top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Barxudarın nağılı

Biri var idi, biri yox idi, yaradan var idi, bəndəsi yox idi. Barxudar adlı bir balıqçı vardı. Barxudar dəryadan balıq tutar, bazarda satıb dolanardı. Barxudar bir gün axşam tərəfi dəryaya tor atdı. Çoxlu balıq tutub bazara gətirdi, satdı. Sonra çayçıya gedib, yedi, içdi, tanış-bilişnən görüşdü.
Onun başı söhbətə qarışmışdı, bir də baxdı ki, gecədən çox keçib, qalxıb getdi. Barxudar qaranlıqda fikirləşə-fikirləşə gedirdi. Bir balaca boylu dərvişə rast gəldi. Dərviş Barxudara dedi:
– Niyə fikirlisən? Al, bu qızıl bıçağı apar, ver padşahın qızı Ülkərə. Muradına çatarsan.

Dərviş bu sözü deyib qeyb oldu. Barxudar bıçağı götürüb gəldi padşah qızı Ülkərin yanına. Bıçağı verdi Ülkərə. Ülkər dedi:
– Xalaoğlu, Barxudar, gəldinmi?
Barxudar dedi:
– Gəldim, padşah qızı, gəldim.
Qız dedi:
– Barxudar, daha durmaq vaxtı deyil, hazırlaş gedək.
Barxudar getdi padşahın töyləsindən iki at çəkdi, yəhərlədi. Atları minib gecə vaxtı yola düşdülər. 0 gecə səhərə kimi at sürdülər, gedib bir bulaq başına çatdılar. Gördülər suynan bir qiymətli daş axır.
Barxudar atdan düşüb daşı götürdü, genə yola düşdülər. Az getdilər, çox getdilər, axır bir şəhərə çıxdılar. Padşah qızı atasının qızılgümüşündən çoxlu götürmüşdü. Verdilər üçmərtəbəli bir imarət tutdular, orda yaşamağa başladılar.
Bir gün Barxudar ilə Ülkər eyvanda oturmuşdular. Çay içib söhbət eləyirdilər. Söhbət sudan tapdıqları daşdan düşdü. Barxudar dedi:
– Padşah qızı, gətir o daşı bir baxım.
Padşah qızı daşı gətirdi, əlində tutdu. Daş ay, gün kimi işıq salmağa başladı. O yandan o şəhərin padşahı Eyvaz, vəzir, vəkil ilə ovdan gəlirdi. İmarətin qabağından keçəndə gözü əlində ləl daşı oynadan Ülkərə düşdü. Gözəlliyini görüb ona aşiq oldu. Ürəyi pərişan, qəlbi yaralı, gəldi divanxanaya. Al-qırmızı geyinib taxta çıxdı. Vəziri çağırtdırıb dərdini ona söyləyib dedi:
– Aman, vəzir, bu dərdimə bir çarə elə.
Vəzir dedi:
– Şah sağ olsun, nədən qəm yeyirsən? Güc səndə, mal, pul səndə.
Nə cür istəsən, o cür qızı ələ keçirə bilərsən.
Padşah dedi:
– Vəzir, mən qızı gücnən o oğlanın əlindən ala bilmərəm. El məni qınar, tədbir tökmək lazımdı.
Vəzir dedi:
– Onda ləl daşını bəhanə eləyib, qızı almaq olar. Sən hökm elə, oğlanı gətirt, de ki, o daşı mənim xəzinəmdən oğurlayıbsan. Onda söz tapa bilməz, boynuna oğurluq qoyub, öldürərsən, qız sənə qalar.
Padşah vəzirin tədbirini bəyəndi. Hökm elədi, Barxudarı gətirtdi, dedi:
– O səndəki ləl daşını mənim xəzinəmdən oğurlayıbsan. Boynuna al, yoxsa səni öldürəcəyəm.
Barxudar dedi:
– Şah sağ olsun, belə qırmızı böhtan olmaz. Mən daşı bir bulaqdan tapmışam. İnanmırsan, gedib o daşdan genə gətirərəm.
Padşah Barxudara on gün möhlət verdi ki, getsin, o daşdan genə gətirsin. Padşahın fikri bu idi ki, oğlan getsin, devlər onu tələf eləsin, qız buna qalsın. Barxudar bidamaq evlərinə gəlib əhvalatı Ülkərə danışdı.
Ülkər dedi:
– Barxudar, ayrılıqdı. Sən getməmiş qulaq as, mən əhvalatı sənə söyləyim. Mən öz torpağımızın padşahının qızıyam. Öz xalam oğluna nişanlı idim. Bu yaxınlarda toyum olacaqdı, amma mənim onda könlüm yox idi. O gecə sən qızıl bıçaq əlində gəldin, mən də gecə sənin yuxunu görmüşdüm. Gördüm ki, öz elimizdə sənə getsəm, hamı məni qınayar, qoşulub bu yerə gəldim. İndi mən səninəm, sən də mənim.
Padşah mənə aşiq olubdu. Ləl daşını bəhanə eləyib, səni öldürmək istəyir.
Get, Tanrı sənə yar olsun. Daşı tapıb gətirərsən, canımız qurtarar.
Bir də devlərin əlində mənim bir bacım var, on beş yaşında, onu dev götürüb aparıb. Bəlkə ona rast gəldin, özünlə gətir, o, bizi padşahın cəngəlindən qurtarar.
Barxudar “baş üstə†– deyib, qıznan halal-hümmət eləyib, yola düşdü. Az getdi, çox getdi, gedib suya çatdı. Axtarıb o ləl daşından birini tapdı, götürdü. Sonra öz-özünə dedi ki, bir bu suyun başına tərəf get. Hər nə sirr var, bu suyun başındadı. Barxudar su yuxarı getdi dərənin boğazında bir mağaraya çatdı. İçəri girib gördü bir qızıl taxt qoyulub, üstə də bir gözəl qız yatıb.
– Yəqin bu qız Ülkərin bacısıdı, sir-sifətindən də ona oxşayır, gərək aparam.
Barxudar ha çağırdı ki, qız oyansın, qızdan cavab çıxmadı. Əliynən itələdi, yenə də qız oyanmadı. Bildi ki, qız tilsimə düşüb. Yuxarı baxdı gördü bir ləl daşı asılıb qızın başının üstündən. İstədi əl atıb ləli tuta, ləl yuxarı çəkildi. Bildi ki, qızı huşa aparan bu daşdı, dedi:
– Gözləmək lazımdı. Bunu bu hala salan bir gün gələr.
Bəli, bir yana çəkilib gizləndi. Çox çəkmədi, göy guruldadı, ildırım çaxdı, bir dev yerə düşüb mağaraya girdi. Qız yatan taxtın baş ucundan bir qamçı götürdü, ləl daşına vurdu. Daş göyə çəkildi, qız huşa gəldi. Dev dedi:
– Ay qız, razılıq ver, canın bu tilsimdən qurtarsın.
Qız dedi:
– Sənin pis üzünü görməkdənsə, bu tilsimdə ölmək yaxşıdı.
Dev acıqlanıb qıza bir qamçı vurdu, qız özündən getdi. Ləl daşı üstünə gəldi. Dev çıxıb getdi.
Barxudar devin bütün işlərini görmüşdü. Mağaraya girdi, taxtın başından qamçını götürdü, lələ vurdu, ləl göyə çəkildi. Qız ayılıb dedi:
– Ey oğlan, sən kimsən, bura gəlmisən, bura bəni-adəm gələ bilməz.
Barxudar özünün və Ülkərin əhvalatını ona söylədi. Sonra dedi:
– Səni aparmağa gəlmişəm.
Qız dedi:
– Məni aparmaq üçün bu devi öldürmək lazımdı. Mən devdən xəbər aldım ki, sənin canın hardadı. O da dedi ki, mənim canım şüşə içərisində bir quşdu. Hər kimdə Süleyman peyğəmbərin üzüyü olsa, o gedib üzüyü suya salsa, mənim canımı tapa bilər. Barxudar dedi:
– Bacın gələndə o üzüyü mənə verib, dur gedək.
Bunlar durub getdilər su kənarına, üzüyü suya saldılar, bir şüşə gəldi. Şüşəni qaldırdılar, bir quş çıxdı. Barxudar quşun boğazını üzüb atdı. O saat dev göydən düşüb öldü.
Bir qatır tapıb, iki xurcun dolusu ləl daşı yükləyib yola düşdülər.
Mənzil eləyə-eləyə gəlib Ülkərə çatdılar. Hər iki bacı görüşdülər. Başlarına gələnləri bir-birilərinə söylədilər. Barxudar gətirdiyi beş ləl daşını padşaha verdi.
Padşah dedi:
– Get, canını yaxşı qurtardın.
Barxudar gəldi evlərinə.
Padşah vəziri çağırıb bu işə bir çarə istədi.
Vəzir dedi:
– Padşah, oğlanı çağır, deyinən mən naxoşlamışam, həkimlər ceyran südü buyurur. Gərək gedib gətirəsən. Gedib gətirə bilməz, sən də boynunu vurdurarsan, qıza sahib olarsan.
Padşah Barxudarı gətirtdi, vəzir deyən kimi dedi. Barxudar gəldi, əhvalatı qızlara söylədi. Dev aparan qız dedi:
– Devin məndə bir müşkü var. Apar meşəyə səp, ceyranlar bihuş olacaq. Onda sağıb gətir, südünü ver şaha.
Barxudar qız deyən kimi eləyib, gətirdi südü padşaha verdi. Padşahın bundan da əli üzüldü. Çarəsiz Barxudarı azad elədi. Barxudar evə gəldi. Dev aparan qız dedi:
– Padşah bizdən əl çəkməyəcək, gərək çarəsini eləyək. İndi Barxudar, sən get, padşahı vəzir, vəkiliynən qonaq çağır, mən onların başını duzlayım.
Barxudar getdi padşahı başının adamıynan qonaq çağırdı.
Padşah dedi:
– Gedərəm, mənə layiq qonaqlıq verməsə, boynunu vurdurub, qıza sahib ollam.
Bu fikirnən padşah başının adamıynan Barxudarın evinə gəldi. Dev aparan qız məclis açdı, hamısı əyləşdi. Qız birdən devin ləl daşını atdı, padşah başının adamlarıynan bihuş oldu. Barxudar qızlarnan bərabər onların başlarını kəsib, sinələrinin üstünə qoydu. Camaata xəbər verdi, hamı gəldi. Barxudar əhvalatı başdan-başa nağıl elədi. Camaat şaha lənət oxudu. Barxudarı onun yerində padşah tikdilər. Barxudar camaatnan yaxşı rəftar eləyib, dövran sürməyə, gün keçirməyə başladı.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo