Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Yetim Ibrahim və sövdəgər

Biri vardı, biri yoxdu, bir padşahın ölkəsində bir ovçu, onun da bir arvadı vardı. Ovçu çox kasıb güzəran keçirirdi. Bütün dağları, meşələri, çölləri gəzirdi, dolanırdı, ancaq ki, gündə bir quş vururdu. Bu quşu bazarda qəpik-quruşa verirdi, çörək alırdı, arvadıynan yarı qarını ac, yarı qarını tox dolanırdılar. Ovçunun arvadı bir qarın fətirə varlıların qapısını süpürərdi, zibilini atardı.
Bəli, bir gün ovçu çox gəzdi, dolandı, ov tapmadı, axırda bir böyük dağın başına çıxdı. Ov axtarırdı ki, birdən böyürdən bir pələng çıxdı.

Kişi qorxusundan onu vura bilmədi. Pələng kişini parçalayıb yedi. Arvad ha gözlədi, kişi gəlmədi. Onun dağda öldü sorağını aldı. Başına döydü, ağladı, ərinə yas saxladı.
Arvad həmli idi. Kişi öləndən bir neçə ay sonra, bari həmlini yerə qoydu, bir gözəl oğlan doğdu. Qohum-qonşu yığılıb oğlanın adını İbrahim qoydular. Nağılda vaxt tez başa gələr, ay dolandı, il keçdi, İbrahim gəlib on yaşa doldu. Bir gün İbrahim anasından soruşdu:
– Ana, mənim atam varmı? Varsa hardadı, nə iş görür? Mənə söylə!
Anası oğluna cavab verdi:
Oğul, sənin atan var idi, özü də ovçu idi. Dağda öldü.
İbrahim dedi:
– Ana, atamdan nə nişanə qalıb?
Anası dedi:
– Bala, o çox kasıb idi, ondan heç bir nişanə qalmayıb. Ancaq ondan bir cələ, bir də bir tütək qalıb.
İbrahim dedi:
– Onlar hardadı?
Anası cavab verdi:
– Bala, sandıqdadı.
İbrahim dedi:
– Ana, onları çıxart görüm.
Anası sandığın ağzını açıb, cələ ilə tütəyi çıxartdı, İbrahimə verdi.
İbrahim cələynən tütəyi alıb öpüb gözünün üstünə qoydu dedi:
– Ana, mən də atamın sənətini işlədəcəyəm, ovçu olacağam. Əslini itirən haramzadadı.
Anası dedi:
– Oğul, bu ovçuluq bir sənət deyil, atan ax-ufnan ömrünü başa verdi. Bundan əl çək, ayrı sənət dalınca get.
İbrahim razı olmadı, sözünün üstündə dayandı. İbrahim ovçuluqnan məşğul oldu. Üç öynə yeməyi bir eləyirdilər. Bəzən də günlərlə ac qalırdılar. Bu minvalnan bir neçə il gəldi keçdi. Bir gün İbrahim nə qədər ov axtardı tapa bilmədi. O, bu meşəni birinci dəfə idi ki, görürdü.
İbrahim baxıb gördü nə, bu meşə quşnan doludu. Tez cələni qurub tütəyi çaldı. Onun cələsinə bir gözəl quş düşdü. Bu quşun hər tükü bir rəng çalırdı, minbir havaynan oxuyurdu. İbrahim bu quşu götürüb, sevinə-sevinə evlərinə gətirdi. Anası quşa baxıb dedi:
– Bala, bu gözəl quşu hələ satmayaq. Bir az saxlayaq, sonra satarıq.
İbrahim bu sözü Allahdan istəyirdi. Ana-bala bir qəfəs qayırıb quşu içərisinə saldılar. Bir neçə gün gəlib keçdi. Quş bir yumurta yumurtladı.
Baxdılar ki, bu yumurta o qədər gözəldi ki, hər rəng çalır. İbrahimin anası dedi:
– Bu yaxşı oldu, yumurtanı aparıb sataram.
Arvad yumurtanı aparıb, qonşuluqlarında olan sövdəgərə satdı.
Sövdəgər baxdı ki, gözəl yumurtadı, dedi:
– Arvad, bu yumurtadan genə də gətir, sənə çox pul verim, kefnən dolanın.
Arvad sövdəgərə dua-sana eləyib sevinə-sevinə evlərinə gəldi.
Eşit sövdəgərdən.
Sövdəgər bu yumurtanı götürüb padşaha ənam apardı. Padşah ömründə belə gözəl yumurta görməmişdi.
Sövdəgərdən çox razı qalıb, ona ənam verdi. Sövdəgər ənamı götürüb sevinə-sevinə evinə gəldi. Bir neçə gün keçdi, İbrahimin anası genə iki yumurta gətirdi, sövdəgər bu yumurtaları alıb, arvada bir az pul verdi. Genə götürüb padşaha apardı. Padşah əmr elədi ki, bunu aparın xəzinəyə salın, nə qədər kefi istəyir ləl-cavahirat götürsün.
Sövdəgəri aparıb xəzinəyə saldılar, bacardıqca qızıl götürüb, xəzinədən çıxdı. Belə-belə bu kasıb sövdəgər varlanıb sövdəgərbaşı oldu.
Bir sövdəgər onun qabağına keçə bilmədi. Yer qulaqlı olar, bu əhvalatı İbrahimnən anası eşitdilər.
İbrahim dedi:
– Ana, yumurtaları özüm padşaha aparacağam. Bu zalım oğlu bizi aldadırmış.
Anası razı oldu. İbrahim bir neçə yumurta götürüb düz apardı padşaha verdi. Padşah ona çoxlu qızıl verdi. Bunu sövdəgər eşitdi, gəlib İbrahimin qabağını tutub dedi:
– Gərək padşahdan aldığın pulun yarısını mənə verəsən.
İbrahim dedi:
– Tay məni aldatdığın bəsdi. Bir quruş da vermərəm.
Sövdəgər ona həsəd bağladı, ürəyində kin saxladı. İbrahim evə gəlib, keflə dolanmaq binasını qoydu. Hər iki gündən bir padşaha yumurta aparıb çoxlu qızıl aldı, az zaman içində varlandı.
Sövdəgərin ürəyindən kin çıxmırdı, az qalırdı ki, bağrı çatlasın. O, İbrahimin başını batırmaq fikrinə düşdü. Düz padşahın yanına gəlib dedi:
Şah sağ olsun, İbrahim yumurta gətirəndə alma, əmr elə ki, bunu yumurtlayan quşu gərək mənə verəsən. Quşu al, qoy öz evində yumurtlasın.
Bu söz padşahın ağlına batdı, sövdəgərə afərin söylədi. Bəli, sabah İbrahim genə bir neçə yumurta götürüb, gətirdi verdi padşaha. Padşah yumurtaları almayıb dedi:
– Gərək bu yumurtaları yumurtlayan quşu mənə gətirəsən.
İbrahim dedi:
– Şah sağ olsun, yumurtaları mən meşədən tapıram. Quşu hardan tapıb sənə gətirim?
Şah qəzəblənib dedi:
– Bilmirəm, sənə üç gün möhlətdi, quşu gətirməsən, boynunu vurduracağam.
İbrahim əli qoynunda anasının yanına gəlib, əhvalatı ona nağıl elədi. Anası ona təskinlik verib dedi:
– Oğul, padşahnan padşahlıq eləmək olmaz, istəyir, ver getsin.
Üç gün tamam oldu. İbrahim könüllü-könülsüz quşu götürüb, apardı padşaha verdi. Padşah əmr elədi, İbrahimi xəzinəyə saldılar.
Çoxlu qızıl götürüb evinə gəldi. İbrahim çox varlandı. Sövdəgər gördü ki, xeyr a, İbrahim varda onu keçib. Fikirləşdi ki, bunun başını tez batırmaq lazımdı. Sövdəgər padşahın yanına gedib dedi:
– Bu quş həftədə üç dəfə yumurtlayır. Bir azdan sonra yumurtadan kəsiləcək, çünki xoruzu yoxdu.
Padşah dedi:
– Mən nə eləyim, xoruzu hardan alım?
Sövdəgər dedi:
– Nə eləyəcəksən, İbrahimi göndər, gedib bu quşun xoruzunu da gətirsin. O, yerini bilir.
Padşah sövdəgərin fikrinə bərəkallah deyib, İbrahimi barigaha çağırtdırdı, dedi.
– Gərək bu quşun xoruzunu da gətirəsən.
İbrahim dedi:
– Şah, ədalətinə güc eləmə, mən bu quşun xoruzunu hardan tapım?
Padşah acıqlanıb dedi:
– Uzun danışma, sənə üç gün möhlətdi, gətirməsən, başını bədənindən qoparacağam.
İbrahim kor-peşman anasının yanına gəlib əhvalatı ona söylədi.
Anası onu sakit eləyib dedi:
– Oğul, qəm yemə, mıxı mismar eləyən Tanrı, bizə də kömək durar. Sən həmin quşu tutduğun yerə get. Cələni qur tütəyi çal, inşallah, o quş da cələnə düşər.
İbrahim çar-naçar quşu tutduğu meşəyə gəldi. Cələni qurub, tütəyi çaldı, ya baxt, səndən mədəd, o quşun xoruzu gəlib cələyə düşdü. İbrahim quşu gətirib padşaha verdi. Padşah ona çoxlu qızıl verdi. İbrahim qızılları yığışdırıb evinə gəldi. Ana-bala kefnən gün keçirməkdə oldular. Bunu sövdəgər eşitdi, az qaldı bağrı çatlasın. Öz-özünə dedi:
“yaxşı, səni elə yerə göndərtdirim ki, heç meyitindən də xəbər verən olmasın”. Fikirləşdi ki, filan devin məkanında bir bağ var, bu bağda bir gül var ki, dünyada ondan gözəl gül yoxdu. Həmişə gün çıxanda açır, min rəng verir, min bir ətir səpir. Amma çifayda, o bağın yolu yoxdu, barı içindədi, hər kim içəri ayaq qoyursa dev onu öldürür. İbrahimi o gül üçün göndərtdirim, gedib orda devin əlində ölsün”. Sövdəgər bu fikirnən düz padşahın yanına gəlib, ədəbnən görüş eləyib dedi:
– Şah sağ olsun, çox yaxşı oldu ki, quşun xoruzu gəldi. Ancaq dünyada bir solmayan gül var ki, bu quşlar onun altında yaşayırlar. O gül də gətirilsə, lap yaxşı olar.
Padşah dedi:
– Sövdəgər, bəs mən o gülü hardan tapım?
Sövdəgər dedi:
– İbrahimi göndər, gedib gətirsin, o, yerini bilir.
Şah əmr elədi, İbrahimi gətirdilər. Şah üzünü ona tutub dedi:
– Dünyada bir solmayan gül var ki, bu gətirdiyin quşlar onun altında yaşayır. Gərək o gülü gətirəsən.
İbrahim dedi:
– Şah, mən o gülün adını da eşitməmişəm, harda olduğunu da bilmirəm.
İnsaf elə, bu qədər zülm olmaz.
Şah dedi:
– Bilmirəm, gülü səndən istəyirəm. Sənə qırx gün möhlətdi. Tez get, dayanma.
İbrahim əli qoynunda kefsiz, anasının yanına gəlib əhvalatı ona nağıl elədi, başladı ağlamağa. Anası onu sakit eləyib dedi:
– Oğul, o gül qara devin məkanında, bağdadı. Özü də gedər gəlməz yoldadı. Ora gedən adamların heç biri geri qayıtmayıb. Allaha təvəkkül, düş yola, gün çıxan tərəfə get, bəlkə tapa bildin.
Anası yol tədarükü gördü. Ana-bala ağlaşıb, öpüşüb bir-birindən ayrıldılar. Nağıl dili yüyürək olar, amma iş yüyürək olmaz. İbrahim üç il yol getdi, mənzil keçdi, axırda gəlib gül olan bağın yanına çıxdı. Bu bağın yanında yeddi gün, yeddi gecə dolandı, içəri girməyə yol tapmadı. İbrahim bir gün bağın yanında oturub qəm dəryasına batmışdı, bir də gördü budu bir dev gəlir, elə bil bir dağ yerindən qopub. İbrahim tez gizlənib gözləməyə başladı. Dev hasarın yanına gəldi, iki barmağıynan işara elədi, o saat hasar yarıldı, yol açıldı. Dev içəri girəndə İbrahim də xəlvətcə içəri girdi, dev onu görmədi. Hasar yenə qovuşdu. İbrahim devi güddü, gördü dev gedib bir binaya girdi. İbrahim də onun dalınca getdi. Dev gedib bir otağa çıxdı, burda bir gözəl qız vardı ki, gün kimi işıq verirdi. Dev başını qızın dizinin üstünə qoyub yatdı.
İbrahim gizlindən çıxdı, qız onu görən kimi dedi:
– Ay aman, tez çıx get, dev durub səni parça-parça edəcək.
İbrahim dedi:
– Heç hara getməyəcəyəm. Niyə gəlmişəm ki, niyə də gedəm.
Qızın adı Xurşid xanım idi. Xurşid xanım ondan soruşdu:
– Buraya nə üçün gəlmisən?
İbrahim dedi:
– Gəlmişəm səni aparam. Neçə ildi ki, səndən ötrü gəzirəm.
Qız bu sözü eşidəndə çox şad oldu. İbrahimə bir otaq göstərib dedi:
– Get o otaqda gizlən, sabah dev çıxıb gedəcək, onda danışarıq.
İbrahim gedib qız göstərdiyi otaqda gizləndi. Sabahı gün dev yuxudan ayılıb dedi:
– Adam-badam iyisi gəlir, çaqqala-badam iyisi gəlir. Buralara adam gəlmişdi, yerini de.
Xurşid xanım gülə-gülə dedi:
– Yəqin gəzdiyin yerlərdə adam yemisən, iyi hələ də burnunda qalıb. Burda adam nə gəzir?
Dev onun sözünə inandı, tez çıxıb getdi. Xurşid o saat oğlanı çağırdı, dedi:
– Dev axşam qayıdacaq, gəl biz tez qaçaq. Devin bir bərk yüyürən atı var, onu minərik, bəlkə Allah yar oldu, dev bizi tuta bilmədi.
Onlar devin bərk çapan atını minib, yel kimi yola düşüb qaçmaqda olsunlar, eşit devdən.
Dev qayıdıb gördü Xurşid yoxdu, tövləyə gedib gördü, at da yoxdu.
Bildi ki, bəni-adəm gəlib onu aparıb. Tez bir ayrı at minib onların dalınca getməyə başladı. Al xəbəri Xurşidlə İbrahimdən.
Bir qədər gedəndən sonra Xurşid İbrahimə dedi:
– Geri bax, gör nə görürsən?
İbrahim geri baxıb dedi:
Uzaqda qara duman görünür. Xurşid dedi:
– Ay aman, atı qamçıla, o qara duman devdi, gəlir.
İbrahim atı qamçıladı, bir neçə gün də qaçdılar.
Xurşid genə dedi:
– İbrahim, geri bax, gör indi nə görürsən?
İbrahim geri baxıb dedi:
– Çox qaranlıq, çovğun, çiskin görünür, külək əsir, qarmaqarışıq səslər eşidilir.
Xurşid dedi:
– Ay aman, dev lap yaxınlaşıb, qorxu var, atı bərk sür. İbrahim atı qamçıladı. Bir neçə gün də yol getdilər.
Sonra Xurşid dedi:
– İbrahim, geri bax, gör indi nə görürsən?
İbrahim geri baxıb dedi:
– Qara duman lap yaxına gəlib, bizi bürümək istəyir, qara yağış yağır, külək əsir.
Xurşid dedi:
– İbrahim, qara duman devdi, yağışnan külək də onun şallağından qalxan tozdu. Ölüm vaxtıdı, bərk sür!
İbrahim atı daha da qamçılayıb bərk sürdü. Bir müddət yol getdilər.
Xurşid dedi:
– İbrahim, bax, gör indi nə görürsən?
İbrahim geri baxıb dedi:
– Qara duman çəkilib, gözəl gün doğub.
Xurşid dedi:
– İbrahim, tay devin sərhədindən çıxmışıq. O daha bizə çata bilməz, atı yavaş sür.
Bəli, onlar gecəni gündüzə qatıb, gedib İbrahimin evinə çıxdılar.
Anası oğlunun salamat gəlməsinə çox sevindi, onların üzündəngözündən öpdü, şadyanalıq etdi, ac qarınları doyurdu, yalavac əyinləri geyindirdi. İbrahimin başı kefə qarışdı, padşah-zad hamısı yadından çıxdı.
Xurşid İbrahimə dedi:
– Burada elə bir ev tikdirərsən ki, heç padşahda olmasın.
İbrahim ustaları, bənnaları çağırdı. Ev tikdirməyə başlayanda, birdən yadına düşdü ki, ey dili-qafil, bəs mən padşah üçün gül gətirməyə getmişdim? Başım qarışıb gətirməmişəm, padşah boynumu vurduracaq.
İbrahim ustaları ev tikdirməyə göndərdi. Özü evə gəlib qəmgin əyləşdi. Xurşid onu qəmli görüb dedi:
– Ey mənim sevgilim, qəmə batmağının səbəbi nədi?
İbrahim əhvalatı qıza nağıl eləyib dedi:
– Mən padşaha solmayan gül gətirməyə getmişdim, yadımdan çıxıb gətirməmişəm. Xurşid gülüb dedi:
– Elə bunun dərdini eləyirsən?
İbrahim dedi:
– Bu az dərddirmi? Padşah yəqin məni öldürəcək, əlim səndən, anamdan üzüləcək.
Xurşid dedi:
– Bura bir məcməyi gətirin.
Bir məcməyi gətirdilər. Xurşid əlini burnuna vurdu, hər burun deşiyindən məcməyiyə bir damcı qan düşdü. Bu qan o saat dönüb oldu solmayan gül. İbrahim onları götürüb sevinə-sevinə apardı padşaha verdi. Padşah ona bu dəfə də çoxlu ənam verdi. Sövdəgər bu xəbəri eşitdi, kefi qarışdı. O, fikirləşdi ki, İbrahimi elə yerə göndərmək lazımdı ki, ölüb oralarda qalsın, ya da padşah deyəni bacarmasın, padşah onu öldürsün.
Padşahın yanına gəlib dedi:
– Şah, İbrahim hər yerə gedə bilir, hər şeyi bacarır. Onu göndər o dünyaya, getsin atandan-anandan xəbər gətirsin. Gör nə təhər dolanırlar.
Bu söz padşahın ağlına batdı. İbrahimi yanına çağırıb dedi:
– Gərək o dünyaya gedib, mənim atamdan-anamdan xəbər gətirəsən.
İbrahim dedi:
– Ey şah, o dünyaya da getmək olarmı? Ürəyində rəhm olsun.
Padşah çığırıb dedi:
– Bilmirəm, gərək gedib gətirəsən.
İbrahim kefsiz evə gəldi, əhvalatı Xurşidə danışdı. Xurşid dedi:
– İbrahim, o padşah çox ağılsızdı. Heç qorxma, get bir il bir başqa ölkədə dolan, sonra gəl de ki, salamatdılar, özləri də cənnətdədilər.
Sənə də çox duaları var. Qorxma, inanacaq.
Bəli, İbrahim anasıynan, Xurşidnən öpüşüb, görüşüb ayrı bir padşahın ölkəsinə getdi, məktəbə girib oxudu, dünyada olan yetmiş iki dili öyrəndi. Sonra qayıdıb, padşahın yanına gəldi dedi:
– Bəs atan-anan salamatdılar, özləri də cənnətdədirlər. Sizə çox-çox salamları var. Özləri də dedilər ki, bir gizlin sözümüz var, vəkilnən sövdəgəri göndərsin, onlara deyək. Onlar yaxın adamlarımızdı.
Padşah ata-anası üçün çox ağladı, sonra vəkilnən sövdəgəri yanına çağırıb dedi:
– Gərək gedib görəsiniz atamla anamın gizlin sözləri nədi. Mənə xəbər gətirəsiniz.
Sövdəgər bildi ki, başqasına qurduğu iş, öz başına gəlir. Nə qədər yalvar-yapış elədi, padşah onlardan əl çəkmədi. Axırda sövdəgər bütün var-yoxunu yığıb İbrahimin evinə gətirdi, ona etdiyi xəyanətlərdən əl çəkdiyini söyləyib dedi:
– Bizə o dünyanın yolunu göstər, gedək görək, padşahın ata-anası nə deyir. Qayıdandan sonra sənnən bir də işim olmaz.
İbrahim dedi:
– Yeddi ağaclıqda bir quyu var, özünüzü onun içinə atarsınız.
Sonra quyunun içi ilə gün batan tərəfə bir il yol gedib ora çıxarsınız.
Padşahın atasıynan anası cənnətin lap orta göbəyindədilər.
Sövdəgər dedi:
– O quyunu bizə göstər.
İbrahim onları bir dərin quyunun başına apardı. Onlar gözlərini yumdular, özlərini quyuya atıb öldülər. Padşah bir müddət gözlədi, vəkilnən sövdəgər gəlmədi. Onun səbir kasası doldu, dözə bilməyib quyunun başına gəldi, özünü quyuya atıb öldü.
İbrahim çox şad oldu, qırx gün, qırx gecə toy eləyib, Xurşid xanımnan dövran sürdü.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo