Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Tapdıq

Sizə hardan xəbər verim, az danışanlardan, qaradinməzlərdən, mırt-mırt arvadlardan, hürməyən itlərdən, ulamayan çaqqallardan, çox danışanlardan, dilli arvadlardan, küsəyənlərdən, oğrulardan, yalançılardan, yoldaşa xain olanlardan, vəfasızlardan, əhdinə əməl etməyənlərdən, buzov minib çay keçənlərdən, yaba ilə dovğa içənlərdən, xoruz belində bostan əkənlərdən, kosasaqqallardan, göygözlərdən, nə bilim nədən, nə bilim nədən... Lənət quyruqlu yalana, rəhmət quyruqsuz düzə, bir qoz pozana, iki qoz düzənə. Rəhmət yazana, lənət pozana.

Söz qalsın, insan getsin, yaxşılıq qalsın, pislik getsin. Dost var olsun, düşmən puç olsun, ağıllı yesin, ağılsız hesablasın. İndi gələk mətləbə.
Biri var idi, biri yox idi, Allah var idi, şəriki yox idi, bir şəhərdə Süleyman adlı bir tacir var idi. Bu tacir çox varlı bir adam idi, dövlətdə heç bir padşah onun qabağına çıxa bilməzdi. Bunun Qəmər xanım adlı bir qızından başqa övladı yox idi. Oğul adı gələndə bu kişinin dodağı yeddi yerdən partlayırdı, ürəyi ütülüb soyulurdu. Süleyman tacir qızı Qəmər xanıma baxıb öz qəmini dağıdırdı. Qəmər xanım da bir Qəmər xanım idi ki, gün kimi işıq salırdı, ay kimi parıldayırdı. Aya deyərdi mən olan yerdə sən çıxa bilməzsən, günə deyərdi mən ki, varam, sən işıq sala bilməzsən. Firiştə kirdarı, gəl məni gör, dərdimdən öl, incəmiyan, nazik bədən, büllur buxaq, alma yanaq. Bütün aləm onun gözəlliyinə heyran idi. Bir yaxşı ustadlar ustadı olmalıdı ki, onun gözəlliyini tərif etsin. Qəmər xanım Süleyman tacirin yanında olanda deyərdi:
“Qadam eymə ağız oğlanın ağzına, qızımı min oğlana dəyişmərəm”.
Kənara gedəndə oğul həsrəti çəkirdi.
Bir gün Süleyman tacir evdə oturub əlini alnına qoymuşdu, qəm dəryasına qərq olmuşdu, aranı dağa, dağı arana köçürürdü. Arvadı Minagərdən xanım onun yanına gəlib dedi:
– Ay kişi, niyə fikir eləyirsən, nəyin əskikdi. Süleyman peyğəmbər kimi sədd açmısan, heç padşah sənin qabağına çıxa bilmir, bu nə fikirdi, bu nə qəmdi?
Süleyman tacir başını yuxarı qaldırıb dedi:
– Ay mənim məhəbbətli arvadım, bəs mən fikir eləməyim kim eləsin, saqqalıma dən düşüb, bu gün, sabah dar-fənadan, dar-üqbaya rəhlət təbilini vuracam. Bəs mənim bu dövlətimə, cah-calalıma kim sahib duracaq?
Minagərdən xanım dedi:
– Oğul fikrini eləyirsən?
Süleyman tacir dedi:
– Bəs nə? Bir oğlum da yoxdu ki, mənim yerimdə qalsın.
Çırağım keçəcəkdir.
Minagərdən xanım dedi:
– Mən qızım Qəmər xanımı min oğlana vermərəm. Bütün oğul sahibləri köksün ötürüb deyir ki, kaş mənim Qəmər xanım kimi bir qızım olaydı, sən də fikir edirsən. Ağlını başına cəm elə.
Süleyman tacir dedi:
– Qızdı, çıxıb birinə gedəcək, mənim dövlətimə sahib durmayacaq.
Oğul, oğul!...
Minagərdən xanım ona təsəlli verdi. Süleyman tacirin aynası açıldı, durub şəhərə çıxdı ki, bir qədər gəzsin, qəmi lap dağılsın. Süleyman tacir bir neçə küçə gəzdi, bir hücrə keçdi, axırda gecə yarı oldu. Süleyman tacir evə tərəf gəlirdi, bir də gördü bir nərilti gəldi, bir işıq qaranlığı yara-yara yerə düşdü. Süleyman tacir bu işə məəttəl qaldı, yavaş-yavaş işıq düşən yerə gəlib gördü ki, burda bir uşaq var.
Süleyman tacir öz-özünə dedi: “Xudaya, sənə çox şükür. Yəqin rəhmin gəlib, göydən bu uşağı mənə saldın”. Süleyman tacir uşağı qucağına alıb düz evinə gətirdi. Gördü ki, Qəmər xanımın gözəlliyi birdirsə, bunun gözəlliyi ikidir. Bütün əhvalatı arvadına nağıl eləyib dedi:
– Bu uşaq günün işığıynan göydən düşdü.
Onlar sözü bir elədilər ki, bu sirri heç yerdə deməsinlər. Çox sevindilər, böyük şadlıq keçirdilər. Süleyman tacir xəzinəsinin ağzını açıb yoxsullara, əlsiz-ayaqsızlara pul payladı. Uşağın adını Tapdıq qoydular.
Nağıl dili yüyürək olar, nağılda illər, qərinələr bir dəqiqədə gəlib keçər, adamlar bir dəqiqədə böyüyərlər.
Uşaq böyüyüb məktəb yaşlı oldu. Onun adı elə Tapdıq qalmışdı. Süleyman tacir bir molla tutdu, Tapdığı onun yanına qoydu. Tapdıq elə zehinli uşaq idi ki, mollanın ağzından çıxan sözü o saat sinədəftər eləyirdi.
İndi al xəbəri Qəmər xanımdan. Qəmər xanım böyüyüb on beş yaşa dolmuşdu, dünyanın hər yerindən ona elçi gəlirdi, amma Süleyman tacir heç birinə vermirdi. Onun fikri bu idi ki, Tapdıq böyüyəndə sirri açıb, qızını ona versin. Bu əhvalatdan Qəmər xanımın da xəbəri yox idi.
Süleyman tacir Qəmər xanımı tək heç bir yerə buraxmırdı, qorxurdu ki, onu oğurlayıb aparalar. Günlərin bir günü şah Süleyman taciri arvadı ilə qonaq çağırdı. Süleyman Qəmər xanıma dedi:
– Qızım, biz şahın qonaqlığına gedirik, sən evdən heç yana çıxmazsan.
Qəmər xanım dedi:
– Ata, gedin, çıxmaram.
Bəli, onlar şahın qonaqlığına getdilər, evdə Tapdıqla Qəmər xanım qaldı. Bir az sonra Tapdıq da kitablarını götürüb, mollasının yanına getdi, Qəmər xanım tək qaldı. Qəmər bir qədər oturdu, çox darıxdı.
Necə deyərlər, qəza ki, səndən əydi, çətin düzələrsən, bəzən adamı bədbəxtlik çağırır. Öz-özünə dedi: “Gedim, bağçada bir az gəzim”.
Qəmər bağçaya gəzməyə çıxsın, al xəbəri Gündən. Günün Qəmər xanımla korası var idi, Qəmər xanım bayıra çıxanda onun gözəlliyinin qabağında utandığından üzünü buludların dalında gizləyirdi. O istəyirdi ki, Qəmər xanımı işıqlı dünyadan yox eləsin, qaranlıq dünyaya salsın. Gün xanım Qəmər xanımın bağçaya çıxmasını gördü: “yaxşı axtardığımı tapmışam” – deyib, bayaqdan Qaf dağının dalına getdi.
Gün xanım Zülmət padşahı sevirdi; lap getmə gözümdən, gedərəm özümdən idi. Gün xanım hər nə desə idi, Zülmət padşah yerinə yetirərdi, ölümə desəydi, gedərdi. Gün bayaqdan özünü saldı Qaf dağının başına, bir nərə çəkib, Zülmət padşahı, Tufan devi çağırdı. Tufan dev hazır olub dedi:
– Ləbbeyk, xanım, mənim üçün nə qulluq? Can-başla yerinə yetirməyə hazıram. Gün xanım dedi:
– Bəs, Süleyman tacirin bir gözəl qızı var ki, bütün dünyada olan gözəllikləri batil edir. İndi bağa səyahətə çıxmışdı. Onu mənə qulluqçu gətirərsən, sənə gələrəm. Tez get gətir.
Tufan dev yeddi qat əyilib dedi:
– Xanım, gözünü açıb yumunca gətirim, ona nə var ki, kaş mənə həmişə belə buyruqlar buyurasan.
Tufan dev tənur eyləyib havaya qalxdı, yeddi illik yolu bir saata gedib, Süleyman tacirin bağına çatmaqda olsun, indi görək Qəmər xanım necə oldu.
Qəmər xanım bağçaya gəldi, bütün otlar, ağaclar, güllər onun gözəlliyinə heyran qaldı. Oxuya-oxuya bir dəstə gül-bənövşə dərib iki şamamaların arasına sancdı, sonra bir ağacın dibində bənövşələrin üstündə oturdu. Qəmər xanım evə qayıtmaq istəyirdi, birdən bərk gurultu qopdu, ildırım çaxdı, Tufan dev ildırım içindən əl atıb qızı götürdü. Dev qızı Zülmət dünyasına aparmaqda olsun, sizə xəbəri verim Tapdıqdan.
Tapdıq mollanın yanından qayıdıb, evə gəlmişdi, gördü Qəmər xanım yoxdu, Bildi ki, o, bağçaya səyahətə çıxıb, durub bağçaya getdi, uzaqdan gördü ki, Qəmər xanım bir alma ağacının dibində durub. Ona tərəf getmək istəyəndə gördü bir gurultu, nərilti qopdu, göydən bir əl uzanıb Qəmər xanımı götürdü yox oldu. Tapdıq ağlaya-ağlaya gedib əhvalatı Süleyman tacirə söylədi. Süleyman tacir arvadı Minagərdənlə bağa gəlib nə gördü, elə bil Qəmər xanım heç yox imiş. Başlarına döyüb şivən elədilər. Bütün ölkə qara geydi, yasa batdı. Şəhərin günü batmışdı. Padşah əmr elədi, hər yerə adam saldı, qoşun göndərdi.
Qəmər xanımdan xəbər bilən olmadı. Süleyman tacir də hər yerə elçi saldı ki, hər kəs onun qızının yerini bilsə, onu dünya malından qani edəcəkdir. Genə də bir xəbər bilən olmadı. Süleyman tacirlə arvadı Minagərdən xanımı gözüyaşlı qoyaq, indi görək Qəmər xanım necə oldu. Tufan dev Qəmər xanımı düz Qaf dağının başına aparıb, Gün xanımla vədə yerində yerə qoydu. Qəmər xanımın ürəyi keçmişdi. Bir vaxt ayılıb gördü, elə bir yerdədi ki, az qalır başı göyə dəyə. Mat qaldı, yana dönəndə yanında Tufan devi gördü. Bərk qorxdu, başına döyüb ağladı, bildi ki, onu dev oğurlayıb gətirmişdir. Tay, haray hara çatacaq, özünə toxtaqlıq verib dedi:
– Ey dev, sən kimsən, bura haradı ki, məni gətirmisən?
Tufan dev dedi:
– Ey dünya gözəli, heç qorxma, səni Gün xanıma qulluqçu gətirmişəm.
Qəmər fəğan eyləyib ağladı, Tufan devə dedi:
– Ey dev, məni burax, baş götürüm gedim.
Tufan dev bərkdən qışqırıb dedi:
– Ey qız, sənə nicat yoxdu, ölüncə Gün xanıma qulluq etməlisən.
Qəmər xanım nə qədər yalvardısa, dev onun sözünə qulaq vermədi, axırda qaçmaq fikrinə düşdü. Tufan dev bunun fikrini bildi, bir lövh oxuyub onu bihuş elədi. Bəli, Qəmər xanım yeddi gün Qaf dağının başında bihuş qaldı. Tufan dev nə qədər gözlədisə, Gün xanım gəlib çıxmadı, axırda qızı burda qoyub, özü göyün lap qurtaracağına getdi, Gün xanımı tapıb dedi:
– Xanım, Qəmər xanımı gətirmişəm, Qaf dağının başındadı, gedək apar.
Gün xanım bərkdən zəbanə çəkib dedi:
– O nə qədər ki, Qaf dağının başındadı, mən o tərəflərə gələ bilmərəm.
Onu zülmət dünyasına apar, ölü tilsiminə at, sonra gəl, Qaf dağına gedim.
Tufan dev dedi:
– O sənə qulluqçuluğa yarar, çox gözəl qızdı. Onu GülüstaniBağiİrəmə apar. Heyifdir, ölü tilsimə aparmayım, ölü tilsimə düşənlər həmişə ölü qalırlar, onların dirilmək çarəsi ancaq məndədi.
Gün xanım dedi:
– Ey Tufan dev, iki qoçun başı bir qazanda qaynamaz o, olan yerdə mən nəyə lazımam. Dediklərimə əməl etməsən səni dindirməyəcəyəm, səndən küsəcəyəm.
Tufan dev dedi:
– Xanım amandı, küsmə, gedim bu saat onu aparıb, ölü tilsiminə atım.
Gün xanım dedi:
– Dayan, sənə bir sözüm var.
Tufan dev dedi:
– Xanım, buyur.
Gün xanım dedi:
– Ey Tufan, gərək and içəsən ki, Qəmər xanımı mənsiz azad etməyəcəksən.
Tufan dev dedi:
– Xanım, elə gözəli həmişə tilsimdə saxlamaq insafsızlıqdır.
Gün xanım dedi:
– Gərək and içəsən ki, onun ixtiyarını verdim sənə, sənsiz onu azad etməyəcəyəm.
Tufan dev nə qədər yalvar-yaxar elədi, Gün xanım razı olmadı.
Axırda Gün xanım acıq eləyib getmək istədi. Tufan buna tab gətirə bilməyib dedi:
– Xanım, and olsun Süleyman peyğəmbərin cıqqasına, Qəmər xanımı sənsiz tilsimdən azad etmərəm.
Gün xanım çox şad olub onun boynunu qucaqladı, hər ikisi qolboyun olub doyunca öpüşdülər. Tufan dev ondan ayrılıb düz Qəmər xanımın yanına gəldi, əhvalatı ona söylədi, dedi:
– Gözəl qız, sevgilimin əmridir, səni ölü tilsimə salacağam. Səni tilsimdən ancaq Gün xanım qurtara bilər.
Qəmər xanım gözlərinin yaşını sel kimi töküb dedi:
– Ey xudaya, kaş məni gözəl yaratmayaydın, Gün xanım da məni bu bəlaya salmayaydı. Tufan dev dedi:
– Ey qız, ağlamaqdan bir fayda çıxmaz.
Tufan dev onu götürüb, düz ölü tilsimə apardı, öldürüb bir zərli pərdənin dalında qoydu, özü də genə Qaf dağının başına gəldi, Gün xanımla həmin gecə kef keçirdi. Belə-belə Gün xanım gündüzləri gəzib, gecələr Qaf dağının başında Tufan devlə kefə baxırdı. Öpüşün birini bir quruşa alan yox idi.
İndi sizə hardan xəbər verim, Gülüstani-Baği-İrəmdən, Gün xanımın qızı Şəmsi xanımdan. Gülüstani-Baği-İrəm Gün xanımın yaşadığı yer idi. O, hər gün bir dəfə bura gəlirdi. Onun bir gözəl qızı var idi ki, adı da Şəmsi xanım idi. Şəmsi xanım vaxtın tamamında ha gözlədi anası gəlib çıxmadı, o biri gün genə gəlmədi. Belə-belə yeddi gün gəlib keçdi. Axırda qız darıxdı, öz-özünə dedi: “bir Qaf dağının başına çıxım görüm, anam hardadı”. O, qanad açıb Qaf dağının başına çıxdı, bir də gördü ki, paho, anası burda bir devlə qol-boyun olub yuxuya gedibdi.
Şəmsi xanım bərk qəzəbləndi, düz Gülüstani-Baği-İrəmə qayıtdı, başladı anasının yolunu gözləməyə. O gün də keçdi, Gün xanım eşq bihuşluğundan ayılmadı. O biri gün birdən bihuşluqdan ayılıb dedi:
– Ey dili-qafil, nə qayırırsan, indi qızım mənim yolumu gözləyir.
Durum evə gedim. Tufan devlə görüşüb, öpüşüb Gülüstani-Bağiİrəmə yola düşdü. Gəlib evinə çatdı, qızının boynunu qucaqlayıb öpmək istəyəndə, qızı qoymayıb dedi:
– Ana, de görüm bu günlərdə harda idin?
Gün xanım qızarıb-bozarıb iki rəng alandan sonra dedi:
– Bəs bilirsən, yolumu əjdaha kəsmişdi, gələ bilmirdim.
Şəmsi xanım dedi:
– Ana, de görüm rəngin niyə solub, üzünə niyə ləkə düşüb?
Düzünü de.
Gün xanım dedi:
– Neçə gündü yuxusuz qalmışam, ona görə rəngim qaçıb.
Şəmsi xanım dedi:
– Gizlətmə, düzünü söylə!
Gün xanım dedi:
– Elə budu.
Şəmsi dedi:
– Ana, sən bütün yerə-göyə işıq salırsan. Heç utanmırsan gedib bir devlə qol-boyun olub, kef eləyirsən? Sənə çox ayıb olsun!
Gün xanım baxdı ki, qızı hamısını bilir, tay danmağın yeri deyil, dedi:
– Qızım, indi ki, əhvalatı bilirsən, qoy düzünü deyim. Mən Tufan devi sevirəm, o da məni sevir.
Şəmsi xanım dedi:
– Sən gözəllikdə bir qız, o ifritəni niyə sevirsən? Mən onun üzünə heç tüpürmərəm. Gün xanım dedi:
– Qızım, sənin eşqdən, sevgidən başın çıxmır. Tufan dev mənə özümdən gözəl görünür. Könül sevən göyçək olar. Mən onu sevmişəm.
Şəmsi xanım dedi:
– Mən könül-zad bilmirəm, bir də Tufan devlə görüşməzsən. Əgər görüşsən hər ikinizi parça-parça edib, özümü də öldürəcəyəm.
Gün xanım başını aşağı salıb, hönkürə-hönkürə ağlamağa başladı, dedi:
– Qızım, axı onu sevirəm, nə təhər onunla görüşməyim?
Şəmsi xanım dedi:
– Çox ayıb olsun sənə, Ay kimi gözəl-göyçək bir oğlanı sevmirsən, bir qara kərtənkələyə oxşayan devi sevirsən. Mən nə qədər ki, sağam, elə şey olmayacaq. Ərə getmək könlündə varsa, get Aya, öz əlimlə toyunuzu edim.
Söhbətin kəsəsi, Şəmsi xanımın qorxusundan o gündən sonra Gün xanım Tufan devlə çox az-az görüşürdü. Qaf dağının lap dalında bir gizli yer düzəltmişdilər, ayaqüstü orada gündə bir saat, yarım saat görüşürdülər.
Tufan devin baxtından idi, nədən idisə, Gün xanım Zülmətə getmirdi, onun Zülmətdən zəhləsi gedirdi. İki aşiq-məşuq yanıb qovrulurdular. Günlərin bir günü Tufan dev Günə dedi:
– Ey mənim həbibim, bil və agah ol, nə qədər ki qızın Şəmsi xanım var, biz bir-birimizə çata bilməyəcəyik. Bir çarə elə.
Gün xanım dedi:
– Nə çarə eləyim? Bilirsən de.
Tufan dev dedi:
– Onu öldür, gəlim Gülüstani-İrəmdə yaşayaq.
Gün xanım bir qədər fikirdən sonra Tufan devin sözünə razı oldu. Gün xanım o gündən qızı Şəmsini öldürmək fikrinə düşdü. Eşit Şəmsidən. Şəmsi hər bir gizlin sirri bilirdi. Dünyada heç bir lövh, tilsim ona kar eləməzdi. Axşam anası evə gələndə o saat bildi ki, anası onu öldürmək fikrinə düşüb. Şəmsi xanım bu işi açıb, ali eləmədi. Bir sərv ağacını tilsimbənd elədi. Axşamlar o sərv ağacının dibində yatırdı. sərv ağacı onu yarpaqlarının arasında gizləyirdi, anası tapmırdı. Beləbelə bir müddət gəldi keçdi. Bir gecə genə Şəmsi gəlib, sərv ağacının dibində yatmaqda olsun, al xəbəri cin padşahının oğlu şahzadə Nurəddünyadan.
Şahzadə Nurəddünya özünə söz vermişdi ki, gərək bütün dünyanı gəzəm, elə bir gözəl tapıb alam ki, yaranmışlar içərisində ondan gözəli olmasın. O, nə müddət idi dünyanı gəzirdi, istədiyi gözəli tapmırdı. Bir gün Qaf dağının üstündən keçirdi, gördü ədə, bir ağacın dibindən işıq gəlir. Şahzadə Nurəddünya aşağı endi ki, görsün bu nə işıqdı. Gördü, vallah burda bir qız yatıb ki, gözəllikdə dünyada misli, bərabəri yoxdu. Elə istədiyi gözəl budu. Nurəddünya bir könüldən min könülə Şəmsi xanıma aşiq oldu. Şəmsi xanımı oyatdı ki, görsün bu kimdi.
Şəmsi xanım yerdən qalxıb gördü nə, yanında elə bir oğlan var ki, belə gözəli Allah tək yaradıbdı, dedi:
– Ey cavan, sən kimsən, nə hədlə Gülüstani-Baği-İrəmə qədəm basmısan?
Nurəddünya dedi:
– Xanım, mən cinlər padşahının oğlu Nurəddünyayam, göynən keçirdim, sənin işığını gördüm, gəldim ki, baxam görəm nə işıqdır, səni gördüm.
Şəmsi xanım dedi:
– Gəldiyin yolla da düz get, bu saat əmr elərəm səni tikə-tikə edərlər.
Nurəddünya dedi:
– Xanım, əmr lazım deyil, özün parça-parça elə.
Şəmsi xanım dedi:
– Cavansan, sənə hayıfım gəlir, tez burdan get.
Şahzadə Nurəddünya dedi:
– İzn ver, bir söz deyim, sonra gedim.
Şəmsi xanım dedi:
– Buyur de.
Nurəddünya dedi:
– Ananın südünə and iç ki, səni öldürməyəcəyəm, deyim.
Şəmsi dedi:
– Anamın südünə and içirəm, səni öldürmərəm, de.
Nurəddünya dedi:
– Ey gözəl, səni sevirəm. Səndən cavab istəyirəm.
Şəmsi dedi:
– Heç kəs cürət edib bu sözü mənim gözümün içinə deyə bilməzdi.
Sən ki cürətlə bu sözü dedin, günahından keçdim. Çıx get, bu sevdadan da əl çək, çox adam sən düşən sevdaya düşüb sayaqlayıb, əlinə bir şey keçməyib.
Şahzadə Nurəddünya dedi:
– Xanım, ürək bir şişə deyil ki, hər toz qonanda silib atasan, göz gördü, könül sevdi, öldü var, döndü yoxdu. Əl mənim, ətək sənin.
Şəmsi xanım gülüb dedi:
– Xam xəyala düşmüsən.
Şəmsi xanım diqqətlə oğlanın gözlərinin içinə baxdı, onun ürəyi döyündü. Şahzadə Nurəddünyanın gözlərindən eşq odu sıçrayıb, onun ürəyinə girdi, yerə baxdı. Nurəddünya onun ayaqlarına yıxılıb dedi:
– Xanım, ölsəm də səndən əl çəkməyəcəyəm.
Şəmsi xanım əldən getmişdi, onu sakit edib dedi:
– Bir otur söhbət edək, görüm sən nəçisən, nə sənətin sahibisən.
Nə hədlə mənim üzümə belə sözləri deyirsən.
Nurəddünya yerə əyləşdi, bütün əsil-nəcabətini qıza nağıl elədi.
Qız baxdı ki, doğrudan da şahzadədi, özü də Tufan devlə qanlıdı. Özözünə dedi: “dünyada bundan gözəl, qanacaqlı oğlan tapılmaz, elə buna gedərəm”.
Nurəddünya qızın fikrə getdiyini görüb, bildi ki, eşq oxu ilə tuş qızın ürəyindən vurub. Ürəklənib dedi:
– Xanım, quluna rəhm et.
Şəmsi xanım dedi:
– Bir şərtim var, yerinə yetirsən, sözünü qəbul elərəm.
Nurəddünya gülümsünüb dedi:
– Xanım, şərtini söylə, ya ölərəm, ya da yerinə yetirərəm. Yox olsun o can ki, yar yolunda cəfalar çəkəməyəcək.
Qız dedi:
– Gərək Zülmət dünyasının padşahı Tufan devi öldürəsən.
Nurəddünya ikiqat olub dedi:
– Ey mənim gözəlim, o mənim əlimdə, təki qoy sənin könlün şad olsun.
Nurəddünya ilə Şəmsi xanım görüşüb ayrılmaqda olsun, al xəbəri Gün xanımdan.
Obaşdan Dan Günü çağırdı, gün ərşə çıxdı, axşama kimi seyr edib, axşamçağı ayaqüstü Tufan devlə görüşdü. Tufan dev dedi:
– Ey həbibim, necə oldu, Şəmsi xanımı öldürə bildinmi?
Gün xanım dedi:
– Qız çox sehrkardır, dünyada olan örtülü sirlərin hamısını bilir.
Deyəsən bizim bu fikrimiz də ona əyan olub. Gecələr yerində olmur, öldürməyə gedirəm, görürəm yoxdu.
Tufan dev hərif idi, o saat barmağını dişləyib dedi:
– A gidi, o qız bizi öldürəcək. Tez bir çarə.
Gün xanım dedi:
– Nə çarə, öldürəcək də. Amma məndən arxayın ol, məni çox istəyir, öldürməz.
Tufan dev dedi:
– Onda mən bir lövh oxuyum, ikimizin də canını bir şişəyə salım, özümdə saxlayım, bəlkə sənin səbəbinə məni də öldürməyə.
Gün xanım razı oldu. Tufan dev bir lövh oxudu, ikisinin də canını bir şişəyə saldı. İndi ölsələr, ikisi də birdən öləcəklər, qalsalar ikisi də qalacaqlar.
Gün xanım qızının qorxusundan tez Gülüstani-Baği-İrəmə qayıtdı.
Şəmsi xanım anasının üzünə baxan kimi o saat ona əyan oldu ki, Tufan dev onun canını öz canı ilə birləşdirib özündə saxlayıbdır. Genə də özünü bilməməzliyə vurdu. Ancaq ürəyi döyünməyə başladı, anasına dedi:
– Ana, sən yeməkdən-zaddan hazırla, mən bu saat gəlirəm. Ürəyim darıxır, bir az gəzəcəyəm.
Şəmsi xanım anasını evdə qoyub, bağa çıxdı, baş-gözünə döyüb dedi:
– Ay aman, Nurəddünya gedib Tufan devi öldürəcək, anam da öləcək. Mən gərək onu tapam.
Şəmsi xanım qanad açıb Qaf dağının başına çıxmaqda olsun, al xəbəri Nurəddünyadan. Nurəddünya yeddinci göylə uçub özünü cin ölkəsinə çatdırdı, atasının yanına gedib dedi:
– Ata, mən Zülmət dünyasına gedəcəyəm.
Padşah dedi:
– Ay oğul, Zülmət dünyasında sənin nə işin var?
Nurəddünya dedi:
– Ata mən gərək Zülmət dünyasının padşahı Tufan devi öldürəm.
Cin padşahı dedi:
– Ay oğul, onu öldürə bilməzsən, o çox sehrkardır.
Nurəddünya dedi:
– Ata, ölsəm də gedəcəyəm.
Nurəddünya bütün fikrini atasına söylədi. Cin padşahı baxdı ki, oğlu eşq divanəsidi, onu yoldan qaytarmaq olmaz. Çar-naçar razı olub dedi:
– Oğul, indiki gedirsən, sözlərimə qulaq as. Tufan devlə üz-üzə gələndə çalış, onun gözlərindən və ürəyindən vur. Özü də fürsəti ona vermə, girəvəni əldə saxla, o, səndən çox sehr bilir.
Nurəddünya atasının tapşırıqlarını sinədəftər eləyib yola düşdü.
Yolda öz-özünə dedi ki: gedim Şəmsi xanımla görüşüm. Şər deməsən xeyir gəlməz, bəlkə Tufan devin əlində həlak oldum”. Nurəddünya qanad açıb, düz Gülüstani-Baği-İrəmə, vədə yerinə gəldi, ancaq Şəmsi xanımı görmədi. O yan-bu yanı gəzirdi, bir də gördü, Şəmsi xanım ayağı dəryadan, başı buluddan nəm çəkən bir imarətin eyvanında gəzir. Tez özünü eyvanın yanına saldı, üzünü ona çevirib dedi:
– Ey mənim gözəlim, gəlmişəm əhdini yerinə. yetirəm bəlkə bu səfərdə öldüm, gəl bir üzünə tamaşa eləyim.
Sən demə bu eyvanda gəzən Şəmsi xanımın anası Gün xanım imiş.
Bunu deyim ki, Gülüstani-İrəmdə yaşayanların hamısı on beş yaşında olurdu. Onun üçün də Gün xanım da on beş yaşında idi, qızı da. Özləri də bir-birinə elə oxşayırdılar, elə bil bir alma idilər, yarı bölünmüşdülər.
Bəli, Gün xanım Nurəddünyanı görən kimi bərkdən bir zəbanə çəkdi, o saat bərk gurultu qopdu, bir quyu açıldı, Nurəddünya içinə düşdü, eşit Şəmsi xanımdan.
Şəmsi xanım Qaf dağının başında Nurəddünyanı gözləyirdi ki, tapşırsın, Tufan devi öldürməsin. Birdən anasının səsini eşitdi. Şəmsi xanım o saat bildi ki, Nurəddünya bağa gedib, anasını ona oxşadıb. Tez geri qayıtdı. Xəbər ağacının yanına gəldi. Xəbər ağacı bütün əhvalatı ona söylədi. Şəmsi tez quyunun başına gəldi, məlaikələrə əmr elədi, Nurəddünyanı quyudan çıxartdılar. Nurəddünya onun ayaqlarına yıxılıb dedi:
– Ey fəzalar padşahı, mənə niyə qəzəbin tutdu, mən nə cür danışdım ki, məni tilsimə saldın?
Şəmsi yavaşcadan ona dedi:
– Ey Nurəddünya, bil və agah ol, sən danışdığın mənim anam imiş.
Yaxşı ki, o səni parça-parça etməyib. Mənlə onu bir-birimizdən ayırmaq üçün həmişə mənim başımın üstünə baxarsan. Mənim başımın üstündə Ülkər ulduzu dayanır, anamın başının üstündə Ay.
Nurəddünya dedi:
– Xanım, gedirəm Tufan devi öldürməyə.
Şəmsi xanım dedi:
– Ey Nurəddünya, mənim anamın canı Tufan devdədi, əgər onu öldürsən anam da öləcək. Sən Tufan devi öldürmə. Sözlərimə qulaq as, əməl elə. Ey Nurəddünya, mən bir lövh oxuyacağam, Qaf dağı qırx yerə bölünəcək. Zülmət dünyası lap axırıncı dağda qalacaq. Gərək yeddi il Qaf dağına qarovul çəkib, Tufan devi anamla görüşməyə qoymayasan.
Əgər bu şərtimi yerinə yetirsən nə desən razıyam. Nurəddünya dedi:
– Ey dünya gözəli, ölümə göndərsən də gedəcəyəm. Yeddi il deyirsən, on yeddi il də gözlərəm.
Şəmsi xanım ona qıyqacı baxıb dedi:
– Onda sən mənim olacaqsan, mən də sənin. İndi tez get, anam durub bizi görər.
Onlar bir-birindən ayrıldılar. Nurəddünya düz Qaf dağının başına, Şəmsi də öz evinə getməkdə olsun, al xəbəri Tufan devdən.
Tufan dev Qaf dağının başında neçə gün idi ki, Gün xanımın yolunu gözləyirdi. Onun səbri lap tükənmişdi. Bir də gördü ki, cin padşahının oğlu Nurəddünya budu, Qaf dağının başına tərəf gəlir. Tufan dev başında qırx dəyirman daşı olan əmudunu götürüb, Nurəddünyaya tərəf getmək istəyəndə bir şaqqıltı qopub, Qaf dağı qırx parça oldu.
Qaranlıq dünyası lap axırıncı dağa düşdü. Tufan dev başına-gözünə döydü, fəğan eyləyib ağladı, gördü ki, hara çatacaq, ağlamaqdan, sızıldamaqdan bir şey çıxmaz, tədbir görmək lazımdı.
Tufan dev barmağını dişləyib öz-özünə dedi: “a gidi, bu işi düzəldən, Qaf dağını parçalayan, məni sevgilimdən ayrı salan Şəmsi xanımdı”.
Çox götür-qoydan sonra tənur eləyib, işıqlı dünya olan Qaf dağına gəldi gördü ki, Nurəddünya burda qarovul çəkir. Tufan dev bir böyük daş götürüb, yavaş-yavaş gedib, onun başına salmaq istəyəndə, Gün böyürdən çıxdı, onun biləyindən tutub dedi:
– Bu kimdir, niyə öldürürsən?
Tufan dev dedi:
– Bəs bilmirsən? Şəmsinin qarovulçusudu.
Gün dedi:
– Ey Tufan, sən nə qayırırsan, Şəmsi bütün dünyanı alt-üstünə çevirər.
Ayrı tədbir lazımdı. Sən gizlən, mən bununla söhbət edəcəyəm.
Bəlkə aldada bildim.
Tufan dev gizləndi. Gün xanım Nurəddünyanın bərabərinə gəldi.
Nurəddünya Günü görən kimi genə öz sevgilisi hesab edib dedi:
– Ey mənim sevgilim, nə bildin ki, mənim ürəyim səni arzulayır, gəldin.
Gün xanım çox ağıllı idi. O saat başa düşdü ki, ey dili-qafil, bu mənim qızıma aşiqdi, dedi:
– Ey cavan, mən sənin sevgilin deyiləm, onun anasıyam, yanılma.
Nurəddünyanın yadına Şəmsinin dedikləri düşdü, o saat yuxarı baxıb gördü ki, doğrudan səhv olub. Bunun başının üstündə ay durub, Başını aşağı salıb sakit dayandı.
Gün xanım dedi:
– Olmaya səni Şəmsi xanım bura göndərib ki, məni Tufan devlə görüşməyə qoymayasan?
Nurəddünya gizlədə bilməyib dedi:
– Bəli, xanım, elədi ki, var.
Gün xanım dedi:
– Ey avam, o, səni aldadır. Sənə gəlməyəcək.
Nurəddünya dedi:
– O məni aldatmaz.
Gün xanım gülüb dedi:
– Doğurdan da, avamsan. Qız mənimdi, xasiyyətini bilirəm. O istəyir ki, səni burda öldürtsün.
Bu söz Nurəddünyanın ağlına batdı, əl-ayağa düşüb dedi:
– Bəs mən nə cür eyləyim, axı ondan ötrü ölürəm?
Gün xanım baxdı ki, ovu bərəsində vurubdu, dedi:
– Bir müddət burda qarovul çəkərsən, sonra mən fəndini deyərəm, hasantlıqla onu alarsan. Bu şərt ilə, sənin Tufan devlə işin olmasın, həm də qız gələndə deyərsən ki, tay qoymuram görüşələr.
Nurəddünya onun sözünə aldanıb dedi:
– İşim yoxdu, ancaq sən qızını mənə verəsən.
Gün dedi:
– Verdim. Bizim qarovulumuzu çəkərsən, gələn olanda isə xəbər verərsən.
Nurəddünya razı oldu. Gün xanım Tufan devi çağırdı. Tufan dev gəldi. Onlar arxayın kef edirdilər, Nurəddünya da onların qarovulunu çəkirdi. Belə-belə bir müddət gəldi keçdi. Günlərin bir günü Gün Qaf dağına gələndə Şəmsi onu gördü. Öz-özünə dedi, görəsən Nurəddünya hardadı ki, anam Qaf dağına gedir. Tənur eyləyib geyə qalxdı, düz Qaf dağına gəlib nə gördü, Nurəddünya qarovul çəkir, anası ilə Tufan dev kef edirlər. Çox qəzəbləndi, istədi hər ikisini parça-parça eləsin, özünü saxlayıb, analıq südünü yadına saldı. Şəmsi xanım sehr oxuyub Tufan devi bir meymun elədi, qaranlıq dünyaya tulladı, Nurəddünyanı da yüz ərşin quyunun dibində tilsimə saldı, anasını götürüb evinə gəldi.
Gün xanım bu gündən gününü ağlamaqla keçirsin, qayıdaq geri, görək Süleyman tacir nə eləyir.
Süleyman əlini Qəmər xanımdan üzüb, arvadı Minagərdən xanımla günlərini ağlamaqla keçirirdilər. Ağlamaqdan onların gözləri tutulmuşdu.
Tapdıq da böyüyüb yekə oğlan olmuşdu. Bir gün ata-anası genə ağlayırdılar. Tapdıq onları sakit eləyib dedi:
– Ata, izn ver mən Qəmər xanımı axtarmağa gedim, bəlkə Allah yar oldu, tapdım.
Süleyman tacir dedi:
– Oğul, elə söz danışma, biz səndən təsəlli alırıq, sən bir yana getsən hər ikimiz ölərik.
Tapdıq dedi:
– Xeyr, ata, mən gedəcəyəm.
Süleyman tacir nə qədər elədisə, Tapdıq razı olmadı, axırda çarna çar razı oldu. Tapdıq ata-anası ilə görüşüb, öpüşüb yola düşdü.
Dərələrdən yel kimi, təpələrdən sel kimi gedib bir xarabalığa çıxdı.
Tapdıq baxdı ki, bura elə xarabalıqdı ki, adamın bağrı yarılır. Bir neçə qədəm getməmişdi ki, bir gurultu qopdu, qaranlıq düşdü, bir tufan oldu. Tufan Tapdığı götürüb uzaq bir yerə tulladı, Sonra hava sakit oldu. Tapdıq gözünü açıb gördü ki, bir mağaranın içindədi. Hər yanı gəzdi, dolaşdı bir yana çıxa bilmədi. Ac-susuz burda qaldı. Bir gün Tapdığın ürəyi bitaqət olub, bir sərv ağacının dibində huşa getmişdi.
Bir də gördü üç göyərçin gəlib sərv ağacının başına qondular. Göyərçinlərdən biri dedi:
– Bacılı, bilirsən bu oğlan kimdi?
O biri dedi:
– Bilmirəm bacılı, kimdi?
Dedi:
– Bu, Süleyman tacirin oğulluğu Tapdıqdı. Süleyman tacirin qızı Qəmər xanımı axtarmağa gedirdi. Gəlib ağ devin məkanına çıxıb, Ağ dev onu tilsimə salıb. Yazıq nə vaxtdı ki, tilsimin içində sərgərdan gəzir, acından ürəyi bitaqət olub.
O biri göyərçin dedi:
– Bacılı, bu yazıq bəs nə eləsə tilsimdən qurtara bilər?
Dedi:
– Bacılı, Ağ devi öldürməsə tilsimdən qurtara bilməz. Ey cavan, ayıqsansa eşit, ayıq deyilsənsə ayıl, bil və agah ol. Ağ dev yeddi ağaclıqda bir mağara içərisindədir. Hər dəqiqədə bir heyvan donuna düşür.
İndi öz hünərinə baxar, bir yol tapıb onu öldürə bilsən, canın qurtarar.
Göyərçinlər Tapdığa bir lələk salıb dedilər:
– Ey Tapdıq, al bu lələyi burnuna tut aclığın sönsün, tox ol.
Göyərçinlər sözlərini tamam eləyib, qanad-qanada verib getdilər.
Tapdıq lələyi götürüb burnuna verən kimi aclığı söndü, dizlərinə qüvvət gəldi. Lələyi cibinə qoyub, göyərçinlər isnad verdiyi səmtə yol aldı, ta ki gəlib yeddi ağaclıqda bir qapı-bacasız mağaraya çıxdı. Mağaranın ətrafını gəzdi, dolandı bir balaca kuful (Yeraltı su yolu) tapdı. Kufulun ağzında bir eybəcər əjdaha gördü. Tapdıq bildi ki, bu mağaranın qarovulçusu budu. Tez qılıncla əl atıb əjdahaya hücum elədi. Əjdaha ağzını açıb, Tapdığı qılınclı-zadlı uddu. Tapdıq gördü, baho, əjdahanın qarnı pəhləvanlarla doludu. Pəhləvanlar onu görən kimi dedilər:
– Ey cavan, sən hardan bura gəldin? Bu əjdaha çoxlu igidlər udmuşdu.
Bunun udduğu adamlar qırx gün sağ qalırlar, qırx gündən sonar əriyib gedirlər.
Tapdıq çox kefsiz oldu. Onun üzünün işığı əjdahanın qarnını gün kimi işıqlandırdı, işıqlı dünya elədi, Tapdıq əjdahanın qarnını gəzib dolandı, onun bağırsaqlarını tapdı, qılıncı sivirib bağırsaqları doğradı, əjdahanı bir qədər heydən saldı. Sonra gəzib, arayıb onun ürəyini tapdı, qılıncı çəkib ürəyi parçaladı. Əjdaha o saat zəbanə çəkib öldü.
Tapdıq onun qarnını yırtıb, orada olan adamları azad elədi, özü mağaraya girdi. Tapdıq mağarada çox gəzdi, dolandı axırda gəlib bir otağa girdi, baxdı ki, baho, dev başını bir gözəl qızın dizi üstünə qoyub yatıbdı.
Qız onu görəndə köksünü ötürüb dedi:
– Ay aman, oğlan, buraya nə cür gəlmisən, tez elə də çıx get. Ağ dev indicə durub səni parça-parça edəcək. O, adam ətinə yerikləyir.
Tapdıq dedi:
– Gözəl xanım, qorxma, bura gələn oğlan öz hünərinə güvənib.
Qız dedi:
– Ey cavan, min sənin kimi oğlanlar bu tilsimə gəlib, devlə bacarmayıb həlak olub. Bu dev başdan ayağa tilsimdi, ayılmamış burdan uzaqlaş, dursa səni parça-parça elər.
Tapdıq gülüb dedi:
– Mən qarpız-qovun deyiləm ki, parça-parça eləyə. Bu nə vaxt duracaq?
Qız dedi:
– İndi ki, getmirsən sözümə qulaq as. Ey cavan, bu devin canı yuxarıdan asılan qəfəsin içindəki bayquşdadı. Hər kəs bir oxla o bayquşu vursa dev ölər, vura bilməsə, özü daşa dönüb tilsimdə qalar. İndi gör, bir oxla vura bilərsənmi? Devin yuxudan oyanmağına az qalıb.
Tapdıq dedi:
– Ey qız, mən gərək devi ayıldıb öldürəm. Yatdığı yerdə onu öldürmək igidlik deyil. Qoy dursun, görsün ki, analar nə cür oğlan doğub.
Qız dedi:
– Ey cavan, inad eləmə, ayılsa onu öldürə bilməzsən. Allaha təvəkkül de, oxu at. Bəlkə baxtın yar oldu, ox dəydi.
Tapdıq dedi:
– Üz vurma, mən yatdığı yerdə ona çırtıq da vura bilmərəm.
Bəli, qız nə qədər yalvardı, oğlan ox atmadı, ta ki devin ayılmaq vaxtı gəldi, bərkdən asqırıb yerdən qalxdı. Tapdığı görən kimi bərkdən zəbanə çəkib dedi:
– Ey Tapdıq, mən səni göydə axtarırdım, yaxşı ki, yerdə əlimə düşmüsən. Tapdıq dedi:
– Ey dev, nə bildin ki, mən Tapdığam?
Dev dedi:
– Yaxşı bilirəm. Bu saat səni parça-parça eləyib, dişimin acısını alacağam, elə könlüm bəni-adəm əti istəyirdi.
Tapdıq dedi:
– Can yiyəsi hələ ölməyib ki, yeyəsən. Boyu uzun, ağlı kəm dev, adam arxı tullanar, sonra bərəkallah deyər.
Dev bu sözü eşidən kimi qəzəblənib, əl atdı başında qırx dəyirman daşı olan ağacını götürdü, dedi:
İndi anan gəlsin sənin tozunu torpaq içindən ayırsın!
Dev ağacı yuxarı qaldırıb, Tapdığın qalxanına elə bir ağac vurdu ki, Tapdıq boğaza qədər torpağa batdı. Tez sıçrayıb torpaqdan çıxdı, əl atdı qılınca. Devin təpəsinə nə qədər çırpdısa, qılınc devə batmadı, çünki dev tilsimli idi. Tapdıq qılıncı kənara tulladı, başladı devlə güləşməyə. Belə rəvayət eləyirlər ki, bunlar qırx gün, qırx gecə güləşdilər, bir-birini yıxa bilmədilər. Axırda Tapdıq bir nərə çəkib, onu yerə çırpdı, qılıncı götürüb nə qədər sürtdüsə, qılınc devin boğazını kəsmədi.
Onu buraxıb, kənarda bir daşın üstündə oturdu, fikrə getdi. Dev də nə qədər lövh oxudusa, Tapdığı daş eləyə bilmədi. Bir qədər dincələndən sonra bunlar yenə didişməyə başladılar. Qırx gün didişdilər, yenə də bir-birinə güc gələ bilmədilər. Axırda Tapdıq qəzəblənib, əl atdı devin boğazından tutdu, elə boğdu ki, devin gözlərinin ikisi də bərəldi. Dev bərkdən quva (Qışqırmaq) çəkəndə bayquş qəfəsdən çıxıb istədi Tapdığın iki gözlərini çıxartsın. Tapdıq devin boğazını buraxıb, cəld bayquşun boğazından tutdu. Bayquş elə qüvvə verdi ki, əgər dağ olsaydı yerindən qopardı, ancaq Tapdığın qolları yerindən qopmadı. Qoçaq Tapdıq onu elə boğdu ki, bayquş heydən düşdü. Dev bunu görəndə Tapdığın ayaqlarına yıxılıb ağlaya-ağlaya dedi:
– Ay Tapdıq, amandı o quşu burax, ölüncə sənə qul olaram.
Amandı burax!
Tapdıq dedi:
– Xeyr, buraxa bilmərəm.
Tapdıq onun yalvarmasına fikir verməyib, elə güc verdi ki, bayquşun boğazını üzdü. Bayquşun boğazı üzülən kimi, dev bərkdən zəbanə çəkib öldü. Qız Tapdığın ayaqlarına yıxılıb dedi:
– Ey cavan, mən cinlər padşahının qızıyam. Bu dev məni yeddi ildir ki, bu tilsimdə saxlayır, nişanlımı da daş eyləyib. Deyildiyinə görə, devin qanından daşa vursan, yenə əzəlki halına gələr. Məni bu zalım devin əlindən qurtardın. Devin qanından da sevgilimin daşına vur, bəlkə əvvəlki halına gəldi.
Tapdıq bu sözü eşidən kimi qılıncı sivirib, devin meyitini parçaladı, onun qanından oğlanın daşına çilədi. O saat oğlan əvvəlki halına düşdü. İki aşiq-məşuq qucaqlaşıb özlərindən getdilər. Tapdıq onların üzlərinə su çiləyib özlərinə gətirdi. Bunlar Tapdığın ayağına yıxılıb dua elədilər. Tapdıq dedi:
– Deyin görüm, siz kimsiniz, dev sizi niyə tilsimə salıbdı?
Qız dedi:
– Ey cavan, mən cinlər padşahının qızıyam, bu da vəzirin oğludu.
Mənim atamla bunun atasının övladı olmurmuş. Bunlar nəzir-niyaz edirlər, axırda biz anadan oluruq, Atamla vəzir şərt qoyub, bizi birbirimizə nişanlayırlar. Biz məktəbdə bir yerdə oxuduq, həddi-büluğa çatdıq. Bir-birimizdən bir dəqiqə ayrı dura bilmirdik. Bir gün vəzir atamın yanına gəldi, razılıq alıb toyumuzu etdilər. Demə bu dev də mənə aşiq imiş. Məni toy-nağara ilə oğlan evinin həyətinə gətirdilər. Mən içəri girmək istəyəndə göydən bir əl uzanıb məni havaya çəkdi. Mən o saat özümdən getdim. Bir vaxt gözümü açıb özümü burada gördüm. Bu zalım dev məni gündə döyüb, saçlarımdan asdı, mən onun rəyinə tabe olmadım. Aradan bir müddət keçdi, bir də gördüm nişanlım gəlib çıxdı. Dev onu görən kimi əfsun oxuyub belə daş elədi. İndi sən bizi devin əlindən azad elədin, heç olmasa görüşdük. Ancaq ey cavan, buranın qapıçısı bir əjdahadır, içəri girən bayıra çıxa bilmir, əjdahaya yem olur.
Tapdıq dedi:
– Ey qız, qəm yemə, gələndə əjdahanı öldürmüşəm.
Bundan çox sevindilər, Tapdığın igidliyinə afərin söylədilər. Hər üçü bir-birinə qoşulub kənara çıxdılar, Oğlanla qız dedilər:
– Ey cavan, bizə yaxşılıq eləmisən, bizdən bir dilək istə.
Tapdıq dedi:
– Ayrı diləyim yoxdu, Qaf dağının yerini mənə söyləyin.
Qız dedi:
– Biz səni aparıb Qaf dağında qoyub, sonra öz evimizə gedərik.
Bəli, bunlar yola düşüb, mənzilbəmənzil, teyyi-mənazil, gedib Qaf dağına çıxdılar. Qız dedi:
– Ey cavan, Qaf dağının gün doğan tərəfi Gülüstani-Baği-İrəmdi, gün batan tərəfi də zülmət dünyasıdı. Gülüstani-Baği-İrəmin sahibi Gün xanım, Zülmət dünyasının padşahı da Tufan devdi, Buralara gedə bilməzsən.
Tapdıq fikirləşib dedi:
– Mən əvvəlcə Gülüstani-Baği-İrəmə gedəcəyəm, bəlkə bacımın sorağını orada aldım. Bunlar dedilər:
– Ey cavan, Gülüstani-Baği-İrəmə bəni-adəm ayağı dəyəndə, o adamı yüz ağac kənara tullayır. Sən bu sevdadan əl çək.
Tapdıq razı olmadı. Onlarla xudahafizləşib, Gülüstani-Baği-İrəmə getməyə başladı. Az getdi, çox getdi, gedib Gülüstani-Baği-İrəmə çatdı. Tapdıq bağa girdi, bağ onu kənara tullamadı. O, gəzə-gəzə bir sərv ağacının yanına gəldi. Gördü ki, bu sərv ağacının dibində on beş yaşında bir gözəl qız yatıb ki, misli-bərabəri dünyada yoxdu. Onun üzü işıq verib, par-par parıldayır. Tapdıq bir könüldən min könülə qıza aşiq oldu. Bu qız kim ola, Gün xanımın qızı Şəmsi xanım. Tapdıq ayağını sərv ağacının dibinə qoymaq istəyəndə sərv ağacı bərkdən silkələndi, hər yarpağı bir zınqırova döndü, çalmağa başladı. Şəmsi xanım yerdən qalxınca, Tapdıq qaçıb gizləndi. Şəmsi xanım nə qədər gəzdisə, heç kimi tapmadı, qayıdıb yenə yerində uzandı, yuxuya getdi.
Şəmsi xanım yatmaqda olsun, eşit Gün xanımla Tufan devdən. Tufan dev zülmət dünyasında küllüklərdə, zibilliklərdə sümsünüb qır-qırıntıdan tapıb yeyirdi, axşam da Gün xanımdan ötrü ağlayırdı. Onun gözündən tökülən yaş havaya qalxırdı, ordan damla-damla yerə süzülürdü. Ustadlar deyirlər ki, bulud, duman, yağış, qar, dolu Tufan devin gözündən tökülən yaşdan əmələ gəlibdir. O biri tərəfdən Gün xanım o qədər ağlamışdı ki, gül kimi solmuşdu. Gözəl saçları qarğa yuvasına dönmüşdü, üzünə tökülmüşdü; sərsəri kimi dolanırdı. Onun işığı dünyanı toran kimi işıqlandırırdı.
Günlərin bir günü, Gün xanım Gülüstani-Baği-İrəmin bir ucqar yerində oturub, qəmə batmışdı. Öz-özünə deyirdi, bəs bunun axırı nə olsun, sevgilim zülmət dünyasında həmişə meymun olacaq. Başına döyüb, göz yaşını axıdırdı. Onun göz yaşı damla-damla düşüb gül olurdu, ay parçası kimi açılıb pardaqlanırdı. Gün xanım çox fikirdən Sonra öz-özünə dedi: “mən qızımı öldürməsəm, ürəyim soyumayacaq. Onu öldürsəm, bəlkə sevgilimə çatam”.
Gün xanım tez yerindən qalxdı, bir dağ böyüklükdə daşı götürüb havaya qalxdı. Havadan yavaş-yavaş sərv ağacının üstünə endi. Daşı qızın başına salanda, Tapdıq bunu gördü. O saat daşı göydə tutub kənara tulladı, qoymadı Şəmsi xanımın üstünə düşsün. Səsə Şəmsi xanım yuxudan qalxdı, genə heç kimsəni görmədi. O bildi ki, bağda adam var. Şəmsi xanım gecə yatdı. Səhər durub bağa çıxanda gördü ki, bağın ortasında dağ böyüklükdə bir daş var. O saat bildi ki, anası onun başına salıb öldürmək istəyirmiş, nə təhər olubsa, kənara tullayıb, yəqin öldürmək istəməyib. Şəmsi xanım daşı görəndən sonra bağa başqa adam girdiyini gümanına gətirmədi. Çünki bu bağa günəş nəslindən olan pərilərdən, cinlərdən başqa kimsə girə bilməzdi. Şəmsi xanım əhvalatı açıb əyan eyləmədi, anasına bir söz də demədi. Özünü elə saxladı ki, guya bu işdən heç xəbəri yoxdu.
Bəli, bir neçə gün belə gəldi keçdi. Bir gecə genə Gün xanım bir dağ böyüklükdə daş götürüb, havaya qalxdı, qızının başına salanda genə də Tapdıq tutub, kənara tulladı, qoymadı qızın üstünə düşsün.
Genə səhər açıldı, Şəmsi xanım gördü ki, bağın içində bir daş da var. Qız öz-özünə dedi: “Yox, burda başqa iş var, bu gecə yatmayacağam”. Qız özünü bilməməzliyə vurdu, barmağını yarıb içinə duz doldurdu, o biri gecə yatmadı. Gecənin bir aləmində gördü ki, anası bir dağ böyüklükdə daşı götürüb havaya qalxdı, onun üstünə salanda, bir oğlan çıxdı, əl atdı göydə daşı tutdu, kənara tulladı. Şəmsi o saat əl atıb Tapdığın biləyindən tutdu, dedi:
– Ey cavan, sən kimsən ki, məni ölümdən qurtarırsan mənim bağıma nə cür gəlib çıxıbsan?
Tapdıq dedi:
– Ey gözəl qız, mən Süleyman tacirin oğlu Tapdığam. Bacımı oğurlayıb aparıblar, onu axtarıram.
Şəmsi xanım dedi:
– Bacının adı nədi?
Tapdıq dedi:
– Qəmər xanım.
Şəmsi xanım bu sözü eşidəndə rəngi dəyişildi, bir balaca fikrə getdi. Tapdıq onun sifətindən məna anlayıb dedi:
– Ey gözəl qız, sənin sifətində məna var. Əgər mənim bacımın yerini bilirsənsə, de, ölüncə sənə duaçı olaram.
Şəmsi xanım dedi:
– Ey Tapdıq, bil və agah ol, sənin bacını Tufan dev ölüm tilsiminə salıb. O tilsimə düşən çıxmaz. Əlini bacından üz.
Tapdıq bu sözü eşidəndə çox kefsiz oldu. Qəm dəryasına batdı.
Şəmsi xanım onu götürüb öz otağına gəldi, ona təskinlik verdi. Bir neçə gün belə gəldi. Bir gün Şəmsi xanım ona dedi:
– Ey Tapdıq, Gülüstani-Baği-İrəmə bəni adəm girə bilməz, onu kənara tullayar, bəs nə təhər oldu sən bura girdin?
Tapdıq dedi:
– Mənim canım tamam tilsimdi, heç bir sehr kar eləməz. Xanım, yaxşı yadıma düşdü, bəs sənin başına daş salmaq istəyən kim idi?
Şəmsi xanım ondan danıb dedi:
– Bir pəri qızdı, mənlə düşməndi, girəvə axtarır ki, məni öldürsün.
Tapdıq bu sözə inanıb, sözün gerisini çevirmədi, dedi:
– Şəmsi xanım, mən bacımı ölüm tilsimindən azad eləməyə gedəcəyəm.
Ya ölüb orda qalaram, ya da bacımı tilsimdən qurtararam.
Ancaq sənə bir deməli sözüm var, qəzəbin tutmasa deyərəm.
Şəmsi dedi:
– Qəzəbim tutmaz, de. Sən məni ölümdən qurtarmısan.
Tapdıq ürək eləyib dedi:
– Ananın südünə and iç ki, acığın tutmayacaq, deyim.
Şəmsi dedi:
– Anamın südü haqqı, sənə heç-zad eləmərəm, de.
Tapdıq dedi:
– Ey qız, sənə ürəkdən aşiq olmuşam, səndən ötrü ölürəm! Əl mənim, ətək sənin, ya məni öldür, ya mənə gəl.
Şəmsi gözlərini yerə tikib dedi:
– Mən elə bilirdim ayrı söz deyirsən. Bu sözlərdən əl çək.
Tapdıq ürəkləndi, dedi:
– Şəmsi xanım, öldü var, döndü yoxdu. Məni özünə qul qəbul elə.
Şəmsi xanım dedi:
– Sən mənə çox yaxşılıq etdiyin üçün dinmirəm. Bu sevdadan əl çək. Ayrı adam mənə bu sözü desə, onu parça-parça edərdim.
Tapdıq dedi:
– Mən bacımı tilsimdən qurtarmağa gedirəm, odur ki, məni qəmgin yola salma. Bəlkə öldüm, heç geri qayıtmadım, ürəyimdə intizar qalmasın.
Şəmsi xanım dedi:
– Get bacını qurtar, gəl, o vaxta kimi fikirləşərəm, bəlkə sözünü qəbul elədim.
Tapdıq əlacsız qalıb, bu sözə razı oldu. Qızla xudahafizləşib yola düşdü. Tapdıq gedəndən sonra qız öz-özünə dedi: “əgər Tapdıq məndən güclü olsa ona gedəcəyəm. Gedib onun gücünü sınayım”. Şəmsi xanım bir dəst pəhləvan paltarı geyib, kəsə yolla gedib bir dar yerdə oğlanın qabağını kəsdi. Tapdıq gəlib keçmək istəyəndə gördü ki, yolu bir pəhləvan kəsibdi. Şəmsi xanım dedi:
– Ey, kimsən? Nə hədlə bura qədəm basmısan?
Tapdıq dedi:
– Ey pəhləvan, bacımı tilsimdən qurtarmağa gedirəm, yol ver keçim. Şəmsi dedi:
– Sən ancaq mənim meyitimin üstündən keçə bilərsən.
Tapdıq dedi:
– Xoşam-xoşluqla yol verməsən, güclə keçəcəyəm. Deyirəm kişilik eləyib yol verəsən. Mənim ki, sənlə bir işim yoxdu.
Şəmsi qəzəblənib qılıncı çəkdi, ona hücum edib dedi:
– İndi davam gətir, sonra öyün.
Bunlar üç gün, üç gecə bir-birinin qalxanına qılınc çaldılar. Hər ikisinin qılıncı sındı, əl atdılar nizəyə. Üç gün də nizə davası elədilər.
Nizələri də sındı. Qollarını çirməyib güştü tutdular. Yeddi gün, yeddi gecə biri-birini didişdirdilər, heç biri güc eliyə bilmədi, axırda Şəmsi bir nərə təpib Tapdığı yuxarı qaldırdı, yerə çırpıb, sinəsi üstündə əyləşdi.
Başını kəsmək istəyəndə Tapdıq dedi:
– Ey pəhləvan, igid basdığını kəsməz. Məni öldürmə. Qoy gedim bacımı azad edim. Bacımın üzünü görməmiş ölsəm, ruhum sənə qarğış edər.
Şəmsi dedi:
– Sənə aman yoxdu.
Tapdıq elə bir ah çəkdi ki, ağzından qalxan alov Şəmsini az qaldı yandırsın. Şəmsi dedi:
– Ey pəhləvan, niyə belə ah çəkdin?
Tapdıq dedi:
– Ona görə ah çəkdim ki, ürəyimdə arzum qaldı, nakam getdim.
Sevgimə çatmamış öldüm.
Şəmsi dedi:
– Sevgilin kimdi?
Tapdıq dedi:
– Gün xanımın qızı Şəmsi xanım.
Şəmsi xanım onun döşünün üstündən durdu, rübəndini kənara atdı.
Onu görəndə Tapdığı heyrət apardı. Şəmsi xanım dedi:
– Ey Tapdıq, sənin gücünü sınamaq üçün belə eləyirdim. Doğrudan da çox qüvvətli pəhləvansan. Qayıt gedək. O tilsimi heç kəs dağıda bilməz.
Tapdıq dedi:
– Ey gözəl, ya bacımı tilsimdən azad eləməliyəm, ya da ölməliyəm.
Şəmsi dedi:
– Mən də səni sevirəm. Gedək Gülüstani-Baği-İrəmdə eyş-işrət eləyək, naz-qəmzə içində ömür sürək. Sonra bacını qurtarmaq üçün çarə eyləyərik.
Tapdıq dedi:
– Gözəl xanım, nə qədər ki bacım tilsimdədi, işrət, kef mənə haramdı.
Üz vurma, qoy gedim. Ancaq məni sevirsənsə, gözlə. Ölmərəm, qayıdıb gələrəm, ölərəm, dünyadan nakam gedərəm.
Şəmsi xanım dedi:
– Mərhəba, sən ki, bacını belə istəyirsən, onsuz kefi haram bilirsən, sevgilinə də belə etibarlı olacaqsan. Get, Allah sənə yar olsun.
Ancaq o tilsimi dağıda bilməyəcəksən. Al sənə bir qılınc verirəm, dara düşəndə qılıncı çəkib məni çağırarsan. Köməyinə çatıb, səni dardan qurtararam.
Tapdıq Şəmsi xanımla xudahafizləşib, yola düşdü. Az getdi, üz getdi, dərə, təpə, düz getdi, gedib bir xaraba qalaya çıxdı. Qalanı çox gəzdi, dolandı, bir quş da belə tapmadı. Bir barıya rast gəldi. Tapdıq kəmənd atıb barının başına bənd elədi, üstünə çıxıb, gördü ki, dünyada nə qədər əcaib, qorxulu heyvan, əcinnə varsa, hamısı bu barının içindədi.
Onun tükləri biz-biz oldu. İstədi geri qayıtsın, bacı məhəbbəti onu irəli itələdi. Barıdan düşmək istəyəndə, hər tərəfdən çığırtılar qopdu:
– Ey Tapdıq, səni biz çoxdan gözləyirdik, yaxşı ki, gəlmisən.
Tapdıq qılınc çəkib barıdan içəri tullandı. Bütün əjdahalar, pələnglər, ifritələr ağızlarını açıb onun üstünə od tökməyə başladılar.
Tapdıq özünü alovun içinə atıb qılıncı çala-çala bir böyük daşın üstünə çıxdı. Onun canı tamam yanıb yara olmuşdu. Paltarı yanıb çılpaq qalmışdı.
Bir böyük pələng onun üstünə hücum elədi. Tapdıq onun başına nə qədər qılınc çəkdisə, kar eləmədi. Axırda sıçrayıb onun ağzına düşdü, bir əli ilə alt çənəsindən, bir əli ilə də üst çənəsindən tutub elə bir güc verdi ki, pələngin çənələrini dartıb ayırdı. Pələngin qarnından qırx özü kimi böyük pələng çıxıb, hamısı Tapdığın üstünə həmlə elədi.
Tapdıq bunları da öldürdü, hər birinin qarnından qırx pələng çıxdı. Belə-belə pələnglər artıb dünyanı tutdu. Tapdıq tamam heydən düşdü, daşın üstündə oturdu. Birdən bərk nərilti qopdu, daş parçalanıb, altından bir külək qopdu. Tapdığı götürüb bir yekə əqrəbin qarnına tulladı. Tapdıq əqrəbin qarnında nə qədər gəzdisə, bir yana çıxa bilmədi.
Axırda bir mağara tapdı. Tapdıq bacısının ölüsünü gördü. Ona tərəf yüyürdü, bacısının meyiti yox oldu. Tapdıq bir müddət yol getdi. Bir də gördü bacısını çarmıxa çəkib döyürlər. Qılıncı çəkib irəli yüyürdü, kimsəni görmədi. Belə-belə bacısı minbir əzab çəkdiyi vaxt onun gözünə görünürdü. Tapdıq lap dəli-divanə olmuşdu, az qalırdı öz-özünü öldürsün. Bir dəfə yenə gördü ki, bacısına əzab verirlər. Bacısı zarıyazarıya onu haraya çağırdı. Tapdıq qılıncı çəkib elə bir nərə çəkdi ki, tilsim tamam titrədi, ulduzlar hərəkətə gəldi. Onun bu nərəsi həmişə havada qaldı, ildırım, göy gurultusu oldu. Yeddi əjdaha peyda olub ağızlarını açdılar, Tapdığın üstünə hücum elədilər. Tapdıq bərk qəzəblənmişdi.
Bir saatın içərisində onların yeddisini də parçaladı, amma çifayda, əjdahanın qarnından qırx özü böyüklükdə əjdaha çıxıb onun üstünə töküldülər. Tapdıq bunların hansını öldürürdüsə, qarnından qırx əjdaha çıxırdı. Tapdıq baxdı ki, xeyr, işlər şuluqdu, bu əjdahanı qırmaq əvəzinə artırır. Gördü ki, bir əjdaha peyda oldu ki, əjdahaların hamısından böyük. Tapdıq nə qədər elədisə, bu əjdahanı öldürə bilmədi.
Axırda oxu çilləyə mindirib, yayı qurdu. Əjdahanın hər gözündən bir ox vurdu. Əjdaha nərə təpib, qaçmaq istəyəndə Tapdıq sıçrayıb onun belinə mindi. Əjdaha onu götürüb ilim-ilim itdi, ta ki, aparıb bir dağa çıxartdı. Tapdıq dağda əjdahanın belindən sıçrayıb yerə düşdü, onun kor gözlərinə genə də iki ox vurdu. Əjdaha yerə yıxılıb öldü. Tapdıq qılınc çəkib əjdahanın qarnını yırtdı. Əjdahanın qarnından ağsaqqal bir kişi çıxdı. Kişi Tapdığın alnından öpüb dedi:
– Ey cavan, mən qırx ildi ki, bu əjdahanın qarnında əziyyət çəkirəm, sən məni əzabdan qurtardın. Ölüncə sənə duaçıyam.
Tapdıq dedi:
– Ey qoca, sən kimsən, niyə tilsimə düşmüsən?
Qoca dedi:
– Ey cavan, mən cin padşahının oğluyam. Bir gözəl sevgilimi bu dev gətirmişdi. Onu qurtarmağa gəlmişdim, axırda mən də tilsimə düşdüm.
Tapdıq dedi:
– Ey qoca, yəqin indi cavanlıq eşqin sönüb, məhəbbət çiçəklərin saralıb, solubdu.
Qoca bir ah çəkdi. Onun ağzından bir qırmızı alov qalxdı, alov dönüb bir misli görünməmiş nazənin qız oldu. Qoca qızı görən kimi hönkürtü ilə ağladı, saqqalının birçəklərinin tükünü yolub yerə tökdü.
Sonra qəşş edib yerə yıxıldı. Tapdıq baxırdı. Qız irəli gedib, onun ağarmış saçlarını sığalladı, gözlərinin hər birindən onun üzünə damladamla yaş axıtdı. Yaş dönüb oldu gülab, hər tərəfə ətir saçdı. Qız bircə kəlmə bərkdən dedi:
– Qalx ayağa, qoca aşiq!
Kişi o saat sıçrayıb ayağa qalxdı, əllərini yuxarı qaldırıb, yazıq səslə dedi:
– Gəl, mənim gözəlim!
Qız o saat qırmızı alova dönüb, geri qayıtdı, qocanın ağzından içəri girdi. Qocanın göz yaşları ağ saqqalını islatdı. Tapdıq ona təsəlli verdi.
Qoca bir az sakit olub, göz yaşlarını sildi, üzünü Tapdığa tutub dedi:
– Mənim ürəyimdə olan məhəbbət çiçəyi ot çiçəyi deyil ki, vaxtı çatanda saralıb solsun. Mən onu saralıb solmayan, həmişə pardaqlanan toxumdan əkmişəm.
Tapdıq bir az fikrə gedib, dedi:
– Mən səhv etmişəm, bağışla. Bəs sənin gözəl sevgilin hardadı?
Qoca dedi:
– Bu tilsimdədi. Yəqin ki, o da mənim kimi qocalıbdı, Tapdıq dedi:
Ölmərəmsə, sənin sevgilini də tilsimdən qurtararam.
Qoca dedi:
– Ey cavan, bu tilsimdən adam azad eləmək çətindi. Biz bu saat bir əqrəbin qarnındayıq.
Tapdıq soruşdu:
– Bəs bu tilsimi nə cür sındırmaq olar?
Qoca kişi dedi:
– Ey cavan, bil, agah ol, bu tilsimin Tufan dev adlı bir sahibi var.
O dev öldürülsə, tilsim dağılar. Tufan devə də heç bir qılınc, nizə batmır. Onu ancaq Günün qızı Şəmsi xanım öldürə bilər. O da öldürmür, çünki Tufan dev onun anasının ürəyini özündə saxlayır. Onu öldürsə, anası da ölər.
Şəmsi xanımın adını eşidəndə Tapdığın rəngi saraldı, ürəyi döyündü.
Qoca onun gözlərinin içinə diqqətlə baxıb dedi:
– Niyə rəngin saraldı, olmaya sənin də sevgilini bu zalım dev gətirib?
Tapdıq dedi:
– Xeyr, mənim sevgilimi gətirməyib, bacımı gətirib.
Bacımı azad etmək üçün gəlmişəm.
Qoca dedi:
Bacının adı nədi? Tapdıq dedi:
– Qəmər xanım.
Qoca dedi:
– Sənin bacın bu yaxındakı mağaradadı. Onu Tufan dev yatırdıb.
Özündən başqa heç kəs ayılda bilməz.
Tapdıq fikrə getdi. Onun gözlərinə bacısı göründü. Bacısı yerə uzanıb inildəyirdi. Tapdıq ona tərəf yüyürdü, genə onu görmədi. Qoca onu sakit eləyib dedi:
– Gözünə bacınmı görünür? Mən də elə olurdum. Sakit ol, Allah kərimdi.
Bəli, bunlar bir-birinə qoşulub, yeddi ağaclıq yol gedib bir dağa çıxdılar. Dağın başında bir barı gördülər. Barının hər tərəfində əcaib heyvanlar qarışqa kimi qaynaşırdı. Bu heyvanlar Tapdıqgili görən kimi ağız-ağıza verib başladılar ulaşmağa. Tapdıq qılıncı çəkib özünü heyvanların içinə vurdu. Nə qədər qılınc çaldısa, yol aça bilmədi. Heyvanlar onun ətini parça-parça edib, kənara tulladılar. Tapdıq qəşş edib, yerə yıxıldı. Qoca özünü ona çatdırıb başını dizinin üstünə aldı, qollarını ovub ayıltdı. Tapdıq bir neçə gün burda qaldı. Qoca onun yaralarını sağaltdı. Tapdıq qocaya dedi:
– Biz Tufan devi hardan tapaq? Onunla qabaq-qabağa gəlsəydim, ya mən onu öldürərdim, ya da o məni öldürərdi.
Qoca dedi:
– Ey Tapdıq, Tufan devin yeri bu mağaradı. Ancaq o burda çox az olur. O, vaxtının çoxunu Qaf dağının təpəsində keçirir.
Tapdıq dedi:
– Sən burda qal, mən özümü heyvanların içinə vurum, bəlkə barıdan keçə bildim.
Qoca dedi:
– Mən də gedəcəyəm, səni tək buraxa bilmərəm. Ey Tapdıq, sıçrayıb heyvanların belinə minərik, onlar bizi barıdan o tərəfə salarlar, yoxsa ayrı yolla ora girə bilmərik.
Bəli, bunlar özlərini heyvanların içinə vurdular. Hər biri sıçrayıb bir əjdahanın belinə düşdü. Əjdahalar onları götürüb barının içinə tullandılar. Onlar barının içində əjdahaların belindən sıçrayıb yerə düşdülər. Tapdıq qılınc çəkib əjdahaların ikisini də öldürdü. Bunlar bir bağça gördülər. Bağçaya girmək istəyirdilər ki, birdən bir meymun bunların üstünə hücum elədi. Bunlar meymunla qırx gün, qırx gecə dava elədilər. Tapdıq nə qədər qılınc, nizə vurdu, heç biri ona kar eləmədi.
Axırda kəmənd atıb, onun boynuna bənd elədi, aldı yedəyinə. Tapdıq bağda bir otaq gördü. Otağa girib baxdı nə, bacısı burda bir taxtın üstündə yuxuya gedib. Nə qədər çalışdı onu ayılda bilmədi. Baxdı ki, başının üstündə bir lövhə var. Bu lövhədə yazılıb ki, bu qızı Tufan devdən başqa heç kəs ayılda bilməz. Tapdıq burda çox qaldı, Tufan devi gözlədi, o, gəlib çıxmadı. Axırda qocaya dedi:
– Bu dev harda olur?
Qoca dedi:
– Qaf dağının başında. Ey Tapdıq, o, Günə aşiqdir.
Günün qızı da anasını ona vermir.
Tapdıq dedi:
– Burda qalmağın adı yoxdu, Qaf dağına gedək. Orda ya Allah ona verər, ya da mənə.
Bunlar burdan kənara çıxdılar. Hər ikisi meymunu mindilər. Baxdılar ki, hara gedirlərsə, bütün heyvanlar onlara yol verirlər, hamısı bu meymundan qorxurlar. Tapdıq dedi:
– Yaxşı oldu, bu meymunu da aparacağam. Bəlkə genə buraya gəldim. Bu çox sirli heyvandı. Onlar meymunu da götürüb gecənigündüzə qatıb, uzaq yolu yaxın edib, Gülüstani-Baği-İrəmə gəldilər.
Tapdıqgil Gülüstani-Baği-İrəmə getməkdə olsun, al xəbəri Gün xanımdan.
Gün xanım Tufan devi bir dəqiqə də olsun yadından çıxartmırdı.
Gecə-gündüz onun xəyalı ilə yaşayırdı. Gün xanımın nə gecəsi gecə idi, nə gündüzü gündüz. O biri tərəfdən Ayın eşqi artmışdı. O, Günün dalına düşmüşdü, ondan əl çəkmirdi. Günlərin bir günü Ay göydə Günü yaxaladı, dedi:
– Ey dünyaya işıq verən gözəl, mən eşqindən qovruldum, dərd çəkməkdən yoruldum. Ürəyinə bir zərrə rəhm sal! Məni özünə qul qəbul elə, ya da öldür qurtar!
Gün xanım dedi:
– Ey gözəl oğlan, hər kəsin bir sevgilisi olar. Mənim, də sevgilim var. Məndən uzaq gəz.
Ay dedi:
– Sən mənim ürəyimə girmisən, səndən dönə bilmirəm. İxtiyar öz əlimdə deyil. Mənə rəhm elə, ey gözəl!
Gün qəzəblənib dedi:
– Səni elə vuraram, parça-parça olarsan. Səni sevmirəm, məndən nə istəyirsən? Get özünə ayrı sevgili tap.
Ay dedi:
– Gözəllikdə misli-bərabərim yoxdu. Sənin kimi bütün dünyaya işıq verirəm. Özünə bərabərəm. Sən mənim babımsan, mən də sənin.
Sənə yaraşmaz gedib devə aşiq olasan. O sənin babın deyil. Ondan əl çək, gəl bir yerdə ölüncə dövran sürək.
Gün xanım dedi:
– Könül sevən göyçək olar. Qara dev mənə səndən gözəl görünür.
Ay onun ətəyindən yapışıb dedi:
– İnad eləmə, səndən əl çəkən deyiləm.
Gün xanım dartışıb dedi:
– Ətəyimi burax gedirəm.
Ay buraxmaq istəmədi. O, qucaqlayıb Gün xanımı öpmək istəyəndə, Gün xanım dartışıb onun əlindən çıxdı, başladı qaçmağa. Ay qovdu, Gün qaçdı. Axırda Gün xanım əyilib bir ovuc palçıq götürdü.
Ayın üzünə çırpdı, onun üzünü ləkəli elədi. Ayın başı qarışdı, su başına endi ki, üzünü yusun. Gün də onun əlindən qurtarıb GülüstaniBağiİrəmə gəldi. Gün xanım ora çatanda Tapdıqgil də yenicə gəlmişdilər.
Gün xanım Tapdığın yedəyindəki meymunu görən kimi bərkdən qışqırıb yerə yıxıldı, özündən getdi. Meymun da yerə çöküb gözlərinin yaşını töküb ağlayırdı. Meymunun gözlərindən çıxan yaş böyük dəryalar, ümmanlar, göllər əmələ gətirirdi. Günün gözlərindən tökülən yaşın da hər damlası bir qızılgül kolu olub, hər rəngə çalır, qəhqəhə çəkib gülürdü. Lap əcaib iş idi, göz yaşı gül olub gülürdü. Tapdıqgil yerlərində donub qalmışdılar, bilmirdilər bu nə sirdi.
Bu zaman Şəmsi gəlib çıxdı, meymunu görəndə dəhşətləndi. Meymun da onu görəndə qəzəblənib, onun üstünə dartışmağa başladı. Tapdıq onu buraxsaydı, Şəmsi xanımı parça-parça elərdi. Şəmsi xanım dedi:
– Ey Tapdıq, bu meymunu nə cür tutmusan? Bu çox dəhşətli heyvandı.
Tapdıq dedi:
– Ey gözəl, məni bu sirdən agah elə görüm, o qız bu meymunu görən kimi niyə qəşş elədi?
Şəmsi xanım dedi:
– O mənim anamdı, yəqin meymundan qorxmuşdur.
Şəmsi xanım anasının yanına getdi, onun başını dizinin üstünə aldı, qolunun qarısını boğub özünə gətirdi. Qolundan tutub evə apardı.
Şəmsi xanım anasını rahat eləyəndən sonra Tapdıqgilin yanına gəldi, onları da bir ayrı evə apardı. Tapdıq bütün başına gələni qıza danışdı.
Şəmsi onun igidliyinə afərin söyləyib dedi:
– Ey Tapdıq, bu meymunu tutan hələ anasından olmayıb. Bu heyvan təpədən dırnağa qədər tilsimlidi. Sənin igidliyinə heyranam.
Tapdıq dedi:
– Mən Tufan devi axtarmağa gedəcəyəm. Bacımın tilsimdən qurtarması ancaq ondan asılıdır.
Şəmsi dedi:
– Hələ bir az dincəl, sonra danışarıq.
Bəli, Tapdıq bir həftə burda qaldı, gözəl güllüklərdə, bənövşəliklərdə gəzdi. Bir axşam o Şəmsi xanıma dedi:
– Ey Şəmsi xanım, mən Qaf dağının başına gedirəm. Olsun ki, Tufan dev ordadı.
Şəmsi dedi:
– Tufan dev orda yoxdu, olsa da sən onunla bacarmazsan, yerində rahat otur.
Tapdıq qəzəblənib dedi:
– Mən burda kefdə əyləşəm, Qəmər orda ölü kimi əziyyət çəkə, bu olası iş deyil. And olsun namusuma, bacımı azad eləməyincə diz qatlayıb oturmayacağam.
Şəmsi çox dedi, Tapdıq az eşitdi, axırda Şəmsi xanım ona icazə verib dedi:
– Meymunu burda qoyub gedin.
Tapdıq razı oldu, sevgilisi ilə xudahafizləşib, yola düşdü. Bərkitdi çarıqların dabanın, qırdı yerin damarın, az getdi, çox getdi, qoca ilə gedib Qaf dağına çıxdı. Qoca dedi:
– Biz Qaf dağının lap başındakı mağaraya getməliyik. Tufan dev ora çox gəlir.
Bunlar mağaraya çıxdılar. Ha gözlədilər, bura heç kəs gəlmədi.
Belə-belə bir il gəldi keçdi. Axırda naəlac qalıb geri qayıdıb Gülüstani-Baği-İrəmə gəldilər. Tapdıq Şəmsinin yanına gedib dedi:
– Biz Tufan devi tapmadıq. Deyildiyinə görə o sənin anana aşiqdi.
Bəlkə yerin bilərsən.
Şəmsi dedi:
– Yerin bilmirəm. O mənim düşmənimdi.
Tapdıq bir müddət sevgilisinin yanında qaldı. Bir gün bacısı onun yuxusuna girdi. Yerdən sərsəm qalxdı, qocanı da oyadıb dedi:
– Dur gedək. Bacım yuxuma girib, məni haraya çağırır.
Qoca dedi:
– Mənim də sevgilim yuxuma girib. Ancaq çox şad idi, deyirdi, hər şey düzəlib. Deyəsən işlərimiz yaxşı olacaq, gedək.
Bunlar getmək istəyəndə, Şəmsi onları qabaqlayıb dedi:
– Tapdıq, hara gedirsən?
Tapdıq dedi:
– Ey mənim ciyərim, gözümün nuru, bacım yuxuma girib, tilsimə gedirəm. Bu dəfə ya ölərəm, ya da Tufan devi tapıb bacımı azad edərəm.
Şəmsi dedi:
– Tufan dev orda yoxdu, getmə.
Tapdıq dedi:
– Ey mənim gözəlim, bacımın iniltisi qulağıma gəlir. Mən gedəcəyəm.
Şəmsi onları dayandıra bilmədi. Tapdıq sevgilisi ilə görüşüb yola düşdü. Onlar gedəndən sonra Şəmsi elə bil yatmışdı oyandı. Barmağını dişləyib dedi: “ey dili-qafil, mən onları niyə buraxdım. O ki, mənim sevgilimdi, axı onu niyə incidirəm”.
Şəmsi xanım qanad açıb havaya qalxdı, onları tapdı, dedi:
– Ey Tapdıq, gərək geri qayıdasınız.
Tapdıq haşa dedi, sözünün üstündə durdu. Şəmsi gördü sirri açmasa, onları geri qaytara bilməyəcək, dedi:
– Ey Tapdıq, axtardığın Tufan dev Gülüstani-Baği-İrəmdədi, qayıt.
Tapdıq dedi:
– Yalan deyirsən.
Şəmsi dedi:
– Anamın südü haqqı düz deyirəm, qayıt geri.
Onlar geri qayıdıb Gülüstani-Baği-İrəmə gəldilər. Axşam oldu, qabağa çörək gəldi. Tapdıq çörək yeməyib dedi:
– Tufan devin yerini deməsən, çörək yemərəm.
Qız nə qədər yalvar-yapış elədi, gördü xeyr, sirri açmasa Tapdıq çörək yeməyəcək, dedi:
– Ey Tapdıq, bu sirri mən heç kəsə açmazdım, ancaq sənə açıram.
Sən axtardığın Tufan dev gətirdiyiniz meymundu. Onu mən meymun donuna salmışam. Bu saat onu dev halına salım.
Şəmsi bir lövh oxudu, Tufan dev öz cildinə düşdü. Tapdıq çox şad olub dedi:
– Ey dev, mən bacımı səndən istəyirəm. Yoxsa səni ölüncə kəmsikdə saxlayacağam.
Tufan dev dedi:
– Ey Tapdıq, bacını məndən niyə istəyirsən? Şəmsi xanımdan istə.
Tapdıq üzünü Şəmsi xanıma tutub dedi:
– Şəmsi, bacımı səndən istəyirəm.
Şəmsi dedi:
– Bacın devin tilsimindədi, məndə deyil. Bu dev yalan danışır, iş özündədi.
– Yox, burda bir iş olmasa, bu dev o sözü deməzdi.
Şəmsi dedi:
– Ey dev, niyə qızı məndən istəsin? O nə sözdü, mənə deyirsən?
Tufan dev dedi:
– Düz deyirəm, sən istəsən bircə dəqiqədə azad edərsən.
Tapdıq Şəmsidən əl çəkmədi, bu sözün mənasını öyrənməyə çalışdı.
Şəmsi demədi. Axırda dev özü açıb dedi:
– Ey Tapdıq, sənin bacını Şəmsinin anasının əmrilə mən gətirib tilsimə salmışam. O da mənim sevgilimdi. Anası icazə versin, bu saat buraxım. O da Şəmsinin əlindədi.
Bəli, Gün xanımı çağırdılar. Gün xanımla Tufan dev bir-birini görən kimi qəşş eləyib yerə yıxıldılar. Tapdıq baxıb nə gördü, Tufan devin gözlərindən tökülən yaş od olub ətrafı yandırır, hər tərəfdə alovla Gün yazır. Günün gözlərindən tökülən yaş isə qızıl zərlə sevgi yazır.
Bu göz yaşları bir-birinə qarışanda min bir rəng verirlər. Tapdıq dedi:
– Ey Şəmsi, bu yazıqlara rəhmin gəlsin, qoy kama yetsinlər. Səni nalələri tutar.
Şəmsi xanım dedi:
– Elə sözü bir də danışsan, səndən inciyərəm.
Tapdıq bunların üzlərinə gülab səpib, özlərinə gətirdi.
Sonra Günə dedi:
– Ey Gün, mən bacım Qəmər xanımı səndən istəyirəm.
Gün xanım dedi:
– Sənin bacından mənim xəbərim yoxdu.
Tapdıq dedi:
– Xəbərin var, mənim bacımı ver.
Gün dedi:
– Məndən istəyincə, Şəmsi xanımdan istə. İxtiyar ondadı.
Tapdıq genə Şəmsi xanımın üstünə düşdü. Şəmsi xanım tamam boynundan atdı. Axırda Gün dedi:
– Şəmsi razı olsun, mən öz sevgilimə gedim, mən də sənin bacını gətirdim.
Tapdıq Şəmsi xanıma yalvarmağa başladı. Bir müddət belə gəldi keçdi. Axırda Şəmsi xanım razı oldu və şərt qoydu ki, Tufan dev Gülüstani-İrəmdə olsun. Tufan dev razı oldu, tənur edib havaya qalxdı, beş dəqiqənin içində Qəmər xanımı gətirdi. Qəmər Tapdıqla qucaqlaşıb öpüşdü. Qoca bunu görüb başladı ağlamağa. Tapdıq Tufan devə dedi:
– Ey dev, bu kişinin sevgilisini də səndən istəyirəm. Dev genə tənur elədi, az zamanda kişinin nişanlısını da gətirdi. Qız ağbirçək bir qarı olmuşdu. Qoca aşiq-məşuq qucaqlaşıb, özlərindən getdilər. Şəmsi bunları özlərinə gətirdi. Tapdıq eşq atəşi içində qovrulurdu. Axırda bir gün Şəmsinin razılığını aldı, Günə dedi:
– İzn ver, sevgilimi, bacımı götürüb atamın, anamın yanına gedim, genə qayıdaram.
Gün bir söz demədi, burda toy edilməsinə icazə verdi.
Eşit, qoca ilə sevgilisindən. Qoca ilə sevgilisi həmişə məyus idilər, Qaşqabaqları açılmırdı. Bir səhər Şəmsi onlara yanaşdı. Qocanın sevgilisi bir ah çəkdi. Şəmsi ondan soruşdu:
– Niyə ah çəkdin?
Qocanın sevgilisi dedi:
– Ona görə ah çəkdim ki, dünyada heç dövran sürmədik.
Qoca vaxtı sevgilimə yetdim. Tez də ölüb ayrılacağıq.
Şəmsi onların hərəsinə bir alma verdi. Onlar almanı yeyən kimi oldular on beş yaşında oğlanla qız. Şəmsiyə dua elədilər. Şəmsi xanım əmr elədi bir dəstə çalan, oynayan pəri hazır oldu. Pərilər qırx gün, qırx gecə toy eləyib, Gün xanımı Tufan devə, qoca sevgililəri birbirinə, Şəmsi xanımı Tapdığa verdilər. Gəlin oğlan evinə gələn gecə, Gün xanım Tapdıqla Şəmsi xanımın otağına gəlib dedi:
Dayanın, sizə bir yaxşı nağıl edim, sonra hər kəs öz otağına getsin, öz yarı ilə eyş-işrət etsin.
Dedilər:
– Nağıl elə!
Gün xanım dedi:
– Biri var idi, biri yox idi, Gün xanım adlı bir qız var idi. Bu qız Ay kimi dünyaya işıq verən gözəl oğlanı qoyub, bir qara devi sevmişdi.
Amma onun qızı bu işə razı deyildi, qoymurdu ki, anası devlə görüşsün.
Gün xanım devlə gizlin görüşürdü. Bir müddət belə keçdi. Gün xanımın Tufan devdən bir oğlu oldu. O, qızının qorxusundan bu uşağı aparıb, Süleyman tacirin yolunun üstünə tulladı. Süleyman tacir bu uşağı aparıb öz oğlu kimi böyütdü.
İndi ey Tapdıq, bil və agah ol ki, sən mənim oğlumsan, Şəmsi xanım da sənin bacındı. Sən bacını ala bilməzsən, sənə Qəmər xanımı alıb toy etmişəm. Allah toyunuzu mübarək eləsin.
Tapdıqla Şəmsi xanım bu sözü eşidən kimi qışqırıb özlərindən getdilər. Onları özlərinə gətirdilər. Tapdıq Şəmsinin üzünə baxdı, qılıncı çəkib öz ürəyinə soxdu, özünü öldürdü. Şəmsi xanım da onu qucaqlayıb, başına döydü, özündən getdi. Toy məclisi yas məclisinə döndü, toy-nağara yerinə şivən qopdu. Gün xanım, dirilik ağacından bir yarpaq gətirib Tapdığın yarasına çəkdi, sağaltdı, dirilik gülünü onların burnuna tutdu. Hər ikisi axsırıb durdular. Şəmsi xanım Tapdığın boynunu qucaqlayıb, üzündən öpdü, dedi:
– Qardaş, fikir eləmə, qardaş bacını, bacı qardaşı sevgilisindən artıq sevər. Biz də şükür Allaha bir-birimizi bacı-qardaş kimi sevmişik.
İndi mən qardaşımın toyunu özüm eyləyəcəyəm.
Gün xanım dedi:
– Ey Tapdıq, bacın Şəmsinin Nurəddünya adlı bir sevgilisi var idi.
Nurəddünya cin padşahının oğludu, Şəmsi xanımın acığı tutub, onu dərin quyunun dibinə tilsimə salmışdı. Mən deyirəm, Şəmsi xanım öz sevgilisini çıxartsın.
Hamı Şəmsi xanıma təvəqqe edib yola gətirdilər. Şəmsi xanım bir pəri çağırıb dedi:
– Nurəddünyanı bura gətir.
Pəri gedib Nurəddünyanı gətirdi. Onlar təzədən qırx gün, qırx gecə toy eləyib, Şəmsi xanımı Nurəddünyaya, sevgilisini qocaya, Gün xanımı Tufan devə və Qəmər xanımı Tapdığa verdilər. Tapdıq gedib, Süleyman taciri və Minagərdən xanımı da gətirdi. Tapdıq həm işıqlı dünyanın, həm də zülmət dünyasının padşahı oldu. Onlar GülüstaniBaği-İrəmdə keflə, damağı çağ dolanıb, dövran keçirdilər. Sizin də damağınız çağ, kefiniz şad olsun.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo