top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Şəms-qəmər

Bir padşah var idi. Bu padşahın övladı yox idi. Bir gün padşah bədənnüma güzgünün qabağında durub özünə baxırdı. Gördü ki, paho, saqqalına dən düşüb. Padşah qəm dəryasına qərq oldu. Vəzir, vəkil tökülüb işdən hali olmaq istədilər. Baş vəzir ədəblə baş əyəndən sonar xidmət məqamında əl-əl üstündə dayanıb dedi:
– Qibleyi-aləm, niyə qəm dəryasına qərq olmusan? Allaha çox şükür dövlət, cah-calal səndə. Sən də fikir edirsən?

Padşah üzünü çevirib vəzirə baxdı və qəm buludunu üzündən kənar edib dedi:
– Vəzir, nə olsun ki, cah-calal, şan-şövkət məndədi. Saqqalıma dən düşüb, bir övladım yoxdu ki, mən öləndən sonra yerimdə əyləşsin, təxti-tacimə sahib olsun.
Vəzir dedi:
– Qibleyi-aləm, elə dərdlər vardır ki, onun çarəsi ancaq Allahdadı.
Bizim əlimizdə nə əlac var. Qırx gün, qırx gecə fəqir-füqəraya pay ver, bəlkə Allah sənə bir övlad kəramət eyləyə.
Hamı yerbəyerdən vəzirin sözünü bəyəndi. Padşah xəzinəsinin ağzını açdı, qırx gün, qırx gecə fəqir-füqəraya pul, paltar, yemək payladı.
Qırxıncı gün bir dərviş padşahın barigahına gəldi. Padşah əmr etdi ki, dərvişə də pay versinlər. Dərvişə pay vermək istədilər, dərviş dedi:
– Qibleyi-aləm, mən pay alan dərviş deyiləm, pay verən dərvişəm.
Al bu almanı, tən bölüb yarısını özün ye, yarısını da hərəmin yesin.
Sənin bir oğlun olacaq, adını Qəmər qoyarsan.
– Padşah almanı aldı, yönəldi ki, mizin üstünə qoysun, qayıdıb dərvişi görmədi. O, qeyb olmuşdu. Padşah almanı tən böldü, yarısını özü, yarısını da hərəmi yedi.
Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyə keçdi, Allah-taala ona bir övlad kəramət etdi ki, ay parçası kimi.
Bu, gözəllikdə oğlan dünyaya gəlməmişdi. Oğlanın adını dərviş dediyi kimi, Qəmər qoydular. Qəməri dayəyə tapşırdılar. Nağıl dili yüyürək olar. Bir gün, beş gün, Qəmər gəlib səkkiz yaşa çatdı. Onu yaxşı mollaya tapşırıb məktəbə göndərdilər. Qəmər elə zehinli uşaq idi ki, mollanın ağzından çıxan sözləri o saat sinədəftər eləyirdi. Qəmər kitaba şur salmışdı, gecə-gündüz oxuyurdu, yatanda da kitabı başının üstünə qoyub yatırdı. Dünyada kitab qalmadı, hamısını oxudu, elmlərin açarını qoydu cibinə.
Bu minvalla Qəmər gəlib on beş yaşa çatdı. Günlərin bir günü padşah öz Hərəmini yanına çağırıb dedi:
– Ey mənim sevimli hərəmim, daha qocalmışıq, bu gün, sabah axirət mənzilinə gedəcəyik. Gəl sağ ikən gözümüzün ağı-qarası olan uşağımızı evləndirək.
Hərəmi onun tədbirinə afərin söylədi. Bunlar məsləhəti bir yerə qoydular ki, oğlanlarını çağırıb, öz fikirlərini ona da söyləsinlər. Adam göndərib Qəməri öz yanlarına gətirtdilər. Qəmər xidmət məqamında dayanıb dedi:
– Mehriban ata, mənim üçün nə qulluq?
Padşah onu öz yanında oturdub, alnından öpüb dedi:
– Oğul, qocalmışıq, bu gün, sabah bu dünyadan köçəcəyik. İstəyirik sağ ikən sənin toyunu öz əlimizlə edək. Nə deyirsən?
Qəmər başını yuxarı qaldırıb dedi:
– Ata, mən evlənməyəcəyəm.
Padşah dedi:
– Axı niyə, səbəbi nədi?
Qəmər genə dedi:
– Ata, məndən evləndi yoxdu.
Padşah çox dedi. Ancaq Qəmər razı olmayıb ona dedi:
– Ata, mən çox kitablar oxumuşam. Arvadlar çox vəfasız olurlar, Mən arvad xeylağından uzağam. Mənə bir də elə təklifi eləmə. Mən ölüncə arvad almayacağam.
Atası nə qədər öyüd-nəsihət verdisə, Qəmər razı olmadı. Axırda onu azad eləyib dedi:
– Oğul, get, fikirləş. Üç gündən sonra mənə fikrini deyərsən. Arvadlar hamısı vəfasız deyil.
Qəmər atasının yanından düz öz mənzilinə gəldi. Böyük bir kitab götürüb oxumağa başladı. Bir də o zaman xəbər tutdu ki, üç gün tamam olub, fərraş onu atasının yanına çağırır. Qəmər çox çətinliklə kitabdan ayrılıb atasının yanına gəldi. Padşah onun üzündən öpüb dedi:
– Oğul, nə fikrə gəldin? Toyunu edəkmi? Qəmər gülümsünüb dedi:
– Ata, sözüm sözdür. Arvad tayfasından o qədər oxumuşam ki, əgər onlar şüş cavahirat, qızıl olalar, mən onlara səmt getməyəcəyəm.
Əlhəzər onlardan!
Padşah nə qədər dəlil-dəlalət elədi, Qəmər ipə-sapa gəlmədi ki, gəlmədi. Axırda atası genə də onu azad eləyib dedi:
– Get, genə fikirləş, daha kitab oxuma!
Qəmər atasının qulluğundan mürəxxəs oldu, düz mənzilinə gəlib, genə də zəli kimi kitaba yapışdı. Bəli, bir necə gün də belə keçdi.
Qəmər bu müddətdə bir arvadın öz sevgilisini yuxuya verib öldürdüyünü və başqaları ilə kef etdiyini oxumuşdu. Əhvalı çox pis idi. Arvadlara nifrəti daha da artmışdı. Qanının belə qara vaxtında atası onu çağırdı. Qəmər atasının yanına getdi.
Atası dedi:
– Oğul, gərək evlənəsən. Bu dəfə axırıncı sözümdü, güclə də olsa, səni evləndirəcəyəm. Tez get hazırlaş, sabah vəzirin qızını sənə alacağam.
Qəmər gülüb dedi:
– Ata, sözüm sözdü... Əlhəzər arvad tayfasından. Mənim boynumu vurdur, amma evlən demə!
Padşah dedi:
– Evlənəcəksən! Sabah toyundu.
Qəmər təbdən çıxdı və atasına:
– Mən evlənmirəm!.. Sən bu ağılnan padşahlığı nə cür edirsən?
– dedi.
Padşah bu sözü eşidən kimi bərk qəzəbləndi. Dabanından tüstü çıxdı.
Gözləri qıpqırmızı qızardı. Əmr etdi:
– Cəllad!..
Cəllad hazır olub dedi:
– Şah sağ olsun, buyruq qibleyi-aləmindi! Kimi deyirsən bu saat boynunu elə vurum ki, ruhu da inciməsin.
Padşah dedi:
– Gözümün ağı-qarası olan bir oğlumun boynunu vur!
Cəllad Qəməri yaxalayanda, vəzir, vəkil, bütün əhli məclis padşahın ayağına düşüb dedilər:
– Şah, qəzəbini söndür. Adil padşahlar həmişə səbri çox sevmişlər.
Sənin öz oğlundu, sonra peşman olarsan. Onu zindana saldır, ağıllansın. Padşah bir qədər sakit oldu. Bütün əhli-məclisin tədbirinə razı olub, oğlunu zindana salmağı əmr etdi.
Bəli, şahın əmri üzrə Qəməri barigahın xüsusi zindanxanasına saldılar. Bu zindanxananın hər yeri aynabənd idi. Padşahın tapşırığı üzrə Qəmərə kitab vermək qadağan olunmuşdu.
Qəmər kitabsız az qalırdı dəli-divanə olsun. O, zindanbanı çağırıb yalvar-yapış elədi, dedi:
– Mənə kitab ver, oxuyum.
Zindanban dedi:
– Atan əmr edib ki, ona kitab versən boynunu vurduracağam.
Qəmər dedi:
– Sən gəl mənə kitab ver, heç kəs bilməz.
Zindanban gizlicə ona kitab verdi. Bəli, Qəmər bu minvalla günlərlə, aylarla zindanda qalsın, eşit padşahdan.
Bir müddət keçdi, ata ürəyidi, padşahın ürəyi yumşaldı, hərəminə dedi:
– Ey mənim hərəmim, oğuldu, can-ciyərdi. Bir qələt elədi, keçdi.
Gəl onun yanına bu gün adam göndərək, evlənməyə razı olsa, zindandan çıxarıb toyunu edək. Çoxdan kitab oxumur, yəqin razı olar.
Hərəmi razılıq verdi. Bu danışıqdan sonra vəziri hər gün Qəmərin yanına göndərirdilər, gedib deyirdi:
– Evlənməyə razı olursansa, səni zindandan azad edək.
Qəmər deyirdi:
– Haşa!.. Min il zindanda çürüsəm də evləndi yoxdu.
Belə-belə bir müddət də gəldi keçdi. İndi sizə haradan xəbər verim?
Bir gün məlaikələr padşahının qızı səyahətə çıxmışdı, ərşdə gəzirdi, gördü yerdə bir şəfəq hər tərəfə işıq salıb. O, öz-özünə təəccüb elədi ki, bu nə olmuş ola? Pərvaz eləyib yerə endi, gördü nə? Bu bir tikilidi, tamam aynabənd. İçəri girib gördü, bir oğlanı zindana salıblar ki, misli-bərabəri, nə insdə, nə cinsdə, nə mələkdə var... Allah-taala bunu xoş gündə, xoş saatda xəlq edib. İşıq da bunun üzünün işığıdı ki, hər tərəfə düşüb, elə bil gündü, şəfəqini dünyaya salıb. Məlaikələr padşahının qızı mat qaldı. Öz-özünə dedi: β€œnə olaydı, bəni-adəm olub, bu oğlana gedəydim”.
Bəli, məlaikələr padşahının qızı, bir müddət Qəmərin yanında onun hüsn-camalına, qədd-qamətinə tamaşa elədi. Bir də baxdı ki, gecə yarıdan keçib. Qanad vurub göyə qalxdı. O, göynən gedirdi, gördü ki, cinlər padşahının oğlu gəlir. Məlaikələr padşahının qızı oğlanın hüsncamalını, orda gördüklərini ona nağıl elədi. Cinlər padşahının oğlu dedi:
– Şahzadə qız, yeddiillik uzaq bir ölkədə Şəms adlı bir qız var, özü də on beş yaşında. Atası onu nə qədər ərə vermək istəyir, qız getmir, deyir ki, mən kişilərdən o qədər kitab oxumuşam ki, ta nə qədər. Onlar vəfasız olurlar. Mən ölsəm də ərə getməyəcəyəm. Atası nə qədər edib, qız ərə getməyib, axırda qeyzə gəlib zindana salmışdır. Bəlkə o qızı görəsən? Onun gözəlliyinə bütün dünya heyrandır. Bütün yaranmışlar onun hüsn-camalına səcdə edirlər.
Məlaikələr padşahının qızı dedi:
Xeyr, gözəllikdə mən görən oğlana tay olmaz.
Cinlər padşahının oğlu dedi:
– Şəms kimi gözəl olmaz.
Bunların bəhsi düşdü. Axırda məlaikələr padşahının qızı dedi:
– Gərək gedib o qızı gətirəsən, qoyaq bu oğlanın yanına, görək hansı gözəldi.
Cinlər padşahının oğlu razı oldu, qanad çalıb gözdən itdi, bir neçə saatın içində Şəmsi götürüb, məlaikələr padşahının qızının yanına gətirdi.
Bəli, bunlar qızı götürüb, Qəmərin yanına gətirdilər, ikisini yanyana qoydular. O dedi qız gözəldi, bu dedi oğlan gözəldi. Axırda məlaikələr padşahının qızı dedi:
– Bunları bir-bir oyadaq, hansı o birisinə çox yaxınlıq eləsə, onun üçün əldən getsə, onda bilərik ki, o birisi gözəldir.
Ərz olsun, məlaikələr padşahının qızı bir birə olub, Qəmərin qoynuna girdi, onu sancdı. Qəmər yuxudan ayılıb, yanına baxanda gördü ki, yanında bir qız yatıb, elə bil ki, lap gün doğubdu. Öz-özünə dedi:
β€œYəqin atam deyən qız budur, mən yatandan sonra gətirib yanıma qoyublar.
İlahi, dünyada necə gözəl var imiş!” İstədi, yerindən durub qızın yanına girsin, üzündən-gözündən öpsün, sonra fikirləşdi ki, bəlkə atam-anam pusur, ağır olmaq lazımdı. Bir qədər qızın hüsn-cəmalına baxandan sonra yıxılıb genə yatdı. Növbə Şəmsə gəldi. Cinlər padşahının oğlu bir birə olub, Şəmsin qoynuna girdi, onu sancdı. Qız yuxudan ayılıb, baxanda gördü ki, yanında bir oğlan yatıb ki, vallah kənanlı Yusif heç bunun əlinə su tökməyə də yaramaz. Tez yerindən qalxıb oğlanın yerinə girdi, onu qolları arasına alıb, üzündən, gözündən öpdü, dedi:
– Yəqin atam deyən oğlan bu imiş. Mən buna razıyam. Sabah deyərəm, atam toyumu elər, məni buna verər.
Şəms o saat öz barmağındakı üzüyü çıxarıb onun barmağına taxdı, onun barmağında olan üzüyü çıxarıb öz barmağına taxdı. Üzündəngözündən doyunca öpəndən sonra, sarmaşıq kimi Qəmərə sarılıb yatdı. Məlaikələr padşahının qızı gülüb dedi:
– Bax, indi gördünmü oğlan gözəldi? Di qızı apar qoy öz yerinə.
Cin padşahının oğlu Şəmsi götürüb apardı öz otağına. Məlaikələr padşahının qızı da pərvaz eləyib ərşə getdi.
Bəli, sabah açıldı. Üstünüzə çox xeyirli sabahlar açılsın. Qəmər yerindən qalxıb dörd tərəfə baxdı, qız-zad görmədi. Öz-özünə dedi:
β€œyəqin atam, anam genə aparıblar. İndi gəlib məndən soruşarlar ki, evlənirsənmi, mən də razı olaram”. Bəli, Qəmər bir gün gözlədi, iki gün gözlədi, qız haqqında heç söz-söhbət çıxmadı. O, ürəyindən eşq yarası almışdı, tamam yanıb qovrulurdu. Axırda qapıçını çağırıb dedi:
– Qapıçı, səndən bir söz soruşacağam, gərək düzünü deyəsən.
Qapıçı dedi:
– Sənə fəda olum, şahzadə, hər nə soruşsan, bildiyim şeyi müzayiqə eləmərəm.
Qəmər dedi:
– Filan gecə mənim yanımda bir qız var idi. O kim idi? Atamgil onu hara apardılar?
Qapıçı dedi:
– Şahzadə, sənin yanında qız olmayıb, yəqin yuxu görmüsən.
Qəmər qəzəblənib dedi:
– Tez de görüm, o qız necə oldu? Yoxsa səni öldürəcəyəm. Qapıçı qaçmaq istəyəndə şahzadə onun xirtdəyindən tutub yerə çırpdı, səsküy düşdü. O biri qapıçılar gəldilər. Şahzadə qabaqkı sözünü onlara söylədi. Onlar da dedilər:
– Sənin yanında qız olmayıb.
Şahzadə onları öldürmək istəyəndə, birtəhər onun əlindən qurtarıb, özlərini padşaha çatdırıb dedilər:
– Bəs, oğlun qapıçıları tamam qırdı! Deyir ki, filan gecə mənim yanımda olan qız necə olmuşdur?
Padşah bu sözü eşidəndə çox şad oldu. Vəziri hüzura dəvət edib dedi:
– Ey vəzir, get gör bu nə əhvalatdı? Yəqin oğlum yola gəlib.
Vəzir o saat zindana getdi, şahzadənin yanına girdi, dedi:
– Şahzadə, sənin haqqında belə-belə sözlər deyirlər, bu nə əhvalatdır?
Qəmər dedi:
– Ey vəzir, filan gecə mənim yanımda olan qız necə oldu? Atama deyərsən ki, mən o qıza razıyam, toyumuzu eləsin.
Vəzir baxdı ki, Qəmər çox ağıllı danışır, dəli-zad deyil, dedi:
– Şahzadə, sənin yanında qız olmamışdı. Yəqin sən yuxu görübsən.
İndi sən mənə rəy ver, kimin qızını istəyirsən sənə alaq.
Qəmər dedi:
– O qızdan başqası lazım deyil. Atama deyərsən o qızı mənə alar.
Vəzir dedi:
– O qız əsl qız deyil, yuxu qızıdı. Şahzadə, onu yadından çıxart!
Qəmər bərk hirsləndi, üzüyü ona göstərib dedi:
– Yaxşı, bəs bu üzük nədi?
Vəzir özünü padşaha yetirib dedi:
– Ay aman, oğlun tamam dəli olub.
Padşah bu sözü eşidəndə çox kefsiz oldu, özünü oğlunun yanına yetirdi. Qəmər gördü ki, budu, atası zindana gəlir. Yerindən qalxıb, xidmət məqamında əl-əl üstündə dayandı, oğulluq salamını yerinə yetirdi.
Padşah onun üzündən öpüb dedi:
– Oğul, sənin haqqında belə-belə sözlər danışırlar. Bu nə cür əhvalatdır?
Şeytan sözüdür, ya doğrudur?
Qəmər dedi:
– Ata, nə şeytan sözüdür, nə də doğrudur. Mən dəli-zad olmamışam.
Filan günü mənim yanıma bir qız göndərmişdiniz, mən ona razıyam.
Onun toyunu mənə eləyin.
Padşah dedi:
– Oğul, sənin yanına qız göndərməmişik. Yəqin yuxu görmüsən.
Kimin qızını deyirsən sənə alım.
Qəmər dedi:
– Ata, bəs bu üzük nədi? Olsa odu, olmasa, məndən ayrı qız aldı yoxdu.
Padşah üzüyü görəndə lap məəttəl qaldı. Gördü ki, o qızın adı da üzüyün üstündə yazılıbdı. Padşah dedi:
– Oğul, bu axmaq işdi, yəqin xəstələnmisən. Sənə ayrı qız alacağam.
Qəmər acıqlanıb atasına da ağır söz dedi. Padşahın əmrilə onun ayaqlarına, qollarına zəncir vurub zindanda yerə yıxdılar, adını dəli qoydular. Bütün həkimləri, təbibləri yığdılar, heç biri onun dərdinin çarəsini bilmədi. Padşah onların hamısının boynunu vurdurdu. Qəmər dərddən lap ölüm halına düşdü, sapsarı saraldı.
Qəmərin çox oxumuş, danəndə bir dayısı var idi. Bu həm də dünyagörmüş, böyük-kiçik məclislərində olmuş bir adam idi. Adı da Asiman idi. Günlərin bir günü Asiman Qəmərin yanına gəldi, gördü ki, Qəmər heç özündə-sözündə deyil. Başladı Qəmərlə xırda-xırda söhbətə, dedi:
– Qəmər, bəlkə də yuxu görmüsən, adamlar səni qəzəbləndirir, onun üçün dəli olursan?
Qəmərin ürəyi yumşaldı, gözlərinin yaşını sel kimi töküb dedi:
– Mehriban dayı, mən yuxu görmüşəmsə, bəs bu üzük nədi?
Asiman üzüyə diqqətlə baxdı, gördü ki, xeyr a, iş başqadı. Qızın adı da üzükdə yazılıb, dedi:
– Qəmər, heç fikir eləmə. Bu üzüyü götürüb, ayağıma dəmir çarıq geyərəm, əlimə dəmir əsa alaram, sənin sevgilini taparam. Sən eşq mərizisən. Təsəlli tap.
Asiman Qəmərin alnından öpüb zindandan çıxdı, düz evinə gəldi, arvadına dedi:
– Arvad, çörəkdən-zaddan bağla, mən uzun bir səfərə gedirəm.
Arvadı çörək bağladı. Asiman götürüb yola rəvan oldu. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, az getdi, üz getdi, dərə, təpə düz getdi. Orada ayla, illə, burada müxtəsər dillə, başladı, şəhərbəşəhər, kəndbəkənd soraqlaşıb gəzməyə. Nə qədər soraq tutdu, bir şey tapmadı. 0, bu minvalla üç il gəzdi, dolandı, axırda gəlib böyük bir dəryanın qırağına çıxdı. Asiman dəryanın qırağında qalsın, sizə xəbəri kimdən verim, Şəmsdən.
Şəmsi cinlər padşahının oğlu aparıb öz otağına qoymuşdu. Şəms tezdən ayılıb bir o tərəfinə, bir bu tərəfinə baxdı, kimsəni görmədi.
Tez qapıçını yanına çağırıb dedi:
– Bu gecə mənim yanımda olan oğlan necə oldu? Onu atam apardımı?
Qapıçı dedi:
– Şahzadə xanım, sənin yanında oğlan-zad olmayıb, yəqin yuxu görübsən.
Şəms bərk qəzəblənib, o biri qulluqçunu çağırdı. O da qabaqkının verdiyi cavabı verdi. Şəms acıqlanıb qulluqçuların üstünə çığırdı. Padşaha xəbər getdi ki, bəs, taxtı-tacı devrilmiş, nə durubsan, qızın dəli olub! Padşah vəziri qızının yanına göndərdi. Qız ədəblə vəzirin yanında oturdu, dedi:
– Vəzir, mən bu gecə yanıma gətirdiyiniz oğlana gedəcəyəm. Get atama söylə, toyumuzu eləsin.
Vəzir dedi:
– Xanım, bu gecə sənin yanında oğlan-zad olmayıb, yəqin yuxu görmüsən.
Elə bunu dediyini gördü, Şəms onu kötəklədi. Vəzir birtəhər onun əlindən qurtarıb özünü padşahın hüzuruna çatdırıb dedi:
– Nə durmusan, qızın dəli olub, məni öldürürdü, birtəhər əlindən qurtarıb, qaçmışam.
Padşah bir dəstə əyanla, vəzirlə, vəkillə qızının yanına gəldi. Qız ədəblə atasının xidmət məqamında dayandı. Padşah baxdı ki, qızı ağıllıdı.
Çox sevindi, dedi:
– Qızımın haqqında böhtan deyirlərmiş. Qızım, bu nə təhər sözdü?
Şəms dedi:
– Ata, filan gecə mənim yanıma bir oğlan gəlmişdi, mən ona gedəcəyəm.
Padşah dedi:
– Qızım, sənin yanına oğlan-zad gəlməyib. Padşah oğlanları sənin üçün sinov gedirlər. Hansını könlün istəyir, səni ona verim.
Şəms dedi:
– Ata, bəs bu üzük nədi?
Atası, bütün yığılanlar üzüyə baxıb məəttəl qaldılar, daha bir söz demədilər. Vəzir başını bulayıb dedi:
– İndi ki, oğlan yoxdu, ondan əlini üz.
Qız bu sözü eşitcək, vəzirə bir neçə şillə çəkdi. Vəziri onun əlindən aldılar. Daha hamısı yəqin elədi ki, qız dəli olubdu. O saat qızın əl-ayağını bağlayıb, zindanın bir küncünə yıxdılar. Qız burada nalə edib ah-zar çəkirdi. Padşah car çəkdirib, hər yerə xəbər verdi ki, qızım dəli olub, hər kəs onu sağaltsa, qızımı ona verib, dünya malından qani edəcəyəm.
Bəli, həkimlər, cərrahlar yığılıb gəldilər, heç biri Şəmsi sağalda bilmədi. Padşah hamısının boynunu vurdurdu. Qız gününü ah-zarla keçirib nə yedi, nə içdi. Axırda heydən, dildən düşdü. Zəfəran kimi sapsarı saraldı, nəfəsini iki çiyinlərindən alırdı, dili tutulmuşdu. Qızı burada can verməkdə qoyub, sizə xəbəri Asimandan verim.
Asiman baxdı ki, dəryanın ortasında bir şəhər var, dedi:
– O şəhərə gəmi-zad çox gedir-gəlir, gedim o şəhərə bəlkə bir şey öyrənə bildim.
Asiman bir taxta parçasının üstünə minib o şəhərə çatdı. Baxdı ki, şəhərdə danışırlar ki, filan padşahın qızı dəli olub. Padşah bütün dünyaya elan verib ki, hər kəs mənim qızımı sağaltsa, qızımı ona verəcəyəm.
Asiman bunlardan bütün əhvalatı öyrəndi. Öz-özünə dedi: β€œolsa-olsa, Qəmər dediyi qız bu olacaq”. Asiman padşahın ölkəsini və yolunu soruşdu.
Dedilər:
– Buradan ora, gəmi ilə yeddiillik yoldur.
Asiman burada bir müddət qalıb, yeddi ilin azuqəsini hazırladı, gəmi duracağına gətirib gəmiyə əyləşdi. Aylar, illər gəlib keçdi. Asiman gedib bu şəhərə çıxdı. Bir dəst həkim paltarı geyib, padşahın barigahının qapısına getdi. Ondan soruşdular:
– Nəçisən, nə karasan?
Asiman dedi:
– Həkiməm. Eşitmişəm, padşahın qızı xəstədi, onun üçün gəlmişəm.
Onu padşahın yanına apardılar. Padşah dedi:
– Həkim, qızımı sağalda bilməsən boynunu vurduracağam.
Asiman dedi:
– Şah sağ olsun, yaxşı edə bilməsəm, boynumu vurdur.
Asimanı apardılar qız olan otağın qapısına.
Asiman dedi:
– Mən kənizlərlə bir dərmanlı kağız göndərim, tutun qızın gözünün qabağına, qız hərəkət eləsə gələrəm.
Asiman bir kağız götürüb yazdı ki, Qəmərin yanından gəlmişəm, sakit ol, səni ona çatdıracağam. Kağızı aparıb qızın gözünün qabağına tutdular. Qız gözlərini açıb kağıza baxdı. O saat bərkdən inildəyib əli ilə işarə etdi ki, həkimi qoyun gəlsin. Asimanı qızın yanına apardılar.
Asiman dedi:
– Burada gərək heç kəs olmasın.
Bəli, hamı getdi, təkcə Asiman qızın yanında qaldı. O saat üzüyü çıxarıb qıza göstərdi, dedi:
– Birtəhər düzəl, yaxşı ol, Qəməri sənin yanına gətirib, ikinizi birbirinizə çatdıracağam.
Qız özünə hərəkət verdi, durmaq istədi, ancaq bacarmadı. Asiman onun ağzına yeməkdən-zaddan tökdü. Qız hala gəlib, danışmağa başladı.
Bəli, xəbər padşaha getdi ki, həkim qızı yaxşı elədi. Qızın dili açılıb.
Padşah fağır-füqəraya pul verdi, xələt payladı, yetim sevindirdi. Çox cah-calalla qızının yanına gəlib gördü ki, doğrudan da, qızın dili açılmışdı. Şah üzünü əyanlara, vəzir-vəkilə, camaata tutub dedi:
– Məni istəyən həkimə xələt versin!
Həkimə o qədər xələt verdilər ki, haqq-hesabı olmadı. Asiman heç bir xələt götürməyib dedi:
– Şah sağ olsun, mənə xələt lazım deyil. Əhdinə vəfa elə, qızı ver mənim bir bacım oğlu var, ona.
Padşah dedi:
– Qızı tamam sağalt, o barədə sonra danışarıq.
Asiman əyləşdi qızın yanında, gecə-gündüz Qəmərdən ona danışırdı.
Axırda qız hala gəlib, xırda-xırda yataqdan qalxıb yerində oturdu və yemək istədi.
Bu minvalla qız tamam sağalıb, ayağa qalxdı. Padşah qırx gün, qırx gecə şadyanalıq keçirib, ac qarınları doyurdu. Asiman padşahın yanına gəlib dedi:
– Şah, nə deyirsən? Mən gedirəm.
Padşah dedi:
– Sözüm sözdü, qızı bacın oğluna verərəm. Get, oğlanı bura gətir.
Asiman düşdü yolun ağına, gəmilər mindi, dəryalar keçdi, cəzirələr aşdı, uzaq yolu yaxın elədi, axır gəlib öz ölkələrinə çatdı. Özünü o
vaxt yetirdi ki, Qəmərin ağzını bağlahabağlaydı, ölürdü. Asiman özünü
bacısı oğluna yetirib, qulağına dedi:
– Qəmər, ölüm vaxtı deyil, gözlərini aç. Nişanlını tapmışam.
Qəmər özünə hərəkət verdi, gözlərini açıb dayısına baxdı. Əli ilə işarə edib su istədi. Onun ağzına su tökdülər. Qəmərin boğaza qədər yığılan nəfəsi bir də geri qayıtdı, qan xırda-xırda bütün damarlarına yeridi. Hannan-hana özünə hərəkət verdi, bir neçə dəfə dərindən inildədi.
Səs hər yana yayıldı, padşaha muştuluqçu getdi ki, Qəmərin nəfəsi qayıtmışdır, yavaş-yavaş yönü bəri olur.
Padşah əmr elədi şadyanalıq təbili çaldılar. Evləri bəzədilər, sədəqə payladılar.
Bir neçə gün belə gəldi keçdi. Qəmərin dili açıldı və dayısı ilə xırda-xırda danışmağa başladı. Asiman ona yaxşı qulaq asdı, yaxşı yeməklər yedizdirdi. Axırda Qəmər tamam sağalıb ayağa qalxdı. Asiman ona dedi:
– Qəmər, oğul, sözümə yaxşı qulaq as, tez sevgilinin dalınca get.
Qız genə xəstələnər. Onun gözləri yoldadı.
Qəmər bir müddət də qalıb lap yaxşı oldu. Atasının hüzuruna gəlib dedi:
– Ata, mən sevgilimi gətirməyə gedirəm. İzn ver!
Padşah dedi:
– Oğul, gəl daşı ətəyindən tök, mənim çırağımı söndürmə. Dünyanın o üzündən sən gedib qız gətirə bilməzsən, kimi deyirsən sənə alım. Bu sövdadan əl çək, getmə.
Qəmər dedi:
– Mehriban ata, üz vurma, gedəcəyəm!
Padşah çar-naçar razı olub dedi:
– Oğul, get, Allah amanında olasan, Amma tez gəl.
Qəmər vəzncə yüngül, qiymətcə ağır şeylərdən götürüb, getməyin binasın qoydu. Gəlib böyük bir dəryanın qırağına çıxdı. Çox gəzdi, dolandı, gəmilərin dayanacağını tapmadı. Axırda yolu azıb, bir qalın meşəliyə çıxdı. Qəmər burada sərgərdan gəzirdi. Bir də gördü ki, bir maral yerə uzanıb zar-zar zarıldayır. Bir cüt körpə balası da yanında oturub gözlərinin yaşını abi-neysan kimi tökür, zülüm-zülüm ağlayırlar.
Qəmərin ürəyi qana döndü, gözlərinin yaşı yanaqlarından aşağı axmağa başladı. Maral onu görəndə ha can atdı ki, durub qaçsın, bacara bilmədi. Balalarına öz dili ilə dedi:
– Balalarım, gəlin son nəfəsimdə üzünüzdən öpüm, qaçın gedin.
Mənimki daha belə gətirdi.
Balaları ağlaşa-ağlaşa analarının üzündən öpüb qaçdılar. Qəmər ana maralın yanına gəldi, gördü ki, səyyad güllə ilə vurub maralın iki qılçasını qırmışdı. Yazıq maralın hər gözünün altında bir damla yaş var, elə balalarının dalınca baxır, döşləri də südlə doludu.
Qəmər əlini dizlərinə vurub dedi:
– Qolun sınsın, səyyad!..
Qəmər o saat ağ çıxartdı. Balaca taxta düzəltdi, maralın sümüklərini yerbəyerində qoyub bağladı. Otdan-zaddan yığıb maralın qabağına qoydu, özü də bir çardaq tikib maralın yanında qaldı. O hər gün maralın yarasını açıb məlhəm qoyurdu. Maralın balaları da daha ona öyrəşmişdilər.
Hər gün gedib gəzirdilər, acan vaxtda gəlib analarını əmirdilər. Bir müddət belə keçdi, maralın ayaqlarının sınıqları bitişdi, anadan doğma oldu. Ana maral və körpə marallar Qəmərin yanında atılıb düşdülər, ona dua elədilər. Bir gün Qəmər yola düşüb getmək istəyirdi.
Maral onun ayaqlarına yıxılıb dilə gəldi, dedi:
– Ey cavan, sən mənə bu qədər yaxşılıq eləyib ölümdən qurtarmısan.
Diləyin nədi, istə, canla-başla yerinə yetirim.
Qəmər dedi:
– Heç bir diləyim yoxdu.
Maral dedi:
– Bəs kimsən, hara gedirsən?
Qəmər bütün əhvalatı ona nağıl elədi, dedi:
– İndi yolu azıb buraya gəlmişəm.
Maral dedi:
– Ey cavan, yetmiş ağaclıq yol gedərsən. Görəcəksən dəryanın ortasında bir şəhər var. Taxta parçasına minib, o şəhərə gedərsən. Sənin sevgilin olan ölkəyə o şəhərdən gedirlər. Qəmər çox şad oldu, maral və balaları ilə görüşüb yola düşdü, düz dəryanın qırağına gəldi. Gördü, bəli, dəryanın ortasında olan şəhər görünür. Tez bir taxta parçası tapıb üstünə oturdu və həmin şəhərə gəldi. Adamlardan gəmi düşərgəsinin yerini öyrəndi.
Qəmər tez gəmi düşərgəsinə gəldi, gəmiyə mindi. Gəmi dəryaları yara-yara, ləpələri qova-qova gəlib çıxdı Şəmsin atasının vilayətinə. Qəmər ondan-bundan soraq tutub Şəmsin evini öyrəndi. Düz gedib otağın qabağında olan gül bağına girdi. Gördü ki, burada hər cür meyvə, hər cür gül-çiçək desən vardı. Elə gözəl bağdı ki, gül-gülü çağırır, bülbül-bülbülü. Ağaclar qalxıb ərş-fələyə, çarhovuzlar fəvvarə vurub hər tərəfə su səpir. Adam bilmir hər rəng çalan gülə baxsın, yoxsa bülbülün cəh-cəhinə qulaq assın. Qəmər yavaş-yavaş mərmər çarhovuza tərəf gedirdi. Birdən onun qulağına ağlamaq səsi gəldi. O, gizlincə ağlamaq səsi gələn tərəfə gedib gördü ki, Şəms çarhovuzun yanında güllərin arasında oturub, gözünün yaşını qırmızı yanaqlardan aşağı axıdır.
Qəmər özünü saxlaya bilməyib yandan çıxdı, dedi:
– Mənim canım-ciyərim, niyə ağlayırsan? Axı rəva deyil, sənin qara gözlərindən yaş tökülsün!..
Şəms Qəmərin səsini eşidən kimi yerindən qalxıb, bərkdən dedi:
– Ah, Qəmər!..
O saat qəşş edib yerə yıxıldı. Qəmər onun başını dizinin üstünə aldı, üzünə gülab səpib özünə gətirdi. Raviyani-əxbar belə rəvayət edir ki, Şəmslə Qəmər qalxıb bir-birinin boynuna sarıldılar. Dodaqları bir-birinə yapışanda sevindiklərindən hər ikisi qəşş edib yerə yıxıldılar. Onlar yeddi gün, yeddi gecə bihuş qaldılar. Padşaha xəbər getdi ki, bəs qızın itmişdir. hər yerə atlı, çapar salındı, axırda gəlib gördülər ki, Şəms güllüklər içərisində bir oğlanla yerə sərilmişdir. Onları evə gətirdilər. Həkim, təbib gətirib, qırx gün, qırx gecə dava-dərman edib onları ayıltdılar. Padşah Qəməri hüzura dəvət edib dedi:
– Sən kimsən, nə cürətlə mənim bağıma qədəm basıb, qızımın yanına gəlmişsən?
Qəmər o saat dayısı Asimanın verdiyi kağızı çıxarıb padşaha verdi.
Padşah oxuyub yəqin etdi ki, bu, həkimin bacısı oğludu, özü də doğrudan da qızına yarar oğlandı. Padşah qırx gün, qırx gecə toy elədi, qızını Qəmərə verdi. Qızla oğlan padşahın xidmət məqamında diz üstə çöküb, başlarına gələn qəzavü-qədəri ona nağıl elədilər. Padşah onların saf məhəbbətinə afərin söylədi. Bəli, bir müddət Qəmər burada Şəmslə dövran sürdü. Bir gün padşahın yanına gəlib, ədəb salamını yerinə yetirib dedi:
– Şah sağ olsun, atamla anam qocalıblar, ölüb gedərlər, məndə dağ qalar. İzn ver, biz öz ölkəmizə gedək.
Padşah razı oldu, güclü qoşunla Qəmərlə qızını yola saldı. Qəmərlə Şəms padşahla görüşüb, öpüşüb yola düşdülər. Az getdilər, çox dayandılar, çox getdilər, az dayandılar, axır gəlib bir meşəyə çıxdılar.
Qoşun özünə qışlaq düzəldib dincəldi. Şəmslə Qəmər də çadır qurub uzandılar. Şəmsin yuxusuzluqdan gözləri xumarlanmışdı. Qəmərə dedi:
– Qəmər, yuxum gəlir.
Qəmər dedi:
– Başını dizimin üstünə qoy, bir az yat.
Şəms başını Qəmərin dizinin üstünə qoydu, xumarlanmış gözlərini yumdu, maral kimi dərin nəfəs ala-ala şirin yuxuya getdi. Qəmər onun üzünə doyunca tamaşa elədi. Sonra qızın üzüyünü öz barmağından çıxarıb baxdı, dedi:
– Ey məni bəlalara salan, aqibət sevgilimə çatdıran üzük, öləndə də səni barmağımda saxlayacağam. Yarım səni mənə zindanda yadigar veribdi.
Qəmər üzüyü əlində oynadırdı. Birdən bir quş göydən şığıyıb üzüyü onun əlindən aldı, uçub uzaq bir ağacın başına qondu. Qəmər Şəmsin başını yavaşca yerə qoyub quşun dalınca yüyürdü. Qəmər quş olan ağacın dibinə çatanda, quş uçub yüz addımlıqda olan başqa ağacın başına qondu. Belə-belə Qəmər meşənin lap qalın yerinə gəlib çıxdı. Yeddi gün, yeddi gecə quş onunla gizlənpaç oynadı, axırda birdən-birə yox oldu. Qəmər yolu azdı. Nə qədər gəzdi, dolandı, Şəmsi tapa bilmədi. O qədər yol getdi ki, axırda bir ölkəyə gedib çıxdı.
Qəmər bir bağbanın yanına gedib dedi:
– Bağban, şəyird saxlamazsan?
Bağban dedi:
– Qadan alım, övladım yoxdu, gəl mənim yanımda qal, səni oğulluğa götürüm.
Qəmər bağbanın yanında qalıb, ona oğul oldu. O, axşama kimi əlində bel ağac suvara-suvara Şəmsdən ötəri göz yaşı axıdırdı. Bir gün Qəmər yenə ağacların dibini qazırdı ki, ağaclar su içsin, birdən əlindəki bel bir daşa toxundu. Qəmər əlləşib daşı çıxartdı, gördü ki, burada bir yekə küp var. Küpün ağzını açıb gördü ki, içi tamam qızıldı.
Qəmər bir-birinə zəncirlə bağlanmış qırx küp qızıl çıxartdı. Bağbanı da çağırıb qızılları köməkli evə daşıdılar. Bağban çox sevinib dedi:
– Oğul, bu sənin baxtındandı. Mən qırx ildi ki, bu bağda bağbanam, mənim rastıma belə şey gəlməyib. Həmişə kasıb dolanmışam.
Qəmər bağban üçün yaxşı evlər tikdirdi. Bir gün Qəmər bağda oturub qəm dəryasına qərq olub, gözlərinin yaşını tökürdü. Bir də gördü ki, bir quş pərvaz edib, bir ağacın başına qondu. Onun dalınca da iki quş gəldi, oldular üç quş.
Bu quşlar başladılar ağacın başında yuva tikməyə. Quşların ikisi işləyirdi, ot, ağac, torpaq gətirirdi. Biri də ağacın başında oturub, özözünə oxuyurdu. Quşlar ona nə qədər eləyirdilər, o işləmirdi. Axırda quşların ikisi onun üstünə düşüb dimdikləri ilə tikə-tikə edib yerə atdılar.
Qəmər gördü ki, onun pətəyəsində bir şey par-par parıldayır. Bıçaqla pətəyəsini yarıb gördü nə, Şəmsin üzüyüdür. Qəmər üzüyü görən kimi bihuş oldu, hannan-hana özünə gəlib, üzüyü öpdü, gözlərinin üstünə qoydu. Qəmər yarını şəhərbəşəhər, kəndbəkənd axtarmaq qərarına gəldi. Düz bağbanın yanına gəlib dedi:
– Gəmi bura neçə vaxtdan bir gəlir?
Bağban dedi:
– Oğul, ildə bir dəfə gəlir. Altı aydı gedib. Altı aydan sonra gələcək.
Qəmər dedi:
– Ata, mən altı aydan sonra səfərə gedəcəyəm.
Bəli, nağıl dili yüyürək olar, altı ay gəldi başa çatdı, Qəmər gəmi düşərgəsinə getmək istədi. Bağban dedi:
– Oğul, qızılı da aparacaqsan. O, sənin baxtına çıxıbdır.
Qəmər dedi:
– Xeyr, sizə qalacaqdı.
Bağban sözünün üstündə durdu, dedi:
– Olmaz ki, olmaz.
Axırda Qəmər qızılın iyirmi küpünü götürdü. Üzüyü də bir küpün içinə qoyub, düşərgəyə daşıdı, gəmiyə doldurdu. Tələsik gəldi ki, bağbanla görüşsün. Birdən gəmi getdi. O geri qayıdıb nə qədər yüyürdüsə, gəmiyə çata bilmədi. Gəminin ayağı qurudan üzüldü, suyu yarayara yola düşdü. Qəmər başına-gözünə döyüb, gəminin bir ildən sonra geri qayıtmasını gözləməkdə olsun, sizə xəbəri Şəmsdən verim.
Elə ki Qəmər quşun dalınca getdi, Şəms bir qədər gözünün acısını alıb, bir səsə sərasəm yuxudan ayıldı, gördü ki, Qəmər yoxdu. O yana Qəmər, bu yana Qəmər... Qəməri tapmadı ki, tapmadı. Şəms də qoşunu burda qoyub, qırx gün, qırx gecə Qəməri axtardı. Elə bil ki, heç Qəmər yox imiş. Şəms başına gözünə-döydü, fəğan elədi, ağladı, Qəməri tapmadı. Bir gecə öz-özünə dedi: β€œAğlamaqla Qəməri tapmaq olmaz. Gəl Qəmərin paltarını gey, düş kişi sifətinə yola rəvan ol, Qəməri axtar”.
Şəms gecəni yarı elədi. Qəmərin bir dəst paltarını geyib yola düşdü. Gethaget illər, aylar gəldi hərləndi, Şəms axırda bir şəhərə çatıb orada halvaçı şəyirdi oldu. O, elə gözəl halvalar bişirirdi ki, adam iyindən doymurdu. Padşah üçün həmişə buradan halva aparırdılar. Bir gün padşahın yolu halvaçı dükanından düşdü. Şəmsi görüb, gözəlliyinə heyran oldu. Gördü ki, halvaçı həm də çox ağıllı, kamallı bir oğlandı.
Padşah onu öz barigahına aparıb, qapıçı təyin elədi.
Bir gün Şəms qapıda durmuşdu, padşah qızı külafirəngidən baxıb onu gördü, ağlı başından çıxdı, bir könüldən min könülə aşiq oldu.
Amma nə eləsin, dərdini kimə desin?! Padşah qızı bu sirri, qapıçıya aşiq olduğunu ürəyində pünhan saxladı, açıb-ağartmadı.
Bir müddət belə gəldi keçdi. Padşah gördü ki, bu çox kamil oğlandı, heç qapıçıya yarar adam deyildi, onu çağırdı yanına. Şəms oğlan paltarı geyən gündən adını Rövşən qoymuşdu. Rövşən gəlib padşahın xidmət məqamında əl-əl üstündə dayandı. Padşah dedi:
– Ey Rövşən, görürəm çox kamil oğlansan. Səni bu gündən qapıçıların üstündə böyük qoyuram. Get işlə, görsəm yaxşı işləyirsən, qulluğunu daha da qaldıracağam.
Rövşən dedi:
– Fərmayiş qibleyi-aləmindi, hara qoyarsan, orda işlərəm. Biz bu qapının kəmtər bəndələriyik.
Şəms barigahdan çıxıb öz qulluğu üstündə oldu. Bu gündən sonra padşahın barigahı gül kimi tərtəmiz oldu. Padşah oğlanın bu bacarığına afərin dedi.
Padşahın qızı Afitab eşitdi ki, atası Rövşəni eşikağası qoyub, çox şad oldu, öz-özünə dedi: β€œBəli... Rövşən bir pillə də qalxsa, mən dərdimi bir kəsə deyə billəm”.
Şəmsin adı hər yana yayıldı, hamı eşikağasından danışdı, onu tərif elədi. Axırda padşah onu yanına çağırıb dedi:
– Ey Rövşən, sən çox zirək oğlansan. Onun üçün də səni xəzinədar qoydum. Get, ölüncə xəzinədarlıqda işlə! Amma padşaha olan sədaqətini həmişə saxla.
Şəms padşaha dua-səna edib, xəzinənin üstünə gəldi, açarları alıb işə başladı. Onun vaxtında xəzinəyə gündən-günə bərəkət yağdı. Xəzinələr tamam doldu. İndi eşit padşah qızı Afitabdan.
Afitab çox şad olmuşdu. Rövşənin hörmətinin artması onu sevindirdi.
O daha öz dərdini aça bilərdi. Çünki Rövşən barigahın adlı-sanlı adamlarından biri idi. Padşah qızı ona aşiq ola bilər, dərdini də başqasına deyə bilərdi. Afitab öz dərdini açıb baş kənizə dedi və onu Rövşənin yanına göndərdi. Rövşən ona rədd cavab verib dedi:
– Get, padşah qızına de ki, bir də belə sözləri ağzına alıb danışmasın.
Mənim öz sevgilim var.
Baş kəniz gəlib bu sözləri Afitaba dedi. Afitab çox qəmgin olub gözlərinin yaşını tökdü. Baş kəniz ona təsəlli verib dedi:
– Ey xanım, qəm yemə, mən oğlanın üstünə düşərəm, bəlkə Allah yar oldu, işinizi düzəltdim.
Baş kəniz bu gündən Rövşənin üstünə düşdü. Ha səy elədi, gördü xeyr, Rövşən ipə-sapa yatmır. Razı olmur ki, olmur. Axırda gəlib Afitaba dedi:
– Xanım, mən bacarmadım. İndi nə tədbirin var, çək! Rövşən razı olmur.
Afitab bu fikrə gəldi ki, bu dəfə özü dərdini açıb Rövşənə desin.
Bir axşam Rövşənin yolunun ağzında gizləndi. Rövşən işdən qayıdıb gələndə onu dayandırıb dedi:
– Rövşən, ayaq saxla, sənə bir neçə kəlmə sözüm var.
Rövşən dedi:
– Buyur, xanım, qulluğunuzda hazıram.
Afitab dedi:
– Oğlan, bütün dünyada olan padşahlar məni öz oğullarına almaq istəyir, mən getmirəm. Ancaq şah qızı üçün əskiklik olsa da, öz dərdimi açıb sənə deyirəm: mən sənə vurulmuşam, gərək məni alasan. Gör nə qədər əlacsız qalmışam ki, fikrimi açıb sənə deyirəm. İndi sözün nədi?
Rövşən dedi:
– Xanım, mənim sevgilim var. Mən onunla əhd-peyman eləmişəm ki, bir özgəsinə ürək verməyəm. Bu barədə məni bağışlayın, mən burada evlənməyəcəyəm.
Afitab nə qədər yalvardısa, Rövşən onun sözünə hə demədi. Axı hə də deyə bilməzdi. Çünki o da Afitab kimi qız idi. Rövşən ondan ayrılıb, öz mənzilinə gəldi. Qəmərdən ötəri doyunca ağladı. Sonra bu qərara gəldi ki, buradan qaçıb getsin. Ancaq qaçmaq da çox çətin idi.
Çünki xəzinənin açarlarını başqasına verməli idi. Xəzinəni yiyəsiz qoyub qaçsaydı, o saat tutub geri qaytaracaqdılar. Odu ki, səhər tezdən yerindən durub xəzinəyə getdi, öz işində oldu.
Bir neçə gün belə keçdi. Bir gün xəbər gəldi ki, padşahın gözünün ağı-qarası olan bir madar qızı bərk xəstələnib. Padşah vəzir, vəkili götürüb qızının yanına getdi, gördü ki, doğrudan da, qızı bərk xəstələnibdir.
Sifəti sapsarı saralıb, heç halı özündə deyil. Padşah əmr elədi.
Bütün şəhərdə olan həkimləri çağırdılar, heç biri qızı yaxşı eləyə bilmədi.
Lap axırda bir qoca həkim qızın ürəyinə baxıb dedi:
– Qibleyi-aləm, bunun xəstəliyi eşqdəndi. Kimə isə sənin qızın aşiq olub. O adamı tapıb qızı ona verməsən, qız öləcək.
Padşah üzünü qızına tutub dedi:
– Qızım, kimə aşiq olmusansa, açıq de, səni ona verim. Naxoşluğun da yaxşı olsun.
Qız pərdeyi-isməti atıb dedi:
– Ata, xəzinədar Rövşənə aşiq olmuşam.
Padşah bərkdən gülüb dedi:
– Qızım, dərd çəkmə, elə xəzinədar da yaxşı oğlandır, səni ona verərəm.
Əhli məclis durub dağıldı. Padşah qırmızı geyinib taxta çıxdı, xəzinədarı öz yanına çağırıb dedi:
– Ey Rövşən, özün görürsən ki, bir oğlum yoxdu ki, mən β€œöləndən sonra bu taxti-şahanayə sahib ola. Gözümün ağı-qarası bir qızım var, onu sənə verəcəyəm ki, mən öləndən sonra bu taxti-şahanayə sahib olasan. Görürəm, sən şahzadəliyə yarar, kamil bir oğlansan. İndi mənim bu məsləhətimə nə deyirsən?
Rövşən başını qaldırıb dedi:
– Qibleyi-aləmin məsləhəti hamı üçün vacibdi. Kimin nə cürəti var padşahın məsləhətini pozsun. Ancaq, şah, mən sənin bu məsləhətini qəbul eləyə bilmərəm. Ey böyük şah, mən öz ölkəmə gedəcəyəm.
Şah dedi:
– Get, bir qədər fikirləş, sonra gəlib, mənə cavab deyərsən.
Rövşən bikef, məlul evə gəlib, üzüqoylu düşdü, çoxlu ağladı. O bilmədi nə eləsin, başına nə çarə qılsın. Qız olduğunu da açıb desə, tamam biabır olacaq, öz sevgilisinə çata bilməyəcəkdi. O gecəni ahufla keçirdi. Səhər durub, əl-üzünü yudu, bir qədər çörək meyl elədi.
Elə xəzinəyə getmək istəyirdi ki, bir nəfər fərraş gəlib dedi:
– Səni şah çağırır.
Rövşən padşahın yanına getdi.
Padşah dedi:
– Ey Rövşən, nə fikrə gəldin?
Rövşən dedi:
– Şah sağ olsun, insanın fikri bir olar, mən sənin qızını ala bilməyəcəyəm.
Padşah qəzəblənib dedi:
– Qızım sənin dərdindən xəstələnibdi, gərək alasan. Sənə üç gün möhlət verirəm. Get, bir də fikirləş.
Rövşən kor-peşman xəzinəyə gəldi, o günün haqq-hesablarını gördü, axşam olanda evinə qayıtdı. Belə-belə üç gün gəldi başa çatdı, padşahın qızının naxoşluğu da artdı. Padşah Rövşəni yanına çağırıb dedi:
– Sən padşahla lap zarafat eləyirsən. Sənə deyirəm qızımı alacaqsan, alacaqsan!.. Vəssəlam, şüd-tamam!..
Rövşən dedi:
– İnsan ürəyi heç bir hökmdara tabe deyil, o istədiyi şeyi edər, istəmədiyini etməz.
Padşah dedi:
– Mən zorla qızımı sənin ürəyinə istədəcəyəm. Get, sabah hazırlıqla gələrsən, yoxsa boynunu vurduracağam.
Rövşən barigahdan çıxıb evinə gəldi. Nə qədər fikirləşdi, bu işin axırını bir yana çıxara bilmədi. Çox götür-qoydan sonra səhər açıldı.
Padşah onu hüzuruna dəvət edib dedi:
– Bu saat toyunuzu edirəm, razısanmı?
Rövşən dedi:
– Şah, mən dediyimi demişəm. Ayrı sözüm yoxdu.
Padşah əmr edib dedi:
– Cəllad!..
Cəllad hazır olub dedi:
– Şah sağ olsun, mənə görə nə buyuruq?
Şah Rövşəni göstərib dedi:
– Bu məlunun boynunu vur!
Cəllad Rövşəni meydana çəkdi, boynunu vurmaq istəyəndə Afitab yıxıla-yıxıla özünü yetirib dedi:
– Qolun sınsın, cəllad, əl saxla, ürəyimi parçalama!
Cəllad padşah qızını görüb əl saxladı. Afitab özünü atasının ayaqlarına salıb dedi:
– Ata, məni onun yerinə öldürt, onu azad elə! Mən onun ölüm fərağına dözə bilmərəm.
Afitab gözlərinin yaşını sel kimi tökdü. Rövşənin ürəyi qana döndü, qızda olan məhəbbətə və etibara heyran qalıb öz-özünə dedi:
β€œPadşah məni öldürməsə, bunu alacağam, sonrası hara çıxa-çıxa”.
Padşah gözünün ağı-qarası olan qızının sözünü yerə salmayıb, Rövşəni azad etdi. Rövşən o saat yüyürüb Afitabın boynunu qucaqladı, dedi:
– Şah, razıyam!
Şah əmr elədi, yas məclisini döndərdilər toy məclisinə. Oradaca qırx gün, qırx gecə toy edib qızını Rövşənə verdi.
Hamı sevindi, hamı şad oldu. Axşam oldu. Rövşənlə Afitab doyunca söhbət elədilər. Yatmaq məqamı gələndə, Rövşən qılıncı sivirib araya qoydu, sonra yıxılıb yatdı.
Bu minvalla bir neçə gün gəldi keçdi. Afitab bu hərəkətdən çox narazı qaldı, dodaqlarını büzdü, Rövşəni dindirmədi. Rövşən onun boynunu qucaqlayıb dedi:
– Mənim məhbubum, mən əhd eləmişəm ki, evlənəndə qırx gecə sevgilimə dəyməyəm. Sən bundan incimə!
Afitab dedi:
Eybi yoxdu, ürəyimi daşa döndərib qırx gün dözərəm.
Bəli, Rövşən daha gecələr araya qılınc qoymur, hər axşam bu iki
gözəl maral düyəsi kimi yan-yana yatışırdılar.
Belə-belə, qırx gün gəldi keçdi. Rövşən indi də onu başqa dillə aldatdı.
Bu minvalla aldada-aldada bir il gəldi başa çatdı. Axırda qız məcbur olub bu sirri anasına dedi. Anası da atasına dedi. Padşah bərk qəzəbləndi ki, mən padşah olam, bir dərənin gədəsi mənim qızımı bəyənməsin.
Bu taxt-tac mənə haram olsun, əgər o mənim qızıma baxmasa, onu tikə-tikə doğramasam.
Padşah Rövşəni yanına dəvət edib ona hədə-qorxu gəldi.
Rövşən nə edə bilərdi? Kor-peşman evinə gəlib gördü qız bikef oturub. Onun üzündən-gözündən öpüb dedi:
– Gözəlim, qəm yemə, muradımıza çatarıq.
Bəli, bir neçə gün də belə keçdi. Qız genə dərdini atasına çatdırdı, Atası bu dəfə də Rövşənə tapşırdı. Genə üç gün gəldi keçdi. Qız genə dərdini atasına dedi. Padşah bu dəfə çox bərk acıqlandı. Gecədən bütün ölkəyə xəbər verdi ki, Rövşən sabah dar ağacından asılacaq, hamı tamaşaya gəlsin. Bu xəbər camaatı təşvişə saldı. Necə yəni, bu nə işdi?.. Padşah öz yeznəsini öldürtdürür? Bu əhvalatı padşah qızı Afitab da eşitdi. Bilmədi nə eləsin, aşağı tüpürür saqqal, yuxarı tüpürür bığ. Ancaq gücü gözlərinə çatdı. Quru yer üstündə oturub, doyunca ağladı, sonra yaylığını dirəyə bənd edib ayağının altına bir kürsü qoydu, boğazını yaylığa keçirdi, kürsünü kənara itələyib özünü öldürmək istəyəndə, Rövşən yüyürüb onu tutdu. Onun üzündən-gözündən öpdü, göz yaşlarını onun göz yaşına qatdı. Sonra öz-özünə dedi: β€œEy dili-qafil, özümü qıza tanıdım, sirrimi deyim. Onsuz da sabah məni öldürəcəklər.
Qəmər bura gələrsə, bu qız mənim qəzavü-qədərimi ona söylər”. Rövşən içəri otağa girdi, kişi paltarını çıxartdı. Bir dəst arvad paltarı geydi, bəzəndi, düzəndi, topuğuna qədər düşən saçlarını darayıb yenişə tökdü, beləcə Afitabın yanına gəldi. Bunu görəndə Afitabı heyrət apardı. O, yerində donub qaldı. Şəms onun boynunu qucaqlayıb, yerə oturtdu. Bütün başına gələn əhvalatı həmin saata qədər, mən sizə söylədiyim kimi, nağıl elədi, dedi:
– Məni sabah atan öldürəcək. Mənim başıma gələn əhvalatları yaz, bir kitab düzəlt, qoy hamı oxusun. Qəmər buralara gəlsə, ona da söylə ki, Şəms, Qəmər deyə-deyə dar ağacında canını fəda etdi.
Afitab dedi:
– Ey Şəms, qorxma, səni ölümdən qurtarıb sevgilin gəlincə sənə arvadlıq edəcəyəm.
Şəms dedi:
– Bacı, bu sirri açma! Mən də öz namusuma and içirəm, sevgilim gələn kimi onun əlini sənin əlinə verəcəyəm. Mən də yanınızda bir kəniz kimi qalıb ölüncə sizə qulluq edəcəyəm. Mən kimsəsizəm, mənə rəhm elə!
Afitab dedi:
– Heç qorxma!
Afitab durub altdan geyinib, üstdən bəzəndi, üstdən geyinib altdan bəzəndi, zərrin tacı başına qoydu, düz atasının yanına gəlib dedi:
– Ata, Rövşən mənə lap yaxşı baxır. Sabahkı hökmdən əl çək!
Padşah qızını çox şad görüb, hökmünü geri götürdü. Afitab qayıdıb Şəmsin yanına gəldi, işi düzəltdiyini ona söylədi. Hər ikisi şad oldular, qucaqlaşıb yatışdılar. Bir müddət belə keçdi. Rövşənin hörməti, ağlı, kamalı hər yerə yayıldı, padşah onu özünə vəzir qoydu, Rövşən çox kamallı vəzirlərdən biri oldu. Bir gün padşah Rövşəni yanına dəvət edib dedi:
– Oğul, daha mən qocalmışam. Taxt-tacı sənə tapşırıram.
Padşah tacı öz əli ilə Rövşənin başına qoydu. Rövşən çox ədalətli, iş bilən bir padşah oldu. Bütün əhali onun fərasətinə afərin söylədi. Bir gün Rövşən taxtda əyləşmişdi, birdən qapıçı içəri girib, xidmət məqamında əl-əl üstündə dayanıb dedi:
– Qibleyi-aləm, bir gəmiçi barigaha gəlmək üçün icazə istəyir, Rövşən dedi:
– İzndi, gəlsin!
Gəmiçi içəri girib xidmət məqamında əl-əl üstündə dayanıb dedi:
– Qibleyi-aləm, filan şəhərdə bir oğlan mənim gəmimə iyirmi küp şey qoydu. Sonra nə təhər oldusa, özü gəmiyə çata bilməyib qaldı.
Mən ancaq bir ildən sonra o şəhərə gedəcəyəm. O şeyləri mən sizə verim, gələndə oğlana verərsiniz.
Padşah əmr elədi küpləri barigaha gətirdilər, açdırıb gördü nə, hamısı ləl-cavahiratdı. Rövşən padşah küpləri bir-bir tökdürdü, bir də gördü, öz üzüyü küpün birindən çıxdı. Üzüyü görəndə az qala qəşş eləmişdi.
Birtəhər özünü saxlayıb öz-özünə dedi: β€œEy dadi-bidad, yəqin Qəmərin başına bəlalar gətirən bu üzük imişβ€. Gəmiçidən soruşdu:
– Bu şey sahibi nə cür oğlan idi? Onun nişanlarını mənə bir-bir söylə!
Gəmiçi Qəmərin bütün nişanlarını padşaha söylədi. Qız gördü ki, bəli, Qəmərdi. Üzünü gəmiçiyə tutub dedi:
– Bir il yox, bu saat yola düşüb gedərsən, həmin oğlanı mənim hüzuruma gətirərsən.
Gəmiçi dedi:
– Şah sağ olsun, buradan oraya altı aylıq yoldu. Altı ay da oradan bura. Elə genə də bir il olur.
Padşah dedi:
– Bu saat yola düş, get!
Gəmiçi düşərgəyə gəldi. Gəminin sükanını əlinə aldı, dəryanı yarayara yola düşdü, gəldi Qəmər olan şəhərə çıxdı. İndi eşit Qəmərdən.
Qəmər oturub bağban ata-anası ilə söhbət edirdi. Bir də gördü ki, qapı açıldı, gəmiçi içəri girdi. Qəmər lap məəttəl qaldı. Gəmi bir ildən sonra gələcəkdi, amma indi altı aydan sonra gəlib. Gəmiçi salam kalamsız dedi:
– Allah sənin evini yıxsın, padşah küplərin içində nə görübsə, məni geri qaytarıb səni istəyir.
Qəmər bir istədi gəmiçinin başını əkib qaçsın. Sonra öz-özünə dedi: β€œOnsuz da mən o şəhərə gedəcəyəm. Nə eləyəcək, eləyəcək, gedirəm”. Bağbanla, onun arvadı ilə görüşüb, öpüşüb gəmiçinin qabağına düşdü, düz gəmiyə gəldi. Gəmiçi geri qayıdıb altı aya Rövşən padşahın ölkəsinə çatdı. Rövşən padşah gəminin səsini eşidib, bir dəstə sərbaz göndərdi ki:
– Gəmidə bir oğlan var, onu mənim yanıma gətirin!
Fərraşlar gəmi ayağına gedib, Qəməri padşahın yanına gətirdilər.
Qız baxdı ki, öz sevgilisi Qəmərdi. Qəməri tez hamama göndərtdi, bir dəst faxır libas geyindirdi. Qəmər şahın yanına gəlib, əl-əl üstündə dayandı. Qəmər Şəmsi tanımırdı, çünki o, təğyir-libas olub, kişi paltarı geymişdi. Şəms ona hörmət edib barigahda bir müddət saxladı. Bir gün Qəməri yanına çağırıb, onu xəzinədar qoydu. Qəmər ona edilən bu xidmətlərə səbəb nə olduğunu heç anlamırdı. Şəms də onunla bir padşah kimi hərəkət edirdi.
Bir gün Şəms padşah Qəməri hüzuruna dəvət edib dedi:
– Görürəm, sən vəzirliyə layiq oğlansan, onun üçün də səni vəzir qoyuram.
Qəmər dedi:
– Buyuruq padşahındı.
Padşah Qəməri özünə vəzir qoydu. Bu minvalla bir müddət özünü tanıtmayıb, yanında işlətdi.
Bir gün fikirləşdi ki, mən nə vaxta kimi özümü sevgilimə tanış verməyib, onu ah-zar içində qoyacağam. Şəms adam göndərib vəzir Qəməri evinə qonaq dəvət elədi. Qəmər padşahın evinə gəlib qapının ağzında əyləşdi. Rövşən padşah onu öz yanına dəvət elədi. Qəmər onun lap yanında oturdu. Keçəcəkdən-gələcəkdən söhbətlər başlandı, yemək-içmək vaxtı gəldi. Rövşən içəri otağa keçib, təğyir-libas oldu, arvad paltarını geydi, bəzəndi, düzəndi, qara saçlarını darayıb topuğuna qədər tökdü, birdən qapıdan içəri girdi. Qəmər bunu görən kimi qollarını qulaş kimi açdı, bərkdən dedi:
– Ah, Şəms!
Sözünün dalını gətirə bilməyib, qəşş elədi, yerə yıxıldı. Şəms onun üzünə gülab suyu səpib özünə gətirdi. Qəmər yerdən qalxıb, onun boynunu qucaqlamaq istəyəndə Şəms əlini qaldırıb dedi:
– Mənə toxunma, bir balaca səbirli ol!
Onlar yerə əyləşdilər. Şəms başına gələn əhvalatı tamam-kamal ona nağıl eləyib, dedi:
– Sənin birinci məhbubən Afitabdı. Məni də yanınızda saxlasanız, Afitaba kənizlik edərəm. O, mənim diriliyimə səbəb olub. Məni neçə dəfə ölümdən qurtarıb. Ölüncə mən ona kənizlik etsəm, yenə əvəzi çıxmaz.
Qəmər də öz başına gələni onlara nağıl elədi. Qırx gün, qırx gecə toy edib Şəmslə Afitabı Qəmərə verdilər. Şəms taxta çıxıb, başına gələn əhvalatı camaata nağıl elədi. Camaatın razılığı ilə öz yerində Qəməri əyləşdirdi. Keflə, damaqla dövran sürməyə başladılar.
Bəli, doqquz ay, doqquz gün, doqquz saat tamam oldu. Şəmslə Afitabın hər birinin bir oğlu oldu ki, misli-Yusif.
Uşaqların birinin adını Səttar, birinin də adını Ülkər qoydular. Uşaqları dayələrə tapşırdılar. Onları aparıb məktəbə qoydular. Ülkərlə Səttar çox zehinli uşaq idilər. Müəllim dediyi sözləri əlbəhəl götürüb tutuquşu kimi rəvan eləyirdilər. Bəli, bu iki qardaş on yeddi yaşa dolub, bədirlənmiş aya döndülər, elmdən, bilikdən çox kamil oldular.
Al xəbəri vəzirin qızlarından.
Vəzirin iki qara, heybət qızı var idi ki, heç kəs almırdı. Yazıq qızlar un çuvallarına tay olub, ocaq qırağında qalmışdılar. Bunlar bir münasib adam axtarırdılar ki, şərdən-şəbəkədən atıb üstlərinə yıxılsınlar.
Bunlar Ülkərlə Səttarı gördülər, hərəsi birini gözaltı elədi. Onların qabağını kəsib dedilər:
Gərək hərəniz birimizi alasınız!..
Ülkər dedi:
– Siz bizə lazım deyilsiniz. Gedin özünüzə bab adam tapın.
Qızlardan biri dedi:
– Çox yaxşı münasibik. Siz padşah oğlanları, biz də vəzir qızları.
Bundan münasib nə ola bilər?
Ülkər dedi:
– Yaxamızdan əl çəksəniz, yaxşı olar.
Səttar da dedi:
– Sən öləsən, özgələrinə it hürər, bizə də çaqqal hürür.
Qızlar dedilər:
– Bax sizə deyirik, bizi almasanız işiniz yaxşı olmayacaq.
Səttarla Ülkər onların sözlərinə fikir vermədilər.
Vəzirin qızları hiylə işlədərək, padşahın oğlanlarının onlara sataşdıqlarını analarına söylədilər. Anaları da vəzirə əhvalatı xəbər verib, yaxşı fürsət olduğunu bildirdi.
Vəzir padşahın yanına gəlib dedi:
– Sənin oğlanların mənim qızlarıma pis nəzərlə baxıblar. Bu iş şah oğlanlarına yaraşmaz! İzn ver, toylarını edib, bu işin üstünü ört-basdır edək.
Padşah bərk qəzəblənib oğlanlarını hüzura dəvət elədi, dedi:
– Bu nə binamusluq idi ki, mənim başıma gətirdiniz. Mən sizin kimi övladı istəmirəm.
Uşaqlar and-aman elədilər ki:
– Vallah, bizim heç şeydən xəbərimiz yoxdu, qızlar bizə şər atırlar.
Şah qəzəblənib dedi:
– Cəllad!..
Cəllad hazır oldu.
Padşah dedi:
– Bu saat bunları öldür!
Camaat onun ayağına yıxılıb nə qədər minnət elədilərsə, şah razı olmadı. Axırda dedilər:
– Onda ver, cəllad aparıb, bir uzaq yerdə öldürsün.
Şah razı olub dedi:
– Cəllad, bunları apar, bir uzaq yerdə öldür, köynəklərini qanlarına bula, mənə gətir.
Cəllad Səttarla Ülkəri qol-qola bağlayıb, bir biyabana gətirdi. Qılıncını sivirib, istədi Səttarın boynunu vursun. Ülkər gözlərinin yaşını axıdıb, özünü cəlladın ayağının altına atdı, dedi:
– Cəllad, mən qardaşımın fərağına davam gətirə bilmərəm. Əvvəlcə məni öldür.
Cəllad ondan əl çəkib, Ülkərin boynunu vurmaq istədi İndi də Səttar ağlayıb özünü onun ayağına yıxdı, dedi:
– Cəllad, mən də qardaşımın fərağına dözə bilmərəm. Əvvəlcə mənim boynumu vur. Cəllad dedi:
– Onda ikiniz də yerə uzanın, ikinizin də boynunu birdən vuracağam.
Bunlar qucaqlaşıb yerə uzandılar. Cəllad qılıncı qaldırıb bunların boynunu vurmaq istədi. Qılıncı endirəndə baxdı, gördü ki, əmlik quzu kimi bir-birinin boynuna sarılıblar. Cəllad olanda nə olar? Ürəyi yumşaldı.
Qılıncı qınına qoyub, bunları ayağa qaldırdı, dedi:
– Mən sizi öldürməyəcəyəm.
Bu vaxt cəlladın atı qaçdı. Cəllad atın dalınca yüyürdü. Şahzadələr ha gözlədilər cəllad geri qayıtmadı. Axırda onun dalınca getməyə başladılar.
O vaxt eşitdilər ki, bir əjdaha cəlladı kama çəkib, udhauddadı.
Onlar iki tərəfdən əjdahanın üstünə yüyürüb onu öldürdülər, cəlladı ölümdən qurtardılar. Cəllad onlardan çox razılıq elədi, köynəklərini alıb əjdahanın qanına buladı, dedi:
– Mən köynəyinizi aparıb, Qəmər padşaha verib deyəcəyəm ki,
onları öldürdüm. İndi oğlanlarım, sizə yaxşı yol, baş götürün, başqa məmləkətlərə gedin, orada kəsbkarlıq eləyin. Allah sizə kömək olsun. Onlar ağlaşıb, öpüşüb bir-birindən ayrıldılar. Səttarla Ülkər meşə ilə yeddi gün, yeddi gecə yol gedib, bir böyük dağa çıxdılar. Onların çörəkləri qurtardı, heydən kəsildilər. Səttar qardaşına dedi:
– Ülkər qardaş, sən burada otur, mən gedim o görünən şəhərdən bir az çörək alım, gətirim yeyək, qılçalarımız taqətə gəlsin.
Onsuz da Ülkərin getməyə təhəri yox idi. Səttar yavaş-yavaş şəhərə endi. Baxdı ki, bu şəhərin adamları heç onlara oxşamır. Demə, bura adam əti yeyənlər şəhəri imiş. Səttar bir çörəkçi dükanının qabağına gəldi, çörək istədi. Çörəkçi onu görən kimi içəri çağırıb dedi:
– Bu yaxşı çörək deyil. Gedək evdən sənə yaxşı çörək verim.
Səttar onun sözünə inandı. Onlar xeyli yol gedib evə çatdılar. Çörək çi onu içəri evə salıb, qızlarına tapşırdı, dedi:
– Mən gələnə kimi onu saxlayarsınız.
Çörəkçi qapıları möhkəm bağlayıb açarları qoydu cibinə, düz dükanına getdi. Səttar baxdı ki, işlər şuluqdu, qapılar bağlandı. Qızların birinə yanaşıb dedi:
– Ey nazənin, məni niyə dustaq edibsiniz? Mən nə günahın sahibiyəm?
Qız bərkdən gülüb dedi:
– Oğlan, dalımca gəl!
Səttar onun dalınca düşdü. Qız onu bir zirzəmiyə saldı. Səttar nə gördü, bah atonan, bura xalis insan qəssabxanası imiş. Burada o qədər adam kəlləsi, adam sümüyü var ki, həddi-hesabı yoxdu. Qan əlindən yerimək mümkün deyil. Qızdan soruşdu:
– Allah xatirinə, bəyan elə görüm, bu nə sirdi?
Qız dedi:
– Ey oğlan, bu şəhərdə yaşayanlar adam əti yeyir, adam qanı içirlər.
Hər evdə belə bir insan qəssabxanası var. Sən haradan gəlib bura düşmüsən? Bu axşam səni kəsib yeyəcəyik. Ancaq mənim sənə yazığım gəlir, sən hər axşam özünü naxoşluğa vur. Onda səni kəsməyib, naxoşluğunun sağalmasını gözləyəcəklər.
Oğlan Ülkəri yadına salıb doyunca ağladı. Axşam oldu, qəssab qayıdıb evə gəldi. Dişlərini itiləyib dedi:
– Oğlanı gətirin kəsək, bir yaxşı kabab çəkək.
Bəli, Səttarı gətirdilər. Səttar özünü xəstəliyə vurub inildəməyə başladı. Çörəkçi dedi:
– Bunun ətini yesək naxoşluğa düşərik. Aparın yeməkdən-zaddan verin, xəstəliyi yaxşı olsun.
Səttarı aparıb içəri saldılar, yanına da çoxlu yeməkdən-zaddan qoydular. Səttar Ülkərin dərdini çəkməkdən gün-gündən saralıb soldu, arıqladı.
Bu minvalla Səttarı bir müddət saxlayıb, hər cür yemək verdilər, kökəlmədi ki, kökəlmədi. Axırda çörəkçi acığa düşüb nökərlərinə, şagirdlərinə dedi:
– Gündə üç dəfə buna yüz tazıyana vurarsınız.
Çörəkçinin qızının ona ürəyi yandı. Bir gecə onu qapıdan çıxarıb dedi:
– Ey oğlan, səni döyüb öldürəcəklər, buraxmayacaqlar.
Mənim sənə yazığım gəlir, buradan qaç, gecə ikən bir yana çıx.
Qız gecəylə Səttarı şəhərdən çıxarıb yola saldı, özü geri qayıtdı.
Səttar ona dua eləyə-eləyə bir dəryanın qırağı ilə gedirdi. Qəzadan adamyeyənlər padşahının qızı Xunxar xanım da gəmidə səyahətə çıxmışdı. Səttarı görüb qul-qarabaşlarına əmr elədi ki, onu tutub gətirsinlər.
Səttarı Xunxar xanımın yanına apardılar. Xunxar xanım baxıb dedi:
– Bu nə gözəl quşdu... Lap adama oxşayır. Bunu mən qəfəsdə saxlayacağam.
Əmr elədi, qızıldan bir qəfəs qayırdılar, Səttarı içinə qoydular. Hər gün dəstə-dəstə adamlar gəlib, Xunxar xanımın quşuna tamaşa eləyirdilər.
Xunxar xanım bu gündən Səttarı qəfəsdə saxlayıb, bütün fikrinizikrini ona verdi.
Bir gün çörəkçinin güzarı barigaha düşmüşdü. Gördü, ədə, saxladığı oğlanı Xunxar xanım qəfəsdə saxlayır. Çörəkçi o saat qəfəsi oğurlayıb, bir pünhan yerdən yayındı, evlərinə gətirdi. Xunxar xanım səyahətdən qayıdıb evə gəldi, quşuna baş çəkməyə getdi, gördü nə quş var, nə də qəfəs. Başına-gözünə döydü, hər yerə soraq saldı, ancaq quşu tapmadı. O tərəfdən çörəkçi Səttarı döyə-döyə evinə gətirib, genə də zirzəymiyə saldı, dedi:
– Kökəldin, canın qurtardı. Kökəlmədin, gündə üç dəfə sənə yüz şallaq vurduracağam.
Səttar dedi:
– Ey rəhmsiz, mənə bu qədər əziyyət vermə. Mən dərdsiz qəmsiz adam deyiləm ki, gündən-günə kökələm! Mənim çoxlu dərdim var!
Çörəkçi dedi:
– Xeyir, gərək dərdi-qəmi tərgidib, kökələsən.
Səttar dedi:
– Ey kafir, axı mənim əlimdə deyil!
Səttara yenə yüz çubuq vurub, zirzəmiyə saldılar. Bir neçə gün keçdi. Bir gün çörəkçinin qızı səfərdən gəlib zirzəmiyə girmişdi.
Gördü ki, budu, Səttar genə buradadı, soruşdu:
– Bəs səni haradan tutub genə buraya gətirdilər?
Səttar başına gələn əhvalatı qıza nağıl eləyib dedi:
– Bu dəfə mənə nicat yoxdu.
Qız tez ayrı evə girdi, açar gətirib qapıları açdı. Səttara çoxlu çörək, xərclik verib dedi:
– Di buradan qaç, uzaqlaş!
Səttar qızla görüşüb, daban aldı, üç gün, üç gecə gedib, bir gəmi düşərgəsinə çıxdı. Gəmiyə mindi, gəmi yola düzəldi. Səttar baxdı ki, gəmidəkilər heç ona oxşamırlar. Onu görən kimi başına yığılıb dedilər:
– Bu nə əcaib heyvandı?
Səttarın üstündə dava düşdü. O dedi, mənimdi, bu dedi mənimdi.
Axırda bir tacir Səttarı özünə götürdü. O, Səttarı düz evinə gətirib, bir neçə gün saxladı. Bir gün fikirləşdi ki, bu gözəl heyvan padşaha yarar, ona hədiyyə aparım. Tacir Səttarın boynuna bir çatı salıb çəkəçəkə düz padşahın barigahının qapısına gətirdi. Padşaha xəbər apardılar ki, bəs filan tacir yanına gəlmək üçün icazə istəyir. Padşah dedi:
– Buraxın gəlsin!
Taciri padşahın yanına buraxdılar. O, padşahın xidmət məqamında əl-əl üstündə dayanıb dedi:
– Şah, sənə fəda olum, bu gözəl heyvanı sənə hədiyyə gətirmişəm.
Özü də insan kimi dil bilir.
Padşah Səttara dərindən baxdı, gördü ki, həqiqətən gözəl heyvandı.
Tacirə çoxlu ənam verib azad elədi. Vəziri çağırıb dedi:
– Vəzir, bu heyvanı güllü bağçada qəfəsdə saxlarsan.
Qızım hər gün gedib oynadar, eyni açılar.
Vəzir Səttarı aparıb, güllü bağçada qəfəsə saldı. Padşah qızı Xunxar xanım qırx incə belli qızla bağa səyahətə çıxmışdı. Səttar olan yerə gəlib gördü ki, quşu budu burada. Xunxar xanım atılıb-düşdü, şadlıq elədi, Səttarı bir qədər oynatdı. Bəli, bu gündən Xunxar xanım axşama kimi Səttarın yanından əl çəkmirdi, qorxurdu ki, onu yenə oğurlayıb aparsınlar.
İndi eşit çörəkçidən. Çörəkçi Səttarı döydürməyə gətirmək istəyəndə xəbər gətirdilər ki, o yoxdu. Çörəkçi təbdən çıxdı. Baş götürüb şəhərbəşəhər, kəndbəkənd düşüb onu axtarmağa başladı. Axırda sorağını aldı ki, Səttar yenə də Xunxar xanımın əlinə düşübdü. O, gecəyarısı kəməndi barının başına bənd edib güllü bağa aşdı, Səttarı qəfəslə götürüb düz evinə gətirdi. İndi hər dəfə Səttara üç yüz çubuq vurdururdu.
Səttar tay az qalırdı ölsün, ayağa da qalxa bilmirdi. O biri tərəfdən Xunxar xanım səhər tezdən bağa gedib gördü nə quş var, nə də qəfəs. Başına-gözünə döyə-döyə atasının yanına gəlib əhvalatı ona söylədi.
Padşah qəzəblənib hər tərəfə adam saldı. Səttarı axtarmağa başladılar. Al xəbəri çörəkçinin qızından. Çörəkçinin qızı gördü ki, xeyr, iki dəfə də Səttarı döysələr öləcək. Ona ciyəri yandı, gecə onu öz mənzilinə aparıb taxtının altında ona yer düzəltdi. Yaralarına məlhəm qoyub bağladı. Axşam çörəkçi gəlib dedi:
– Gətirin oğlanı kəsək. Arıq olanda nə olar, qaynadıb yeyərik, qanını da içib sərxoş olarıq.
Gedib qayıtdılar ki, bəs, Səttar yoxdu. Çörəkçi çox bikef oldu. Gecədən üz qoydu Səttarı axtarmağa getdi. Qızı Mahiru xanım da Səttara yaxşı qulluq edib hala gətirdi. Yaraları sağalandan sonra dedi:
– Oğlan, indi gedə bilərsən. Amma özünü gözlə. Bu dəfə atamın əlinə düşsən, o saat səni kəsib yeyəcək.
Səttar qızla görüşüb, öpüşdü, üz çevirib bir biyabana daban aldı, qaçmağa başladı. Qəzadan, Xunxar xanımın bunu axtaran adamları da bu düzlə gedirdilər. Onlar Səttarı görən kimi, hər tərəfdən tökülüb tutdular, Xunxar xanımın yanına gətirdilər. Xunxar xanım onu yenə də qəfəsə salıb öz otağında saxladı. Səttar burada qəfəsdə qalsın, sizə xəbəri onun qardaşı Ülkərdən verim.
Elə ki Səttar Ülkərdən ayrılıb çörəkçinin cəzasına ilişdi, Ülkər ha gözlədi, Səttar gəlmədi. Başına döydü, fəğan edib ağlamağa başladı.
Səsə bir ağsaqqal kişi böyürdən çıxıb dedi:
– Ey Ülkər, niyə ağlayırsan?
Ülkər dedi:
– Ey ata, qardaşım bu şəhərə endi ki, çörək alsın, daha geri qayıtmadı.
Onun üçün ağlayıram.
Kişi dedi:
– Ey Ülkər, mən Xizr peyğəmbərəm, darda qalanların dadına çatıram, yol azanlara yol göstərirəm. Bu şəhər adamyeyənlərin şəhəridir.
Sən dur, birbaş dəryanın yetmiş beş ağaclığında bir şəhər var, oraya get. Qorxma, axırın xeyirdir.
– Ülkər dedi:
– Acından yeriyə bilmirəm. Qolum, qıçlarım qüvvətdən düşübdür.
Xizr dedi:
– Qoluna, qıçlarına qüvvət verdim. Sən hər şey yemisən, lap toxsan. Bir o tərəfə bax!
Ülkər o tərəfə baxdı. Bir də Xizrə tərəf dönəndə gördü o yoxdu.
Ayağa qalxdı, lap məəttəl qaldı. Elə bil bu saat bir qoyun kababını yeyib doymuşdu. Ülkər belə düşünürdü ki, Səttarı tutub yeyiblər.
Ağlaya-ağlaya düşdü yolun ağına, mənzil kəsdi, məkan addadı, gəlib Xizr dediyi şəhərə çıxdı, gördü ki, buranın adamlarının rəngi də, biçimi də, geyimi də ayrıdı. Elə şəhərə girhagirdə onu tutub padşahın yanına apardılar. Padşah baxıb dedi:
– Yaxşı oldu, bunu yanımda saxlaram, hərdənbir oynadaram, eynim açılar.
Ülkəri saldılar bir otağa, ağzını kilidlədilər. Padşahın Kokəb xanım adlı çox oxumuş bir qızı var idi. Bir gün qız pəncərədən Ülkəri gördü. Baxdı ki, vallah elə bir oğlandı ki, yemə, içmə, xətti-xalına, gül-camalına tamaşa elə. Kokəb xanım bir könüldən min könülə Ülkərə aşiq oldu, ürəyi od tutub yandı. Düz atasının yanına gəlib dedi:
Ata, o heyvanı mənim ixtiyarıma ver, oynadım.
Padşah dedi:
– Qızım, o heyvan deyil, insandı. Ancaq quşa oxşar insandır. Apar, sənə bağışladım.
Kokəb xanım gəlib Ülkəri öz otağına apardı, dedi:
– Oğlan, sən haradan gəlib, haraya gedirsən?
Ülkər dedi:
– Səfər adamıyam. Qardaşımı filan yerdə itirmişəm, onu axtarıram.
Kokəb xanım dedi:
– O şəhərə düşən adam geri qayıtmaz. Oranın adamları insan əti yeyirlər. Buranın da adamları səni çətin buraxarlar.
Ülkər dedi:
– Şahzadə xanım, bəs mən nə cür burdan qurtarım?
Kokəb xanım dedi:
– Ey oğlan, adın nədi?
Ülkər dedi:
– Adım Ülkərdi.
Kokəb gülüb dedi:
– Sənə niyə qız adı qoyublar? Məgər oğlan adı tapmırlarmış?
Ülkər dedi:
– Çox gözəl olduğumdan adımı Ülkər qoyublar.
Kokəb xanım dedi:
– Burdan qurtarmağın çətindi. Ey oğlan, mən qəribləri çox sevirəm.
Ancaq sən o qəriblərdən deyilsən. Nə gizlədim, sənə aşiq olmuşam. Məni alarsan, bir müddət burda qalarıq. Atam öləndən sonra da onun yerinə keçərsən.
Ülkər də qıza vurulmuşdu. Elə belə bir sözə bənd idi, tez razı oldu. Qucaqlaşıb yorğan-döşəyə baş qoydular. Günlərin bir günü padşah qızını yanına çağırıb dedi:
– Qızım, vaxtını o quşa oxşayan insanla necə keçirirsən?
Kokəb xanım dedi:
– Ata, çox yaxşı quşdu. Gecə də özümlə yatırdıram, qorxuram ki, qaçsın.
Padşah dedi:
– Qızım elə də et, özündən kənar qoyma, qaçar.
Kokəb evə gəlib, Ülkəri duz kimi yaladı, dedi:
– Ölüncə burada yaşasan da heç kəs səndən bir şey başa düşməz.
Bunlar çox şad oldular, yeddi il bu cür yaşadılar. Bir gün padşah Kokəb xanımı yanına çağırıb dedi:
– Qızım, səni ərə verəcəyəm. Get hazırlaş, filan gün toydu.
Qız bikef evə gəlib Ülkərə dedi:
– Atam məni ərə verir.
Ülkər kefsiz olub dedi:
– Bəs biz nə eləyək?
Kokəb xanım dedi:
– Toy gecəsi mən atama deyəcəyəm ki, ata, ayrılıq günüdü. Bu gecə sənlə bir otaqda qalacağam. Quşumu da gətirəcəyəm, bizə bir kef versin. Onda sən orada məzəli oyunlar çıxardarsan. Elə ki padşah yuxuya getdi, başını kəsərik, sən taxta çıxarsan.
Ülkər bu tədbirə razı oldu. Vaxt-müəyyən gəldi çıxdı. Kokəb atasının yanına gəlib dedi:
– Ata, sabah toyumu edirsən, səndən həmişəlik ayrılıram. Mən bu gecə sənin yanında qalacağam. Quşumu da gətirəcəyəm.
Padşah razı oldu. Qız Ülkəri də götürüb atasının yanına getdi. Ülkərə göz elədi, Ülkər min baməzə oyunlar çıxartdı. Padşah o qədər güldü ki, qarnını qucaqlayıb yerə yıxıldı, dedi:
– Qızım, nə gözəl günlər keçirirmişsən? Mən heç belə bilmirdim.
Bunu mən bu gündən sonra yanımdan kənara qoymaram.
Padşah yatağına uzanıb yuxuya getdi. Ülkər fürsəti fövtə verməyib, padşahın başını bədənindən ayırdı. Səhər açılan kimi Ülkər qırmızı geyinib taxta çıxdı. Ədalətli bir padşah oldu, Bu şəhərin adamlarına adam əti yeməyi qadağan elədi. Kim adam əti yeyirdisə ona cəza verirdi.
Günlərin bir günü Ülkər Kokəb xanımla söhbətdə idi. Birdənbirə onun kefi qarışdı. Kokəb xanım ondan soruşdu:
– Mənim canım, ciyərim, niyə bikef oldun? Buna səbəb nə? Mənə bəyan elə!
Ülkər dedi:
– Mən çox qeyrətsiz adamam. Dünyada məndən qüvvətli padşah yoxdu, amma yenə qardaşımı tapmıram.
Kokəb xanım dedi:
– Ondan asan nə var? Qoşun göndər, qardaşın öldürülən yerin padşahını taxtdan salsın, əyanlarını qılıncdan keçirsin, qardaşının da qanı alınmış olsun.
Ülkər əmr elədi, qoşun sel kimi axıb Səttar olan padşahın ölkəsinə töküldü. Qırx gün, qırx gecə dava oldu. Bu yerin padşahı bixəbər, ehtiyatsız olduğundan, Ülkərin qoşunları onun qoşunlarını məğlub edib, padşahlığı alt-üstünə çevirdilər. Qoşun böyükləri baxdılar ki, burada qəfəsdə bir adam var. Nə qədər çalışdılar qəfəsi aça bilmədilər. Axırda onu qəfəs içində Ülkər padşahın hüzuruna gətirdilər. Ülkər padşah baxdı ki, qəfəsdəki qardaşı Səttardı. O saat qəşş edib yerə yıxıldı.
Vəzir, vəkil əmr elədi, qəfəsi dağıtdılar. Səttarı yıxılınca döyüb zindana saldılar. Padşah özünə gəlib dedi:
– Ay aman, qəfəsdə olan oğlan necə oldu?
Dedilər:
– Padşah sağ olsun, sənin ürəyinin keçməsinə səbəb olduğu üçün o ki, var döyüb, zindana salmışıq.
Ülkər padşah əmr elədi, Səttarı zindandan gətirdilər. İki qardaş sarmaşıq kimi bir-birinin boynuna sarılıb, sevindiklərindən həm ağlayır, həm də gülürdülər. Qardaşlar başlarına gələn qəzavü-qədəri bir-birinə, mən sizə nağıl elədiyim kimi, nağıl elədilər. Ülkər padşah əmr elədi, həmin şəhərə gedib, çörəkçini və qızını onun yanına gətirdilər. Çörəkçini bir qatırın quyruğuna bağlayıb əzabla öldürtdü.
Qızı Mahiruyi isə yeddi gün, yeddi gecə toy edib, Səttara aldı. İki qardaş burada şən-şövkət içərisində ömür sürməyə başladılar. Ülkər elə qüvvətli, ədalətli padşah oldu ki, adı dünyanın hər yerində dillərdə söyləndi.
Bir gün gördü ki, bir toz nümayan oldu, güclü qoşun çıxıb, uzaq bir düzdə çadır qurdu. Ülkər qasid göndərib, öyrəndi ki, bir qoca padşahdı, nə müddətdi oğlu itib, onu axtarmağa gedir. Ülkər qoca padşahı barigaha dəvət etdi. Bir qədər keçdi, gördülər ki, düzdə bir toz da qopdu.
Bir padşah da gəlib çadır qurdu. Ülkər o padşahı da dəvət edib hüzura gətirdi, gördü ki, öz atası Qəmər, anaları Şəms və Afitabdı ki, bunları axtarırlar. Qucaqlaşıb öpüşdülər. Sonra baxdılar ki, bu qoca padşah da Qəmərin atasıdı. Hamı qoca padşahın əlindən öpdü. Qoca padşah da onların üzündən öpdü.
Bəli, qırx gün, qırx gecə şadyanalıq təbili vurub, şadlıq keçirdilər, sonra hər biri öz ölkəsinə getdi.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo