Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Quru kəllə

Raviyani-əxbar və naqilani-asar, şirin göftar belə rəvayət edirlər ki, əyyami-qədimdə bir padşah var idi. Bir gün bu padşah öz vəzirlərilə atlanıb ova gedirdi. Şəhərdən kənarda bir xərabə qəbiristanlıqdan keçəndə vəzir gördü ki, bir quru kəllə o tərəf-bu tərəfə hərlənə-hərlənə deyir: “Qırx qan eyləmişəm, qırx birini də eyləyəcəyəm”. Kəllə qəbrə girmək istəyir, qəbir qoymur. Yazıq düzdə qalıb. Bunu görən vəzir tez atdan düşüb, kəlləni götürüb baxdı ki, bir dənə quru insan kəlləsidi. Vəzir bir az baxdıqdan sonra kəlləni xurcuna qoydu, atın tərkinə bağlayıb yoluna düzəldi. Axşama qədər padşahla gəzdikdən sonra evə gəldilər. Vəzir evə gələn kimi gələni xurcundan çıxartdı, həvəngdəstəyə salıb un kimi döydükdən sonra bir şüşəyə doldurub öz otağında şkafın bir tərəfinə qoydu.
Eşit vəzirin qızından. Vəzirin on səkkiz yaşında bir qızı var idi. Bir gün bu qız bərk sancılandı. Nə qədər həkimə, dərmana əl atdılarsa sancısı yaxşı olmadı ki, olmadı. Qız başı kəsilmiş toyuq kimi partlayırdı.
Anası nə qədər əlləşdi, bir dərman eləyə bilmədi. Axırda qız özözünə dedi: “bir az zəhər olsa içərəm, bu bəladan qurtararam”. Durub cəld atasının otağına getdi. Şkafı açanda gördü ki, bir şüşənin içində ağ toz kimi bir şey var, dedi:
– Yəqin bu zəhərdi.

Qız şüşənin ağzını açdı, tozdan ovcuna bir qədər töküb, dililə yaladı. O saat sancısı kəsdi.
Bunun üstündən bir neçə ay keçəndən sonra qız hamilə oldu. Nə qədər çalışdı, uşağı gizləyə bilmədi. Gördü ki, qarnı yekəlir, hamı biləcək, el içində biabır olacaq. Axırda çar-naçar bu əhvalatı anasına xəbər verdi. Anası da o saat vəzirə xəbər verdi ki, qızın hamilədi.
Vəzir qızını çağırıb əhvalatı soruşdu, dedi:
– Çəpəl, bu uşağı kimdən tutmusan, düzünü de!
Qız dedi:
– Ata, mən sancıdan ölürdüm. Özümə zəhər axtarırdım ki, yeyim, biryolluq əzabdan qurtarım. Dedim ki, atamın otağında zəhər olmamış olmaz. Gedib sənin şkafındakı ağ tozdan bir az yaladım, gördüm ki, hamiləyəm. Mənim bundan artıq heç bir günahım yoxdu.
Qız bunu deyən kimi vəzir barmağını dişləyib öz-özünə dedi ki, burda bir hikmət var. Görək bunun axırı nə cür olacaq. Qızına dedi:
– Qızım, sən heç fikir eləmə, görək axırı nə olacaq.
Beləliklə, ruzigar dolanmağa başladı. Bəli, doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqədən sonra vəzirin qızı bir oğlan doğdu. O saat uşağı dayələrə tapşırdılar. Uşaq gündən-günə böyüyürdü. Uşaq üç yaşına girəndə, vəzir ona dərs verməyə şeyxlər təyin elədi. Bu minvalla uşaq dərs oxumağa başladı.
Belə rəvayət edirlər ki, həmin şəhərin padşahının bir gözəl bağı var idi. Bağın ortasından bir böyük çay axırdı. Bir gün padşahın bağbanı çayda balıq tuturdu, toruna üç dənə rəngbərəng balıq düşdü. Balıq çı mat qaldı ki, bu balıqlar bizim çayda olan deyil, görəsən hardan gəlib çıxıbdı. Qoy mən bunları diri-diri padşaha aparım. Cəld bir tavanın içinə bir az su töküb balıqları da içinə qoyub, düz padşaha apardı. Padşah bu balıqları görüb çox şad oldu, o saat bir qızıl bağışladı bağbana. Padşah və bütün divan əhli balıqlara baxdıqdan sonra, padşah dedi ki, qoy bunları hərəmxanaya aparaq, arvadım da görsün.
Padşah cəld balıqları götürüb hərəmxanaya getdi, tavanı yerə qoyub dedi:
– Arvad, gör bu gün bağban nə gözəl balıq tutub. Arvad yaxın gəlib balıqlara baxdıqda, cəld üzünü şal ilə örtdü. Padşah dedi:
Arvad, burda kim var ki, üzünü gizləyirsən? Arvad dedi:
– Ola bilsin ki, bu balıqların biri erkəkdi. Mən istəmirəm ki, mənim üzümü səndən savayı heç bir erkək nəsil görsün.
Bu cavabı deyib üzünü bərk-bərk örtdü. Bu sözləri eşidən kimi, balıqlar tavadan başlarını qalxızıb üçü də şaqqıldayıb güldülər. Padşahla arvadı bu işə mat qaldılar.
Padşahın arvadı dedi:
– Bu balıqlar nəyə güldülər?
Padşah dedi:
– Mən nə bilim.
Arvad dedi:
– Bu saat tapdır, görüm bu balıqlar nəyə güldülər?
O saat padşah cəmi vəzirlərini, alimləri, bütün rəml atanları yığıb, onlardan balıqların gülməyinin səbəbini soruşdu. Heç kəs cavab verə bilmədi. Padşah dübarə soruşdu. Genə heç kəs cavab verə bilmədi.
Arvad da iki ayağını bir başmağa dirəmişdi ki, bu saat gərək tapasınız, görüm, balıqlar nəyə güldülər?
Padşah arvadının xatirini çox istədiyi üçün böyük vəzirini çağırıb dedi:
– Sənə üç gün möhlət verirəm. Üç günə kimi balıqların gülməyinin səbəbini tapmasan boynunu vurduracağam.
Vəzir əlini döşünə qoyub dedi:
– Şah, ədalətinə güc eləmə! Mən balıqların gülməyinin səbəbini hardan tapım?
Padşah qəzəblənib dedi:
– Uzun danışma, get, sənə üç gün möhlətdi.
Vəzir qalxıb məclisdən evlərinə getdi. Öz otağına girib kor-peşman fikrə getmişdi, birdən balaca nəvəsi içəri girdi, babasını bikef görüb, soruşdu:
– Baba, sənə nə olub ki, belə kefsizsən?
Babası dedi:
– Heç nə, oğlum.
Oğlan dedi:
– Yox baba, yəqin padşahın sənə qəzəbi tutub. Yoxsa sən belə bikef olmazsan.
Uşaq çox yalvardıqdan sonra babası əhvalatı ona söyləyib dedi:
– İndi padşah mənə üç gün möhlət verib. Üç günə kimi tapmasam, boynum vurulacaq.
Uşaq gülüb dedi:
– Baba, mən elə bilirdim ki, sən vəzirsən, dünyada hər şeyi bilirsən.
Ancaq indi görürəm ki, sən heç nə bilmirsən. Vəzirlər həmişə gərək tükü-tükdən, sözü-sözdən seçsinlər. Baba, çox qəm yemə, məni apar, balıqların nədən ötrü güldüklərini deyim.
Babası dedi:
– Oğlum, bütün şəhərin alimləri, münəccimləri yığılıb heç biri cavab verə bilməyiblər, sən nə cür cavab verə bilərsən?
Uşaq dedi:
– Yox baba, sən məni apar. Cavab verməsəm, qoy padşah mənim boynumu vursun.
Vəzir nə qədər uşağı aldadıb başdan elədisə, uşaq əl çəkmədi.
Axırda vəzir dedi:
– Yaxşı, oğlum, sabah apararam.
Sabah açıldı, tezdən oğlan babasının yanına gəlib dedi:
– Baba can, dur gedək!
Vəzir uşağın əlindən tutdu, padşahın barigahına getdilər. Vəzir iki qat olandan sonra dedi:
– Padşah sağ olsun, mənim bu balaca nəvəm deyir ki, balıqların gülməyinin səbəbini mən deyərəm.
Padşah o saat keçib taxtda oturdu. Ətrafında əyanlar, vəzirlər oturdular.
Uşaq dedi:
– Padşah sağ olsun, əmr elə arvadın da öz qul-qarabaşlarilə gəlsin.
Cəld padşah hərəmxanaya adam göndərdi. Arvad da öz adamlarilə gəlib məclisdə pərdə dalında oturdu. Uşaq dedi:
– Xanım, balıqların gülməyinin səbəbini bilmək istəyirsən?
Xanım dedi:
– Mən ərz eləmişəm, gərək yerinə yetirilsin. Əgər bilirsənsə, düzgün cavab ver! Əgər bilməsən, boynun vurulacaq.
Uşaq dedi:
– Əgər mümkündüsə, siz bu balıqların gülməyinin səbəbini soruşmayın, peşman olarsınız.
Arvad dedi:
– Heç peşmançılığı yoxdu. Tez söylə görüm, balıqlar nəyə güldülər?
Uşaq genə dedi:
– Xanım peşman olarsınız, soruşmayın!
Xanım dedi:
– Mümkün deyil, tez de!
Oğlan dedi:
– Xanım, Məlik şah öz tutuquşunu boğub öldürdükdən sonra peşman olduğu kimi, sən də peşman olarsan. Gəl, sən soruşma!
Xanım dedi:
– Söylə görüm, Məlik şah öz tutuquşunu niyə öldürüb, niyə peşman oldu?
Uşaq məclisdə diz üstündə çöküb dedi:
– Bütün əhli-məclis, siz də qulaq asın! Qədim zamanda bir padşah var idi. Bunun adına Məlik padşah deyirdilər. Bu padşahın bir tutuquşusu vardı. Padşah quşu o qədər istəyirdi ki, bütün dövlət işlərini buraxıb, gecə-gündüz bu quşla söhbət edib əylənirdi. Padşahın bundan savayı ayrı bir işi-gücü yoxdu. Bütün vəzir-vüzəra padşahın bu hərəkətindən zara gəlmişdilər, istəyirdilər bir növ ilə tutuquşunu yox eləsinlər.
Amma nə qədər çalışırdılarsa, bir yol tapa bilmirdilər. Günlərin birində genə padşah öz bağında taxt üstündə oturmuşdu, tutuquşu da qabağındakı bir alma ağacında qızıl qəfəsin içində asılmışdı. Bu halda kənardan bir başqa tutuquşu gəlib ağaca qondu və başladı qəfəsdə olan tutuquşuyla danışmağa. Bir az danışıb, çıxıb getdi. Padşah öz tutuquşundan soruşdu:
– O gələn tutuquşu nə deyirdi?
Padşahın tutuquşusu cavab verdi:
– O gələn tutuquşu mənim qardaşımdı. Bacımızın toyudu, məni də toya çağırır. Əgər möhlət versən, gedərəm.
O saat padşah durub qəfəsin qapısını açıb tutuquşunu buraxdı.
Bundan sonra padşah dövlət işlərilə məşğul olmağa başladı.
Beləliklə günlər keçdi, qırx gündən sonra tutuquşu gəlib öz qəfəsinə girdi. Bunu görən vəzirlər dedilər ki, yenə günümüz qara olmağa başladı. Tutuquşu gəldi, daha padşah bizləri unutdu.
Bir hiylə düşünməyə başladılar.
Bir gün böyük vəzir padşahın yanına gəlmişdi. Gördü ki, padşah tutuquşuyla oynayır. Vəzir dedi:
– Padşah sağ olsun, sən ki, bu quşu bu qədər sevib bizim hamımızdan bunun xatirini çox istəyirsən, amma bu sənin xatirini o qədər istəmir.
Sən bunu qırx gün buraxdın getdi, toylarını elədi, heç sənə pay gətirmədi.
Padşah tutuquşuya dedi:
– Ey, quş, mən bütün dövlətimdən, malımdan, oğlumdan, qızımdan çox səni istəyirəm. Gör səni nə qədər istəyirəm ki, bir kəlmə sözünü rədd eləmədim. Səni qırx gün azad elədim. Sən də getdin, toyunuzu elədin, genə gəldin. İndi söylə görüm, mənə toy payı nə gətirmisən?
Bunu eşidən quş dilinin altından bir alma dənəsi çıxarıb padşaha verdi, dedi:
– Padşah sağ olsun, bunu ver bağbana əksin. Mənim bundan artıq sovqatım yoxdu.
Padşah dənəni alıb, bağbanı çağırtdırıb verdi ki, bunu bir yaxşı yerdə əksin.
Bağban alma dənəsini alıb, aparıb bağın bir yaxşı yerində əkdi. Vəzir gördü ki, bundan bir şey çıxmadı, başqa hiylələr düşünməyə başladı.
Bunun üstündən bir neçə zaman keçdi, tutuquşu gətirən toxumun ağacı böyüyüb, dördüncü ili iki dənə gözəl alma gətirdi. Payızın orta ayı idi. Bir gün bağban səhər tezdən bağı sulayırdı, gördü ki, almanın biri ağacın dibinə düşüb. Bağban cəld almanı yerdən alıb gördü ki, elə gözəl almadı, insan əlinə almağa qıymır. Bağban dedi:
– Yəqin bu alma yetişib, o biri yox. Qoy bunu padşaha aparım.
Bunu deyib, almanı götürüb bağdan çıxdı. Yolda vəzir bağbanın qabağına çıxdı, gördü ki, bağbanın əlində bir gözəl alma var. Cəld bağbanı saxlayıb soruşdu:
– Bu alma nədi? Bunu hara aparırsan?
Bağban dedi:
– Tutuquşu gətirən alma dənəsindən əmələ gələn ağacın almasıdı ki, bu il alma gətirib. İndi bunun birini padşaha aparıram.
Vəzir dedi:
– Almanı ver mən saxlayım, sən get bizim evdən qələm-davatımı gətir. Mən səni burda gözləyirəm.
Heç bir şeydən xəbəri olmayan bağban, almanı vəzirə verib getdi.
Bağban gedən kimi vəzir almanı zəhərlədi. Bir azdan bağdan qələmdavatı gətirib vəzirə verdi, almanı alıb getdi.
Vəzir bağbandan qabaq başqa yolla padşahın barigahına gəldi. Bir azdan sonra bağban barigaha daxil olub, almanı padşahın qabağına qoydu. Padşah dedi:
– Ey mənim sədaqətli qoca bağbanım, səhər-səhər bu nə almadı sən gətirmisən?
Bağban cavab verdi:
– Bu haman tutuquşu gətirən dənənin almasıdı.
Padşah almanı alıb gördü ki, bir tərəfi qırmızı, bir tərəfi sarı bir almadı ki, əlinə alan yerə qoymaq istəmir. Cəld bıçağı alıb almanı soymağa başladı. Soyduqdan sonra bir dilim kəsdi ki, yesin, vəzir qoymayıb dedi:
– Padşah sağ olsun, bu alma bizim yerin alması deyil. Bunun dadıtamı bizə məlum olmadığı üçün, bunu birdən-birə yemək yaxşı olmaz.
Sən bundan bir dilim ver zindandakı öləsi dustaqların birinə, o yesin.
Əgər ona bir şey olmasa, sən də yeyə bilərsən.
Padşah dedi:
– Yaxşı fikirdi.
Padşah cəld əmr elədi zindandan bir dənə dustaq gətirdilər. Padşah almadan bir dilim kəsib dustağa verdi. Dustaq almanı yeyən kimi yıxılıb canı çıxdı. Padşah və bütün əhli-divan məəttəl qaldılar. Vəzir dedi:
– Padşah sağ olsun, görünür, tutuquşu sənin ölümünü istəyir ki, özü azad olsun. Yoxsa zəhərli yerin almasını sənə gətirməzdi. Görünür, sənin bu qədər naz-nemətindən narazıdı.
Bunu eşidən padşah hirsindən ağız-burnunu çeynəyə-çeynəyə durub gedib qəfəsin ağzını açdı, tutuquşunun boğazından tutub, boğub öldürdü.
Bundan sonra padşah lap dəli kimi oldu. Çünki o, quşu olduqca sevirdi.
Bir tərəfdən quşdan ayrılmaq, bir tərəfdən quşun gördüyü belə hərəkət padşahı qəmgin eləmişdi.
Bir gün səhər tezdən Məlik padşah durub bağa gəzməyə getmişdi. Bağa girdikdə gördü ki, on dörd gecəlik ay kimi gözəl bir oğlan bağda işləməyə məşğuldu. Padşah oğlanın yanına gedib soruşdu:
– Sən kimsən?
Oğlan cavab verdi:
– Mən sənin bağbanınam.
Padşah dedi:
– Mənim bağbanım altmış yaşında bir kişi idi. Sən nə danışırsan, mənimi aldadırsan?
Oğlan dedi:
– Bəli, şahım, mən həmin qoca kişiyəm...
Padşah soruşdu:
– Sənə nə oldu ki, belə cavanlaşdın?
Bağban dedi:
– Padşah sağ olsun, tutuquşu gətirən alma dənəsinin ağacı bu il iki dənə alma gətirmişdi. Mən birini sizə gətirdim, birini də özüm yedim.
Yeyən kimi gördüyün hala düşdüm.
Padşah soruşdu:
– Sən almanı mənə gətirəndən qabaq bir yerə-zada qoydunmu, ya bir adamın əlinə verdinmi?
Bağban dedi:
– Şahım, mən almanı sənə gətirəndə yolda qabağıma vəzir çıxdı.
Məndən soruşdu ki: “əlindəki nədi? hara aparırsan?” – Mən də dedim ki, tutuquşu gətirən dənənin almasıdı ki, bu il bar gətirib, onu şaha aparıram. Vəzir mənə dedi:
– Ver mənə almanı saxlayım, sən get bizim evdən mənim qələmdavatımı gətir.
Mən də almanı vəzirə verdim, gedib onun qələm-davatını gətirəndən sonra almanı alıb sənə gətirdim.
Padşah dərin fikirdən sonra bildi ki, vəzir almanı zəhərləyibmiş. Padşah bağdan tez qayıdıb, vəzirin boynunu vurdurdu. Ondan sonra gecə-gündüz tutuquşudan ötrü ağlamağa başladı.
İndi xanım, siz də balıqların gülməyini soruşmayın. Məlik padşah kimi sonradan-sonraya peşman olarsınız.
Arvad dedi:
– Olmaz, bu saat de! Yoxsa əmr edəcəyəm cəlladlar boynunu vursunlar.
Bütün əhli-divan heyrətdə qalmışdılar. Uşaq dedi:
– İndi ki, arzu edirsən, bu saat.
Uşaq üzünü padşaha döndərib dedi:
– Padşah sağ olsun, sizdən üç şey xahiş edəcəyəm. Əgər razı olub izn versəniz, mən də balıqların gülməyinin səbəbini deyərəm.
Padşah dedi:
– İzn verirəm.
Uşaq dedi:
– Birinci, xahiş edirəm mənə iyirmi nəfər öz fərraşlarından verəsən.
İkinci, hələlik mən nə desəm ona baxasan, axıra qədər qəzəbini sakit saxlayasan. Üçüncü də bu gün arvadından ayrı dolanasan. Padşah oğlanın dediklərinə əməl eləyib, fərraşlarından iyirmi nəfər oğlana verdi.
Oğlan fərraşları götürüb bağa gəldi. Bağda bir hovuz var idi. Əmr elədi hovuzun suyunu boşaltdılar. Hovuzun bir yerini sökdürdü, bir qapı çıxdı. Uşaq həmin qapını açdırdı, padşah, vəzir, vəkil yeddi qat aşağı enib gördülər nə? Burda qiyamət var. Padşahın qara qulu, başında otuz doqquz nəfər hərami ilə burda kef-damağdadırlar.
Padşah soruşdu:
– Bu nədi? Bu sirdən məni agah elə!
Uşaq dedi:
– Hələ darıxma!
Bəli, məsələ belə qaldı, bunlar qara qulun gözünə görünmədilər.
Gecə uşaq padşaha dedi:
– Şah sağ olsun, mən də sizdə yatacağam.
Padşah razı oldu. Oğlan şərt kəsdi ki, padşah gərək barmağını yarıb, içinə duz doldursun, gecə yatmasın və onun burada qaldığını arvadına bildirməsin.
Gecə oldu, padşahla arvadı başların atıb yatdılar. Oğlan da bir yerdə gizləndi. Padşah özünü yuxululuğa vurub yatmadı. Gecədən bir vaxt keçmişdi. Padşah bir də gördü arvad yerindən qalxıb, göydən qılıncı aldı, üç dəfə onun üstünə hücum etdi. Elə bildi ki, yatıb, tez qapıdan çıxdı. Oğlan gizlindən çıxıb dedi:
– Padşah, dayanma!
Bunlar da bayıra çıxdılar, qarabaqara arvadın dalına düşdülər.
Arvad düz gəlib hovuza çıxdı, hovuzun suyunu sovdurdu, qapını açıb içəri girdi. Padşahla oğlan da onun dalınca girib, bir tərəfdə gizləndilər.
Bəli, arvad çatan kimi qara qul yerindən qalxıb arvadın ağzına bir şillə vurub dedi:
– Çəpəl, niyə gec gəldin?
Arvad dedi:
– Beyman kişi yatmırdı.
Padşah baxıb gördü nə, vəzirin, vəkilin arvadı da burdadı. Qara qul padşahın arvadının boynuna sarıldı. Onlar kef-damağa məşğul olanda padşah fərraşları ilə gizlindən çıxıb hamısını qırdılar. Şahın arvadı sağ qalmışdı, hələ ölməmişdi.
Bir qılınc götürüb ərinin qarnına soxdu öldürdü, sonra özü də öldü.
Bu zaman oğlan bir quru kəllə olub hərlənə-hərlənə dedi:
– Qırx qan eləmişdim, qırx birini də elədim.
Quru kəllə yenə gedib əvvəlki yerində durdu. Camaat yığılıb onu bir qəbirdə basdırdılar. Torpaq onu kənara tulladı. Nə qədər əlləşdilər, qəbir qışqırıb dedi:
– Ay aman, məndən uzaq eləyin!
Torpaq qışqırıb dedi:
– Ay aman, onu məndən uzaq eləyin!
Kəllə də elə bunu sevirdi.
Bir təpənin başında tullanıb-düşür, həmişə deyirdi:
– Qırx qan eləmişdim, qırx birini də elədim.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo