Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Bənidaş şəhərinin sirri

Raviyani əxbar, nağilani asar, şirin şəkər, xoş göftar, Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan, iki qoz, bir girdəkan.
Biri varıymış, biri yoxuymuş, bir padşah varıymış. Bu padşahın varı-dövləti, cahi-cəlalı həddən aşıbmış, amma övlad üzünə həsrət imiş, nə oğlu varıymış, nə də qızı. Gecə-gündüz fikirləşirmiş ki, mən öləndən sonra yerimdə kim padşahlıx eləyəcək. Odu ki, vəzirini çağırıb dedi:
– Sənə qırx gün möhlət verirəm, hardan olur-olsun gərək mənə bir oğul tapasan, tapmasan boynunu vurduracam.

Vəzir qaldı məəttəl, bilmədi nə desin. Kor-peşman evinə qayıdıb başladı fikirləşməyə. Nə qədər elədi bir yol tapa bilmədi.
Vəzirin üç qızı varıydı. Axırda bu qərara gəldi ki, elə qızlarımın birinə oğlan paltarı geyindirim, onu aparım verim padşaha, axırı nə olar-olar. Vəzir böyük qızını yanına çağırıb dedi:
– Qızım, padşaha oğul olarsanmı?
Qız dedi:
– Ata, sən razı olsan, olaram.
Ata-bala razılaşdılar. Vəzir qızına dedi:
– Qızım, indi dur sən oğlan paltarı geyin, özü də qılıncdan-qalxandan götür yola düşək.
Qız o saat durub oğlan paltarı geyindi, belinə qılınc bağlayıb əlinə qalxan götürdü, başına dəbilqə keçirdi, başladılar ata-bala padşahın imarətinə sarı getməyə. Yolun bir tinində vəzir dedi:
– Qızım, sən burda gözlə, yadımdan çıxıb. Padşahın bir naməsi var, evdə qalıb, gedim onu gətirim, sonra gedək.
Qız razı oldu. Vəzir tez aralıx yolnan gəlib evdə paltarını dəyişdi, əlinə qılınc, qalxan alıb, üzünə niqab salıb gəldi qızının yanına, özünü tanımamazlığa qoyub dedi:
– Ey oğlan, sənin nə həddin var burda mənim yolumun üstündə dayanıbsan, bu saat səni iki parça eliyəcəm. Götür qılıncını gəl vuruşaq.
Qız atasını tanımadı. Qorxub qılıncı, qalxanı yerə atdı, başladı yalvarmağa.
Vəzir üzünnən niqabı açıb özünü qızına tanıtdı. Qız başa düşdü ki, atası onu yoxlamaqdan ötəri belə eləyirmiş. Vəzir qızını evinə gətirib dedi:
– Bala, sənnən padşaha oğul çıxmaz. Amma bu sirri o biri bacılarına demə!
Vəzir bu dəfə də ortancıl qızını çağırıb dedi:
– Qızım, padşaha oğul olarsanmı?
Qız sevinə-sevinə dedi:
– Ata, niyə olmuram.
Vəzir ortancıl qızını da oğlan paltarına geyindirib qılınc, qalxan verib özüynən apardı. Yolda şəhərin kənarında, qəbiristanlığın yanında qızına dedi:
– Qızım, burda gözlə, padşahın naməsi yadımnan çıxıb evdə qalıb, gedim onu gətirim.
Qız heç bir söz demədi, başladı getməyə, elə beş-on addım getmişdi ki, vəzir gördü qızı qışqıra-qışqıra atasının dalınca gəlir. Vəzir dayanıb dedi:
– Qızım, sənə nə oldu, belə qışqırıb qaçırsan?
Qız dedi:
– Ata, mən burda tək dura bilmirəm, qorxuram, məni vəhmə basır. Vəzir qızının qorxaqlığını görüb elə ordan düz gətirdi evlərinə, özünə də dedi:
– Bala, sənnən də padşaha oğul çıxmaz.
Vəzirin bircə ümidi kiçik qızına gəlirdi. Kiçik qızını çağırıb dedi:
– Qızım, padşaha oğul olarsanmı?
Qız dedi:
– Atayi-mehriban, səbəb nədi ki, mənə bu sözü deyirsən?
Vəzir gördü yox, kiçik qızı çox ağıllıdı, özü də hər şeyi, hər sirri bilmək istəyir. Odu ki, padşahla olan söhbətini qızına danışdı. Qız bir xeyli fikirləşəndən sonra razı oldu. Bəli, kiçik qız da altdan geyib üstdən qıfıllandı, üstdən geyib altdan qıfıllandı. Oğlan paltarında belində qılınc, əlində qalxan, atasının yanına düşüb başladılar padşahın imarətinə sarı getməyə. Yolda yenə bir xarabalıqda vəzir dedi:
– Qızım, sən burda gözlə, mən bu saat qayıdıram.
Qız razı oldu. Vəzir tez evə gəlib paltarını dəyişdi, üzünə niqab çəkib əlinə qılınc-qalxan aldı, düz gəldi qızının yanına. Qız atasını tanımadı.
Vəzir dedi:
– Ey oğlan, sən nə cürətnən mənim yolumun üstündə da yanıbsan, bu saat sənin başını bədənindən ayıraram. Onda görərsən ki, dünyada necə oğullar var.
Qız özünü itirməyib dedi:
– Ə, nə çox basıb-kəsirsən, kişisən irəli gəl, görək kim kimin başını bədəninnən ayırır.
Qız sözünü qurtarmamış qılıncını çəkib hücum elədi.
Atası gördü yox, işi əngəldi, əgər özünü tanıtmasa qızı onu öldürəcək. Odu ki, üzündən niqabı götürdü. O saat qız atasını tanıyıb dedi:
– Atayi-mehriban, bu nə işdi eləyirsən, bəlkə elə vurub səni öldürəydim.
Vəzir dedi:
– Qızım, sənin şücaətini yoxlamaq istəyirdim. Çox yaxşı oldu ki, sınaxdan çıxdın. İndi doğrudan da səndən padşah oğlu çıxar.
Vəzir qızını götürüb düz gəldi padşahın yanına, baş əyib dedi:
– Qibleyi-aləm sağ olsun, bu cavan oğlan sizə oğul olmaq istəyir, baxın görün xoşunuza gəlirmi?
Şah baxıb gördü cavan nə cavan, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə. Padşah vəzirə xeyli ənam verib cavanı götürdü özünə oğulluğa. Vəzirin oğlan paltarı geyinmiş qızını apardılar padşahın evinə.
Padşahın arvadı yaman soyuğ adam idi. Oğlanı görən kimi bir könüldən min könülə aşiq oldu ona. Oğlanı çağırtdırıb dedi:
– Gərək sən məni alasan, yoxsa sənin dərdinnən dəli divanə olacam.
Oğlan dedi:
– Axı sən mənim anamsan.
Arvad dedi:
– Mən ana-mana bilmirəm, gərək məni alasan, əgər almasan, səni elə yerə yolladacam, heç sümüyün də tapılmasın.
Arvad nə qədər yalvardı, hədələdisə oğlanı razı sala bilmədi ki, bilmədi. Arvad elə həmin gündən özünü vurdu azarlılığa. Üç-dörd dənə quru yuxanı kürəyinin arasına qoyub girdi yorğan-döşəyə. Ərini çağırtdırıb dedi:
– Məndən daha sənə arvad olmaz, elə azarlamışam ki, tamam sümükləriməcən xurd-xəşil olub, inanmırsan bir qulaq as, gör bədənimdə nə xışıltı var.
Arvad yerin içində arxası üstə o üzə, bu üzə çevrildikcə, yuxalar xırtaxırt əzildikcə deyirdi:
– Görürsənmi sümüklərim nə cürə xışıldayır.
Padşah arvadın kələyinə inandı, soruşdu:
– Bəs sənin dərmanın nədi, de, tapım?
Arvad dedi:
– Mənim dərmanımı bircə tapsa sənin oğlun tapacax. Göndər onu gedib Bənidaş şəhəri padşahının arvadının əlindəki çubuğu gətirsin. Mən o çubuğu əlimə alsam o saat sağalıb ayağa qalxaram. Padşah o saat oğlunu çağırıb dedi:
– Oğul, görürsənmi anan bərk xəstədi. Gərək gedib Bənidaş şəhərinin sirrini öyrənəsən, həm də padşahın arvadının əlindəki sehirli çubuğu gətirəsən. Ananın dərmanı o çubuğdadı. Oğlan çox fikirləşdi, götür-qoy elədi, gördü ki, ayrı əlac yoxdu.
Getməsə arvad onu öldürtdürəcək. Odu ki, padşaha baş əyib dedi:
– Ey atayi-mehriban, sən məni ölümə də göndərsən gedərəm. Bəli, oğlan geyinib-keçinib, qılınc, nizə götürüb, yol tədarükü görüb mindi ata. Ayaq üzəngidə, diz qabırğada, günə bir mənzil, teyyi-mənazil, burda aynan, günnən, orda şirin dilnən, dərələrdən sel kimi, təpələrdən yel kimi. Badeyi-sərsər kimi, gəlib çıxdı yeddi yolun ayrıcına, gördü bir qoca abid yorulub yolun qırağında bir qara daşın üstündə oturub nəfəsini dərir. Oğlan abidi görən kimi atdan düşüb salam verdi. Dedi:
– Ey abid baba, mən cavanam, yorulmaram, gəl sən min ata, hara gedirsənsə ora qoyum, sonra mən yolumnan qayıdıb gedərəm.
Abid dedi:
– Qızım, məndən narahat olma, özüm burda oqurmuşam ki, yolu azanlara yol görsədim.
Qızı təəccüb götürdü ki, bu mənim qız olduğumu nə bildi. Odu ki, dedi:
– Abid baba, mən oğlanam, bəs niyə mənə qız dedin?
Abid dedi:
– Qızım, mən hər şeyi bilirəm. Səni atan oğlan adına padşaha oğulluğa verib, padşahın arvadı da sənə aşiq olub, sən onun könlündən keçəni eləməyibsən deyin səni gedər-gəlməz səfərə göndərib. İndi bil və agah ol, sənin getdiyin şəhərdə tamam hər şey daşa dönüb. Şəhərə girəndə görəcəksən ki, ağaclar, evlər, insanlar, heyvanlar, hamısı tey daşdı. Şəhərin lap ortasında bircə adam görəcəksən. o da yarıya kimi daş, qurşaxdan yuxarı adam. Sən şəhərin sirrini bircə ondan öyrənəcəksən. O adama yaxşılıq elə. o susuzluqdan yanır, ona həftədə bircə dəfə su verirlər. Sən ona çoxlu su ver, hər sirri sənə açar. Amma şəhərə girəndə hər yerdən inilti, nərilti, gurultu, zarıltı eşidəcəksən, nə badə dönüb geri baxasan, o dəqiqə sən də daş olacaxsan, geri dönüb baxmazsan. Görəcəksən ki, şirlər, pələnglər, əjdahalar, ilanlar üstünə gəlib səni dağıtmaq istəyir. Onda da geri çəkilmə, həmişə irəli yeri, sən irəli yeridikcə onlar yoxa çəkiləcək. Qız gördü abid yerin altını da bilir, üstünü də. Bir söz deməyib abidin əllərini öpüb, xudahafizləşib düşdü yolun ağına. Gethaget, gethaget, o qədər getdi ki, çatdı həmən Bənidaş şəhərinə. Şəhər darvazası hündür bir yerdəydi, özü də tamam taybatay idi, qız darvazadan içəri baxıb gördü ki, şəhər elə sakitdi, elə sakitdi ki, elə bil qəbiristanlıxdı. Nə bir, səs var, nə səmir. Çivin uçsa səsini eşitmək olar. Şəhərdə nə bir inni var, nə cinni. Hər nə varsa hamısı daş olub. Qız elə ki, ayağını darvazadan içəri qoydu, o dəqiqə bir hay-küy, bir gurultu qopdu, az qaldı qulağı tutulsun. Baxdı ki, hər yerdə bunu adıynan səsləyirlər. İstədi dönüb geri baxsın, birdən abidin sözləri yadına düşdü. Qız heç nəyə fikir verməyib şəhərin lap içinə girdi. Gördü ki, böyük bir imarətin qabağında yarıya qədər daş olmuş bir adam var. Ona yaxınlaşıb baş əydi, salam verdi. Gördü susuzluxdan yazığın dili-dodağı çat-çat olub, tez atdan düşüb ona su gətirdi. Bu adam suyu başına çəkib bir oxay çəkdi. Sonra dedi:
– Bala, bura neçə illərdi insan ayağı dəymir. Sən nahax gəldin, qaç canını qurtar, yoxsa səni də daşa döndərərlər.
Qız dedi:
– Mən daş olmaqdan qorxmuram, gəlmişəm buranın sirrini öyrənəm, səni də bu əzabdan qurtaram.
Yarı daşa dönmüş adam dedi:
– Ey oğlan, onda mənim qabağımdakı daşa dönmüş güllərin dalında gizlən, bir azdan sonra hündürboylu bir arvad gələcək, əlində də haça bir çubux, çubuğu həmin gül ağacına söykəyib mənə bir qab su verəcək, onda sən gül ağacının arasından onun çubuğunu oğurla, o mənə su verəndə qabı əlindən alıb yerə vuracam, arvad əyilib qabı gətirəndə tez daldan onun qollarını bərk bur, nə qədər yalvarsa buraxma, bütün daşa döndərdiyi adamların hamısını diriltsin, sonra burax. Qorxma, onun ki, çubuğunu əlinnən aldın, daha heç kimi daşa döndərə bilməz. Amma onun nəfəsində bircə qarğışı qalacax, sənə nə qarğasa o saat o olacax. Kişi sözünü yenicə qurtarmışdı ki, bir də gördü arvad gəlir. Qız tez gizləndi. Gördü bu başdan-ayağa tamam qara geyinmiş hündürboylu adamdı. Arvad gəlib kişi deyən kimi elədi. Əlindəki çubuğu gül ağacına söykədi. Qız tez çubuğu oğurladı. Sonra yarı daşa dönmüş adama su verəndə, kişi su qabını yerə vurdu. Arvad donquldana-donquldana əyilib qabı götürmək istəyəndə qız daldan arvadın qollarını bərk-bərk burdu. Arvad nə qədər yalvardısa da qız buraxmadı, dedi:
– Əgər bu şəhərin daşa dönmüş adamlarını diriltməsən səni buraxmayacağam.
Arvad gördü yox, özündən zalımına rast gəlib, əlacı kəsildi, bir sehr oxudu, bütün daşa dönmüş adamlar dirildilər.
Qız arvadı buraxdı. Arvad geri çəkilib qarğış elədi ki, səni görüm oğlansansa dönüb qız olasan, qızsansa dönüb oğlan olasan.
Qız elə o saat dönüb oldu anadangəlmə oğlan. Yarıya kimi daşa dönmüş adam tamam daşdan azad olub oğlana
dedi:
– Bala, indi de görüm mənnən nə istəyirsən, sənə verim?
Oğlan dedi:
– Sənnən heç nə istəmirəm. Ancaq bircə bu sirri mənə deyinən görüm, bu şəhər niyə belə başdan-ayağa daşa dönmüşdü? Bunu arvad niyə eləmişdi?
Kişi dedi:
– Bala, bil və agah ol ki, mən bu şəhərin padşahı idim. Bu da mənim arvadım idi. Mənim ilxımın içində dərya atı cinsindən iki kökatım varıydı. Onları ayrıca bir tövlədə bəsləyirdim. Günlərin birində tövləyə getmişdim, baxıb gördüm atlar qan-tərin içində, özləri də arıxlayıb çöpə dönüblər. Mehtəri çağırıb danladım ki, niyə atlara yaxşı baxmırsan? Mehtər and-aman eləyib dedi:
– Şah sağ olsun, gecə-gündüz onlara kişmiş, xurma yedizdirirəm, mənim heç bir günahım yoxdu.
Ürəyimə xof düşdü ki, bəlkə gecə atları minib ora-bura gedirlər. Qoy bir güdüm görüm bunlar niyə arıxlayır. Bir gecə mehtəri yanıma çağırıb dedim:
– Sən gəl paltarını ver mən geyim, bu gün atlara özüm baxacam, özün də heç kimin gözünə görünmə. Mehtər ayrı paltar geyib öz köhnə şalvarını, çuxasını, papağını verdi mənə. Axşam şər qarışanda evdə arvada dedim:
– Mən bu gecə evə gəlməyəcəm, vəzirgildə yatacam. Bu sözləri deyib düz gəldim atların yanına, qarannıxda bir küncdə gizləndim. Gecədən xeyli keçmiş bir də gördüm öz arvadım budu gəldi tövləyə, dedi:
– Mehtər, tez atları yəhərlə!
Mən o saat atları yəhərlədim. Hər ikimiz atlara minib yola düşdük. Bir xeyli getmişdik gördüm ki, hara getdiyimizi bilmirəm. Odu ki, bəhanə ilə dedim:
– Xanım, at vurub gözümə qan sağalıf, yolu əməlli görmürəm, bu dəfə qabağa sən düş, mən dalca gəlim. Arvad razı oldu. O qabaxda, mən də dalca gedirdik. Bir xeyli gedənnən sonra bir qəbiristanlığın yanında atdan düşdük. Arvad məni atların yanında qoyub, düz getdi qəbiristanlığın içinə, bir sərdabanın ağzındakı daşı itələyib girdi içəri, mən də qarabaqara qəbirlərin dalınca onu pusurdum. Sərdabanın deşiyindən baxıb gördüm ki, içəridə bir bədheybət qul var. Arvadım həmən qulun qucağında bir keyfdədi ki, gəl görəsən. Bir istədim elə oradaca girib ikisini də qılıncnan doğrayam. Sonra fikirləşdim ki, olan olub, keçən-keçib. Qoy bu sirri tamam öyrənim, sonra ikisini də öldürərəm. Bəli, aradan bir xeyli keçdi, arvadım qulun yanınnan çıxıb yornuxarnıx gəldi atların yanına, əlində də qəribə bir çubux. Birdən dilim dinc durmadı, dedim:
– Xanım, o nə qəşəng çubuxdu, onu hardan tapdın?
Xanım üzümə qışqırıb dedi:
– Mən sənə deməmişəm, gərək məndən heç nə soruşmayasan?
Mən tez barmağımı dişlədim ki, hə, yəqin mehtər bu əhvalatlardan xəbərdar imiş, amma mənim bu şərtdən xəbərim yox imiş. Odu ki, dedim:
– Xanım, bağışla, yadımnan çıxmışdı ki, sənnən heç bir sirri xəbər almaq olmaz.
Bu əhvalatdan sonra hər ikimiz ata minib başladıx geri qayıtmağa.
Bir az gedənnən sonra mən dedim:
– Xanım, məni bağışla, atamdan mənə yadigar qalmış bir üzüyüm varıydı. Üzük barmağımnan düşüb atları saxladığım yerdə, sən yavaşyavaş atı sür get, mən üzüyümü tapım, gəlib sənə çataram. Xanım razı oldu. Mən qayıdıb altdan bağladığım xəncərimi çıxardıb girdim sərdabaya, qulun başını kəsib qoydum xurcunuma, düz qayıtdım arvadımın yanına. Sabah xoruz banına yaxın obaşdannıx vaxtıydı, çatdıx evimizə. Arvad getdi evə, mən də atları tövləyə bağlayıb, paltarımı dəyişib gəldim evə. Gördüm arvadım gecə geydiyi libasını hələ əyninnən çıxartmayıb. Odu ki, fürsəti fota verməyib dedim:
– Arvad, bu nə vaxtın geyimidi, bu tezlikdə hara belə hazırlaşırsan, yoxsa gedən yerin var?
Arvadım dedi:
– Hə, axşam evə gəlməmişdin deyin yaman yuxumu qarışdırmışdım, ürəyim sənin yanında qalmışdı. Dura bilmədim, geyindim ki, gedim görüm sənin başına nə iş gəlib ki, səni yuxuda görmüşəm. Baxıb gördüm arvadımın üzündə üç-dörd yerdən ləkə var, dedim:
– Arvad, üzündəki bu ləkələr nədi?
Arvadım tez güzgüyə baxıb dedi:
– Bunu yəqin yatanda cür-cücü dişləyib, yeri qalıb.
Gördüm ki, elə-belə deməynən gecəni əhvalatı bunun boynuna qoymax olmayacax. Odu ki, dedim:
– Arvad, gecə mən də səni yuxuda görmüşəm, söyləyim qulax as.
Başladım gecəki əhvalatı bir-bir söyləməyə. Mən söylədikcə arvadım rəng verib, rəng alırdı, amma özünü elə tutmuşdu, heç elə bil bu işlərdən xəbəri yox idi. Mən yuxunu söyləyib qurtaran kimi arvad dedi:
– A kişi, sən bilmirsənmi yuxuda gördüyün şeylər həmişə tərsinə olur.
Gördüm yox, belə işlərdən bir şey çıxmayacax, durub xurcundan qara qulun başını çıxartdım, dedim:
– Bəs buna sözün nədi?
Arvadım qulun başını görən kimi tez əlini atıb gecəki çubuğu götürdü, mən xəncəri çəkib onu öldürmək istəyəndə çubuğu atdı, çubux qılçama dəydi, o saat qurşağa kimi daş olub yerimdə qaldım. Elə bu vaxt vəzirim içəri girdi. Əhvalatı ona söylədim, arvad çubuğu indi də vəzirə vurdu. Vəzir tamam daşa döndü. Bu sirri heç kim bilməsin deyə arvadım bütün şəhər camaatını daşa döndərdi. Hər gün gəlib mənə zülm eləyib, həftədə də bir dəfə su verir. Nə qədər yalvarırdım, arvad, ya məni tamam daş elə, ya da azad elə. Deyirdi ki, sən mənim sevgilimi öldürübsən, gərək sənə hər gün cəhənnəm əzabı verəm. İndi bil və agah ol, mən bu şəhərin padşahı, bu da mənim arvadımdı. Bənidaş şəhərinin sirri də sənə söylədiklərimdi. Oğlan şahdan çox razı qalıb dedi:
– Sən ki, bu sirri mənə söylədin, əvəzində nə yaxşılıx deyirsən eləyim.
Padşah dedi:
– Elə o əlindəki çubuğu vur arvadıma, qoy boğazına kimi daşa dönsün. Ömrü boyu əzab çəksin, görsün camaata nə zülm eləyibmiş.
Yaxşı deyiblər ki, nə tökərsən aşına, o da çıxar qaşığına. Oğlan çubuxnan vuran kimi arvad boğazına kimi daşa döndü. Oğlan padşahla halallaşıb başladı öz vilayətinə getməyə. Gecə-gündüz yol gedib çatdı evlərinə. Əvvəl atasıynan görüşdü. Atası dedi:
– Qızım, işlər şuluxdu, padşah Hindistan padşahının qızını sənə nişanlayıb, özü də gözləyir ki, sən gələn kimi toyu başlasın. İndi axı sən qızsan, bu işin axırınə cür olacax. Padşah əhvalatı başa düşsə səni də, məni də öldürəcək.
Oğlan dedi:
– Ata heç keyfini pozma, daha mən qız deyiləm, sehrkar arvad məni döndərib oğlan eləyib.
Vəzir bu işdən çox şad oldu. Oğlan atasını da götürüb padşahın yanına getdi, gətirdiyi çubuğu görsədib Bənidaş şəhərinin sirrini də başdan-ayağa danışdı. Padşah oğlunu qucaxlayıb o üzünnən, bu üzünnən öpdü.
İndi sizə kimnən deyim, padşahın yalandan azarlayan arvadından. Arvad elə ki, gördü oğlu dediyi şeyləri öyrənib qayıdıb, indi də başladı ayrı kələklər düzəltməyə. Oğlan gördü yox, bu dəfə də anasının dediyi şeyləri gətirməyə getsə, işlər uzun çəkəcək. Odu ki, açıb arvadın bütün kələklərini padşaha söylədi.
Padşah dedi:
– Oğlum, mən sənə inanıram, amma gərək bu işi özüm gözümnən görəm.
Oğlan dedi:
– Ata, onda sən evdə pərdənin dalında gizlən, mən anamnan açıxca danışım, sən də qulağınla eşit.
Padşah günüzdən pərdənin dalında gizləndi. Oğlan içəri girib anasına dedi:
– Ana, düzünü de görüm, sən doğrudan xəstəsən, ya kələkdi.
Arvad dedi:
– Əşi, nə xəstəlik, mən sənə dedim, ya gərək məni alasan, ya da sənin başını batıracam.
Oğlan dedi:
– Yaxşı, mən səni alaram, amma dur get padşahın yanına, de ki, daha xəstəliyim yaxşı olub. Arvad bu sözü eşidən kimi yerindən dik sıçrayıb özünə yetmiş yerdən sığal verdi. Qapıdan çıxmaq istəyəndə padşah pərdənin dalından çıxıb arvadı xirtdəklədi. O saat arvadı qatırın quyruğuna bağladıb dağda-daşda sürütdürdü. Arvad tamam tikə-tikə olub çəhənnəmə vasil oldu. Sonra padşah Hindistan padşahının qızını oğluna alıb qırx gün, qırx gecə toy elətdirdi. Öz tacını da başından götürüb oğlunun başına qoydu.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo