Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Loğman

Biri varıydı, biri yoxuydu, bir zalım padşah varıydı. Camaata o qədər zülm eləmişdi ki, hamı gecə-gündüz ona qarğış eləyirdi. Camaat o qədər qarğamışdı ki, padşah azara düşmüşdü, rəngi sapsarı, ölü rənginə oxşayırdı, üzü-gözü yupyumru şiş tökmüşdü, qarnında xərçəng peyda olmuşdu. Dünyada nə qədər həkim-təbib varıydı, hamısı gəlib baxmışdı, amma heç biri yaxşı eləyə bilməmişdi. Padşah gələn həkimlərin hamısıynan şərt bağlamışdı ki, əgər onu yaxşı eləsələr çoxlu ənam alacaxlar, yox, yaxşı eləyə bilməsələr onda boyunları vurulacax. Nə qədər həkim gəlirdisə, padşahın dərdinə əlac eləyə bilmirdi. Cəlladlar o saat həmin həkimlərin boynunu vururdular. Padşah o qədər həkim öldürtdürmüşdü ki, yekə bir qəbiristanlıx düzəlmişdi. Axırda xəbər gedib Loğmana çatdı ki, nə durubsan, dünyada həkim qalmadı, padşah hamısını qırıb tərk elədi. Loğman soraxlaşa-soraxlaşa düz gəldi padşahın yanına. Padşahnan şərt bağlayıb işə başladı. Loğman dedi:
– Şah sağ olsun, sənin qarnında xərçəng var. Mən səni sağaldaram, amma gərək oğlunun öldürülməsinə icazə verəsən. Sənin dərmanın oğlunun qanıdı. Padşah bu sözü eşidən kimi az qaldı dəli olsun, gözləri çıxdı kəlləsinə.

Dedi:
– Gözümün ağı-qarası bircə oğlum var, mən bu işə necə razı ola bilərəm?
Loğman dedi:
– Özün bil, razı olmazsan çıxıb gedərəm.
Padşah razı olmadı ki, olmadı. Loğman vəziri, vəkili bir tərəfə çəkib dedi:
– Mən yalandan belə deyirəm. Oğlanın başını kəsməyəcəm, onun əvəzinə bir qoyun başı kəsəcəm. Bu haqda nəbadə padşaha bir söz deyəsiniz ha, onda onu sağaltmaq olmaz. İndi siz gedin padşahı bu işə razı salın ki, oğlunun başını kəsməyə icazə versin. Loğmanın bu sözünnən sonra vəzir, vəkil padşaha yalvar-yapış elədilər:
– Qibleyi-aləm sağ olsun, sən gəl taxtı-tacı buraxıb camaatı başsız qoyma. Bir oğul nədi ki, bu cahi-cəlalı ona verirsən. Evlənərsən, təzədən övladın olar. Sən gəl razı ol. Hərə bir tərəfdən yalvar-yapış eləyib padşahı razı saldılar. Loğman oğlanı gətirib atasının gözünün qabağında əl-ayağını bağladıb yıxdı yerə, əlinə pıçağı alıb oğlana sarı getdi ki, guya başını kəsir. Padşah qışqırıb dedi:
– Heç olmasa oğlumun başını gözümün qabağında kəsməyin.
Loğman dedi:
– Padşah sağ olsun, ayrı cür yolu yoxdu, gərək belə ola. İndi ki, görmək istəmirsən, onda aralığa bir pərdə tutaq.
Gətirib padşahnan oğlunun arasına pərdə tutdular. Loğman bilirdi ki, iş belə olacax, odu ki, oğlana göz vurub dedi:
– Dostum, indi tez bura bir qoyun gətirt, mən qoyunun başını kəsdikcə sən başla səs-küy salıb xırıldamağa, qoy atan elə bilsin ki, sənin başını kəsirəm.
O saat qoyun hazır oldu. Loğman başladı pərdənin dalında qoyunun başını kəsməyə, oğlan da xırhaxır salmışdı. Padşahın yanında da vəzir, vəkil onu bir təhər sakit eləyirdilər. Loğman kəsdiyi qoyunun qanınnan bir kasa doldurub padşahın hüzuruna apardı, dedi:
– Əgər sağalmaq istəyirsənsə, al bu qanı iç.
Padşah nə qədər elədi içə bilmədi. Axırda Loğman barmaxlarını qana batırıb padşahın üzünə çilədi. Padşah o saat qusdu. Ağzınnan bir
yekə xərçəng düşdü. Loğman dedi:
– Ey padşah, daha canın qurtardı, bu günnən sən oldun sapbasağ.
Sonra Loğman pərdəni açıb padşahın oğlunu özünə görsətdi. Padşah gördü oğlu budu gülür. başa düşdü ki, kəsilən qoyunun başı imiş.
Padşah dedi:
– Loğman, bu nə sirridi sən elədin?
Loğman dedi:
– Sənin dərmanın təkcə bu idi, əgər belə eləməsəm səni sağalda bilməzdim.
Hamı Loğmana afərin deyib dua elədi. Padşah ona çoxlu xələt verdi. Vəzirnən vəkil də Loğmanın ayağına düşüb dedilər:
– Ey Həkimi-Loğman, bizim də dərdimizə əlac elə.
Loğman dedi:
– Sizin dərdiniz nədi?
Vəzir dedi:
– Mənim başımda qurt var, həmişə ağrıyır.
Vəkil də dedi:
– Mənim də beynimdə qurbağa var, elə hey quruldayır.
Loğman dedi:
– Vəzir, sən düz deyirsən, başında qurt var. Amma vəkil yalan deyir, fikrinə gətirir ki, beynimdə qurbağa var, elə bilir ki, doğrudan da var. Beyində qurbağa olmaz.
Qərəz, Loğman bunların hər ikisini hamama aparıb dedi:
– Mən sizə burda müalicə edəcəm.
Əvvəlcə vəkilə bir az bihuşdarı verib onu yuxulatdı. Sonra başının dərisinnən bir balaca çərtib qan çıxardı. Bir boşqaba da bir qurbağa ölüsü qoyub üstünü də qana batırdı. Sonra vəkilin başını bərk-bərk sarıyıb ayıltdı. Vəkil baxıb gördü ki, başı sarıxlı, qabağında da qanlı bir qurbağa balası. Elə bildi ki, bunu onun başınnan çıxardıblar. Odu ki, dedi:
– Ay Loğman, sənin əlinə qurban olum, nə yaxşı eləyib qurbağanı başımnan çıxartdın, indi tamam rahatlandım.
Vəzir bu əhvalatların hamısını görürdü. Elə bilirdi ki, onunku da belə asanlıqla keçəcək.
Loğman vəziri qabağında oturdub bihuşdarı verəndə vəzir dedi:
– Həkim, neyləyirsən bihuşdarı verirsən, burda nə var ki. Mən eləbelə də dözərəm.
Loğman başa düşdü ki, vəzir yuxarıdan baxırmış, odu ki, mən eləbelə də dözərəm.
– Hə, elə sən düz deyirsən, burda nə çətin iş var ki, sənə bihuşdarı verim.
Bəli, Loğman vəzirin kəlləsini çəkic-kəlbətinlə tamam iki yerə ayırdı, gördü beynində yekə bir qurt var. İstədi maqqaşnan qurdu götürsün. Birdən hamamın bacasından Loğmanın şagirdi qışqırıb dedi:
– Usta, maqqaşı isit, sonra qurdu götür.
Loğman gördü ki, şagirdi yuxarıdan xəlvətcə baxır, tez maqqaşı qaynar suda bərk qızdırdı, qurdun başınnan tutub kənara atdı. Sonra xəstənin başını yenə bitişdirib bərk sarıdı. O günnən vəzirin də başının ağrısı tamam kəsdi. Loğman hamamnan çıxanda şagirdini çağırıb dedi:
– Bala, de görüm sən niyə dedin ki, usta, maqqaşı qızdır?
Şagird dedi:
– Usta, mən gördüm ki, qurdun çoxlu əl-ayağı var. Sən soyux maqqaşnan qurdu götürəndə o əl-ayağıynan beyindən bərk-bərk yapışacaqdı ki, onu qopartmasınlar. Beyin də zərif bir şey olduğunnan zədələnə bilərdi. Amma isti maqqaş qurda dəyən kimi onun bədənini yandıracaqdı, o saat qurdun əl-ayağı boşalıb heç yerdən tuta bilməyəcəkdi, sən də asanlıqla onu götürəcəydin.
Loğman dedi:
– Əhsən oğlum, mən bilirəm ki, sən çox ağıllı həkim olacaxsan. Bu işdən sonra Loğmanın şücəti hər yerə yayılmışdı. Odu ki, canıbaşı ağrıyan qaçıb gəlirdi onun yanına. Loğman bütün xəstələri düzürdü yanına, bir-bir üzlərinə baxıb hamısının dərdini deyirdi. Bir gün Loğman otuz doqquz xəstənin hamısının dərdinin dərmanını tapdı, amma birinin üzünə baxıb dedi:
– Oğul, sənin dərmanın məndə yoxdu, get özünə çarə tap.
Kişi kor-peşman qayıdıb evinə, arvadına dedi:
– Arvad, mənim dərdim gör necədi ki, Loğman da ona çarə eləyə bilmədi, baş götürüb gedirəm, harda öləm-öləm.
Arvadı nə qədər yalvar-yapış elədi ki, getmə, kişi razı olmadı. Baş götürüb getdi. Az getdi, çox dayandı, çox getdi, az dayandı, dağlar aşdı, təpələr keçdi, gəlib bir düzəngaha çıxdı. Gördü acınnan qılçalarında taqət yoxdu ki, getsin. Göydən yağış elə tökürdü ki, sel kimi. Göy guruldadı, ildırım çaxdı, birdən-birə şaqqıltı qopdu, yekə bir qoz ağacının başına ildırım düşdü. Ağaç o saat yanıb külə döndü. Ağacın başınnan yerə ildırım vurmuş bir göy qarğa düşdü. Taqətdən düşmüş xəstə acından dayana bilməyib ölü qarğanı yedi. Qarğanı yeyəndən sonra kişi gördü ki, gözünə bir az işıx gəldi. Başladı yenə yol getməyə, yolda bu dəfə də bir çobana rast gəldi. Aclıx kişini əldən salmışdı. Çobandan bir az süd istədi. Çoban südü sağmağa qab tapmadı. Gördü ki, yerdə bir qırıx kəllə sümüyü var, südü ona sağıb verdi. Xəstə canını dişinə tutub bir təhər bu südün yarısını içdi. Qabın içində bir az süd qalmışdı. Onu da qırağa qoydu ki, əlacsız qalsa onu da içsin. Elə yenicə kəlləni yerə qoymuşdu, bir də gördü ki, bir qara ilan gəlib südün qalanını içdi, sonra da hamısını təzədən kəllənin içinə qusdu. İlan südnən bərabər yamyaşıl zəhərini də tökmüşdü. Kişi bu əhvalatı gözüynən görmüşdü. Öz-özünə dedi: “Mənim ki dərdimə dərman yoxdu, ölüb gedəcəyəm, qoy elə bu zəhərli südü içim, bir yolluq canım qurtarsın”.
Bu fikirnən südü çəkdi başına. Ha gözlədi, gördü ölmür. Ayağa qalxıb gördü xəstəliyi tamam gedib, lap anadangəlmə olub. Düz gəldi Loğmanın yanına, dedi:
– Loğman, sən deyirdin ki, mənim dərmanım yoxdu, bəs necə oldu ki, mən sağaldım?
Loğman dedi:
– Qardaş, mən hardan alaydım ildırım vurmuş göy qarğanın ətiynən qara qulun kəlləsindəki südün içinə qusmuş ilan zəhərini ki, sənə verə idim? Bunlar sənin dərmanın idi. Kişi Loğmandan bu sözləri eşidəndə lap mat qaldı, doğrudan da
onun böyük həkim olduğunu gördü. Kişi Loğmanla qardaş olub onun yanında qaldı. Loğman çox qocalmışdı, daha tez-tez xəstələrin evinə gedə bilmirdi. Kimin xəstəsi olsaydı onu gəlməyə də qoymurdu ki, birdən yolda soyux-zad dəyər. Odu ki, evdəki xəstənin nəbzinə bir ip bağladıb bir ucunu öz olduğu yerə gətirdərdi. Əvvəlcə ipi qulağına tutub, sonra da bir o yana, bir bu yana oynadıb xəstənin dərmanını deyərdi. Bu şəhərdə bir ayrı da həkim var idi. Bu həkim Loğmanı yoxlamaxdan ötəri camaatı öyrətdi ki, mən bir kələk işlədəcəm, əgər Loğman onu başa düşsə, doğrudan da çox böyük həkimdi, yox, başa düşməsə, onu şəhərdən qovub biabır eləyərik. Camaat sözbir olub küçədən yenicə beş bala doğmuş taqətsiz, arıx bir pişik tutdular. Pişiyin ayağına bir ip bağlayıb ipin o biri ucunu da apardılar Loğmana.
– Həkim, de görək bizim xəstəmizin dərmanı nədi?
Loğman kəndiri qulağına tutub bir az oyana, bu yana tərpədib dedi:
– Bu xəstə yenicə beş bala doğub, özü də acınnan taqətdən düşüb, ona bir neçə siçan tutub yedirtmək lazımdı.
Camaat bu sözü eşitcək Loğmanın ağlına heyran qaldı, onun həkimlər həkimi olduğunu bir daha təsdiq etdilər.
Camaatla gələn həkim gördü ki, Loğmanın hörməti bir idisə, innən belə on qat artacax. Paxıllıx ona güc elədi. Həkim dedi:
– Loğman, mən də sənin kimi həkiməm, özü də elə dərmanlarım var ki, onların səndə heç biri də yoxdu, amma camaat hamısı bir balaca başı ağrıyanda qaçıb sənin yanına gəlir. İnnən belə heç mənim adımı da çəkən olmayacax. Bir şəhərdə iki həkim olmaz. Bir də ki, iki qoçun başı bir qazanda qaynamaz. Ya bu şəhərdə sən qal, ya da mən.
Loğman buna bir altdan-yuxarı baxıb dedi:
– Ey həkim, fikrini bir azca açıx de, görüm nə istəyirsən?
Həkim dedi:
– Loğman, gəl şərtləşək, ikimiz də zəhərli dərman hazırlayax.
Mənim dərmanımı sən iç, səninkini də mən. Kimin dərmanı güclü olsa, o biri öləcək. İkimizdən birimiz qalarıx. Loğman bu şərtə razı oldu. Hər ikisi çəkilib öz evlərinə getdilər. Həkim kişi evinə gedən kimi yeddi-səkkiz dərmanı bir-birinə qatıb elə bir zəhər hazırladı ki, daşın üstünə tökəndə daş yeddi yerdən parçalandı.
Həkimi qoyax evdə, görək Loğman neylədi? Loğman davacat otağına gedib, bir həvəngdəstə götürdü, içinə bir parça keçə qırığı salıb başladı döyməyə. Loğman həvəngdəstədə keçə qırığını o qədər döyəclədi ki, bir də gördü sabah açılır. Bu tərəfdən də həkimin ürəyi dayanmadı ki, gedim görüm Loğman nə elədi. Həkim yavaş-yavaş qapıya yaxınlaşıb başladı qulaq asmağa. Gördü elə Loğman həvəngdəstədə dərman döyəcləyir. Öz-özünə fikirləşdi ki, ey dili-qafil, mənim dərmanım bir saatın içində düzəldi. Amma Loğman dünənnən çalışır, hələ qurtarmayıb. Gör bunun dərmanı nə qədər güclü olacax. Həkimin qorxudan ürəyi partladı, tappıltıynan yerə yıxılıb öldü. Tappıltıya Loğman eşiyə çıxdı, gördü ki, həkim ölüb. Əhvalatı başa düşdü. Dedi:
– Ey həkim, mən hələ sənə dərman verməmişdən öldün. Həvəngdəstədə döydüyüm bir tikə keçə qırığı səni bu günə salanda, gör mənim hazırladığım zəhər neyləyərdi. Bu əhvalatı hamı bildi. Loğmanın ağlına heyran qaldılar.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo