Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Bacı və qardaş

Xasay adlı bir kasıb kişi vardı. Xasayın Ballı adlı bir arvadı, Fatma adlı bir qızı, Kavi adlı bir oğlu vardı. Xasay kişi kasıbkarlığnan külfətini dolandırdığı yerdə, birdən Ballı vəfat elədi. Xasayın evi, uşağı dolanmadığından gedib bir arvad aldı. Ay keçdi, il keçdi, bu arvadın keçəl bir qızı oldu.
Arvad ögey uşaqlarına çox əzab verirdi. Onların gününü göy əskiyə düymüşdü. Xasay çox çətinliklə uşaqlarını böyütdü. Qızı ərə gedəsi, oğlu arvad alası oldu. Bir gün arvad dedi:
– Ay kişi, indi Fatmaynan Kavi böyüyüb, özlərini dolandıra bilərlər.

Onları apar azdır, bəlkə mənim gözüm onları görməyə.
Xasay dedi:
– Arvad, camaat bizi qınıyar, övladı azdırmaq olmaz.
Arvad dedi:
– Gərək azdırasan, yoxsa səndə oturmaram.
Xasay əlacsız qaldı, uşaqlarını yanına salıb odun gətirmək mahnasıynan meşəyə apardı. Dedi:
– Siz burda odun yığın, mən də o biri tərəfdə şələmi qayırım, qurtaran kimi gəlib sizi də götürüb gedərəm.
Xasay uşaqları qalın meşədə qoyub yola düzəldi. Qaçıb evinə gəldi.
Bəli, bacı-qardaş başladılar odun yığmağa. Bir də başlarını qaldırıb gördülər lap axşamdı. Əl-ayağa düşdülər. Çox axtardılar, atalarını tapa bilmədilər. Bildilər ki, bu iş analıqlarının işidi.
Meşədə baş alıb getməyə başladılar. Amma bilmirdilər ki, haraya gedirlər. Üç gün, üç gecə yol getdilər. Axırda bir bulaq başına çatdılar.
Kavi bulaqdan su içdi, oldu öküz. Fatma çox ağladı, başına döydü, bir yana çıxmadı. Qardaşı dedi:
– Bacı, ağlama, genə qardaşınam. Bir buynuzum baldı, bir buynuzum yağ. Dalıma min, acdıqca yeyərsən. Gedib evimizi taparıq.
Fatma qardaşının belinə minib, yağ, bal yeyə-yeyə gəlib evlərinə çıxdı. Daz qız onu görüb anasına dedi:
– Budu, Fatma qardaşını bir öküzə verib, minib gəlir.
Anası dedi:
– Ziyanı yoxdu, iki olanda neylədilər ki, bir olanda neyləyələr.
Qoy gəlsin, tez başın batıraram gedər.
Fatma qapıda öküzdən düşüb evə gəldi. Hamıynan görüşdü. Qardaşının necə olduğunu xəbər aldılar. Fatma dedi:
– Qardaşımı meşədə ayı yedi. Bu öküzü də meşədən tapdım.
Ögey ana o gündən Fatmaya gündə bir küllü kömbə verib, darağnan yun daramağı ona iş-peşə elədi.
Fatma küllü kömbəni, yunu, darağı götürüb axşamacan çöldə öküzü otarırdı, yunu darayırdı. Acdıqca öküzün bir buynuzundan bal, bir buynuzundan yağ əmirdi. Axşam yunu, kömbəni gətirib analığına verərdi. Bir gün belə, beş gün belə, axırda analığı bildi ki, bu iş öküzün işidi. Özünü yalandan xəstəliyə vurdu. Xasay kişi yanına gəldi, dedi:
– Ay arvad, sənə nə olub?
Arvad dedi:
– Ölürəm. Öküzü kəsib ətindən mənə kabab versən, sağalaram.
Xasay öküzü kəsib ətindən arvada kabab verdi. Arvad söyünüb yorğan-döşəkdən qalxdı. Fatma qardaşından ötrü başını yoldu, ağladı.
Öküzün bir damcı qanı dilə gəlib dedi:
– Ay bacı, qorxma məni öküz eləyən ayrı şey də eləyə bilər. Mən bir xoruz olacağam, hər nə dərdin olanda dərmanı mənim əlimdə olacaq. Mənim sür-sümüyümü bir quyuya tök, sənə paltar lazım olanda gəl quyunun ağzını aç apar.
Fatma qardaşı deyən kimi elədi. Qardaşı bu dəfə oldu bir xoruz.
Analığı bacısının dalınca hər nə etsəydi xoruz ona xəbər verərdi.
Bir gün şah Məhəmmədin şadlıq məclisi idi. Arvad, uşaq axışıb oraya gedirdi. Analığı Fatmanı çağırıb bir çanaq darını külə qatıb ona verdi, dedi:
– Mən gələnə kimi bu darını güldən seç, bir qab da göz yaşı hazırla.
Bunu deyib öz qızıynan bərabər şah Məhəmmədin şadlıq məclisinə getdi. Qonaqlar çörəkdən, xörəkdən yedilər. Şah Məhəmmədin şadlığında kimi xuşkəbər, kimi yemiş, kimi alma paylayırdı. Fatma gözü yaşlı qardaşının yanına gəlib əhvalatı nağıl eylədi. Xoruz toyuqları başına toplayıb darını güldən seçdi. Bacısına bir qab duzlu su qayırtdırıb dedi:
– Bu sənin işlərin. İndi get şah Məhəmmədin toyuna.
Fatma sevinmiş gedib quyunu açdı. Gördü quyuda bir dəst elə paltar var ki, heç padşahın da evində ola bilməz. Fatma geyinib şah Məhəmmədin məclisinə getdi. Məclisdə analığı tərəfə kül, qonaqlara tərəf gül səpib oynadı. Toy qurtaranda qaça-qaça evlərinə gəlirdi ki, birdən başmağının tayı sıçrayıb hovuza düşdü. hovuza girə bilməyib, tələsik evə gəldi. Təzə paltarını çıxardıb genə quyuya qoydu, köhnə paltarını geydi. Məclisdən camaat dağıldı. Daz qıznan anası gözünün külünü oyxalaya-oyxalaya evlərinə gəldilər. Fatma darını, duzlu suyu gətirib analığına verdi, dedi:
– Niyə bikefsən, şah Məhəmmədin toyunda nə gördün, nə eşitdin?
Analıq donquldana-donquldana dedi:
– Nə görüb, nə eşidəcəydik? Bir Tanrı bəxtəvəri gəlib xalqın üstünə gül səpdi, bizim üstümüzə də kül. İndi də gözlərimizi təmizləyə bilməmişik.
Fatma ürəyində “hay elədi” – deyib qardaşının yanına getdi.
Axşamüstüydü, şah Məhəmməd atını hovuzda sulamağa getdi. Ha elədi, at suya yaxın getmədi ki, getmədi. Düşdü atdan, hovuza əyildi, gördü hovuza bir başmaq tayı düşüb. Hovuza girdi, başmağı çıxartdı. Baxdı heç kəsin evində belə başmaq yoxdu. Dedi ki, bu başmaq hər kimin ayağına olsa, onu alacağam.
Şah Məhəmməd başmağı götürüb evlərinə gəldi. Sabah vəzir, vəkilnən bərabər düşdü qapı-qapı gəzməyə, başmaq tayını ayaqlara geydirib qızı axtarmağa. Bu xəbər hər yana yayılmışdı. Şaha ərə getmək üçün illərnən su görməyən ayaqlar islağa qoyulmuşdu.
Analıq Fatmanın əl-ayağını kömürləyib, öz qızının ayağını axşamdan islanmağa qoymuşdu. Şah başmaq tayını hansı qızın ayağına geydirirdisə, olmurdu. Dolana-dolana gəlib Xasaygilə çıxdı. Analıq daz qızı irəli itələdi. Başmaq onun vəl ayağının ucunda qaldı. Fatma gəldi, başmağı geydi. Başmaq lap ayağının qalıbı oldu. Şah Məhəmməd baxdı Fatmaya, gördü doğurdan da bu ayıbsız gözəldi. Bir könüldən min könülə ona aşiq oldu. Kora, keçələ rast gəlmədiyinə sevindi. Qızı aparası oldu. Qız gedib quyudakı paltarını geyindi, xoruz qardaşını da götürüb getdi. Məhəmməd yeddi gün, yeddi gecə toy eləyib, Fatmanı aldı.
Tağda üç yemiş yetişdi. Biri sizin, biri bizim, biri onların. Onlar yedilər, o yana getdilər, biz yedik, bu yana gəldik.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo