top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Tələtin nağılı

Biri vardı, biri yoxdu, keçmiş əyyamlarda Tələt adında yetim bir uşaq vardı. Onun qoca nənəsindən, bir də uçuq daxmasından başqa heç bir şeyi yox idi.
Tələt balaca olduğu üçün nənəsi Şamama onu işə-gücə göndərməzdi.
Özü sap əyirib, corab toxuyardı, aparıb bazarda satıb, axşam evinə dönərdi.
Bir gün Tələt nənəsi Şamama qarıya dedi:
– Nənə, corab toxu, bir cüt ver mənə, aparım bazarda satım.

Şamama qarı dedi:
– Oğul, bu il gəl sən bayır-bacağa çıxma, zəmanə çox pisdi. Yeni ildə çıxarsan.
Tələt ayağını yerə döyüb, dedi:
– Nənə, əgər məni bazara buraxmasan, acıq eləyib, çıxıb gedəcəyəm.
Şamama qarı Tələtin ürəyini sındırmadı, bir cüt də artıq corab toxuyub, onu yanınca bazara apardı. Tələt nənəsindən corabı alıb, özünü camaatın içinə vurdu. Corabı nənəsi deyən qiymətdən də artığa satdı.
Şamama qarı nəvəsini belə fərasətli görüb çox şad oldu, ayındanoyundan alıb, evlərinə qayıtdılar.
Bir neçə gün Şamama qarı nəvəsini yanına salıb bazara apardı. Hər gedəndə də ona bir cüt corab verərdi. Tələt də corabı artıq qiymətinə satıb, pulunu nənəsinə verərdi.
Bir gün Şamama qarı bərk naxoşladı. Toxuduğu corablar da evdə qaldı. Tələt nənəsindən gizlin corabları götürüb bazara çıxdı. O, corabları satmaqda olsun, sənə danışım bir nəfər kordan.
Bu mahalda bir kasıb kişi olurdu. Bu kişi kor idi. Belə ki, evdən bayıra çıxa bilməzdi. Bir gün bu kişi əlinə ağac alıb, evdən bayıra çıxdı, ağacını yerə sürtə-sürtə gəlib, “ya qismət” deyib bir daşın üstə əyləşdi. Tələt də corabları satıb yolla gedirdi. Gördü ki, qara daşın üstə bir kor əyləşib, elə deyir:
– Ya qismət!
Tələt onun ovcuna bir qədər pul basdı. Çəkilib bir tərəfdə gizləndi ki, görsün, bu bazardan uzaq oturub nə qismət axtarır? Gördü ki, bir dərviş əlində təbərzin, bu korun yanına gəldi, bir ləl çıxarıb ona verdi, çıxıb getdi. Tələt bir də gördü ki, bir qarapaltarlı kişi gəlib ləli korun əlindən aldı, ona bir-iki ağac da vurub getdi.
Tələt bu qarapaltarlı adamın dalınca getdi, qarabaqara gəlib bir imarətin qabağına çatdı. Qarapaltarlı adam yuxarı çıxdı, bu da onun dalınca. Qarapaltarlı adam içəri girdi, qapını örtdü. Tələt qapının deşiyindən baxdı gördü ki, o, paltarını soyundu, bir arvad gəlib onun qabağına süfrə döşədi, xörəklərini yeyib yatdılar. Tələt bu imarəti nişanlayıb getdi, gördü ki, həmin kor genə oturub. Çıxardıb ona iki qara pul verdi.
Kor durub yola düzəldi. Tələt koru aparıb evinə saldı. Onun da evini nişanlayıb, nənəsinin yanına gəldi.
Şamama qarı Tələt gedəndən sonra durub taxçaya baxdı, gördü ki, axşama evdə çörək yoxdu. İstədi corabları aparıb satsın, gördü corablar da yoxdu. İstəyirdi bayıra çıxa, gördü nəvəsi əlində çörək budu, gəlir. Xəbər aldı:
– Bala, hardaydın?
Tələt dedi:
– Nənə, corabları aparıb satdım. Çörək də alıb gətirmişəm.
Şamama qarı nəvəsinin bu zirəkliyinə çox sevindi. Özü də səhərdən bəri ac idi. Tez süfrə salıb, çörək yeməyə oturdular. Süfrə başında Tələt nənəsindən xəbər aldı:
Nənə, filan küçədə bu rəngdə, bu nişanda bir imarət var, o kimin imarətidi?
Şamama qarı dedi:
– Oğul, o imarət tacirbaşının imarətidi. Özü də çox zalım, tamahkar adamdı. Öz köpüyündən keçməz, amma özgəsinin köpüyünü tez alar.
Tələt xəbər aldı:
– Nənə, bəs filan daxmada bir kor kişi var, özü də qocalıb, o kimdi?
Qarı dedi:
– Oğul, o kor haman tacirbaşı Məlikin nökəri olub, Məlikin dövlətini o qazanıb, amma indi Məlik onu o hala salıb.
Tələt nənəsinin bu sözünün üstündən heç bir kəlmə də danışmadı.
Rahatca çörəyini yeyib, yıxılıb yatdı.
Səhər tezdən durub bazara çıxdı, gördü ki, həmin qarapaltar Məlik tacir bazarda gəzir, yanında da bir adam var. Bu adam bazarı dolanıb deyir:
– Məlik tacirə nökər lazımdı. Hər kimin meyli var, gəlsin, yaxşı pul verəcək.
Tələt birdən irəli yeriyib, dedi:
– Mən qalaram. Neçə verərsən?
Məlik tacir dedi:
– Ayda üç yüz tümən.
Tələt dedi:
– Qalaram. Amma gərək mənə dilindən kağız verəsən ki, bu adamı ayda üç yüz tümənə özümə nökər tuturam.
Məlik tacir razı oldu. Tələti götürüb, evinə gəldi. Tələt kağızı alıb, cibinə qoydu. Aradan bir neçə gün keçəndən sonra Məlik tacir Tələtə dedi:
– Hazırlaş, səfərə gedirik.
Tələt dedi:
– Tacirbaşı, mənim bir qoca nənəm var, aylığımı ver, aparım qoyum nənəmin yanında, sonra hər yana desən, gedim.
Məlik tacir haqverməz adamdı. Əlini cibinə salıb, əlli tümən çıxarıb Tələtə verdi, dedi:
– Pulları mala vermişəm. Hələlik bu əlli tüməni apar, qoy nənənin yanında, qalanını sonra verərəm.
Tələt özlüyündə dedi:
– Donuzdan bir tük də qoparmaq qənimətdi.
Əlli tüməni alıb, tez özünü nənəsinə yetirdi, pulu verib dedi:
– Nənə, mən gedirəm.
Şamama qarı xəbər aldı:
– Ay oğul, hara gedirsən?
Tələt dedi:
– Səfərə gedirəm.
Nənəsi dedi:
– Bala, kimlə gedirsən?
Tələt dedi:
– Məlik tacirə nökər dayanmışam, onunla gedirəm. Şamama qarı dedi:
– Oğul, getmə, o bir imansız adamdı. Gedərsən, sənin başını batırar.
Tələt dedi:
– Heç qorxma! Onun başında mən acı turp əkməsəm, sənin nəvəliyinə layiq deyiləm.
Tələt nənəsi ilə halallaşıb, Məlik tacirin yanına gəldi. Gördü ki, Məlik tacirin qapısında üç qatır, bir də yəhərli at var. Haçannan-haçana bir adam bir yabı da gətirdi. Məlik tacir özü ata minib, Tələti də yabıya mindirdi. Atlarını sürməyə başladılar. Az gedib, çox dayandılar, çox gedib, az dayandılar, gəlib bir hündür dağın döşünə çatdılar. Atdan yerə düşdülər. Məlik tacir dedi: Tələt, bu dağı görürsən?
Tələt dedi:
– Bəli, görürəm.
Məlik dedi:
– Bu dağa çıxmağa heç yandan yol yoxdu. Biz səni çıxardacağıq bu dağa. Sən də dağda nə ki, qızıl rəngində daş-qaş var, tök aşağı. Sonra biz səni yenə bu dağdan düşürdərik.
Tələt bir xeyli fikirdən sonra öz-özünə dedi: “qoy razı olum, görək bunun axır sözü nə olacaq”.
Məlik tacir diri-diri atın qarnını yarıb, nə ki, içalatı vardı, çəkib çıxartdı bayıra atdı, bir qədər də ətinin ora-burasından kəsib, atın cəmdəyini yüngülləşdirdi. Tələti götürüb atın qarnının içinə saldı, əlinə də bir bıçaq verib dedi:
– Elə ki gördün atın cəmdəyi yerə dəydi, bıçağı dəriyə çəkib bayıra çıxarsan.
Məlik tacir atın qarnını tikib, bir qıraqda gizləndi. Haçannan-haçana iyirmiyəcən iri-iri quş gəlib, atın cəmdəyini caynaqlarına aldılar, göyə qalxızdılar, aparıb dağın başına qoydular. Bir balaca dimdiklədilər, gördülər ki, quru sümükdü, uçub getdilər. Quşlar gedəndən sonra Tələt atın qarnından çıxdı, gördü ki, burda o qədər ləl-cavahirat var, gəl görəsən.
Tələt üç qatır yükü bu qiymətli daş-qaşdan yerə tökdü. Məlik tacir də qatırlarını yüklədi. Tələt dedi:
– Məni düşürün.
Məlik dedi:
– Sən orda qal.
Məlik tacir atına mindi, qatırları da götürüb getdi.
Tələt dağın başında qaldı, heç bilmədi hayana getsin. Bir də gördü ki, burda çoxlu uşaq cəmdəyi var, öz-özünə dedi:
– Ey dad, qalıb burda mən də bunlar kimi olacağam. Yaxşısı budu, baş götürüb qaçım.
Hər yana getdisə, gördü dağdan enib qurtara bilməyəcək. Oturub ağlamağa başladı. Bir də gördü ki, burada eniş-yoxuş bir yer var, dedi:
“burda qalıb qurd-quşa yem olunca, qoy bu dağdan aşağı sallanım, bəlkə düşüb bir yana çıxdım”.
Tələt dağdan sallandı, o daşdan, bu daşdan tuta-tuta birtəhər aşağı düşdü. Gördü bura dəryadı, hər tərəf sudu, heç bir yana yol yoxdu ki, çıxasan. Dəryanın da yanı meşədi.
Tələt oturub dizlərini qucaqlayıb fikir eləyirdi, axırda öz-özünə dedi: “Boş fikirdən nə çıxar, girim bu meşəyə, bəlkə yeməyə bir şey tapdım”.
Durub meşəyə girdi, gördü burda ağaclar var ki, hər yarpağı bir yorğan boyda, özü də iki barmaq qalınlığında, dedi: “Əcəb oldu. Bundan dərib sal qayıraram, dəryaya ataram, özüm də içinə minərəm, bəlkə gedib bir yana çıxa bildim”.
Yarpaqdan bir neçəsini dərib, qabağına qoydu, gördü ki, bu yarpaqları bir-birinə bitişdirə bilməyəcək. Bir neçə qədəm irəli yeridi.
Gördü ki, burda bir ağac var, bu ağacın qol-budağından yapışqan kimi bir şey tökülür. Tez bundan bir-iki ovuc gətirdi, yarpaqları bir-birinə yapışdırmağa başladı. İşini tamam qurtarandan sonra götürüb dərya kənarına gəldi, dəryaya saldı. Gördü ki, su buraxmır. Keçib içində oturdu, əlinə də bir ağac alıb, sürməyə başladı.
Tələt dəryanın üzü ilə neçə gün, neçə gecə yol gedəndən sonra gəlib quruya çıxdı. Piyada yol getməyə başladı. Bir müddət yol gəlib çıxdı meşəyə, gördü ki, burada bir yuva var, yuvanın ağzında bir ilan.
İlan Simurq quşunun balalarını yemək istəyir. Tələt yerdən bir daş götürüb, ilanın başına saldı. Daş ilanın başına dəyən kimi ilan çapalayıb öldü. Simurqun balaları buna yerbəyerdən alqış elədilər. Bu da oturub bunların qarovulunu çəkməyə başladı. Birdən Simurq özü gəlib çıxdı.
Tələti görən kimi caynağına alıb, onu öldürmək istədi. Balaları ağızağıza verib dedi:
– Ana, bu oğlan ilanı öldürüb, bizi onun əlindən qurtardı.
Simurq dedi:
– İndi ki, mənim balalarıma bu yaxşılığı eləyibsən, diləyini məndən istə. Mən sənin qulluğunda hazıram.
Tələt dedi:
– Ey Simurq, məni İsfahan şəhərinə apar.
Simurq dedi:
– O da mənim gözüm üstə. Bu gecəni qal, səhər səni aparım.
Tələt gecəni Simurq quşunun yanında qaldı, səhər tezdən durub, quşun qanadlarının arasında oturdu. Simurq göyə qalxdı, bir neçə qanad çalıb, aşağı endi, dedi:
– Gözlərini aç!
Tələt gözlərini açıb, o yan-bu yana baxıb, gördü ki İsfahan şəhərinin kənarındadı.
Simurq dedi:
– Oğlan, indi gedə bilərsən.
Tələt Simurq quşundan ayrılıb bir baş evlərinə gəldi, gördü ki, nənəsi evdə oturub yun əyirir.
Şamama qarı nəvəsini görən kimi, qucaqlayıb öpdü, ondan xəbər aldı:
– Bala, necə gəldin?
Tələt dedi:
– Nənə, lap yaxşı gəldim.
Tələt gecəni nənəsinin yanında qalıb, səhər tezdən durub gəldi.
Məlik tacirin qapısını döydü. Məlik tacir qapını açıb gördü ki, Tələtdi.
Boğazının yolu quruyub dedi:
– Tələt, gəl içəri.
Tələt içəri girib eyvana keçdi. Məlik tacirlə üzbəüz oturub, əlini cibinə saldı, qəbzi çıxardıb, dedi:
– Tacirbaşı, bir ilimin zəhmət haqqını ver.
Məlik tacir daha heç bir söz tapa bilmədi ki, buna desin.
Tələt genə dedi:
– Tacirbaşı, hesab elə, ayda üç yüz tüməndən, bir ilin zəhmət haqqını ver.
Məlik tacir dedi:
– Oğul, iki gün mənə möhlət ver, üçüncü günün tamamında gəl haqq-hesabını apar.
Tələt durub gedəndən sonra Məlik tacir öz ortağını çağırıb dedi:
– Ortaq, Tələt gəlib çıxıb. Məndən bir ilin zəhmət haqqını istəyir.
Tədbir gör...
Ortaq dedi:
– Sən bu işi həvalə elə mənə. Mən ona heç zəqqum da vermərəm.
Məlik tacir razı oldu, ayağa durub, Tələtə xəbər göndərdi ki, bu axşam mənə qonaqdı. Tələt də gəldi.
Məlik tacir aş bişirtdirdi. Ortağı aşa bihuşdarı qatdı, Tələtə verdilər.
Tələt aşı yeyib bihuş oldu, tez onu palaza səridilər, qatıra yükləyib, qatırı da şəhərdən kənar buraxdılar.
Qatır Tələti bir kəndin qırağına gətirdi. Burda bir kişi xırman döyürdü.
Gördü ki, yüklü bir qatır gəlir, amma qatırın yanında heç kəs yoxdu. Tez qatırın qabağın saxlayıb, yükünü açdı. Gördü ki, palazın arasında bir oğlan uşağı var, amma huşu özündə deyil. Qoca xırmançı onu huşa gətirdi.
Tələt ayılıb gördü ki, İsfahan burda nə gəzir, Yanında bir qoca kişi var, özü də xırmanda oturub.
Tələt dedi:
– Əmi, mənə İsfahanın yolunu göstər.
Qoca dedi:
– Bala, mənim heç oğlum yoxdu, gəl mənim yanımda qal.
Tələt dedi:
– Yox qala bilmərəm, gərək gedəm.
Qoca dedi:
– İndi ki, gedirsən, düş bu yola, gedib çıxarsan İsfahana.
Tələt qatırı qocaya bağışlayıb, bir az yola çörək aldı, bir müddət yol gedəndən sonra bir meşəyə çatdı... Bir də gördü ki, meşənin içində bir yekə dev var, əlində də qara toppuz. Tələtin ürəyinə qorxu düşdü, qaçmaq istədi. Dev o saat Tələtin üstünü aldı: Tələtin biləyindən yapışıb götürdü çiyninə, öz imarətinə apardı.
Dev Tələtə dedi:
– Ey oğlan, neçə gündü acıydım, özümə ov axtarırdım. Rastıma
sən gəldin, gərək səni yeyəm.
Tələt dedi:
– Ey devlərbaşı, mən də bərk acam. Əvvəl mənim qarnımı doydur, sonra ye.
Dev razı olub, Tələtin qarnını doydurdu. Yatmaq zamanı gələndə xəbər aldı:
– Devbaşı, o qara şey nədi?
Dev dedi:
– Ona qara toppuz deyərlər. Nə desən o tez əməl eləyir.
Dev yıxılıb yatdı. Amma Tələtin gözünə yuxu getmədi. Gecəni xəlvət eləyib, durub, toppuzu əlinə alıb, dedi:
– Toppuz, devi vur ölüncə!
Toppuz düşdü devin üstünə. O qədər vurdu ki, dev cəhənnəmə vasil oldu.
Tələt toppuzu götürüb, gecə ilə yol getməyin binasını qoydu. Az gedib, çox dayandı, çox gedib, az dayandı, bulaqlardan bir oymaq su içib, iynə yarım yol gedəndən sonra özünü çatdırdı İsfahana. Şəhərə girib, bir baş Məlik tacirin qapısına gəldi. İçəri girdi, gördü ki, bütün tacirlər burdadı. Əlini cibinə salıb, istədi ki, Məlik tacir verən qəbzi çıxartsın, gördü ki, qəbz yoxdu. Bildi ki, qəbzi tacir çıxardıb. Tez toppuzunu əlinə alıb, irəli yeridi, dedi:
– Məlik tacir, bir ilin zəhmət haqqını ver.
Məlik tacir dedi:
– Get, sabah gələrsən.
Tələt toppuzu göyə atıb dedi:
– Toppuzum, ölüncəyə qədər vur bunları!
Toppuz düşdü tacirlərin üstünə, o qədər vurdu ki, hamısını, Məlik taciri də onların içində xurd-xəşil elədi.
Camaat səsə yığılıb xəbər aldı:
– Bu tacirləri niyə öldürdün?
Tələt camaatı bir yerə yığdı, sonra haman koru da çağırdı, Məlik tacir bunlara nə ki, zülm eləmişdi, açıb söylədi.
Camaat işi belə görəndən sonra yerbəyerdən Məlik tacirə lənət oxuyub, bütün var-yoxunu öz aralarında paylaşdırdılar.
Tələt kor kişini də yanına aldı, birlikdə şad ürəklə ömür sürüb yaşadılar.
Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo