacısı öyrətdiyi yol ilə çox getdi, az dayandı, az getdi, çox dayandı, axır ki, gəlib haman dəryanın kənarına çatdı. Çaxır tuluqlarını hovuza tökdü. Özü də bir yanda gizləndi. Aradan xeyli keçdi, dəryadan bir madyan çıxdı. Gəlib hovuzdakı sudan içdi... İlyas baxdı ki, çaxır ata əsər eləyib. Cəld gizləndiyi yerdən çıxdı, yəhəri belinə basdı, üstünə mindi. Çil madyan ayaq-baş atdı, soncuqladı. Oyana-buyana qaçdı, atıldı, düşdü. İlyas çil madyanın yalından tutub bərk durdu.
At yavaşıdı. İlyas onu sürüb təpələrdən yel kimi, dərələrdən sel kimi gəldi, bacısının yanına çatdı. Bacısı qardaşını çil madyanın üstündə görüb şad oldu, dedi:
– Qardaş, indi çil madyanı sür. Şah oğlunun göy atıyla çapış.
İlyas çil madyanı sürdü, o vaxt yetişdi ki, şah oğlu göy atı oynadıb deyirdi:
– Bir oğlan istərəm, atını sürsün, mənimlə cıdıra çıxsın. Göy atımı ötüb keçsin, mənimlə qohum olsun.
İlyas çil madyanı şah oğlunun göy atına yanaşdırıb dedi:
– Şah oğlu, sözünə doğru çıxsan, mən səninlə cıdıra çıxaram.
Şah oğlu dedi:
– Mənim sözüm sözdü. Atın mənim atımı keçsə səninlə qohumam.
Şah oğlu ilə İlyas atları qoşalaşdırdılar. Çil madyan ağzını ayırıb, quyruğunu dik tutub, götürüldü. Şah oğlunun göy atı nə qədər qaçdısa çil madyanın tozuna da yetişə bilmədi. Çil madyan mərəyə yetişdi, orada dayandı. Şah oğlu cığallıq elədi, dedi:
– Bir dəfə at atı ötməklə mərc tamam olmur. Bir baş da çapaq.
İlyas razı oldu. Atları bir baş da çapdılar. Yenə çil madyan şah oğlunun göy atını yarı yolda qoydu. Yığılan adamlar İlyasa “sağ ol” dedilər.
Şah oğlu atını sürüb qayıtdı Əhvalatı vəzirinə-vəkilinə söylədi.
İlyas da çil madyanı sürüb evlərinə gəldi, əhvalatı öz bacısına danışdı.
Bacısı şad olub, dedi:
– Qardaş, indi get, şah oğluna de, şərtə əməl eləyib, bacısını sənə versin.
İlyas şah oğlunun yanına gəlməkdə olsun, sənə şah oğlundan danışım.
Şah oğlu ürəyində dediyindən dönmüşdü. Bacısını İlyasa vermək istəmirdi. Amma bunu açıqdan-açığa eləmək istəmirdi ki, el içində yalançı çıxmasın. Ona görə vəzirə dedi:
– Vəzir, bu barədə tədbirin nədi?
Vəzir dedi:
– Şahzadə sağ olsun, İlyas gələr, deyərsən, getsin uçuq dağdan ilanın əlindən qızıl sandığı alsın, gətirsin. Oraya indiyə kimi minlərlə pəhləvanlar gedib hamısını ilan vurub, öldürüb. Onu da ilan vurub öldürər, sən də şərtdən qurtararsan.
Elə bu vaxt İlyas gəldi, dedi:
– Şah oğlu, atım sənin atını keçdi, şərtinə əməl elə.
Şah oğlu dedi:
– Mənim sözüm sözdü. Bacımı sənə verəcəyəm. Get, uçuq dağdan ilanın əlindən qızıl sandığı al gətir, sonra bacımı apar.
İlyas bacısının yanına qayıtdı. Bacısı bunu bikef görüb dedi:
– Qardaş, qurbanın olum, sənə gələn qada-bəla mənə gəlsin. Nə olub, niyə bikefsən?
İlyas dedi:
– Şah oğlu deyir: get, uçuq dağdan ilanın əlindən qızıl sandığı al gətir, bacımı sənə verim.
Bacısı dedi:
– Qardaş, bundan ötrü niyə bikef olursan? Çək, çil madyanı min, sür. İki gün yol gedərsən, üçüncü günü uçuq dağa yetişərsən. Uçuq dağdan qızıl sandığı taparsan. Bir ilan vaxt-bivaxt haman qızıl sandığın başına dolanır. Bir gecə-gündüzdə bircə dəfə başını quyruğunun üstünə qoyur, bir hovur yatır. Gözləyərsən. Elə ki ilan yatdı, atdan düşüb, cəld qızıl sandığı götürərsən, çil madyana minib, qaçarsan. İlan qanadlı ilandı. Qanadlanıb uçacaq ki, sənə yetişsin. Ancaq qorxma, yetişə bilməyəcək. Sən çil madyanı sürüb qızıl sandığı gətirərsən, şah oğluna verərsən.
İlyas çil madyanı yəhərlədi, mindi, yola düşdü. İki gün yol getdi, üçüncü günü uçuq dağa yetişdi. Axtardı, axtardı, axırda qızıl sandığı tapdı. Gördü doğrudan da bir ilan sandığın başına fır-fır fırlanır. Bir tərəfdə gizlənib, bir gün bir gecə gözlədi. Bir də baxdı ki, ilan başını quyruğunun üstünə qoyub, yuxuya getdi. İlyas cəld çil madyandan aşırılıb düşdü. Qızıl sandığı götürdü. Atın üstünə tullanıb yola düşdü. İlan işi başa düşdü. Qanadlandı, İlyasın dalınca düşdü. Amma nə qədər uçdusa, çil madyana yetişə bilmədi. Çil madyan dərələrdən sel kimi, ikigünlük yolu bir gündə keçib, İlyası şəhərə yetirdi. İlyas evlərinə yetişib çil madyandan düşdü. Bacısının yanına gəldi. Bacısı qardaşının qızıl sandığı gətirdiyinə çox sevindi. İlyas sandığı götürüb şah oğlunun yanına getdi. Qızıl sandığı şah oğluna verdi, dedi:
– Şah oğlu, qızıl sandığı gətirdim, sözünə doğru çıx, bacını mənə ver!
Şah oğlu qızıl sandığı İlyasdan alıb dedi:
– Get, sabah yanıma gəl.
İlyas evlərinə qayıtdı. Şah oğlu da üzünü vəzirə tutub dedi:
– Vəzir, İlyas getdi, uçuq dağdan ilanın əlindən sandığı alıb gətirdi.
İndi tədbirin nədi?
Vəzir dedi:
– Şahzadə sağ olsun, sabah İlyas yanına gələndə, göndər getsin, div qarısından bağlı boğçanı alıb gətirsin. Arxayın ol, ilandan qurtardısa, divdən can qurtara bilməz.
Sabah açıldı. İlyas şah oğlunun yanına gəldi, dedi:
– Şah oğlu, sözündən dönmə, bacını ver, aparım.
Şah oğlu dedi:
– Mənim sözüm sözdü, bacım sənindi. Ancaq bir iş də var. Get, div qarısından bağlı boğçanı al gətir, bacımı verim, apar.
İlyas bikef halda bacısının yanına qayıtdı. Bacısı dedi:
– Qardaş, qurbanın olum, sənə gələn qada-bəla mənə gəlsin, niyə bikefsən? Sənə nə olub?
İlyas dedi:
– Bacı, can bacı, şah oğlu məni div qarısından bağlı boğçanı alıb gətirməyə göndərir.
Bacısı dedi:
– Bundan ötrü niyə bikef olursan? Çil madyanı minərsən, üç gün yol gedərsən. Dördüncü günü bir dağa yetişəcəksən. Dağda bir div qarısı var. Evində yük yığılıb. Bağlı boğça yükün üstündədi. Birtəhər elərsən ki, qarı səni görməsin. Çil madyandan düşərsən, içəri girərsən, yükün üstündən tez bağlı boğçanı götürərsən, çil ata minib, sürərsən.
Səs gələr... Olmaya, geri baxasan. Geri baxsan daş olarsan. Div qarısı dalınca düşüb gələcək. Amma sənə yetişə bilməyəcək. Sən çil madyanı sürərsən bağlı boğçanı gətirib, şah oğluna verərsən.
İlyas bacısının dediyi kimi elədi. Çil madyanı yəhərlədi. Mindi, üç gün yol getdi. Dördüncü gün haman dağa yetişdi. Axtarıb div qarısının evini tapdı. Atdan düşüb, içəriyə girdi. Div qarısı təndirə çörək yapırdı.
İlyas baxdı ki, bağlı boğça yükün üstündədi. Yavaşca götürüb evdən çıxdı. Cəld ata minib yola düşdü. Bir az getmişdi, birdən bir səs eşitdi. İstədi dönüb geri baxsın, bacısının tapşırığı yadına düşdü, geri baxmadı. Qarı nə qədər səs-küy qaldırdısa, İlyas fikir vermədi. Atı sürüb şəhərə çatdı. Bağlı boğçanı gətirib, şah oğluna verdi. Şah oğlu İlyası orada qoyub, özü bir bəhanə ilə vəzirin yanına gəldi, dedi:
– Vəzir, İlyas bağlı boğçanı da gətiribdi. İndi tədbirin nədi?
Vəzir dedi:
– Göndər getsin, indi də div qocasından dəf alsın, gətirsin.
Şah oğlu geri dönüb İlyasa dedi:
– Get, divdən dəf al gətir, bacıma toy eləyim, sənə verim.
İlyas bacısının yanına qayıtdı. Əhvalatı ona danışdı.
Bacısı dedi:
– Qardaş, qurbanın olum, çil madyanı minib dörd gün gedərsən, beşinci günü bir dağa yetişərsən. Dağda bağlı boğçanı gətirdiyin div qarısının qardaşı olur. Gözləyərsən div yuxuya gedər. Dəf yuxarıdan asılıb, götürərsən.
Cəld ata minib gələrsən. Amma yenə də deyirəm, gələndə geri baxmazsan.
İlyas çil madyanı mindi. Dörd gün yol getdi. Beşinci günü bağda divə yetişdi, gözlədi div yuxuya getdi, tez atdan düşüb içəri girdi, yuxarıdan asılmış dəfi götürüb çil madyana mindi. Div yuxudan oyanıb İlyasın dalınca düşdü. Ancaq nə qədər qaçdısa, İlyasa yetişə bilmədi.
İlyas çil madyanı sürüb gəldi, dəfi şah oğluna verdi.
Şah oğlu gördü İlyas dəfi də gətirdi. Tamam şərtləri yerinə yetirdi.
Əgər bacısını buna verməsə, el içində hörmətdən düşəcək. Məcbur olub bacısını İlyasa verdi. Ancaq toy günü ondan soruşdu:
– İlyas, düzünü de görüm, sənə bu işdə kim kömək elədi?
İlyas əhvalatı ona danışdı. Şah oğlu əmr elədi. İlyasın bacısını gətirdilər.
Şah oğlu baxdı ki, saya bir qızdı, ona üstün gəlib. Üzün qıza tutub soruşdu:
– Ay qız, mən şah oğlu, sən rəiyyət uşağı... Bəs de görüm, bu necə oldu ki, sən mənə üstün gəldin?
Qız dedi:
– Şahzadə sağ olsun, iş şahlıqda, rəiyyətlikdə deyil. Biz buna görə sənə üstün gəldik ki, sən bilmədiyin şeyləri bilirik. Bir də öz işimizdə səndən möhkəm idik; Dünyada bilik, bir də iradə hər şeyə üstün gəlir.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo