Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Balıqlar padşahı ilə yaqub

Biri vardı, biri yoxdu, bir sövdəgər vardı. Günlərin bir günündə bu sövdəgər səfərdən qayıdırdı. Yolda onu tozanaq tutub, iki gözlərini kor elədi. Sövdəgər evinə gəlib nə qədər dava-dərman elədisə, gözləri açılmadı. Bir gün bir qoca qarı onun yanına gəlib dedi:
– Ay, qadan alsın nənən, gözlərini açsam, mənə nə verərsən?
Sövdəgər dedi:
– Ay nənə, gözlərimi açsan, sənə yeddi torba qızıl verərəm.

Qarı dedi:
– Onda sən bir balıqçı tap, yolla bir yeddi dağın dalısına. Orda Dəryayi-Kəmər deyilən bir dərə var. O dərəni keçər, bir dənizə rast gələr, o dənizə tor atar, balıqlar padşahını tutub gətirər, onun qanından gözünə çəkərlər, açılar. Sövdəgərin gözünün ağı-qarası bir oğlu vardı, adı da Yaqubdu. Sövdəgər həmin yerə adam göndərəndə Yaqub atasına dedi:
– Ata, izn ver mən də gedim.
Yaqub balıqçıya qoşulub getdi. Az getdilər, çox getdilər, iynə yarım yol getdilər, yeddi dağı aşdılar, dərədən keçdilər, dəniz kənarına yetişdilər. Balıqçı bir tor atdı, torda bir neçə xırda balıq, üç dənə də tikan çıxdı. İkinci kərə tor atanda bir əlvan balıq düşdü.
Sövdəgərin oğlu balığı əlinə alıb dəryaya tulladı, dedi:
– Balıq bilməsə, xalıq bilsin.
Balıqçı bir də tor atdı, yenə həmin balıq düşdü. Sövdəgərin oğlu yenə onu suya atdı.
Balıqçı acıqlanıb, torunu yığışdırdı, sövdəgərin yanına gəldi, əhvalatı danışdı. Sövdəgər qəzəblənib əmr etdi ki, Yaqubu şəhərdən çıxarsınlar.
Yaqub anasının yanına gəldi. Anası Yaquba yeddi qoğal, üç çörək verib yola saldı. Yaqub bir az yol getdi. Dəryanın ləpədöyənində oturdu. Süfrəsini açıb, çörək yemək istəyirdi ki, dəniz ləpələndi, dənizin içindən bir oğlan çıxdı, Yaquba salam verdi. Hər ikisi yoldaş olub çörək yedilər. Sonra Yaqub süfrəni bağladı. Süfrədə beş qoğal, bir çörək vardı. Oğlan süfrəni Yaqubun əlindən alıb, dənizə atdı, dedi:
– Gəl dalımca!
Hər ikisi gedib, bir şəhərə çatdılar. Bu şəhərdə bir padşah vardı.
Bu padşahın aman-zaman, gözünün ağı-qarası bir qızı vardı. Bu qızın dili tutulmuşdu. Çox həkimlər gəlmişdi, əlac tapa bilməmişdilər.
Yaqubla oğlan gəlib, padşahın imarətinə çatdılar. İmarətin qırx bir qapısı vardı. Hansı qapıya çatdılarsa “həkim” dedilər, amma qapıçılar onları qovub dedi:
– Gedin işinizə. Min həkim gəlib, çarə tapmayıb, indi sizin əlinizdən nə gələcək?
Axırda bir qapıçı padşaha xəbər apardı. Padşah onları yanına çağırıb dedi:
– Hərgah dərman edə bilsəniz, qızımı sizə verəcəyəm.
Onları qızın yatdığı otağa apardılar. Oğlan qızın başı üstə oturdu.
Cibindən iki şamdan çıxartdı, biri qızıl, biri də gümüş. Qızıl şamdanı qızın başı üstə, gümüş şamdanı da ayağı altına qoyub dedi:
– Şorba gəlsin.
Şorba gətirib qızın qabağına qoydular. Oğlan söhbətə başladı, gümüş şamdana dedi:
– Şamdan qardaş, qulaq as: günlərin bir günündə bir xarrat, bir dərzi, bir də bir cadugər yol gedirmiş. Bunlar gecəyə düşdülər. Yol qırağında bir xarabaya rast gəldilər. Cadugərlə dərzi yatır. Xarrat onların qarovulunu çəkir. Gecə yarıdan keçir. Xarrat bekarlıqdan darıxır, meşəyə gedib, bir az ağac yığır, oturub bir arvad düzəldir. Xarrat yatır, bir dəfə dərzi növbədə dayanır. Dərzi görür ki, küncdə bir şey var, gedib baxır, öz-özünə deyir ki: “xarrat öz xarratlığını göstərib, mən də dərziyəm, gərək öz sənətimi göstərəm”. İynəsini çıxardıb saplayır, bir dəst arvad paltarı tikib, arvada geyindirir, cadugəri durğuzub özü yatır.
Cadugər də ağacdan qayırılmış arvadı görüb, işdən xəbərdar olur, özözünə deyir: “indi ki, onlar öz sənətini göstərib, mən də cadugərəm, gərək öz sənətimi göstərəm”. Bir dua oxuyub, arvadın üzünə üfürür.
O saat arvad axsırıb ayılır. İndi şamdan qardaş, de görüm, arvad kimə çatar? Cadugərəmi, dərziyəmi, xarratamı?
Cavab verən olmadı.
Padşahın qızı dedi:
– Arvad xarrata çatar.
Padşaha xəbər apardılar ki, qızın üç kəlmə danışdı. O günü axşam təbil çalındı, şadlıq elədilər. Sabah açıldı, dəniz oğlanı yenə gəldi.
Qızıl şamdanı qızın başının üstünə qoyub, gümüş şamdanı ayağının altına qoydu, sözə başladı:
– Günlərin bir günündə üç bacı vardı. Böyük bacı padşahın, kiçik bacı vəzirin, ortancıl bacı mollanın arvadı idi. Bu üç bacı bir gün hamama gedirdi. Yola bir həmail düşmüşdü. Ortancıl bacı həmaili götürüb keçdi. Hər üçü hamama girdilər. Mollanın arvadı dedi:
– Mən bir həmail tapmışam.
Padşahın arvadı dedi:
– Mən gördüm, amma götürmədim.
Vəzirin arvadı dedi:
– Eh, mən lap ayağımın altında qoyub keçdim.
Sonra savaşmağa başladılar. Biri dedi, həmail mənə çatar, o biri dedi yox, mənə çatar. Mollanın arvadı da dedi:
– Yox, gəlin ərimizə məkr sataq, hər kəs yaxşı məkr satsa, həmail onun olsun.
Hər üçü razı oldu. Padşahın arvadı evinə gəlib sandığın qabağına bir başmaq qoydu. Padşah gəlib başmağı görən kimi dedi:
– Arvad, sandıqda adam var.
Padşah arvadı gülüb dedi:
– A kişi, sandıqda adam nə gəzir?
Vəzirin arvadı evinə çatdı. Bu dəmdə vəzir arvadına dedi:
– Arvad, padşah məni saat birdə yanına çağırtdırıb. Mən yatıram, gözlə yuxuya qalmayım.
Vəzir yatdı. Arvad ona bihuşdarı verib yatırtdı, üzünü zəfəranladı, aparıb köhnə bir xarabalığa qoydu. Bir neçə saatdan sonra vəzir ayıldı, o yan-bu yana baxıb fikir elədi ki: “yəqin mən ölmüşəm ki, məni buraya salıblar”.
Vəzir təzədən yuxuya getdi. Arvad gəlib ona yenə bihuşdarı verdi, öz otağına apardı, vəzir təzədən ayılanda dedi:
– Ay kişi, dur tez ol, saat birdən keçib.
Vəzir yorğan-döşəkdən qalxıb, təəccüblə öz arvadına baxdı, dedi:
– Ay arvad, mən ölmüşdüm ki?
Arvad dedi:
– Ay kişi, ölüm nədi, səfehləməmisən ki? Dur əl-üzünü yu, padşahın yanına get.
Eşit mollanın arvadından.
Mollanın arvadı bir tabaq unu qabağına qoyub ələməyə başladı.
Sonra o biri qapıdan çıxdı. Bir qoca kişiyə beş manat verib dedi:
– Ay kişi, mollanın yanına gedək, mənim kəbinimi özünə kəsdir.
Hər ikisi mollanın yanına getdi. Molla diqqətlə arvada baxıb özözünə dedi: “yaxşı, bunun çarşabı mənim arvadımın çarşabıdı, tumanı da onun tumanına oxşayır, bu nə olan işdi?”
Molla arvadını yoxlamaq üçün yanına getdi. Arvad molladan qabaq qaçıb mətbəxdə un ələməyə başladı. Molla gəlib gördü ki, arvad mətbəxdədi, təzədən qoca kişinin yanına getdi. Arvad genə ondan tez kişinin yanına gəlmişdi. Molla arvada bir də diqqətlə baxdı gördü, bəli, tuman arvadının tumanıdı, çarşab da arvadının çarşabıdı, bu xalis öz arvadıdır ki, durub. Yenə mətbəxə getdi, gördü xeyr, arvad mətbəxdədi.
Axırda onların kəbinini kəsib yola saldı.
İndi şamdan qardaş, həmail kimə çatar, mollanın arvadınamı, padşahın arvadınamı, yoxsa vəzirin arvadına?
Yenə qız üç kəlmə danışıb dedi:
– Mollanın arvadına çatar.
Padşaha xəbər apardılar ki, qızın üç kəlmə də danışdı, yenə təbil vurulub, şadlıq edildi. Padşah çox sevindi. Yedilər, içdilər, gecəni yatıb səhər dəniz oğlanı yenə padşah qızının yanına gəldi, qızıl şamdanı qızın başı üstə, gümüş şamdanı ayağı altına qoyub sözə başladı:
– Günlərin bir günündə bir padşah qızı vardı. Bu qız hər gün əlini yuyanda çarhovuzdan eşidərdi: “Kül sənin başına, bir ölüyə qulluq eləyəcəksən”. Qız çox bikef olurdu, gecə-gündüz ağlayırdı. Qızın ağlamasını padşaha xəbər verdilər.
Padşah qızına dedi:
– Qızım, nə üçün ağlayırsan?
Qız dedi:
– Ata, neçə gündü ki, çarhovuzda əlimi yuyanda bir səs gəlir: “Kül sənin başına, bir ölüyə qulluq eləyəcəksən”.
Padşah dedi:
– Gəl, qızım, səni ova aparım.
Qoşun, vəkil, vəzir hazır oldu. Padşah qızı ilə ova çıxdı. Qız qabaqda bir mağara qapısı gördü, mağaranın: qabağından keçmək istəyəndə qapıdan bir əl çıxıb, onu mağaraya çəkdi. Padşah nə qədər çalışdısa, qapını açdıra bilmədi. Kor-peşman geri qayıtdı.
Qız mağaranın pillələri ilə aşağı düşdü. Gördü ki, burada bir gözəl bağ var, amma heç yandan səs gəlmir. Çarhovuzun günbatan tərəfində ağac altında bir oğlan yatır. Qız onun yanına getdi, düz bir il oğlanın üzünü yellədi. Axırda yorulub bayıra çıxdı. Gördü ki, yolda bir kişi gedir, yanında da bir qulluqçu qız var. Pul verib, qızı kişidən aldı. Qızı içəri gətirdi, haman oğlanın yanında oturdub dedi:
– Ay qız, burda oturarsan, bu oğlanın milçəyini qovarsan.
Padşah qızı burda olan yeddi otağın altısını gəzib, yeddinci otağa çatdı, qapını açıb, içəri girdi, gördü burada bir sandıqça var. Sandıqçanın üstündə bir bülbül oturub. Padşah qızının bu bülbüldən xoşu gəldi, əlini bülbülə vuranda bülbül külə döndü. Sandığın qapısını açanda sandığın içindən tüstü çıxdı, Qız xoflanıb otaqdan qaçdı. İndi xəbəri sizə verim bağda yatan oğlandan. Demə qız sandıqla bülbülə əl vuranda tilsim sınıbmış. Ona görə də oğlan o saat asqırıb, ayıldı. Oğlan ayılıb öz-özünə dedi:
– Nə çox yatmışam.
Gördü ki, başının üstündə bir qız var, dedi:
– Ay qız, sən kimsən?
Qulluqçu dedi:
– Mən iki ildir ki, sənin milçəyini qovuram, hələ sənin üçün bir qulluqçu da tutmuşam.
Bu söhbətlərin içində padşahın qızı gəldi. Gördü oğlan qıza deyir:
– İndi ki, sən mənim iki il zəhmətimi çəkmisən, gərək mən səni alam.
Qız padşah qızını görüb dedi:
– Bu da bizim qulluqçumuz.
Padşah qızı işdən xəbərdar olub, heç bir söz demədi. Oğlan ayağa durdu, qıza dedi:
– Mən bazara gedirəm, nə istəyirsən sənin üçün alım?
Qulluqçu dedi:
– Mənim üçün bir dəst tuman al, bir az da saqqız.
Oğlan sonra üzünü padşah qızına tutub dedi:
– Bəs sən nə istəyirsən?
Padşah qızı dedi:
– Mənim üçün bir bıçaq, bir də səbir daşı al.
Oğlan qulluqçunun tapşırdığını aldı. Qayıdanda padşah qızının tapşırığı yadına düşdü, nə qədər gəzdisə, tapa bilmədi. Axırda gəlib bir dükana çıxdı, soruşdu. Dükançı dedi:
– Məndə var. Ancaq o adam ki, səbir daşıyla bıçaq istəyir, onu gözlə, o özünü öldürəcək.
Oğlan bunları da alıb, evinə qayıtdı. Saqqızla tumanı qıza verdi, səbir daşı ilə bıçağı padşah qızına verəndə gördü ki, qız gedib xəlvət bir yerdə oturdu, nə ki, başına gəlmişdi, səbir daşına deməyə başladı.
Dedikcə də bıçağı səbir daşına sürtürdü. Oğlan elə ki, gördü qız özünü öldürəcək, tez durub qızın əlindən bıçağı aldı, bütün əhvalatı qızdan soruşdu. Qız başına gələnin hamısını oğlana nağıl elədi.
Dəniz oğlanı dedi:
– Şamdan qardaş, oğlan padşahın qızına çatar, ya qulluqçuya?
Padşah qızı dedi:
– Əlbəttə, padşah qızına çatar.
Bu xəbər padşaha çatdı. Şeypur çalındı, o gün də şadlıq elədilər, qızı dəniz oğlanına verdilər.
Padşah onlara yeddi qatır da qızıl verdi, yola saldı, bunlar gəlib dəniz qırağına çatdılar.
Dəniz oğlanı dedi:
– Mən haman sənin dəryaya atdığın balıqlar padşahıyam, o yaxşılığın qabağında mən də sənə yaxşılıq elədim.
Dəniz oğlanı öz qanından bir az Yaquba verib dedi:
– Apar sürt atanın gözünə.
Bunu deyəndən sonra yox oldu.
Yaqub qızı götürüb, atasının vilayətinə gəldi, həmin qandan atasının gözünə çəkdi, atasının gözləri açıldı. Sonra qırx gün, qırx gecə toy eləyib, gətirdiyi qızı aldı.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo