top image
 
 

Naxırçı

Biri var idi, biri yox idi, Allahın bəndəsi çox idi. Bir naxırçıynan arvadı var idi. Naxırçının arvadı ölüdən yaman qorxardı. Qonum-qonşularında qocadan-qoltaxdan ölən olsaydı, az qalırdı bunun bağrı çatlasın. Arvad günlərin birində ayağın yerə diriyib dedi:
– A kişi, gəl burdan köçək elə yerə gedək ki, oralarda ölüm-itim olmasın.

Kişi dedi:
– Ay arvad, sənin başına hava gəlib nədi? heç elə yer olar ki, orda adam ölməsin? Gəl sən bu sövdadan əl çək, üzümüz-gözümüz bura öyrəşib, evimizi-eşiyimizi buraxıb hara gedək? Arvad elə nırx deyib durdu, əl çəkmədi ki, çəkmədi. Axırda kişinin əlacı kəsildi. Hərəsi çiyninə bir xurcun salıb başladılar getməyə. Az getdilər çox dayandılar, çox getdilər az dayandılar, dağlar aşdılar, dərələr keçdilər, doyunca sulardan içdilər, gəlib bir şəhərə çıxdılar. Şəhərin hər yerini axtardılar, gördülər burda qəbiristanlıq yoxdu.
Arvad dedi:
– A kişi, deyəsən elə mən axtardığım buradı. Yəqin buranın adamları ölmürlər, odu ki, qəbiristanlıqları da yoxdu, elə qalax burda. Ər-arvad bir dəyə qurub qaldılar burda. Ay dolandı, gün keçdi, bir gün naxırçının arvadı azarladı. Kişi də getmişdi naxıra, qonum-qonşu bildilər ki naxırçının arvadı azarlayıb. O saat çıxıb küçədə car çəkdilər. Adamlar yığılıb arvadı kəsib alışma elədilər.
Axşam naxırçı evə gələndə gördü arvad nə gəzir, heç sümükləri də qalmayıb. Başladı hay-həşir salmağa ki, kimdi mənim arvadımı öldürən? Qonşular yığılıb naxırçını məzəmmət elədilər ki:
– A kişi, sən bura təzə gəlibsən nədi, köhnə kəndə təzə nırx qoymaq istəyirsən? Bizim adətimiz belədi ki, kim azarlasa onu kəsib yeyirik. Kişi gördü bir az çərən-pərən eləsə, bunu da kəsib yeyəcəklər, kor-peşman gedib yatdı, sabah ala-toran vaxtı daban alıb buradan qaçdı. Naxırçı yeddi gün, yeddi gecə yol gedib çatdı bir şəhərə. İlan vuran ala çatıdan qorxan kimi kişi o saat xəbər aldı ki, burda ölünü neyləyirlər. Dedilər ki, burda ölünü basdırırlar. Naxırçı burda qalıb naxırçılıq elədi.
Kişi bir gün naxırdan qayıdıb gələndə gördü evi adamla doludu. Xəbər aldı bu nə işdi, camaat niyə bura yığılıb? Dedilər:
– Bizim yerin adəti belədi ki, kişi arvadsız olmaz, gəlmişik səni evləndirək.
Camaat ədəb-ərkanla naxırçını evləndirdilər. Ər-arvad bir müddət gün keçirib ömür sürdülər. Günlərin birində naxırçının bu arvadı da azarlayıb öldü. Camaat yığışıb gəldilər ölünü basdırmağa. Kişiyə dedilər:
– Sən də özünə qırx günlük azuqə götür, səni də aparacayıx basdırmağa.
Kişi dedi:
– Mən ölməmişəm, bəs məni niyə basdırmax istəyirsiniz?
Adamlar dedilər:
– A kişi, deyəsən sən bizim adətimizi bilmirsən? Bizim yerdə adətdi, arvad öləndə kişini də onunla bir yerdə basdırırıx.
Kişi nə qədər dava-şava elədi, gördü yox, olası deyil, odu ki, özünə qırx günlük azuqə götürüb uzandı kəcavənin içində. Bunları apardılar bir dağda mağara kimi yerə qoydular. Mağaranın qapısını bağlayıb getdilər. Naxırçı yan-yörəsinə göz gəzdirib gördü buralar tamam meyidlə, sür-sümüklə doludu. Elə qaranlıxdı ki, göz-gözü görmür. Kişi mağaranın dibindən bir zarıltı eşitdi. Bir az gedib gördü bir arvaddı. Dedi:
– Sən kimsən?
Arvad dedi:
– Mən padşahın oğluna ərə getmişdim, o öldü, məni də diridiri onunla basdırdılar bir yerə. İndi nə ölürəm ki, canım qurtara, nə də burdan çıxıb qaça bilirəm. Kişi çaxmaq daşını çaxıb bir az qov yandırdı. Qovu püfləyə-püfləyə onun işığına mağaranın bir küncünə getdi, başladı oranı eşməyə. Eşhaeş, eşhaeş birdə gördü bir balaca deşik açıldı, deşiyi bir az da yekələndirdi. Arvadla ikisi də ilan ağzından qurbağa qurtaran kimi mağaradan çıxıb qaçdılar. O qədər yol getdilər ki, gəlib çatdılar bir vilayətə. Demə buranın adamları gecə it olarmış, günüz adam. Bir boş otaq tapıb ora girdilər. Elə ki, gecə oldu, kişi gördü küçədə-bacada bir boğuşma var, bir didişmə var ki, qulaxlar tutulur. Naxırçı bayıra çıxdı ki, görsün bu nə hay-küydü, gördü düz-dünya dönüb itə, bu onu qapır, o bunu. Bir-ikisi də naxırçının üstünə düşüb pal-paltarını cırıxcırıx elədilər.
Kişi bir təhər özünü içəri salıb qapını bağladı. Gecəni bir təhər burda qaldılar. Sabah xoruz banından qabax durub gəldilər öz vilayətlərinə. Burda ədəb-ərkanla arvad naxırçıya ərə getdi. Ər-arvad şad-xürrəm dolanıb, gün keçirirdilər. Günlərin bir günü kişi dedi:
– Arvad, gəlsənə bir müddət gedim bir özgə vilayətə bir az puldan-zaddan qazanım, kasıbçılığın daşın atax getsin.
Arvad razı oldu, ərinin heybəsinə bir az pendirdən-çörəkdən qoyub yola saldı. Kişi gedəndə dedi:
– Arvad, mən gələnətən abır-həyaynan dolanarsan. Əgər adına bir söz desələr qayıdıb gələndə yekə tikəni qulağın boyda doğrayacam ha!
Arvad and-aman elədi:
– A kişi, elə də iş olar? Əgər məndən bir pis iş eşitsən, tikə-tikə doğrayarsan, onda qanım halaldı. Kişi gedəndən sonra qeybdən bu arvadın yanına üç gün hər dəfə bir adam gəldi. Adamlar gecə-gündüz arvadı dəngəsər elədilər ki, yoldan çıxartsınlar. Bu adamların fikri oydu görək arvad əhdinə düzmü çıxacaq. Elə ki, gördülər arvad mərd adamdı, ağlına, namusuna söz yoxdu, çıxıb getdilər. O gündən sonra qeybdən ona hər gecə bir qızıl göndərdilər. Arvad yatardı, sabah yuxudan duranda mütəkkəsinin altını qaldırıb görərdi ki, bir qızıl var. Arvad bu qızıllarnan bərli-bəzəkli bir ev tikdirdi ki, adam baxanda ağlı heyran qaldı. Ay dolandı, il keçdi, naxırçı qayıdıb gəldi. Öz ev-eşiyinə baxıb məəttəl qaldı. Arvadından xəbər aldı ki, bu nə həngamədi, sən bunu nəynən tikdirdin? Arvad əhvalatı söylədi. Kişi gah bu işə inandı, gah da xofa düşdü. Bir gün kişi bazara getdiyi yerdə qabağına bir küp qarısı çıxdı. Kişi gördü ki, bu qarı bir yazığın biridi, bel əyilib, diş tökülüb, üz qırışıb, tumanı cırıx, başmağı yırtıx. Kişi qarını götürüb gətirdi evə. Arvadına tapşırdı ki, qarıya bir az çörəkdən-çaydan versin. Qarı bir altdan yuxarı baxıb gördü burda bir cah-cəlal var ki, adam heyran qalır. Qarı yağlı dilini işə salıb dedi:
– Ay nənən sənin qadanı alsın, sən nə yaxşı qızsan, gözəllik desən səndə, ağıl desən səndə, ev-eşik desən səndə, daha nə dərdin var?
Qarı arvadın o qədər qılığına girdi ki, durub gedəndə arvad dedi:
– Ay qarı nənə, mən də evdə hərdən yaman darıxıram, sən Allah bizə tez-tez gəl, sənin sözün-söhbətin yaman xoşuma gəldi.
Qarının kürkünə birə düşmüşdü ki, ay gidi, bu kasıb naxırçının biriydi, bu cah-cəlalı hardan düzəldib, yəqin burda bir iş var, ölsəm də, qalsam da, gərək bu sirri öyrənəm.
Qarı bir əlinə əsa, bir əlinə də təsbeh alıb naxırçı evdən çıxanda getdi onlara. Naxırçının arvadı qarının altına döşək, böyrünə mütəkkə qoydu. Qarı bir az söhbətdən sonra dedi:
– A qızım, qarı nənən sənin ağrını alsın, demək ayıb olmasın, bu cahi-cəlalı hardan düzəldibsən?
Qarı arvadın qılığına girmişdi. Arvad da açıb hamısını söylədi.
Qarının könlündən keçirdi ki, bu qızıllardan ona da versinlər.
Gördü yox, qızıl-zad verən olmadı. Ürəyində dedi: “Yaxşı, gör sənin başına nə iş gətirəcəm”.
Qarı durub evdən çıxanda yolda naxırçıya rast gəldi.
Naxırçı dedi:
– Qarı nənə, evimiz-eşiyimiz xoşuna gəlirmi?
Qarı dedi:
– Oğul, mənim də başımın altına cavan oğlanlar gecədə bir qızıl qoysalar ondan da yaxşı evim olar.
Bu söz kişini yaman tutdu, dedi:
– Ay qarı nənə, nə oğlan, nə zad, bəs arvadım sənə demədi qeybdən hər gecə ona bir qızıl gəlir.
Qarı dedi:
– Ə, sən lap uşaqsan, adama da qeybdən qızıl gələr? Bəs elədi, niyə mənə də gəlmir?
Qarının fitnə-fəsadından sonra kişi düz gəldi evinə, arvadını qabağına salıb apardı bir quru dərəyə. Xəncəri sinəsinə soxub öldürdü, meyidi orda qoyub qayıtdı evə.
Bəli, kişi arvadını öldürüb getməkdə olsun, görək sonra nə oldu. Elə bu vaxt quru dərənin yanından bir tacirin dəvə karvanı keçirdi. Tacir baxıb gördü dərənin dibinnən bir su axır dumduru göz yaşı kimi, elə bil lap abi-kövsərdi. Tacir məəttəl qaldı ki, görəsən bu nə möcüzədi?
Buralarda dodağa sürtməyə bir damcı su tapılmazdı, bəs indi bu su hardan gəlib?
Tacirin xurcununda üç-dörd dənə quru balıx varıydı. Tacir nökərlərə dedi:
– Ay uşağlar, o quru balıxları bu suda təmiz suya çəkin gətirin yeyək.
Nökərlər balığı suya salan kimi hamısı dirildi, başladılar su yuxarı qaçmağa. Tacir bu işə lap məəttəl qaldı. Başladılar çay yuxarı balığın dalınca getməyə. Gethaget, gedib gördülər bu su bir gözəl arvad xaylağının sinəsinnən gəlir, özü də arvadın sinəsinə xəncər soxub öldürüblər.
Tacir xəncəri çəkib çıxardan kimi arvad dirildi. Tacir nə qədər eləyirsə bu sirri öyrənsin, arvad heç nə demir. Arvad bunlara qoşulub karvanın yanınca getdi. Yolda tacir arvaddan əl çəkmədi ki, gərək mənə gedəsən. Arvad tacirin əl çəkməyəcəyini görüb şəhərin girəcəyində kişini aldadıb qaçdı. Yolda bir qoca kişiyə rast gəldi. Gördü ki, qocanın iki yetimi var, onları da başına yığıb düzün ortasında ocax qalayıb isinirlər. Qız dedi:
– Ey qoca əmi, mənim heç kimim yoxdu, yolu azıb qalmışam tək, ya məni qızlığa götür, ya da yatmağa bir yer ver.
Qoca dedi:
– Mən belə bir adam göydə axtarırdım, yerdə əlimə düşüb, gəl elə sən mənim qızım ol, bu yetimlərə də bax, mənə də kömək elə.
Qız razı oldu. Qaldı qocanın yanında. Axşam oldu, yatmax vaxtı gələndə qız dedi:
– Ay dədəlik, bəs biz harda yatacayıx? Burda ev-eşik izi görükmür?
Qoca dedi:
– A qızım, bizim evimiz olsa burda nə gəzirdik, indi durub bu saat bir dəyə quracam, hamımız doluşub içində yatarıx.
Kişi bir dəyə qurdu, hamısı dəyəyə girib yatdılar. Sabah açılan kimi qız durub başının altındakı bir qızılı kişiyə verib dedi:
– Bunu aparıb mənə bir dəst oğlan paltarı alarsan, özü də heç kimə deməzsən ki, mən qızam.
Qoca gedib bazardan bir dəst oğlan paltarı aldı. Qız paltarı geydi.
O gündən hamı onu oğlan bildi.
Bu qalmağnan arvad düz qırx gün qaldı qocanın yanında. Hər gecə qızın başının altında bir qızıl peyda olurdu. Qız bu qızılların hamısını atalığına verib dedi:
– Ey atalığım, bu pullara burda bir yaxşı imarət tikdir.
Qoca qırx günün içində elə bir imarət tikdirdi ki, elə bil padşah evidi. Ev tikiləndən sonra hamısı ora köçüb keyf-damağnan günlərini keçirirdilər.
Bir gün hava çox istiydi, axşamüstü hamısı məhlədə uzanmışdılar.
Birdən qoca dedi:
– Durun gedək evdə yatax, indicə yağış yağacax.
Qız dedi:
– Nədən bilirsən ki, yağış yağacax?
Qoca dedi:
– Qızım, mən yerin altını da bilirəm, üstünü də. Mən ulduzlara baxıb gələn il nə olacax onu da deyə bilərəm.
Qız dedi:
– Yaxşı, onda de görüm gələn il nə olacax?
Qoca dedi:
– Gələn il qıtlıx, qəhətlik olacax.
Qocanın söz ağzınnan qurtarmamış bir yağış yağdı ki, lap ucunnan tut göyə çıx. Tez durub hamısı evə doluşdular.
Qız elə həmin günün sabahı hər yerə car çəkdirdi ki, kimin nə qədər buğdası varsa gətirib artıx qiymətə satsın mənə. Camaat bu sözü eşidən kimi taxıllarını gətirib baha qiymətə qıza satdılar. Qız taxılların hamısını alıb doldurdu anbarlara.
Aradan bir il keçdi. Qocanın dediyi düz çıxdı. Şəhərdə bir aclıq oldu, bir aclıq oldu ki, az qalırdı adam adam əti yesin. O saat qız şəhərə adam saldırıb car çəkdirdi ki, gəlin filan yerə, ucuz qiymətə buğda satıram, hər yerdən adamlar qarışqa kimi axıb gəldilər. Qız adamların çoxuna taxılı müfdə verib yola salırdı. Qız baxıb gördü ki, köhnə əri naxırçı, xəncəri sinəsindən çıxardan tacir də bu gələnnərin içindədi. Arvad oğlan paltarındaydı, onu tanımadılar. Arvad hamıya buğda verib yola salannan sonra tacirnən naxırçını evinə apardı, özlərinə də dedi ki:
– Bu gecə mənə qonaxsınız.
Kişilər razı oldular. Axşam qız bunlara bir yaxşı qonaxlıq elədi.
Çörək, xörək yeyilib qurtarandan sonra dedi:
– Qonax qardaşlar, mən görürəm ki, gecə uzun, vaxt da çoxdu, gəlsənə bir az söhbət eləyəsiniz, qulax asax?
Naxırçı dedi:
– Lap yaxşı olar.
Tacir dedi:
– Onda nədən başlayax?
Arvad dedi:
– Elə hərə öz başına gələn əhvalatdan birini danışsa yaxşıdır. Əvvəlcə naxırçı arvadıynan evlənib axırda onu öldürməyinnən danışdı. Sonra tacir, həmən arvadın sinəsinnən xəncəri çəkib çıxartdığını, arvadın sonra qaçmağını söylədi.
Arvad dedi:
– İndi o qızı görsəniz tanıyarsınızmı?
Kişilərin ikisi də dedi ki, tanıyarıx. Arvad keçib o biri evdə paltarını dəyişib gəldi bunların yanına. Naxırçıynan tacir qaldılar mat-məəttəl. Əvvəlcə öz gözlərinə inanmadılar, sonra gördülər elə bu həmən arvadın özüdü. Arvad bütün başına gələn əhvalatların hamısını bir-bir söylədi. Naxırçı elədiyi işə peşiman olub başını saldı aşağı. Arvad tacirə çoxlu buğda bağışlayıb yola saldı. Təzədən kəbin kəsdirib, toy eləyib naxırçıya ərə getdi. Öz vilayətlərinə gedib, ömür sürüb gün keçirdilər.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo